Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Yanlış qidalnma müasir xəstəliklərin yaranma və inkişafında aparıcı amildir

 

Azərbaycanda əhalinin sağlamlığının qorunmasına və səhiyyə xidmətlərinin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırılmasına yönələn dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm elementlərindən biridir. Belə ki, sağlam insan və güclü səhiyyə uzunmüddətli, dayanıqlı inkişafı təmin etmək üçün insan resurslarına nail olmağa imkan verir.
Bioloji Təbabət Klinikasının elm şöbəsinin əməkdaşı, nutrisioloq-dietoloq həkim Amaliya xanım Rəhimovanın sözlərinə görə, yanlış qidalanma müasir xəstəliklərin yaranma və inkişafında aparıcı amildir. Əsrlər boyu təbabət, əsasən, yaralanmış, infeksion və digər kəskin xəstəliyə düçar olmuş insanların müalicəsinə yönəlmişdir. Müasir dövrdə həkimlərə müraciətlərin əksəriyyəti tədricən inkişaf edən, gizli gedən sistemli və xroniki patologiyalar ilə əlaqəlidir. Hazırda xroniki-degenerativ, yəni illərlə inkişaf edən, sonda isə sağalmayan və ya çətin sağalan xəstəliklər çox geniş yayılmışdır. Tibbin, yeni supertexnologiyaların inkişafına rəğmən, xəstəlik sayı azalmır ki, artır, onların müalicəsində isə nəzərəçarpan, mükəmməl bir nəticə əldə edilmir. Hər il inkişaf etmiş ölkələrdə ürək-damar və digər xroniki xəstəliklərdən milyonlarla orta yaşlı insan həyatını itirir. Bu növ xəstəliklərin vüsət alması dünyada, o cümlədən ÜST tərəfindən ciddi narahatlığa səbəb olub. Onlar, həmçinin ailə büdcəsi və səhiyyə sistemi üçün ağır yükdür. Əsasında gizli iltihab dayanan bu xəstəliklər sırasına infarkt, insult kimi damar krizlərinə səbəb olan ateroskleroz, daha sonra onkoloji xəstəliklər, autoimmun, neyrodegenerativ (Alsheymer, Parkinson), dayaq-hərəkət sistemi xəstəlikləri (artritlər, artroz, skolioz), astma, allergiyalar, metabolik pozulmalar (şəkərli diabet, piylənmə), funksional somatik sindromlar adlanan xroniki yorğunluq sindromu, fibromialgiya, tükənmə sindromu, və s. aiddir. Bu xəstəliklərin yaranma səbəbləri müxtəlifdir. İrsi meyillilik, ekoloji durum, psixoemosional stress, xarici toksinlər (bisfenol, ftalat) mühüm səbəbkar kimi çıxış edərək, ümumi amillərin yalnız 30-40%-ni təşkil edir. 60-70% isə life style, yəni həyat tərzi, o cümlədən yanlış qida vərdişləri ilə bağlıdır. Uzun illər davam edən yanlış qidalanma tədricən orqanizmin kompensator imkanlarının tükənməsinə, adaptasiya qabiliyyətinin azalmasına və nəhayət, xəstəliyə və vaxtından tez qocalmasına səbəb olur.
Amaliya xanım qeyd edir ki, xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların çox hallarda daimi, yəni ömürlük təyini, onların törətdiyi fəsadlar və ən əsası müalicələrin uzunmüddətli və əsasən uğursuz olması yeni müalicə metodlarının axtarışını zəruri etmişdir. Bu baxımdan artıq bir çox pasient və həkimlər zərərsiz, ən əsası isə xəstəliyin nəticəsinə deyil, səbəbinə yönəli alternativ müalicə üsullarına üstünlük verir. Dünya praktikasında bu növ xəstəliklərin müalicə və profilaktikasında Bioloji Təbabət Klinikasında biotənzimləyici, izopatik, mikrobioloji, ortomolekulyar və dietoterapiyadan geniş istifadə olunur. Bakıda mərkəzi klinikası, Göyçay və Sumqayıtda filialları fəaliyyət göstərən Bioloji Təbabət ölkə əhalisi və xarici vətəndaşlara neçə illərdir ki, dəyərli xidmət göstərir. Xroniki xəstəliklərin müalicəsinə yanaşma, qeyd etdiyimiz kimi, çoxistiqamətlidir, lakin hər bir xroniki xəstənin müalicə protokolunun ilk bəndi dietoterapiya, yəni qidalanma vasitəsilə sağlamlaşmadır.
Nə üçün bioloji terapiya zamanı qida korreksiyası bu qədər önəmlidir?
Amaliya xanım bunu belə izah edir: “Məlumdur ki, hər bir orqan milyardlarla hüceyrədən ibarətdir və bu orqanın normal və ya qeyri-kafi fəaliyyəti onun hüceyrələrinin yaşam mühitindən birbaşa asılıdır. Orqanizmdə hüceyrələr yalnız şəffaf, duru mayeli mühitdə fəaliyyət göstərərkən, orqanın və bütövlükdə orqanizmin sağlamlığını təmin edə bilər. Təəssüf ki, müasir qidalanma daxili mühiti kobud şəkildə dəyişərək, metabolik pozulmalara, onların əsasında isə “sivilizasiya xəstəlikləri” adlanan müxtəlif patologiyalara yol açır. Bu mühitin duru, axarlı deyil, qatı bir substansiyaya çevrilməsi hüceyrəarası kommunikasiyaları, hüceyrələrlə mərkəz arasında əlaqələri əngəlləyərək, istənilən terapiyanı bəri başdan uğursuzluğa məhkum edir. Bu mühitin isə normallaşması uğurlu terapiyanın çox vacib şərtidir. Bunun ən fizioloji və qısa yolu isə qida korreksiyasıdır.
“Heç bir xroniki xəstəni onun qidasını korreksiya etmədən müalicə etmək mümkün deyil”, - deyən Amaliya xanımın sözlərinə görə, bu baxımdan drenaj-detoksikasiya və müalicənin ilkin mərhələsində qida korreksiyası (qida ilə daxil olan toksin axınının dəf edilməsi, qida toksikozunun aradan qaldırılması və faydalı (qələvi) qida vasitəsilə endoekologiyanın normallaşdırılması) uğurlu terapiyaya zəmin yaradır. Biotənzimləyici preparatlarla birgə tətbiq edilən sağlam, faydalı qidalanmanın köməyilə xəstəliklərin əsas səbəbi olan sistemli iltihabı dayandırmaq, xəstəliyin irəliləməsini əngəlləmək, bir çox hallarda isə qarşısını almaq mümkündür. Buna necə nail olmaq olar?
İstifadə etdiyimiz bütün qida məhsulları 2 yerə ayrılır: iltihab törədən və əksinə, iltihabı əngəlləyən. İnsanın sağlıq durumu bu iki növ qida məhsulunun nisbətindən asılıdır. Bu nisbət 30:70 olmalıdır, lakin müasir rasionda onun tam əksi müşahidə olunur. Belə ki, karbohidrat və heyvani zülallarla ifrat yüklənmiş müasir rasion müxtəlif istiqamətli zədələyici təsir göstərir. Onların bir neçəsinin təsviri bu təsirin nə dərəcədə dərin olduğunu anlamağa kifayət edər.
Yüksəlmiş bağırsaq sindromu (leaky gut - dəlikli, yaxud aşsüzən bağırsaq), yəni iltihabtörədici qidalarla (karbohidrat və heyvani zülalların yüksək miqdarı) bağırsaq selikli qişasının lokal zədələnməsi (iltihabı); nəticədə bağırsaq hüceyrələrinin baryer funksiyasının pozulması və müxtəlif irimolekullu maddələrin qan dövranına axması nəticəsində yaranan sistemli iltihab;
Disbioz - liflərlə kasad, karbohidrat və zülallarla zəngin qidalanma nəticəsində qoruyucu bakteriyaların azalması, zədələyici mikrobların sayının artması nəticəsində müxtəlif patologiyaların inkişafı;
Qlikasiya - sadə şəkərlə yüklənmiş qidalanma zamanı artıq şəkərin mühüm zülallarla birləşərək onların fəaliyyətinin əngəllənməsi, həmçinin güclü iltihabtörədici qlikotoksinlərin əmələ gəlməsi;
Autofagiya - hər bir sağlam hüceyrədə metabolitlərin, yəni qalıq məhsulların parçalanma mexanizmidir: bu, prosesin karbohidrat və zülallarla yüklənmiş qidalar vasitəsilə pozulması detoksikasiyanın əngəllənməsi və qocalmanın sürətlənməsi deməkdir.
Asidoz - sağlam orqanizmdə normal mühit qələvi olmalıdır, lakin karbohidrat, transyağlar və heyvan mənşəli zülallarla yüklənmiş qidalar daxili mühiti turşulaşdıraraq müxtəlif patologiyaların inkişafı üçün münbit şərait yaradır.
Yanlış qidalanma ilə əlaqəli bu amillərin aradan qaldırılması, biokimyəvi reaksiyaların rəvan getməsi üçün orqanizmin makro və mikro maddələrlə zənginləşdirilməsi, autofagiyanı aktivləşdirən fasiləli qida rejiminin tətbiqi (intermittent fasting) xroniki xəstəliklərin müalicəsi üçün mühüm şərtdir.
Xroniki xəstəliklərin müalicəsi ilə yanaşı, onların profilaktikası da çox vacib məsələlərdən biridir. Bu baxımdan Bioloji Təbabətin təklif etdiyi preventiv tədbirlər, sağlam həyat tərzinə dair tövsiyələr sağlamlığın zamanında qorunmasında yardımçı ola bilər. Bioloji təbabət üsulları ilə aparılan preventiv terapiya aşağıdakı bəndləri əhatə edir:
-cari sağlamlıq durumunun qiymətləndirilməsi (laborator analizlər, instrumental diaqnostika...);
- anamnezə, laborator-funksional nəticələrə əsasən ehtimal edilən xəstəliklərin təqribi proqnozlaşdırılması;
-əldə olunan göstəricilərə əsasən detoks-proqramın tərtibi;
-müalicəvi, daha sonra isə tam balanslı qida protokolunun tərtibi.
Cari statusa uyğun olaraq il ərzində 1-2 dəfə reallaşan və 4-6 həftə davam edən preventiv terapiya ilə nəyə nail olmaq olar?
- orta yaşlı populyasiyanı, xüsusən də kişiləri daim təqib edən ürək-damar və s. xəstəliklərin riskinin xeyli azalması;
- zehni fəaliyyətin, iş qabiliyyətinin yüksəlməsi;
- psixoloji durumun stabilləşməsi;
- sağlıqla bağlı həkimə vizitlərdən azad olmaq.
Preventiv terapiya baxımından xüsusi tövsiyələr gənc analaradır. Körpəlikdən uşağa faydalı qida vərdişlərinin aşılanması onların övladlarına qoya biləcəyi ən böyük sərmayədir. Ölkənin, ümumiyyətlə bəşəriyyətin gələcəyi, sözün əsl mənasında, anaların əlindədir. Hər bir uşağın, yeniyetmənin sabah uğurlu, işgüzar biri olması bu gün anaların mətbəxdə nə hazırladığından birbaşa asılıdır.

 

Nailə CABBAROVA