Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Mingəçevir Sənaye Parkı Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir

 

Müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması sənaye sahələrinin, iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsini, eyni zamanda, istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına istiqamətlənmişdir. Sənaye parklarının yaradılması, həm də ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Sənaye parklarının yaradılması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər bir sıra dövlət sənədlərində və proqramlarında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapmışdır.
Ölkəmizdə sənaye parklarının yaradılması istiqamətində zəruri tədbirlər həyata keçirilir, beynəlxalq təcrübə öyrənilir və bunlara müvafiq olaraq normativ-hüquqi baza da yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli Fərmanı ilə dövlət tərəfindən sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” də təsdiq edilmişdir. Sənaye parkları, əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
Sənaye parklarının yaradılmasında əsas məqsəd innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin və əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə mənfəət vergisindən, əmlak vergisindən, torpaq vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Hazırda ölkədə 5 sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı fəaliyyət göstərir.
Bu Sənaye Parklarından ən yenisi olan Mingəçevir Sənaye Parkı Prezident İlham Əliyevin 2015-ci il 26 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. Mingəçevir Sənaye Parkı da digər Sənaye Parkları kimi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Adından da məlum olduğu kimi, Mingəçevir şəhərində yerləşən bu Sənaye Parkının ərazisi 14,8 hektarı əhatə edir.
Mingəçevir Sənaye Parkının təməli 2016-cı il sentyabrın 21-də qoyulub. Prezident İlham Əliyevin  iştirakı ilə baş tutan təməlqoyma mərasimi ölkə başçısının Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının təşkil olunması ilə bağlı irəli sürdüyü təşəbbüs əsasında həyata keçirilmişdir. Həmin mərasimdə İlham Əliyev demişdir: “Bu gün Mingəçevir Sənaye Parkının təməl daşı qoyulub. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da çox əlamətdar tarixi bir hadisədir. Bu hadisə onu göstərir ki, Azərbaycan uğurla inkişaf edir, bütün regionlar, iqtisadiyyatımız, sənayemiz inkişaf edir. Bu, onu göstərir ki, bizim planlarımız və qəbul etdiyimiz qərarlar həyatda öz əksini tapır”.
Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlər İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC vasitəsilə həyata keçirilmişdir. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilmiş və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilmişdir.
Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetrdir. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulmuşdur. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni iş yerinin açılması planlaşdırılır. Park üzrə orta əməkhaqqı 450 manat - fəhlə heyəti üçün 350 manat, operator heyəti və ustalar üçün 450 manat, sahə rəhbərləri üçün 800 manat, istehsalat rəhbərləri üçün 1500 manat nəzərdə tutulur.
Bu il fevralın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışı həyata keçirilmişdir. Həmin mərasimdə Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının ölkə sənayesinin inkişafı sahəsindəki roluna diqqət çəkərək demişdir: “Xatırlayıram, 2016-cı ilin sentyabr ayında biz bu ərazidə Mingəçevir Sənaye Parkının təməlini qoyduq. O vaxt bu ərazidə heç nə yox idi, boş bir ərazi idi. Xatırlayıram o vaxt təqdimat edildi və göstərildi ki, yaxın gələcəkdə burada bir neçə iplik fabriki və digər fabriklər yaradılacaqdır. Əlbəttə, bu, çox böyük layihədir. Bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir”.
Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər İsveçrə, Türkiyə, Hindistan və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib. Fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq - poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan, əsasən, köynək istehsal olunacaq.
“Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq.
Mingəçevir Sənaye Parkı Azərbaycan Respublikasının yüngül sənaye sahəsində idxaldan asılılığının aradan qaldırılmasında və ixrac potensialının artırılmasında, milli tekstil brendlərinin yaradılmasında, ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Professional və ixtisaslı kadrların hazırlanması məqsədilə park nəzdində müasir tədris-təlim mərkəzinin açılması və xaricdən təcrübəli mütəxəssislərin dəvət olunması da planlaşdırılır. Mingəçevir Sənaye Parkı işçilərin pulsuz, keyfiyyətli nahar yeməyi, fərdi mühafizə vasitələri ilə təmin edilməsilə yanaşı, onların həyat və sağlamlığının müdafiəsi üçün yüksək səviyyədə sığorta xidmətlərinin təşkilini  də nəzərdə tutur. 
Mingəçevir Tekstil Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir. Burada istehsal olunan məhsullar daxili bazarın ehtiyacını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilir və tekstil sahəsində beynəlxalq markaya çevrilir.
Əsas hədəfi davamlı inkişaf, yeniliklərin tətbiqi, yeni məhsulların araşdırılması, yeni tərəfdaşların tapılması, təbiətə və ətraf mühitə ziyan vurmadan istehsal prosesini davam etdirmək olan “Mingəçevir Tekstil” MMC dünya standartlarına uyğun məhsul istehsal etməyi, müştəriləri vaxtında və hər zaman qüsursuz məhsulla təmin etməyi, müştəri məmnuniyyətini yalnız öz keyfiyyəti ilə qazanmağı əsas prinsipləri olaraq müəyyənləşdirmişdir.


Mətanət Hüseynova