Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Göygöl rayonu turizm sahəsində güclü potensiala malikdir

 

Turizm dünyada ən çox gəlir gətirən sahələrdən biri sayılır. Bu həm də ölkənin qlobal müstəvidə tanınması, sayılıb-seçilməsi baxımından önəmlidir. Azərbaycanda da bu sahəyə böyük diqqət yetirilir, özəl bölmənin strukturunda onun çəkisi ilbəil artır. Buna həm də respublikamızın təbii-coğrafi şəraiti, yerləşmə mövqeyi, zəngin milli-mənəvi dəyərləri təkan verir. Son illər bölgələrdə turist  qəbul etmək üçün çoxlu sayda müasir tipli otellər, istirahət mərkəzləri, turizm kompleksləri tikilib istifadəyə verilmişdir.
«Azərbaycan 2025-ci ilədək həm regionda, həm də dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək…»
Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 dekabr tarixli fərmanı ilə təsdiqlənən «Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji Yol Xəritəsi»ndə öz əksini tapmışdır. Bu Yol Xəritəsi Azərbaycanda turizm sektorunun inkişafı ilə bağlı bir çox yenilikləri önə çəkir.
Buraya turizm obyektlərinin modernləşdirilməsindən, viza rejiminin sadələşdirilməsindən tutmuş, turizmin bütün növ və istiqamətlərini özündə ehtiva edən kompleks məsələlər daxildir. Bütün bunlar yaxın gələcəkdə bu sahənin inkişafına intəhasız perspektivlər açacaq.
Respublikamızın əsrarəngiz, dilbər guşələrindən biri də Göygöl rayonudur. Ulu Gəncənin bir addımlığında yerləşən axarlı-baxarlı məkanlar yayın bu qızmar günlərində qonaqlı-qaralıdır. Toğanlıya, Çaykəndə, Çənlibelə, Ay işığına, Üçbulağa, dağlar ilahəsi Göygölə istirahət üçün üz tutanların sayı artıb.
Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ilin bu çağında Göygöl rayonuna istirahətə gələnlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Bu, hər şeydən öncə, rayonun ayrı-ayrı istirahət məkanlarında yaradılan rahat və müasir şəraitlə bağlıdır. Göygöl rayonundan başlanan geniş asfalt yol Toğanlıya qədər uzanıb gedir. İstirahət mərkəzləri bu yol boyunca sıralanır. Hər istirahət mərkəzini ötüb keçdikcə bir izdiham və qələbəliyin şahidi olursan. Son günlər havalar olduqca isti keçdiyindən insanlar axın-axın dağlara, meşələrə, buz bulaqların üstünə üz tuturlar. Belə istirahət məkanlarından biri Toğanlı kəndində yerləşən «Cənnət məkan» istirahət mərkəzidir. Buralar, sözün əsl mənasında, cənnətdir desək, heç də yanılmarıq. İstirahət mərkəzi meşə massivində salınıb, burada büllur kimi bərq vuran dağ çayı axır. Ərazi boyu zövqlə qurulmuş katejlər, müxtəlif əyləncə və oyun mərkəzləri bir-birini əvəz edir.
İnsan əli füsunkar təbiətin üstünə sığal çəkərək, bu gözəllikləri bir az da zənginləşdirib, tamamlayıb. Ağaclar, bulaqlar, çiçəklər, çəmənlər bir-biri ilə sanki bəhsə girərək, buraya gələnlərə xoş ovqat, unudulmaz anlar bəxş edir.
İstirahət mərkəzi 2003-cü ildən fəaliyyət göstərir, 166 yerlikdir. Ötən il buraya istirahətə gələnlərin sayı 3 mini ötüb keçmişdir. Necə deyərlər, bir dəfə buraya üz tutdunsa, mütləq təkrar dönəcəksən. Turistlərin coğrafiyası da genişdir. Bakı, Gəncə, Sumqayıt şəhərlərindən, həmçinin aran bölgələrindən gələnlər çoxluq təşkil edirlər. Son illər «Cənnət məkan»a xarici ölkələrdən, o cümlədən Ərəb ölkələrindən, Rusiyadan, Ukraynadan, Pribaltika ölkələrindən də qonaqlar gəlir. Azad sahibkarlığa yaradılan münbit şərait istirahət mərkəzini daha da genişləndirməyə imkan verəcək.
«Ağrıdağ» ailəvi istirahət kompleksi də bölgənin sayılıb-seçilən turizm məkanlarından sayılır. Burada eyni vaxtda 85 nəfər istirahət edə bilir. Ötən il kompleksdə istirahət edənlərin sayı 1600 nəfərdən çox olmuşdur. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, cari mövsümdə turistlərin sayı xeyli artacaq. Burada ən çox Rusiya Federasiyasından gələn soydaşlarımıza rast gəldik. Onlar dedilər ki, bu yerlər insanı məftun edir. Sanki sehrli bir aləmə düşürsən, ağuşundan çıxa bilmirsən. Həm özün dincəlirsən, həm də ruhun dincəlir. Qonaqlar bir istəklərini də dilə gətirdilər. Dedilər ki, Toğanlıya qədər yol yaxşıdır, qalan məsafədə yol təmir olunarsa, gəliş-gediş asanlaşar. Həm də ki, yol da bu gözəlliklərə layiq olmalıdır, axı!
Göygöl rayonunda gözəl və nümunəvi istirahət məkanlarından biri də «Sevimli məkan»dır. Artıq 4-cü ildir ki, fəaliyyət göstərir. Kompleksdə dedilər ki, hazırda burada 45 nəfər dincəlir. Ən çox qonaq Bakıdandır. Digər bölgələrdən gələnlər də var. Müraciət edənlərin sayı çoxdur. Yerlər məhdud olduğuna görə qəbul edə bilmirlər. Burada da genişləndirmə və yenidənqurma işlərinin aparılmasına ehtiyac duyulur. Bakıdan gələn bir qrup qonaqla görüşüb söhbətləşdik. Dedilər ki, əvvəlcə fikirləşdik ki, iki gün burada qalıb başqa yerə gedərik. Ancaq indi qərara almışıq ki, axıracan burada qalıb istirahətimizi davam etdirək. Dağlar, meşələr, bulaqlar, güllər, çiçəklər öz yerində, xidmət personalının qonaqpərvərliyi, xoş rəftarı bizi çox razı salır. Qiymətlərdən də narazılığımız yoxdur.
Göygöl, həm də kənd turizmi üçün əlverişli bir məkandır. Rayonda elə bir kənd, qəsəbə, yaşayış məntəqəsi tapmaq olmaz ki, qonaqlı-qaralı olmasın. Özü də ki, ilin bütün fəsillərində ən çox turist qəbul edən kəndlər bunlardır: Yeni Zod, Aşıqlı, Toğanlı, Topalhəsənli, Üçbulaq, Çaykənd, Mixaylovka, Şəhriyar… Kənd turizminin, ekoturizmin, dağ turizminin inkişafı bir çox vacib amillərlə bağlıdır. Başqa sözlə desək, turist marşrutu keçən yaşayış məntəqələrində müasir infrastruktur yaradılmalı, işıq, qaz, içməli su, yol və digər zəruri problemlər öz həllini tapmalıdır.
Bütün bunlar yoxdursa, dağlar, meşələr, bulaqlar, çəmənliklər nə qədər füsunkar olsalar da, insanları özünə cəlb edə bilməz. Müasir turizmə baxış köklü şəkildə dəyişməlidir. Turizmin həm formasında, həm də mahiyyətində yeni keyfiyyət meyarları önə çıxıb, onun daxili strukturunda diversifikasiya prosesləri  dərinləşib. Gərək zamanla ayaqlaşa biləsən. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, son illər Göygöl rayonunun sosial-iqtisadi həyatında ciddi dəyişikliklər baş verib, rayonun siması inanılmaz dərəcədə gözəlləşib, müasirləşib. Rayonun ərazisindən keçən Bakı-Qazax magistral yolunun 353-cü kilometrindən Çaylı-Pənahlılar-Dozular kəndarası avtomobil yolunun inşası artıq başa çatmışdır. Yolun uzunluğu 18 kilometr olmaqla 3 yaşayış məntəqəsini əhatə edir. Bundan başqa, Göygöl şəhəri-Xanlar qəsəbəsi-Aşıqlı-Hacıkənd-Mixaylovka-Yeni Zod-Toğanlı-Göygöl avtomobil yolu təxminən 24 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini, Göygöl Milli Parkını birləşdirir. Uzunluğu 38 kilometr olan bu yolda işlər sürətlə davam etdirilir.
Elektrik enerjisi, qaz, içməli su, rabitə və başqa sahələrdə də ardıcıl və sistemli işlər görülmüş, yerli əhalinin və qonaqların rahatlığını təmin edən zəruri tədbirlər həyata keçirilmişdir. Adı mahnılarda və nəğmələrdə vəsf olunan durna gözlü Göygölə sanki ikinci həyat bəxş edilib. Uzun müddət insanlar buraya həsrət qalmışdılar. Artıq bir neçə ildir ki, Milli Park kimi öz qapılarını ziyarətçilərin üzünə açıb. Dünyada elə bir azərbaycanlı tapmaq çətindir ki, Göygöldə olmaq istəyində bulunmasın. Göygöl, Maraq göl, Azərbaycan xalqının sirli-sehrli tarixini yaşadan canlı tablodur, gözəllik ilahəsidir. Onun yaranışı da ilahidən gəlib. 1139-cu ildə Gəncədə baş verən dağıdıcı zəlzələdən sonra yaranıb…
Yuxarıda deyilənlərdən nəticə çıxararaq, belə qənaətə gəlmək olar ki, ölkəmizin turizm sahəsində potensialı böyükdür və bu imkanları hərəkətə gətirmək üçün bir sıra zəruri addımlar atılmalıdır. Dövlət tərəfindən azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına hər cür şərait yaradılıb. Bunun nəticəsində müsbət meyillər özünü göstərir. Lakin hər şeyi dövlətin üstünə atmaq düzgün yanaşma deyil. İqtisadi sistem bazar prinsipləri əsasında qurulub. Burada hər şey sahibkarlıq subyektlərinin ixtiyarına buraxılıb. Yeni ideya və təşəbbüslər bilavasitə onlar tərəfindən gəlməlidir. Dövlət kreditləşmə, maliyyə təminatı məsələlərində dəstəyini nümayiş etdirməlidir və bütün bunları edir. Lakin açığını demək lazımdır ki, turizm sahəsində, xüsusilə də bölgə turizmində yeni tipli sahibkarlıq zümrəsinin formalaşması prosesi ləng gedir. Bəzi yerlərdə qiymətlər reallığı əks etdirmir, bu isə turistləri narazı salır. Turizm assosiasiyalarının fəaliyyəti o qədər də nəzərə çarpmır. Bir də ki, bizdə hər şey daxili turizm üçün hesablanıb. Bu da lazımdır, yeni iş yerləri açılır, əhalinin güzəranı yaxşılaşır. Ancaq nəzərə almaq lazımdır ki, ölkə iqtisadiyyatının möhkəmləndirilməsi üçün xarici turizm inkişaf etdirilməlidir. Belə ki, valyutanın ölkə daxilində dolaşması ilə ölkəyə xaricdən valyuta gətirilməsi bir-biri  ilə fərqli məsələdir. Odur ki, ikinci tendensiya turizm biznesində üstün mövqeyə çıxarılmalıdır.

 

Zülfü İLYASOV,
bölgə müxbiri