MƏQALƏLƏR

test Məmmədov Əflatun: Rəqəmsal iqtisadiyyatın lokomotivi: yeni nəsil şəbəkələr - 5G

  • 02.03.2023

5G - yeni nəsil şəbəkə standartı beynəlxalq aləmdə niyə bu qədər qorxu və ajiotaj yaratdı?
Məlum olduğu kimi, dünya əhalisi vaxtaşırı 5G - beşinci nəsil mobil rabitə antenalarının quraşdırılmasına qarşı çıxırdı, hətta bu antenalardan bir neçəsi İngiltərədə yandırılmışdı.
Bu gün 5G əleyhinə neqativ hisslər bütün dünyada, o cümlədən ölkəmizdə də müşahidə olunur. Bir tərəfdən də dünyada COVID-19 virusuna yoluxmaların 5G ilə əlaqəli olduğu iddia olunur. Digər tərəfdən də 5G tezlik spektrini satmaqla böyük gəlirlər əldə etməkdə iddialı görünən dövlət qurumları bir an öncə bu standartı tətbiq etməyə öz açıq maraqlarını gizlətmirlər.
Məlumat üçün onu da qeyd etmək lazımdır ki, 5G standartı özündən əvvəlki (1G,2G,3G,4G) nəsil şəbəkələrin inkişafı ilə əlaqədar olaraq, onların texnoloji baxımdan təkamülü və təbii davamıdır. Burada birdən başlayaraq beşə kimi mobil şəbəkə texnologiyaları mobil telefon operatorları tərəfindən texniki-tərəqqi yolu ilə irəliləyərək, dünyada yeni gündəm yaratmışdır.


5G nə deməkdir?
“G” hərfi ingiliscə “generation”, Azərbaycan dilində isə “nəsil” mənasını daşıyır. Öncə qeyd edək ki, 1G və 2G standartları, əsasən ilkin olaraq səs və mesaj (məlumat) verilişi və qəbulu ilə məhdud sayda xidmətləri əhatə edirdi. Daha sonra isə 3G, 4G və 5G video və daha çox genişzolaqlı (“data”) multimedia məlumatlarının ötürülməsini - sürətli və dayanıqlı internet xidmətlərini əhatə edərək reallaşdırıldı.
Çoxları yüksək tezlikli millimetr uzunluğunda elektromaqnit şüalanmalarını insan həyatı üçün təhlükəli hesab edirlər. Əslində isə gündəlik istifadə edilən qızdırıcı mikrodalğalı sobalarda belə 5G-yə nəzərən daha yüksək tezlikli elektromaqnit dalğalarından istifadə olunduğunu unutmaq olmaz.
5G yeni nəsil şəbəkələrdə yüksək tezlikdən istifadə etməklə ötürülən məlumatların həcmini artırmağa, baza stansiyalarının və antenaların ölçülərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir. Bu baza stansiyaları şəhər işıqlandırma dirəklərində, evlərin çardaqlarında, magistral yollarda quraşdırılmış konsollarda, eyni zamanda bunun üçün nəzərdə tutulmuş ayrıca dirəklərdə yerləşdirilə bilirlər.
5G standartı ideyası əhalisi daha sıx məskunlaşan Çində yaranmışdır. Belə ki, çox sayda insanın 4G-dən istifadə edərək, stadionlarda, qatar stansiyaları, metro və əhalinin gur məskunlaşdığı yerlərdə eyni vaxtda sürətli İnternetdən istifadə etmək, video məlumatları yaymaq və izləmək kimi əlaqələrində kəsinti və fasilələrin yaşanması bu standartın tətbiqini zəruri etdi.
Ölkəmizdə də Avropa oyunları zamanı bənzər problemlər yaşanmasın deyə oyun məkanlarında onlarla 3G və 4G mobil baza stansiyaları əvvəlcədən planlı şəkildə yerləşdirilmişdi.
Çində isə əhali sıx olduğundan bütün yaşayış məkanlarında 4G baza stansiyalarının sayını artırmaq iqtisadi cəhətdən əlverişli deyildi və bu problemi həll etmək üçün daha çox məlumatı yüksək sürətlə ötürən yeni bir standart tələb olunurdu. Bu məsələni həll etmək üçün Çində bir baza stansiyasında daha çox rabitə kanalı yaratmaq üçün tezliyi artırdılar və beləliklə də 5G texnologiyasında əvvəlki nəsillərə nisbətən sürətin daha çox olması əsas üstün cəhət sayılmadı, əsas üstünlüyü rabitə kanallarının çoxluğu və hər kvadrat kilometrə düşən istifadəçi sıxlığının texniki-iqtisadi səmərəlilik baxımından yüksək olması oldu.
Tezlik artıqca baza stansiyaları arasında məsafə də əvvəlki nəsildəki 30-40 km-dən təqribən 200-300 metrə qədər azaldı və beləliklə 5G şəbəkə modelində daha çoxlu bir-birinə yaxın baza stansiyaları qurmaq tələb olundu.

5G və insan sağlamlığı
5G rəqəmsal iqtisadiyyatın inkişafı üçün ən mühüm yüksək texnoloji vasitə olmaqla bərabər, fokuslayıcı şüalanma mənbəyi kimi də insan orqanizminə mənfi təsirlərə və bu təsirlərdən yaranacaq fəsadlara sahibdir. Hələ tam öyrənilməsə də, bəzi alimlər və mütəxəssislər, o cümlədən 5G texnologiyası üzrə istehsalçı şirkətlərin rəqibləri bu texnologiyanın tətbiqinin koronavirusun inkişafına şərait yaratdığını deyərək, “qara piar” kompaniyalarını hələ də aparırlar.
Odur ki, arayış üçün bir daha bildiririk ki, 5G standartı da daxil olmaqla mobil rabitədə millimetr uzunluğunda elektromaqnit şüalanmadan istifadə edilir. Rentgen və ya qamma radiasiyasından fərqli olaraq millimetr uzunluğunda 5G elektromaqnit dalğaları maddəni ionlaşdırmağa, yəni onun kimyəvi tərkibini dəyişdirməyə, məhv etməyə kifayət qədər enerji tələb edir ki, bu da ayrıca araşdırma mövzusudur.
Müxtəlif tezlikli radio dalğalarının insan orqanizminə təsiri 1960-cı illərdən bəri hələ də tədqiq edilir. Dünyada qəbul edilən qaydalara əsasən istənilən ölkəyə qanuni şəkildə idxal olunan hər hansı bir İT avadanlığını bəyan etmək üçün istehsalçı ölkənin mənşə sertifikatı, sanitar və uyğunluq standartı tələblərinə uyğun həmin avadanlığın kütləvi istifadəsinə dair aidiyyatı dövlət qurumlarından xüsusi icazə alınır. Belə olan halda geniş istifadəçi tamamilə dövlət tənzimləməsinin daşıdığı məsuliyyəti diqqətə almalı, buna məsul dövlət qurumu da bunların fərqində olmalıdır.
Bu günə kimi mobil rabitə, “Wi Max”, “Wi-Fi”, “Bluetooth” və digər radio rabitə vasitələrinin insan sağlamlığına zərərli təsiri barədə çoxlu sayda ziddiyyətli məlumatlar var. Ümumidünya Səhiyyə Təşkilatı (ÜST) isə bu günə qədər yalnız termik qızmaya məruz qalma növünü tanıyır (məsələn, uzun müddət mobil telefon ilə danışan fərdin qulağı istilikdən qızır) və onlar ciddi təhlükə hesab edilmir.
“5G və koronavirusla bağlı qorxulara gəldikdə isə, insanlar bu texnologiyaya dair öz şübhələrini gizlətmirlər. Amma bu tezlik diapazonlarının əvvəlki nəsillərin diapazonundan daha zərərli olduğuna dair də heç bir dəlil, sübut mövcud deyildir. Tarixən həmişə hər hansı yeni texnologiya insanlarda narahatlıq yaratmışdır. Elə bu səbdən də 5G texnologiyasının tətbiqi dövründə pandemiya fenomeni bəzi əhali qrupları arasında iğtişaşlar üçün katalizator rolunu oynadı.
Ancaq bunun üçün narahatlıq yaradacaq əsl səbəblər hələ də geniş ictimayətə bəlli deyildir. 5G-də elektromaqnit radiasiya, yayılan millimetr uzunluğunda elektromaqnit dalğalarının COVID-19 virusunun yayılması ilə əlaqəli orqanik molekullara təsiri də ayrıca dərindən tədqiq olunmalı mövzulardandır.
Digər tərəfdən, yer kürəsinin əhalisi artdıqca qidaya olan tələbat da artığından insanlar qida məhsullarını süni yolla mövcud maddələrin molekulyar quruluşunu dəyişdirməklə əldə etmək imkanlarına sahibdirlər. Bu qəbildən elmi fəaliyyətlər bir tərəfdən insanların həyatı üçün vacib mikrobioloji mühiti inkişaf etdirsə də, digər tərəfdən o mühitə ciddi zərər vurur. Xüsusi ilə geni dəyişdirilmiş qida məhsullarının insan orqanizminə zərərli təsiri inkişaf etmiş ölkələrdə daha çox yayqındır.


* * * *

 

Son dövrlər internetdə 5G texnologiyasının istifadəsinə maratorium tələb edən geniş petisiyalar da yayılır. Amma heç kim 5G simsiz texnologiyalarının tətbi­qinə artan tələbatın, texniki-tərəqqinin qarşısını ala bilməz. Çünki bu gün 5G dünyada keyfiyyətli internet sıxlığını təmin edən bir texnologiya olaraq internet vasitəsi ilə iş yeri, səyahət, ticarət, təhsil, bank əməliyyatları, xidmət, mədəni tədbirlər, o cümlədən teatr, kino, konsert, elm, dostluq, səhiyyə, əşyaların interneti, yer kürəsinin hər millimetr kvadratına nəzarət və s. olmaqla bəşəriyyətin həyatı fəaliyyətinin bütün sahələrini əhatə edir.


5G texnologiyasının tərəqqi yolu
Rəqəmsal iqtisadiyyatın yaratdığı imkanlarla bu gün inkişaf etmiş ölkələrdə müxtəlif sahələrdə çalışan əməkdaşlar nəqliyyat vasitələrindən yararlanmadan, öz vaxtlarına qənaət edərək, internet vasitəsi ilə xidməti serverlərə (avtomatik idarəetmə sistemlərinə) məsafədən qoşularaq, öz əmək fəaliyyətlərini həyata keçirmə imkanı əldə edirlər. Vaxt dəyərə malik olduğundan nəqliyyat xərclərinə qənaət edilmiş olunur. Bu iş üsulunda məsafədən internetlə idarə olunan istehsal və emal sahələrinə koronafobiya mühiti o qədər də ciddi mənfi təsir göstərə bilmir və bu sahələr öz iş ritmlərini qoruyub saxlaya bilirlər.
Həmçinin iş yerləri qloballaşdığından yerindən aslı olmayaraq, hər bir İKT təlimi keçmiş mütəxəssis evindən internet vasitəsi ilə dünyanın istənilən ölkəsində işləmək imkanı əldə edir. Amma koronavirus şəraitində xidmət sahələri, turizm, nəqliyyat, kütləvi tədbirləri əhatə edən ictimai yığıncaq sarayları, kafe, restoran və s. isə tənəzüllə uğrayır. Odur ki, bu gün koronafobiya şəhər və kənd yaşayış mühitində müxtəlif formada yeni yaşam standartları tələb edir. Bu səpkidə kənd təsərrüfatı işləri açıq havada - tarlada, biçənəkdə və s. əlaqəli məkanlarda virus təhlükəsinə görə elə də ciddi rejim tələb etmir.
Hal-hazırda koronafobiya bəşəriyyəti real qlobal dünyadan qoparıb, virtual (internet) dünyasına, sivilizasiyanın yeni bir texnologiyası olan 5G-yə inteqrasiya etdirir. Koronafobiya mühitinin və təsir müddətinin uzanması cəmiyyətdə yeni ictimai və sosial münasibətləri formalaşdırmış oldu. Burada, maşınla maşın -“M2M”, maşınla insan -“Mİ”, insanla maşın -“İM” münasibətləri inkişaf etdirilərək insanlararası birbaşa ünsiyyət münasibətlərini nəzərəçarpaçaq dərəcədə azaltdı.
Burada 5G standartını texnoloji olaraq yalnız “daha sürətli internet” baxımından dəyərləndirmək texniki tərəfdən yalnış olardı. Bir öncəki 4G texnologiyasına nəzər yetirmiş olsaq görərik ki, normal istifadə üçün bu texnologiyanın təmin etdiyi internet sürəti kifayət qədər qənaətbəxş olduğundan ekstra sürətə elə də ehtiyac duyulmur.


O zaman niyə məhz 5G?
5G texnologiyası yalnız sürətli internet olmayıb, çoxlu sayda “ağıllı” (smart) xidmətləri özündə inteqrasiya edən və hər zaman insanların yanında olan ən müasir mobil infokommunikasiyaya aid yeni bir texnologiyadır. Bu texnologiyanın əsas hədəfi İnsan-İnsan (P2P), Maşın-Maşın (M2M) və İnsan-Maşın (P2M) dialoqlarını (bağlantılarını) təmin etməkdir.
İnsan fəaliyyətinin bütün sahələrində və daha çox xidmət göstərməsi kimi hesablanan bu yeni texnologiya nəticədə üç kateqoriyada qruplaşdırılır, yəni bütün bu ağıllı elektron xidmət növlərini bu üç sahə əhatə edir.


Onlar hansılardır?
1. eMBB (Enhanced Mobile Broadband/Gəlişdirilmiş Genişzolaqlı Mobil tətbiq);
2. uRLLC (Ultra Reliable Low Latency/Az Gecikmə ilə Ultra Etibarlı);
3. mMTC (Massive Machine Type Communication/Kütləvi Maşın tipli Kommunikasiya);

Yuxarıda adları çəkilən hər bir xidmət kateqoriyasının oxşar və fərqli texniki tərəfləri vardır. Bu xidmət sahələrini geniş şərh etmək üçün öncə birincidən başlayaq.


eMBB-nin xidmət sahələri:
Əvvəlki mobil şəbəkə nəsillərinin ən böyük hədəfi olan yüksək sürətli internet bu kateqoriyaya aid edilir, yəni 4K, 8K UHD keyfiyyətli video, VR (Virtual Reallıq), AR (Genişzolaqlı qoşulma reallığı) kimi yüksək sürətli genişzolaqlı internet xidmətləri bu sahənin tələbatını ödəyir.


uRLLC-nin xidmət sahələri:
Sənayenin avtomatikləşdirilməsi, sürü­cüsüz nəqliyyat vasitələri, təhlükəsiz avtomobil idarəetmə, distant təhsil və iş, məsafədən tibbi müdaxilə və s.


mMTC-nin xidmətləri:
Bu kateqoriya digərlərinə görə daha cəlbedicidir. Demək olar ki, bütün ağıllı əşyaların (maşınların M2M) bir-biri ilə dialoquna hesablanıb.
mMTC həm də Əşyaların İnterneti (İoT-Internet of Things) kimi tanınır. Televizor, soyuducu, isitmə sistemi, yanğın sensoru, qaz sensoru, təhlükəsizlik kamerası, sayğacları və hələ insanların istifadə etmədiyi bütün növ “ağıllı” (smart) əşyanı mMTC-in xidmət sahəsinə aid edə bilərik. Təbii ki, bunlar hal-hazırda evlərdə, məişətdə və gündəlik həyatımızda istifadə etdiyimiz bugünkü əşyalar kimi olmayacaqdır. Onlar yeniləri - ilə “ağıllı cihaz”, “ağıllı əşya” adlanan qurğularla əvəz olunacaqdır. Bu əşyaların hər birində 5G şəbəkəsinə bağlantı üçün SIM karta bənzər mikroçip vasitəçi olacaq və maraqlı tərəfi də odur ki, bu əşyaların əksəriyyəti batareya ilə çalışacaq və enerji saxlama müddəti 10 ildən daha çox müddətə nəzərdə tutulacaqdır. O zaman sual da yarana bilər ki, bəs şəbəkəyə qoşulan cihaz 10 il necə enerji saxlaya bilər?
Bu cihazların işləmə prinsipi mobil telefonlar kimi düşünülmür və onların serverə göndərəcəyi məlumatın qərarlaşdırılmış zaman aralığında və çox kiçik paketlər şəklində göndərilməsi nəzərdə tutulur. Biz evimizdən, ofisimizdən, əkin sahəmizdən uzaq məkanlarda olsaq da, onları mobil telefonlara quraşdırılmış uyğun tətbiqi proqramlarla izləmə imkanımız olacaqdır. Əkin sahasindəki torpağın şoranlığı, temperaturu, quruluq dərəcəsi, havası və s. kimi zəruri göstəricilərinə nəzarət oluna biləcəkdir.
Evimizdə isə su, qaz, işıq istifadəsinə, o cümlədən qaz sızıntısı, enerji sərfiyyatı, təhlükəsizliyi və s. kimi kommunal xidmətlərə nəzarət olunacaqdır. Əlbəttə ki, bu qədər xidmətin ərsəyə gəlməsi üçün 5G texnologiyası da bundan əvvəlki standartlarla müqayisədə daha çox inkişaf etdirilmiş olacaqdır.
Yuxarıda sadaladığımız hər üç kateqoriya üzrə həyata keçirilən “ağıllı” elektron xidmətlərin reallaşması üçün onların texniki parametrləri daha fərqli olacaqdır. Bu məqsədlə də 5G-nin müstəqil işləməsi üçün onun özünəməxsus standartları işlənib hazırlanmışdır. Onların texniki xüsusiyyətlərinə diqqət yetirsək görərik ki, müasir antenna sistemlərindən istifadə olunaraq bu siqnallar gücləndirilir və internetin sürəti artmış olur. Eyni zamanda, 3D standartlarında da bu texnologiya radio siqnalının hər tərəfə deyil, birbaşa istifadəçiyə fokuslanmasına imkan yaratmış olur. Burada radio və magistral şəbəkələr virtuallaşdırılır. Misal üçün, yeni bir avadanlıq artırmaq lazım olduqda onu fiziki qüvvə ilə əlavə etməyə ehtiyac olmayacaqdır. Sadəcə elektron proqram vasitələri ilə artırıla biləcəkdir. Bu da öz növbəsində həm vaxt, həm də maliyyə resurslarının xeyli dərəcədə qənaətinə səbəb olacaq, həmçinin Small Cell (Kiçik Baza stansiyaları) sayı artaraq antenalararası məsafə kiçiləcək, maksimum 200-300 metrə çatacaqdır.
Beləliklə, 5G əhatə zonasında millimetr dalğa uzunluğunda fokuslayıcı şüa mən­­bələrinin sıxlığı yüz dəfələrlə yüksələcəkdir. Bunun əsas səbəbi millimetr uzunluğunda dalğaların maneələri aşa bilməməsidir. Burada radioötürücüdə məlumatın göndərilmə tezliyi 1 milli saniyə olaraq hədəflənib.
Yuxarıda saydığımız hər bir xidmət kateqoriyası üçün ayrıca fiziki şəbəkə qurulmayacaq və bir fiziki şəbəkə üzərində hər xidmət qrupu üzrə virtual şəbəkələr yaradılmış olacaqdır.
Burada hədəf olaraq data qəbuletmə sürəti təqribən 20 GBit/s, data veriliş sürəti isə 10 GBit/s olmaqla bir kvadrat kilometr ərazidə bir milyondan çox cihazın bağlantısı təmin edilmiş olacaqdır. Şəbəkə tutumunun həcmi 1000 dəfədən çox artırılmaq imkanı qazanacaq və hər bir istifadəçinin orta data qəbulu sürəti təqribən 100 Mbit/s, data veriliş sürəti 50 Mbit/s olacadır.
Bununla da yuxarıda sadaladığımız amillərdən də göründüyü kimi, 5G sadəcə yüksək internet sürətini təmin etmir, o, həmçinin genişzolaqlı qlobal internet şəbəkə sistemində kommunikasiya əlaqələrinin çox geniş parametrlərini əhatə etmiş olacaqdır. Hal-hazırda dünyada bu texnologiyaların geniş tətbiqi planlaşdırılır və 5G ən yüksək tezliklərdə (millimetr) elektromaqnit dalğaları ilə yayımlanan radiotelefon rabitə sistemi olduğundan istifadəçi ilə elektromaqnit dalğa mənbəyi olan antenalar arasında yaxın təması da intensivləşdirmiş olur.
Son dövrlərdə mobil telefon və mobil antenaların elektromaqnit şüalanmasının insan orqanizminə olan zərərli təsirlərini tədqiq edən qurumlar mobil telefonlardan çox istifadə etməməyi və mobil telefon antenası ilə yaxın təmasdan çəkinməyi tövsiyə edilir. Amma fakt ondadır ki, hər 200 metr məsafədə yerləşən 5G mobil antenalardan uzaqda dayanılması heç də ağlabatan görünmür.


5G tezlik zolağının qiymətləndirilməsi
Ölkəmizdə 5G tezlik zolağı və onun qiymətləndirilməsi ayrıca müzakirə mövzusudur. Burada hər üç mobil operator üçün 5G-nin qiyməti aidiyyəti qurum tərəfindən baxılır və necə hesablandığına dair növbəti yazılarımızda bu mövzuya təfsilatı ilə qayıdacağıq.
Rusiya Federasiyasında isə 5G bütün perspektivlər üçün tezlik spektrinin illik ödənişi 112,4 milyard rubl təşkil etmişdir bu rəqəm açıq mənbələrdən götürülmüşdür.
Burada tezlik zolağının qiymətləndirilməsi onun spektrinin genişliyindən birbaşa asılıdır. Həmçinin 5G şəbəkələrinə əvvəlki nəsil şəbəkələrdən daha geniş tezlik spektri tələb olunmur. Kanal nə qədər geniş olsa, bir fərdi abunəçinin sürəti və bütün şəbəkənin ümumi tutumu daha yüksək olacaq və 5G standartında avadanlıq eyni vaxtda daha geniş “paket” üzərindən məlumat vahidini çox sayda abunəçiyə ötürə biləcəkdir.
Əgər 4G üçün tezlik zolağının eni 20 MHz təşkil edirsə, 5G şəbəkələrində bu göstərici 3.4-3.8 GHz diapazonunda 40-31 MHz, 25-29 GHz diapazonunda isə təqribən 400 MHz və daha yüksəkdir.
Yəni, bu aspektdən 5G-nin istifadə etdiyi tezlik zolağı 4G-yə nəzərən 20 dəfə çox olduğundan qiyməti də uyğun olaraq artıq olmalıdır. Lakin dünyanın bir çox ölkələrində qiymətlərin hesablanması metodologiyasına bu sahədə aparıcı mütəxəssislər tərəfindən azalma əmsallarının tətbiq edilməsi təklif edilir.
Beləliklə, tezlik spektrindən istifadədə həyata keçirilən dövlət siyasəti tariflərə yenidən baxılmasına, onun rasionallaşdırılmasına, o cümlədən mülki məqsədlərlə effektiv istifadəsinə və bütövlükdə ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına yönəldilməlidir. Əks təqdirdə ekspertlərə görə bu sferada hökm sürən qeyri-sağlam rəqabət mühiti azad sahib­karlığın boğulmasını və onların total inkişafını ləngidərək, geriyə çəkmiş olacaqdır…

 

P.S. Radiotezliklər üzrə qəbul olunmuş, aktual olan yeni tariflərin, o cümlədən radiotezliklərin bölüşdürülməsi prinsipləri və Radio Tezliklər üzrə Dövlət Komissiyasının fəaliyyətinə dair geniş ekspert şərhi ayrıca müzakirə mövzusudur.

 

 

Məmmədov Əflatun Məsim oğlu Azərbaycan Müdafiə Sənayesi
Nazirliyinin Elmi Tədqiqat İnstitutunun direktorunun I müavini,

İnternet və Yüksək Texnologiyalar üzrə ekspert