Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Qəbələ rayonu: Azad sahibkarlıq müasir
infrastrukturla sıx vəhdətdə inkişaf edir
 
Qəbələ bu gün Azərbaycanın ən cəlbedici, gözəl və yaraşıqlı məkanlarından birinə çevrilib. Son illər həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri rayonun iqtisadi yüksəlişinə və turizmin inkişafına böyük təkan vermişdir. Cari ildə də Qəbələdə tikinti-quruculuq və abadlıq tədbirləri görülmüş, azad sahibkarlığın inkişafı və biznes mühitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Bu gün Qəbələ regional müstəvidə, eyni zamanda, geniş anlamda tanınan turizm mərkəzinə çevrilmişdir. İnkişaf və tərəqqi dalğası rayonun kənd və qəsəbələrindən, yaşayış məntəqələrindən də yan keçməmiş, yeni istirahət mərkəzləri, istehsal və emal müəssisələri açılmışdır ki, bunların da çoxu özəl bölmənin payına düşür.
Hər bir bölgənin inkişaf göstəricisi burada mövcud olan infrastrukturun səviyyəsi və yaradılan şəraitlə ölçülür. Cari ildə Qəbələ şəhərində 160 çarpayılıq mərkəzi rayon xəstəxanasının tikintisinə başlanılıb. İlin ötən dövrü ərzində 170 yerlik körpələr evi-uşaq bağçasının, içməli su və kanalizasiya sisteminin yenidən qurulması, Laza kəndində 80 şagird yerlik modul tipli ümumi orta məktəbin tikintisi aparılıb. Bununla yanaşı, Zərgərli kəndində 56 şagird yerlik modul tipli ibtidai məktəbin tikintisi, Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun əsaslı təmiri, şəhərin Muxtar Abıyev küçəsində beşmərtəbəli, Heydər Əliyev prospektinin ətrafındakı ikimərtəbəli yaşayış binasının əsaslı təmiri həyata keçirilib. Eyni zamanda, Zarağan kəndində tam orta məktəb binasının dam örtüyünün təmiri, Mıxılqovaq kəndində içməli su təchizatı sisteminin qurulması, Mıxılqovaq və Kötüklü kəndlərinin qazlaşdırılması işləri davam etdirilir. Zərifə Əliyeva adına Mədəniyyət və İstirahət Parkında əsaslı təmir işlərinə başlanılıb, Hacılı kəndində 40 yerlik uşaq bağçasının təmir işləri yekunlaşıb. İcra olunan layihələrlə yanaşı, yeni layihələr üzərində də işlər gedir. Həmin layihələrin üçü bilavasitə təhsillə bağlıdır. Belə ki, Təhsil Nazirliyinin sifarişi ilə Vəndam qəsəbəsində 360 şagird yerlik, Qaradeyin kəndində 80 şagird yerlik modul tipli tam orta məktəb, Şəfili kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisinə hazırlıq işləri görülür. Həmçinin, "Azərbaycan Dəmir Yolları" ASC-nin sifarişi ilə 43 kilometr uzunluğunda Ləki-Qəbələ birxətli dəmir yolunun tikintisinə hazırlıq işləri aparılır. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi ilə əlaqədar Çarxana, Aydınqışlaq, Xırxıtala, Yenikənd, Tövlə və Uludaş kəndlərində subartezian quyularında qazma işləri başa çatdırılıb.
2018-ci ildə Qəbələyə gələn yerli və xarici turistlərin, rəsmi qonaqların sayı əhəmiyyətli dərəcədə artıb, rayonun beynəlxalq əlaqələri genişlənib. Cari ilin fevral ayında VI Beynəlxalq Multikulturalizm Qış Mərkəzinin 16 ölkədən olan iştirakçıları Qəbələnin Nic qəsəbəsində səfərdə olublar.
May ayında Qəbələ Stend və Ox Atıcılığı Kompleksində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş stend atıcılığı üzrə Beynəlxalq Qran-pri yarışları, iyun ayında Vəndam qəsəbəsi ərazisində 1500 nəfərin iştirakı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi"nə həsr olunmuş "Tarixin canlı səhifələri" adlı VI Gənclər festivalı, Heydər Əliyev Konqres Mərkəzində 350 nəfərin iştirakı ilə "Gənc xilasedici və yanğınsöndürən" VII Ümumrespublika birinciliyinin final mərhələsi keçirilib. Bununla yanaşı, Almaniya Federativ Respublikasının səfiri Mixael Kindsqrab Qəbələ rayonunda olmuş, rayonun tarixi-mədəni yerləri, sənaye və emal müəssisələri ilə yaxından tanış olmuşdur.
İyul ayında Qəbələ nümayəndə heyəti Polşa Respublikasının müstəqilliyinin bərpa olunmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Qnezna şəhərində səfərdə olmuş, bölgənin tarixi-mədəni yerləri, turizm mərkəzləri ilə tanış olmuşdur. Bu qarşılıqlı səfərlər gələcək əməkdaşlıq üçün yaxşı imkanlar açır. İlin əvvəlindən Qəbələdə 42 idman tədbiri keçirilib. Qəbələ Olimpiya İdman Kompleksinin fəaliyyəti də ürəkaçandır. Kompleksin xidmətlərindən gün ərzində orta hesabla 376 gənc istifadə edir.
Respublikamızın digər rayonlarında olduğu kimi, Qəbələdə də dövlət qayğısının artırılması nəticəsində aqrar sahədə irəliləyiş nəzərə çarpır. Altı ay ərzində ölkə üzrə aqrar sahədə 4,2 faiz artım olub. Bu tendensiya Qəbələdən də yan keçməyib. Kənd təsərrüfatı məhsulları istehsalına dövlət büdcəsi vəsaiti hesabına yardımların verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamı təsərrüfat subyektləri tərəfindən böyük razılıqla qarşılanmış, hər kəsdə ruh yüksəkliyi yaratmışdır. Cari ilin may ayından həmin yardımların hesablanmasına başlanmışdır.
Taxılçılıq Qəbələ rayonunun aqrar iqtisadiyyatının əsasını təşkil edir.
2018-ci ilin məhsulu üçün 2017-ci ilin payızında 20 min 100 hektar sahədə payızlıq dənli bitkilər əkilib. Bunun 14 min 600 hektarı buğda, 5500 hektarı isə arpadır. Zəmilərdən hər hektara orta hesabla 32 sentner məhsul götürülüb.
Sahibkarlıq subyektləri tərəfindən 2018-ci ildə 632 hektar sahədə kartof, 559 hektarda tərəvəz əkilib. Sahələrdən məhsul tədarükü davam edir. Son iki-üç ildə rayonun kənd təsərrüfatının əkin strukturunda dəyişikliklər aparılıb.
Heyvandarlığın yem bazasını möhkəmləndirmək üçün taxıl sahələri 1500 hektar azaldılıb və həmin sahələrdə yem bitkiləri əkilib. Yonca, vələmir, yem noxudu, yem çuğunduru əkinləri aparılıb.
Rayonda üzümçülük və meyvəçilik də aparıcı sahələrdən hesab olunur. Hazırda Qəbələdə 6854 hektar meyvə bağları, 508 hektar üzüm plantasiyaları mövcuddur. Əhalinin həmin məhsullara tələbatının ödənilməsi, emal müəssisələrinin xammal təminatının yerinə yetirilməsi üçün meyvə və üzüm bağlarının genişləndirilməsi və məhsuldarlığın yüksəldilməsi istiqamətində  əməli tədbirlər davam etdirilir.
Kənd təsərrüfatı məhsulları istehsalının ixtisaslaşdırılması istiqamətində görülən tədbirlər sırasında ixracyönlü məhsul istehsalının artırılmasına daha çox diqqət yetirilir. Rayonda 2000 hektar yeni fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 1218 hektar, yazında isə 130 hektar olmaqla 1338 hektar yeni fındıq bağları salınıb. Cari ilin payızında daha 700 hektar fındıq bağları salınacaq. 2018-ci ilin birinci yarısında dövlət meşə fondu torpaqlarının 323 hektar ərazisində aqromeşə massivləri, meyvə bağları salınıb. Bunun da 15,5 hektarı fındıq, 7,3 hektarı şabalıd, 0,8 hektarı alma bağlarıdır.
Qəbələ rayonunda uzun fasilədən sonra barama və tütün istehsalına başlanılıb. Cari ildə 101 nəfər kümçü tərəfindən 9110 kiloqram barama istehsal edilib. Barama istehsalının artırılması məqsədilə 2016-cı ilin payızından etibarən tut bağlarının əkilməsinə başlanılıb ki, bu da gələcəkdə rayonda barama istehsalının artırılmasına gətirib çıxaracaq.
Bundan başqa, 75 hektar sahədə tütün əkilib, sahələrdə bütün aqrotexniki tədbirlər vaxtlı-vaxtında aparılıb və tütün qırımı işləri davam edir.
2018-ci ilin ötən dövrü ərzində güzəştli şərtlərlə 686 təsərrüfat subyektinə 1412 ton gübrə və 3292 litr pestisid verilib. Bu isə məhsuldarlığın artırılmasına və keyfiyyətin yüksəldilməsinə müsbət təsir göstərəcək.
Bir sözlə, Qəbələ rayonunda aqrar sahədə sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Bunun sayəsində rayon iqtisadiyyatında özəl bölmənin payı artan dinamika ilə davam edir. Lakin aqrar sahə ilə yanaşı Qəbələ böyük turizm imkanları olan rayondur. Qəbələnin gözəl təbiəti var, tarixi abidələrlə zəngindir. Burada xalqımızın minilliklərin dərin qatlarına gedib çıxan tarixi yatır. Qəbələni turistlər üçün cəlbedici edən də onun bu məziyyətləridir. Odur ki, Qəbələdə turizm inkişaf edir. Turizmin bütün növlərini, o cümlədən dağ turizmi, meşə turizmi, ekoturizm, kənd turizmi, aqroturizm kimi növlərini inkişaf etdirmək üçün Qəbələdə intəhasız imkanlar mövcuddur. Bu dilbər guşənin əzəmətli dağları, meyvəli bağları, zümrüd meşələri, buz kimi bulaqları, gur axan çayları, şəlalələri vardır.
Rayonun hər bir kəndi turist qəbul edə bilər. Turizmlə məşğul olmaq istəyən hər bir kənd adamına kömək göstərilməli, yardım əli uzadılmalıdır. Sirr deyildir ki, hələ bir çoxları təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Əgər belə olarsa, əminliklə demək olar ki, Qəbələdə turist qəbul etməyən bir fərdi ev tapmaq çətin olacaq.
 
Zülfü İLYASOV,
bölgə müxbiri