Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Yerli süd məhsulları bazarında vəziyyət: problemlər və həlli yolları

 

Ölkəmizin qeyri-neft sektorunun aparıcı sahələrindən biri də süd emalıdır. Bu sahə bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, mühüm inkişaf potensialına malikdir. Süd emalı sahəsi üçün xammal bazası rolunu oynayan heyvandırlıq sektoru artıq yüz illəridr ki, ölkə əhalisinin başlıca məşğuliyyət sahəsi olaraq qalmaqdadır. Digər tərəfdən, süd sənayesinin bütün məhsulları ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün zəruri olan qida səbətinin ən vacib məmulatları hesab edilir.
Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların hazırkı strukturu və həcmi nəinki ölkə əhalisinin süd məhsullarına olan tələbatını tam ödəməyə, həmçinin bu məhsulların dünya bazarılarına ixracına da imkan verir.
Süd və süd məhsulları əhalinin ərzaq istehlakında mühüm paya malik olan qida məhsullarındandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 118 saylı qərarına əsasən, hər bir əmək qabiliyyətli şəxs il ərzində 671 kiloqramdan az olmayaraq müxtəlif qida məhsulları (çörək və çörək məmulatları, süd və süd məmulatları, ət və ət məmulatları, meyvə-tərəvəz və s.) istehlak etməlidir ki, qüvvədə olan normativə əsasən həmin qida kütləsinin də təxminən 34,4%-ni və ya 230,6 kiloqramını süd və süd məhsulları (kərə yağı da daxil) təşkil etməlidir.
Dövlət Statistika Komitəsinin məlumatına görə,  2017-ci ildə süd istehsalı 2016-cı illə müqayisədə 0,8% artaraq 1,847,1 min ton  təşkil etmişdir.
Cari ilin mart ayında ölkəmizdə süd və süd məhsulları istehsalçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib.
Assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərir. Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis yığıncağında Samir Eyyubov qurumun idarə heyətinin sədri seçilib. Sədrin sözlərinə görə, yeni yaradılmış Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının məqsədi ölkədə istehsal keyfiyyətinin artırılmasına, məhsul ixracına dəstək verməkdir. Resurslara qənaət, yüksək keyfiyyətli standartların hazırlanması və tətbiqi, kadr problemlərinin həlli, xarici bazarlara daha rahat çıxış əldə edilməsi istiqamətləri üzrə fəaliyyət göstərəcəyik.
S.Eyyubovun sözlərinə görə, Azərbaycanın süd məhsulları bazarında əsas problem valatillikdir: “Südün xammal kimi qiyməti sabit deyil, hər iki-üç aydan bir qiymət artımı və yaxud azalması halları müşahidə edilir. Bəzən 30-40%-ə qədər fərq yaranır. Bu isə uzunmüddətli planları həyata keçirməyə mane olur”.
O, həmçinin bildirib ki, Azərbaycana idxal olunan süd məhsuları yerli istehsalla müqayisədə ucuz başa gəlir: “Bu istiqamətdə də tədbirlər həyata keçirməyə ehtiyac var. Yerli məhsulların xarici analoqları ilə müqayisədə rəqabətqabiliyyətli olması istiqamətində də iş aparılmalıdır, onların yüksək keyfiyyətini qorumaqla daha ucuz başa gəlməsinə çalışılmalıdır”.
Bəs, Avropa ölkələrində vəziyyət necədir?
Ekspert Vahid Məhərrəmov vəziyyəti Avropa ölkələri ilə müqayisə edir: “Avropa ölkələrində 1 litr südün maya dəyəri 69 qəpiyə başa gəlir. Lakin südün həyat üçün əhəmiyyəti nəzərə alınaraq və onun istehlakçılar üçün əlçatan olmasını təmin etmək məqsədilə 35 qəpiyə satılır. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti aşağı olsa da, südün 1 litrinin qiyməti 1 manatdan yuxarı təklif edilir. Onu da nəzərə alaq ki, Avropada əhaliyə yüksək keyfiyyətli süd və süd məhsulları təklif olunur. Bu sahədə çox ciddi nəzarət sistemi mövcuddur”.
MDB ölkələri arasında yalnız Belarus süd və süd məhsullarına olan ehtiyacını tam ödəyir. Belarus  adambaşına ildə 703 litr süd istehsal edir. V.Məhərrəmov onu da qeyd edir ki, Qazaxıstan 287 litrlə ikinci, Ukrayna 253 litrlə üçüncü yerdə gəlir. Ermənistanda 208 litr, Azərbaycanda isə 193 litr süd istehsalı olunur.
Südün maya dəyəri yüksək, satış qiyməti  aşağıdır
Etiraf edək ki, hazırda Azərbaycanın süd istehsalçıları digər ölkələrin, məsələn, Rusiya, Qazaxıstan və digər ölkələrin süd bazarında yer tuta bilmir. Süd ixracı mövcud olsa da, lazımi səviyyədə deyil”, - deyə İctimai Birlik rəhbəri Samir Eyyubov deyib. Onun sözlərinə görə, Rusiya Türkiyə məhsullarına sanksiya tətbiq etdikdən sonra bazarda boşluq yaranıb, amma buna baxmayaraq, Azərbaycan məhsulları həmin boşluğu doldura bilməyib. Belarus məhsulları bazarda üstünlüyü ələ keçirib”. O,  buna əsas kimi, yerli südün maya dəyərinin yüksək olmasını göstərib.
Hazırda süd istehsalçılarının qarşılaşdıqları problem ondan ibarətdir ki,  südün maya dəyəri yüksək, satış qiyməti isə aşağıdır.
Fermerlər çiy südün satış qiymətinin aşağı olmasından narazıdır. Elə ötən ay Bakıda keçirilmiş fermerlərin və süd emalçılarının birgə konfransında (11 may 2018-ci il) istehsalçılar bu məsələyə toxunaraq, ağır vəziyyətdə olduqlarını bildirmişdilər. Adını açıqlamayan fermerlərdən biri demişdir ki, ölkəyə xaricdən quru süd gətiriləndə yerli təbii südün alış qiyməti aşağı olmalıdır. Bu məsələ Kənd Təsərrüfatı Nazirliyinin qarşısında qaldırılmalıdır. Kiçik fermerlərin adından danışan Elşən Quliyev isə  bildirmişdir ki, südün qiymətinin aşağı düşməsi araşdırılmalıdır. Onun fikrincə, bu məsələ araşdırılmalı, monitorinq aparılmalıdır. Südün qiymətinin ucuz olmasının səbəbi müəyyən edilməlidir. Fermerlərin fikrincə, buna səbəb quru süddür. Gündəlik 1 ton süd istehsal edən fermerlər südün litrini 40-45 qəpikdən satır. Fermerlər, həmçinin yoncanın və qarğıdalının qiymətinin bahalaşdığını (müvafiq olaraq 5 man. və 35-43 qəp.) söyləmiş, ötən illə müqayisədə yoncanın qiymətinin 2 dəfə artdığını, yemin, kəpəyin də bahalaşdığını bildirmişlər. Kiçik fermerlər südü 45 qəpiyə satanda gəlir əldə edə bilmir. Bundan əlavə, işçilərin maaşını da verə bilmirlər. Fermerlər bütün bunları araşdırmağı Kənd Təsərrüfatı Nazirliyindən xahiş etmişlər.
“Şahdağ” Fermer təsərrüfatının nümayəndəsi Yusif Cəlilov bildirmişdir ki, təsərrüfatlarında 1500 baş heyvan mövcuddur: “2017-2018-ci ildə süd satışı ilə əlaqədar üzləşdiyimiz problemi mən heç vaxt görməmişəm. Çox ciddi problemdir. Gündəlik istehsalımız 10 tondur. Bunun 8-9 tonunu satışa çıxarırıq. Biz bu südü sata bilmirik. Satdığımız halda da pulunu ala bilmirik. 150 əməkdaşımız var. Onların əməkhaqlarını heyvanları satıb ödəyirik. Belə getsə, 1 il davam gətirə bilməyəcəyik. Tezliklə əməli addımlar atılmalıdır”.
Konfransda çıxış etmiş Azərbaycanın süd məhsulları istehsalçısı “Milk - Pro” şirkətinin ("Milk Pro" MMC "Sevimli Dad" markası ilə süd məhsulları istehsal edir) direktoru  Mövsüm Şıxıyev bildirib ki, iş adamlarının süd emalına əlavə sərmayə yatırmaları üçün yeni satış bazarları müəyyən olunmalı və ölkədə kifayət qədər çiy süd istehsal edilməlidir. Onun sözlərinə görə, bugünkü emal müəssisələri potensiallarının 20-25%-i ilə işləyirlər. Bunu 100%-ə çatdırmaq üçün əlavə sərmayəyə ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan bazarı böyük bazar deyil. Üstəlik, süd məhsullarının böyük hissəsi evlərdə istehsal olunur. Dünya standartlarına uyğun süd məhsulları istehsal etmək və xarici bazarlara çıxmaq üçün bizim alıb quraşdıracağımız avadanlıqlar müasir olmalıdır. 9 milyonuq daxili bazar üçün xeyli maliyyə vəsaiti xərcləyib xüsusi avadanlıqlar almaq sərf etmir. Əgər xüsusi avadanlıqlar alınacaqsa, istehsal olunacaq məhsulların böyük hissəsi xarici bazarlara göndərilməlidir. Sərmayə yatırıb emal zavodunu genişləndirən iş adamı daxili bazardan tələb olunan miqdarda çiy süd ala biləcəyinə əmin olmalıdır. Heç bir emal müəssisəsi südün stabil mövcudluğundan əmin olmayana qədər sərmayə yatırmayacaq. Südçü də arxayın olmalıdır ki, məhsuldarlığı artıraraq daha çox istehsal edəcəyi südü sata biləcəkdir.  Xarici bazarlarda rəqabət aparmaq üçün çiy südün fermerlərdən alış qiyməti aşağı olmalıdır. Süd elə bir qiymətə olmalıdır ki, fermerə sərf etsin, xərclərini bağlaya bilsin və qazanc götürsün. Buna görə südün qiyməti adekvat olmalıdır.
  Süd istehsalçılarına subsidiya verilməsi təklif olunur
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Samir Eyyubov yerli süd bazarında satışla bağlı ciddi problemlərin olduğunu etiraf etmiş və demişdir ki, hazırda istehsalçıların əlində böyük həcmdə süd qalıb.
Onun sözlərinə görə, ölkədə süd məhsullarına tələbat azalsa da, süd istehsalı artmaqdadır: "Aqrolizinq" ASC-nin xətti ilə Azərbaycana kütləvi şəkildə heyvan gətirilir. Onların da məhsuldarlığı yüksəkdir. Son nəticədə süd istehsalı kəskin artıb. İki ay bundan əvvəl litri 75-85 qəpiyə satılan süd indi 45 qəpiyədir. Hətta bu qiymətə belə istehsalçılar sata bilmirlər".
S.Eyyubov deyib ki, rəhbərlik etdiyi qurum süd istehsalçılarına subsidiya verilməsi üçün hökumətə müraciət edəcək: "Hökumət qarşısında məsələ qaldırmaq istəyirik. İstehsalçılara qismən subsidiya ayrıla bilər. Bundan başqa, əlavə dəyər vergisi ilə bağlı dəyişikliklərə ehtiyac var. Bununla bağlı da təklif irəli sürəcəyik".
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları" İctimai Birliyinin (ASEB) sədri Samir Eyyubov qeyd edilən problemin onlara məlum olduğunu bildirmiş, demişdur: “Hazırda 1 litr südün maya dəyəri 62 qəpikdir. Südün alış qiyməti isə 40-45 qəpikdir. İstehsalçıların hər litr süddə 20-25 qəpik ziyanı var. Biz südün alış qiymətinin qaldırılmasının tərəfdarı deyilik. Südün alış qiyməti qaldırılan zaman, süd məhsulları bahalaşır. Belə olan halda da xarici istehsalçılar ucuz məhsulları ilə bazardan pay almağa cəhd edirlər. Biz südün maya dəyərinin aşağı salınmasının tərəfdarıyıq. Təklif edirik ki, dövlət fermerlərə kooperativlər yaratmaqda dəstək versin. Kooperativlər fermerlərin daha aşağı qiymətlə yem bazası formalaşdırmalarına gətirib çıxaracaqdır. Həmçinin, 1 litr südə dövlət tərəfindən müəyyən məbləğdə subsidiyanın ödənilməsini təklif etmişik. Süd istehsalçısı həm subsidiya aldığından, həm də yem xərclərində qənaət etdiyindən süd satışından xalis gəlir götürə biləcəkdir ”.
Onu da qeyd edək ki, hazırda südün maya dəyərinin azaldılması məsələsi üzərində də işlər gedir. Bunun üçün ASEB Kənd Təsərüfatı və İqtisadiyyat nazirlikləri ilə ortaq proqram hazırlamaq niyyətindədir. Qurum sədrinin sözlərinə görə, bu gün fermerlər ziyanla işləyir. Emalçılar südü daxili bazarda yüksək qiymətə satdığı üçün xarici məhsullar bazara daxil olur. Çünki süd bahalı olduqda bazarda boşluq yaranır. Üstəlik, məhsulu ixrac etmək də olmur.  Onun sözlərinə görə,  bazarda hazırda dövlət nəzarətindən kənar məhsullar istehsal edilir. Bəzi məhsulların üzərində nə kod, nə də ki geniş məlumat olur. Bazarın kiçik oyunçuları dövlətin qoyduğu standartlara uyğun fəaliyyət göstərməlidir.

 

Yeganə MƏMMƏDOVA