Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın bugünki inkişafının kökündə dövlətin müstəqil siyasəti,

böyük tərəqqini təmin eədn inkişaf modeli durur

 

Yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Nazirlər Kabinetinin doqquz aylıq fəaliyyəti ilə bağlı geniş müşavirə keçirildi və həmin müşavirədə bir sıra vacib məsələlərə toxunuldu. Bununla əlaqədar olaraq oktyabrın 13-də  AzTv kanalında yayımlanan “Bizim planet” verilişində Milli Məclisin İqtisadi siyasət, sənaye və saibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevlə birgə fikir mübadiləsi aparılmışdır. Verilişdə müzakirə olunan məsələləri oxucularımızın diqqətinə çatdırırıq.
Aparıcı (Rufiz  Qonaqov): Məlum olduğu kimi, həftə ərzində mühüm hadisələr baş verib - Azərbaycan Respublikasının Prezidenti yanında Nazirlər Kabinetinin doqquz aylıq fəaliyyəti ilə bağlı geniş müşavirə keçirilib və həmin müşavirədə Azərbaycan Prezidenti cənab İlham Əliyev bir çox vacib məsələlərə toxunub, geniş nitq söyləyib. Eyni zamanda, biz bilirik  ki, oktyabr ayının 15-i Azərbaycan Prezidenti cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin 15 illiyi tamam olur və 15 il ərzində, sözsüz ki, ölkəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyi yol, beynəlxalq miqyasda qazandığı uğurlar, ölkə iqtisadiyyatında əldə etdiyi nailiyyətlər və əlbəttə ki, Azərbaycanın dünyada artan nüfuzu bu gün göz önündədir və biz bu məsələlər ətrafında müzakirələr aparacağıq.
İlkin olaraq, Azay müəllim, istərdik ki, Azərbaycanın hazırda dünyadakı yeri, rolu və ümumiyyətlə, ölkə qarşısındakı əsas məqsəd və hədəflərlə bağlı danışasınız.
Azay Quliyev: Əlbəttə ki, Azərbaycanın bugünkü beynəlxalq nüfuzu və əldə etdiyi uğurlar təqdirəlayiqdir və cənab prezident Nazirlər Kabinetinin sonuncu iclasında çox haqlı olaraq qeyd etdi ki, Azərbaycan çox nadir ölkələrdəndir ki, onun fəaliyyəti ilə, verdiyi sözlə əməli bir-birinin üzərinə düşür. Mən hesab edirəm ki, Azərbaycanın bu gün beynəlxalq aləmdə artan nüfuzunun əsas səbəblərindən biri bundan ibarətdir. Azərbaycan artıq neçə illərdir öz fəaliyyəti, dövlət başçısının həyata keçirdiyi siyasətlə etibarlı və güvəniləsi tərəfdaş imicini qazanıb. Bilirsiniz ki, bu, heç də hər ölkəyə nəsib olan bir hal deyildir.
Digər tərəfdən, Azərbaycan bu gün sistemli, ardıcıl və fasiləsiz siyasət həyata keçirir. Bilirsiniz ki, Azərbaycanın daxili siyasəti ilə xarici siyasəti çox harmonik şəkildə icra olunur.
Azərbaycan o ölkələrdəndir ki, onun sözü ilə, mövqeyi ilə razılaşırlar və cənab prezidentin də qeyd etdiyi kimi, son doqquz ayda 15 xarici ölkə başçısı, ya hökumət başçısı qismində Azərbaycana səfər edilib və Azərbaycanın dövlət başçısı cənab prezident də 12 belə xarici səfər reallaşdırıbdır. Bu, ondan xəbər verir ki, Azərbaycanın xarici siyasəti çox dinamik bir mərhələdədir və özünün  inkişaf dövrünü yaşayır. Bu səfərlərin qısa təhlilini versək, görərik ki, Azərbaycana gələn dövlət başçıları dünyanın ən müxtəlif regionlarını təmsil edirlər. Azərbaycan, sözün əsl mənasında, özünün xarici siyasətində həm çevikliyi təmin edə bilibdir, eyni zamanda, məhsuldarlıq əmsalını da kifayət qədər artırıbdır.
Mən bu səfərlərdən təkcə ikisinə toxunmaq istəyirəm. Cənab prezidentin son bir neçə ay ərzində qəbul etdiyi dövlət başçıları sırasında Rusiya Prezidenti cənab Putin və Almaniya kansleri xanım Angela Merkellə görüşlərinə. Bilirsiniz ki, onlar müxtəlif qütbləri təmsil etsələr də, Azərbaycana özlərinin yanaşması ilə yeni dinamizm və impuls verdilər. Azərbaycan bu gün bölgədə elə bir siyasət aparır ki, həmin siyasət birinci növbədə, xarıci tərəfdaşların maraqlarına toxunmur, onlara problem yaratmır, eyni zamanda, öz milli marağını qoruyub saxlayır. Amma, mənim fikrimcə, bu, Azərbaycanın milli maraqlarını özündə ehtiva edən çox dəyərli, çox düzgün, dəqiq və strateji hədəflərə çatmaq üçün bizə əlavə imkanlar verən siyasətdir. Bu gün  bölgədə Azərbaycanın razılığı və  yaxud da iştirakı olmadan hər hansı regional layihə həyata keçirilmir. Biz ona nail oluruq ki, Azərbaycanın bu gün əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bizi dəstəkləyənlərin, müdafiə edənlərin sayı artır. Məsələn, təkcə bir neçə gün bundan öncə Almaniya Bundestaqının fraksiya üzvlərindən biri hökumətə müraciət etmişdir ki, Almaniya hökuməti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətini açıqlasın. Çox sevindirici haldır ki, Almaniya hökuməti birmənalı şəkildə qeyd etdi ki, Dağlıq Qarabağ və ətrafında olan yeddi rayon işğal altındadır, bu ərazilər Azərbaycanın əraziləridir və “Dağlıq Qarabağ” adlı hər hansı bir qurum tanınmır. Bunu Almaniya dövlətinin hökumət təmsilçisi deyir. Bu ondan xəbər verir ki, ən çətin məsələlərdə belə Azərbaycan kifayət qədər uğurlu siyasət həyata keçirir, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyini qazanır.
Aparıcı: Biz bilirik ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə Ali Sovetin sədri, daha sonra Azərbaycan Prezidenti seçilərkən ölkə çox ağır bir vəziyyətdə idi və on il ərzində Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlar əldə etdi. Bu gün də həmin siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son on beş il ərzində ölkəmizin iqtisadi qüdrəti əhəmiyyətli dərəcədə artmışdır. Əlbəttə ki, ölkəmizin bu uğurları qürurvericidir. İstərdim bu barədə, Ziyad müəllim,  fikirlərinizi açıqlayasınız.
Ziyad Səmədzadə: Ulu öndər Heydər Əliyev 1993-cü ildə prezident seçkilərindən sonra andiçmə mərasimində qeyd etmişdi ki, mən söz verirəm ki, Azərbaycanı bu ağır vəziyyətdən qurtarmaq üçün var qüvvəmlə çalışacağam.
2003-cü ildə isə İlham Əliyev ölkə prezidenti seçildikdən sonra bildirmişdi ki, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti də uğurla davam etdirəcəyəm, çünki bu siyasət Azərbaycanı ağır vəziyyətdən çıxarıb.  Heydər Əliyev ağır vəziyyətdə olan Azərbaycanı xilas etdi, müstəqil Azərbaycan dövlətini qurdu, Azərbaycanın inkişaf modelinin prinsipial istiqamətlərini müəyyən etdi, inkişaf strategiyasını o dövrlərin reallıqlarına uyğun olaraq hazırladı və onun həyata keçirilməsinə nail oldu, gələcək hədəfləri müəyyən etdi.
On beş il ərzində Azərbaycanın uğurlarını dünyanın heç bir müstəqil ölkəsi əldə etməyib. Son on beş il ərzində Azərbaycanın iqtisadiyyatı 3,2 dəfə artmışdır. Dünyada çox nadir ölkələr var ki, belə bir yüksək sürətlə inkişaf etsinlər. Bunun əsasını, heç şübhəsiz ki, düşünülmüş, ilk növbədə ölkənin milli maraqlarına cavab verən iqtisadi siyasət təşkil edir. On beş il ərzində Azərbaycan dünyanın ən aparıcı layihələrini həyata keçirən bir ölkəyə çevrildi. Heydər Əliyev “Əsrin müqaviləsi”ni bağlamaqla dünya neft siyasətində Azərbaycanın rolunu müəyyənləşdirdi, çox ciddi təzyiqlərə baxmayaraq, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməlini qoydu, dünyanın aparıcı şirkətləri ilə neft-qaz müqavilələri bağlanıldı.  Son 15 ildə ölkənin milli maraqlarına cavab verən iqtisadi siyasətin bir çox vacib istiqamətləri - regional inkişaf, qeyri-neft sektorunun inkişafı, məşğulluq, yoxsulluğun azaldılması, ölkənin maliyyə resurslarının artırılması ilə bağlı irimiqyaslı proqramlar həyata keçirildi.
Bu gün Azərbaycanın 45 milyard dollar valyuta ehtiyatları var. Ölkənin 1993-1995-ci illərdə, eləcə də 1990-cı illərin sonlarında valyuta ehtiyatları, demək olar ki, yox dərəcəsində idi. Azərbaycan valyuta ehtiyatlarının həcminə görə dünyanın ən böyük ölkələri ilə bir sırada durur. Valyuta ehtiyatları bizə həm özümüzü, həm də gələcək nəsilləri qlobal risklərdən qorumaq üçün lazımdır. Dövlətimizin uğurlarının kökündə müstəqil iqtisadi siyasətimiz durur.
Azərbaycan iqtisadiyyatına 230 milyard dollar investisiya qoyulmuşdur. Amma 90-cı illərin ortalarında bu rəqəm heç yarım milyard da deyildi. Heydər Əliyev şəxsiyyəti, onun lider kimi fəaliyyəti, düzgün milli maraqlara cavab verən siyasəti Qərbin şirkətlərini Azərbaycana gətirdi. Azərbaycan bu gün dünyada iri infrastruktur layihələrini həyata keçirən ölkələrdən biri kimi tanınır və çıxışlarının birində İlham Əliyev demişdir ki, bəzi maliyyə təşkilatları, beynəlxalq qurumlar bildirirdilər ki, siz bu qədər infrastruktur layihələri həyata keçirirsiniz, bu, düzgün yanaşma deyildir. Cənab prezident bu kimi fikirlərlə razılaşmır və bəyan edir ki, əgər biz bu infrastruktur layihələrini həyata keçirməsəydik, daxili tələbatı stimullaşdırmasaydıq, ölkənin energetikasını gücləndirməsəydik, əhalinin su ilə təminatını yaxşılaşdırmasaydıq, min kilometrlərlə yollar çəkməsəydik, Azərbaycan bu uğurlara nail ola bilməzdi. Bu gün Azərbaycanı bir ölkə kimi nüfuzlu edən başlıca amillərdən biri də odur ki, dünya əhəmiyyətli layihələr həyata keçirir. Məsələn, “Şahdəniz”, “Qədim İpək yolunun bərpası” layihələri dünyanın ən iri layihələrindəndir və s.
2009-cu ildə Azərbaycan Konstitusiyasına edilən dəyişiklik nə üçün idi? Çünki müəyyən edilsin ki, biz hansı dövləti qururuq, hansı dövlətdə yaşayırıq. Biz sosialyönümlü bazar iqtisadiyyatı qururuq, bazar iqtisadiyyatının sərt şərtləri bəzən sosial məsələləri kənara qoyur. Dövlətimizin Konstitusiyasında qeyd edildi ki, Azərbaycan sosialyönümlü bazar iqtisadiyyatı qurur. Bu o deməkdir ki, hər bir layihənin arxasında, hər bir irimiqyaslı tədbirin həyata keçirilməsində sosial məsələlər ön plana çəkilməlidir... Yekun olaraq birmənalı şəkildə onu deyə bilərəm ki, Azərbaycan son on beş il ərzində böyük inkişaf yolu keçmişdir. Artıq bizim güclü iqtisadi sistemimiz yaranmışdır. Ölkədə yeni iqtisadi sistemin yaranması, qısa zaman kəsiyində keçid dövrünün başa çatması dinamik inkişaf üçün güclü əsaslar yaratmışdır. Azad bazar münasibətləri, dövlətin iqtisadiyyatın idarə edilməsində iştirakı, ilk növbədə milli maraqların ön plana çəkilməsi bizim uğurlarımızı təmin edən ən başlıca amillərdir. Təbii ki, amil xalqla iqtidar birliyidir, cəmiyyətdə taleyüklü problemlər barədə birmənalı konsensus əldə edilmişdir. Belə konsensus olan dövlətə xarici təzyiqlər də bir şey edə bilməz. Çünki xalq dövlətə inanır, dövlətin siyasəti xalqın probemlərinin həllinə, ölkəmizin iqtisadi, siyasi gücünün artmasına yönəlmişdir. Ona görə də bu son 15 il ərzində keçilən yolu mən birmənalı şəkildə Azərbaycan tarixində ən şanlı, ən güclü iqtisadi inkişaf dövrü kimi qiymətləndirirəm.
Aparıcı: Çox sağ olun, Ziyad müəllim, ətraflı təhlilinizə görə. Siz 1991-ci il 18 oktyabrda müstəqilliyin elan olunması ilə bağlı proseslərdə iştirak etmisiniz. Bütün bunlar sizin gözünüzün önündə olub və bugünkü Azərbaycanın inkişaf tempi, dünyadakı yeri və rolu barədə siz çox dəyərli fikirlər səsləndirdiniz. Cənab prezidentin reytinqi, həqiqətən də, yüksək olaraq qalır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı öz prezidenti ilə həmişə həmrəy olub və bu gün Azərbaycanın uğurlarını şərtləndirən əsas məsələlərdən də biri elə, qeyd olunduğu kimi, xalq-iqtidar birliyidir. Siz uzun illərdir Azərbaycanı müxtəlif beynəlxalq toplantılarda, eyni zamanda, beynəlxalq təşkilatlarda təmsil edirsiniz. Azərbaycan bu gün çox yüksək sürətlə inkişaf edən ölkədir. Amma ölkəmizə qarşı ikili standartlar hələ də davam edir. Bəzi beynəlxalq qurumlar müxtəlif vaxtlarda ölkəmizdə ayrı-seçkilik yaratmaq istədilər, lakin xalq-iqtidar birliyi və prezidentlə xalqın həmrəyliyi nəticəsində bunlar mümkün olmadı. Mən istərdim bu məsələlərə öz münasibətinizi bildirəsiniz.
Azay Quliyev: Bizim hörmətli akademikimiz Ziyad müəllim çox maraqlı məqamlara toxundu. Azərbaycanın son 15 ildə iqtisadi baxımdan keçdiyi yola, rəqəmlərə nəzər yetirdi. Düşünün ki, Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, yəni 320 faiz artıbdır. Bunun arxasında çox böyük zəhmət, həddindən artıq dəqiq və düzgün düşünülmüş siyasət, xalq-iqtidar birliyi və cənab prezidentin formalaşdırdığı çox məşhur bir tezis, - “Mən hər bir azərbaycanlının prezidenti olacağam”, - var. Bu, sadəcə olaraq söz, adi bir bəyanat deyildi, bu, cənab prezidentin rəhbərliyi dövründə həyata keçirdiyi siyasətin ana prinsipidir və təsadüfi deyil ki, cənab prezident dəfələrlə çıxışında qeyd edib: “Mənim həyata keçirdiyim siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır”. Azərbaycan vətəndaşının sosial rifahı, təhlükəsizliyi, yaxşı yaşaması, dünyada Azərbaycanı layiqincə təmsil etmək iqtidarında və imkanında olması dövlət başçısının, cənab prezidentin son 15 ildə həyata keçirdiyi siyasətin əsasını və cövhərini təşkil edir. Bilirsiniz ki, bu gün bölgədə, ümumiyyətlə, dünyada hansı proseslər gedir, hansı təlatümlər, hansı çaxnaşmalar yaşanır və bu təlatümlərdən, bu siyası burulğanlardan dövləti sağ-salamat çıxarmaq və kifayət qədər ciddi milli dividendlər qazanmaq çox nadir dövlət başçısına nəsib olan bir haldır. Hesab edirəm ki, 2018-ci il Azərbaycanın xarici siyasətində zirvə ilidir, ölkəmizin əldə etdiyi uğurların pik nöqtəsidir. Artıq dünya dövlətləri, Avropa Birliyi Azərbaycana çox böyük dəyər verir və Azərbaycanın milli maraqlarını qəbul edirlər, onunla hesablaşırlar. Azərbaycanın bu gün xarici siyasətinə mane olanlar, təzyiq edənlər də var. Amma bu təzyiqlər artıq azalır. Bilirsiniz niyə? Ona görə yox ki, onlar təzyiq etmək istəmirlər, ona görə ki, onlar artıq bu təzyiqin faydasız olduğunun fərqinə varırlar. Onlar anlayırlar ki, Azərbaycan o dövlət deyil ki, onu diktə ilə idarə edə biləsən, adi bir siyasi təxribat törətməklə hakimiyyəti sarsıdasan, dövlət strukturlarını hansısa bir formada zədələyə biləsən. Azərbaycanda stabil dövlət, güclü siyasi iradə, kifayət qədər oturuşmuş və Azərbaycanın milli maraqlarını müdafiə edən siyasi komanda var və bu, cənab prezidentin yaratdığı bir strukturdur, dövlət qurumudur.
Biz  öz işimizlə bağlı tez-tez xarici ölkələrə gedirik. Mən hər il Azərbaycanın artan nüfuzunun şahidi oluram. Bu, nəyin hesabına olur? Bu, cənab prezidentin təşəbbüsü ilə beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi,  Azərbaycanın ciddi beynəlxalq layihələrə imza atması ilə bağlıdır. Hamımız bilirik ki, yüz illər boyu erməni lobbisi Azərbaycan haqqında vəhşi bir obraz yaratmağa çalışmış, Azərbaycan haqqında olmazın yalanlar demişlər. Amma artıq Azərbaycanı tanıyırlar, hörmət edirlər və bu gün Azərbaycanın əldə etdiyi uğurların əsasında duran bir amil var - Azərbaycan dövlətinin güclü olması. Bu gün xarici ölkəyə gedəndə bizə öz adımıza, yaxud da şəxsi fəaliyyətimizə görə yanaşmırlar. Azərbaycanı təmsil etdiyimizə görə bizə qiymət verirlər. Bu gün biz hansısa quruma seçiliriksə, hər hansı sənədimiz qəbul olunursa, əmin olun ki, bunun arxasında Azərbaycan dövlətinin gücü, Azərbaycan dövlətinin hörməti və nüfuzu dayanır. Son 15 ili, heç şübhəsiz ki, Azərbaycan tarixinin parlaq və şərəfli səhifəsi kimi qiymətləndirmək lazımdır. Mən bu baxımdan hörmətli Ziyad müəllimin fikri ilə tam razıyam və bu 15 ildə elə fundamental əsaslar yaradıldı, ulu öndərin qoyduğu siyasət yeni müstəvidə, yeni çalarlar və yanaşma ilə elə bir formada icra olundu ki, artıq Azərbaycan, doğrudan da, özünü rahat hiss edə bilir. Azərbaycana böyük inam, etimad var. Əgər inam olmasaydı, heç bir dövlət Azərbaycana investisiya qoymazdı. Azərbaycanın ən böyük uğurlarından biri də odur ki, onun çox stabil, davamlı və proqnozlaşdırılan siyasəti var və bu, bizə həm daxildə, həm də xaricdə kifayət qədər üstünlük verir. Biz bundan sonrakı perspektivdə əldə etdiyimiz uğurlara söykənərək və həmin uğurlardan çıxış edərək, qarşımızda duran bütün hədəflərə çatacağıq. Cənab prezident Nazirlər Kabinetinin iclasında qeyd etdi ki, Azərbaycanın bu gün qarşısında duran elə bir ciddi problem yoxdur. Bir məsələmiz var, o da Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bu istiqamətdə də inanıram ki, Azərbaycan öz ədalətli və milli maraqlarına uyğun olan həll variantına nail olacaqdır.
Aparıcı: Ziyad müəllim, bu illər ərzində ölkəmizdə bir çox iqtisadi, eyni zamanda, humanitar forumlar keçirilib. Azərbaycan bir çox iri, beynəlxalq səviyyəli məsələlərə ev sahibliyi edib və Azərbaycanın bu gün böyük təcrübəsi var.  Mən istərdim ki, bu məsələyə də öz münasibətinizi bildirəsiniz.
Ziyad Səmədzadə: Azay müəllim Azərbaycanın uğurlarının siyasi əsasları, xarici siyasətimizin uğurlarının prinsipial istiqamətləri barədə çox maraqlı fikirlər söylədi. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi məsələsinə gələndə, Beynəlxalq Valyuta Fondu və ermənipərəst qüvvələr bu layihənin əleyhinə çıxdılar. Beynəlxalq Valyuta Fondu bəyan etdi ki, biz bu layihəni maliyyələşdirməyəcəyik. Beynəlxalq Valyuta Fondu böyük təşkilatdır və onun sərt oyun qaydaları bir çox ölkələrə heç də xoşbəxtlik gətirməyib. Amma təsir qüvvəsi var. Cənab prezident bu təzyiqlərə baxmayaraq, bütün çətinlikləri, ağırlığı öz üzərinə götürdü və bu məsələlərin həllinə nail oldu. Beləliklə, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi. Bu isə təkcə tranzit yüklərinin daşınması üçün deyildi. Bu nəqliyyat dəhlizi Azərbaycanın iqtisadi-siyasi müstəqilliyi, onun beynəlxalq aləmdə nüfuzunun artması üçün lazım idi.
1998-ci ildə Heydər Əliyev Bakıda Böyük İpək yolu sammitini keçirəndə Avropa Birliyi ölkələri, dünyanın ən nəhəng ölkələrinin nümayəndələri çıxış etdilər və bildirdilər ki, belə bir yolun açılması SSRİ-nin dağılmasından sonra yeni respublikaların müstəqilliklərinin qorunması üçün ən güclü amildir. Ölkələr o vaxt müstəqil olur ki, onlar müstəqil siyasət yeridir və onun nəticələrindən bəhrələnirlər. Azərbaycana çoxlu təzyiqlər olub ki, Ermənistan da Azərbaycanın həyata keçirdiyi transmilli layihələrdə iştirak etsin. 1998-ci ildə ölkələr Bakı sammitində bəyannaməni imzalayarkən, Heydər Əliyev bu sənədi o şərtlə imzalayır ki, işğalçı Ermənistan bu layihələrdə iştirak etməyəcək, yəni Bakıdan keçən yüklər Ermənistana getməyəcək, ya da Ermənistandan bu yana gəlməyəcək. Həmin konfransda Ermənistanın Baş naziri çıxış edir və deyir ki, Qumru-Qars dəmir yolu açılsın. Lakin açılmadı, çünki Heydər Əliyev şərt qoymuşdu.
Daha bir faktı qeyd edim. Çin, Amerika Birləşmiş Ştatları, Rusiya “Şahdəniz” yatağı ilə əlaqədar olaraq, Prezident İlham Əliyevə təbrik göndərmişdilər. O təbriklərin mahiyyəti çox böyük idi. Rusiyanın da, ABŞ-ın da, Çinin də cənab Prezident İlham Əliyevə üznvanladığı təbrik Azərbaycanın gücünü göstərirdi. Ona görə Azərbaycanın bu uğurlarının kökündə müstəqil və düşünülmüş siyasət dayanır. Azərbaycan dövlətinin düşünülmüş siyasəti olmasaydı, dünyanı heyran edən o transmilli layihələri imzalamaq mümkün olmayacaqdı. Bu kimi təzyiqlər hər an ola bilər. Ona görə hamımız müstəqilliyimizin keşiyində durmalıyıq, ona xələl gətirən bütün əngəllərin aradan qaldırılması üçün var qüvvəmizlə çalışmalıyıq.
Azərbaycan nadir ölkələrdən biridir ki, öz paytaxtı Bakıda, həmçinin  regionlarda çox irimiqyaslı layihələr həyata keçirir. Mən “Əsrin müqaviləsi”ndən sonra  25 il ardıcıl keçirilən layihələri, beynəlxalq neft-qaz konfranslarının materiallarını nəzərdən keçirmişəm. Azərbaycan 172 il bundan əvvəl neft diyarı olub, XX əsrin əvvəllərində dünya neftinin 50 faizini verib, yerin təkindən 2 milyarddan  da çox neft hasil edib, amma müstəqilliyə qədər biz bir dənə də belə sərgi keçirməmişdik. Amma indi ildə bir dəfə dünyanın neft-qaz ölkələrinin aparıcı şirkətləri Bakıya yığışırlar, aktual məsələləri müzakirə edir, yanacaq kompleksinin uğurlarını nümayiş etdirirlər.
“Qədim İpək yolu”, “Şimal-Cənub”, “Bakı-Dəniz Limanı”, “Ələt Xüsusi İqtisadi Zonası” layihələri - bunlar hamısı Azərbaycanın keyfiyyətli inkişafının möhkəm dayaqlarıdır. Bu transmilli layihələr Azərbaycanın iqtisadi potensialını artıracaq.
2000-ci illərin əvvəllərində Azərbaycanın kənd təsərrüfatı çətin vəziyyətdə idi. 2001-ci ildə Azərbaycanda yoxsulluq 49 faiz idi, bu gün isə 5 faizdir. 2001-ci ildə, XX əsrin əvvəllərində bizim müasir yollarımız yox idi. Heydər Əliyev çox çətinliklə aqrar islahatları başa çatdırmışdı. Amma indi Azərbaycan kəndinin siması, onun strukturu dəyişir, məşğulluq, investisiya, ixrac potensialı və əhalinin gəlirləri artır.
İnkişaf etmiş ölkələrdə də problemlər var, amma bu problemləri dövlət başçısı görür, onun həlli ilə bağlı hökumətə konkret tapşırıqlar verir.
Azərbaycan prezidentinin fəa­liyyətində əsas yeri xalqın maraqları tutur. Cənab prezidentin tədbirdəki çıxışı, strateji iqtisadi proqramlar, eləcə də ekologiya, Bakı şəhərinin abadlaşdırılması, tikintidə olan pozuntular, tullantılardan istifadə - bunların hamısı xalqın həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Prezident xalqına müraciət edir və deyir ki, siz bu məsələlərdə daha qətiyyətli olmalısınız, nöqsanlar, pozuntular barədə məni məlumatlandırmalısınız.
1993-cü ildə Azərbaycanda adambaşına ərzaq malları istehlakı iki-üç dəfə aşağı düşmüşdü. 60%-dən yuxarı yoxsulluq var idi. Bu gün isə vəziyyət tamamilə başqadır - qaçqınlar üçün düşərgələr salınıb, çoxlu məktəblər tikilib, yollar salınıb, xəstəxanalar açılıb. Bütün bunlar Qarabağ probleminin olduğu bir şəraitdə dövlətin həyata keçirdiyi tədbirlərdir. İslam ölkələrinin əksəriyyəti arzu edirlər ki, Azərbaycan kimi olsunlar, onlar nicat yolunu Azərbaycanda görürlər. Bir daha deyirəm ki, Azərbaycanın iqtisadi, siyasi gücü imkan verir ki, burada irimiqyaslı iqtisadi, sosial, dünyəvi əhəmiyyət kəsb edən layihələr, forumlar həyata keçirilsin. Artıq neçə illərdir ki, Azərbaycanın inkişaf modeli formalaşmışdır, bu inkişaf modelinin yaradıcısı Heydər Əliyevdir. Bu modelin yeni çağırışlarını nəzərə almaqla reallaşması ölkəmizə, xalqımıza gələcəkdə də böyük uğurlar gətirəcək.
Aparıcı: Çox vacib məsələlərə toxundunuz. Həqiqətən də, ictimai, siyasi sabitlik və eyni zamanda, iqtisadi dayanıqlılıq və xalq-iqtidar birliyi Azərbaycan vətəndaşı ilə dövlətinin həmrəyliyi uğurlarımızı şərtləndirir. Azərbaycan bu gün Qoşulmama Hərəkatının fəal üzvlərindən biridir və yeri gəlmişkən, növbəti ildə Azərbaycan böyük bir qurum olan bu hərəkata sədrlik edəcək. NATO Zirvə görüşünün yekunlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bəyannamənin qəbulu, Avropa ittifaqının Azərbaycanla əlaqələri, ümumiyyətlə, Azərbaycanın bu gün öz qonşuları ilə ikitərəfli, üçtərəfli, dördtərəfli formatda əlaqələrinin yüksək səviyyədə inkişafına öz münasibətinizi bildirərdiniz.
Azay Quliyev: Xarici siyasətimizin uğuru ondadır ki, Azərbaycan geosiyasi şərtlərin diktə etdiyi reallıqlardan çıxış edərək, öz maraqlarını qoruya bilir. Bu, çox çətin məsələdir. Azərbaycan müxtəlif təşkilatlarla eyni məsafə saxlamaqla, doğru və dəqiq siyasət yeritməklə öz maraqlarını təmin edir. Cənab prezidentin Brüsselə səfəri oldu və orada çox gözəl, vacib bir sənəd imzalandı. Bu sənəd bizə imkan verəcək ki, tərəfdaşlıq haqqında böyük saziş imzalansın. Tərəfdaşlıq haqqında sazişin iki mühüm məqamı var. Birinci, Azərbaycan tam və ciddi şəkildə bir iqtisadi partnyor kimi qəbul olunur və Azərbaycanın iqtisadi maraqları bu sazişdə öz əksini tam olaraq tapır. Bu gün  Avropa İttifaqı ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi ümumi dövriyyəmizin yarısı qədərdir və Avropa İttifaqı bu gün bizim üçün çox mühüm tərəfdaşdır. Azərbaycan da eynilə Avropa İttifaqı üçün. Bu gün Azərbaycan yeganə dövlətdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayır. Bilirsiniz ki, bir neçə il bundan öncə müxtəlif dairələrin təsiri ilə Azərbaycanın ən vacib məsələsi olan ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləm tərəfindən tanınması məsələsində Avropa İttifaqının yanaşmasında fərqli çalarlar vardı və bu, bizi qane etmirdi. Cənab prezident çox açıq şəkildə mövqeyini bildirdi ki, belə olan halda biz hər hansı sazişdən söhbət apara bilmərik. Amma bir neçə ay bundan öncə razılaşdırılmış çərçivə sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi müdafiə olunub və saxlanıldı. Biz qarşılıqlı maraqlara söykənən əməkdaşlıq edirik. Uzun müddət aparılan erməni təbliğatı və bir çox geosiyası maraqlar Avropa İttifaqını tərəddüddə qoymuşdu. Amma artıq o tərəddüd tam olaraq aradan qalxıbdır. Bu o deməkdir ki, işğalçı ölkə az da olsa, əvvəl özünün imzaladığı, yaxud da əlaqə qurduğu Avropa İttifaqı ilə bu formada əməkdaşlıq çərçivəsində müəyyən siyasi dəstəyə ümid edirdisə, bu ümid tamamilə aradan qalxdı. Bu, birinci məsələ.
İkincisi, Azərbaycan Qoşulmama Hərəkatında çox aktivdir. Qoşulmama Hərəkatının 120 üzvü var. Qoşulmama Hərəkatına gələn il Azərbaycan sədrlik edəcək və 120 dövlət başçısının Azərbaycana toplaşması çox böyük tarixi hadisə olacaq. Cənab prezident doqquz aylıq yekunlara həsr olunmuş iclasda çox gözəl fikir söylədi. Azərbaycan islam dəyərlərinə çox böyük önəm verir və bununla fəxr edir. Azərbaycanda İslam dininə dövlət tərəfindən çox böyük dəstək var və Azərbaycan dövləti ən müxtəlif imkanlardan istifadə edib, inanclı insanlara dəstək verir. Bu gün Azərbaycanda 2250-dən çox məscid fəaliyyət göstərir. Bu gün, cənab prezidentin də qeyd etdiyi kimi, Bakı İslam dünyasının mədəniyyət paytaxtına çevrilib. Eyni zamanda, Azərbaycan İslam dünyası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi kimi, digər ölkələrlə də çox sıx əməkdaşlıq edir.
Mən burada bir məsələyə də toxunmaq istəyirəm. Bilirsiniz ki, Azərbaycan türkdilli dövlətlərin Əlaqələndirmə Şurasında çox fəal rol oynayır. Azərbaycan prezidentinin həyata keçirdiyi siyasət həm dini, həm də milli baxımdan modern dünyanın qəbul edə biləcəyi forma və üsulları özündə əks etdirdiyinə görə bu uğurlara gətirib çıxarıb. NATO dünyada ən güclü hərbi blokdur. NATO dövlət başçısının, NATO Parlament Assambleyasının qəbul etdiyi qərarlar birbaşa Azərbaycanın milli maraqlarına xidmət edir, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır. Yaxud da, indi biz Şanxay Əməkdaşlıq Təşkilatı ilə yaxından əməkdaşlıq edirik. Bilirsiniz ki, bizim orada dialoq tərəfdaş statusumuz var və indi üçtərəfli status almaq istəyirik. Şanxay Əməkdaşlıq Təşkilatının üzvlərinin siyahısına baxsaq, orada dünyanın ən hegemon, iqtisadi baxımdan inkişaf etmiş ölkələrini görərik - Çin, Hindistan, Pakistan və s. Onlar bu gün 2 milyard insanı əhatə edən böyük coğrafiyaya sahibdirlər. Bu ölkələr çox böyük tranzit potensialına malikdir və Azərbaycanın bu gün Qədim İpək yolunun bərpası istiqamətində həyata keçirdiyi siyasət, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və digər tranzit şəbəkəsinin inkişafı ilə bağlı həyata keçirilən işlər bu gün bizə imkan verir ki, Şanxay Əməkdaşlıq Təşkilatları ilə üzv olan ölkələrlə potensialdan tam şəkildə istifadə edək. Sevindirici haldır ki, Şanxay Əməkdaşlıq Təşkilatının əsas ideya müəlliflərindən biri olan və dünya iqtisadiyyatının böyük çəkiyə malik dövləti Azərbaycanın bu təşəbbüsünü dəstəkləyir və mən əminəm ki, bu cür beynəlxalq təşkilatlarla bizim əməkdaşlığımız həm iqtisadi, həm siyasi, həm təhlükəsizlik baxımından Azərbaycanın imkanlarını xeyli artırır. Azərbaycan çox güvənli və etibarlı tərəfdaşdır. Azərbaycan özünün siyasi gündəmində olan istənilən məsələni çox asanlıqla həyata keçirə bilir və qarşı tərəfi də buna inandırıb,  qəbul etdirə bilir.
Bu, hesab edirəm ki, Azərbaycanın indiki şəraitdə çox böyük uğurudur və cənab prezidentin həyata keçirdiyi siyasətdir. Biz hazırda əldə etdiyimiz uğurlardan maksimum faydalanaraq, daha yeni nailiyyətlərə imza ata biləcəyik.
Aparıcı: Təşəkkür edirik, Azay müəllim.  Azərbaycanın xarici siyasətinin uğurlarından biri də bu yaxınlarda  Xəzərin statusunun müəyyən olunması məsələsi idi. İstərdim hörmətli akademikimiz Ziyad müəllim də bu vacib məsələlərlə bağlı öz fikirlərini bildirsin.
Ziyad Səmədzadə: Azərbaycan iqtisadiyyatının, Azərbaycan dövlətinin uğurları çox möhtə­şəmdir. Bu uğurları, heç şübhəsiz, müəyyən edən, təmin edən dövlətin apardığı siyasətdir.
Xəzərin statusuna gəldikdə, bu məsələ SSRİ dağıldıqdan sonra meydana çıxmışdır.
Ölkələr arasında gərginliklər var idi və bu gərginliklərin aradan qaldırılması üçün Heydər Əliyev hələ o vaxtlar çox böyük işlər apardı, bir neçə sammit keçirildi, müəyyən irəliləmələr əldə edildi. Cənab Prezident İlham Əliyev Xəzəryanı ölkələrin Xəzərin statusu ilə bağlı məsələlərdə ümumi rəyinin əldə olunması üçün mühüm işlər gördü, Xəzəryanı dövlətlərin başçıları ilə görüşlər keçirdi. Xəzərin statusunda razılığın əldə olunması Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi üçün çox vacib amildir. Eyni zamanda, Xəzərin statusu barədə razılığın əldə edilməsi Azərbaycanın iqtisadi inkişaf potensialını genişləndirəcək. Son 15 ildə Azərbaycanın dövlət siyasətində əldə edilən uğurlara Konvensiyanın qəbul edilməsini də əlavə etmək lazımdır.
Çünki beş ölkənin fundamental bir məsələdə razılığa gəlməsi Xəzərin təbii resurslarından səmərəli istifadə olunması, Xəzərin ekoloji cəhətdən qorunması, Xəzərətrafı ölkələr arasında əməkdaşlığın genişlənməsi deməkdir. Çünki hələlik bu bölgə ilə iqtisadi əməkdaşlıq o qədər də böyük rəqəmlərlə ifadə olunmur: 10 faizdən artıq deyildir. Ona görə də ölkəmizin Qazaxıstan, Türkmənistan, Rusiya və İranla iqtisadi münasibətlərinin genişlənməsi üçün çox böyük imkanlar açılır. Ümumiyyətlə, 2018-ci il Azərbaycan xalqının tarixinə müstəqilliyin 100 illiyi kimi daxil olmuşdur.
Xalq Cümhuriyyətinin 100 illiyi böyük təmtəraqla qeyd edildi, keçilən yola ətraflı nəzər salındı. Bu gün Azərbaycan dünyada sözü, böyük nüfuzu olan, dinamik inkişaf edən, öz xalqının taleyüklü problemlərini uğurla həll edən bir dövlətə çevrilmişdir. Bütün bunların kökündə, yenə də deyirəm, Azərbaycan dövlətinin apardığı uğurlu siyasət, ulu öndər Heydər Əliyev siyasətinə sadiqlik, müstəqil Azərbaycan dövlətinin müstəqil siyasəti, böyük tərəqqini təmin edən inkişaf modeli durur.