Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın sosial-iqtisadi problemlərinin həllinə innovasiya dəstəyi:

mövcud vəziyyət və perspektivlər


2011-ci ildən bəri Azərbaycan iqtisadiyyatının inkişafı yeni mərhələyə - innovasiya yönümlü inkişafa istiqamətlənmişdir. Dünya təcrübəsində bu, özünü tam doğrultmuş və heç bir alternativi yoxdur.
Heç də təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun ekspertləri Azərbaycanın sürətli inkişafını hiss edərək, bu qənaətə gəlmişlər ki, yaxın gələcəkdə (2025-ci ildə) Azərbaycan yüksək gəlirli innovasiyalı ölkələr sırasına çatacaqdır.


 

Hər bir ölkə iqtisadi problemlərlə üzləşir. Bu, ölkənin qüdrətindən, inkişaf səviyyəsindən, milli mentalitetindən, ölkənin yerləşdiyi regionun xüsusiyyətlərindən, yeraltı və yerüstü resursların bolluğundan və bu kimi yüzlərlə amillərdən asılıdır.
Dövlətlər üzləşdiyi sosial-iqtisadi problemləri özləri həll etməyə çalışırlar. Mövcud problemlər geniş təhlil edilərək, dövlət səviyyəsində iqtisadi, sosial siyasət işlənib hazırlanır. Bu siyasətin həyata keçirilməsi üçün inkişaf strategiyası qəbul edilir. Ən vacib sosial-iqtisadi problemlərin həlli üçün dövlət proqramları işlənilir. Dövlət proqramlarında problemlərin həlli hərtərəfli müəyyən edilir, görüləcək tədbirlər, onların yerinə yetirilməsinə məsul olan subyektlər, o cümlədən fiziki şəxslər, işlərin yerinə yetirilməsi üçün maliyyələşdirmə mənbələri və s. əhatə edilir. Bu haqda geniş fikir mübadiləsi aparmaq, eləcə də ölkə iqtisadiyyatında sosial-iqtisadi problemlərin həllində innovasiyanın rolu, tətbiqi məsələlərinə aydınlıq gətirmək üçün Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki Albert Tağıyevə müraciət etdik.
- Albert müəllim, əvvəlcə istərdik Azərbaycanda dövlət səviyyəsində olan iqtisadi problemlərin mahiyyəti, əmələ gəlmə səbəbləri, geniş təhlili və həlli üzrə işlənilmiş dövlət siyasətinin həyata keçirilməsinə innovasiya dəstəyinin necə verilməsindən danışasınız.
- Dövlət proqramlarının yerinə yetirilməsi bir növ direktiv xarakter daşıyır. Hal-hazırda ölkəmizdə yaranan iqtisadi problemlərə nümunə olaraq aşağıdakıları göstərmək olar:
- qeyri-neft sektorunun zəif inkişafı;
- işsizliyin mövcudluğu;
- regionların qeyri-bərabər inkişafı;
- əhalinin məşğulluğunun lazımi səviyyədə olmaması;
- ixrac yönümlü məhsulların az olması;
- ərzaq təhlükəsizliyi problemi və s.
Azərbaycan dövləti bu problemlərin həlli üçün məlum strategiyalar hazırlamış və dövlət proqramları qəbul etmişdir.
Apardığımız araşdırmalar göstərir ki, 2011-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatı özünün inkişafında yeni mərhələyə - innovasiya yönümlü iqtisadi inkişafa istiqamətlənmişdir.
Bunu Azərbaycanda texnoparkların və onun müxtəlif tiplərinin yaradılması üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ildən bəri imzaladığı fərman və sərəncamlardan aydın görmək olar. Qeyd edilən fərman və sərəncamlarda Azərbaycan iqtisadiyyatının üzləşdiyi problemlərin həllinə innovasiya dəstəyinin verilməsi ölkədə texnoparkların yaradılması yolu ilə həyata keçirilir. Bunu daha dərindən dərk etmək üçün cədvəl 1-ə diqqət yetirək.
Hələlik Azərbaycanda problemlərin həllinə innovasiya dəstəyinin verilməsi texnoparklardan istifadə mexanizminə əsaslanır. Odur ki, burada texnoparkların özlərinin inkişafı barədə qısa məlumat verək.
Dünya təcrübəsində isbat edilmişdir ki, texnoparklar inkişaf edərək, özünün 3-cü nəsil mərhələsinə gəlib çatmışdır. Artıq elə bir dövr yetişmişdir ki, texnoparklar öz fəaliyyət dairələrinə və miqyaslarına görə çox sürətli inkişaf etmişlər. Məsələn, Böyük Britaniyanın Kembric Universitetinin texnoparkı universitet də daxil olmaqla 200-ə qədər elmi-tədqiqat institutu və 360-dan çox firma ilə birlikdə elmi-tədqiqat fəaliyyətilə məşğul olur.
Adətən, texnoparkların əksəriyyəti universitetlərin nəzdində yaradılırdı. Hal-hazırda isə texnoparklar öz ərazisində universitetlər yaradır. Məsələn, Yaponiyanın Skuba texnopolisində üç universitet yaradılmışdır ki, onlar kompüter texnologiyaları mərkəzi, bioelektronika və tibb üzrə tədqiqat müəssisələri, 420-dən çox tətbiq firma və kampaniyası ilə birgə fəaliyyət göstərərək, Yaponiyada innovasiyanı inkişaf etdirirlər.
Çin Xalq Respublikasının Xaynan əyalətində yerləşən Nanxu texnoparkında 12 ali təhsil müəssisəsi, 30 elmi-tədqiqat institutu, 210 elmi-tədqiqat laboratoriyası və 220 yeni yüksək texnologiyalar əsasında işləyən müəssisə birgə fəaliyyət göstərir.
- Sizcə, ölkəmizdə sosial-iqtisadi problemləri daha uğurlu və səmərəli həll etmək üçün ən əsas vəzifə nədən ibarətdir?
- Mənim fikrimcə, ən vacib məsələ innovasiya fəallığının gücləndirilməsidir. Azərbaycanın Böyük İqtisadi Ensiklopediyasında (III cild, s. 10) innovasiya fəallığı aşağıdakı kimi izah edilir. İnnovasiya fəallığı - məhsul, texnoloji və təşkilati idarəetmə yeniliklərinin yaradılması, istehsalda mənimsənilməsi, bazara daxil olması üzrə məqsədyönlü fəaliyyət, iqtisadi artımın və təşkilati idarəetmə yeniliklərinin zəruri şərti. Buna görə də dövlətin və müəssisənin innovasiya siyasətinin reallaşmasında mərkəzi yer tutur. İnnovasiya fəallığının səviyyəsi, bütövlükdə, milli iqtisadiyyatın inkişaf sürətini və ayrı-ayrı sahə və müəssisələrin rəqabət qabiliyyətini müəyyən edir. İnkişaf etmiş ölkələrdə innovasiya fəallığının ən mühüm göstəricisi elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə (ETTKİ), istehsal investisiyalarına yönəldilən milli məsrəflərin həcminin tədricən yaxşılaşdırılmasıdır. Digər göstəricilərə aiddir: patent və lisenziyaların miqdarı (hər 1000 nəfərə düşən), xarici ticarətin saldosu, məhsulun resurstutumu və elmtutumu və s.
Son zamanlar makro səviyyədə ölkənin innovasiya fəallığını qiymətləndirmək üçün daha iki göstəricidən istifadə edilir. Bunlardan birincisi tədqiqat və inkişafa çəkilən investisiyanın ümumi daxili məhsuldakı xüsusi çəkisidir. Bu göstəriciyə görə, dünya ölkələrində Cənubi Koreya (4,3%), İsrail (4,2%) və Avropa ölkələrindən Finlandiya (3,6%) öndə gedir. Azərbaycanda isə bu göstərici 0,2%-dir.
İkinci ümumiləşdirilmiş göstərici ölkə əhalisinin 1 milyon nəfərinə düşən elmi-texniki işçilərin sayıdır. Bu göstərici də digər ölkələrə nisbətən Cənubi Koreyada ən yüksəkdir (8706 nəfər).
Fikrimizcə, müəssisə əməkdaşlarının innovasiya fəallığını onların işçi kateqoriyalarına görə fərqləndirmək olar. Müəssisənin mühəndis-texniki işçilərinin innovasiya fəallığı yeni innovasiya ideyasının yaradılmasında əks olunduğu halda, müəssisənin rəhbərliyinin və idarəetmə kadrlarının innovasiya fəallığı yeni ideyanın həyata keçirilməsinə şərait yaratmaqla özünü göstərir.
Makro səviyyədə innovasiya fəallığı həm də cəmiyyətin mənəvi vəziyyəti, onun milli innovasiya doktrinasını, elmi-texniki inkişaf strategiyasını ifadə etmək, innovasiya siyasətinin istiqamətlərini və formalarını müəyyənləşdirmək, resursları onun reallaşdırılmasına cəmləşdirmək qabiliyyəti ilə şərtlənir. İnnovasiya fəallığı inkişaf etmiş bazar və rəqabət mühiti olmadan mümkün deyildir. Sahə və müəssisə səviyyəsində innovasiya fəallığı innovasiya strategiyasının seçilməsinin düzgünlüyündən və innovasiya fəallığının idarə edilməsinin keyfiyyətindən, istehsal sistemlərinin çevikliyindən, resursların istehsal edilməsində manevretmə qabiliyyətindən, idarəetmənin yüksək səviyyəsindən aşağı səviyyəyə bir sıra funksiyaların verilməsindən, təşəbbüskarlığın və daxili sahibkarlığın inkişafından, innovasiya mədəniyyətinin formalaşmasından həlledici dərəcədə asılıdır.
- Albert müəllim, sizcə sahibkarlar üçün innovasiyalara aid olan mühüm stimulu necə yaratmaq mümkündür?
- Mən hesab edirəm ki, sahibkarlar üçün innovasiyalara aid olan mühüm stimul sahibkarlıq rentasının alınması, zəruri şərt isə güclü hüquqi müdafiə mexanizminin olmasıdır. İnnovasiya menecmentinin uğuru müəyyən prinsiplərə riayət olunmasını tələb edir. Elmi və texniki yenilik daim dəyişən bazar konyukturu şəraitində müəssisənin müştərilərinin tələbatlarının daha tam ödənilməsinə yönəldilməlidir. Hər bir istehsal olunan məhsulu sabit dəyişikliklərin obyekti kimi nəzərdən keçirmək lazımdır. Buna görə də ilk mərhələdə maraq doğuran kiçik layihələrdə vəsaitlərin qoyulmasına üstünlük verilməlidir. Bunların yerinə yetirilməsi üçün tamamilə müstəqil bölmələrin yaradılması lazımdır. Rəqibləri yalnız qarşı tərəf kimi yox, həm də ideyaların mümkün mənbələri kimi öyrənmək zəruridir.
Şəxsi yaradıcılıq təşəbbüsü innovasiya prosesinin başlanğıcına təkan verən qüvvədir. Yenilikçiyə dəstək olmadan innovasiya fəallığı qeyri-mümkündür. Lakin təşəbbüsə çoxsaylı şəxsi-təşkilati maneələr zidd gəlir, buna görə də çox zaman təşəbbüskarlıq onun reallaşdırılması müddətindən üstün olan vaxt ərzində tanınır. Bu maneələrin aradan qaldırılmasının səmərəli forması iri müəssisələr çərçivəsində “yerində sayan” adını almış, “daxili sahibkarlıq” kimi tanınmış daxili strukturların yaradılması ola bilər.
İnnovasiya fəallığının inkişaf etmiş ölkələrdə digər geniş yayılmış formaları korporasiyanın “xarici resursları” və bir qayda olaraq, yenilikçilərin özlərinin təsis etdiyi müstəqil vençurlardır. Risk - innovasiya sahibkarlığının inkişafı vençur kapitalının və əqli mülkiyyətin təsirli hüquqi müdafiə mexanizminin olmasını tələb edir.
İqtisadi problemlərin həllinə innovasiya dəstəyinin daha güclü və təsirli olması üçün ölkədə innovasiya fəallığının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir.
- Mümkünsə innovasiya fəallığı haqqında daha geniş məlumat verərdiniz.
- İnnovasiya fəallığı üç şərtin qovşuğunda inkişaf edir: birincisi - əhalinin innovasiya ilə məşğul olmaq üçün potensial intellektual imkanlarının mövcud olması; ikincisi – bu insanların innovasiya fəaliyyətilə məşğul olmaq istəklərinin, arzularının olması; üçüncüsü – ölkədə innovasiya mühitinin olması. Əgər bunlardan hər hansı biri olmasa, onda innovasiya fəallığını lazimi səviyyədə inkişaf etdirmək olmaz. Bunlardan birincisi ölkə əhalisinin innovasiya üzrə potensial intellektual səviyyəsinin mütəmadi olaraq yüksəldilməsini tələb edir. Buna makro, mikro və mezo səviyyədə əhalinin mütəmadi olaraq peşə, ixtisas və innovasiya sahələri üzrə geniş maarifləndirmə işlərinin həyata keçirilməsi yolu ilə nail oluna bilər.
İkinci şərtə innovasiya fəaliyyətilə məşğul olmaq üçün istənilən səviyyədə qeyd edilən fəaliyyətin motivləşdirilməsi yolu ilə nail olmaq olar.
Üçüncü şərt ölkədə daha geniş iqtisadi, sosial, siyasi, texniki və bu kimi işlərin təşkilini tələb edir. Üçüncü şərtə nail olmaq olduqca mürəkkəb bir işdir. Buna ölkədə innovasiya sahəsi üzrə güclü hüquqi bazanın olması, innovasiya fəaliyyətinin ölkədə mövcud vəziyyət qiymətləndirilərək, iqtisadi siyasətin tərkib hissəsi olan vahid innovasiya siyasətinin işlənilməsi, innovasiya sahibkarlığının və yüksək texnologiyaların ölkədə inkişaf etdirilməsi, bəzi mürəkkəb problemlərin həlli üzrə dövlət proqramlarının qəbul edilməsi, təhsil-elm-istehsalat-bazar inteqrasiya zəncirinin hərtərəfli inkişaf etdirilməsi və bu kimi məsələlərin həlli yolu ilə nail olunur.
İnnovasiya fəallığının yüksəldilməsində insan amilinin rolu olduqca yüksəkdir. Xüsusilə, yaradıcılıq qabiliyyəti yüksək olan mütəxəssislərə və innovatorlara iri korporasiyalarda geniş imkanlar yaradılır ki, onlar korporasiyanın inkişafında öz imkanlarından tam istifadə edə bilsinlər. Məsələn, ABŞ-ın İBM şirkətində belə işçilər üçün “sərbəst işçi” statusu müəyyən edilmişdir. Bu statusa malik olan işçi ən yüksək əməkhaqqı ilə işə qəbul edilir və 5 il müddətində korporasiyaların rəhbərliyi tərəfindən ona heç bir göstəriş verilmir, heç bir tələb edilmir. 5 il müddətində o müstəqil surətdə korporasiya fəaliyyətinin bütün cəhətlərini öyrənir, təhlil edir və bu əsasda korporasiyanın inkişafı üzrə korporasiya rəhbərliyini heyrətə salan yenilik təklifi verir. İBM korporasiyasında belə işçilərin sayı 45 nəfərdən artıqdır.
-Sizcə, innovasiya fəallığı nədən asılıdır?
- Hesab edirəm ki, innovasiya fəallığı birbaşa ölkədə innovasiya fəaliyyətinin gücləndirilməsilə əlaqədardır. İnnovasiya fəaliyyəti meqafəaliyyət olmaqla çox geniş sahələri əhatə edir. Əgər innovasiyaya birmənalı baxılarsa, onda innovasiya fəaliyyətinə aşağıdakı kimi tərif vermək olar:
İnnovasiya fəaliyyəti innovasiya prosesinin bütün mərhələlərində və innovasiyanın infrastrukturunda yerinə yetirilən fəaliyyətlərin məcmusudur.
İnnovasiya fəaliyyəti müəlliflərin, innovatorların, qrupların, kütlələrin fəaliyyət subyekti kimi maddi-praktiki fəaliyyətdir. İnnovasiya fəaliyyətini həyata keçirən insanların bir çoxu təşkilatlarda fəaliyyət göstərərək, innovasiya prosesinin müxtəlif mərhələlərində yerinə yetirilən işlərlə məşğuldurlar. Bəziləri yenilik ideyası və layihələrin müəllifləridir, ikincilər direktor və menecer kimi innovasiya layihəsinin təşkilatçılarıdır; üçüncülər marketoloqlar kimi yeniliyə olan tələbatı öyrənib proqnozlaşdıranlardır; onun bazarda nümayiş etdirilməsi üsullarını müəyyən edənlərdir; dördüncülər bu yeniliyin hazırlanması üçün texniki sərhədləri (“nou-hau”) işləyənlərdir; beşincilər yeniliklərin icraçılarıdır.
Yaxşı olardı ki, innovasiya fəaliyyətinin gücləndirilməsi üzrə dövlət proqramları hazırlansın. Bu proqramlarda innovasiya fəaliyyətinin gücləndirilməsi üçün zəruri olan aşağıdakıların həyata keçirilməsi əhatə edilməlidir:
- elmtutumlu texnologiyaların mənimsənilməsi;
- innovasiya sahibkarlığının inkişaf etdirilməsi;
- innovasiyanın sürətləndirilməsinin əsas hərəkətverici qüvvəsi olan yüksək texnologiyaların mənimsənilməsi;
- xarici ölkələrin qabaqcıl texnologiyalarının ölkəyə cəlb edilməsi və s.
Bir daha innovasiya dəstəyinə ehtiyacı olan problemlərin həllinə qayıdaq.
Azərbaycanda həllinin innovasiya dəstəyinə ehtiyacı olan problemlərdən biri ixracyönümlü məhsulların çeşidlərinin artırılmasıdır. Bu problemin həllində ölkəmizdə yaradılan yüksək texnologiyalar parkları ilə əməkdaşlıq üçün dünyanın transmilli korporasiyalarının cəlb edilməsi olduqca önəmli olar.
Fikrimizcə, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə innovasiya dəstəyinin verilməsi istiqaməti kimi qida məhsullarının əkin sahələrində biotexnologiyaların tətbiqi ola bilər. Bu sahədə Hindistanın təcrübəsinin öyrənilməsi əhəmiyyətli nəticələr verər.
İnnovasiya dəstəyinə ehtiyacı olan ən əsas problemlərdən digəri regionların inkişafı ilə əlaqədardır. Demək olar ki, dünya texnoparklarının 45 faizi regionlarda yaradılıb və onların problemləri ilə məşğuldurlar.
Azərbaycanda da regionların inkişafına innovasiya dəstəyinin verilməsi üzrə müəyyən işlər görülmüşdür. Bu sahədə professor T.H.Əliyevin L.B.Babayevlə birlikdə hazırladıqları “Regional İnnovasiya Proqramının tərtibi üzrə metodik tövsiyələr” dəyərli bir vəsaitdir və bundan müvəffəqiyyətlə istifadə edilə bilər.
İndiyədək innovasiya dəstəyinin texnoparklar tərəfindən göstərildiyi qeyd edilmişdir. Lakin innovasiya prosesinin digər infrastrukturları tərəfindən də innovasiya dəstəyi göstərilə bilər. Bu sahədə innovasiya prosesinin infrastrukturu olan iri sahibkarlıq qurumlarının təşkilati-hüquqi formalarının yaradılmasından da istifadə mümkündür.
Yaxın gələcəkdə innovasiyanın ölkəmizdə inkişafı ilə əlaqədar olaraq innovasiyanın infrastrukturu olan, elmi-texniki problemlərin həllinə yönəldilmiş iri firmaların təşkilati-hüquqi formaları: maliyyə-sənaye qrupları, konsersiumlar, qlobal korporasiyalar, alyanslar, şəbəkə ittifaqları, qeyri-rəsmi, yaxud müqaviləyə əsaslanan ittifaq, investisiya paylarına əsaslanan ittifaq kimi qurumlar yaranacaqdır və onlar bir sıra problemlərin həllinə güclü innovasiya dəstəyi verəcəklər.
- Albert müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik, çox sağ olun.


“İqtisadiyyat”