MƏQALƏLƏR

Möhkəm iradə və zərif qəlb sahibləri: Qadınlar

  • 09.03.2023

Hər bir cəmiyyətdə mərhəmət, insanpərvərlik, qayğı kimi hisslər əsas yer tutmalıdır. O cəmiyyətdə ki, həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti məhz bu prinsiplər əsasında həm öz həyatını, həm də öz fəaliyyətini qurur, o cəmiyyət inkişaf etmiş, uğurlu cəmiyyətdir.

Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva

Cəmiyyətin təəssübkeşi olan Azərbaycan qadınları zaman-zaman ölkədə baş verən ictimai-siyasi proseslərin gedişində üzərlərinə götürdüyü çətin işlərin öhdəsindən ləyaqətlə gəlmişlər. Cəmiyyətin sosial-mədəni həyatında və xalqın maariflənməsi yolunda fədakarcasına çalışan qadınlarımız ötən əsrin əvvəllərində qızları təhsilə cəlb etməyə çalışmış, gələcəyin açarını məhz bilikli və savadlı olmaqda görmüşlər. Özləri kübar, zadəgan ailələrin üzvləri olsalar da hər zaman kimsəsizlərə, yoxsullara yardım əlini uzatmış, ehtiyac içində yaşayan insanların qəlbində ümid, gələcəyə inam çırağı yandırmağa nail olmuşlar, xalqın məzlum oğul və qızlarına həm mənəvi, həm də maddi dəstək olmuşlar. XX əsrin əvvəllərində - 1-ci Dünya müharibəsi dövründə yaradılmış Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti məhz valideynlərini itirmiş uşaqlara, yoxsul ailələrə və qaçqınlara yardım etmək məqsədilə təsis edilmiş qeyri-hökumət xeyriyyəçilik qurumu kimi fəaliyyət göstərmişdir. Bu cəmiyyət 1914-cü il noyabrın 21-də Rəhilə Hacıbababəyova tərəfindən təsis edilmişdi. M.S.Tağıyeva cəmiyyətin idarə heyətinin sədri, Rəhilə Hacıbababəyova sədrin müavini, Əminə Ağayeva katib, Pəri Topçubaşova xəzinədar seçilmişdi. Cəmiyyət xəstə və yaralı əsgərlərə, yetim və yoxsul uşaqlara yardım göstərir, tez-tez müxtəlif tədbirlər keçirirdi.

“Tariximizin kəşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”.

Ulu Öndər Heydər Əliyev


Cəmiyyət 1-ci Dünya müharibəsi illərində Rusiyaya əsir düşmüş yaralı türk əsgərlərinə də yardım göstərmişdir. 1917-ci ilin oktyabrında Liza Muxtarovanın (milyonçu Murtuza Muxtarovun həyat yoldaşı) sədrlik etdiyi Bakı müsəlman qadın xeyriyyə cəmiyyəti yoxsul qızlar üçün peşə məktəbi açmışdı. Məktəbdə 4 ümumtəhsil sinfi və 6 peşə bölməsi fəaliyyət göstərirdi. Türk dili, hesab, əl işi, biçmə və tikmə üzrə dərslər keçilirdi. 1918-ci ilin qanlı mart qırğınları zamanı məktəb öz fəaliyyətini dayandırmışdı. 1919-cu ilin əvvəllərində cəmiyyət məktəbin fəaliyyətini yenidən bərpa etmişdi. AXC hökuməti həmin məktəbin səmərəli işləməsi üçün cəmiyyətə 30 min manat vəsait ayırmışdı. Məktəb azərbaycanlı qızların savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailədə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynamışdır. Xatırladaq ki, 1918-ci ildə qurulmuş AXC qadınlarımıza müsəlman Şərqində ilk dəfə olaraq seçmək və seçilmək hüququ qazandırmışdı. Halbuki, həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta ABŞ və Avropa dövlətlərinin əksəriyyətində hələ yox idi. Təəssüf ki, bir çox mütərəqqi ideyaların qarşısını kəsən Aprel işğalı bu cəmiyyətin də fəaliyyətinə son qoydu.
Bu gün Azərbaycan qadınının cəmiyyətin tərəqqisi yolunda açdığı cığırlarla müasir zəmanəmizin tələblərinə uyğun səviyyədə elmin, siyasətin ən uca zirvələrinə yüksəlmiş elm, sənət, dövlət xadimləri olan qadınla­rımız irəliləyir və cəmiyyətdə öz layiqli yerini tuturlar, respublikamızın inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə var qüvvəsini əsirgəmirlər.