Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bu gün atılan hər bir müsbət addım sabah üçün bolluq və firavanlıq deməkdir

 

Aqrar sahədən danışarkən keçən əsrin 90-cı illərinin əvvəlləri yada düşür. O vaxtlar məhsul istehsalının həcmi 58 faiz aşağı düşmüş, aqrar-sənaye kompleksinin maddi-texniki bazası dağılıb sıradan çıxmışdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra tənəzzülün qarşısı alınmaqla yanaşı, aqrar bölmədə köklü islahatlar həyata keçirildi, kənd təsərrüfatının bazar prinsiplərinə keçidini təmin edən hüquqi-normativ baza yaradıldı. O illərdə aqrar sahə ilə əlaqədar 100-dən artıq normativ akt qəbul olundu. Həyata keçirilən çevik siyasət nəticəsində respublikanın kənd təsərrüfatı dinamik inkişaf yoluna çıxarıldı. Cənab Prezident İlham Əliyev tərəfindən 2004-cü ildən başlayaraq uğurla reallaşdırılan regional Dövlət Proqramları kənd təsərrüfatının inkişafında keyfiyyətcə yeni mərhələ açdı. Təsərrüfat subyektlərinə verilən subsidiyalar, güzəştli kreditlər, texnika və avadanlıqlar, gübrə və sürtgü yağları və digər yardımlar bölgələrdə torpağa, əkin-səpinə doğru böyük qayıdış yaratdı. Bütün bunlar nəticəsində son iki il ərzində pambıq istehsalı səkkiz dəfə artıb. 2015-ci ildə 36 min ton, 2016-cı ildə 89 min ton, 2017-ci ildə isə 207 min ton pambıq istehsal olunub, cari ildə pambıq istehsalının 300 min tonu ötüb keçməsi proqnozlaşdırılır.
Bu müddət ərzində Zaqatala, Balakən, Xaçmaz, Qax, Quba, Qusar, İsmayıllı, Qəbələ, Şabran, Oğuz və Şəki rayonlarında 10,7 min hektar sahədə yeni fındıq bağları salınıb. Bölgələrdə ixtisaslaşma və diversifikasiya prosesləri dərinləşib. İnkişaf və yüksəliş dalğası Şəki rayonundan da yan keçməyib.
Şəki Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, 2017-ci ilin payızında 2018-ci ilin məhsulu üçün 67,21 min hektarda dənli bitkilərin əkini aparılıb. Sahələrə 1656 ton azot gübrəsi, 241 kq toz və 5679 litr maye halında herbisit səpilib.
Cari ildə rayonun 14 inzibati ərazi dairəsində 1980 nəfər təsərrüfat subyekti tərəfindən 860 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Bu məqsədlə istehsalçılarla «İNTER TOBOCCO» MMC arasında müqavilə bağlanmışdır. Tütün şitilinə olan tələbatın ödənilməsi məqsədilə 358880 kvadratmetr sahədə istixana salınmış, «Aqrolizinq» ASC-nin Şəki nümayəndəliyinin anbarında tələbata uyğun miqdarda mineral gübrələr tədarük olunmuşdur. Şitillərin sahələrə köçürülməsinə başlanılıb.
Cari ildə rayonun 21 ərazi dairəsi üzrə 185 nəfər kümçü tərəfindən barama toxumuna, ipəkqurduna və tut çətilinə olan tələbat barədə Kənd Təsərrüfatı Nazirliyinə müraciətlər göndərilmişdir. Rayon ərazisində bir neçə kəndin bələdiyyə torpaqlarından «Şəki İpək» ASC-yə uzunmüddətli icarəyə verilmiş torpaqlarda tut bağları mövcuddur. Belə ki, Şəki Bələdiyyəsinin «Yemçilik» adlanan ərazisində 40 və 25 hektar olmaqla iki hissədən ibarət tut bağları vardır. Rayonda 238 hektar belə bağlar mövcuddur ki, bunun da 150 hektarı toxmacar (köhnə) bağlardır. Normal şəkildə becərilən tut bağlarının hər hektarından yığılan yarpaq kütləsi ilə 4-5 qutu ipəkqurdunun yemlənməsi mümkündür. Bundan başqa, Çin Xalq Respublikasından gətirilmiş 25000 ədəd tut tingi rayonun 5 inzibati ərazi dairəsinə paylanmış və sahələrə əkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli «Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər Dövlət Proqramı»nın həyata keçirilməsi qarşıya yeni vəzifələr qoymuşdur. Bu vəzifələrə respublikada barama assosiasiyasının yaradılması, yerli ting və çətil təsərrüfatlarının yaradılması, tut bağlarının suvarma təchizatının yaxşılaşdırılması, barama istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə subsidiya və yardımların davamlı olaraq verilməsi kimi kompleks məsələlər daxildir.
Məhz buna görə də rayonda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi məqsədi ilə mövcud tut tinglərinin əkildiyi sahələrdə aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılması üçün bağlar kümçülər arasında bölüşdürülmüş, müvafiq suvarma tədbirləri görülmüş, iri əkin sahələrində kümxanalar tikilməsi nəzərdə tutulmuş və bu tədbirlərin yüksək şəkildə aparılması üçün barama istehsalçılarının iştirakı ilə seminar və treninqlər keçirilmişdir. Bundan sonra da barama istehsalının təşviqi ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdiriləcək.
Şəki rayonunda kənd təsərrüfatının digər sahələri, o cümlədən çəltikçilik, taxılçılıq, paxlalı bitkilərin istehsalı və heyvandarlıq sahəsində də nəzərəçarpacaq irəliləyişlər baş vermişdir. Respublikada aqrar bölmədə gedən diversifikasiya prosesləri fonunda fındıqçılıq və ipəkçilik ön mövqeyə çıxmışdır.
Hər bir bölgədə özünü göstərən dinamik inkişafdan Qəbələ rayonuna da pay düşmüşdür. Qeyri-neft sektorunun və özəl bölmənin inkişafına göstərilən hərtərəfli dövlət dəstəyi füsunkar gözəlliyi, əsrarəngiz təbiəti olan Qəbələ rayonunu cəlbedici, qonaqlı-qaralı turizm diyarına çevirmişdir.
Turizmlə bərabər, son illər burada kənd təsərrüfatı sahəsində də ciddi uğurlar qazanılmışdır. Artıq 14 ildir ki, rayonda bu sahədə müsbət dinamika qorunub saxlanılır. Başqa rayonlarda olduğu kimi, Qəbələdə də təsərrüfat işlərinə maraq artıb. Tarlalarda əsl coşqu yaşanır. Konkret rəqəmlərə müraciət edək. Elə bitkiçilikdən başlayaq. Son illər rayonda kənd təsərrüfatı bitkilərinin əkin quruluşunda heyvandarlığın inkişafı nəzərə alınaraq yemə olan tələbatı ödəmək məqsədilə dəyişiklik aparılmışdır. Başqa sözlə, taxıl sahələri 1500 hektara qədər azaldılaraq, həmin sahələrdə silosluq qarğıdalı, vələmir, yem noxudu, yem çuğunduru, yonca, bir illik otlar və s. əkilmişdir.
2017-ci ildə rayonda 67,92 min ton taxıl istehsal olunmuş, hər hektarın orta məhsuldarlığı 32,1 sentner təşkil etmişdir. Keçən il 12260 ton kartof, 7612 ton tərəvəz, 3065 ton qarğıdalı, 116 ton bostan məhsulları, 13527 ton meyvə, 2065 ton üzüm istehsal olunmuşdur. Rayon sahibkarları bir sıra ixrac yönümlü məhsulların istehsalında da artıma nail olmuşlar. Fındıqçılıq və tütünçülük bu sırada mühüm yer tutur. 2016-cı ilin payızında sözügedən sahələrin inkişafında ciddi addımlar atılmışdır. Ötən ilin sonuna qədər 2 min hektar fındıq bağının salınması planlaşdırılsa da, yekunda nəzərdə tutulduğundan 17 hektar çox sahədə fındıq kolu əkilmişdir. 2018-ci ilin birinci rübündə daha 120 hektar yeni fındıq bağları əkilmişdir. Qəbələdə, həmçinin kənd təsərrüfatı yönümlü sənaye müəssisələri də fəaliyyət göstərir. Ötən il tütünçülər və baramaçılar da layiqli nəticələr əldə etmişlər. Belə ki, 70 hektarda tütün əkən qəbələlilər 90 ton quru tütün yarpağı tədarük etmişlər. Bu il tütün sahələri artırılaraq 75 hektara çatdırılmışdır.
Kümçülərin işi də diqqəti çəkir. 260 qutu ipəkqurdu rayonun 101 kümçüsü arasında paylanmış, bütün aqrotexniki əməliyyatlar keyfiyyətlə yerinə yetirilmiş, artıq barama yığımına hazırlıq görülür. Bu il 10,4 ton barama tədarükü gözlənilir.
Rayonda heyvandarlığın inkişafı üçün güclü potensial var. Hazırda Qəbələdə 46,3 min başdan çox mal-qara, qoyun və keçi bəslənilir. Ən diqqətçəkən məqam budur ki, rayonda, əsasən, yüksək damazlıq mal-qaraya üstünlük verilir. Bu isə heyvanların baş sayının azalmasına baxmayaraq, məhsul istehsalının artmasına imkan verir. İlin birinci üç ayında ötən ilin eyni dövrünə nisbətən diri şəkildə ət istehsalı 7 ton, süd istehsalı 351 ton, yumurta istehsalı 2,1 milyon ədəd artmışdır.
Qəbələdə 2 müasir tipli heyvandarlıq kompleksi, 4 kiçikhəcmli heyvandarlıq təsərrüfatları və xeyli sayda ailə-fermer təsərrüfatları fəaliyyət göstərir. Bu isə rayon əhalisinin ətə və südə olan tələbatının ödənilməsinə imkan verir. Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, müasir tipli damazlıq təsərrüfatlarının yaradılması prosesi davam etdirilir. Məsələn, «Aqro-Kompleks Qəbələ» MMC-də 1685 baş Simmental cinsindən olan mal-qara saxlanılır. Burada 650 baş ana mal var, hər inəkdən orta hesabla 21 kq süd sağılır, sutka ərzində 11 min kiloqram süd istehsal olunur. Heyvandarlıq-Südçülük Kompleksində isə 1980 baş Holştin friz cinsi bəslənilir ki, burada hər inəkdən 30 kq süd sağılır, sutkalıq istehsal isə 22 min kiloqram təşkil edir.
«Aqrolizinq» ASC-nin xətti ilə ayrı-ayrı fiziki şəxslərə satılan cins heyvanlar da yüksək məhsuldarlığı ilə fərqlənir. Belə ki, bu gün hər cins inəkdən sutkada 12-15 kq süd sağan fermerlərin sayı az deyil. Ən önəmli cəhət budur ki, cins malların alınmasına və bəslənməsinə hər il maraq artır.
Son vaxtlar Qəbələ rayonunda iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının ixtisaslaşması və şaxələnməsi meyilləri güclənir. Bu isə sonucda məhsul istehsalının və emal sənayesinin genişlənməsinə, ixrac potensialının artmasına gətirib çıxarır. Bu gün atılan hər bir müsbət addım  sabah üçün bolluq, bar-bərəkət və firavanlıq deməkdir.


Zülfü İLYASOV,
bölgə müxbiri