Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Elmin Mirzəcanzadə zirvəsi

 

...Coşqun və uğurlu elmi-pedaqoji fəaliyyəti, cəsarətli və orijinal elmi ideyaları və onları gerçəkləşdirmək istedadı, mexanika və neft-qaz yataqlarının işlənilməsi sahəsində dünya praktikasında ilk dəfə təklif etdiyi qanunlar, metodlar və sistemli analizləri ilə ölkəmizdən uzaqlarda da böyük şöhrət qazanmış akademik Azad Xəlil oğlu Mirzəcanzadə yaddaşlarda Azərbaycan elminin fəxri, onun ən parlaq simalarından biri kimi yaşayır.
1957-ci ildə Azad Mirzəcanzadə fenomenal nəzəriyyə sayılan özlü-plastik mayelərin hərəkətinə həsr olunmuş doktorluq dissertasiyasını müdafiə edərkən məşhur akademik Aleksey Antonoviç İlyuşin demişdir: "Mən bu işdən daha çox faydalandım, nəinki Mirzəcanzadə məndən - özünün elmi rəhbərindən. Müəllif neft ədəbiyyatında ilk dəfə olaraq, özlü-plastik mayelər hidrodinamikası əsərini yaratmışdır".
"Neft Daşları" yatağının elmi əsaslarla işlənməsində akademik A.Mirzəcanzadənin özlü-plastik mayelərin hərəkətinə həsr olunmuş tədqiqatlarının xüsusi əhəmiyyəti həmişə qeyd edilmişdir. Bizim Azad müəllimlə təxminən altmış il bundan qabaq Neft Daşlarında başlanmış, illərin sınağından çıxmış dostluğumuz və əməkdaşlığımız isə bu böyük alimin vəfatınadək davam etmişdir.
Ümumiyyətlə, akademik A.X.Mirzəcanzadənin çoxşaxəli tədqiqatları neft sənayesinin ən mürəkkəb problemlərini, o cümlədən neft və qaz yataqlarının istilik rejimi, qazma məhlullarının dinamikası, neft və qaz quyularının qazılması prosesində mürəkkəbləşmələrin hidrodinamiki səbəbləri, neft və qaz yataqlarının hidrotermik tədqiqatları, dərində yatan neft yataqlarının işlənməsinin xüsusiyyətləri, təzyiqi doyma təzyiqindən aşağı olan yataqların işlənməsi, neft hasilatı polimerlərinin tədqiqi, neft hasilatı proseslərində və qazın nəqlində səmərəliliyin yüksəldilməsinin metodları kimi məsələləri əhatə etmişdir.
Belə bir faktı da qeyd etmək çox xoşdur ki, akademik Mirzəcanzadənin tədqiqatları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inkişafında xüsusi rol oynamışdır. 1990-cı ildən başlayaraq, Mirzəcanzadənin təşəbbüsü və rəhbərliyi  ilə Azərbaycan Dövlət Neft Akademiyasının nəzdindəki "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutunda Dövlət Neft Şirkətinin rastlaşdığı bir sıra problemlərin həllinə yönəldilmiş tədqiqatlar aparılmışdır.
Onun mühüm elmi-təcrübi və istehsalat əhəmiyyəti olan tədqiqatlarından biri dəniz neft-qaz yataqlarının işlənməsi prosesinin idarə olunmasının müasir üsullarına həsr edilmişdir. A.Mirzəcanzadə çətinliklə çıxarıla bilən karbohidrogen ehtiyatlarının işlənməsinin dinamiki təhlilinin əsasını yaratmışdır. Alınmış nəticələrin sənaye sınaqları ilk dəfə olaraq Azərbaycanın dəniz neft yataqlarında müvəffəqiyyətlə keçirilmişdir. Bunun da nəticəsində "Dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənməsində texnoloji proseslərin təhlili üzrə Metodiki Rəhbərlik" və "Dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənməsinin layihələndirilməsi və təhlili üzrə Müvəqqəti Metodiki Rəhbərlik" kimi mühüm sənədlər meydana gəlmişdir.
Azərbaycanda neft və qazçıxarmada nanotexnologiyanın yaradılması ideyası akademik Azad Mirzəcanzadəyə məxsusdur.
2010-cu ilin sentyabrında UNESCO-nun Fransa paytaxtındakı mənzil-qərargahı neft sənayesində nanotexnologiyaların işlənib hazırlanması və tətbiqi sahəsində nailiyyətlərinə görə Azərbaycan Dövlət Neft Şirkətinin bir qrup mütəxəssisinin bu nüfuzlu beynəlxalq təşkilatın fəxri medalı ilə təltif edildiyini bildirdi. Üzərində UNESCO-nun emblemi və "Nanoelmin və nanotexnologiyaların inkişafında xidmətlərinə görə" sözləri həkk olunmuş bu medala layiq görülənlərin siyahısı akademik A.X.Mirzəcanzadənin adı ilə başlanırdı. Bu, böyük alimin və mütəfəkkirin elmi irsinin onun ölümündən sonra da beynəlxalq elmi ictimaiyyət və Azərbaycan neftçiləri tərəfindən yüksək qiymətləndirilməsinin daha bir parlaq təzahürü oldu.
Yalnız bir məqalə, yaxud bir məruzə çərçivəsində A.X.Mirzəcanzadə kimi qüdrətli bir elm fədaisinin gördüyü işləri və yazdığı əsərləri müfəssəl dəyərləndirmək mümkün deyil. Lakin qətiyyətlə demək olar ki, neft və qaz sahəsində onun tədqiqatları və əldə etdiyi nəticələr son dərəcə məhsuldar çalışan və ən başlıcası, elmi araşdırmalarının istiqamətini düzgün müəyyən edən bir alimin zəkasının məhsuludur. A.X.Mirzəcanzadənin müxtəlif illərdə Bakıda, Moskvada və xarici ölkələrdə nəşr edilmiş əsərləri - "Neft və qaz yataqlarının işlənməsi və istismarı", "İxtisasa giriş", "Neft-mədən işində rəqsi hərəkətin nəzəriyyəsi", "Fiziki proseslərin mexanikası", "Özlü-plastik mayelərin qeyri-stasionar hərəkəti", "Neft və qaz laylarının fizikası", "Yeraltı hidravlika", "Riyazi mozaika", "Təhsilin humanitarlaşdırılması barəsində etüdlər", "Azərbaycanın neft konsepsiyası etüdləri", "Layların neftverimi proseslərinin diakoptikası", "Neft yataqlarının işlənməsi, neft və neft məhsullarının nəqli proseslərinin sistemli analizi", "Dəniz neft-qaz yataqlarının işlənməsi fraqmentləri", "Neftçıxarmada dinamiki proseslər", "XXI əsrə aparan yol", digər dərslik, monoqrafiya və elmi-fəlsəfi kitabları öz müəllifinə böyük şöhrət qazandırmışdır.
 Sovet mexanika məktəbinin sanballı nümayəndələrindən biri - akademik Qriqori İsaakoviç Barenblatt akademik Azad Mirzəcanzadəyə məktublarının birində yazırdı: "Əziz Azad! Mən həmişə Sizin parlaq və çoxşaxəli - əsl milli və eyni zamanda, ümumbəşəri istedadınıza heyranam. Bizi ümumi işimiz yaxınlaşdırdı, lakin dərin elmi təəssüratla yanaşı, dahi xalqınızın musiqisini mənə sevdirdiyinizə görə Sizə borcluyam".
Akademik Azad Mirzəcanzadənin elmi irsi insanlara, neft elmi və təcrübəsinə hələ uzun illər xidmət edəcək, öz şöhrətini və parlaqlığını heç vaxt itirməyəcək. Əslində, bu irs alimin özünə və vətəni Azərbaycanın şərəfinə ucaltdığı möhtəşəm bir abidədir.
Bu böyük alim və unudulmaz insan özünün "Təhsilin humanitarlaşdırılması barəsində etüdlər" kitabında yazırdı: "Zaman bizim hamımızdan vicdanla işləməyi tələb edir... Bütün elmlər insanla ölçülməlidir".
Akademik Azad Mirzəcanzadə, onun elmi irsi nəinki Azərbaycan, həmçinin dünya elmi üçün böyük ölçü və çox yüksək səviyyədir.


 
akademik
Xoşbəxt YUSİFZADƏ,
Azərbaycan Respublikası
Dövlət Neft  Şirkətinin birinci vitse-prezidenti, “Azərbaycan”,
28 sentyabr 2013-cü il