MƏQALƏLƏR

Akademik Ziyad səmədzadə: QLOBALLAŞMA ŞƏRAİTİNDƏ AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ İNKİŞAF STRATEGİYASI BARƏDƏ DÜŞÜNCƏLƏR

  • 16.11.2022

Türk dünyası ölkələrinin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə cənab Prezident İlham Əliyevin tarixi çıxışı əməkdaşlığın inkişafı baxımından çox mühüm addım oldu. Bu əməkdaşlığın xüsusilə Azərbaycan müstəqillik əldə etdikdən sonrakı dövrdə inkişafı və mühüm istiqamətləri barədə akademik Ziyad Səmədzadənin 19 il əvvəl dediyi fikirləri oxucuların diqqətinə çatdırmağı məqsədəuyğun bildik. Türk dünyası ölkələrinin perspektiv inkişaf və əməkdaşlıq məsələləri ilə bağlı daha ətraflı fikirlərlə gələn nömrələrimizdə tanış ola bilərsiniz.
Son zamanlar dünya siyasətində və iqtisadiyyatında qloballaşma ilə bağlı məsələlər geniş müzakirə edilir. Bu da reallıq, bəşər cəmiyyətinin inkişaf qanunauyğunluqlarını daha ətraflı dərk etmək, inkişaf prioritetlərini düzgün müəyyən etmək zərurətindən doğur.
Azərbaycan da dünya birliyinin üzvü kimi, bu proseslərə laqeyd qala bilməz. Biz bunu da bilməliyik ki, qloballaşma milli mənafelərə, milli suverenliklərə bilavasitə təsir edir və bu təsirin miqyasını azaltmaq üçün düzgün strategiya seçilməlidir. Bu gün Azərbaycanda açıq cəmiyyət qurulur və bu istiqamətdə görülən işlər artıq öz bəhrəsini verir. Məruzədə müstəqil Azərbaycanın qloballaşma şəraitində inkişaf strategiyası barədə fikirlər açıqlanır. Qloballaşma təkcə bir elmin obyekti deyildir. O, müasir dünya elmlərinin maraq dairəsinə tam uyğun gələn bir problemdir. Qloballaşmanın tam mahiyyətini təhlil etmək, onun bəşəri inkişafa müsbət və ya mənfi təsirini müəyyənləşdirmək üçün hələ çox fundamental işlər aparılmalıdır. Bəlkə də bu sahədə elmi araşdırmaların kifayət qədər və səmərəli olmamasının nəticəsidir ki, hətta dünyanın ən məşhur politoloqları, iqtisadçıları, ictimai xadimləri arasında qloballaşma barədə müxtəlif, bir çox hallarda antoqonist fikirlər mövcuddur.
Qloballaşmanı inkişafın güclü tərəqqi faktoru kimi qiymətləndirənlər belə hesab edirlər ki, dünyanı idarə etməyin “oyun” qaydaları milli sərhədlərdən kənara çıxdıqca asanlaşır. Lakin onlar unudurlar ki, qloballaşan dünyada ziddiyyətlər də çoxdur. Ən başlıca ziddiyyət dünyanı idarə edənlərlə hələ də kasıbçılıqdan xilas olmayanlar arasında gedir. Apardığımız sistemli təhlil göstərir ki, qloballaşma şəraitində yoxsulluq problemi heç də yumşalmamış, əksinə, kasıb və varlı ölkələr arasında təbəqələşmə səviyyəsi daha da kəskinləşmişdir. Bir faktı qeyd edək: dünya üzrə birbaşa xarici investisiyaların ümumi həcmində inkişaf etməkdə olan ölkələrin xüsusi çəkisi cəmi heç 20% deyildir. Elə ölkələr var ki, onlarda adambaşına düşən ümumi daxili məhsulun həcmi inkişaf etmiş ölkələr üzrə olan göstəricilərdən 30-40 dəfə azdır və narahatlıq doğuran bir də odur ki, bu fərqin azalması meyli də müşayiət olunmur. Qloballaşma əsasən birqütblü xarakter daşıyır və burada da həlledici rol ABŞ-a məxsusdur. Hətta inkişaf etmiş ölkələr qloballaşmanın birqütblü olmasından narahatlıq keçirirlər. Ona görə də ABŞ-ın bilavasitə təsiri altında olan beynəlxalq maliyyə qurumları getdikcə artan ziddiyyətləri yumşaltmaq üçün məqsədli proqramlar, təkliflər, tövsiyələr hazırlayırlar. Bu işlər o qədər də səmərə vermir. Dünyada çox az ölkə vardır ki, bütövlükdə bu təşkilatların köməyilə tam ayağa qalxsın, ağır problemlərdən azad olsun.
Artıq çoxlarında belə fikir formalaşmışdır ki, qloballaşan dünyada “açıq iqtisadiyyat” prinsiplərinin fəaliyyətinə daha geniş üstünlük vermək lazımdır. Ancaq bunu da nəzərə almaq lazımdır ki, zaman keçdikcə “açıq iqtisadiyyat”ın məzmunu və meyarları dəyişir. Qloballaşma o vaxt mənfi nəticələrə gətirib çıxarır ki, bu və ya digər dövlətə təkidlə qəbul etdirilən liberallaşma, necə deyərlər, “həddini aşır”. Bu gün ABŞ, inkişaf etmiş ölkələrin heç biri öz iqtisadiyyatlarının tam liberallaşmasının tərəfdarı deyillər. Düzdür, ABŞ bu məsələdə Avropa Birliyi ölkələrindən fərqlənir. Lakin bu super dövlət də öz milli mənafelərini qorumaq üçün açıq-aşkar ÜTT-nin prinsiplərinə riayət etmir. Avropada da ABŞ-ın dünya iqtisadiyyatında gücünün artmasına biganə qalmamaq meyilləri güclənir və bu, özünü AB bazarının qorunması üçün əlavə tədbirlərin görülməsində büruzə verir.
Çində isə elə bir iqtisadi sistem qurulur ki, bu sistem həm planlı təsərrüfatın, həm də azad bazar iqtisadiyyatının üstünlüklərindən məharətlə istifadə etməyə imkan verir.
Qloballaşma şəraitində mədəniyyət ixracı da böyük sürətlə inkişaf edir. Proseslərin müsbət cəhətlərlə yanaşı, mənfi nəticələri daha təsirlidir və hər bir dövlət bu haqda xüsusilə düşünməlidir. Çünki çox vaxt Qərbdən, xüsusilə ABŞ-dan ixrac olunan mədəniyyət xalqımızın mənəvi dəyərlərinə zərbə vurmaq məqsədi daşıyır. Hətta Avropa kimi demokratikləşmiş qitə ABŞ-dan ixrac olunan mədəniyyətə çox tələbkarlıqla yanaşır.
Bu gün dünyada qloballaşmaya əks olan qüvvələrin bir hissəsi antiqlobalçılar adı ilə birləşmişlər. Antiqlobalçılar yeni sosial fenomendirlər. Antiqlobalçıların əksəriyyəti dəfələrlə bəyan etmişlər ki, onlar qloballaşan, xüsusilə kommunikasiya sisteminin inkişafı ilə əlaqədar nemətlərin əksinə deyillər. Lakin onlar əmtəə və xidmətlər bazarına sərbəst daxil olmanı təmin edən, amma bazar rəqabəti prinsipini inkar edən digər “qloballaşma”nın lehinədirlər. Maraqlıdır ki, antiqlobalçı strukturlar Qərb ölkələrinin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılır. Onlar inkişaf etmiş ölkələrlə yanaşı, inkişaf etməkdə olan ölkələrə də müdaxilə edirlər. Belə ki, bu ölkələrdə bunun üçün həm ideoloji, həm də əsasən qeyri-hökumət təşkilatları tərəfindən təqdim olunan sosial baza mövcuddur. Antiqlobalçılar üçün eyni vaxtda etiraz aksiyasını keçirmək çətin deyil. Belə ki, hərəkata daxil olan, demək olar ki, bütün strukturların internetdə özlərinin saytları var. Digər tərəfdən, prosesin inkişafına qeyri-hökumət təşkilatlarının bütün ölkələrdə inkişafı, onların beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi öz təsirini göstərir.
Bununla belə, qlobal ədalətsizlik, bərabərsizlik, TMK-ların inkişaf etməkdə olan ölkələr üzərində hökmranlıq iddiaları, inkişaf prosesində milli suverenliklərin tədricən beynəlxalq qurumlara verilməsi və s. bu kimi faktlar antiqlobalçılar hərəkatının yayılmasına xidmət edir. Biz burada antiqlobalçılardan bir neçə fikir söylədik. Bu problem, təbii ki, xüsusi tədqiqat obyektidir. Onun mahiyyəti, hərəkətverici qüvvələri, dünyanın inkişaf meyillərinə təsiri məsələləri daha ətraflı öyrənilməlidir.
Azərbaycanda sivil, demokratik cəmiyyət qurulur. Respublikamızın dünya inteqrasiyasına qovuşması iqtisadi inkişafımız üçün yeni, böyük imkanlar açır. Bu imkanların uğurla reallaşması üçün biz daima milli iqtisadiyyatımızın dirçəlməsinə xidmət edən əlverişli mühitin yaranmasına nail olmalı, qloballaşma şəraitində son dərəcə vacib bir problemin həllinə - ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına çalışmalıyıq.
Türk dünyası tarixi inkişafın bir çox mərhələlərində bəşəriyyətin inkişafına təkan vermiş, dünya hadisələrinə, mədəniyyətinə, iqtisadiyyatına konkret təsir göstərmişdir. Bu gün altı müstəqil türkdilli dövlət – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan BMT-nin və bir sıra təşkilatların üzvü kimi bəşəri problemlərin həllində fəal iştirak edirlər. Bununla belə, onların iqtisadi dirçəlişi üçün hələ də istifadə olunmayan geniş imkanlar vardır. Adlarını çəkdiyimiz 6 dövlət dünya üzrə ümumi daxili məhsulun 1,44, sənaye məhsulunun isə 1,29 faizini istehsal edir. Buna baxmayaraq, son on ildə məlum səbəblərə görə bu dövlətlərin dünya üzrə istehsal olunan ümumi məhsulun həcmində xüsusi çəkisi artmışdır. Əlbəttə, bu dinamika qənaətbəxş sayıla bilməz. Türk dövlətlərinin iqtisadi inkişaf səviyyəsində də böyük fərqlər mövcuddur.
Türk dünyası ölkələri yanacaq-enerji resurslarına görə xeyli dərəcədə yaxşı təmin olunmaları ilə fərqlənirlər. Dövlət müstəqilliyi şəraitində həmin resurslardan səmərəli istifadə edilməsi beynəlxalq kapitalın bu ölkələrə axmasına, dünyanın qabaqcıl ölkələrinin biznesmenlərinin, investorlarının iş təcrübəsindən, bir sözlə, neft faktorundan səmərəli istifadə olunamsına geniş imkan yaradır.
Dünyanın ümumi 45 milyon kv.km-lik neftli-qazlı sahəsinin 6,6 faizi türk dünyası ölkələrinin payına düşür. Türk dünyası ölkələri ərazisində neft və təbii qaz ehtiyatları qeyri-bərabər paylandığından yanacaq məhsullarına olan tələbatı ödəmək üçün bu ölkələrin qarşılıqlı iqtisadi münasibətlərinin dərinləşməsi vacib şərtdir.
“Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin reallaşması istiqamətində atılan cəsarətli addımlar bu ölkələrin dünya təsərrüfatında, onların qlobal, regional problemlərinin həllində rolunun artmasını reallaşdıracaqdır.
Bu gün Türk dünyası ölkələrinin inkişafı üçün daha əlverişli şans yaranmışdır. Söhbət qədim “İpək yolu”nun bərpasından gedir. Bu möhtəşəm nəqliyyat dəhlizinin reallaşması türk dünyası üçün daimi iqtisadi və siyasi sabitlik, daimi kapital, daimi iş yerləri, daimi gəlir mənbəyi ola bilər. Bu şansdan da biz səmərəli istifadə etməliyik. Türkdilli dövlətlərarası münasibətlərə yeni, azad iqtisadi prinsiplər prizmasından yanaşmaq, daha effektli münasibətlərin formalaşması yollarını axtarmaq lazımdır. Milli dövlət mənafeləri bütövlükdə türk dünyasının ümumi maraqları ilə əla­qələndirilməlidir. İqtisadi əməkdaşlıq məsələlərində xırda kommersiya maraqları deyil, bütövlükdə türk dünyasının maraqları üstün tutul­malıdır.
Apardığımız araşdırmalar belə bir nəticə çıxarmağa əsas verir ki, hazırda türk dünyasının dinamik tərəqqisi üçün real zəmin yaranmışdır. Ən mühüm niyyət ondan ibarət olacaqdır ki, türk dünyası ölkələrinin bir-birinə yaxınlaşması daimi dinamik prosesə çevriləcəkdir. Onlar özlərinin tarixi köklərini dərk etdikcə yaxınlaşacaq, birləşəcək, daha da güclənəcək, bir-birinə dəstək verəcəklər.

Akademik
Ziyad Səmədzadə

“Qloballaşma prosesində Qafqaz və Orta Asiya” mövzusunda
beynəlxalq konfransın materialları, Bakı, 2003, s. 3-6.