Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ətraf mühitin böhranlı vəziyyəti  hər birimizi düşündürməlidir

 

İnsan - təbiətin ən böyük möcüzəsi, bəşəriyyətin ən ali varlığı. Dünyaya gözünü açdığı gündən təbiətin bəxş etdiyi nemətlərdən faydalanır, suyunu içir, havası ilə nəfəs alır, torpağına qədəm basır, günəşin istisinə qızınır. Təbiətin yaratdığı bitkilərlə, suda-quruda yaşayan digər canlılarla qidalanır, təbiətin yeraltı-yerüstü sərvətlərindən istifadə edir. Yaşayır, böyüyür, inkişaf edir. Beləcə təbiətdən yararlanır. İnsan getdikcə təbiəti özünə təslim etmək üçün daha yaxşı vasitələr axtarmağa çalışır, yeni üsullara əl atır, maraqlı kəşflər dalınca qaçır. Meşələri, düzənlikləri, dağları gücümüzə ram edib, özümüzə yeni məskən seçirik, bəzən gölləri, bataqlıqları qurudub yerində evlər tikir, şəhərlər salırıq, bu yerlərin daimi sakinləri olan təbiətin digər canlılarını nəzərə almadan. Sanki bu zaman hər bir nemətin bizim üçün yarandığını, bizə məxsus olduğunu düşünürük fərqinə varmadan. Bəs, bütün bunların əvəzini nə ilə ödəyirik? Təbiətə olan əbədi borcumuzu qaytara bilirikmi? Bu suala cavab verməkdə hamımız acizik. Çünki cavabını dərindən düşündükcə bunun mümkünsüz olduğunu dərk edirik. Ən yaxşı halda mümkün qədər meşə sahələrini mühafizə etmək, ağaclar əkmək, nadir hesab olunan canlıları qorumaq, havanın zəhərli qazlarla çirklənməsinə mümkün qədər yol verməməklə təbiət qarşısında borcumuzun bitdiyini hesab edirik. Lakin bəşəriyyət Yer üzərində həyatını davam etdirdikcə, çox zaman bilmədən, istəmədən, öz mənafeyi naminə təbiətə böyük ziyan vurur. İnsanların sonsuz tələbatlarının əvəzində təbiətə qaytardığı isə çirklənmiş hava, su hövzələri, qırılmış meşələr, qurudulmuş göllər, suyu çəkilmiş çaylar, nəsli kəsilmiş nadir heyvanat və bitki aləminin acı taleyi oldu. Digər tərəfdən, daha dəhşətlisi istehsalın, texnogen amillərin zərərli təsirləridir ki, bu da zaman keçdikcə öz silinməz izlərini buraxır. Artıq 20-ci əsrin ortalarında dünya alimləri bu haqda həyəcan təbili çalmağa başladılar: təbiətlə cəmiyyət arasında olan qarşılıqlı əlaqələr nəticəsində yaranan problemlərin həllinə bəşəriyyətin diqqətini cəlb etməyə səy göstərdilər.
BMT Baş Assambleyasının 1972-ci il dekabrın 15-də keçirilmiş 27-ci sessiyasında BMT sistemin­də yeni təşkilat - Ətraf mühit üzrə BMT proqramı (UNEP) təşkil olun­du və iyunun 5-inin beynəl­xalq miqyasda “Ətraf mühit” gü­nü kimi qeyd olunması qərara alın­dı. Buna BMT katibliyinə 23 ölkənin 2200 elm və mədəniyyət xadimlərinin 1971-ci ildə müraciəti səbəb olmuşdu: onlar bəşəriyyəti gözləyən amansız təhlükə - ətraf mühitin çirklənməsi ilə bağlı etiraz səslərini ucaltdılar – ya insanlar bu çirklənmənin qarşısını alacaq, ya da əksinə, o, insanlığı məhv edə­cək. Bir il sonra Stokholmda ke­çirilən Ətraf mühitin qorunması ilə bağlı ümumdünya konfransında 113 dövlətin nümayəndəsi iştirak edirdi. Bu günü qeyd etməkdə əsas məqsəd təbiətlə amansız davranışın acı nəticələri haqda dərindən düşünmək, insanları bu problemin həlli yollarını axtarmağa çağırmaq idi.
Sənayeləşmə və ekologiya
Heç kəsə sirr deyil ki, 19-cu yüzilliyin sonlarından başlayaraq sənayenin sürətli inkişafı bəşəriyyətin yaşaması və fəaliyyəti üçün ekoloji vəziyyəti ildən-ilə deyil, gündən-günə pisləşdirir. Eləcə də iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə iri müəssisələrin atmosferə buraxdığı zərərli tullantıların xüsusi çəkisi artaraq, nəinki həmin ölkə, eləcə də qonşu ölkələr üçün böyük təhlükə törədir: torpaq çirklənir, meşələr məhv olur, su hövzələri quruyur, atmosferə buraxılan qazların, hidrosferə atılan zərərli tullantıların təsiri ilə müxtəlif xəstəliklər yayılır.
Bəs, görəsən atmosferə atılan ən zərərli tullantılar dedikdə, ilk olaraq nə nəzərdə tutulur? Şübhəsiz, zərərli qazlar və plastik kütlələr. Diqqətinizi plastik kütlələrin təbiətə vurduğu ziyanın acı nəticələrinə yönəltmək istərdim.
Plastiki 19-cu əsrin 2-ci yarısında ingilis alimi A.Parkes kəşf etdi, 21-ci əsrdə isə məhz plastikdən hazırlanmış məhsullar böyük ekoloji bəlanın əsas səbəblərindən birinə çevrildi. Plastik kəşf olunandan məişətimizə o qədər tez və möhkəm daxil oldu ki, köhnə materialları – taxtanı, dəmiri, digər materialları sıxışdırıb çıxardı. İlk baxışda düşünürsən ki, bunun nəyi pisdir? Plastik məhsullar yüngüldür, ucuzdur, davamlıdır, üstəlik ağaclar kəsilmir, dəmir materialların hazırlanmasına isə vaxt və əmək sərfi xeyli çoxdur. Lakin bunun bir mənfi cəhəti var: plastiklər insan həyatına son qoyan vasitələrdən biridir. Plastik paketlərin, qabların, eləcə də faks kağızları, kassa çeklərinin, bir sıra tibbi-stomatoloji avadanlıqların tərkibində plastmasa bərklik verən xüsusi maddə - bisfenol A var. Bu maddə orqanizmə mədə-bağırsaq yolu, tənəffüs sistemi və dəri vasitəsilə daxil olur. Bu baxımdan içərisində qida olan plastmas qabların termiki təsirə məruz qalması daha təhlükəlidir. Bisfenol A orqanizmdə endokrin pozğunluqlar, sinir sistemində dəyişikliklər, şiş xəstəliklərinin yaranması ehtimalını artırır.
Yaponiya hökuməti konserv, içki qablarında bisfenol təbəqəsinin tətbiqindən tamamilə imtina etmişdir. ABŞ-ın Qida məhsulları və dərmanların keyfiyyəti üzrə sanitar nəzarəti idarəsi 2010-cu ildə bisfenolun insan orqanizmi üçün ölüm təhlükəsi yaradan maddə olduğunu sübut etdi və rəsmi olaraq qəbul etdi. Lakin ÜST və Qida məhsullarının təhlükəsizliyinə nəzarət üzrə Avropa idarəsi bunu təhlükəli hesab etmədi. Ehtimal var ki, nəhəng Transmilli şirkətlərin bu məsələdə təzyiqi güclü olmuşdur. Onlar insanların həyatı bahasına da olsa, mənfəət qazanmağı daha üstün tuturlar. Bu, məsələnin bir tərəfi.
Plastik tullantıların sayı artmaqdadır
Digər tərəfdən, insanlar gündəlik həyatda, məişətdə birdəfəlik qablar, qablaşdırma materialları, plastik paketlərdən geniş istifadə etdikcə, plastik kütlələrdən ibarət tullantıların da sayı get-gedə artır. Bu zərərli tullantılar isə təbii amillərin təsiri nəticəsində heç də parçalanıb, məhv olmurlar. Təxmini hesablamalara görə, 1950-ci ilə kimi ətraf mühitə 1 mlrd. tondan çox plastik kütlə buraxılmışdır. Alimlər belə nəticəyə gəlmişlər ki, plastik qabların ultrabənövşəyi şüaların və temperaturun təsiri ilə tam əriməsi üçün 100-500 il tələb olunur.
Nəzərə alsaq ki, hər il 300-600 mln. ton plastik məhsullar istehsal olunur, bu rəqəmin getdikcə artması istisna deyil. Bundan əlavə, birdəfəlik istifadə üçün istehsal olunan qablar təkrar istifadəyə yaramır. Plastmasdan ikincili xammal kimi tikinti qarışıqları, üzlüklər, izolyasiya materialları, texniki qurğular, istilik, elektrik enerjisi üçün istifadə olunur. Plastiklərin yenidən işlənməsi ekologiya üçün ən ağrılı məsələdir.
Dünya ölkələrində plastikə yeni münasibət yaranıb
Artıq bir sıra ölkələrdə istehsalçıların əksəriyyəti ətraf mühitə zə­rərli tullantılar buraxıldığına görə əlavə vergilər və vəsaitlər ödə­­yirlər. Ona görə də hazırda Av­ropada plastiklər kağızdan, kar­ton­dan bahadır. Plastik məhsul is­teh­sal edən müəssisələr il ərzində havaya təxminən 400 mln. ton kar­bon qazı buraxır və nəticədə təxminən 800 növ canlı plastikdən zəhərlənmə təhlükəsi ilə üz-üzə qalır. Plastik qablar tullantıların əsas hissəsini təşkil edir, paketlər su yollarını, kanalizasiya borularını tıxayır, subasma təhlükəsi yaradır. İstər torpaqda, istərsə su hövzələrində plastiklərdən ayrılan toksiki və kanserogen təsirli kim­yəvi maddələr getdikcə daha çox aşkar olunmaqdadır. Plastik hissəciklərdən dənizlərdə balıqların və quşların zəhərlənməsi alimlər tərəfindən təsdiq olunmuşdur. Canlılar insanların tullantıları ilə qidalanırsa, deməli, həmin zəhərli maddələr yenidən su ilə, yeməklə insanlara qayıdır. Ekoloqların hesablamalarına görə, dünya okeanına ən çox zərərli maddələrin buraxılması Çinin payına düşür, eləcə də bu siyahıda Vyetnam, Tailand, İndoneziya, Filippin də ön sıralardadır. ABŞ, Aİ, Norveç və Çində gündəlik plastik kütlələrin tullantıları 37 min tona çatır, Rusiyada isə 10 mindən çoxdur. Dünya İqtisadi Forumunun 2017-ci il məruzəsinə görə, 2050-ci ildə plastikdən ibarət tullantıların həcmi dünya okeanındakı balıqların sayını ötəcək.
Çıxış yolunu nədə axtaraq, plastiki nə ilə əvəz edək?
Kağızlara üstünlük verək: kağızın tərkibi bitkilərin əsas komponenti olan sellülozadan ibarətdir, ona görə də ətraf mühitə düşərək tez parçalanır və təbiətə qarışır. Şüşə, saxsı qablar görünüşünə və rahatlığına görə plastik qablarla rəqabətdə uduzsalar da, sağlamlıq baxımından zərərsiz olduğu üçün onlardan istifadəyə üstünlük verək. Plastik qapı-pəncərə ger­metikdir, səs və hava keçirmir, hər cür deformasiyalara dözümlüdür. Lakin təbii taxtanı ekoloji cəhətdən təmizliyinə görə heç bir süni material əvəz edə bilməz və s.
Ölkəmizdə bu sahədə vəziyyət necədir? Bu baxımdan hansı tədbirlər görülməlidir?
Artıq dünyanın 40-dan çox ölkəsində plastik paketlərdən istifadədə qanunla müəyyən olunmuş bir sıra məhdudiyyətlər və qadağalar mövcuddur.
Ölkəmizdə də ekoloji tarazlığın po­zulmasının qarşısının alınması dövlət tərəfindən bir sıra qanunlar və normativ aktlarla tənzimlənir. İstehsalat və məişət tullantıları haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində göstərilir ki, tullantıların idarə olunması sahəsində dövlət siyasətinin prinsipləri ilk növbədə əhalinin sağlamlığının və ətraf mühitin ekoloji tarazlığının qorunmasına yönəldilmişdir. Bununla belə, ətraf mühitin çirklənməsindən dəymiş ekoloji, sosial-iqtisadi ziyanın (xəstəliklər, maddi dağıntılar, təbii mühitin tənəzzülü) qarşısının alınması mühüm vəzifə kimi ön plana çəkilməlidir. Ölkədə istehsal və idxal olunan plastik materialların keyfiyyətinə nəzarəti gücləndirmək, onların insan həyatına zərərini minimuma endirmək sağlam gələcəyimiz üçün vacib məsələdir. Ehtiyac olarsa, cərimələr, sanksiyalar tətbiq edərək iqtisadi yolla bu problemin həllinə nail olunmalıdır. Qeyd edilən qanunun 18-ci maddəsində göstərilir ki, tul­lantılarla bağlı fəaliyyət sahəsində iqtisadi tənzimlənmə tullantının toplanmasına, istifadəsinə və zərərsizləşdirilməsinə görə haqq ödənilməsi prinsi-pinə əsaslanır.
Əslində, bu işdə hər birimiz fəal olmalı, sağlamlığımıza, gələcəyimizə biganə qalmamalıyıq. Ətraf mühitə atılan zərərli tullantıların miqdarının mümkün qədər  azaldılması məqsədilə plastiklərin mənfi xüsusiyyətlərini ətraflı şəkildə mətbuat, digər yayım vasitələri ilə insanlara çatdırmalı, bu sahədə əhalinin maariflənməsinə çalışmalıyıq ki, hədəfə yaxınlaşa bilək.


P.S. Avropada dəfələrlə bizim ölkədə 25-30 il bundan öncəki vaxtları xatırladan mənzərə ilə rastlaşmışam. İnsanlar alış-verişin miqyasından asılı olmayaraq, marketlərə, bazarlara xüsusi dükan zənbili ilə üz tuturlar. Bu, onların alış-verişi öncədən planlaşdırdığını göstərməklə yanaşı, həm də uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş çantalara üstünlük vermələrindən xəbər verir. Bu ölkələrin əksəriyyətində plastik paketlərin satışına qanunla məhdudiyyət qoyulur, yaxud da onların istehsalçıları və satışını həyata keçirən şirkətlər qanunla müəyyən olunmuş qaydada əlavə vergi ödəməlidirlər. Elə buna görə həmin ölkələrdə plastikdən hazırlanan paketlər pulla satılır. İnsanlar da xüsusi bazar zənbilindən istifadə etməklə həm pula qənaət edir, ən əsası isə ətraf mühitə zərərli maddələrin buraxılmasının qarşısını almış olurlar. Düşünürəm ki, bizim ölkədə də insanlarımız bu cür addımlar atmaqla istehlak mədəniyyətini təkmilləşdirmək, yaxın keçmişin bəzi ənənələrini bərpa etməklə təbiətin mühafizəsinə dolayı da olsa,  fayda vermiş olarlar.

 

Aytən Səmədzadə