Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan və Türkiyə daha bir nəhəng layihəni gerçəkləşdirdi

 

“Oktyabr ayının 19-da qardaş və dost Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə nəinki hər iki ölkənin, bütövlükdə regionun həyatında, inkişafında çox böyük və mühüm rola malik olan “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Çox böyük tarixi hadisə idi. Hər iki dövlət, hər iki ölkənin müdrik liderləri Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin möhkəmləndirilməsi yolunda daha bir uğura imza atdı, tarix yazdı. Bəli, XX əsrin sonlarından üzü bu yana, xüsusilə də, son illər Azərbaycan və Türkiyə çiyin-çiyinə, kürək-kürəyə verərək, bir-birinin ardınca XXI əsrin enerji tarixini yazır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzu­rum, Cənub Qaz Dəhlizi, TANAP və s.-ni buna misal göstərmək olar. Həmçinin, heç zaman yaddaşlardan, hafizələrdən silinməyəcək 15 sentyabr 2018-ci il paradı... Bakının Qafqaz-İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş və hər iki dövlətin liderinin iştirakı ilə baş tutmuş parad olduqca möhtəşəm idi. İndi isə bunların sırasına daha biri əlavə olundu - “Star” neft emalı zavodu. Ümumilikdə götürdükdə isə, ikinci dəfə müstəqillik əldə etdikdən, yəni 1991-ci ildən bu günə qədər 27 il ərzində ölkələrimiz arasında 200-dən çox müqavilə, protokol və digər sənədlər imzalanıb ki, bunlar da bir daha qarşılıqlı münasibətlərin, əlaqələrin, əməkdaşlığın tam mənzərəsini açıb ortaya qoyur”.
Bunu mətbuata geniş açıqlamasında Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə deyib.
“Star” neft emalı zavodunun təməlinin hələ 7 il öncə, yəni, 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulduğunu xatırladan Z.Səmədzadə qeyd edib: “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək ki, müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir”.
Onun sözlərinə görə, SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda 2018-ci ilin avqustundan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.
Z.Səmədzadə bildirib ki, zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb: "Verilən məlumatlara görə, zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Bununla yanaşı, “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq".
Layihənin həyata keçirilmə müddətində 19 min 500 nəfər işçinin çalışdığını deyən komitə sədrinin bildirdiyinə görə, zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq: “Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. Bu yerdə onu da qeyd edim ki, SOCAR 19,5 milyard dollarlıq investisiya paketi ilə Türkiyə tarixində ən böyük xarici sərmayəçidir. Bundan əlavə, “Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə qoyduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir. Belə ki, o, Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq".
Komitə sədri onu da xatırladıb ki, Azərbaycan tərəfindən növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək.
Sonra yenidən tarixi açılış mərasiminə toxunan Z.Səmədzadə bildirib ki, açılışda SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinə və maliyyə naziri Berat Albayrak, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım çıxış edib, "Star"-la, Azərbaycan-Türkiyə münasibətləri ilə əlaqədar yüksək fikirlər səsləndiriblər.
Mərasimdə daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxış etdiklərini diqqətə çatdıran Z.Səmədzadə həmin çıxşlarda səslənən fikirlərin tarixə qızıl hərflərlə həkk olunacağını bildirdi: "Dövlət başçımız çıxışında "Bu, bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır", - deyərək təkcə bu il ərzində Türkiyəyə üç səfərinin, Rəcəb Tayyib Ərdoğanın isə Azərbaycana iki səfərinin baş tutduğunu xatırlatdı və əlavə etdi ki, bu səfərlərin sayı özlüyündə bir göstəricidir və onu göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. “Star Rafineri”nin yaradılması üçün Azərbaycanın 6,3 milyard dollar yatırım etdiyini dilə gətirən cənab İlham Əliyev bunun xaricə qoyulan ən böyük yatırım olduğunu söylədi. Eyni zamanda, bildirdi ki, bu günə kimi digər önəmli layihələr birlikdə həyata keçirilib: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması.
Azərbaycan lideri: "Bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək, Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq", - deyərək çıxışına yekun vurdu.
 Türkiyə Prezidenti cənab Ərdoğan isə çıxışında vurğuladı ki, Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Yəni, dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışı reallaşdırılan layihələr ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırır.
Bu baxımdan, cənab Ərdoğan çıxışında bu məqama diqqət ayıraraq, "hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - “Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir... 2008-ci ildən etibarən enerji sahəsində ölkəmizdə mühüm layihələr həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR “Star” neft emalı zavodunu məhz bu rəqəmlə, bu sərmayə ilə ölkəmizə qazandırmışdır. Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək", - dedi və əlavə etdi ki, bu zavod Türkiyənin ən böyük enerji layihəsidir.
Bu baxımdan neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir. Belə ki, gündə 214 min barrel, ildə 10 milyon ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə malik zavodda dizel, nafta, təyyarə benzini və LPG kimi neft məhsullarının istehsalı həyata keçiriləcək".
"Azərbaycan dünya neft emalı sənayesinin beşiyi sayılan ilk ölkələrdən biridir" Komitə sədri eyni zamanda, tarixə ekskurs edərək, bir sıra vacib məqamları da xatırladıb:
"Bildiyiniz kimi, dünya sənayesində roluna, əhəmiyyətinə görə mühüm yer tutan sahələrdən biri neft-kimya kompleksləridir. Onun çox mürəkkəb strukturu var və ölkələrin iqtisadi inkişaf səviyyəsini xarakterizə edərkən, bu sahənin də potensialı qiymətləndirilir. Əsrimiz texnika-texnologiya əsridir. Bu texnologiyanın da səmərəli istifadə olunması daha çox yanacaq məhsullarının istehlakı ilə əlaqədardır. Odur ki, dünyanın inkişaf etmiş əksər ölkələrində neft-kimya kompleksləri, neft məhsullarının emalı çox ciddi sahələrdən sayılır. Bu gün neftdən alınan məhsulların sayı həddindən artıq çoxdur və o ölkələrdə neft-kimya komplekslərinin səmərəliliyi yüksəkdir ki, onlarda ən müxtəlif çeşidlərlə məhsul istehsal edən neft emalı müəssisələri var. Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan bu məsələdə dünyanın ən öndə gedən ölkələrindən biridir. Çünki Azərbaycan hələ 19-cu əsrin axırlarından etibarən, dünya neft emalı sənayesinin beşiyi sayılan ilk ölkələrdən biridir. Azərbaycanda kiçik də olsa, neftayırma zavodları olub. Konkret olaraq, keçmiş sovetlər dövründə güclü neft-kimya kompleksimiz, neft emalı müəssisələrimiz olub. O vaxt həmin müəssisələr, zavodlar ildə ən aşağısı 20 milyon ton neft emal ediblər. Hətta bir müddət Azərbaycana emal güclərindən daha səmərəli istifadə üçün kənardan, SSRİ-nin digər ucqar bölgələrindən neft gətirilib. Düzdür, onun keyfiyyəti o qədər də yüksək deyildi, amma bunlar faktdır. Yəni tam qürur və fəxarət hissi ilə demək istəyirəm ki, Azərbaycan XX əsrdə, 71 il ərzində Sovet İttifaqının neft emalı sahəsində əsas yerlərindən birini tutub".
Z.Səmədzadə görkəmli alimlərimiz, başda akademik Yusif Məmmədəliyev olmaqla, Əli Quliyev, İzzət Orucova, Vahab Əliyev, Musa Rüstəmov və digərlərinin Azərbaycanın və keçmiş SSRİ neft sənayesinin inkişafına böyük töhfələr verdiyini qeyd etdi:
"Onların əməyi və zəhmətləri müstəsna və danılmazdır, daim də xatırlanmalıdır. Hətta bu gün bizim alimlərimizin bəzilərinin texnologiyaları dünyanın bir çox neftayırma zavodlarında tətbiq olunur. Həmçinin, SOCAR-ın uğurlarının əldə olunmasında neft mütəxəssislərimiz çox böyük xidmətlərə malikdirlər. Mən bu yerdə ötən əsrin 70-ci illərini, ulu öndər Heydər Əliyevin neft emalı sənayesinin inkişafı ilə bağlı fəaliyyətini xatırlayıram. Hələ o vaxtlar böyük işlər görülüb, gələcəyə hesablanmış tarixi addımlar atılıb. Bunlar mütləq deyilməli və vurğulanmalıdır".
"Azərbaycan bu gün dünyəvi layihələrdə iştirak edən mühüm bir tərəfdaş dövlətdir..."
Komitə sədrinin bildirdiyinə görə, bu gün maliyyə vəsaitlərimiz, xammal hasilatımız, neft ixrac edən boru kəmərimiz var və bunlar müsbət amillərdir.
"Ən böyük istehlakçı da Türkiyə və ətraf ölkələrdir. Azərbaycan həm neft hasilatçısıdır, həm də vaxtilə güclü neft-kimya sənayesinə, kompleksinə malik olmuş və indi də yüksək səviyyədə modernizə edilən bir sahəyə malikdir. Burada iqtisadi səmərəlilik məsələsi göz qabağındadır. Bu gün açılışı yenicə həyata keçirilmiş "Star"da ən müasir texnologiyalar tətbiq olunub, hamısı yüksək Qərb texnologiyalarıdır və bunlardan istifadə, heç şübhəsiz ki, iqtisadi səmərəliliyi artıracaq. Burada ən mühüm amillərdən biri də odur ki (buna yuxarıda da toxunmuşdum), Azərbaycan dünyəvi bir layihəyə imza atıb. Azərbaycan dünyamiqyaslı əhəmiyyətə malik bir zavodun sahibidir və bu da əbədi kapital deməkdir. Bu baxımdan çox sevinirəm ki, Azərbaycanın xarici investisiya yatırımı artıb. Çox sevinirəm ki, Azərbaycan-Türkiyə münasibətlərində gündən-günə möhkəmlənən yeni müsbət məqamlar - meyillər özünü göstərir. Sevinirəm ki, Türkiyənin bu məhsullarla bağlı idxalı azalacaq, həmçinin çəkdiyi xərclər azalacaq. Yəni, bu layihə həm istehsalçı olaraq bizim üçün, həm də istehlakçı kimi Türkiyə üçün maraqlıdır. Bu kimi layihələrin genişlənməsi onu göstərir ki, Azərbaycan bu gün dünyəvi layihələrdə iştirak edən mühüm bir tərəfdaş dövlətdir...", - deyə Z.Səmədzadə sözlərinə əlavə edib.
 Söhbəti apardı: Kamil