Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qızıl payız addımlayır

 

Son illər Azərbaycanda köklü islahatlarla müşayiət olunan iqtisadi siyasətin üstün mövqeyə çıxarılan istiqamətləri sırasında qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiya proseslərinin dərinləşdirilməsi mühüm yer tutur. Bu hədəflərə çatmaq üçün ölkədə iqtisadiyyatın qanunvericilik bazası təkmilləşdirilir, sahibkarlıq subyektlərinə hərtərəfli kömək və yardımlar göstərilir, güzəştli kreditlər verilir.
Sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, əlverişli biznes mühitinin yaradılmasına dövlət tərəfindən göstərilən qayğı və diqqət, mövcud olan maneə və əngəllərin aradan qaldırılması, müəyyən sahələrdə lisenziyaların ləğvi və ya onların verilmə prosedurlarının sadələşdirilməsi iqtisadi irəliləyişə geniş imkanlar açmışdır. Qeyri-neft sektorunda baş verən inkişaf tempi məhz bu amillərlə bağlıdır. Statistik rəqəmlərə müraciət etsək görərik ki, təkcə cari ilin birinci yarısında ölkə üzrə ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər nəticəsində qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artım əldə olunub. Sözsüz ki, altı ay ərzində bu qədər uğurların qazanılması elə-belə baş verməyib. Bunlar görülən işlərin, həyata keçirilən sistemli və ardıcıl tədbirlərin real təcəssümüdür.
Qeyri-neft sektorunun strukturunda kənd təsərrüfatı xüsusi çəkiyə malikdir. Bütün dönəmlərdə Azərbaycanda bu sahə üstün mövqe kəsb edib. Sovetlər dönəmində, xüsusilə də ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə  kənd təsərrüfatında məhsul istehsalı, o cümlədən pambıq, üzüm və tərəvəz bitkiləri istehsalında yüksək göstəricilərə nail olunub, ittifaq respublikaları arasında Azərbaycan həmişə birinciliyi qoruyub saxlayıb. İttifaq çökdükdən sonra bütün digər sahələr kimi, respublikanın kənd təsərrüfatında da ciddi tənəzzül, acınacaqlı böhran yaşanıb.
Məhsul istehsalının həcmi o qədər azalıb ki, heç onları rəqəmlərlə ifadə etməyə də adamın dili gəlmir. O vaxtlar ixracdan danışmaq isə tamamilə yersizdir. 1997-ci ildən başlayaraq ulu öndər Heydər Əliyevin başladığı və uğurla gerçəkləşdirdiyi aqrar islahatlar sayəsində Azərbaycanın kənd təsərrüfatı məhv olunmaqdan qurtuldu. Cənab Prezident İlham Əliyevin 14 il ərzində həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində respublikanın kənd təsərrüfatında inanılmaz inkişaf və təbəddülat baş verdi. Son 2-3 ildə kənd təsərrüfatı məhsulları istehsalı faizlə deyil, dəfələrlə artıb. Belə artım tempi pambıqçılıqda, fındıqçılıqda, baramaçılıqda, tütünçülükdə, xurma və nar meyvəsi tədarükündə daha çox özünü göstərib. Cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kənd təsərrüfatının inkişafından danışarkən demişdir: “Kənd təsərrüfatı ilə bağlı qarşıda duran əsas vəzifələr bu sahədə ən müasir standartlar tətbiq etməkdir. Son illərdə kənd təsərrüfatının inkişafına böyük diqqət göstərilmişdir. Demək olar ki, biz texnika parkımızı yeniləmişik. Kənd təsərrüfatı texnikasının alınması bundan sonra da davam edəcək, ancaq əsas hissəsi həll olunub... Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə bağlı texnologiyaları Azərbaycana gətirməliyik. Elə müasir sistemlər var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini, nəhayət ki, tətbiq etməliyik”.
Əslində, bu bir-iki cümlə ilə, çox lakonik şəkildə ölkə başçısı aqrar sahənin uzunmüddətli strateji hədəflərini müəyyən etmişdir. Cənab prezident onu demək istəmişdir ki, yaxın vaxtlarda əkin və suvarma texnologiyasının başdan-başa modernləşdirilməsi problemi öz həllini tapmalıdır. Bu da sirr deyildir ki, öhdəsində az torpaq sahəsi olan təsərrüfat adamı öz əkin sahəsini əkib-becərmək üçün bahalı texnika və texnologiyalar tətbiq edə bilməz. Məhz buna görə də aqrar sahədə yeni münasibətlər formalaşmalıdır. Bu məsələləri yüksək şəkildə yoluna qoymaqda yeni yaradılan qurum olan aqroparklar müstəsna rola malikdirlər. Dövlət aqropark infrastrukturunun yaradılması üçün 200 milyon manatdan çox investisiya qoyub, sahibkarlıq subyektlərinə 100 milyon manatdan artıq güzəştli kredit verib. Respublika üzrə 45 aqropark komplekslərinin yaradılması nəzərdə tutulur ki, onların bir neçəsi artıq fəaliyyət göstərir və müsbət nəticələr əldə olunub. Bu məqaləni hazırlayarkən Şəmkir aqroparkında olduq və orada yaradılan müasir və unikal infrastrukturu gözlərimizlə gördük. Belə möhtəşəmlikdə kompleks cənubi Qafqaz regionunda yoxdur. Bunu ancaq inkişaf etmiş ölkələrdə görmək olar.
Aqroparkların yaradılmasına, ümumilikdə, 1,5 milyard sərmayənin qoyulması nəzərdə tutulur. Burada əsas məqsədlərdən biri də yüksək məhsuldarlığa nail olmaq, fermer təsərrüfatlarının gəlirlə işləməsini təmin etməkdən ibarətdir. Bir fakta nəzər yetirək. Taxıl istehsalı üzrə respublikada ümumi göstərici hər hektara 30 sentner olduğu halda, aqroparklarda bu rəqəm 50 sentner təşkil edir. Yaranan fərqi görürsünüzmü? Hər hektardan 20 sentner artıq məhsul. Bu birbaşa sahibkarın qazancı, gəliri deməkdir. Bu, eyni zamanda, yeni texnika və texnologiyaların üstünlüklərini əyani şəkildə ortaya qoyur. Nəticədə isə, ölkəmizdə ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması deməkdir. Çünki taxıl dövlətin ərzaq təhlükəsizliyi sistemində birinci yerdə dayanır.
Hazırda ölkə üzrə 4 aqropark fəaliyyət göstərir. Cari ilin sonunadək 14 yeni aqropark istifadəyə veriləcək. Fəaliyyət göstərən aqropark və iri fermer təsərrüfatlarında 50 min hektardan artıq ərazidə müasir suvarma sistemlərinin tətbiqi nəticəsində buğda, arpa, dənli qarğıdalı və digər kənd təsərrüfatı bitkiləri üzrə hər hektardan əldə olunan məhsuldarlıq respublika üzrə orta məhsuldarlığa nisbətən təxminən 2 dəfə çoxdur. Yuxarıda da qeyd edildiyi kimi, aqropark şəbəkəsi ilbəil genişləndirilir, 45 aqroparkın yaradılması ilə, demək olar ki, respublikanın bütün bölgələri əhatə olunacaq. Bu isə kənd təsərrüfatında məhsul istehsalının həcminin artırılmasında, onun keyfiyyətinin yüksəldilməsində və nəhayət, ixrac potensialının artırılmasında müstəsna rol oynayacaq. Bununla da ölkənin kənd təsərrüfatında keyfiyyətcə yeni inkişaf və yüksəliş mərhələsi başlanacaq. Bu, Azərbaycan brendi altında məhsulların ixrac olunaraq geniş arealda yayılmasına, sağlam rəqabət mühitinin formalaşmasına, gəlirlərin əhəmiyyətli dərəcədə artmasına, işsizliyin aradan qaldırılmasına, insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına uzunmüddətli təminat yaradacaq. Yuxarıda göstərilən rəqəmlər də bunu sübut edir.
Bu gün Azərbaycan dövlətinin diqqətdə saxladığı vacib məsələlərdən biri də kiçik sahibkarlıq subyektlərinə, ailə-fermer təsərrüfatlarına hərtərəfli kömək və yardımların göstərilməsidir. Bu kömək müxtəlif yollar və vasitələrlə həyata keçirilir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, bu işdə iri fermer təsərrüfatları xüsusi fəallıq göstərməli, təşəbbüs ortaya qoymalıdırlar. Bu məqsədlə iri sahibkarlıq subyektləri tərəfindən kiçik sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün şəkər tozu istehsalının yerli xammal hesabına artırılması məqsədilə illik 3 faiz olmaqla 7 min hektar sahədə şəkər çuğunduru əkininə 7 milyon manat güzəştli kredit ayrılıb. Bunun üçün 1500 fermerlə müqavilə bağlanıb ki, həmin müqavilələr əsasında 3500 nəfər işlə təmin olunub.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyul aylarında kənd təsərrüfatında ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 4100.2 milyon manat təşkil etmişdi ki, bunun da 2086 milyon manatı heyvandarlıq, 2014.2 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulları istehsalı 6,5 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11 faiz artım əldə olunub. Bu artım məhsul ixracında da özünü göstərib. Bu ilin 7 ayı ərzində 144 milyon dollar dəyərində pomidor məhsulu ixrac olunub.
İxracda pomidor birinci yerdə dayanır. Həmin dövrdə meyvə-tərəvəz ixracı 30,1 milyon dollar, pambıq lifi 45 milyon dollar, pambıq ipliyi ixracı 12 milyon dollar təşkil etmişdir. Pambıq ipliyi ixracı 32 faiz, meyvə-tərəvəz ixracı 18 faiz artıb. Yüksək ixrac imkanları olan pambıq, üzüm, fındıq, xurma, nar və digər məhsullar payızda yetişir. İxracın tam mənzərəsi həmin məhsulların tədarükündən sonra görünəcək. Bağlarda, plantasiyalarda, tarlalarda bol məhsul nəzərə çarpır. Qızıl payız iri addımlarla irəliləyir. Özü ilə məmləkətimizə bolluq, bar-bərəkət və qələbəlik gətirir...
 
Zülfü İLYASOV,
bölgə müxbiri