Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Azərbaycan və Türkiyə əsgərləri Vəfa konserti ilə anıldı **** Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin görüşü olub **** «Nəsimi»dən başlayan uğur **** “Nar”dan Türkiyəyə səfər edənlər üçün sərfəli rouminq paketi **** Ziyad Səmədzadə: Xəzər sülh, təhlükəsizlik dənizi olacaq **** “Nar”dan sosial şəbəkələrdə üstün müştəri xidmətləri **** “Rabitəbank”dan dövlət qulluqçularına 0 faiz komissiya ilə kredit ****
Qəzetin çap variantları
20-26 sentyabr 2018-ci il
38 (1033)
14-19 sentyabr 2018-ci il
37 (1032)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr
Şəfa tapmaqdan dəyərli nə ola bilərki?!
 
 
Adı dillərdə əzbər olan Naftalan! Bu şəhəri tanımayan vardımı? Vaxtilə -  sovetlər dönəmində şanı-şöhrəti aləmi bürümüşdü. İttifaq çökdükdən, bütün əlaqələr qırıldıqdan sonra, necə deyərlər, Naftalan da çökdü, 90-cı illərin əvvəllərində elə miskin görkəmə düşdü ki, şəhəri tanımaq olmurdu. Sanki belə bir şəfa ocağı yox imiş. Bütün sosial infrastruktur, yollar, parklar, xiyabanlar dağıdılıb sıradan çıxmışdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə gəlişinə, yəni 1993-cü ilə qədər vəziyyət belə davam etdi. Ölkədə mövcud olan ictimai-siyasi gərginliyə baxmayaraq, ümummilli liderimiz bütün digər məsələlər kimi, Naftalan şəhərini də diqqətdən kənarda qoymadı. Əsl inkişaf və yüksəliş dalğası isə cənab Prezident İlham Əliyev tərəfindən 2004-cü ildən başlandı. Artıq 14 ildir ki, Naftalan şəhəri müstəqil Azərbaycanın gözəl və cəlbedici turizm məkanlarından biri kimi fəaliyyət göstərir.
Naftalan şəhərinin tarixi haqqında danışarkən, öncə yada qiymətli müalicə məlhəmi olan Naftalan nefti düşür. Hələ XIX əsrin axırlarında alman mühəndisi Yuger Naftalanda ilk dəfə quyular qazmış, həmin quyulardan çıxarılan nefti emal etmək üçün kiçik zavod tikdirmişdir. Naftalan mazutunun Almaniya vasitəsilə Yaponiyaya, ABŞ-a, İngiltərəyə, Hollandiyaya və başqa ölkələrə yayılması onu əvəzsiz dərman kimi məşhur etmişdir. Alman alimi Unnanın dediyi bu sözlər dillər əzbərinə çevrilmişdir: "Kimin naftalanı varsa, onun hər şeyi var". Tarixdən o da məlumdur ki, 1904-1905-ci illərdə rus-yapon müharibəsi zamanı əsir düşmüş Yaponiya əsgərlərinin təcili yardım çantasında naftalan mazı ilə dolu bankalar tapılmışdır. Kustar şəkildə istifadə olunan Naftalan neftinin əsl şöhrəti XX əsrin ortalarında meydana çıxmağa başlamış, 1964-cü ildə Naftalan Sanatoriya Kurort Birliyi yaradılmışdır. Yevlax və Goranboy rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərən Naftalan sürətlə böyümüş, 1967-ci ildə Sovetlər Birliyinin ən məşhur sağlamlıq ocaqlarından biri kimi ona şəhər statusu verilmişdir. Əsl yüksəliş illəri yuxarıda da deyildiyi kimi, ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik dövrünə təsadüf edir. Yeni müalicə və kurort müəssisələrinin bir çoxu o illərdə tikilmişdir. 1988-ci ildən respublikanı bürüyən xaos, hərc-mərclik bu şəfa ocağından da yan keçməmiş, sanatoriya binalarına qaçqın və köçkün soydaşlarımız köçürülmüşdür.
Gəlin, bu gün Naftalana baxın! Qarşınızda möcüzəli bir aləm açılacaq. Həyata keçirilən tikinti, quruculuq tədbirləri, uğurlu reallaşdırılan iri layihələrin hesabına Naftalan öz simasını büsbütün dəyişib, gözəlləşib, müasirləşib. Sanki əsrlərə, qərinələrə bərabər yol qət edilib.
Sözsüz ki, Naftalan şəhərinin yüksəlişindən danışarkən, son 14 il ərzində cənab Prezident İlham Əliyevin bu şəhərə səfərləri, verdiyi tapşırıq və tövsiyələr, imzaladığı fərman və sərəncamlar xüsusi qeyd olunmalıdır.
Təxminən, üç ay öncə ölkə prezidenti növbəti dəfə  Naftalan şəhərində səfərdə olmuş, səfər çərçivəsində 1,8 hektar ərazini əhatə edən müasir tipli xəstəxananın açılışında iştirak etmiş, tibbi personalla və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşərək öz tapşırıq və tövsiyələrini vermişdir.
Kurort şəhəri həmişə qonaqlı-qaralı, gəlimli-gedimli olur. Hər yerdə yaşıllıq, gül-çiçək, səliqə-sahman görəndə insanın qəlbi açılır, ovqatı yaxşılaşır. Naftalanda bunların hər biri var. Məhz turistləri buraya, necə deyərlər, çəkib gətirən də budur.
Demək olar ki, Naftalan şəhəri yenidən qurulub. Cari ildə də abadlıq-quruculuq işləri davam etdirilir. Hazırda Səməd Vurğun parkında geniş abadlıq-quruculuq işləri görülür. Başqa park və xiyabanlarda abadlıq tədbirləri davam etdirilir. Çoxmərtəbəli binalarda, küçə və yollarda təmir-bərpa və yenidənqurma işləri aparılır. Naftalan şəhərinə ildə azı 35 min turist gəlir. Bu səbəbdən şəhərin təmizlik və abadlıq işlərinə xüsusi diqqət yetirilir, sanitar-gigiyenik vəziyyət daim nəzərdə saxlanılır.
Havaların isti keçməsi ilə əlaqədar şəhərin park və xiyabanlarında, şəhərdaxili yolların kənarlarında salınmış yaşıllıq zolaqlarının suvarılmasına diqqət artırılır.
Naftalan bu gün həm nadir müalicəvi neftinə, həm də müalicə və istirahət üçün yaradılan müasir infrastrukturuna görə turistlər üçün cəlbedici məkana çevrilib. Məhz bunun nəticəsidir ki, burada dincələnlərin və müalicə olunanların sayı artır. Cari ilin altı ayında şəhərin kurort və istirahət ocaqlarına 12 mindən çox turist gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,5 faiz çoxdur. Bunun 5831 nəfəri xarici turistlər olub. Müvafiq dövr ərzində Naftalan şəhərinə daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Ukraynadan olan turistlər gəlmişlər. Ərəb ölkələrindən gələn turistlərin sayında da artım müşahidə olunmuşdur. Hazırda Naftalan şəhərində fəaliyyət göstərən 3-ü beşulduzlu olmaqla 10 sanatoriya və müalicə mərkəzi eyni vaxtda 2,2 min turist qəbul etmək gücündədir. Turizm potensialının tanıtımı, müalicə ocaqlarının təbliği məqsədilə şəhərdə fəaliyyət göstərən turizm obyektlərinin respublikada və xarici ölkələrdə keçirilən sərgi və görüşlərdə fəal iştirakı təmin edilir. Həmin tədbirlərdə Naftalan şəhəri, onun müalicəvi əhəmiyyətə malik kurort-müalicə müəssisələrində göstərilən xidmətlər haqqında əcnəbi vətəndaşlara ətraflı və dolğun məlumatlar verilir. Belarus Həmkarlar Federasiyasının təşkilatçılığı ilə Minsk şəhərində keçirilən turizm sərgisində Naftalan turizm obyektlərinin işləri geniş təqdim olunmuşdur. Özbəkistanın kultura.uz portalı isə Naftalan nefti haqqında məqalə yaymışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı, Fiziologiya İnstitutu və Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Naftalan-2018" beynəlxalq elmi-praktik konfransı keçirilmişdir. Naftalan neftinin Avropa ölkələrində tanıdılması üçün bir sıra turizm obyektlərinə Avropa standartlarına uyğunluq sertifikatı verilmişdir. Naftalan nefti əsasında məhsullar hazırlayan "Qətransız Naftalan məlhəmi" MMC-nin istehsal etdiyi məhsullar "Made in Azerbaijan" brendi altında xarici bazarlara çıxarılır.
Naftalanın tarixi şöhrətinin özünə qaytarılması, onun daha geniş arealda tanınması cənab Prezident İlham Əliyevin daim diqqət mərkəzində saxladığı məsələlərdəndir. "Azərbaycan Respublikasında ixtisaslaşdırılmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiq edilməsi barədə Azərbaycan Prezidentinin müvafiq fərmanı Naftalan şəhərinin perspektiv inkişaf imkanlarının artırılmasına güclü təminat yaradan sənəddir. Naftalan nefti əsasında mövcud və yeni məlhəmlərin təşviqi, turistlər üçün cəlbedici ola biləcək məkanlarda modern bərpa-yenidənqurma tədbirlərinin həyata keçirilməsi, paytaxt Bakı və Naftalan arasında surətli, rahat avtobus və qatarların istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Naftalanda görülən işlər, həyata keçirilən tədbirlər bölgə iqtisadiyyatının gücləndirilməsinə də güclü təkandır. Bu həm də turizm sahəsində azad sahibkarlığın inkişafına və çiçəklənməsinə yeni yollar və imkanlar açır. Naftalan şəhərində fəaliyyət göstərən turizm obyektlərində özəl bölmənin payının artması, investisiya mühitinin yaxşılaşması, sağlam rəqabətin təmin olunması Azərbaycan Respublikası Prezidentinin üstün mövqelərə çıxardığı strateji hədəflərdir.
Naftalan şəhərində turizmin inkişaf etdirilməsi digər sahələrin də dirçəldilməsinə geniş yollar və imkanlar açmışdır. Belə ki, regiona nə qədər çox turist gələrsə, digər sferalarda da canlanma baş verər, mal və əmtəə satışı, xidmət dövriyyəsində də artım özünü göstərər. Bu isə sonucda kiçik və orta biznesin, ailə-fermer təsərrüfatlarının inkişafına gətirib çıxarır. Kənd təsərrüfatı və ərzaq məhsullarının bir çox çeşid və növlərinin yerli istehsal hesabına ödənildiyinə görə sahibkarlıq subyektlərində daha çox məhsul istehsal etməyə, xidmətlər göstərməyə maddi stimul və həvəs yaranır.
Turizmin daxili strukturunun genişlənməsində, yeni turizm növlərinin intişar tapıb formalaşmasında maraqlı olan sahibkarlar zümrəsi meydana çıxır. Fərdi evlərdə, kiçik istirahət mərkəzlərində turist qəbul etməklə yeni iş yerləri açılır, insanların sosial vəziyyəti yaxşılaşır. Axı, turizm dünyada ən gəlirli sahələrdən biri sayılır. Naftalan şəhərində də bu sahədə böyük imkanlar və güclü potensial mövcuddur.
Naftalan bu gün respublikamızın axarlı-baxarlı, qonaqlı-qaralı turizm mərkəzlərindən birinə çevrilib. Sübh tezdən qürub çağınadək şəhərdə gur və qaynar həyat yaşanır. Hər kəsin çöhrəsinə xoş duyğular hakim kəsilib. Şəfa ocağında şəfa tapmaqdan dəyərli nə ola bilər ki?!
 
Zülfü İLYASOV,
bölgə müxbiri