Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

AXC dövründə mətbuat

 

MƏTBUAT HAQQINDA NİZAMNAMƏ Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat məsələlərini tənzimləyən sənəd olaraq, 1919-cu il oktyabrın 30-da parlament tərəfindən qəbul olunmuşdu. Hökumətin 1919-cu il 30 aprel tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə Nazirliyinə tapşırılmışdı. Lakin 1919-cu il iyunun 20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini bəyəndi və onu parlamentin müzakirəsinə çıxardı. Nizamnamə söz və mətbuat azadlığı prinsiplərinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi, mətbuat da azadlıqla anarxiya arasında sərhədi müəyyən edən qanunlara tabe olmalıdır.
Layihənin parlamentdə hər üç oxunuşu qızğın müzakirələrlə keçdi. «Hümmət» partiyası və sosialist fraksiyası layihənin əleyhinə çıxır və bildirirdilər ki, mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz, Nizamnamə demokratiya və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsili, yaş senzi, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurdu. İclasların birində bəzi bəndlərin qəbul olunması ilə razılaşmayan sosialistlər salonu nümayişkaranə tərk etmişdilər.
Mətbuat haqqında Nizamnamə oktyabrın 23-dən 30-dək parlamentin 87-90-cı iclaslarında müzakirə edildi və üçüncü oxunuşda 1 deputat bitərəf qalmaqla, 21 səsə qarşı 28 səslə qəbul olundu. Nizamnaməyə əsasən, mətbəə açmaq, çap məhsullarını nəşr etmək, buraxmaq və satmaq üçün hökumətin heç bir icazəsi tələb edilmirdi. Yetkinlik yaşına çatmış hər bir vətəndaş mətbu nəşrin məsul redaktoru ola bilərdi. Mətbəə açmaq və ya mətbu nəşr buraxmaq istəyənlər mətbuat işləri üzrə baş müfəttişə bu barədə müəyyən edilmiş formada ərizə verməli idilər.
Nizamnamənin bir sıra maddələrini pozmaqda təqsirli bilinən naşir, mətbəə sahibi və redaktor pulla cərimə ödəməli və ya həbs cəzasına məhkum edilməli idi. Nizamnaməyə mətbuat işləri üzrə baş müfəttiş ştatı əlavə olunmuşdu.


 

ƏKİNÇİ” - Azərbaycanda ilk milli qəzet. 1875-77-ci illərdə Bakıda (iki həftədən bir) nəşr edilmişdir. İlk nömrəsi 1875-ci il iyulun 22-də çıxmışdır. Cəmi 56 nömrə (1875-ci ildə12, 1876-cı ildə24, 1877-ci ildə20) buraxılmışdır. Qəzetin 1877-ci il nəşrinə kiçik formatlı beş əlavə nüsxə də çıxmışdır (№ 1, 6, 7, 13, 15). Azərbaycanda peşəkar dövri mətbuatın başlanğıcı sayılan «Əkinçi»nin banisi, redaktoru, naşiri, korrektoru, bəzən hətta mürəttibi Həsən bəy Zərdabi olmuşdur. Qəzetdə 1200-ə qədər məqalə, məktub, xəbər, felyeton, şeir, redaksiya qeydi və s.verilmişdir. Maarifçi-demokratik ideyaların carçısı və tribunası olan “Əkinçi”nin ətrafında toplanmış qabaqcıl ziyalılar - M.F.Axundzadə, onun davamçıları N.Vəzirov, S.Ə.Şirvani, Ə.Gorani (Adıgözəlov), Əhsənül-Qəvaid, Ə.Heydəri, Məhbus Dərbəndi və b. mürtəcə və mühafizəkar qüvvələr, cəhalət, nadanlıq, gerilik, köhnəlmiş adət-ənənələr, çarizm və yerli feodal istismarı əleyhinə, elm, maarif və mədəniyyətin tərəqqisi uğrunda ardıcıl mübarizə aparmışlar. “Əkinçi”nin Azərbaycan mədəniyyəti tarixindəki mühüm xidmətlərindən biri maarifçi realist ədəbiyyat və incəsənətin inkişafı uğrunda mübarizə aparmasıdır.
“Əkinçi”nin nəşri Azərbaycan dilinin saflığı və zənginləşməsi yolunda mühüm hadisə olmuşdur. Mürtəce qüvvələrin arasıkəsilməz hücumlarına, senzuranın təqiblərinə məruz qalan qəzetin nəşri 1877-ci ilin sentyabrında dayandı. «Əkinçi» Azərbaycan ictimai, elmi və ədəbi-bədii fikri tarixində, XIX ərsin sonu - XX əsrin əvvəllərində milli ziyalılığın və milli azadlıq ideyalarının formalaşmasında, Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin və ideoloqlarının nəzəri görüşlərinin əsasını təşkil edən Azərbaycançılıq ideologiyasının təşəkkülündə və inkişafında mühüm rol oynamışdır. “Əkinçi”nin nəşri milli istiqlala doğru gedən yolda mühüm hadisə idi. 1979-cu ildə Bakıda “Əkinçi”nin tam mətni kitab halında (ərəb əlifbası ilə) buraxılmışdır.


«KASPİ» - ictimai-siyasi, ədəbi qəzet. 1881-ci ilin yanvarından 1919-cu ilin martınadək Bakıda rus dilində nəşr olunmuşdur. 10065 nömrəsi çıxmışdır. İlk 28 nömrəsi həftədə iki dəfə, 1881-ci ilin iyulundan həftədə 3 dəfə, 1884-cü ildən isə gündəlik çıxmışdır. «Kaspi»nin yaradılması ideyası «Bakinskiye izvestiya» qəzetinin redaktoru V.V.Kuzminə məxsus idi. Müxtəlif vaxtlarda qəzetin redaktorları və naşirləri V.Kuzmin, V.Liçkus-Xomutov, Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə və b. olmuşlar. 1897-ci ildə «Kaspi»ni Hacı Zeynalabdin Tağıyev almış və qəzetin redaktorluğunu Ə.Topçubaşova həvalə etmişdir.
H.Z.Tağıyev milli ziyalıları qəzetin ətrafına toplayırdı. Rusca çıxmasına baxmayaraq, 90-cı illərdən etibarən «Kaspi»nin səhifələrində milli məfkurə məsələləri geniş yer aldı. «Kaspi» Ə.Topçubaşovun, habelə sonralar Ə.Hüseynzadənin, H.Zərdabinin redaktorluğu dövründə rusdilli, milli düşüncəli mətbuat orqanına, milli ideyanm başlıca müzakirə mərkəzlərindən birinə çevrildi. Mütərəqqi, demokratik Azərbaycan ziyalılarının görkəmli nümayəndələri - H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, Ə.Ağayev (Ağa oğlu), M.Şahtaxtinski, C.Məmmədquluzadə və b. «Kaspi» ilə əməkdaşlıq edirdilər. Qəzetin səhifələrində Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələri işıqlandırılırdı.
1918-ci ilin martında bolşevik-daşnak quldurlarının Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı «Kaspi» qəzetinin mətbəəsi də yandırılmışdı.

 

«ŞƏRQİ-RUS» - Tiflisdə Azərbaycan dilində həftədə üç dəfə çıxmış, ictimai-siyasi, iqtisadi, elmi-ədəbi qəzet. İlk nömrəsi 1903-cü il martın 30-da, sonuncusu 1905-ci il yanvarın 15-də (cəmi 392 nömrə; 1905-ci ilin əvvəlində həm də Bakıda «Şərqi-Rus»un teleqramları» adlı axşam xəbərlərinin bir neçə nömrəsi) çıxmışdır. Naşiri və redaktoru M.Şahtaxtlı, son 45 nömrəsinin redaktoru isə C.Məmmədquluzadə idi. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. L.Tolstoydan Azərbaycan dilinə ilk tərcümələr bu qəzetdə verilmişdir, «Şərqi-Rus» qəzeti C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ö.F.Nemanzadə, H.Cavid. M.S.Ordubadi. Ə.Qəmküsar, Ə.Nəzmi kimi görkəmli maarifçiləri ətrafında birləşdirmişdi. Bu yaradıcı heyət Azərbaycanda mət­buatın yeni inkişaf mərhələsinin baş­lanmasına («Molla Nəsrəddin») zəmin yaratdı.

 

«HÜMMƏT» - Azərbaycan dilində ilk qeyri-leqal qəzet, sosial-demokrat «Hümmət» təşkilatının orqanı. 1904-cü ilin sonlarından 1905-ci ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nömrəsi çıxmışdır. «Hümmət»in səhifələrində inqilabi ideyalar yayılırdı. Qəzet 1905-ci il fevralın ortalarında «zərərli istiqamətinə görə» polis tərəfindən bağlandı, bəzi əməkdaşları isə həbs edildi. 1906-cı ilin dekabrında “hümmət”çilər «İrşad» mətbəəsində Mehdi bəy Hacınskinin adına 1907-ci ilin martına qədər çıxmış «Təkamül» qəzetinin buraxılmasına icazə ala bildilər. Elə həmin ilin avqustundan sentyabrınadək “hümmət”çilər «Yoldaş» qəzetini nəşr etdirdilər. Bu qəzetlər, əslində, “Hümmət”in varisi və ideya davamçıları idi. Qəzet 1917-ci il iyulun 3-də «Hümmət» təşkilatının orqanı kimi yenidən nəşrə başladı. Ancaq bu zaman M.Ə.Rəsulzadənin başçılıq etdiyi bir qrup ziyalı artıq «Hümmət» təşkilatından uzaqlaşmışdılar.
Bu zaman “Hümmət”in redaktoru Nəriman Nərimanov idi.
“Hümmət”in səhifələrində, əsa­sən, fəhlələri sosialist inqilabına səsləyən məqalələr dərc edilirdi. Bakıda sovet hakimiyyəti qurulduqdan sonra qəzet daşnak-bolşeviklərin rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin tədbirlərini işıqlandırmışdır. 1918-ci il iyulun 31-də Bakı Xalq Komissarları Sovetinin (“Bakı kommunası”) süqut etməsi ilə “Hümmət”in nəşri dayandırıldı. Qəzet 1919-cu ilin mayından 1920-ci ilin mayına qədər Həştərxanda çap olunmuşdur. Bu müddət ərzində “Hümmət”in cəmi 44 nömrəsi çıxmışdır.

 

 «YENİ HƏQİQƏT» - gündəlik qəzet. 1911-ci ildə Bakıda nəşr olunmuşdur. İlk nömrəsi yanvarın 21-də, sonuncu, 44-cü nömrəsi martın 18-də çıxmışdır. «Günəş» və «Həqiqət» qəzetlərinin davamı idi. «Yeni həqiqət»də müxtəlif siyasi-inzibati regionların həyatına dair informasiyalar, beynəlxalq siyasətə, dini məsələlərə dair mə­qalələr, bədii ədəbiyyat nümu­nə­ləri dərc olunurdu. Qəzetin naşiri və baş redaktoru Oruc Orucov, əsas müəllifləri Əhməd bəy Ağayev (Ağaoğlu), Mirzə Ələkbər Sabir, Əli­qulu Qəmküsar və b. idi. 

Avropa dövlətlərinin Şərqdə müs­təmləkəçilik siyasətinin tənqidi, dünya müsəlmanlarının birliyi, «İttihadi-islam» ideyasının təbliği «Yeni həqiqət»in əsas ideya isti­qa­mətini təşkil edirdi. Buradakı yazılarda imperialist dövlətlərin, o cümlədən Rusiyanın müsəlman xalqlarına qarşı yürütdükləri təcavüzkarlıq siyasəti ifşa olunurdu. Məhz buna görə də 1911-ci il martın 19-da «Yeni həqiqət»in nəşri dayandırıldı, naşir-redaktoru Oruc Orucov həbs olunaraq Rusiyanın daxili quberniyalarına sürgün edildi.
Qısa müddətdə çıxmasına baxma­yaraq, «Yeni həqiqət» milli, ictimai-siyasi şüurun, istiqlal ideyalarının oyanışında müəyyən rol oynamışdır.

 

«İQBAL» - gündəlik qəzet. 1912-15-ci illərdə Bakıda Azərbaycan dilində nəşr olunmuşdur.1023 nöm­rəsi çıxmışdır. “İqbal”ın əsas müəl­lifləri Sənətulla Eynullayev - İbrahimov, Seyid Hüseyn, Məhəm­məd Əmin Rəsulzadə, Ha­cı İbrahim Qasımov, Nəriman Nə­ri­manov, Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət, Əli Nəzmi, Xəlil İbrahim, Əkbər Əkbərov və b. idi.
Qəzetin məqsəd və məramı onun birinci sayında dərc edilmiş baş məqalədə şərh olunmuşdur.Müstəmləkəçi imperialist dövlətlərin Yaxın və Orta Şərqdə törətdikləri təxribatların, Rusiya imperiyasının müstəmləkəçilik və ruslaşdırma siyasətinin tənqidi, milli dirçəliş ideyalarının təbliği, milli ədəbiyyatın inkişafı, ana dilinin müstəqilliyi və yad təsirlərdən təmizlənməsi, qadın azadlığı, maarifin xalqa yaxınlaşması və milliləşməsi “İqbal”ın toxunduğu əsas mövzular idi. “İqbal”ın naşir və baş mühərrirləri, müəlliflərinin böyük əksəriyyəti sonralar Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları oldular.

 

«AÇIQ SÖZ» - Bakıda nəşr olunmuş gündəlik ictimai-siyasi, ədəbi qəzet. «İqbal» (1912-15) qəzetinin davamı olub, «Müsavat» partiyasının rəsmi orqanına çevrilmişdi. «Açıq söz» qəzetinin ilk sayı 1915-ci il oktyabrın 2-də «İqdam» mətbəəsində çap edilmişdir. Qəzetin sonuncu sayının nə vaxt çıxması barədə fikirlər müxtəlifdir.
Bəzi mənbələrdə («Azərbaycanda dövri mətbuat (1832-1920)», B., 1965) qəzetin 1918-ci il martın 18-də sonuncu - 704-cü sayının çıxdığı göstərilsə də, «Açıq söz» 1918-ci il 6 oktyabr tarixli 718-ci sayında özündən asılı olmayan səbəblərə görə fasiləyə yol verdiyi üçün oxuculardan üzr istəyərək yazırdı: «Qanlı mart hadisəsi zamanı mətbəəmiz fəhlə şurası və erməni qoşunları tərəfindən talan edilib yandırıldığı üçün qəzetimiz dayandırılmağa məcbur olunmuşdu».
«Azərbaycan dövri mətbuatı. 1832-1920» kitabında (1987) «Açıq söz» qəzetinin 724 sayının çıxdığı göstərilir. Digər məlumatlara görə, qəzetin 750 sayı işıq üzü görmüşdür.
«Açıq söz» qəzetinin naşirləri və redaktorları müxtəlif vaxtlarda Məhəmməd Əmin Rəsulzadə, Məmmədəli Rəsul-zadə, Üzeyir bəy Hacıbəyli, Orac, Qənbər və Abuzər Orucov qardaşları olmuşlar.

 

«BƏSİRƏT» - Bakıda Azərbaycan dilində nəşr edilmiş, həftəlik və bayram günlərində dərc olunmuş siyasi, ictimai, iqtisadi və ədəbi qəzet. İlk sayı 1914-cü il aprelin 12-də, son sayı 1920-ci il mayın 15-də çıxmışdır. 1918-ci ilin mart-sentyabr aylarında nəşr edilməmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşri bərpa olunmuş, üç nömrəsi sovet hakimiyyəti dövründə (cəmi 286 nömrə) çıxmışdır. Baş redaktoru Hacı İbrahim Qasımov, naşiri Qulamrza Şərifzadə idi. “Bəsirətin mövzu dairəsi geniş idi. Burada XX əsrin 10-cu illərinin mühüm hadisələri əksini tapmış, xüsusilə bolşevik daşnakların müsəlman-türk əhalisinə qarşı 1918-ci il mart qırğını zamanı törətdikləri görünməmiş cinayət və vəhşiliklər haqqında məlumatlar verilmiş, bu yazılarda Şaumyan mart qırğınlarının “məşhur qəhrəmanı” adlandırılmışdır. 1918-20-ci illərdə çıxan bu yeganə müstəqil, bitərəf qəzetin səhifələrində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin təsviri geniş işıqlandırılırdı. “Bəsirət”də Azərbaycan qəzalarında vəziyyət, Rusiya, İran, Türkiyə, Gürcüstan və Ermənistanda baş verən siyasi proseslər, Bakının mədəni həyatı ilə bağlı yazılar dərc olunmuşdur.

 

«MUSULMANSKİYE İZVESTİYA» - Bakı müsəlman ictimai təşkilatları komitəsinin mətbu orqanı. «Kaspi» qəzetinin redaksiyası ilə komitənin mətbuat orqanın nəşri haqqında razılığa əsasən, qəzetin 30 aprel 1917-ci il 95-ci sayından etibarən 4-cü səhifəsi «Bakı müsəlman ictimai təşkilatları komitəsinin xəbərləri» adı ilə çıxmağa başlamışdı. İyunun 9-dan etibarən «Xəbərlər»in müvəqqəti redaktoru Ceyhun bəy Hacıbəyli idi. Burada millətlərin öz müqəddəratını təyin etməsi problemi başlıca məsələ kimi işıqlandırılırdı. «Xəbərlər»də «Hazırkı vəzifələrə dair», «Milli komitədə», «Biz necə işləməliyik», «Vəzifələrimiz» başlıqları altında materiallar dərc edilirdi. Qəzetdə müntəzəm olaraq Şimali Qafqaz, Türküstan, Volqaboyu və digər türk diyarlarından xəbərlər dərc edilir, Rusiya xalqları arasında müsəlman və türk həmrəyliyi, Rusiyanın və dünyanın türk və müsəlman cəmiyyətlərinin quruluşu haqqında, «Müsavat» partiyasının təsir dairəsinin genişləndiyi, hətta Stavropolda öz şöbəsini yaratdığı barədə məlumatlar verilirdi. Qəzetdə müsəlman memarlıq abidələri haqqında məqalələr dərc edilir, Bakıdakı Şirvanşahlar sarayının tarixi əhəmiyyəti, çar hakimiyyətinin ona etinasız münasibət bəslədiyi göstərilirdi. «Xəbərlər» Azərbaycanın rusdilli ziyalılarında və bütövlükdə, Azərbaycan xalqının siyasi şüurunun formalaşmasında əhəmiyyətli rol oynamışdır.

 

İTTİHAD” - siyasi, ictimai, ədəbi qəzet. Ceyhun bəy Hacıbəyli tərəfındən təsis edilmiş və ilk nömrəsi 1917-ci il dekabrın 4-də onun baş redaktorluğu ilə çıxmışdır. “Güc ittihaddadır” şüarı ilə çap olunurdu.1918-ci ilin əvvəllərində C.Hacıbəyli “Azərbaycan” qəzetinin rəhbərliyinə dəvət olunandan sonra “İttihad” 59-cu nömrəsindən etibarən “Rusiyada müsəlmanlıq” fırqəsinin rəsmi orqanına çevrilmişdi. Daşnakların azərbaycanlılara qarşı törətdikləri Mart soyqırımı (1918) nəticəsində nəşri müvəqqəti olaraq dayandırılan qəzet 1919-cu ilin fevralından partiya orqanı kimi yenidən çap olunmağa başladı. “İttihad”ın 1918-ci il və 1919-cu ilin aprelinə qədərki nömrələri redaksiya heyətinin (heyəti-təhririyyə) rəhbərliyi ilə çıxırdı. 1919-cu ilin aprelində isə qəzetə “Acaralı Camal” təxəllüsü ilə “Qafqaz İttihad Firqəsi” Mərkəzi Komitəsinin üzvü Camal əfəndi Nakaşidze baş mühərrir təyin olundu. 1920-ci ilin yanvarından isə “Qafqaz İttihad Firqəsi”nin ikinci qurultayının qərarına əsasən, partiyanın sədri Qara bəy Qarabəyli rəhbərlik etməyə başladı. İlk vaxtlar gündəlik çıxan “İttihad” 1919-20-ci illərdə ayda yalnız bir-iki dəfə çap olunurdu. Aprel işğalından (1920) sonra qəzetin nəşri dayandırılmışdır.

 

«İSTİQLAL» - həftəlik qəzet. Türk Ədəmi-Mərkəziyyət firqəsi «Müsavat”ın orqanı. Bakıda nəşr olunmuşdur. İlk nömrəsi 1919-cu il fevralın 4-də, son nömrəsi 1920-ci il aprelin 23-də çıxmışdır. 42 nömrəsi buraxılmışdır. Qəzetin məsləki, məqsəd və vəzifəsi Məhəmməd Əmin Rəsulzadənin birinci nömrədə çap olunmuş «İstiqlal» adlı baş məqaləsində şərh olunmuşdu. «Heyəti-təhririyyə» (redaksiya heyəti) tərəfındən idarə edilən qəzet «Turan» mətbəəsində çap olunurdu.
«İSTİQLAL» - Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Vətəni tərk etməyə məcbur olan Azərbaycan siyasi mühacirlərinin 1932-34-cü illərdə Almaniyanın Berlin şəhərində Azərbaycan dilində nəşr etdirdiyi ictimai-siyasi qəzet. İlk nömrəsi 1932-ci il yanvarın 10-da buraxılmışdı. «İnsanlara hürriyyət! Millətlərə istiqlal!» şüarı ilə nəşr olunan qəzetin redaktoru Məhəmməd Əmin Rəsulzadə idi.
Sovet hökumətinin dəfələrlə təkidli tələbləri nəticəsində Türkiyə Cümhuriyyəti hökuməti öz ərazisində fəaliyyət göstərən Azərbaycan siyasi mühacirətinə qəzet və jurnalların nəşrini qadağan etməyə məcbur olduğundan Azərbaycan mühacirətinin rəhbəri M.Ə.Rə­sulzadə bu məqsədlə fəaliyyət mərkəzini Almaniyaya-Berlinə köçürmüşdü.

 

«NAŞ QOLOS» - gündəlik ədəbi, ictimai-siyasi, menşevik qəzeti. 1-ci nömrəsi 1918-ci il yanvarın 6-da, sonuncu (59-cu) nömrəsi həmin ilin martında Bakıda çıxmışdır. Qəzet redaksiya heyəti tərəfindən buraxılırdı. Erməni-daşnak silahlı dəstələrinin Bakıda Azərbaycan xalqına qarşı törətdiyi Mart soyqırımı (1918) günlərində «Naş qolos» şəhərdəki vəziyyəti geniş işıqlandırmışdı.


«AZƏRBAYCAN» - qəzet, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin orqanı. Gəncədə, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. 4 nömrəsi Gəncədə, sonrakı nömrələri isə Bakıda çıxmışdır. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilmişdir. Qəzetin birinci nömrəsində «Heyəti-təhriyyə» («Redaksiya heyəti») imzası ilə böyük bir yazı verilmişdir.
«Azərbaycan» qəzetinin Bakıda Azərbaycan dilində nəşr olunmuş beşinci nömrəsi 1918-ci il oktyabrın 3-də, rus dilində isə oktyabrın 7-də buraxılmışdır. Bu nömrədən etibarən qəzetin adı altında «Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir» sözləri yazılmağa başlamışdır. Qəzet Azərbaycan dilində çıxan altıncı nömrəsindən, rus dilində isə beşinci nömrəsindən «mühərrirləri: Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli» imzaları ilə buraxılmışdır. Həmin il noyabrın 28-dən isə Azərbaycan dilində olan nömrələr Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrələr Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə nəşr edilmişdir.
1918-ci il dekabrın 31-nə qədər «Azərbaycan» qəzetinin Azərbaycan dilində 75 nömrəsi, rus dilində isə 70 nömrəsi işıq üzü görmüşdür.
1919-cu il yanvarın 16-da buraxılmış 89-cu nömrəsindən etibarən «Azərbaycan» qəzetini Üzeyir bəy Hacıbəyli imzalamışdır. Həmin il iyulun 4-də çapdan çıxmış 216-cı nömrəsindən qəzetə «müvəqqəti müdir Xəlil İbrahim» rəhbərlik etmişdir. 1919-cu il sentyabrın 3-dən 1920-ci il aprelin 28-nə kimi Üzeyir bəy Hacıbəyli yenidən qəzetin redaktoru olmuşdur. «Azərbaycan» qəzetinin 1918-ci il sentyabrın 15-dən 1919-cu il dekabrın 31-nə qədər 358 nömrəsi, 1920-ci il yanvarın 1-dən aprelin 28-nə qədər isə 85 nömrəsi çap olunmuşdur. Bütövlükdə, 1918-20-ci illər arasında qəzetin cəmi 443 nömrəsi çıxmışdır.
«Azərbaycan» qəzeti o zaman öz istiqlalına qovuşmuş Azərbaycan xalqının milli oyanışında çox mühüm rol oynamışdır.

 

AZƏRBAYCAN CÜMHURİY­YƏ­­Tİ HÖKUMƏTİNİN XƏ­BƏR­LƏ­Rİ» - qəzet, Azərbaycan Xalq Cüm­­huriyyəti hökumətinin rəsmi or­­qanı. «Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri»nin nəşrinə başlamaq haqqında qərar 1918-ci il iyulun 3-də qəbul edilmişdir. İlk nömrəsi 1919-cu il yanvarın 25-də çıxmışdır. 1919-cu il iyulun 19-dan həftədə bir, 1920-ci il yanvarın 1-dən isə həftədə iki nömrəsi Azərbaycan və rus dillərində buraxılırdı. «Xəbərlər»də, əsasən, hökumətin qərarları, nazirliklərin sərəncam, əmr və təli­matları, ayrı-ayrı şəxslərin vəzi­fə­yə təyin və ya azad edilmələri ba­rədə məlumatlar, elanlar və s. dərc edilirdi.

 

AZƏRBAYCAN TELEQRAF AGENTLİYİ (AZƏRTAC) - Azərbaycan Xalq Cümhuriyyətinin dövlət informasiya orqanı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu il 3 mart tarixli qərarı ilə yaradılmışdır. Həmin qərara əsasən, əvvəllər Maarif Nazirliyi yanında fəaliyyət göstərirdi. Sonra Poçt və Teleqraf Nazirliyinin sərəncamına verilmiş, yalnız 1919-cu ilin avqustundan müstəqil fəaliyyətə başlamışdır. Hökumət 1920-ci il fevralın 2-də poçt və teleqraf nazirinin təqdimatı ilə Azərbaycan Teleqraf Agentliyinin yaradılması haqqında yeni qərar qəbul etmişdir. AZƏRTAC 1920-ci il martın 1-dən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası yanında müstəqil quruma çevrilmişdi.Agentliyin axırıncı xəbərləri 1920-ci il 28 aprel tarixli qəzetlərdə verilmişdi. Aprel işğalından (1920) sonra AZƏRTAC Azərbaycan Mətbuat Mərkəzinin tərkibində Rusiya Teleqraf Agentliyi Qafqaz Ölkə Müvəkkilliyinin şöbəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1921-ci ildən Azərbaycan Teleqraf Agentliyinə (Azər.TA) çevrilmişdi. 1972-ci ildən «Azərinform» adlanırdı. Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) tərkibinə daxil idi. Azərbaycan yenidən dövlət müstəqilliyi qazandıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 dekabr tarixli sərəncamı ilə bu qurumun tarixi adı (AZƏRTAC) özünə qaytarılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 3 mart tarixli fərmanı ilə ənənəvi adı saxlanılmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyinə, 2000-ci il 17 yanvar tarixli fərmanla isə müstəqil Azərbaycan Dövlət Teleqraf Agentliyinə çevrilmişdir.

 

XALQ SÖZÜ” - gündəlik qəzet. İlk nömrəsi 1919-cu il iyunun 17-də çıxmışdır. Üçüncü nömrəsindən sonra fəaliyyəti dayanmışdır. Əsas müəllifləri Seyid Hüseyn, Qədir Hüseynzadə, Məmmədəli Sidqi və Mirzə Bala Məmmədzadə idi.
«MOLLA NƏSRƏDDİN» - həftəlik, illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı. Birinci nömrəsi 1906-cı il aprelin 7-də (20-də) Tiflisdə çapdan çıxmışdır. 1906-17-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-31-ci illərdə Bakıda nəşr olunmuşdur. Redaktoru və naşiri Cəlil Məmmədquluzadə idi. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxmışdır. Mütərəqqi ideyaların carçısı olan «Molla Nəsrəddin» zəhmətkeş xalq və demokratiya cəbhəsində duraraq, azadlıq düşmənlərini - çar mütləqiyyətini, hakim təbəqələrin ağalığını, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, mövhumat, cəhalət və xurafatı amansız satira atəşinə tutmuş, Azərbaycan xalqının milli oyanışında, əhalinin geniş təbəqələri içərisində istiqlal ideyalarının yayılmasında mühüm rol oynamışdır. Jurnal, eyni zamanda, maarif və mədəniyyətin tərəqqisi, qadın azadlığı, Azərbaycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Kəskin və cəsarətli tənqidi çıxışlarına, «acı həqiqətləri» söylədiyinə görə daim hücum və təqiblərə məruz qalan jurnalm nəşri çar senzurası tərəfindən tez-tez dayandırılmış, bir sıra nömrələri müsadirə olunmuş, redaktoru dəfələrlə məhkəmə məsuliyyətinə cəlb olunmuş, cərimə edilmişdir. Lakin bütün təqib və təzyiqlərə bax­mayaraq, «Molla Nəsrəddin»in haqq səsi çox keçmədən şi­mallı-cənublu bütün Azərbaycanın, Qafqazın hüdudlarını aşıb Rusiyada, Yaxın və Orta Şərqdə eşidilmişdi. Jurnalın Tiflis, Bakı, İrəvan, Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Şəki, Dərbəndlə yanaşı, Orta Asiyada, Krımda, Kazan, Ufa, Həştərxan, Orenburq, Tehran, Ərzurum, İstanbul, Qahirə, Bombey, Kəlkətə və s. şəhərlərdə də çoxlu oxucusu var idi. C.Məmmədquluzadənin dediyi kimi, zəmanənin yaratdığı «Molla Nəsrəddin» dövrünün mühüm ictimai-siyasi hadisələrinə səs verir, onları inqilabi-demokratik baxımdan şərh edirdi. «Molla Nəsrəddin» İran, Türkiyə və Şərq ölkələrində genişlənən milli azadlıq hərəkatını diqqətlə izləyir, beynəlxalq irtica qüvvələrini, yerli istibdadı ifşa edirdi. Sərtarxan, Bağırxan, Xiyabani kimi azadlıq mücahidlərinin başçılığı ilə Cənubi Azərbaycanda və bütün İranda gedən milli-demokratik mübarizə haqqında jurnalın yazıları və rəsmləri yüksək vətənpərvərlik nümunələri idi. «Molla Nəsrəddin» Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik ziyalıları öz ətrafında toplamış, Azərbaycan Xalq Cümhuriyyətinin meydana gəlməsilə nəticələnən milli azadlıq ideyalarının təbliğində mühüm rol oynamışdır. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz və b. şair, yazıçı və jumalistlər, O.Şmerlinq, İ.Rotter. Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər. Jurnal 1926-cı ildən «Heyəti-təhririyyə» imzası ilə buraxılmışdır.
«Molla Nəsrəddin»in yalnız Azərbaycanın deyil, eləcə də Yaxın Şərq ölkələrinin ictimai və ədəbi-bədii fikir tarixində müstəsna rolu olmuşdur.

 

«NEFTYANOYE DELO» - Bakıda ayda iki dəfə rus dilində nəşr olunan jurnal, Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının orqanı. İlk nömrəsi 1899-cu ilin yanvarında, sonuncusu 1920-ci ilin aprelində çıxmışdır. Neft sənayeçilərinin mənafeyini müdafiə etmişdir. «Neftyanoye delo» Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tarixini öyrənmək üçün də qiymətli mənbədir. Jurnalın 1918-20-ci illərdə buraxılmış saylarında neft sənayeçiləri qurultayı şurasının dövlət hakimiyyətinin həyata keçirdiyi tədbirlərə münasibəti ifadə edilmişdir. Rusiyada bolşeviklərin mərkəzi hakimiyyəti ələ keçirməsi jurnalda kəskin pislənirdi. Rusiya burjuaziyası kimi, Bakı burjuaziyası da Sovet hakimiyyətinin yeritdiyi siyasətdən narazı idi. Bakı Xalq Komissarları Sovetinin neft müəssisələrini və Xəzər ticarət donanmasını milliləşdirmək haqqında dekretlərindon sonra jurnal sovet hakimiyyətinə qarşı açıq çıxış etməyə başladı. «Sentrokaspi diktaturası» dövründə çıxan nömrəsində isə (9 sentyabr) bolşeviklər 1918-ci ilin martında hakimiyyəti qəsb etməkdə günahlandırılırdılar. Bakı nefti uğrunda mübarizə dövründə ingilislərin neft sənayesini böhrandan çıxaracağına inanan neft sənayeçilərinin milli və dövlətçilik ideallarına biganə mövqeyi jurnalda dərc olunan məqalələrdə əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinə düşmənçilik mövqeyindən yanaşan jurnal Bakının azad olunması ərəfəsində ingilislərə üstünlük versə də, almanların müdaxiləsinin də əleyhinə olmamışdır. Bununla belə, jurnal Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin bərqərar olmasını neft sənayeçiləri üçün yeni mərhələnin başlanğıcı kimi səciyyələndirmişdi. Neft sənayesinin milliləşdirilməsinin Fətəli xan Xoyski hökuməti tərəfındən ləğvi təqdir olunsa da, bu sahənin işinə sərt nəzarət qərarı razılıqla qarşılanmamışdı. Neft məhsullarının ixracı probleminin yalnız Rusiya ilə sərbəst mal mübadiləsinin bərpası sayəsində həll edilməsinin mümkünlüyü qeyd olunurdu. Yeni dövlət qurumlarının yaranmasının iqtisadi maraqlara zidd olduğunu göstərən jurnal ümumrusiya bazarında sərbəst əmtəə mübadiləsini müdafiə edir, hökumətin neft məhsullarının ixracına aksiz tətbiqi qanunundan kəskin narazılığını bildirirdi. Jurnalın 1920-ci il aprelin 30-da çıxmış sonuncu nömrəsindəki məqalələrin başlıqları – «Бакинская нефть для советской России (“Bakı nefti Sovet Rusiyası üçün”), «Победу советской России и Бакинский нефтяной экспорт» («Sovet Rusiyasının qələbəsi və Bakı neftinin ixracı») Aprel işğalının (1920) mahiyyətini açmaq baxımından səciyyəvidir.


«FÜYUZAT» - həftəlik elmi, ədəbi, ictimai-siyasi, şəkilli jurnal. 1906-cı il noyabrın 1-dən, 1907-ci il noyabrın 1-dək Bakıda Azərbaycan dilində nəşr edilmişdir. Cəmi 32 nömrəsi çıxmışdır. «Füyuzat» Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə nəşr olunurdu. Jurnalın müdiri və baş mühərriri Əli bəy Hüseynzadə idi. Redaksiyası H.Z.Tağıyevin Nikolay (indiki İstiqlaliyyət) küçəsindəki evində yerləşir, «Kaspi» mətbəəsində çap olunurdu. Müsəlman-türk vətəndaşlarını maarifləndirib, mədəni səviyyələrini yüksəltmək, ictimai və milli şüurunu oyadıb, dövlətçilik hisslərini qüvvətləndirmək, bu yolla siyasi birliyini yaradıb, xoşbəxt həyata qovuşdurmaq «Füyuzat”ın əsas amalını təşkil edirdi. «Füyuzat»da bədii ədəbiyyat mərkəzi yer tuturdu. Bir il ərzində jurnal 102 şeir, 3 pyes dərc etmiş, romantik ədəbiyyatın yaranmasına qüvvətli təsir göstərmişdir.
Azərbaycan xalqının mədəni üfüq­lərini genişləndirmək, dünya ədəbiyyatını təbliğ etməklə mil­li ədəbiyyatın inkişafına yeni isti­qamət vermək “Füyuzat”ın fəaliyyətində önəmli yer tuturdu. «Füyuzat» Azərbaycanda milli istiqlal ideyalarının formalaşmasında mühüm rol oynamışdır.

 

«YENİ FÜYUZAT» - Bakıda Azərbaycan dilində nəşr edilən həftəlik illüstrasiyalı jurnal (1910-11). «Füyuzat» (1906-07) ənənələrinin davamçısı olan jurnalın naşiri və məsul müdiri Əlipaşa Hüseynzadə (Səbur), baş mühərriri Əhməd Kamal Rasim oğlu idi. İslam birliyi, milli istiqlaliyyət, siyasi dirçəliş, vətənpərvərlik ideyalarının təbliği, şah, sultan istibdadının, Rusiya və İngiltərə dövlətlərinin Yaxm və Orta Şərq ölkələrində - Misirdə, Ərəbistanda, İranda, Türkiyədə, Əfqanıstanda qanlı müstəmləkəçilik siyasətinin tənqidi jurnalın əsas ideya istiqamətini təşkil edirdi.
«Yeni füyuzat”da islam birliyinin təbliği xüsusilə güclü idi. İmperialist dövlətlərin Şərqdə müstəmləkəçilik siyasətinin tənqidi jandarm idarəsinin diqqətini cəlb etmiş, 1911-ci il martın 19-da naşirin və baş redaktorun evində axtarış aparılmış, naşir və məsul müdir Əlipaşa Hüseynzadə (Səbur) Həştərxana sürgün olunmuş, baş redaktor Əhməd Kamal isə Rusiya hüdudlarından çıxarılıb, vətəni Türkiyəyə göndərilmiş, bununla da «Yeni füyuzat»ın fəaliyyəti dayandırılmışdır.

 

«MƏKTƏB» - demokratik isti­qa­mətli, elmi-ədəbi-bədii jurnal. Bakıda (rəsmən 2 həftədə 1 dəfə) Azərbaycan dilində nəşr olunmuşdur. İlk nömrəsi 1911-ci il 29-da, sonuncusu 1920-ci il martın 21-də (cəmi 95 nömrə) çıxmışdır. Redaktorları Qafur Rəşad (həm də naşiri) və Ə.Əfəndizadə olmuşlar. 1-ci nömrəsindən Nəriman Nərimanovun «Əziz balalar!» başlığı ilə uşaqlara müraciəti verilmişdir.
«Məktəb» jurnalının səhifələrində milli dirçəliş, istiqlal ideyası, ana dilinə bağlılıq, vətənə məhəbbət, övladlıq borcu, ədəb-ərkan, yoldaşlıq, qayğıkeşlik, səmimi münasibət mövzularında yazılar və kiçik uşaq hekayələri, eyni zamanda, xalqın müdrikliyindən, mübariz ruhundan bəhs edən folklor nümunələri, xüsusilə nağıllar, lətifələr, oyun və əyləncələr çap olunurdu. Jurnalda Həsən bəy Zərdabi, Mirzə Ələkbər Sabir, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyli, Abdulla Şaiq, Abbas Səhhət, Cəfər Cabbarlı və b.-nın yazıları ilə yanaşı, xarici dillərdən tərcümələr də dərc edilmişdir. «Məktəb» pedaqoji biliyin və dünyagörüşünün genişlənməsində, maarifə, elmə həvəsin artmasında, uşaqlara yüksək mənəvi-əxlaqi keyfiyyətlərin aşılanmasında əhəmiyyətli rol oynamışdır.

 

 

«ŞEYPUR» - Bakıda Azərbaycan dilində nəşr olunan həftəlik satirik jurnal. İlk sayı 1918-ci il oktyabrın 5-də, sonuncu sayı isə 1919-cu il yanvarın 18-də (cəmi 14 nömrə) çıxmışdır. Redaktoru Məmmədəli Sidqi, naşiri Səməd Mənsur idi. Satirik jurnalistikanın qaydalarına uyğun olaraq, “Şeypur”da publisistik və bədii materiallar üstüörtülü imzalarla dərc edilmişdir. Jurnalda Səməd Mənsurun satirik şeirləri, əsasən, “Pampuşəli” imzası ilə dərc olunmuşdur. Baş mühərrir Məmmədəli Sidqi isə daha çox «Şeypur» imzası ilə çıxış etmişdir. Jurnalda «Dağlı», «Dağlızadə»(C.Cabbarlı), «Qozqurab bəy» (Əmin Abid), habelə «Yaf-tuməli», «Çalma», «Qoçu Mauzerzadə». «Mömin çinovnik», «Lağlağı», «Müsahib», «Hamınalsuvar» və s. gizli imzalar da işlənmişdir.
Jurnal Azərbaycanın Xalq Cümhuriyyətinin müstəqillik ideallarını təbliğ edir, bu yoldakı əngəlləri, bolşevik-daşnak fitnəkarlıqlarını, Bakı neftini ələ keçirməyə can atan əcnəbi dövlətlər arasındakı çəkişmələri ifşa edirdi.
«Molla Nəsrəddin» jurnalının ənə­nələrini davam etdirən «Şeypur»da müxtəlif satirik-yumoristik üsullardan istifadə olunurdu.

 

«ZƏNBUR» - Azərbaycan dilində həftəlik illüstrasiyalı satirik jurnal. 1918-ci ilin aprel-noyabr aylarında «Türk nəşriyyat cəmiyyəti» tərəfindən Bakıda nəşr edilmişdir (cəmi 24 nömrə).
«Zənbur» Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin orqanı olub, redaksiya heyəti tərəfindən buraxılırdı. Naşiri 1909-19-cu illərdə çıxmış eyni adlı satira jurnalının sahibi, tibb elmləri doktoru, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, əsas rəssamı Əzim Əzimza­də, beşinci nömrədən «NN» imzalı rəssam, sonralar isə Səfizadəidi. Jurnalda Əlabbas Müznib, Əli Nəzmi, Səməd Mənsur, Hacı Qasım Səyyah, B.Səttar oğluvə b. müəlliflər fəal iştirak edirdilər.
“Zənbur”un əsas mövzusu və tənqid hədəfi dövrün aktual mə­sələləri, kəskin ictimai-siyasi hadisələri idi. Jurnalda Rusiyanın (Lenin və Kerenskinin timsalında) Azərbaycanı işğal etmək niyyətləri, erməni-daşnak silahlı dəstələrinin Zəngəzurda və Bakıda törətdikləri soyqırımları, beynəlxalq imperializm qüvvələrinin neft Bakısını işğal etmək üçün Azərbaycana müdaxiləsi, dövlət idarələrində köks alıb qalan və milli dövlətçiliyə əngəl olan «nikolay pərəst» və s. mürtəce qüvvələr, habelə dövlət qurumlarındakı özbaşınalıqlar, lovğa nitqlərlə xalqı aldadan nazirlər, «padşah yerişli naçalniklər”, “müstəbid çinovniklər”, kəndlilərin “qabıqlarını soğan qabığı kimi soyan” pristavlar, şəxsi mənafelərini xalqa xidmətdən üstün tutan parlament üzvləri, külək əsən tərəfə əyilən partiya liderləri, sosialistlər yığcam formalı şeir və publisist yazılarda tənqid edilirdi. “Zənbur” “Molla Nəsrəddin” jurnalının satira ənənələrindən geniş bəhrələnirdi.


 

JURNALİSTLƏR VƏ ƏDİBLƏR İTTİFAQI - Azərbaycan Xalq Cüm­huriyyəti dövründə qey­ri-hö­kumət yaradıcılıq birliyi. 1919-cu ilin oktyabrında yaradılmışdı. Həmkarlar İttifaqı səciyyəsi daşıyan qurum milli mənsubiyyətin­dən asılı olmayaraq, jurnalist və yazıçıları birləşdirirdi. Sədri L.P.Umanski, sədr müavini Xəlil İbra­himov (Xəlil İbrahim), xəzi­nə­­darı Xudadat bəy Əzizov idi. Üzeyir Hacıbəyli ittifaqın idarə heyətinin üzvü olmuşdur. Nizamnaməsinə əsasən, bütün mü­ba­hisəli məsələlərə təşkilatın nəz­dində yaradılmış arbitraj komissiyasında baxılırdı. İttifaq fəal mədəni-maarif və xeyriyyəçilik fəaliyyəti göstərirdi. Belə ki, 1919-cu ilin noyabrında ittifaqın yoxsul üzvləri üçün pul fondu yaradılmış, noyabrın 23-də fondun nəfınə tamaşa göstərilmişdi. Elə həmin vaxt «jurnalist günü»nün keçirilməsi qərara alınmış, Dövlət Teatrında (indiki Azərbaycan Dövlət Opera və Balet Teatırı) tamaşa-bal təşkil edilmiş, jurnalist günü ilə əlaqədar bir günlük qəzet buraxılmışdı. Jurnalistlər və ədiblər ittifaqı Azərbaycanda demokratik mətbuatın inkişafında, Cümhuriyyət ideyalarının, hökumətin həyata keçirdiyi ictimai-siyasi, iqtisadi və sosial-mədəni tədbirlərin işıqlandırılmasında mühüm rol oynamışdır. İttifaq Aprel işğalı (1920) nəticəsində fəaliyyətini dayandırmışdır.