MƏQALƏLƏR

Akademik Ziyad SƏMƏDZADƏ: Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində iştirakı artıq mümkün deyil

  • 16.11.2022

Məlum olduğu kimi, Praqada oktyabrın 6-da keçirilən dördtərəfli görüş Fransa prezidenti E.Makronun təşəbbüsü ilə baş tutmuşdu. Lakin görünən odur ki, Fransa rəhbərliyi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə razılaşmaq istəmir, yaxud bu prosesdə Azərbaycanın uğurlarını həzm edə bilmir. Çünki Fransa Prezidentinin Praqa görüşündən 6 gün sonra verdiyi müsahibəni başqa cür şərh etmək mümkün deyil. Praqada vacib razılaşmaların əldə edilməsindən sonra E.Makronun Azərbaycana qarşı yönələn açıqlamaları tamamilə qəbuledilməz, eyni zamanda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə qeyri-adekvatdır.
Məlumdur ki, Vətən müharibəsinin, Azərbaycanın öz milli haqqını güc yolu ilə təmin etməsinin ortaya qoyduğu reallıqlardan biri ATƏT-in Minsk qrupu kimi Fransanın maskasının tam cırılması oldu. Bu ölkənin ermənipərəst siyasət yürütməsi əvvəldən də məlum idi. Lakin müharibə günlərində başda Prezident Makron olmaqla Fransanın siyasi dairələri açıq şəkildə Ermənistanın müdafiəsinə qalxdılar.
Makronun cənab İlham Əliyevə bütün telefon zəngləri ədalətin təmin olunmasına deyil, işğalçının müdafiəsinə xidmət edirdi. Fransa Prezidenti və digər rəsmi şəxsləri Azərbaycanı müharibədə guya muzdlu döyüşçülərdən istifadə etməkdə, yaşayış yerlərini atəşə tutmaqda ittiham etdilər. İstəklərinə çatmadıqda, yəni Azərbaycanı öz milli haqqı uğrunda mübarizə yolundan döndərə bilmədikdə isə məsələnin BMT səviyyəsində müzakirəsinə cəhd göstərdilər. Lakin Qoşulmama Hərəkatına üzv ölkələrin sayəsində Fransanın avantürası baş tutmadı.
44 günlük müharibə dövründə Fransa prezidenti və bu ölkənin dövlət və hakimiyyət orqanları Azərbaycana qarşı müxtəlif təzyiqlərə əl atsalar da, baş tutmamışdı. Prezident İlham Əliyev sübut etdi ki, heç bir siyasi təzyiq onu yolundan döndərə, torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını ala bilməz. Həm E.Makronun, həm də digər fransız siyasət dairələrinin niyyətləri gözlərində qaldı və Azərbaycan işğal altındakı torpaqlarını azad edərək Ermənistanın kapitulyasiyasına nail oldu.
Müharibədən sonra da Fransanın siyasi dairələri Azərbaycan torpaqlarının işğaldan azad olunması faktı ilə barışa bilmədilər. Bunu Fransanın siyasi dairələrinin açıqlamaları, üçtərəfli Bəyanata qarşı çıxmaları təsdiq edirdi. 2020-ci il noyabrın 25-də Fransa senatında Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qətnamənin qəbulu bir daha bu ölkənin Ermənistanın işğal siyasətinə dəstək verməsinin aydın sübutu oldu. Belə bir qətnamənin qəbulu beynəlxalq hüquqa olan hörmətsizliklə yanaşı, Fransanın siyasi rüsvayçılığı idi. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan, üçtərəfli Bəyanata qısqanclıqla yanaşan Fransa parlamentinin təxribatçı və utancverici addımı idi. Bu baxımdan Vətən müharibəsində Azərbaycan həm də Fransaya qalib gəldi.
Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi başlayan gündən Makronun davranışları və açıqlamaları göstərdi ki, o, Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Ona görə vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu bu ölkənin nüfuzu artıq ciddi şəkildə zədələnib.
Bütövlükdə Fransanın aşkar ermənipərəst mövqeyi Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqların nə üçün nəticəsiz qaldığını göstərdi. Müharibə günlərində və sonrakı dövrdə baş verənlər təsdiq edir ki, Fransa münaqişənin dondurulmuş vəziyyətdə qalmasına səy göstərməklə, Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistana birləşdirilməsində maraqlı olub. Fransanın niyyətini gözündə qoyan Azərbaycan isə Vətən müharibəsindən sonra da öz milli maraqlarını qətiyyətlə təmin edir. Həm Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, həm də Ermənistan üçtərəfli bəyanatların öhdəliklərini yerinə yetirməyə məcbur edilir.
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında bu barədə danışan Prezident İlham Əliyev Fransa Prezidentinin faktları manipulyasiya edərək dünya ictimaiyyətini çaşdırmağa səy göstərdiyini bildirib: "Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən, demək olar, bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlar mətbuatda var, hər kəs onları görə bilər. Bu bəyanatlarda o, Azərbaycanı dəhşətli müharibə törətməkdə günahlandırıb, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib."
Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında münasibətləri normallaşdırmaq cəhdləri qarşılığında Fransanın birtərəfli mövqeyi və əsassız ittihamları bu ölkənin vasitəçilik səylərinin yenidən nəzərdən keçirilməsini labüd edir. "Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük", - deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi kontekstində Prezident İlham Əliyevin oktyabr ayında keçirdiyi görüşlər, aparılan müzakirələr, əldə olunan nəticələr təsdiqləyir ki, Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir. Prezident İlham Əliyevin dediyi kimi, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu ölkənin mövqeyinin, rəhbərliyinin nə deməsinin isə Azərbaycan üçün əhəmiyyəti yoxdur. Torpaqlarını işğaldan güc yolu ilə azad edən Azərbaycan yaranmış yeni reallıqlar fonunda da öz milli maraqlarını qətiyyətlə təmin edəcək.


Akademik Ziyad SƏMƏDZADƏ