MƏQALƏLƏR

Qlobal düzəndən milli ideyaya gedən yol

  • 01.02.2024

Proloq
Rəvayətə görə, hind şahı İran şahına hədiyyələr göndərir. Onların içərisində şahmat oyun dəsti də olur. Şah məktubunda yazır: “Oyunda rəqibi məğlub edən, gərçək döyüşdə də məğlub edər”. Hədiyyələri alan İran şahı qarşılığında göndəriləcək bəxşiş içərisində masaüstü oyunun da olmasını əmr edir. 10 günə hazırlanan oyun dəsti nərd olur. Hədiyyələrin üstündə göndərilən məktubda isə yazılır: “Amma döyüşün nəticəsi rəqiblərlə yanaşı, zər qismində talehin hömkündən də aslıdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev taleyin hökmündən məharətlə yararlanan, mürəkkəb geosiyasi dünyada qüvvələri səfərbər edə bilən, hücum üçün əlverişli zaman seçmək istedadına malik, səbirli dövlət başçısıdır.
2 zəruri şərt
1-ci zəruri şərt. Hər bir dövlət üçün onun beynəxalq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın şərq-qərb, şimal-cənub dəhlizlərinin kəsişmə müstəvisi kimi strateji coğrafiyada yerləşməsi onun beynəxalq münasibətlərinin əhəmiyyətini artırır. ABŞ-ın sabiq prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bzejinski “Böyük şahmat lövhəsi” əsərində Azərbaycanın geosiyasi önəmini vurğulayır.
2-ci zəruri şərt. Azərbaycanın atdığı zər YEK qoşadır. YEK 1 rəqəmini yox, abbreviaturanı ifadə edir - Yanacaq Energetika Kompleksi.
İlham Əliyev beynəxalq münasibətlər üzrə universitet məzunu kimi nəzəri biliyini toplayıb və ARDNŞ-nin birinci vitse-prezidenti olaraq təcrübi biliyə yiyələnib. Bu sahədə təcrübi və nəzəri biliyini isə ictimaiyyətlə akademik Azad Mirzəcanzadənin elmi redaktorluğu ilə nəşr edilən “Azərbaycanın Xəzər nefti” əsərində bölüşüb. Şübhəsiz, bu zəruri vəhdətdə Ulu Öndər Heydər Əliyevin dəsti-xətti var.
Varis
İsaak Nyutondan soruşanda ki, bu uğurlara necə gəlib çatıb, o deyib: “Mən bu uğurlara keçmiş fiziklərin çiyinləri üstündə gəlmişəm”. İlham Əliyevin uğurlarının dayaq nöqtəsi Heydər Əliyevdir. “Mən ona özüm qədər inanıram” deməsi isə Ulu Öndərin xeyir-duası ilə başlanan inkişaf yolunun sabitliyinə işarədir.
Konsepsiyalar
İlham Əliyev Aristotelin “Sistem onun elementləri cəmindən daha böyükdür” düşüncəsilə inkişafın nəzəri əsaslara söykənməsi üçün konsepsual xarakterli sənədlərə, o cümlədən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası (2012), “Strateji Yol Xəritəsi” (2016), “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” (2021) , “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (2022), “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” (2022) kimi strateji inkişaf proqramlarına imza atır.
Hədəf
Hədəf Qarabağdır! Mövzuya öz hisslərimlə münasibət bildirirəm. 2006-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində Dövlət İdarəçilik Akademiyasında Qazaxıstan iqtisadiyyatının rəqabət qabiliyyətinə dair məruzədən sonra iştirakçılardan biri mənə Qarabağ haqqında sual verdi. Həmin an o zamanlar tez-tez deyilən “ərazimizin 20%-i işğal altındadır, 1 milyondan çox məcburi köçkünümüz var” ifadəsini demək mənə çox ağır gəldi. Sanki həmin qazax deyirdi: “Öz məsələnizi həll etməmisiniz, gəlib bizə məsləhət bildirirsiniz”. O an mən Qarabağ məsələsinin milli şərəf məsələsi olduğunu qabarıqla hiss etdim. Şuşa alındığı gün – 2020-ci ilin 8 noyabrında isə bütün Azərbaycan xalqı kimi mənim də böyük sevinc hissi keçirməyim sanki Astanadakı ana cavab oldu. Milli şərəfimiz bərpa olundu. Başqa xalqların nümayəndələrilə görüşlərdə üzümüzdəki kədər və utanc hissi qalibiyyət və qürur hissilə əvəzləndi. Bizə bu hissləri yaşadan Şanlı Ordumuz və Müzəffər Ali Baş Komandana eşq olsun!
Qlobal düzən
Bəşəriyyət üçün gərəkli ol, bəşəriyyət probleminin həllinə kömək edər. Bakı qlobal humanitar fikir mərkəzinə çevrilir. Avroviziya Azərbaycanda keçirilir. Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi sədri seçilir. Azərbaycan Qoşulmama Hərakatına sədrlik edir. NATO və Rusiya hərbi qərargah rəisləri görüşlərini Bakıya salır. Türk dünyası, islam aləmi, MDB və digər beynəxalq müstəvilərdə iştirak, ölkəmizin Rusiya və Türkiyə arasında körpü olması gücümüzü artırır. Belarusiya Respublikasının Prezidenti Aleksandr Lukaşenko deyir: “Rusiyanin Gazprom şirkəti təcili olaraq bizdən qaza görə yaranmış 900 milyon dollarlıq borcu qaytarmağı istədi. Bizim pulumuz yox idi. Rusiya Prezidenti V.Putinə müraciət də nəticə vermədi. Onda mən İlham Əliyevə zəng etdim. Cənab prezident dərhal göstəriş verdi ve pul Belarusiyaya köçürüldü. Azərbaycan prezidenti demişdi: Mən imkan verə bilməzdim ki, 2 slavyan xalqı arasında münaqişə olsun”.
Bosfor hökmdarı Levkonun tarixindən. Levkonun düşmənləri olur. O adlı-sanlı adamlardan borc alır. Sonra onlara deyir ki, düşmənləri var və onu qorumasalar, pullar qayıtmayacaq. Borc verənlər Levkonu qoruyur və o da düşmənlərə qalib gələrək hakimiyyətini möhkəmləndirir. Yəni, cənab prezident ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan qlobal maraqları daim Azərbaycana cəlb edir və bu maraqlar Azərbaycanın zəfər yolunu işıqlandırır. Cənab prezidentin artan dünya nüfuzu uğur açarıdır.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Heydər Əliyev
Son 20 ildə (2003-2023-cü illərdə) Azərbaycanda adambaşına düşən ÜDM dəyəri 2,9 dəfə artaraq 12 min 114,5 manat təşkil edib. Azərbaycanda ölkə üzrə ÜDM-in dəyəri 3,6 dəfə artaraq 123 milyard manata çatıb. Həmçinin, neft-qaz sektoru üzrə ÜDM 2,3 milyard manatdan 45,3 milyard manata, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 3,5 dəfə artımla 77,7 milyard manata yüksəlib. Qeyri-dövlət sektorunun ÜDM-də payı 13,2 faiz bəndi artımla 86,5%-ə çatıb. ÜDM-də sənayenin payı isə 37,3%-dən artaraq 40,4% olub. “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanla müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoydu. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib: “2003-cü ildən başlayaraq son 20 ildə həyata keçirilən strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub. Ölkənin strateji valyuta ehtiyatları 41,9 dəfə artaraq 65,9 milyard ABŞ dollarına çatıb”.
Strateji baxış və megatrendlərlə bir addımlamaq
“Neft kapitalını insan kapitalına çevirək”, - deyən cənab prezident xaricdə geniş həcmli təhsil lahiyəsini başlayır. “Hökumət elə təsəvvür etsin ki, heç neft yoxdur”, - deyərək İlham Əliyev qeyri-neft sektorunun inkşafına istiqamətlənməni bildirir.
Dövlət başçısı megatrendlərdən rəqəmsallaşmaya, yaşıl iqtisadiyyata keçidə önəm verir. Bu sahədə çoxdanki problemlərin həlli ilə məşğul olur. Azərbaycan hökumətinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında cənab prezident deyib: “Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına böyük ehtiyac var. Biz böyük təmizlik işləri aparmalıyıq”.
Gücə güc qatan
Belə bir ifadə var: cherche la femme. Onun tam mənası budur ki, hər bir uğurlu kişinin arxasında ağıllı qadın dayanır. Cənab prezidentin ömür-gün və iş yoldaşı, dövlət yükünün əhəmiyyətli hissəsini öz çiyinlərində daşıyan, gücünə güc qatan Birinci vitse-prezident Mehriban xanım Əliyeva var.
Milli ideya
Cənab prezident yerli telekanallara müsahibəsində Azərbaycan ictimaiyyətinə müraciət edərək, milli ideyanın müəyyən edilməsində iştiraka dəvət edib. O, deyib: “Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.


Elşad Səmədzadə, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini,
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Audit kafedrasının dosenti, i.f.d.