Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qədim İpək Yolu Azərbaycan üçün daimi kapitaldır, daimi siyasi nüfuzdur,

iqtisadi müstəqilliyin güclü amilidir

 

Düz 20 il bundan əvvəl - 1998-ci ilin sentyabr ayında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda ilk dəfə olaraq qədim İpək yolunun bərpası üzrə beynəlxalq konfrans keçirildi. Konfransda ulu öndər Heydər Əliyev çıxış etdi, Bakı bəyannaməsi qəbul olundu və bu gün həmin siyasət davam etdirilir.
Sentyabrın 6-da AzTV  kanalında efirə yayımlanan  “Günün nəbzi” verilişində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini İqbal Hüseynov və TRACECA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev ilə məhz bu məsələlər barəsində fikir mübadiləsi aparılmışdır. Bunu oxuculara təqdim edirik:
Aparıcı (Rövşən Rafiqoğlu):
Ziyad müəllim, Bakıda 9 ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan respublikalarının dövlət başçıları, beynəlxalq təşkilatlar, dövlət nümayəndə heyətlərinin iştirak etdiyi həmin tədbirdə, qeyd etdiyimiz kimi, TRACECA proqramı çərçivəsində çoxtərəfli saziş imzalandı, Bakı bəyannaməsi qəbul edildi. Belə bir sualla müraciət etmək istərdim ki, Bakıda keçirilən bu önəmli beynəlxalq konfrans hazırda bütün dünyanın diqqət mərkəzində olan, reallaşması istiqamətində çoxaspektli addımlar atılan qədim İpək yolunun bərpası baxımından nə kimi önəm kəsb etdi?
Ziyad Səmədzadə: Əvvə­la, mən AzTV-yə dərin təşəkkü­rümü bildirirəm ki, bu gün burada Azərbaycan xalqının inkişafı, Azərbaycan dövlətinin iqtisadi, siyasi müstəqilliyinin qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün çox vacib bir məsələ müzakirə edilir. Sözün əsl mənasında, 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutan bu konfrans tarixi bir konfransdır. İllər keçəcək, onilliklər keçəcək, heç şübhəsiz ki, əsrlər keçəcək, qədim İpək yolu fəaliyyət göstərəcək, inkişafa, tərəqqiyə xidmət edəcəkdir. Mən hesab edirəm ki, belə bir konfransın Azərbaycanda keçirilməsi ona görə baş tutdu ki, Heydər Əliyev çox müdrik bir siyasət yeritdi, əsl liderlik nümayiş etdirdi. Dünya tarixi göstərir ki, bu və ya digər dövlətin yollara malik olması onun iqtisadi, siyasi müstəqilliyini təmin edən əsas şərtlərdən biridir. Tarix boyu da əksər müharibələr yollara sahib olmağa görə başlayıb, çünki əlverişli nöqtədə yerləşən yollar həmişə  mübahisə, mübarizə obyekti olub.  Qədim İpək yolu uzun illər, əsrlər boyu fəaliyyət göstərib. Lakin bir müddətdən sonra o yaddan çıxdı. Müstəqilliyini bərpa edən dövlətlər, o cümlədən 8 dövlət 1993-cü ildə Brüssel bəyannaməsini imzaladılar. Bu bəyannaməni imzalamaqda məqsəd ondan ibarət idi ki, Avropa Birliyi yeni müstəqil dövlətlərə şans versin ki, onlar iqtisadi müstəqilliklərini  qorumaq üçün  daha əlverişli yollara malik olsunlar.
Heydər Əliyev bilirdi ki, qədim İpək yolunun bərpası Azərbaycan üçün daimi kapitaldır, Azərbaycanın iqtisadi, siyasi müstəqilliyini qorumaq üçün böyük bir vasitədir. Ona görə dünyanın ən aparıcı beynəlxalq təşkilatlarını Azərbaycana dəvət etdi ki, bu məsələdə bir çox dövlətlər ümumi razılığa  gəlsinlər.
Aparıcı: Etiraf edək ki, hər ölkə belə bir tədbirə ev sahibliyi etmək istərdi.
Ziyad Səmədzadə: Ümumiyyətlə, konfransın işinə  mane olan qüvvələr də var idi. Amma Heydər Əliyev tədbirin Bakıda baş tutmasına nail oldu. Bununla əlaqədar beynəlxalq təşkilatlar, dünyanın bir çox dövlətlərinin başçıları Bakıya gəldilər. Bakı Sammitindən 20 il keçib. Görün, Azərbaycan nə qədər inkişaf edib.  Tam məsuliyyətlə demək lazımdır ki, bu inkişafda İpək yolunun bərpası əhəmiyyətli rol oynayır.
Bir məqamı da qeyd edim. Heydər Əliyev  konfransın yekunlarına həsr olunmuş müşavirədə demişdir ki, tarix boyu Azərbaycanda çox tədbirlər keçirilib -  Sovet dövründə də, ondan qabaq da. Lakin Azərbaycan xalqının tarixində yadda qalan ən böyük hadisə qədim İpək yolu konfransıdır. Çünki bura gələn dövlət başçıları, dünyanın aparıcı təşkilatları gördülər ki, Azərbaycan müstəqil bir dövlət qurub və burada azad bazar münasibətlərinə geniş meydan açılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı sülhsevər xalqdır. Yollar insanları, xalqları birləşdirir. Əgər yollar varsa, bu yollardan xalqlar fayda götürürlərsə, bu o deməkdir ki, mədəniyyət də, iqtisadiyyat da, ticarət də inkişaf edir.
Mən Bakı Sammitinin materiallarını, hər bir çıxışı diqqətlə təhlil etmişəm, demək olar ki, bütün çıxışlarda deyilir ki, qədim İpək yolunun bərpası, eyni zamanda, sülhün qorunması deməkdir.
Aparıcı: Yəni, ən əsası bu qovşaq Azərbaycandır.
Ziyad Səmədzadə: Bəli, Azərbaycandır. Orada Rumıniyanın Baş naziri, Bolqarıstanın prezidenti, Almaniyanın nümayəndəsi, Fransanın nümayəndəsi çıxışlarında qeyd edirdilər ki, biz Heydər Əliyevə bu konfransın təşkilinə görə təşəkkür edirik. Qeyd edirlər ki, Xəzər – bu, qovşaqdır, həmişə fəaliyyət göstərəcək, davam edəcək  yoldur.
Aparıcı: 90-cı illərdə Azərbaycan üçün mühüm önəm kəsb edən hadisələrdən biri beynəlxalq konfransın keçirilməsi deyildi. Həmin dövrdə TRACECA-nın Azərbaycan nümayəndəliyi açıldı, ümummilli lider Heydər Əliyev həmin açılış mərasimində iştirak etdi, nitq söylədi, ümumiyyətlə, TRACECA-nın beynəlxalq təşkilat kimi Azərbaycanla əməkdaşlığının önəminə toxundu və siz də faktiki olaraq həmin dövrlərdən etibarən, Akif müəllim, TRACECA-nın Azərbaycan üzrə milli təmsilçisisiniz. Ona görə də 90-cı illərdə qədim İpək yolunun bərpası istiqamətində Azərbaycanın atdığı addımlara sizin dəmünasibətinizi öyrənmək bizim üçün maraqlı olardı.
Akif Mustafayev: Ziyad müəl­lim qeyd etdi, ancaq mən onu təkrarlamaq şərti ilə qeyd et­mək istərdim ki, doğrudan da, 7-8-i sentyabr 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü, səyi, zəhməti  və nüfuzu nəticəsində baş tutan sammit qızıl hərflərlə tarixə yazılmalıdır. Bu unudulası bir şey deyil. Həmin sammitin nəticəsində həm Bakı deklarasiyası qəbul olundu, həm də çoxtərəfli saziş imzalandı. Həmin sazişi imzalayan dövlət başçıları sırasında 9 dövlət başçısı, 2 hökumət başçısı və Qazaxıstanla təmsil olunan nəqliyyat naziri var idi. Ümummilli liderimiz əsas çoxtərəfli sazişi qeyd-şərtlə imzalayıb. Qeyd-şərtdə açıq-aydın deyilir ki, nə qədər Azərbaycanla Ermənistan arasında konflikt davam edəcək və Azərbaycan torpaqları işğal altında olacaq Ermənistan üçün heç bir yol açılmayacaq, bağlı qalacaq və o gündən bu günədək bu, ümummilli liderimizin qoyduğu qayda və dediyi sözlər hamısı qüvvədədir və Ermənistan bütün regional layihələrdən kənarda qalmışdır. Bu, davam da edəcəkdir.
2001-ci ildə, nəhayət, həmin çoxtərəfli sazişin şərtlərinə uyğun olaraq, Bakıda TRACECA mənzil qərargahının ofisi açıldı və bu açılışda da Avropa Komissiyasının rəhbərliyi, Avropa Komissiyasından və Avropadan bir sıra yüksək vəzifəli şəxslər iştirak etdilər və o gündən bu günə Azərbaycanda 13 dövləti özündə birləşdirən, 13 dövlətin koordinasiyasını aparan mənzil-qərargah fəaliyyət göstərir.
Bundan başqa, həmin hadisə, doğrudan da, bütün dünyanın diqqətini Azərbaycana cəlb etdi və bunun nəticəsində həmin dövrdən başlayaraq Azərbaycana böyük miqdarda investisiyalar yatırılmağa başlandı, Azərbaycanı daha yaxından tanıdılar və Avropa Komissiyası başda olmaqla, TRACECA dövlətləri üçün, birinci növbədə Azərbaycan üçün bir çox mühüm investisiya və texniki layihələr icra olundu. Bunlardan bir neçəsini deyim. Misal üçün, Gürcüstanla Azərbaycan arasında olan yeni körpü - Qırmızı körpü. Köhnə körpü dağılmaq üzrə idi. Orada hərəkət etmək çox təhlükəli idi və o körpünün inşası tam olaraq TRACECA layihəsi çərçivəsində oldu və ona da xeyli - 2 milyon yarım avroya yaxın xərclər çəkildi.
Bakı Dəniz Limanında konteyner terminalı tikildi, dəniz avadanlığı, naviqasiya avadanlığı alındı və bunların sayı-hesabı yoxdur. Həmin tarixi hadisə, doğrudan da, sıçrayışa səbəb oldu. Bəs, bu daşımalarda nə baş verdi? Əgər 98-ci ilə qədər bu daşımaların həcmi bir neçə yüz min tona çatırdısa da, bu çoxtərəfli saziş imzalanandan sonra daşımaların həcmi ildən-ilə artmağa başladı. Bu da, sözsüz, investisiya deməkdir. Əgər Dövlət Statistika Komitəsinin rəsmi hesabatlarına baxsaq, görərik ki, ildə 50 milyon tona yaxın yük daşınır. Amma bu, o demək deyil ki, 50 milyon ton yük dəhlizin o başından bu başına daşınır. Burada bütün Azərbaycanın ərazisinə 50 milyon ton yük daşınır, bunlardan da 12 milyon tona yaxını tranzit yüklərdir. Əgər Çinin də “Bir kəmər, bir yol” strategiyasını və Azərbaycanın da bura qoşulmasını nəzərə alsaq, sözsüz, potensial çox böyükdür, bu daşımaları, valyuta gəlirini daha çox artırmaq mümkündür və düşünürəm ki, bu, baş verəcək.
Aparıcı: Akif müəllim, biz müasir dövrdə Azərbaycanın logistik imkanlarına toxunacağıq. Ziyad müəllim, mən istərdim ki, tarixə bir ümumiləşdirmə ilə yekun vuraq. Faktiki olaraq, 1998-ci ildə belə konfrans keçirməklə Azərbaycan bir daha özünü beynəlxalq miqyasda tanıtdı, imkanlarını ortaya qoydu.
İkincisi, nəqliyyat, logistik imkanlar üçün yeni üfüqlər açıldı, yeni potensial ortaya gəldi.
Üçüncüsü, həm Azərbaycana investisiyaların qoyulması, həm də Azərbaycanın maddi baxımdan daha da güclənməsi üçün geniş imkanlar açıldı.
Ziyad Səmədzadə: Heç şübhəsiz ki, konfransın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, o, bütün dünyaya sübut etdi ki, Azərbaycan sivil, azad bazar münasibətlərinə əsaslanan iqtisadiyyat qurur, Azərbaycan iqtisadi qanunvericilik bazasını yaxşılaşdırır, xarici investorlar burada özlərini rahat hiss edirlər.
Azərbaycan iqtisadiyyatına son 10-15 il ərzində 200 milyard dollardan çox vəsait qoyulmuşdur. Bu investisiyaların strukturu da ildən-ilə təkmilləşir. Qeyri-neft sektorunun xüsusi çəkisi artmağa meyil edir. Xatırlayırsınız, 90-cı illərin əvvəllərində cəmi bir dənə yol var idi. O yoldan da bizə həmişə təzyiq vasitəsi kimi istifadə edən qüvvələr var idi. Amma bu gün o,  yoxdur. Almaniya nümayə heyətinin başçısı deyir ki, “Qoy, bu konfrans sizin ölkənin və Xəzər regionunun inkişafında mühüm mərhələ olsun. Qoy, bunun nəticəsində yeni körpülər yaransın və onlar regionun xalqlarını Avropa Birliyi ilə iqtisadi və mənəvi cəhətdən daha sıx bağlasın”.
Biz bu gün Avropa İttifaqı ilə,  Şərq ölkələri ilə sıx əməkdaşlıq edirik. Azərbaycan Xəzərin təbii sərvətlərini dünya bazarına çıxarmaq üçün böyük işlər görür. Yəni, bu konfransın tarixi, siyasi, mənəvi əhəmiyyəti çox böyükdür. Çünki Azərbaycan bütün dünyaya bəyan etdi ki, hələ o vaxtlar iqtisadiyyatımız o qədər də güclü deyildi, 90-cı illərin ikinci yarısında iqtisadiyyatda sabitləşmə meyilləri güclənirdi, bizim valyuta ehtiyatlarımız yox idi, dünyaya çıxışımız o qədər də güclü deyildi, amma Heydər Əliyevin şücaəti, uzaqgörənliyi, əsl liderlik məharəti dünyaya tanıtdırdı ki, Azərbaycanla əməkdaşlıq etmək olar. Konfransda bir çox maraqlı məqamlar da var idi. Yaponiyanın Baş naziri Heydər Əliyevdən xahiş edir ki, onu qəbul etsin. Heydər Əliyev onu qəbul edəndə söhbət əsnasında o deyir ki, sizin Yaponiyaya gəlişiniz Azərbaycanı bizə tanıtdırdı. Yaponiya Azərbaycanı o qədər də tanımırdı. Azərbaycanı tanımayan Yaponiya o vaxtlar artıq Azərbaycana 7 milyard dollar investisiya qoyub. Nəyin hesabına? Azərbaycanda gördüklərinin, Azərbaycanın apardığı siyasətin, Azərbaycanda yaradılan işgüzar mühitin hesabına.
Aparıcı: Çox mühüm önəm kəsb edən məsələlərdən biri ondan ibarətdir ki, bu siyasət bu gün də davam etdirilir və real nəticələr də var. Faktiki olaraq, Bakı-Tbilisi-Qars Böyük İpək yolunun yerləşdiyi ərazidə yerləşir, həmin xətt üzrə gedir və bu gün Azərbaycan yalnız Bakı-Tbilisi-Qars dəmir yolu ilə kifayətlənmir. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin, Cənub-Qərb nəqliyyat dəhlizinin reallaşması istiqamətində kompleks addımlar atılır. Bu addımların real nəticələrinə istərdik ki, toxunaq. İqbal müəllim, bu layihələrin reallaşması, icrası istiqamətində real vəziyyət necədir? Sizin fikirlərinizi eşidək.
İqbal Hüseynov: Əvvəla, qeyd edim ki, 98-ci ildə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakıda reallaşdırılmış o konfransın tək bizim üçün yox, region dövlətləri üçün də çox böyük əhəmiyyəti var idi. Həmin illərdə sovetlər dövləti yeni dağılmışdı, nəqliyyat əlaqələri kəsilmişdi, nəqliyyatda bir xaos var idi. Bu, Xəzərin Şərq sahilində və Asiyada yerləşən bütün dövlətlərə yüklərinə diversifikasiya şəraiti yaratmağa imkan verirdi. Bayaq Akif müəllim də qeyd etdi ki, bu, ilk normativ sənəd idi ki, daşımanı tənzimləyirdi.
Bu gün Bakı-Tbilisi-Qars bağlantısı da cənab prezidentin şəxsi təşəbbüsü ilə yaranmış həmin proyektin bir davamıdır, marşrutun yeni bir şaxəsidir. Bu marşrut artıq regional yox, daha böyük əhəmiyyət kəsb edən marşruta çevrilibdir. Qonşu dövlətlərdən elə bir dövlət qalmayıb ki, bu marşruta maraq göstərməsin və biz onlarla mütəmadi işlər aparmayaq.
Aparıcı: İqbal müəllim, Azərbaycan və təbii ki, region ölkələrin birgə iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdü. Artıq müəyyən zaman keçib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu region ölkələrinə, Azərbaycana nə kimi fayda gətirir, ümumiyyətlə, istifadə baxımından bu nəqliyyat arteriyası nə kimi mühüm önəm kəsb edir? İstərdik ki, konkret rəqəmləri sizdən eşidək.
İqbal Hüseynov: Biz bu günə qədər 3 min 20 funt ekvivalentində, yəni konteyner daşımaçılığı həyata keçirmişik. Bakı-Tbilisi-Qars xətti ilə hər iki istiqamətdə, test olaraq 820 ton Rusiya məhsulu olan buğdanı Türkiyəyə çatdırmışıq. Hazırda vaqonla daşınan yüklərin artırılması istiqamətində işlər gedir. Biz artıq marşrutda iştirak edən rus dövləti ilə bir yerdə və Qazaxıstanla vaqon daşımalarını oktyabr ayından fəallaşdırmağa başlayacağıq. Konteynerləri də, təbii ki, çeşidlərini, marşrutlarını, təyinat və göndərilmə dövlətlərini dəyişərək genişləndiririk. Təkcə bir misal deyim. Türkiyənin Dərincə limanına və bizim müştərinin dediyinə görə, artıq Dərincə limanı vasitəsilə Avropa dövlətlərinə Qazax şirkəti satış həyata keçirəcək və bildiyimizə görə ilk partiya, yekun partiyası İspaniyaya göndəriləcək.
Aparıcı: Akif müəllim, bu gün əsas yük mübadiləsi Avropa İttifaqı ilə Çin arasında gedir. Məsələn, mən bir-iki statistikanı qeyd etmək istərdim ki, hazırda Avropa İttifaqı ilə Çin arasında 240 milyon tonluq yükdən ibarət və dəyəri 520 milyard avrodan çox ticarət dövriyyəsi var və həmin göstəricinin çox demirik, cəmi 5 faizi əgər Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınarsa, bu, milyonlarla ton yük deməkdir. Bu baxımdan Bakı-Tbilisi-Qarsın imkanlarını necə qiymətləndirmək olar? Akif müəllim, sizi dinləyək.
Akif Mustafayev: Bakı- Tbilisi-Qars dəmir yolu bağlantısının əhəmiyyətini qeyd etməzdən əvvəl istərdim deyim ki, əvvəllər də,  yəni 1998-ci ildən bir 10 il, 15 il sonra da daşımalar var idi. Lakin o vaxtlar, açığını desək, Azərbaycanı Türkiyə ilə və Avropa ilə birləşdirən dəmir yolu bağlantısı yox idi və Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşması, sözsüz ki, hörmətli cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü, səyi nəticəsində baş verdi. 
Bu yol həm çox qısa, həm səmərəli, həm daha ucuz, təhlükəsiz, həm də kəsintisizdir. Yəni, vaqonlar əgər Çin ərazisinə vurulubsa, onlar düz Avropaya, Londona qədər heç bir aşırma olmadan gedib çata bilər və sözsüz ki, bu, belə deyək, dünyanı çox maraqlandırdı. Azərbaycanın Aktauda Xəzərin statusu ilə bağlı imzaladığı sənədlə əlaqədar tədbirdə İlham Əliyev hökmən nəqliyyat sektoruna, Şimal-Cənub dəhlizinə, Şərq-Qərb dəhlizinə, Bakı-Tbilisi-Qars bağlantısına to­xunub, həmçinin 24 avqustda xanım Merkel Azərbaycana səfər edib, orada da yenə Bakı-Tbilisi-Qars dəmir yolu məsələsinə toxunulub. Baxın, harada Asiya, harada Almaniya. Ayın 1-də cənab prezident Soçidə Putinlə görüşür, yenə də həmin məsələyə toxunur, Azərbaycan-Bakı regionun tranzit, logistik nəqliyyat mərkəzinə çevrilmişdir. Bu, faktdır. HAB rolunu oynayır. Amma bu, o demək deyil ki, hər şey də bitib, daha bizim görəsi işlərimiz yoxdur. Görəsi işlərimiz indi daha da çoxdur. Yəni, biz bu səviyyəyə çatmışıq, bunu saxlamalıyıq, bunu qorumalıyıq və sözsüz, burada tarif məsələləri də var, bunlara yenidən baxılmalıdır və bununla əlaqədar Azərbaycan Dəmir Yolları, Xəzər Dəniz Gəmiçiliyi, bizim Bakı Dəniz Limanı xeyli işlər görürlər, yəni assosiasiya çərçivəsində razılaşdırılmış tariflərə baxırlar. Sözsüz ki, burada vahid gömrük sərhəd-keçidlərində mümkün qədər sadələşmələr getməlidir, rəqəmsal texnologiyaları tətbiq etmək lazımdır. Azərbaycan bundan sonrakı illərdə, doğrudan da, özünün cəlbediciliyini, lider olduğunu hər yerə göstərəcək və isbat edəcək.
Aparıcı: Ziyad müəllim, amma eyni zamanda bir məqama da toxunasınız. Akif müəllim çox önəmli məsələni qeyd etdi. Bəli, cənab Prezident istənilən ölkəyə səfər etdikdə və yaxud istənilən ölkənin nümayəndəsi, rəhbəri daha doğrusu, Azərbaycana gəldikdə, ilk növbədə Azərbaycanın həyata keçirdiyi nəqliyyat, beynəlxalq nəqliyyat kommunikasiya layihələrindən danışır. Bu, eyni zamanda onu deməyə əsas verir ki, Azərbaycanın reallaşdırdığı bu layihələr yalnız bizim üçün mühüm önəm kəsb etmir. Regional baxımdan və qlobal baxımdan çox mühüm faydalar ortaya qoyur.
Ziyad Səmədzadə: Azərbaycan dövlətinin, cənab prezidentin apardığı siyasətin uğurlarını təmin edən ən başlıca şərtlərdən biri ondan ibarətdir ki, dövlət başçısı problemə sistemli yanaşır. Nəqliyyat böyük bir sahədir, onun çox müxtəlif qolları var. Uzun illər bizim nəqliyyat sahələri arasında koordinasiya, demək olar ki, çox zəif olub. Sərt sovet sistemi olub, ittifaq maraqları üstünlük təşkil edib. Amma bu gün Azərbaycanın apardığı iqtisadi siyasətdə nəqliyyatın kompleks inkişaf məsələsi ortaya çıxır. Nəqliyyatın o kompleks inkişafı məsələsi nədir? Biz Xəzər Dəniz Gəmiçiliyini inkişaf etdiririk.
 Bakı Beynəlxalq Dəniz Ticarət limanını yaradırıq, dəmir yollarını inkişaf etdiririk, eyni zamanda, TRACECA proqramı çərçivəsində yeni, müasir avtomobil yolları salınır. Avtomobil yollarını da inkişaf etdiririk. Yəni, nəqliyyatın  sistemli, dinamik, tarazlı inkişafı, bütövlükdə, nəqliyyat konsepsiyasının səmərəsini artırır.
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi məsələsi meydana çıxanda, erməni lobbisi bütün dünyaya müraciət etmişdi ki, bu yol çəkilməsin. Beynəlxalq Valyuta Fondu da bildirdi ki,  biz  bu layihəni maliyyələşdirə bilmərik. Cənab prezidentin liderlik məharəti, prinsipiallığı, milli maraqları üstün tutması imkan verdi ki, Azərbaycan öz hesabına bu layihəni həyata keçirsin.
Aparıcı: Astaraya 500 milyon dollar kredit ayrılıb.
Ziyad Səmədzadə: Kreditin bir hissəsinin ödənməsini Azərbaycan dövləti öz üzərinə götürdü. Nə üçün? Çünki nəqliyyatın hər hansı bir həlqəsində tarazlığın pozulması, bütövlükdə, ölkə iqtisadiyyatına mənfi təsir edir. Azərbaycan dövlətinin apardığı siyasətin ən müsbət cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycanın nəqliyyat sistemi kompleks inkişaf edir və xaricdən gələn qonaqlar, xarici ölkələr də bunu bilirlər. Diqqət edin, görün, nə qədər beynəlxalq əhəmiyyətli yollar çəkilir, müasir hava limanları tikilir, müasir təyyarələr alınır. Xəzər Dəniz Gəmiçiliyi artıq bu gün dünyada tanınan ən mühüm strukturlardan biridir. Onun müasir gəmilərlə zənginləşməsi, Azərbaycanda Gəmiqayırma Zavodunun tikilməsi və bu Gəmiqayırma Zavoduna ildən-ilə sifarişlərin artması, gələcəkdə nəqliyyat dəhlizinin inkişafında onun məhsullarından istifadə edilməsi onu göstərir ki, Azərbaycan təkcə tranzit ölkə deyil, eyni zamanda, real sektoru dinamik inkişaf etdirən ölkədir. Azərbaycan bu gün “Bir kəmər, bir yol” layihəsinin fəal iştirakçısıdır. Bu layihəyə də Azərbaycanın dövlət başçısı İlham Əliyev xüsusi önəm verir.  Yəni, bu gün biz nəqliyyata təkcə yüklərin və sərnişinlərin daşınması kimi deyil, yüksək gəlir və mənfəət verən bir sahə kimi baxırıq. Dünya Bankının nümayəndəsi Bakı Sammitindəki çıxışında  bir neçə təklif irəli sürdü:  maraqlı tərəflər səmərə götürsünlər, nəqliyyat xərcləri gəlirlərdən az olsun, yüklərin daşınması, istehlakçıya çatdırılması ilə bağlı məsələlər nəqliyyatın ahəngdarlığını, fasiləsizliyini tarazlamalıdır. Bu şərtləri təmin etmək üçün Azərbaycan dəmir yolunda, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində, Bakı Dəniz Ələt limanında, Bakı Hava Limanında texniki-iqtisadi göstəricilərin kommunal təhlili məsələlərinə diqqət artırılmalıdır. 
Daha bir məsələ barədə Bakı Sammitində Ermənistanın Baş naziri çıxış edir, o da həmin konsorsiumun, təşkilat komitəsinin üzvü olan ölkələrdən biridir. O bir neçə məsələ qaldırdı.Bu məsələlər nədən ibarət idi?
Naxçıvan vasitəsilə Xəzər dənizinə çıxmaq, Bakı-Gümrü yolunun  bərpa edilməsi və s. Yəni, orada Darbinyanın qaldırdığı məsələnin heç biri öz həllini tapmayıb. Nə üçün? Azərbaycan dövləti birmənalı şəkildə bəyan edir ki, torpaqlar azad olunmalıdır, işğalçı dövlətlə biz əməkdaşlıq edə bilmərik. Hətta ulu öndər Heydər Əliyevə 2000-ci ildə Davosda sual verirlər ki, siz Ermənistanla qədim İpək yolunun bərpası ilə əlaqədar, eyni zamanda, Ermənistanla sülh yolu barədə nə deyə bilərsiniz? Heydər Əliyev çox təəccüblə baxıb deyir ki, bəlkə siz dostluq kəmərini deyirsiniz, sovet dövründə olan dostluq kəmərini? Biz həmişə qonşu dövlətlərlə sülh şəraitində yaşamaq istəyirik. Hətta misal çəkir ki, fransızlarla almanlar, Sovet İttifaqı ilə Almaniya bir-birilə mübarizə aparırdılar, amma indi onlar dostluq, əməkdaşlıq edirlər. Yəni, dostluq, sülh, əsl qonşuluq münasibətləri olarsa, Ermənistan da  Azərbaycanın həyata keçirdiyi bu və ya digər layihələrdə iştirak edə bilər.
Hətta misal çəkir ki, fransızlarla almanlar, Sovet İttifaqı ilə Almaniya bir-biri ilə müharibə aparıblar, lakin indi Rusiya dostluq edir və s. Yəni, dostluq, sülh, əsl qonşuluq münasibətləri olarsa, Ermənistan bu və ya digər layihələrdə iştirak edər.
Yenə də qayıdıram əvvəlki fikrimə, sizin sualınıza cavab olaraq demək istəyirəm ki, bu, beynəlxalq əhəmiyyətli bir layihədir. Bu, artıq regional çərçivədən çıxıb, dünyanın 50-dən artıq ölkəsi artıq “Bir kəmər, bir yol” layihəsinə qoşulub.
Aparıcı: Akif müəllim qeyd etdi ki, hətta 3 faiz düşsə belə, bu, kifayət qədər böyük rəqəm edir.
Akif Mustafayev: 200  min konteyner edir.
Ziyad Səmədzadə: Biz daşımada ən azı 1 milyon konteynerə çıxacağıq, amma 225 milyon tondan 3 faiz bizim üçün azdır.
Ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat kompleksinə sistemli yanaşma məhz onu deməyə əsas verir ki, nəzərdə tutulmuş hədəflər mütləq və mütləq həyata keçiriləcəkdir.
Ona görə mən belə hesab edirəm ki, qədim İpək yolunun bərpası, uzun illər Azərbaycanın mədəniyyətinə, iqtisadiyyatına, iqtisadi gücünün artmasına kömək edəcək, Azərbaycanın uğurları ilə vətənimizin hər bir oğlu, hər bir insanı fəxr edə bilər.
Akif Mustafayev: TRACECA tədbirlərinin birinə cənab prezident təbrik məktubu göndərmişdi. O təbrik məktubundan bir sitatı deyirəm. O, belə demişdir: “Qədim İpək yolunun bərpası keçmişdə başlayır, ancaq gələcəyə aparan yoldur və bu yol bütün region xalqlarına və dünya xalqlarına firavanlıq, xoşbəxtlik bəxş edəcək”. Yəni, bu, doğrudan da, qızıl hərflərlə yazılasıdır. Keçmişdən başlayan və gələcəyə aparan yoldur. Mən elə bilirəm ki, bunu biz hamımız yadımızda saxlamalıyıq və özümüzü gələcəyə tənzimləməliyik.
Aparıcı: Akif müəllim çox önəmli məqamlara toxundu. Bəli, cənab Prezident İlham Əliyevin liderliyilə Azərbaycan bir çox qlobal layihələrə imza atdı. Amma bu layihələr, ilk növbədə məhz ölkəmizin, vətəndaşların istifadəsi, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi üçündür və Akif müəllim bildirdi ki, bu layihələrin tam gücü ilə işə düşməsi üçün vahid tarif, gömrük siyasəti olmalıdır. Ən əsası, İqbal müəllim, biz bilirik ki, Bakı-Tbilisi-Qars dəmir yolunun özünün şaxələndirilməsi istiqamətində bu gün sistemli addımlar atılır, konkret proqramlar var. Bax, bu istiqamətdə sizin fikirlərinizi eşitmək istərdik. Real nəticə necədir, hansı istiqamətlərdə bu gün iş gedir?
İqbal Hüseynov: Son üç ildə Azərbaycanın Dəmir Yolunda çox böyük işlər görülübdür. Bu görülən işlər hələ davam etməkdədir. Bu gün yüklərin  həcmini artırmaq, yükləri daha tez çatdırmaq üçün biz artıq vaqon parkımızı, yük vaqonları parkını, konteynerlər parkımızı, lokomativlərimizi yeniləməliyik, yenilərini almalıyıq. Eyni zamanda, siz, yəqin, fikir verirsiniz, Dəmir Yolu olaraq biz, bir çox sahələrdə əməkdaşlıq edirik. Artıq biz Avropa Dəmir yolları ilə sıx əməkdaşlığa başlamışıq. Cənab prezidentin keçən il Polşaya səfəri zamanı orada imzalanan mühüm sənədlərdən biri də Polşa Dövlət Dəmir yolları ilə Azərbaycan Dəmir yolları arasında bağlanmış strateji əməkdaşlıq bağlantısı idi. Bu yaxınlarda İtaliya prezidentinin Bakıya səfəri zamanı yenə də imzalanmış sənədlərdən biri İtaliya Dəmir Yolları və Azərbaycan Dəmir Yolları arasında olan əməkdaşlıq sənədi idi və o sənədlərdən irəli gələn tələblərə uyğun olaraq biz bu gün Polşanın Slavkov deyilən stansiyasından Trans-Xəzər, həmçinin  Cənub-Qərb marşrutu üzrə əməkdaşlıq edirik, eyni zamanda, test vaqonunu da daşımışıq, yüklərin daşınma müddəti, onların qorunması uğurla nəticələnibdir.
İtaliya Dəmir Yollarına gəldikdə, onlarla yeni, maraqlı proyekt üzərində işləyirik - Adriatik dənizində Triest limanının istifadəsi ilə Triestdən Avropa yüklərini Türkiyənin Mersin limanına gətirmək və oradan Bakı-Tbilisi-Qars xətti ilə ya Azərbaycana, ya Asiya dövlətlərinə ötürmək.
Bildiyiniz kimi, artıq İranın ərazisində biz terminalı yaratmışıq, yükləri həm Rusiya, həm İran, həm Azərbaycan, həm də Belarus dövləti olaraq, Şimal-Cənubun bir qolu kimi Avropaya Belarus üzərindən aşırmağa başlamışıq. İkincisi, İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Polşa birlikdə Cənub-Qərb marşrutu yaradıbdır və onun da koordinasiya komitəsi Azərbaycandadır, Azərbaycan Dəmir Yolları tərəfindən həyata keçirilir. Orada da biz artıq müəyyən yüklərin daşınmasını həyata keçiririk.
Bu gün Astara terminalından biz İranın ixrac yüklərini Türkiyəyə, Gürcüstana daşıyırıq. Əldə olunmuş son razılığa görə, oktyabrın birinci yarısında Hindistanda böyük bir konfransın keçirilməsi nəzərdə tutulubdur. Əsasən, onunla hazırda Rusiya Dəmir Yolları məşğuldur. Yəqin ki, bu ayın axırına kimi vaxtı və yeri bilinəcəkdir.
Aparıcı: Yeri gəlmişkən, Soçi görüşündə Putin bir məsələni də qeyd etdi ki, Rusiya tərəfi də Şimal-Cənub nəqliyyat dəhlizinin tez bir zamanda reallaşması istiqamətində kompleks addımlar atacaq, yəni sistemli iş gedir, konkret proqram əsasında addımlar atılır və onun da real nəticələri, təbii ki, olacaq.
Ziyad Səmədzadə: Heydər Əliyev deyir: “Böyük İpək yolu keçmişdə başlansa da, gələcəyə doğru gedən yoldur”. Mən inanıram ki, əgər biz əməkdaşlıq edə-edə, bir-birimizə hörmət bəsləyərək və bir-birimizi dəstəkləyərək bu yolla birlikdə getsək, xalqlarımızı firavanlığa və tərəqqiyə çıxaracağıq”.
Azərbaycan iqtisadiyyatı bu gün özünün elə bir inkişaf mərhələsinə çatıb ki, artıq real proqnozlar vermək olar. Qlobal sarsıntılar var, dünya bazarında təbii resursların qiymətləri artır və azalır.  Amma Azərbaycan bu mərhələni çox böyük uğurla keçdi. Respublikamızın iqtisadi inkişafında nəqliyyat kompleksinin rolu artır. Hansısa mərhələdə iqtisadi artım bu və ya digər dərəcədə azala bilər. Qədim İpək yolunun bərpası bu bazada özünəməxsus rola malikdir. Amma əsas məsələ ondan ibarətdir ki, gələcək yüksəliş üçün güclü baza var.
Tranzit marşrutları bir günə seçilmir. İllər boyu, onilliklər boyu müzakirələr, hesablamalar aparılır ki, mən bu yüklərimi qısa zaman kəsiyində Avropaya daşıya bilərəmmi, Avropadan ala bilərəmmi? Avropa İttifaqı ilə nəqliyyat dəhlizi ilə əlaqədar olaraq əməkdaşlığın bir neçə şərti var. Brüssel bəyannaməsində, Bakı sammitində qəbul edilmiş sənədlərdə və əlavə sazişlərdə də göstərilib ki, Avropadan yüklənən yüklər heç bir maneə olmadan sonuncu məntəqəyə çatsın. Amma vaxt var idi ki, yükləri hər bir ölkədə açırdılar, baxırdılar, sənədlər tərtib olunurdu və s. Bütün bunlar da vaxt itkisi demək idi. Bu kimi nöqsanlar tam aradan qaldırılmalıdır.
XXI əsr rəqabət mübarizəsidir. Əgər biz tarifləri yüksək etsək, sərhəddə maneələr olsa, yüklər daşınmayacaq, gömrük problemləri olsa, problemlər artacaq. Cənab prezidentin də  tapşırığı var ki, yüklər maneəsiz, vaxt yubatmadan keçməlidir. Ona görə bu qədim İpək yolunun bərpası layihəsi müvafiq strukturların qarşısında çox böyük məsuliyyət qoyur. Biz menecment qaydalarını təkmilləşdirməliyik. Ələt İqtisadi Zonası yaradılır. Onun yaranması adi bir məsələ deyildi, dünyanın ən vacib, mühüm şirkətlərindən biri idarəmizə cəlb olunub. Deməli, biz orada yeni, müasir, dünyəvi oyun qaydalarını tətbiq etməliyik, investisiya mühitini yaxşılaşdırmalıyıq, xaricdən gələn investorlar üçün əlverişli şərait yaratmalıyıq. Bütün bunlar sistemli şəkildə aparılır, yüksək nəticələr əldə edilir. Bu yolun bərpası Azərbaycana çox-çox böyük dividendlər gətirəcək. Yenə də deyirəm, qədim İpək yolu Azərbaycan xalqı və dövləti, bütövlükdə həminregionda yerləşən ölkələr üçün daimi kapital, daimi sülhün təmin edilməsi deməkdir.
Strateji əhəmiyyət kəsb edəndaimi gəlir mənbəyidir və müstəqilliyimizin qorunmasında Xəzərin statusu ilə bağlı konvensiya da tarixi hadisədir. Uzun illər bu məsələ həll olunmurdu. 2000-ci ildə Bakıda səfərdə olan  Rusiyanin xarici işlər nazirinin müavini Pastuxov müraciət edərək  deyir ki,  Xəzərin statusu barədə ümumi razılığa gəlmənin  açarı sizdədir.
Bu məsələdə də ulu öndərdən sonra cənab Prezident İlham Əliyevin apardığı müdrik siyasət, sağlam qonşuluq münasibətlərini qurmaq  istiqamətində onun gördüyü işlər  Xəzərin statusu ilə bağlı 5 dövlət arasında konsensusu təmin etdi. Yəni, düşünülmüş, milli maraqlara cavab verən iqtisadi siyasət Azərbaycanın nəqliyyat sektoru vasitəsilə həyata keçirilən və keçiriləcək layihələrin səmərəsini qat-qat artıracaq.