Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İqtisad elminin inkişafına böyük töhfələr vermiş elm və təhsil ocağı

 

Şahbaz MURADOV,
AMEA-nın müxbir üzvü,

i.e.d., professor,
Əməkdar elm xadimi

İqtisad elmi sahəsində Azərbaycan Respublikasının ilk elmi-tədqiqat müəssisəsi olan AMEA İqtisadiyyat İnstitutunun yaranmasının 60 ili tamam olmuşdur. Respublikada iqtisad elminin inkişafı, təşkili, əlaqələndirilməsi və yüksək ixtisaslı iqtisadçı elmi kadrların hazırlanmasının əsas mərkəzi kimi çıxış edən bu institut Azərbaycan SSR Nazirlər Sovetinin 14 aprel 1958-ci il tarixli qərarı ilə 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasında fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Ölkəmizdə iqtisad elminin inkişafı və yüksəkixtisaslı iqtisadçı elmi kadrların hazırlanması sahəsində müstəsna rol oynamış AMEA-nın İqtisadiyyat İnstitutu çox çətin və şərəfli inkişaf yolu keçərək, hazırda ölkəmizin ən qabaqcıl elm və təhsil ocaqlarından birinə çevrilmişdir.
 Azərbaycanda iqtisadi fikrin meydana gəlməsi çox qədim və zəngin tarixə malik olsa da, onun bir elm kimi formalaşması, institusional əsaslarının yaranması və inkişaf istiqamətlərinin müəyyənləşməsi əsas etibarilə keçən əsrin 20-30-cu və 40-cı illərinin əvvəllərinə təsadüf etmiş və müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrində inkişaf etdirilmişdir. Bunlara keçən əsrin 20-ci və 30-cu illərin əvvəllərində təşkil edilmiş M.Əzizbəyov adına Politexnik və K.Marks adına Xalq Təsərrüfatı İnstitutları; M.Əzizbəyov adına APİ-nin İqtisadiyyat fakültəsi; onun yanında yaradılmış “Elmi-iqtisad cəmiyyəti”; Bakı Dövlət Darülfununun Siyasi iqtisad, İqtisadi siyasət, Xalq təsərrüfatı tarixi kafedraları, həmin darülfununun nəzdində təşkil edilmiş “İctimai-iqtisadi və pedaqoji elmləri öyrənən cəmiyyət”; “Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu” və sair aiddir. Sonda adı çəkilən Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitututunun bazası əsasında 1932-ci ildə SSRİ EA-nın Zaqafqaziya filialının Azərbaycan şöbəsi, onun bazası əsasında isə 1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradılmışdır. 1937-ci ilin aprelində bu filialın tərkibində Coğrafiya bölməsi, 1938-ci ilin fevralında isə İqtisadiyyat bölməsi təşkil edilmişdir. Bu bölmələr 1942-ci ildə birləşdirilərək, SSRİ EA Azərbaycan filialının Coğrafiya və İqtisadiyyat bölməsi adı altında fəaliyyət göstərmiş və 1945-ci ilin mart ayının 27-də SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan SSR Elmlər Akademiyası yarandıqdan sonra həmin sektorlar ayrılaraq müstəqil fəaliyyət göstərməyə başlamışdır. Elmlər Akademiyasının tərkibində başqa bölmələr kimi müstəqil İqtisadiyyat sektorunun yaranması ölkəmizin elmi və mənəvi həyatında mühüm hadisə olub, Azərbaycanda iqtisad elmi və iqtisadi fikrin inkişafında əvəzsiz rol oynamışdır. Bu sektora müxtəlif illərdə respublikanın ilk görkəmli iqtisadçı alimlərindən professor H.Ə.Dadaşov (1945-1951-ci illər), professor Z.H.Cahangirov (1952-1953-cü illər), N.İ.Safonov (1953-1957-ci illər) və professor Ə.S.Fərəcov (1957-1958-ci illər) rəhbərlik etmişlər. İlk vaxtlarda bu sektorda cəmi 5-6 nəfər elmi dərəcəsi olan şəxslərin işləməsinə baxmayaraq, burada çalışmış əməkdaşlar respublika hökumətinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq ölkənin neft sənayesinin inkişafı ilə yanaşı, maşınqayırma, dağ-mədən, qaz, yüngül və yeyinti sənaye sahələrinin, kənd təsərrüfatının, onun pambıqçılıq və çayçılıq sahələrinin inkişafı problemləri sahəsində ciddi tədqiqat işləri aparmışlar. Sektorun əməkdaşları keçmiş SSRİ-də ilk dəfə olaraq neft sənayesinin inkişafı üçün xüsusi əhəmiyyəti olan təkrar üsulla neft çıxarılmasının iqtisadi səmərəliliyinin müəyyən edilməsi metodikasını işləyib hazırlamışlar. Həmin metodika 1954-cü ildə Bakıda və Moskvada keçirilmiş Ümumittifaq elmi sessiyalarda müzakirə olunaraq bəyənilmiş və SSRİ-də neft yataqlarının işlənməsində istifadə edilmək üçün tövsiyə edilmişdir. Bu metodikanın istehsalata tətbiqi nəticəsində həmin dövrdə ölkəmizdə neft hasilatının həcmi 50 faiz, əmək məhsuldarlığının səviyyəsi 2 dəfə artmış, məhsulun maya dəyəri isə 40 faiz azalmışdır. Sektorun əməkdaşları, eyni zamanda, Azərbaycanda iqtisadi tarix və iqtisadi fikrin formalaşması və inkişafının bəzi mühüm aspektlərini də ətraflı tədqiq edib öyrənmiş və bu sahədə bir sıra sanballı elmi əsərlər yazıb nəşr etdirmişlər. Bunların arasında B.Y.Axundovun “İcarə sistemi ləğv edildikdən sonra Bakı neft sənayesinin inkişafı” (1949), “İnqilabdan əvvəlki dövrdə Bakı neft sənayesində xarici kapital haqqında” (1953), Ə.S.Fərəcovun “Orta əsrlərdə (XI-XIV) Azərbaycanda iqtisadi fikrin inkişafının qısa oçerkləri” və H.Ə.Dadaşovun “Azərbaycan kənd təsərrüfatında kapitalist münasibətlərinin inkişafının bəzi məsələlərinə dair” (1957) əsərləri xüsusi yer tutur. 1958-ci il aprel ayının 14-də Azərbaycan SSR Elmlər Akademiyasının tərkibində İqtisadiyyat İnstitutunun yaradılması mühüm tarixi hadisə olub, respublikamızda iqtisad elminin inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Bu instituta müxtəlif illərdə iqtisad elmləri namizədi, görkəmli diplomat H.T.Hüseynov (1958-1964), akademik Ə.Ə.Mahmudov (1964-1989), AMEA-nın müxbir üzvləri A.K.Ələsgərov (1991-1998) və Ş.M.Muradov (1999-2008), iqtisad elmləri doktoru İ.H.Alıyev (2008-2014-cü illər) rəhbərik etmiş, 2014-cü ilin may ayından isə iqtisad elmləri doktoru N.M.İmanov rəhbərlik edir.
İqtisadiyyat İnstitutu yaradılarkən onun qarşısına qoyulmuş başlıca vəzifə siyasi-iqtisadın və konkret iqtisadiyyat elmlərinin aktual problemlərinin tədqiqi və təbliği ilə məşğul olmaqdan; iqtisad elminin mühüm sahələri üzrə yüksəkixtisaslı elmi kadrlar hazırlamaqdan, elmi-nəzəri və əməli əhəmiyyəti olan tədqiqat əsərləri yazıb nəşr etdirməklə yanaşı, konkret təklif və tövsiyələr hazırlayıb hökumət və dövlət orqanlarına təqdim etməkdən ibarət olmuşdur. Qarşıya qoyulmuş bu vəzifələrin yerinə yetirilməsinə uyğun olaraq institutun quruluşu formalaşdırılmış və həmin şöbələrdə cəmi 47 nəfər əməkdaş, o cümlədən 38 nəfər elmi işçi çalışmışdır. Fəaliyyət göstərdiyi ilk on il (1958-1968-ci illər) ərzində institutun əməkdaşları respublikamızda iqtisad elminin və iqtisadi fikrin, habelə ölkə iqtisadiyyatının inkişafı üçün mühüm elmi-nəzəri və təcrübəvi əhəmiyyəti olan problemlərin, o cümlədən Azərbaycanda iqtisadi fikir tarixi, uzunmüddətli perspektivdə xalq təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi və məhsuldar qüvvələrin ölkə ərazisində yerləşdirilməsi, respublikanın regionları üzrə əmək ehtiyatlarının proqnozlaşdırılması və səmərəli istifadə edilməsi yollarının müəyyən edilməsi, əsaslı vəsait qoyuluşundan səmərəli istifadə edilməsi və sair problemlər tədqiq edilib öyrənilmişdir. Bu tədqiqat işləri respublikanın planlaşdırma orqanları ilə sıx əməkdaşlıq şəraitində aparılmış və onların nəticələri ölkənin partiya, dövlət və hökumət orqanlarına təqdim edilmişdir. Həmin illərdə institutun əməkdaşları, eyni zamanda, mühüm elmi və elmi-təcrübəvi əhəmiyyəti olan bir sıra sanballı tədqiqat əsərləri yazıb nəşr etdirmişlər.
1969-cu il iyul ayının 14-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçildikdən az sonra Azərbaycan KP MK-nın avqust (1969-cu il) plenumundakı çıxışında və 1973-cü il oktyabr ayının 13-də Azərbaycan KP Mərkəzi Komitəsində Azərbaycan SSR Dövlət Plan Komitəsi, Elmlər Akademiyası və Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat institutlarının işi haqqında məsələ müzakirə edilərkən, nitqində ölkənin iqtisadçı alimləri qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur. Mərkəzi Komitədə qəbul edilmiş qərarda xüsusi olaraq qeyd olunmuşdur ki: “Respublika Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu iqtisad elminin mühüm problemlərinin işlənməsində əsas mərkəz olmalıdır”. Qarşıya qoyulmuş həmin vəzifələr əsas götürülərək, o vaxtdan İqtisadiyyat İnstitutunun quruluşunda, onun elmi istiqamətlərində, burada yerinə yetirilən tədqiqatların elmi səviyyəsinin yüksəldilməsi və yüksəkixtisaslı elmi kadrların hazırlanması sahəsində xeyli müsbət dəyişikliklər baş vermişdir. İnstitutun əməkdaşları bu illər ərzində ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən dövlət və xalq təsərrüfatı əhəmiyyətli 100-dən artıq mövzu üzərində elmi-tədqiqat işləri aparmış, elmi və təcrübəvi əhəmiyyəti olan 350-dən artıq təklif və tövsiyələr hazırlayıb müvafiq dövlət və hökumət orqanlarına təqdim etmişlər. Bu tədqiqatlar arasında “Elmin nailiyyətlərinin istehsalata tətbiqinin sürətləndirilməsi”, “Uzunmüddətli perspektivdə (1980-ci ilədək) əmək ehtiyatlarının proqnozlaşdırılması və onlardan səmərəli istifadə edilməsinin sosial-iqtisadi problemləri”, “Məhsuldar qüvvələrin ölkə ərazisində səmərəli yerləşdirilməsi və inkişaf perspektivləri”, “Kənd təsərrüfatı istehsalının intensivləşdirilməsinin iqtisadi səmərəliliyi”, “Milli gəlirin təkrar istehsalının surət və proporsiyaları”, “Dağlıq Qarabağda və Naxçıvan MR-də məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi və inkişafı”, “Elmi-texniki tərəqqi şəraitində ixtisaslı kadrların təkrar istehsalı”, “Üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsi perspektivləri, “Mütərəqqi sənaye sahələrinin inkişafı və düzgün yerləşdirilməsi”, “Əmək məhsuldarlığının yüksəldilməsi yolları” və sair vardır. Bu illər ərzində institutun əməkdaşları tərəfindən ümumi həcmi 1950 çap vərəqindən artıq 950-dən çox monoqrafiya, kitab, dərslik və məqalələr yazılıb, ölkəmizin və xarici dövlətlərin nüfuzlu nəşriyyatlarında nəşr edilmişdir. Bu illərdə institutda 20 nəfər elmlər doktoru, 80 nəfər elmlər namizədləri hazırlanmışdır. 1958-ci ildə institutda çalışmış elmi işçilərin sayı cəmi 38 nəfər, o cümlədən elmlər namizədlərinin sayı 18 nəfər təşkil etdiyi halda, 1980-ci ildə onların sayı müvafiq surətdə 75 və 40 nəfər təşkil etmiş və ya 2,0 və 2,2 dəfə artmışdır. 1958-ci ildə institutda bir nəfər də olsun elmlər doktoru çalışmadığı halda, 1980-ci ildə onların sayı 7 nəfər təşkil etmişdir.
Həmin illərdə institutun əməkdaşlarının ən böyük uğurlarından biri də ondan ibarət olmuşdur ki, onların 23 elmi nəticəsi sovet elminin ən mühüm nailiyyəti kimi SSRİ EA Rəyasət Heyətinin hesabatına daxil edilmişdir. Bunlara yuxarıda adıçəkilən monoqrafiya ilə yanaşı, “Əmək məhsuldarlığının regional problemləri və iqtisadi inkişafın xalq təsərrüfatı proporsiyalarının təkmilləşdirilməsi”; “Azərbaycanda neft və qaz axtarışı və kəşfiyyatının iqtisadi cəhətdən qiymətləndirilməsi və səmərəliliyinin artırılmasının təkmilləşdirilməsi üzrə təkliflər”; “Əhalinin həyat səviyyəsinin proqnozlaşdırılması və onun reallaşdırılmasının iqtisadi-riyazi modelinin hazırlanması”; “Müttəfiq respublikalarda milli gəlirin bölgüsü və istifadəsinin daha səmərəli yollarının aşkara çıxarılması” və sair aiddir. SSRİ-nin süqutu ərəfəsində isə (80-ci illərin II yarısında) institutun əməkdaşları respublikanın 300-dən artıq müəssisə və təşkilatlarının iştirakı ilə “Azərbaycan SSR-də Elmi-Texniki Tərəqqinin Kompleks Proqramı və onun sosial-iqtisadi nəticələri” ilə yanaşı, “Üstün tipli intensiv geniş təkrar istehsala keçidin sosial-iqtisadi problemləri”; “Azərbaycan sənayesində kapital qoyuluşunun səmərəliliyinin yüksəldilməsi”; “Xalq təsərrüfatı sahələrində elmi-texniki tərəqqinin proqnozlaşdırılması”; “Azərbaycan SSR-də istehsalın ərazi təşkilinin səmərələşdirilməsi”; “Əhalinin təkrar istehsalı və əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” və sair mövzularda tədqiqat işləri aparmış və bir sıra əsərlər yazıb nəşr etdirmişlər. 1988-1992-ci illərdə isə respublikada baş alıb gedən özbaşınalıqlar və xaosun yaranması bütün başqa sahələrdə olduğu kimi, Azərbaycan Elmlər Akademiyasının və onun İqtisadiyyat İnstitutunun fəaliyyətinə də öz dağıdıcı təsirini göstərmiş və respublikanın Elmlər Akademiyası bağlanmaq təhlükəsi ilə üz-üzə qalmışdır. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonrakı ilk dövrdə (1991-1993-cü illərdə) uzun illərdən bəri institutda formalaşmış yüksəkixtisaslı elmi kadrların - elmlər doktorları, elmlər namizədləri və gənc perspektivli kadrların böyük bir hissəsinin işdən çıxıb başqa yüksək əməkhaqqı verilən sahələrdə işləməyə, ali məktəblərdə və özəl institutlarda çalışmağa və bizneslə məşğul olmağa getməsi, bir çox görkəmli alimlərimizin isə dünyalarını dəyişmələri ilə əlaqədar olaraq institutun elmi kadr potensialı xeyli zəifləmişdir.
 Ancaq 1993-cü il iyun ayının 15-də ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı ölkəmizin ictimai-iqtisadi və siyasi həyatının bütün sahələrində olduğu kimi, İqtisadiyyat İnstitutunun həyatına da öz müsbət təsirini göstərmişdir. Ulu öndərimizin 1997-ci ilin 31 yanvarında Prezident Sarayında Elmlər Akademiyasının rəhbərləri, həqiqi və müxbir üzvləri, EA institutlarının direktorları, aparıcı alimləri ilə görüşü akademiya əməkdaşlarının elmimizin sabahına inamını artırdı. Onun 15 may 2001-ci il tarixli fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilmişdir.
Ulu öndər Heydər Əliyevin elmin inkişafına və elm adamlarına göstərdiyi qayğının nəticəsidir ki, ikinci dəfə ölkə rəhbərliyinə gəldiyi 1993-cü ildən sonra az müddət ərzində İqtisadiyyat İnstitutunda 1988-1992-ci illərdə yaranmış böhranlı vəziyyət aradan qaldırılmış, onun elmi istiqaməti, quruluşu və kadr potensialının tərkibi bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dəyişdirilib təkmilləşdirilmiş, bir sıra MDB ölkələrinin İqtisadiyyat institutları ilə əvvəlki əlaqələr bərpa edilmiş, onların bəziləri ilə birlikdə elmi-tədqiqat işləri aparılmasına başlanmışdır. 1993-2003-cü illərdə institutumuzun əməkdaşları bütün qüvvələrini səfərbər edərək, keçid iqtisadiyyatı mərhələsində Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşdırılması və inkişafı, onun iqtisadi təhlükəsizliyinin təmin edilməsi, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəldilməsinin həllinə yönəldilmiş kompleks sosial-iqtisadi və demoqrafik inkişaf problemləri, o cümlədən qloballaşma şəraitində dünyada baş verən ictimai-iqtisadi və sosial-demoqrafik dəyişikliklər nəzərə alınmaqla, Azərbaycanda ictimai-təkrar istehsalın nəzəri-metodoloji və konseptual əsasları; əhali sakinliyi, demoqrafiya, məşğulluq, əhali miqrasiyası və sosial siyasətin konseptual əsasları və əsas istiqamətləri; respublikanın müxtəlif regionlarında məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi və təbii sərvətlərdən kompleks istifadə edilməsi; elmi-texniki kadr potensialının formalaşdırılması və ondan səmərəli istifadə edilməsi; aqrar münasibərlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması və s. tədqiq etmişlər. Eyni zamanda, 1993-2000-ci illərdə Azərbaycan EA Rəyasət Heyəti ilə Ukrayna EA Rəyasət Heyətinin qərarlarına əsasən, Azərbaycanın və Ukraynanın iqtisadçı-demoqraf alimlərinin birgə iştirakı ilə “Müasir mərhələdə əhali sakinliyinin sosial-iqtisadi problemləri” mövzusunda kollektiv tədqiqat işi yerinə yetirilmişdir. Bu illərdə İqtisadiyyat İnstitutunun alimlərinin, o cümlədən Ş.M.Muradovun, A.A.Nadirovun və A.Q.Gözəlovanın ən mühüm uğurlarından biri də Azərbaycanda və xarici ölkələrdə böyük tirajla çap olunmuş və geniş əks-səda tapmış fundamental tədqiqat əsərlərinin siyahısının gündən-günə artması idi.
Ümummilli lider Heydər Əliyevin 28 dekabr 1998-ci il və 23 iyun 2003-cü il tarixi sərəncamlarına əsasən, respublikamızda ilk dəfə olaraq professor Ş.Muradovun elmi rəhbərliyi və bilavasitə iştirakı ilə “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”; “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” və “Azərbaycan məşğulluq strategiyası” (2006-2015-ci illər) işlənib hazırlanmış və ölkə rəhbəri İlham Əliyev tərəfindən təsdiq edilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 15 il ərzində (2003-2018-ci illərdə) isə İqtisadiyyat İnstitutunun əməkdaşları onun tərəfindən irəli sürülmüş “neft kapitalını insan kapitalına çevirək” ideyasına və təşəbbüsünə müvafiq işlənib hazırlanmış “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə milli strategiya”da qarşıya qoyulmuş vəzifələri rəhbər tutaraq, “Qloballaşma şəraitində Azərbaycanın milli iqtisadiyyatının formalaşması və inkişafının sosial-iqtisadi və demoqrafik problemləri”; “Azərbaycanın müstəqil milli iqtisadiyyatının formalaşmasının sosial-iqtisadi problemlərinin tədqiqi: makroiqtisadi və regional problemləri” istiqaməti üzrə mərhələlərlə 2003-2005-ci illərdə 5 problem və 10 mövzu; 2006-2010-cu illərdə 5 problem və 9 mövzu; 2011-2013-cü illərdə 4 problem və 13 mövzu; 2014-2015-ci illərdə 4 problem və 12 mövzu; 2017-2018-ci illərdə isə “Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” istiqaməti üzrə 4 problem və 18 mövzu tədqiq etmişlər. Həmin illərdə institutun əməkdaşları, eyni zamanda, bir sıra dövlət və hökumət tapşırıqlarının yerinə yetirilməsində iştirak etmişlər. Bunların arasında “2003-2007-ci və sonrakı illərdə Azərbaycanın rəsmi statistikasının təkmilləşdirilməsinə dair Dövlət Proqramı”; Azərbaycan Respublikasının Milli Ensiklopediyasının xüsusi “Azərbaycan” cildi; “Milli iqtisadiyyat”ın “Yol xəritəsi”nin hazırlanması və sair vardır. İnstitutun əməkdaşları həmin illərdə respublikanın dövlət və hökumət orqanlarına 100-dən artıq təklif və tövsiyələr təqdim etmiş, ölkəmizdə və xaricdə 100-dən çox monoqrafiya, kitab və dərsliklər yazıb nəşr etdirmişlər.
Bütünlükdə götürüldükdə İqtisadiyyat İnstitutunda fəaliyyət göstərdiyi 60 il ərzində iqtisad elminin və ölkə iqtisadiyyatının inkişafı üzrə 690-dan çox məruzə, təklif və tövsiyələr hazırlanıb dövlət və hökumət orqanlarına, ayrı-ayrı nazirlik, şirkət və birliklərə təqdim edilmiş; 11144,6 çap vərəqi həcmində, 7958 adda elmi əsər, o cümlədən 5938,6 çap vərəqi həcmində, 406 adda monoqrafiya, dərslik və kitablar, 5206,0 çap vərəqi həcmində, 7552 adda elmi məqalələr yazılıb dünyanın bir çox ölkələrinin nüfuzlu nəşriyyatlarında çap edilmişdir.
Keçən əsrin 60-cı illərinin ikinci yarısında və 70-ci illərin əvvəllərindən etibarən İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərmiş Dissertasiya Şurasında 900 nəfərdən çox elmi dərəcəsi olan iqtisadçı alim, o cümlədən 80 nəfər iqtisadiyyat üzrə elmlər doktoru və 820 nəfər fəlsəfə doktoru hazırlanmışdır. Onların 450 nəfərdən çoxu keçmiş SSRİ-nin müxtəlif regionlarından (Rusiya, Ukrayna, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s.) və xarici ölkələrdən (Türkiyə, İran, İraq, Yəmən, Əlcəzair və s.) olan vətəndaşların payına düşür. Həmin kadrların hazırlanmasında institutun sabiq direktorları ak. Ə.Ə.Mahmudovun, müxbir üzvləri A.K.Ələsgərovun, Ş.M.Muradovun, akademiklər A.A.Nadirov və Z.Ə.Səmədzadənin, xüsusilə də i.e.d, prof. M.M.Allahverdiyevin müstəsna xidmətləri vardır. Onların hər biri 50-100 nəfərdən çox elmlər doktorları və namizədləri hazırlamışlar.
AMEA-nın İqtisadiyyat İnstitutunda hazırlanmış elmlər doktorları və iqtisadiyyat üzrə fəlsəfə doktorlarının bir çoxu respublikanın Prezident Administrasiyasında, Nazirlər Kabinetində, Milli Məclisin aparatında və sair dövlət və hökumət orqanlarında, habelə ölkənin bir sıra ali məktəblərində məsul vəzifələrdə çalışırlar. Onların xeyli bir qismi isə hazırda xarici ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, Ermənistan, Ukrayna respublikalarında, İran İslam Respublikasında, İraq, İsrail, Yəmən və sair ölkələrdə çalışırlar. Fəaliyyət göstərdiyi dövrdə İqtisadiyyat İnstitutunda dünyanın və MDB-nin bir çox iqtisadiyyat yönümlü institutları ilə birlikdə 50-dən çox elmi forumlar keçirilmiş və institutun alimləri həmin ölkələrdə keçirilmiş elmi forumlarda 200-dən çox məruzə və çıxışlar etmişlər.
Hazırda institutda 181 əməkdaş çalışır. Onların 115 nəfərini elmi işçilər, 20 nəfərini elmlər doktorları (onlardan 7 nəfəri institutda əvəzçiliklə işləyənlərdir), 52 nəfərini isə iqtisadiyyat üzrə fəlsəfə doktorları təşkil edir. Bu, kəmiyyət baxımından institut fəaliyyət göstərdiyi 60 il ərzində ən yüksək göstəricidir. Yarandığı 1958-ci ildə institutda cəmi 47 nəfər əməkdaş, o cümlədən 38 nəfər elmi işçi və 18 nəfər elmlər namizədi çalışmışdırsa, hazırda onların sayı müvafiq surətdə 181, 75 və 55 nəfəri ötüb keçmişdir. Bu da həmin dövrlə müqayisədə müvafiq surətdə 3,5; 3,1 və 2,9 dəfə çox deməkdir. 1960-cı ildə institutda cəmi iki nəfər (əvəzçiliklə) elmlər doktorları çalışmışdısa, indi onların sayı əvəzçiliklə birlikdə 20 nəfərə gəlib çatmışdır.
Hazırda institutda 89 nəfər doktoranturada təhsil alır. İnstitutun nəzdində 4 ixtisas şifrəsini özünə birləşdirən elmlər və fəlsəfə doktorluğu üzrə Dissertasiya Şurası fəaliyyət göstərir. 2014-cü ilin aprel ayında İqtisadiyyat İnstitutunun rəhbərliyi dəyişdirilərək möhkəmləndirilmiş və onun direktoru vəzifəsinə iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) gətirilmiş və institutun həyatında yaxşılığa doğru xeyli müsbət irəliləmələr baş vermişdir. Hazırda bu müsbət dəyişikliklər davam etdirilməkdədir. İnstitutun quruluşunda da qismən dəyişiklik edilərək, onun fəaliyyətinə xeyli yenilik gətirə biləcək üç yeni şöbə - “İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir”; “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” və “İqtisadi tədqiqatların riyazi təminatı” şöbələri yaradılmışdır. Hər üç şöbənin rəhbərliyi və onun tərkibi yüksək peşəkar iqtisadçı alimlər hesabına möhkəmləndirilmişdir. Nəhayət, hazırda AMEA-nın İqtisadiyyat İnstitutu prof. N.Müzəffərlinin rəhbərliyi ilə respublikanın müxtəlif dövlət qurumları tərəfindən hazırlanmış müqavilələrin, proqramların və layihələrin ekspertizası ilə də ciddi məşğul olan bir elm mərkəzinə çevrilmişdir. İndi AMEA-nın İqtisadiyyat İnstitutu təkcə Azərbaycan iqtisadiyyatı üçün deyil, eyni zamanda, dünya iqtisadiyyatı və iqtisad elmi üçün əhəmiyyəti olan iqtisadiyyatın dövlət tənzimlənməsinin sosial-iqtisadi təsirlərinin ölçülməsi istiqamətlərində tədqiqatlar aparır. Son illərdə instituta xeyli sayda istedadlı və böyük gələcəyi olan gənclər işə qəbul edilmiş və institutda çalışan istedadlı gənclərin də xeyli hissəsi vəzifə karyeralarında irəli çəkilmiş və bu iş davam etdirilməkdədir. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə institutun elmi kadr potensialı gənc nəslin hesabına daha da inkişaf edib möhkəmlənəcək və onlar ölkəmizin iqtisad elminə böyük töhfələr verəcəklər.
 
“Respublika” qəzeti,
18 oktyabr 2018-ci il