Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 


Elm və təhsilin inkişaf etdirilməsi

 

İnsan kapitalı inkişafın intensiv məhsuldarlıq amilidir

 

“Beşikdən qəbir evinə qədər elm öyrən...”
Hz. Muhəmməd (s.a.s)

 

Azərbaycan müstəqil dövlət kimi gənc olsa da,  keçdiyi inkişaf yolu əsrlərə bərabərdir. Bu gün Azərbaycanın hərtərəfli inkişafı göz qabağındadır. İndi bütün dövlətlər, siyasi və iqtisadi təşkilatlar, inkişafa dəstək verən beynəlxalq qurumlar Azərbaycanla hesablaşır, onunla əməkdaşlığa maraq göstərirlər. Respublikamızın beynəlxalq səviyyədə mövqeləri də xeyli güclənib. Azərbaycan dünya birliyinin sayılıb-seçilən, hörmətli üzvünə çevrilib.
2012-ci ildə Bakıda keçirilən “Eurovision” mahnı yarışması, 2015-ci ildə keçirilən I Avropa Oyunları və 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunları bütün dünyanın izlədiyi, minlərlə iştirakçının qatıldığı kütləvi tədbirlər idi. Bu tədbirlərin hər biri dünyada mühüm hadisəyə çevrilməklə yanaşı, Azərbaycanın potensialını nümayiş etdirdi. Məhz bu yarışlardan sonra dünya Azərbaycanı daha yaxından tanıdı.
 Sevindirici haldır ki, ötən il Azərbaycan növbəti beynəlxalq tədbirə - Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə (“Expo 2025”) ev sahibliyi etmək üçün paytaxtımız Bakının namizədliyini irəli sürüb. Tarixi 1851-ci ilə gedib çıxan Ümumdünya Sərgisi dünyada ən böyük və ən davamlı qlobal tədbir hesab olunur.
Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə ötən il Parisdə təşkil edilən rəsmi qəbulda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva deyib: “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanıdılması üçün daha bir imkan olacaqdır. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimul olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görüləriksə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq”.
“Expo 2025” sərgisinin mövzusu “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq. Bu da onu göstərir ki, Bakı namizəd şəhər kimi bu sərgidə, əsasən, insan amilinə üstünlük verir.
Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın paytaxtı Paris şəhərləri də “Expo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliklərini irəli sürüb. Sərginin keçiriləcəyi şəhər bu ilin noyabrında müəyyən olunacaq.
Artıq Maliyyə Nazirliyi bu  tədbirin keçirilməsinə hazırlıq  üçün 7 illik  təxmini büdcəni 765 mln. avro məbləğində müəyyən etmişdir.
2025-ci ildə Ümumdünya Sərgisinin Azərbaycanda keçirilməsi çox gözəl təşəbbüsdür. Bu tədbirə nüfuzlu  alimlər, dünyanın  tanınmış  universitetlərinin və şirkətlərinin  nümayəndələri,  insan resurslarının idarəedilməsi  sahəsində  yüksək  səviyyəli  mütəxəssislər qatılacaq. İnsan kapitalının inkişafı  daha çox  təhsil sektorunun üzərinə düşdüyünə görə tədbirə gələcək qonaqların qarşısına layiqincə çıxmaqdan ötrü qarşıdakı 7 il ərzində ölkəmizdə təhsilin səviyyəsini elə səviyyədə qurmalıyıq ki,   təhsil müəssisələrimiz öz müsbət təcrübələrini qonaqlarla bölüşə, onlara   insan  kapitalının  inkişafı sahəsində  maraqlı innovasiyalar təqdim edə bilsin.   
İnsan kapitalı inkişafın əsasıdır
Hər bir ölkənin sərvəti insandır. İnsanın maddi, intellektual və mənəvi imkanlarının, insan kapitalının inkişafı dövlətin mühüm vəzifəsinə çevrilir. İnsan kapitalının formalaşması üçün təhsil mühüm alətdir. Təhsil insanların həyat keyfiyyətinin yüksəldilməsinə və onların öz vətəndaş hüquqlarının və öhdəliklərinin həyata keçirilməsinə kömək edir. Təhsilli insanlar daha məhsuldar olur. Onlar meydana çıxan problemlərin və çətinliklərin aradan qaldırılmasında daha geniş imkanlara malikdirlər, öz işlərini daha səmərəli yerinə yetirmək iqtidarındadırlar. İnsan kapitalının təhsil və peşə hazırlığı vasitəsilə formalaşması investisiyaların cəlb edilməsinə kömək edir, yeni texnologiyaların işlənib hazırlanmasını və tətbiqini fəallaşdırır və məhsuldarlığı yüksəldir.
İnsan  kapitalının  formalaşması və inkişafı  mövzusu  ölkəmiz  üçün yeni deyil.   Hələ 2003-cü ildə  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Cenevrədə  “İnformasiya cəmiyyəti quruculuğu üzrə  ümumdünya  sammiti”ndə qeyd etmişdi ki, «İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir.  Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik».  
Müasir dövrdə  dövlətlərin   inki­şaf səviyyəsi  insan kapitalının  səviyyəsi  ilə   müəyyən  edilir.  Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrdə inkişafa təsir göstərən amillər içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub, təxminən 70% təşkil edir.
Hazırda Azərbaycanda da müasir, innovasiyalı iqtisadiyyatın ən mühüm sosial-mədəni amilinə çevrilən insan kapitalının formalaşmasına, möhkəmlənməsinə və inkişafına xüsusi diqqət göstərilir. Bu mənada, ölkəmizdə həyata keçirilən  sosial-iqtisadi islahatlar hər bir Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə yönəlib. Prezident İlham Əliyevin vurğuladığı kimi, insan amili, ölkə vətəndaşlarının sosial-iqtisadi rifahının yaxşılaşdırılması, ölkəmizin yüksək inkişaf etmiş ölkələr sırasına daxil olması həyata keçirilən çoxşaxəli islahatların başlıca hədəfidir.
Bu gün  Azərbaycan  Respublikası  qarşısında  duran   strateji vəzifə sosial-iqtisadi həyatın modernləşdirilməsi,   beynəlxalq təcrübə  və  elmi  innovasiyaların sosial-iqtisadi həyatda  uğurlu tətbiqidir. Bu məsələlərin həlli məhz insan kapitalının inkişafını, insanların müasir bilik və bacarıqlara yiyələnməsini tələb edir.  Elə BMT-nin «Minilliyin inkişaf məqsədləri» proqramında da davamlı inkişafın təmin  edilməsi  üçün müəyyən edilmiş  8 prioritet məqsədin  əksəriyyəti  insan kapitalının inkişafı ilə bağlıdır.  
Ölkəmizdə həyata keçirilən “Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyası,  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”,  “Azərbaycan Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə    Strateji  Yol Xəritəsi” kimi strateji sənədlərin hər birində insan kapitalının  inkişafı, təhsilin inkişafı prioritet istiqamətlərdir. Bu sənədlərin məqsədi ölkədə insan kapitalının inkişafı  ilə  iqtisadiyyatın  dayanıqlı inkişafını təmin etmək, bütün sahələrdə tərəqqini sürətləndirmək, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır.  
Bu  gün təhsilin vəziyyəti  necədirsə,  gələcəkdə ölkənin  durumu  elə olacaq
Hazırda ölkəmizdə    təhsilin, təhsil  islahatlarının  vəziyyəti  barədə təhsil üzrə ekspert, dos. İlham Əhmədov deyir: “Müasir təhsil çox  mürəkkəb və  çox  dinamik bir  sistemdir. Belə  bir  deyim  var:  “Bu  gün təhsilin vəziyyəti  necədirsə,  gələcəkdə ölkənin  durumu  elə olacaq”. Bu  səbəbdən təhsil bu  gün   bütün ölkələr  üçün  prioritet  sahədir, bu  sahədə  aparılan  islahatlarda  naşılıq  etmək təhsil  sistemini,  ardınca isə  ölkənin bütün  digər  sahələrini  geri  ata  bilər.  
Müasir təhsil fasiləsiz  olduğu  kimi, təhsil  islahatları da  fasiləsiz olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin qeyd  etdiyi kimi, “...təhsil sahəsi  daim islahat tələb edən sahədir.” Bu  gün inkişaf  səviyyəsindən  asılı olmayaraq, bütün ölkələr daha mükəmməl təhsil sistemi qurmaq haqqında düşünürlər. Çünki bugünkü təhsil müasir innovasiya cəmiyyətinin texnologiya tələblərinə və gənc nəslin  tələblərinə  cavab vermir, müasir təhsil yeni  rəqəmsal zamanın yaradıcı insanını yetirməkdə acizdir. Bill Geyts 10 il əvvəl deyirdi ki, vaxt gələcək, universitetlər  İnternetlə  rəqabətə girə  bilməyəcəklər. Həmin dövr yetişib artıq.  Amma  keçid  dövrünü yaşayan ölkələrdəki  təhsil problemləri  inkişaf etmiş ölkələrdəki  təhsil problemlərindən tam fərqlənir. Bunun əsas  səbəbi bu  ölkələrdəki  insan kapitalının  və  təhsilə qoyulan investisiyaların az  olmasıdır. Əslində  ən böyük investisiya  imkanı  məhz  təhsil  sistemindədir. Bu sektora  qoyulan hər bir dollar onqat  geri qayıdır.  Təhsilə qoyulan  əsas investisiya  insan  resurslarına, texnologiyalara, təhsildə İT-nin tətbiqi və yeni  innovasiyaların yaradılmasına, elm-təhsil-innovasiya-istehsalat əlaqələrinin inkişafına xidmət etməlidir.  Bu gün heç bir tədris korpusu olmayan və milyonlarla  tələbəsi olan  meqauniversitetlər  var.  Onlar dünyanın  müxtəlif universitetlərindən  tələbələr cəlb edərək,  milyard  dollarlarla pul qazanırlar. Çünki  bu universitetlərə   vaxtında   kifayət  qədər maliyyə  yatırılıb  və müasir təhsili mükəmməl bilən  insan resursları cəlb edilib.
Son 20 il  ərzində  ölkəmizdə təhsil  sahəsində  aparılan islahatlara  nəzər  salanda görünür  ki,  müasir  dövrün  təhsil  sistemi  qarşısında  qoyduğu  məsələlərə hələ  kifayət  qədər  nail  ola  bilməmişik. Yaxın gələcəkdə  biz  təhsil sahəsində  qlobal tələbləri icra etməyə çalışmalı, dünyanın TOP-1000 universitetləri  sırasında 2-3 universitetlə  təmsil  olunmalıyıq. Sonrakı  mərhələdə  isə  əldə etdiyimiz nailiyyətləri  təkmilləşdirərək, daha  çox  investisiya  yatıraraq  dünya  standartlarına daha  yaxın ola  bilərik”.
Göründüyü kimi, problemlər var və hazırda onların həlli yolları axtarılır.
Bu gün Azərbaycanda peşə təhsilinin vəziyyəti də qənaətbəxş deyil. Bununla əlaqədar Təhsil Nazirliyində müəyyən işlər görülür. Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bir sıra istiqamətlər üzrə yeni qanunvericilik aktları qəbul olunmaqdadır. “Peşə təhsili haqqında” Qanunun qəbulu ilə təhsil pillələri arasında keçid təmin olunacaq. Habelə peşə təhsilinin müddətindən, proqramların məzmunundan asılı olaraq ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili olacaq. Eyni zamanda, qanuna əsasən, yüksək texniki peşə təhsilinin subbakalavr pilləsi ilə uyğunlaşdırılması da nəzərdə tutulur”.
Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd  etdiyi kimi, “xalqımız istedadlı xalqdır, inanırıq  ki,  elm-təhsil sahəsində də  ölkəmiz inkişaf  edərək,  dünya  səviyyəsinə yaxınlaşacaq, elm və təhsil  sahəsində çoxsaylı  innovasiyalarla qlobal səviyyədə nailiyyətlərə imza atacaqdır”.  
Azərbaycan İKT sahəsində xeyli  uğurları olan kosmik dövlətdir,  ASAN xidmət kimi mütərəqqi bir ideya məhz bizim ölkədə həyata keçirilib. İndi Azərbaycan dünyada tanınır, onunla hesablaşırlar. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatı”nda Azərbaycan 138 dövlət arasında 35-ci yerdədir (MDB ölkələri arasında isə 1-ci yerdə). Bütün bunlara rəğmən deyə bilərik ki, “Expo-2025” sərgisinin Azərbaycanda keçirilməsi təşəbbüsü öz  müsbət həllini taparsa, bu, ölkəmizdə  elmin, təhsilin  və  insan kapitalının inkişafına  yeni təkan verə  bilər.

Yeganə MƏMMƏDOVA