Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün


 

 

Aqroparklar kənd təsərrüfatının dayanıqlı və davamlı inkişafını təmin edən unikal qurumdur

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Artıq 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatının əsas sahələrinin bazar prinsiplərinə keçdiyini bəyan etmişdir. O vaxtdan 14 il keçir. Bu illər ərzində ölkənin sosial-iqtisadi həyatında, qeyri-neft sektorunun, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafında ciddi irəliləyişlər baş vermişdir. 2004-2018-ci illər ərzində 1,9 milyon yeni iş yeri açılmışdır ki, bunun da çox hissəsi özəl sektorun payına düşür. Son 14 il ərzində regionların sosial-iqtisadi inkişafına dair üç mərhələ Dövlət Proqramları qəbul edilmiş, həmin Proqramların uğurlu icrası nəticəsində aqrar bölmədə yeni iqtisadi münasibətlər təşəkkül tapıb formalaşmışdır. 14 il ərzində milli iqtisadiyyat 3 dəfədən çox genişlənmiş, strateji valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyard dolları ötüb keçmişdir. Artıq respublikada keyfiyyətcə yeni sahibkarlıq zümrəsi, yeni tipli modern istehsal və emal müəssisələri yaranmışdır. 2004-2018-ci illər ərzində respublika iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuş, sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə 2 milyard manatdan artıq kredit verilmişdir. Regional İnkişaf Proqramlarının gerçəkləşməsi nəticə etibarilə ölkədə qeyri-neft sektorunun inkişafının davamlı şəkildə sürətlənməsinə və iqtisadiyyatda diversifikasiya proseslərinin dərinləşməsinə güclü təkan vermişdir ki, bu da əhalinin həyat səviyyəsində öz real təcəssümünü tapmışdır. Azərbaycan dünyanın ən az borc alan 10 ölkəsindən biridir. Sahibkarlıq mühitini və biznes fəaliyyətini yaxşılaşdırmaq üçün atılan addımlar, investisiyaların təşviq edilməsi sonucda ümumi məhsul istehsalının artmasına gətirib çıxarmışdır. Son illər Azərbaycanda aqrar sahədə beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması ixrac potensialının artmasında və onun coğrafiyasının genişlənməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermer təsərrüfatlarının texniki-innovativ təminatında, istehsal, emal və istehlak zəncirinin əlaqəli şəkildə qurulmasında mühüm rol oynamışdır.
Nəhəng aqrar sənaye komplekslərinin yaradılması zərurətdən doğub
Respublikamızın ayrı-ayrı bölgələrində bir-birinin ardınca açılıb istifadəyə verilən aqroparklar və logistika mərkəzləri bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. İndiyədək ölkə miqyasında 5 aqropark açılmış, bu günlərdə Goranboy rayonunda yaradılan daha bir aqroparkın açılışında cənab prezidentin özü şəxsən iştirak etmişdir. Daha 31 aqroparkın tikintisi aparılır. Ölkədə yaradılan ən iri aqroparklardan biri keçən il avqust ayının 20-də cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən «Şəmkir Aqroparkı»dır.
Yuxarıda deyildiyi kimi, bu aqroparkın yaradılması bölgədə yaşayan sahibkarlıq subyektlərinə texniki-innovativ, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına, kiçik təsərrüfat subyektlərinin iri sənaye istehsalına keçidinin və xarici bazarlara çıxışının təmin edilməsinə yeni imkanlar və yollar açmışdır. «Şəmkir Aqropark»ı qərb regionunda ixrac potensialının artmasında mühüm rol oynayacaq, dünyanın qabaqcıl logistik şirkətləri ilə əlaqələrin qurulmasına imkan verəcək, yerli məhsulların «Made in Azerbaijan» brendi ilə xarici bazarlara çıxarılmasını təmin edəcək.
Qısa zaman kəsiyində belə bir nəhəng strukturun ərsəyə gəlməsi zərurətdən doğub və cənab Prezident İlham Əliyevin aqrar bölmədə irəli sürdüyü inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Cənab prezident tərəfindən 2014-cü ildə təməli qoyulan bu kompleksin qısa müddətdə tikilib istifadəyə verilməsi davamlı maliyyə vəsaitləri hesabına mümkün olmuşdur.
Aqroparka 8604 hektar, o cümlədən Könüllü kəndi ərazisində 604 hektar, «Ceyrançöl» massivində isə 8000 hektar torpaq sahəsi ayrılıb. İri taxılçılıq, bitkiçilik və meyvəçilik təsərrüfatlarını özündə birləşdirən aqroparkın ərazisində aqrar bölmənin inkişafına güclü təkan verəcək 8000 hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Kür çayından əraziyə iki istiqamətdə 730 min diametrli dəmir borularla 15,6 km uzunluğunda təsərrüfatdaxili su xətləri çəkilib.
Aqroparkın ərazisində bütün zəruri strukturlar yaradılıb. Bu məqsədlə 3,2 milyon manat vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir tipli «New Holland» markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və mexanizmi lizinq yolu ilə alınıb. Ümumi tutumu 15 milyon kubmetr olan 3 ədəd sututar inşa edilib və sahəsi 2,1 milyon kubmetr olan su anbarı tikilib. Ərazidə 16 min k.vat gücündə elektrik yarımstansiyası, 6 ədəd transformator quraşdırılıb və 35 km uzunluğunda elektrik xətləri çəkilib. Bundan başqa, 2 ədəd üzən panton üzərində 3 ədəd yeni motor və su nasosu, 1000 hektar torpaq sahəsində ABŞ-ın «Lindsay» şirkətindən alınmış 14 ədəd müxtəlif radiuslu müasir pilot suvarma aqreqatı və avadanlıqları quraşdırılıb.
Keçən il sahələrdən 14 min ton şəkər çuğunduru yığılaraq, İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin əraziyə qarğıdalı əkilib. «Ceyrançöl» massivində 35 nəfər daimi, 200 nəfər mövsümi işlə təmin olunub. Burada ümumi sahəsi 200 kvadratmetr olan 3 otaqdan ibarət ofis binası tikilib.
İntensiv bağçılıq təsərrüfatlarının yaradılması məqsədilə 2400 hektarda suvarma sistemləri quraşdırılıb. Gələcəkdə burada 36.000 ton məhsul götürülməsi nəzərdə tutulur. Sahələrdə, əsasən, kartof, soya, soğan və digər bitkilər əkiləcək. Həmin məhsulların saxlanılması üçün 30.000 tonluq taxıl anbarı kompleksinin tikilməsi və 10.000 tonluq kartof saxlama kamerasının yaradılması nəzərdə tutulur.
8000 hektar torpaq sahəsində aqrotexniki tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün ABŞ-ın «John Deere» şirkətinin istehsalı olan 30 adda müxtəlif  kənd təsərrüfatı texnikası və avadanlıqları  alınacaq. Nəticədə, 5000 daimi, 1500 mövsümi iş yeri açılacaq.
Logistika mərkəzləri aqropark kompleksi zəncirində mühüm həlqədir
«Ceyrançöl»də salınan bağçılıq təsərrüfatlarının məhsulları aqroparkın logistika mərkəzində emal ediləcək, ixrac və satış əməliyyatları məhz burada həyata keçiriləcək. Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsi 604 hektarı təşkil edir. Bunun 100 hektar sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tinglik, 5 hektarı isə şitillik üçün nəzərdə tutulub.
Logistika mərkəzinin ərazisi 12,3 hektardır. Burada Fransanın «Mof Roqa» şirkətinin meyvələri ölçüsünə və rənginə görə çeşidləyən və qablaşdıran avadanlıqları quraşdırılıb. İri kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü saatda 50 ton, kiçik kalibrli meyvələri çeşidləyən avadanlıqların gücü isə saatda 2 tondur. Burada İtaliyanın «İsolcell» şirkətinə məxsus, ümumi tutumu 24.000 ton olan 71 ədəd ULO tipli soyuducu saxlama kamerası quraşdırılıb. Soyuducu depolarda meyvə və tərəvəzin növlərinə görə 25 gündən 270 günə qədər minimum itki və keyfiyyətlə saxlanmasını təmin edir. İstehsal sahəsində eyni vaxtda 200 ton məhsulu qəbul edən iki terminal, 120 ton hazır məhsulu yola salan bir terminal yaradılıb. Logistika mərkəzində meyvə və tərəvəzlərin keyfiyyətini, toksikliyini, bakterioloji və mikrobioloji göstəricilərini müəyyən edən laboratoriya fəaliyyət göstərir. Çeşidləmə, qablaşdırma, soyuducu kameralara yerləşdirmə yüksək texnoloji standartlara uyğun şəkildə aparılır.
Logistika mərkəzində regionda geniş yayılan şərq xurmasının alıcılıq qabiliyyətinə təsir göstərən xüsusi tamın aradan qaldırılması üçün sutkada gücü 1 ton olan «determing room» qurğusu işə salınıb. Həmçinin, burada  sahibkarlıq subyektlərinin ixrac əməliyyatları proseslərini  sadələşdirmək üçün «bir pəncərə» sistemi yaradılıb. Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyinin Ekspertiza Mərkəzinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, «Atabank» Kommersiya Bankının müvafiq strukturları fəaliyyət göstərir.
Mərkəzin kommunikasiya təminatı üçün dövlət dəstəyi ilə 25 meqavat gücündə elektrik stansiyası tikilib, 3 km-lik qaz xətti və 22 km-lik fibro-optik rabitə xətti çəkilib. Buraya 10 km uzunluğunda dəmir yolu xəttinin çəkilişi planlaşdırılır. Mərkəzin ərazində 20 TIR yük avtomobil dayanacağı, helikopter meydançası, qazanxana tikilib. Mərkəzdə ümumi sahəsi 2600 kvadratmetr olan ofis binası, konfrans zalı, yeməkxana və s. infrastruktur obyektləri yaradılıb, ərazidə geniş abadlıq işləri aparılıb. Layihənin ümumi dəyəri 100 milyon manatdan çoxdur. Tikintiyə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat güzəştli kredit ayrılıb.
«Şəmkir Aqropark»ı logistika mərkəzi tam işə düşdükdən sonra 274 nəfər işlə təmin olunacaq. Hazırda burada 200 nəfərə qədər işçi çalışır və orta aylıq əməkhaqqı 600 manat təşkil edir.
Son söz əvəzi
Belə nəhəng, modern aqrar-sənaye komplekslərinin ərsəyə gəlməsi Azərbaycanın iqtisadi gücünün və qüdrətinin təcəssümüdür. Aqropark ərazisinə ayaq basmadan, hər şeyi seyr etmədən, öz gözlərinlə görmədən burada yaradılan möhtəşəmlikləri sözlə ifadə etmək çətindir. Peşə fəaliyyətimlə bağlı vaxtaşırı xarici ölkələrdə səfərdə oluram. Səmimi etiraf edirəm ki, nə yaşadığımız bölgədə, nə də postsovet məkanının heç bir respublikasında özündə müasir texnoloji nailiyyətləri ehtiva edən bu tipli kompleksə rast gəlməmişəm. Dünyanın ən son standartları Azərbaycana gətirilib. Yaxın illərdə ölkəmizin hər bir bölgəsində bu tipli aqroparklar, logistika mərkəzləri tikilib istifadəyə veriləcək. Bunların hər biri Azərbaycana böyük dividendlər gətirəcək, xalqımızın həyat səviyyəsinin və yaşam tərzinin yüksəlməsinə xidmət edəcək.

 

Zülfü İLYASOV,
bölgə müxbiri