Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Akademik Azad Mirzəcanzadə: «Arzum Azərbaycanı dünyanın
intellekt bazarında layiqli yerdə görməkdir»
 
Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi ilə əlaqədar fikirləşdim ki, yeni bir yazı hazırlayım. Amma 12 il əvvəl onun haqqında yazdıqlarımı bir də nəzərdən keçirdim və belə hesab etdim ki, onun haqqında bir  böyük alim, böyük vətəndaş, böyük şəxsiyyət kimi dediklərim bu gün də öz aktuallığını, gücünü saxlayır.
Akademik Azad Mirzəcanzadə Azərbay­can xalqının XX əsrdə yetişdirdiyi böyük alimlərdən biridir. Artıq dünyanın nüfuz­lu şirkətlərindən birinə çevrilmiş  Dövlət Neft Şirkətinə, onun rəhbərliyinə təşəkkür edirəm ki, akademik Azad Mirzəcanzadənin yubileyi ilə əlaqədar olaraq böyük bir tədbir keçirir. Çünki Azərbaycanı neft diyarı kimi dünyada tanıdan neftçilərin, alimlərin içərisində Azad Mirzəcanzadənin də kifayət qədər xidmətləri olub.

 
Azad Mirzəcanzadə həmişə ürəklərdə yaşayacaq alimdir. Elmin, cəmiyyətin inkişafına və həyatın müxtəlif sahələrinə təsirinin nəticələri mühümdür. Cəmiyyətin bütün tarixi mərhələlərində elm inkişafın ən mühüm amili olmuş, tərəqqi meyarına, mənəvi həyatımızın müstəqil amilinə çevrilmişdir. Qədim Şərqdə toplanan biliklər elmin ilkin şərtlərinin hazırlanmasına, sonrakı inkişafda isə onun bir müstəqil sahə kimi formalaşmasına, cəmiyyətin zənginləşməsi prosesinə təkan vermişdir. Əsrlər ötdükcə elmi biliklər mifik təfəkkürü sarsıtmış, elmin artan gücü ilk elmi inqilablarla nəticələnmişdir. Zaman keçdikcə sosial sifarişin əsas təminatçısı olan elmin ayrı-ayrı məmləkətlərin, xalqların deyil, bütün bəşəriyyətin ümumi sərvəti kimi çıxış etməsi prosesi qanunauyğun hal almışdır.
Azərbaycanda da elmin qədim tarixi vardır. İslam intibahının qərarlaşdığı orta əsrlərdə burada elmin inkişafını xarakterizə edən çox zəngin faktlar məlumdur. Min il öncə yaşamış Azərbaycan filosofu Əbülhəsən Bəhmənyarın "Səbəb və nəticə haqqında" təliminin Müsəlman şərqində fəlsəfi-elmi fikrin inkişafında böyük rolu olmuşdur. Fazil Fəridətdin Şirvani, Xaqani, Fələki riyaziyyatla məşğul olmuş, Nizami, Nəsimi, Füzuli təbiətşünaslığın bir çox məsələlərinin əsaslı şərhini vermişlər.Nəsirəddin Tusi XIII əsrdə Marağa rəsədxanasını tikdirmiş, ulduzların dəqiq qlobusunu tərtib etmişdir. Etiraf edək ki, qədim elm tariximiz, onun o dövr üçün ensiklopedik biliyə malik olan mübariz şəxsiyyətlərinin xidmətləri zəif öyrənilmişdir. Bu boşluğu doldurmaq sahəsində cəsarətli addımlar atılmalıdır. XIX əsrdə A.A.Bakıxanovun, M.F.Axundovun əsərləri milli-elmi-fəlsəfi dünyagörüşünün yeni mərhələsi olmuşdur. Lakin XX əsrdən başlayaraq Azərbaycan elmi həm tarixi inkişaf nəticəsində, həm də ilk növbədə milli neft faktoru ilə bağlı olaraq daha yüksək status almış, yeni keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuşdur. Bu əsrdə Azərbaycanda elmin əsas sahələri üzrə Elmlər Akademiyası yaradılmış, sahə elmi-tədqiqat institutları, ali məktəblər, elmi mərkəzlər intişar tapmış, alimlərimizin nəzəri və eksperimental xarakterli bir sıra tədqiqatları elmi zənginləşdirmişdir. Neft sənayesindəki istehsalat - elmi nailiyyətlərinə görə isə neçə-neçə onilliklər əvvəl Azərbaycan "Neft Akademiyası" kimi şöhrət qazanmışdır.
Elm sahəsində əvəzsiz xidmətləri olan, ensiklopedik bilikli Azad Xəlil oğlu Mirzəcanzadə Azərbaycanın XX əsrdə yetişdirdiyi ən nadir zəka sahiblərindən biridir. Onun fəaliyyət dairəsi çox geniş və dinamikdir, hətta bir yazıda bu haqda ətraflı danışmaq qeyri-mümkündür. Əlbəttə, o, ilk növbədə Azərbaycanın professional neftçi alimidir. Azad müəllimin tətbiqi mexanika, neft-mədən işləri, neft-qazçıxarma istehsalının texnologiyası, neft-qaz yataqlarının işlənməsi sahəsindəki elmi tədqiqatları tanınmış alim və mütəxəssislərin birmənalı rəyinə görə dünya elminə mühüm töhfə sayılır. Cəsarətlə demək olar ki, neft ehtiyatları və istehsalına görə dünyada mühüm yerlərdən birini tutmuş keçmiş Sovetlər İttifaqında neft elminin formalaşması və inkişafında Azərbaycan alimlərinin, xüsusilə Azad Mirzəcanzadənin xidmətləri çox böyükdür. Özünün yarım əsrdən çox elmi fəaliyyəti ərzində alimin digər, xüsusilə yeni elm sahələrindəki nailiyyətləri düşünən insanları heyran edir. O, təhsilə cəmiyyətin güclü faktoru kimi baxıb və onun reallaşması üçün intensiv fəaliyyət göstərib.
Hər bir hadisənin ümumi və xüsusi komponentlərinə nüfuz etmək qabiliyyəti, prosesləri fiziki və riyazi anlamda qavrama xüsusiyyəti alimin təfəkkür tərzinə, istedad və zəkasına xas olan cəhətlərdən olmuşdur. Müşahidədə kiçik detalların əhəmiyyətinə varmaq, onların yarada biləcəyi effektləri müəyyən etmək, proseslərə fəlsəfi yanaşmaq müdrik alim-filosofun fəaliyyətinin səciyyəvi xüsusiyyətlərindəndir.
Azad müəllim geniş analitik təfəkkürə, fenomenal yaddaşa və biliyə, ensiklopedik fitri istedada malik olan nadir alimlərdəndir. Onunla ünsiyyətdə olmaq müsahibindən nizamlı davranış, ciddi hazırlıq tələb edib. Azad müəllimdə biliyin, intellektin diapozonu o qədər geniş idi ki, istər-istəməz onun qüdrəti qarşısında özündən razılar da yumşalırdılar.
İndiki texniki inqilab şəraitində formalaşan vahid elm-texnika-istehsal sistemində elm öndə gedir. Elmlə mədəniyyət istedadla yanaşı, ciddi məsuliyyət tələb edir.Alimin elm və xalq qarşısında xidmətləri bitməz bir siyahını xatırladır. 70 monoqrafiya, dərslik və dərs vəsaiti, 400-dən çox elmi məqalə, 50-dən çox ixtira, 20-dən çox beynəlxalq seminar və konfransa rəhbərlik, 300-dən artıq elmlər namizədi, 100-dən çox elmlər doktorunun hazırlanması... İnsanın fiziki imkanlarının məhdudluğuna istinad edən bəzi bədxahlar bir nəfər tərəfindən bu qədər alimin yetişdirilməsinə şübhə ilə yanaşırdılar. Lakin diqqət etdikdə gördülər ki, əsas iş qayəsi səxavətlə ideyalar vermək olan alimin qazma, hasilat, yataqların işlənməsi, maye və qazların mexanikası sahəsində böyük elmi-təcrübi potensialından daha çoxsaylı tədqiqatçıya pay düşür. Həqiqətdə A.X.Mirzəcanzadə bundan da artıq alimlərin yetişməsində yardımçı olmuşdur.Onun elmin bir çox sahələri üzrə çalışan mütəxəssislərə, habelə gənclərə verdiyi tövsiyələr, oxuduğu maraqlı məruzələr bu baxımdan əvəzsiz bir xidmətdir.
Azad müəllim çox ağır və məsuliyyətli missiyanı - Elm və Texnika Komitəsinə, Ali Attestasiya Komitəsinə rəhbərliyi prinsipial iş metodu ilə, yüksək tələbkarlıqla həyata keçirib. O, daim axtarışda olub. Biganəlik ona yaddır. Azad müəllim həm də sərt adam kimi tanınmışdır, bu da təbiidir. Məqsədə müvəffəq olmaq məhz sərtlik, polad intizam, prinsipiallıq, dərin zəka vəhdətində mümkündür. Dövlətə, millətə təmənnasız xidmət Mirzəcanzadə elminin leytmotivini təşkil edir. Mədən sularından səmərəli istifadə etmək, neft sənayesini tullantısız sənayeyə çevirmək, daimi səmərəlilik yaratmaq onun son dərəcə keyfiyyətli iş üsullarından xəbər verib. Bu xüsusiyyət onun çalışdığı bütün sahələrdə öz əksini tapıb. Rəhbərlik etdiyi Elm və Texnika Komitəsi büdcədən maliyyələşən bir təşkilat olsa da, yarandığı gündən dövlətə onun fəaliyyəti üçün ayrılmış maliyyə təsisatlarından bir neçə dəfə artıq vəsait qaytarmışdır.Lakin bütün bunlara baxmayaraq, Azad müəllim özünü xalqına əbədi borclu sanıb. Azad Mirzəcanzadə müstəqil Azərbaycan Respublikasının inkişafı üçün son dərəcə vacib olan Ali Attestasiya Komissiyasına rəhbərlik edib və mənə elə gəlir ki, onun fəaliyyətinin ən çətin, ən gərgin, əsəbi vaxtları da bu illərə düşüb. Çünki hələ də keyfiyyətsiz işlərə görə elmi ad almaq niyyətində olanlara havadarlıq etmək istəyənlər var. Azad müəllim bəzən adi etik qaydaları gözləməyən bu kimi "elm adamları" ilə ciddi mübarizə aparmağa məcbur olub.
Hər bir materialda mühümü aramaq, duymaq, sonra isə onun yetərincə şərhini vermək lazımdır. Azad müəllim tədqiqatçılara, mütəxəssislərə, xüsusilə idarəetmə strukturlarında çalışanlara Roma klubunun "Qlobal düşün, lokal qərarlar qəbul et" prinsipinə uyğun düşünmə tərzini tövsiyə edib. Bu, daim millətinin gələcəyini düşünən alim-vətəndaşın narahatlığından irəli gəlib. Narahatdır ona görə ki, "Bazar hər şeyi həll edir" fikrini fetişləşdirənlər iqtisadiyyatımıza güclü dağıdıcı zərbə vururlar. Narahatdır ona görə ki, keçid dövründə dövlətin tənzimləyici funksiyasını hələ də başa düşməyən məmurlar az deyildir. Narahatdır ona görə ki, inkişaf imkanlarından səmərəli istifadə olunmur, elmi qayğı lazımi səviyyədə deyildir.
Bu və ya digər elmin predmetini düzgün müəyyən etmək çox çətin məsələdir. A.X.Mirzəcanzadə ilk dəfə olaraq Azərbaycanın neft sənayesinin keçid dövründəki istiqamətləri haqqında konseptual mülahizələr söyləmiş, perspektivləri riyazi modellər əsasında müəyyən etmiş, fundamental ideyalar irəli sürmüşdür. Alim böyük Türk Dünyasının artan qüdrətini, gerçəkləşən birliyini sezərək turkdilli dövlətlərin və yarımdövlətlərin neft-qaz ehtiyatlarını, onların müvafiq sahədəki potensial imkanlarını araşdırmış, perspektivlərin elmi proqnozunu vermişdir.Əzəli türk torpaqları Sibir, Tatarıstan və Başqırdıstanın neft-qaz yataqlarının işlənməsi və istismarı, habelə burada çıxarılan neftin spesifik - "şıltaq" xüsusiyyətləri ilə bağlı problemlər alimin elmi yaradıcılığında geniş yer almışdır. A.X.Mirzəcanzadə Xəzərdə hasil edilən neft-qaz və kondensat yataqlarının işlənməsi, istismarının ən ümdə problemlərinə dair fundamental əsərlərin müəllifi kimi yaşayacaq.
Böyük alimlər qeyri-adiliyi ilə fərqlənirlər. Mən neçə illər boyu bu nurlu sima ilə təmasda olmuşam, onun nə qədər sərt və eyni zamanda, daha çox humanist olduğunu yaxşı bilirdim. Azad müəllimlə apardığım söhbətlərdə dəfələrlə müşahidə etmişəm ki, onun musiqimizə, folklorumuza baxışları yüksək milli kaloriti ilə fərqlənir. Tez-tez xalq mahnılarımızı zümzümə etməsinin, şeirlər söyləməsinin, musiqimizin əsrarəngiz gözəlliklərindən söhbət açmasının şahidi olmuşam. Üzeyir bəyin, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin musiqisini, simfonik əsərlərini dinləməkdən doymurdu. Fəxrlə deyirəm ki, biz istedadlı xalqıq və daha da möhtəşəm olmağa layiqik. Baxın, qərbin 300 ildə keçdiyi klassik musiqi sənəti yolunu böyük Üzeyir bəy "Leyli və Məcnun"dan "Koroğlu" operasına qədər keçmişdir. Q.Qarayevin simfoniyalarının dünya musiqisində xüsusi yeri vardır. Biz dünya mədəniyyətinə böyük dühalar - Nizami, Nəsimi, Füzuli kimi şair-filosoflar, Əbülhəsən Bəhmənyar, Nəsrəddin Tusi kimi alimlər bəxş etmişik. Biz Sabirin, Hüseyn Cavidin, Əhməd Cavadın, Mikayıl Müşfiqin, Səməd Vurğunun həmvətənlərimiz - Azərbaycan şairləri olmaqlarından qürur duymalıyıq.
Azad müəllim istedadlı gənclərlə əməkdaşlıq etməkdən usanmır, onlara köməyini əsirgəmirdi. Bilirdi ki, Üzeyir bəy məktəbini davam etdirmədən, Nəsimi sözünü fəth etmədən, Füzuli sevgisini duymadan, Hüseyn Cavid fəlsəfəsini anlamadan, Əhməd Cavad vətənpərvərliyini bilmədən, Q.Qarayevin musiqi dünyasını dərk etmədən, Müşfiq şeirinin ruhunu sevmədən xalqın milli dirçəlişi, mədəni tərəqqisi mümkün deyildir.
Azad müəllim böyük vətəndaş olub.Xalqın maariflənməsində, əyalətlərdə ziyalılar nəslinin artırılmasında, elmin inkişaf etdirilməsində onun regional inkişaf konsepsiyası öz bəhrəsini verməkdədir.İndi respublika Ali Attestasiya Komissiyasının Gəncədə, Şəkidə, Lənkəranda, Naxçıvanda müdafiə şuraları fəaliyyət göstərir. Onun rəhbərliyi və şəxsi iştirakı ilə AAK sadalanan şəhərlərdə səyyar iclaslar keçirib. O, istəyib ki, Azərbaycanın regionları kompleks inkişaf etsin, bu proses tənzimlənsin, bölgələrimizdə yaşayan həmvətənlərin biliklərini zənginləşdirmək üçün elə yerlərdə də müvafiq şərait təmin olunsun, burada ziyalıların sayı artsın. Yerlərdə nə qədər çox zəka sahibi olarsa, mədəniyyətimiz, elmimiz də o qədər inkişaf tapar. Çox strateji əhəmiyyət kəsb edən problemin bu aspektdə qoyuluşu hökumət səviyyəsində məqsədli proqramların, konsepsiyalarının işlənməsini zəruri edir. Azad müəllim daim narahat və mübariz insan olub, biganəlik, bitərəflik, mövqesizlik ona yad olub.
Onun elmi fəaliyyət sahəsində mükafatları olduqca çoxdur. Onları saymağa ehtiyac yoxdur. Fəqət bu mükafatlar içərisində alimə bir çox ölkələrdə, məşhur elmi mərkəzlərdə verilən yüksək mükafatlar vətənpərvərliyinə, dərin istedadına, vətəndaş qeyrətinə, müdrikliyinə verilən müstəqil Azərbaycanın ən ali mükafatı - "İstiqlal" ordeni onun simasını daha dolğun əks etdirir.
Azad Xəlil oğlu Mirzəcanzadə XX əsrin ən böyük azərbaycanlı alimlərindən biridir. Alimin keçdiyi həyat yoluna, möhtəşəm elmi fəaliyyətinə diqqət etdikdə, onun heyrətamiz təcrübə və biliyinin miqyası, əzəməti göz önünə gəlir. Böyük alimlər həmişə vaxt qıtlığı ilə bağlı problemlərlə rastlaşırlar. Azad müəllim topladığı təcrübə sahəsində zaman amilindən də səmərəli istifadə etməyə həmişə müvəffəq olub. Böyük alim Azad müəllimin əziz xatirəsi həmişə ürəklərdə yaşayacaqdır.
Allah rəhmət eləsin!
 
Akademik Ziyad SƏMƏDZADƏ