Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu

 
İcbari tibbi sığorta bizi nələrdən sığortalayır?
 
Əksər xarici ölkələrdə artıq uzun müddətdir ki, tətbiq olunan icbari tibbi sığortanın ölkəmizdə də həyata keçirilməsi məqsədilə hələ 1999-cu ildə “Tibbi sığorta haqqında” Qanun qəbul olunub. Bu məqsədlə 2007-ci ildə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də yaradılıb və 2016-cı ilin dekabrında onun strukturu təsdiq edilib. 2008-ci ildə “Tibbi sığorta haqqında” Qanuna müəyyən əlavə və dəyişikliklər olunub və son vaxtlarda onun tətbiqi istiqamətində daha aktiv addımlar atıldığının şahidi oluruq. İcbari və könüllü şəkildə həyata keçirilən icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla bərabər, həm də əhalinin uyğun həcmdə tibbi və dərman yardımı almasına təminat verən sığorta növüdür.
İcbari tibbi sığorta dünya səhiyyə sistemində geniş yayılmış tibbi xidmətlər modeli olmaqla bərabər,  insanların xəstələnmədiyi hallarda da müəyyən fondlara vəsait keçirir. Bunda isə əsas məqsəd səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirməklə əhaliyə daha etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlər göstərilməsini təmin etməkdir. Çünki məhz bu yolla xəstəliyi olan insanlar müalicə ala bilir və beləliklə də insanlar bir-birlərinə qarşılıqlı yardım etmiş olurlar.
Tibbi xidmətlərin keyfiyyətinə nəzarəti də öz üzərinə götürən icbari tibbi sığorta həkimlərin məsuliyyətinin artırılmasına, insanlara səhiyyə xidmətlərinin daha əlçatan olmasına da şərait yaradır. Bu sığorta növü ilə, eyni zamanda, həkimlərin xəstələrə yazdığı müalicəyə üçüncü tərəf də nəzarət etmiş olur. Belə ki,  həkimin yazdığı müalicə və dərmanlar barədə məlumat icbari tibbi sığorta  agentliyinə çatdırılır. İcbari tibbi sığorta vasitəsilə tibb müəssisəsinə gedən şəxs tibbi sığorta kartını təqdim etməklə həmin paketə daxil olan bütün xidmətləri pulsuz əldə edə bilir. İcbari tibbi sığortaya ilkin səhiyyə, ambulator, laborator, stasionar müayinə-müalicə təminatı, dəyəri yüksək, həyati vacib əməliyyatlar ilə əhatə olunan 1800-dən çox xidmət daxildir.
Tibbi sığorta xidmətlərinin maliyyə təminatı məsələsinə gəldikdə isə qeyd etmək yerinə düşər ki, bu, hər zaman əsas müzakirə mövzusu olmuşdur. Dünyada bu istiqamətdə müxtəlif tibbi sığorta modelləri mövcuddur ki, onların bəzilərində  tibbi sığortadan istifadə  tibbi sığorta ödənişləri ilə əlaqələndirildiyi halda, digərində tibbi sığorta xərcləri  toplanan vergilərlə maliyyələşdirilir. Bir başqa halda isə tibbi xidmətlər özəl sığorta kanalları ilə təmin olunur ki, bunun üçün də fərdi olaraq özəl sığorta şirkətləri ilə tibbi sığorta müqaviləsi bağlanılır və qarşılığında müəyyən məbləğ ödənilir. Ölkəmizdə isə bu  sığorta növü, qeyd etdiyimiz kimi, müvafiq fonda müəyyən sığorta haqqı köçürülməklə maliyyələşir. Beləliklə, konkret olaraq, çalışan insanlar öz maaşlarından, şirkətlər işçilərinin adına, müvafiq dövlət qurumları isə çalışmayan şəxslər, yəni təqaüdçülər, uşaqlar və işsizlər üçün fonda ödənişlər etməlidirlər. Bir çoxları bu sistemi, adətən,  pensiya fondu ilə müqayisə edirlər. İcbari tibbi sığorta haqqının birbaşa olaraq tibb işçilərinə təqdim edilməsi isə qadağandır. İcbari tibbi sığortanın əhəmiyyəti  işəgötürən müəssisənin icbari tibbi sığorta ayırmalarının sərfəli xərclənməsində, işçinin çox xəstələnməməsində, işçi xəstələndikdə də onun çox qısa vaxt ərzində müalicə olunması və işə geri qayıtmasında maraqlı olmasıdır. İcbari tibbi sığorta agentliyi xəstə olan şəxsin əlavə müayinələrə cəlb olunmamasına, onun reseptində əlavə dərmanların yazılmamasına, müalicə müddətinin həddindən artıq uzadılmamasına, bir sözlə, əlavə vəsaitlərin xərclənməməsinə cəhd göstərir. Səhiyyə müəssisəsi isə keyfiyyətli tibbi xidmət göstərməklə onunla yenidən müqavilə bağlanmasına çalışır. Nəticədə isə, bu sistemin tətbiqində tərəflərin hər biri maraqlı olaraq fayda götürməyə səy göstərir.
İcbari tibbi sığorta sistemində az vəsait ödəməklə keyfiyyətli xidmət alan hər hansı şəxsin  lazımsız müayinələrdən keçməsinə də ehtiyac qalmır, ona əlavə dərmanlar yazılmır. Bu xidmətin tətbiqi səhiyyə müəssisələri ilə  pasiyentlər arasında “xidmət haqqı” münasibətlərini də tənzimləyir, tibb müəssisələri yalnızca göstərdikləri xidmətlər müqabilində sığorta şirkətləri tərəfindən ödənilən haqlarını alırlar.  İcbari tibbi sığortanın mühüm cəhətlərindən biri də nəinki ölkə vətəndaşlarının, həmçinin müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də bu imkandan faydalana bilmələridir.
Bir digər tərəfdən isə icbari tibbi sığortanın mühüm əhəmiyyəti ondan ibarətdir ki, onun sayəsində Azərbaycanın sığorta bazarında sığorta haqları artacaq, sığorta bazarının həcmi böyüyəcək, bütün bunlar isə sığorta şirkətlərinin peşəkarlığına öz  təsirini göstərəcək,  yeni işçi qüvvəsinə tələbat yaradacaqdır.  İcbari tibbi sığortanın tətbiqi, həmçinin  sığorta şirkətlərinin də gəlirlərinə təsir göstərəcək, onların inkişafına səbəb olacaqdır. İcbari tibbi sığorta sayəsində pasiyentlər yaxşı xidmət göstərməyən tibb müəssisələrini daha yaxşı tanıyacaq və  həmin tibb müəssisələrinə gələn pasiyentlərin sayı azalacaq. Bu da öz növbəsində əhalinin sağlamlıq durumunun yaxşılaşmasına ciddi təsir göstərəcək.
Azərbaycanda icbari tibbi sığorta sisteminin üç mənbədən maliyyələşdirilməsi nəzərdə tutulur: dövlət büdcəsi, işəgötürənlər və işçilərin ödənişləri. Dövlət əhalinin müəyyən qisminin  icbari tibbi sığortasını təmin edəcəkdir ki, bu qruplara uşaqlar, pensiyaçılar, əlillər və işləməyən şəxslər daxildir. İşləyən şəxslər isə özlərini, hətta ailə üzvlərini də tibbi sığortalaya biləcəklər. İcbari tibbi sığorta müxtəlif paketlər şəklində tətbiq edilir: qızıl, gümüş və adi. Bütün paketlərdə minimum tibbi xidmətlər əhatə olunur. Gümüş paketə bahalı xidmətlər, qızıl paketə isə bütün tibbi xidmətlər daxildir. Qızıl paketdən yalnız müqavilə bağlayan, işləyən vətəndaşın özü deyil, onun ailə üzvləri də faydalana bilərlər. İcbari tibbi sığortanın tətbiqi zamanı hansı paketlərdən istifadə ediləcəyi isə vətəndaşın istəyindən, eyni zamanda, onun adından müqavilə bağlayan icbari tibbi sığorta şirkətinin tibb müəssisəsi ilə bağlayacağı müqavilələrdən, icbari tibbi sığorta xidmətinin göstəriləcəyi şərtlərdən və ayırmalardan asılı olacaq. İcbari tibbi sığortanın əhəmiyyəti nəzərə alınaraq hətta iyun ayında ölkəmizdə ilk dəfə beynəlxalq tibbi sığorta məhsulunun təqdimatı da keçirilmişdir.
Hazırda icbari tibbi sığorta 4 rayonda - Ağdaş, Mingəçevir və Yevlax rayonlarının inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda pilot layihə kimi həyata keçirilir, 2019-cu ildən isə bütün ölkə ərazisində tətbiq olunacaq. 
 
Mətanət Hüseynova