Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
«Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq
 
 
4-6 sentyabr 2018-ci il tarixlərində Polşada “Polşa 28” İqtisadi Forumu keçirilmişdir. Proqramına 6 plenar iclas və 100-dən yuxarı panel-diskussiya daxil edilmiş tədbir Polşanın Krakov - Krıniça-Zdruy şəhərində təşkil olunub. 30-dan çox ölkədən 4 mindən yuxarı iştirakçının qatıldığı Forumda Avropanın “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrdə iqtisadi durum və əməkdaşlıq, böhran, azad iqtisadi zonalar, demokratiyanın vəziyyəti, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, cəmiyyət arasında kommunikasiya və s. kimi mövzular müzakirə edilib. Təşkilat Komitəsinin dəvəti ilə UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov da Forumda "Şərqi tərəfdaşlıq proqramı böhrandamı? Avropa birliyi bu ölkələrə nə təklif edə bilər?" adlı məruzə ilə çıxış edib. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün professor Z.Məmmədovla olan müsahibəmizi sizlərə təqdim edirik.
- Zahid müəllim, bu proqram və onun Azərbaycan üçün nə­zərdə tutulan əsas xüsusiyyətləri barədə bir qədər məlumat verərdiniz.
- Avropa İttifaqının əsas dəyərləri insanın şərəf və ləyaqətinə hörmət, insan hüquqları, azadlıq, demokratiya, bərabərlik və qanunun aliliyinə hörmətdir. Məhz bu dəyərlər üzərində qurulan “Şərq tərəfdaşlığı” proqramı da üzv dövlətləri birləşdirir və bu dəyərləri tanımayan ölkə bu birliyə daxil ola bilməz. Azərbaycanda isə “Şərq tərəfdaşlığı”nın, əsas olaraq, dörd platforma çərçivəsində fəaliyyətinə diqqət çəkilir. Bunlar:
-demokratiya və insan hüquqları;
- iqtisadi inteqrasiya, iqtisadi islahatların aparılması;
- enerji təhlükəsizliyi;
- insanlar və cəmiyyət arasında münasibətlərdir.
- “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkə kimi, Azərbaycanla bağlı digər tərəfdaş ölkələri maraqlandıran əsas məsələlər nə idi?
- Azərbaycanla bağlı orada mənə əsas olaraq, polyaklar sual verdilər ki, niyə Azərbaycan Dünya Ticarət Təşkilatına daxil deyil? Halbuki, Ukrayna, Moldova və Gürcüstan bura daxildir. Mən isə onlara cavab olaraq bildirdim ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir, burada yeni iqtisadi islahatlar aparılır. Mən xüsusilə qeyd etdim ki, bu gün Polşanın özündə belə hər kəsin ən böyük arzusu onların milli brendlərinin, istehsal nümunələrinin tanınmasıdır. Azərbaycan isə 25 ildir iqtisadiyyatını sıfırdan qurur, həmçinin Azərbaycan məhsullarının brendləşməsi üzərində işləyir. Bu gün “Made in Azerbaijan” brendi altında güclü iqtisadiyyat qururuq. Düzdür, bizi Dünya Ticarət Təşkilatına dəvət edirlər. Buna baxmayaraq, ölkəmiz güclü milli iqtisadiyyatını qurmaq konsepsiyası istiqamətində irəliləyir. Cənab Prezident İlham Əliyev də qeyd edir ki, bizi DTT-yə dəvət edirlər, ancaq biz öz milli iqtisadiyyatımızı gücləndirməliyik. Bu gün biz onların qarşısına gücsüz çıxa bilmərik. Azərbaycan Respublikasında həyata keçirilən Strateji Yol Xəritəsi çərçivəsində milli brendlərimiz yaranır və biz dünya bazarına milli brendlərlə daxil ola bilirik. Bu gün deyəcək çox sözümüz var. Azərbaycan dövləti olaraq, Riqada, Moskvada, Minskdə, Sankt-Peterburqda, Uralda ticarət evləri aça biliriksə, deməli, ölkəmizin güclü iqtisadiyyatından da danışa bilərik.
Forum iştirakçılarını maraqlandıran digər bir məsələ isə işlə təminatla bağlı idi. Orada Moldovadan, Ukraynadan gənclər iştirak edirdilər və sual verdilər ki, biz Harvardda yüksək təhsil almışıq, lakin işlə təminatda problemlər yaşayırıq. Mən isə bildirdim ki, bizim ölkədə bu cür problemlər yaşanmır, bununla bağlı dövlət proqramları mövcuddur. Qabiliyyətli, bilikli insanların işlə təminatı problemi uğurla həll olunur. UNEC rəhbərliyindən aldığım təminata əsasən qeyd etdim ki, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyənlər bizim universitetə müraciət edə bilərlər, çünki bizim universitetdə qabiliyyətli gənclərə iş sahəsində geniş meydan var.
- “Şərq tərəfdaşlığı” proqramı, adından da göründüyü kimi, tərəfdaşlıq üzərində qurulmuşdur. Lakin burada Ermənistanın iştirakı və Azərbaycana qarşı təcavüzü məsələsi proqramın məqsədlərindən bir qədər kənara çıxır. Bununla bağlı sizin münasibətinizi bilmək istərdik?
-Bəli, Ermənistan “Şərq tərəfdaşlığı” proqramının üzvü olmasına baxmayaraq, işğalçı dövlətdir, Azərbaycanın ərazi bütövlüyünü pozmuşdur. Biz düşünürük ki, Avropa Birliyi artıq buna öz sərt münasibətini bildirməlidir. Çünki belə ikili standart davam edə bilməz. Avropanın uzunmüddətli susqunluğunun nəticəsi olaraq, dünyanın bəzi regionlarında qeyri-sabitlik hökm sürür. Əgər vaxtında Ermənistana qarşı tədbir görülsə idi, bu gün bəlkə də dünyada İŞĞALÇI SİYASƏT yaşanmazdı. Biz hesab edirik ki, Avropa Birliyi artıq, birmənalı olaraq, bu məsələyə öz münasibətini bildirməlidir. Çünki Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində də yaxından iştirak edir və onun ən yaxın partnyorudur. Borc alan ölkə deyil, borc verən ölkədir. Hazırda Azərbaycanla iri infrastruktur layihələri həyata keçirilir.
Ümumiyyətlə, Azərbaycanı artıq çox yaxından tanıyırlar. Ölkəmizin müxtəlif iqtisadi, idman forumlarına ev sahibliyi etməsi dünya ictimaiyyəti tərəfindən tanınmasına da müsbət təsir göstərir. Ermənistana gəlincə isə, onların qeyd edəcək heç bir göstəricisi yoxdur. Onlar dünya ictimaiyyəti qarşısında danışa bilmirlər. Azərbaycanın apardığı güclü siyasət isə Ermənistanın işğalçı siyasətini ifşa etməyə imkan verir.
Bu gün Azərbaycandan istənilən ölkəyə rahat getmək və eynilə başqa ölkələrdən də turistlərin ölkəmizə rahat şəkildə gəlmək imkanı var. Bu cür tədbirlər Azərbaycan iqtisadiyyatını yaxından tanıtdırmağa imkan verir.
- Forum çərçivəsində hansı müsbət nəticələr əldə olundu?
- Forum çərçivəsində çox müsbət nəticələr qazanıldı. Bunlardan biri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində dərsliklərin hazırlanması məsələsidir. Çünki bu sahədə hər hansı ədəbiyyat yoxdur. Bununla bağlı oktyabrda gələcək nümayəndə heyəti ilə də danışıqlar aparılacaq. Yeri gəlmişkən, bildirim ki, oktyabr ayında “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində böyük bir nümayəndə heyəti ali hakimiyyət orqanları ilə görüşmək məqsədilə ölkəmizə gələcək. Biz də UNEC olaraq bu sahədə akademik mərkəzlərin yaradılması üçün müzakirələr aparacağıq.
Ümumiyyətlə, “Şərq tərəfdaşlığı” proqramı çər­çivəsində biz ölkəmizi də ya­xından tanıtdıra bilərik. Xüsusilə, ölkəmizin tolerantlığı, digər ölkələrlə mehriban dostluq münasibətləri qurması və münaqişələrdən uzaq olması onun əsas üstünlüklərindəndir.
Həmçinin, UNEC-in dekabr ayında I İqtisadi Forumu keçiriləcəkdir. Bu isə regionda iqtisadi sahədə həyata keçiriləcək ən ciddi tədbirlərdən biri olacaqdır.
- Çox sağ olun, Zahid müəllim.
 
Müsahibəni aldı:
Mətanət Hüseynova