Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan qadını: tarixilik və müasirlik 

«Səs»i ilə tarixə imza atanlar

 

Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz, dərhal qadının həyat şərtlərinə baxın.

Stuart Mill

Məhz 100 il bundan əvvəl Azərbaycan qadını özünün seçmək və seçilmək hüququnu qazandı. Əlbəttə, bu, heç də asan olmadı, lakin müsəlman Şərqində belə bir qələbəni də ilk olaraq yalnız Azərbaycan qadını əldə edə bildi. Hər zaman “zəriflik” nümunəsi deyə xatırlanıb, heç vaxt bu zərifliyin yerini “zəif”liyə buraxmayan Azərbaycan qadını...

Öz qısa ömrü ilə tarixdə dərin izlər qoymağı bacaran Azərbaycan Xalq Cümhuriyyəti qadınlara müsəlman Şərqində ilk dəfə seçki hüququ verməklə həm də yeni bir tarix yazdı və Azərbaycan qadınına kişilərlə bərabər hüquqlar tanımış oldu. AXC dövrünün görkəmli xadimləri hər zaman qadın hüquqlarının qorunması, qadın azadlığı məsələsinə diqqətlə yanaşır, qadının cəmiyyətdə rolunun artırılmasına çalışırdılar. Bu isə, təbii ki, AXC hökumətinin qadın hüquqları, bütövlükdə isə qadın məsələsi istiqamətində apardığı uğurlu və düzgün siyasətin nəticəsi idi.
Azərbaycan qadını seçki hüququnu necə qazandı?
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhər bələdiyyə idarəsinin sərəncamverici orqanı Bakı Şəhər Duması idi. Rusiya senatının 1877-ci il 24 may tarixli qərarına əsasən 1878-ci ildə yaradılmışdı. Bakının ilk şəhər dumasına xüsusi seçki iclaslarında 4 il müddətinə 72 nəfər üzv seçilmişdi. Duma üzvlüyünə isə ancaq daşınmaz əmlakı olan və ya qiyməti 1500 manatdan az olmamaq şərti ilə  ticarət və ya sənaye müəssisələrinə malik, 25 yaşından yuxarı şəxslər seçilə bilərdilər. Lakin qadınlar seçki hüququndan məhrum idilər. Qadınların bu hüquqdan məhrum olması isə duma seçkilərində əhalinin yalnız 2-3%-inin iştirakı ilə nəticələnirdi.  Əlbəttə, belə şəraitdə isə heç bir ədalətli seçkidən söhbət gedə bilməzdi. Beləliklə də, 1906-cı ilin avqust ayında Əlimərdan bəy Topçubaşov Rusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş üçüncü qurultayında qadınların seçki hüququ məsələsinə dair təklif irəli sürür, lakin hücumlara məruz qalır. 1907-ci ildə isə Rusiya Dumasında Azərbaycanı təmsil edən deputat Xəlil bəy Xasməmmədov qadınların seçki hüququ məsələsinə toxunur və uzun sürən gərgin müzakirələrdən sonra müsəlman fraksiyasının razılığına nail olunur. Çarizmin süqutundan sonra Azərbaycanda yaranmış əlverişli şərait bir sıra demokratik dəyişikliklərə, o cümlədən qadınların Ümumrusiya müsəlmaları qurultayında iştirakına səbəb olur. Bu da öz növbəsində qadınların seçkidə iştirakı üçün bir növ zəmin hazırlayırdı. Beləliklə də, 1917-ci ilin mayında ictimai komitələrə birinci seçkilər zamanı müsəlman qadınlar ictimai fəallıq nümayiş etdirirlər. 1918-ci il iyulun 21-də isə ilk dəfə olaraq müsəlman Şərqində qadınların seçkilərdə iştirak hüququ qanuni olaraq təsdiqlənir, qadınlara dövlət hakimiyyəti orqanlarında seçmək və seçilmək hüququ verilir.
Qadınla aydınlanan tarixi yol
 Dünya ölkələrində də qadınların seçki hüququ qazanması heç də asan olmamışdır. Hətta Azərbaycandan fərqli olaraq uzun və ağır mübarizələr hesabına əldə edilmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, Amerikada qadınların əldə etmək üçün uğrunda təxminən bir əsr mübarizə apardıqları seçki hüququnu Azərbaycan qadını cəmi bir ildə əldə etmişdir. Dünyada qadınlara seçmək və seçilmək hüququnun verilməsi xronologiyasına baxdıqda qadınların bu hüququ əldə etmələrinin necə çətinliklərlə mümkün olduğunun şahidi olursan.
Dünyada qadınlara ilk səsvermə hüququnun verildiyi ölkə olaraq, adətən, Yeni Zelandiyanın adı qeyd edilir. 19 sentyabr 1893-cü ildə Yeni Zelandiyada qadınlara seçkilərdə iştirak hüququ verildi. Bu hüququn əldə edilməsi isə orada yaşayan Keyt Şepard adlı ingilis qadın sayəsində mümkün olmuşdur. O, gizli yığıncaqlar təşkil edərək, ölkədə qadın hərəkatını alovlandırırdı. Bunların nəticəsi olaraq İngiltərə Sarayından gələn icazə və qubernatorun verdiyi rəsmi qərarla keçirilən ilk seçkilərdə qadınlar seçici olaraq iştirak etdilər. Lakin bu da bütün təbəqədən olan qadınlara aid deyildi və keçən əsrin 20-ci illərindən sonra bütün qadınlara şamil edilməyə başlandı. Azərbaycanda isə həmin vaxt artıq bütün təbəqələrdən olan qadınların səsvermə hüququ təmin edilmişdi.
1902-ci ildə isə Avstraliyada qadınlar səsvermə hüququ əldə etdilər. Böyük Britaniyadan ayrılaraq öz azadlığını rəsmi olaraq elan edən Avstraliya qadın hüquqlarını qəbul edən ilk müasir, suveren dövlət olmuşdur. 
1906-cı ildə Finlandiyada qadınlar seçkilərdə iştirak hüququ əldə etdilər.  Finlandiyalı qadınlar səs verən ilk avropalı qadınlar oldular. O illərdə Rusiyanın tərkibində olan Finlandiya həm də dünyada ilk qadın millət vəkillərinin parlamentdə  təmsil olunduğu ölkədir. 1907-ci ildə 19 qadın millət vəkili parlamentdə təmsil olunurdu.
1913-cü ildə Kanada, 1915-ci ildə isə Danimarka və İslandiya qadınlara seçki hüququnu vermişdir.
Kanadadakı qadın hərəkatı Britaniya və ABŞ-dan ilhamlanaraq baş qaldırsa da, onlar qədər sərt həyata keçirilmədi.  Kanadanın bəzi bölgələri əsas olaraq seçim haqqını 1918-də qazansalar da, bütün Kanada ərazisində bu, 1940-cı ildən sonra tam bərqərar oldu. 
1917-ci ildə Rusiya və postsovet ölkələrinin  bir qismində bu haqq əldə edildi. 1918-ci ildə ilk dəfə Azərbaycanda həyata keçirildi.
1918-ci il noyabrın 12-də isə avstriyalı qadınlara səs vermək hüququ verildi və 19 yanvar 1919-cu il seçkilərində ilk dəfə olaraq qadınlar səs verdilər.
ABŞ-da qadınlar seçki hüququ uğrunda 1848-ci ildən başlayaraq çıxışlar etsələr də,  yalnız 72 il sonra səsvermə hüququ qazandılar və 1920-ci ilin noyabr ayında parlament seçkilərində iştirak etdilər.
1918-ci ildə 30 yaşdan yuxarı olmaqla bəzi xüsusi hallarda səsvermə hüququ qazanmış Birləşmiş Krallıq qadınlarının tam səsvermə hüququ 1928-ci ildə təmin edildi.
Türkiyədə isə qadınlar ilk dəfə 20 mart 1930-cu ildə bələdiyyə seçkilərində iştirak etdilər, 8 fevral 1935-ci ildə isə parlament seçkilərində 18 qadın millət vəkili seçildi.
Braziliyada qadınlara səsvermə hüququ 1934, Filippində 1937,  Fransada 1944, Yaponiyada 1945,  Argentinada 1946, Çində 1947, Liberiyada 1947, Uqandada 1958, Nigeriyada 1960, İsveçrədə isə 1971-ci ildə verildi. Lakin ölkələrin, demək olar ki, əksəriyyətində qadınların seçkidə iştirak hüququ təsdiq olunduğu vaxt deyil, bir müddət sonra həyata keçirilmişdir.
İraq, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanı isə qadınların seçmək və seçilmək hüququnu əldə etdiyi ən son ölkələrdir. 
Beləliklə də, tarixdə ilk feminist qadın kimi xatırlanan Ebiqeyl Adamsın qadınlara səsvermə hüququnun verilməməsi ilə əlaqədar dediyi “Biz iştirakımız olmadan qəbul olunan qanunlara tabe olmayacağıq” sözləri zamanla öz təsdiqini tapdı. Lakin çox təəssüf ki, bəzi Ərəb ölkələri, Surinam, Ekvatorial Qvineya kimi ölkələrdə hələ də qadınlar səsvermə və bir çox siyasi hüquqlardan məhrumdurlar.
Min əsrə bərabər tarix
23 aylıq ömrü ilə min əsrlik tarix yazan AXC hökuməti süquta uğrasa da, onun qadınlara seçki hüququ verən ənənəsi bu gün öz əhəmiyyətini saxlamaqdadır. Statistikaya əsasən, Azərbaycan əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. Buna görə də çoxluğu təşkil edən qadınların hüquqlarının qorunması, bir növ cəmiyyətdə bütün hüquqların qorunduğunun göstəricisidir. Xüsusilə, Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin qadınların hüquqlarının qorunması, qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi istiqamətində çox böyük xidmətləri oldu. Qadınların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması, qadın zorakılığı ilə mübarizə sahəsində məsələlərə ümummili lider hər zaman xüsusi qayğı ilə yanaşmışdır. Ölkəmizdə qadın hüquqlarının qorunması dövlət siyasətinin tərkib hissəsidir və bu gün ümummilli liderin qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Konstitusiyasında da qadınlarla kişilərin bərabərhüquqlu olması ayrıca müddəa ilə təsbit olunur. Ölkəmizdə seçki hüququnun qanunla təsbiti, eyni zamanda,  qadınların müvafiq dövlət orqanlarında seçkili əsaslarla iştirakına da əsas vermişdir. Sevindirici haldır ki,  2015-ci ildə keçirilən parlament seçkilərində 125 deputat mandatından 21-ni məhz qadınlar qazanmışdır. Həmçinin, ölkəmiz beynəlxalq səviyyədə də qadınların hüquqlarının müdafiəsi istiqamətində addımlar atır, qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində onlarla sıx əməkdaşlıq edir.

 

Mətanət Hüseynova