Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

«Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək inkişaf persoektivləri» 


  

Böyük Vətən müharibəsi Azərbaycan kinosunda

 

120 illik tarixə malik olan Azərbaycan kinosu şanlı bir yol keçib. Bu yol heç də həmişə açıq, asan olmayıb. Mən bu yazıda milli kinomuzun şanlı tarixindən bəhs etməyəcəm. Bu mövzuda çox yazılıb, mütəxəssislər də sözlərini deyib. Mən sadəcə milli kinomuzda tariximizin qanlı-qadalı müharibə illərinin əks etdirilməsi barədə düşüncələrimi bölüşmək istərdim.
1941-ci iliyunun 22-də faşist Almaniyası ilə Sovet İttifaqı arasında müharibənin başlanması ilə Azərbaycan kino işçiləri öz işlərini dövrün ağır tələbləri əsasında yenidən qurmalı oldular. 1945-ci ilin mayına qədər ölkəmiz (keçmiş SSRİ) cəbhədən gələn xəbərləri dinləyərək tək bir məqsəd – qələbə üçün yaşayırdı. Partiya və hökumət xalqın mənəvi qüvvəsini qarşıda duran vəzifələrə nail olmaq üçün cəmləşdirirdi. Bütün ölkədə olduğu kimi, Azərbaycanda da filmlərin çəkiliş planları yenidən nəzərdən keçirilirdi. Əsas mövzu da dövrə uyğun idi: Vətənə sevgi...
Qısa müddətdə Azərbaycanda kinematoqrafiya hərbi vətənpərvərlik mövzusunda tam səfərbər oldu. Bakı kinostudiyasında şair və yazıçılardan (S.Vurğun, M.Hüseyn, studiyanın direktoru Ş.Abbasov və rejissor A.Beknazarov) ibarət komissiya təşkil olundu. Komissiyanın vəzifəsi müharibə mövzusunda qısametrajlı bədii və sənədli filmlərin, kinojurnalların yaradılmasına rəhbərlik etmək idi. Bu məqsədlə yazıçılardan S.Rəhman, İ.Qasımov, M.Cəlal, Ə.Sadıq, M.Rəfili, rejissorlardan M.Mikayılov, R.Təhmasib, A.Quliyev, M.Dadaşov, N.Bədəlov və başqalarına ssenarilərin yazılması və filmlərin çəkilişləri tapşırıldı.Beləliklə, kinostudiya müharibənin reallıqlarını, qəhrəman oğullarımızın şücaətini əks etdirən filmlərin istehsalına başladı.
Böyük Vətən müharibəsi dövründə ölkədə vəziyyətin ağır olmasına baxmayaraq, kinostudiyada ilk ekran əsərləri - M.F.Axundovun həyat və yaradıcılığından bəhs edən“Səbuhi” (1942), qəhrəman döyüşçülər Kamal Qasımov və Bəxtiyar Kərimova həsr edilmiş “Vətən oğlu” (1941) və “Bəxtiyar” (1942) kinonovellaları, Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun döyüşdə göstərdiyi hünərdən danışan “Sovet pəhləvanı” (1942), qısametrajlı“Sovqat” filmi (1942), dənizçilərin igidlikləriniəks etdirən “Sualtı qayıq “T-9” (1943) bədii filmi, xalqlar dostluğundan danışan “Bir ailə” kinoalmanaxı(1943), “Vətən uğrunda” (1943),“416-cı” (1942), “Bakı döyüşür” (1944), “General Həzi Aslanov” (1945) və s. sənədli filmlər çəkildi.
Kino işçiləri ön cəbhədə
Kino işçilərinin böyük bir hissəsi əllərində silah müxtəlif cəbhə bölgələrində faşistlərə qarşı qəhrəmanlıqla vuruşurdular. Ssenarist Ə.Qulubəyov 416-cı Taqanroq diviziyasında rabitəçi idi. Kinomexanik V.Lozov göstərdiyi qəhrəmanlıqlara görə 1943-cü ildə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdü.Kinostudiyanın direktoru Z.Səfərov, rejissorlardan T.Tağızadə, Ə.İbrahimov, Ş.Mahmudbəyov və başqalarıordu sıralarında döyüşürdülər.
Rusiyalı kinoşünas N.Zorkaya yazır: “Böyük Vətən müharibəsində 250 kinooperator iştirak etmiş, onlardan hər beşincisi qəhrəmancasına həlak olmuşdur”. Onların arasında Azərbaycandan gedənlər də (A.Z.Ələkbərov, K.Həsənov, M.Mustafayev, C.Məmmədov, X.Babayev, L.Koretski, Ə.Ələkbərov, Ə.Həsənov, M.Dadaşov, V.Yeremeyev, T.Axundov, Ə.Hüseynov, S.Bədəlov və başqaları) az deyildi.Onlar ön cəbhədə düşmənlə üz-üzə tarixin amansız dəhşətlərini anbaan kinolentin yaddaşına köçürürdülər.Bəzən bu kinoxronikalar onların həyatı, qanı bahasına başa gəlirdi...
Müharibə illərində çəkilən filmlər, ilk növbədə təbliğat idi. Bu filmlər “yüksək sənət” xatirinə deyil, xalqın mübarizlik ruhunu yüksəltmək üçün yaranırdı.
Sənədli kino ustalarının ilk işi “Ordenli Azərbaycan” kinojurnalının yeni nömrələri oldu. Bu xüsusi buraxılış (1941) azərbaycanlı gənclərin könüllü olaraq cəbhəyə getməsinə həsr olunmuşdu.
O illərin film və tamaşalarında gerçəklik maksimum dərəcədə idi. Bu gerçəklik bir amala - düşmənə qarşı son nəfəsə qədər döyüşməyə, fədakarlığa, arxa cəbhədə isə  yorulmadan işləməyə, vətəndaşların şüurunda vətənpərvərlik hissinin tərbiyə edilməsinə xidmət edirdi. Müharibə acı, lakin unikal material mənbəyi idi; yaradılan filmlərdə hərb dövründə insanların qarşılıqlı münasibətləri, qəhrəmanların taleləri, arzu və istəkləri gerçəkliyin ekranda əksi idi. Bu filmlərdə düşmənə nifrət get-gedə müharibəyə və onun acı fəsadlarına: ağrıya, dərdə və dağıntılara nifrətlə əvəz olunurdu.
Müharibə mövzusu müharibədən sonra
Kinoşünas alim Aydın Kazımzadə yazır: “Müharibə qurtarandan sonra sənətə əyinlərindən hərbi formanı hələ çıxarmamış, dəhşətli hadisələrin iştirakçısı olmuş, vaxtından əvvəl yaşlanmış adamlar gəliblər. Onlar ekran vasitəsilə nəsilləri, həlak olmuş yoldaşları adından müharibəyə öz münasibətlərini, nifrətlərini bildirmiş, öz sözlərini demişlər”.
Böyük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan kinosunda yeni mərhələ başladı. Rejissor T.Tağızadə müxtəlif illərdə yaradıcılığında müharibə mövzusuna müraciət edərək, “Əmək və qızılgül”, “Mən ki gözəl deyildim” kino əsərlərini yaratdı. Onun 1958-ci ildə Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filmi bu yaradıcılıq işlərinin zirvəsi idi.
Bu film təkcə Azərbaycanın deyil, bütün sovet kinosunun nailiyyətləri sırasındadır. Dinamik, gərgin hadisələr, dəqiq aktyor seçimi, yüksək səviyyəli operator və rejissor işi sayəsində bu film böyük şöhrət qazandı. Rejissor bu filmdə müharibənin vəhşi təbiətini bütün çılpaqlığı ilə təsvir etmiş, başımıza gələn müsibətləri, ağır itkiləri, insan ruhunun yenilməzliyini tam gerçəkliyi ilə əks etdirə bilmişdi.
Elə həmin ildə rejissor Ə.İbrahimov “Onun böyük ürəyi” filmini çəkir. Bu filmdə adamların yüksək mənəviyyatından, ön cəbhədə alman faşizminə qarşı qəhrəmanlıqla vuruşub şücaət göstərmələrindən bəhs edilir.
Rejissor işi Ə.Atakişiyevə aid olan “Bizim küçə” (1961) filmində isə müharibə dövründə itkin düşmüş bir qızın taleyindən söhbət açılır.
Çağırsa ellər, gedərəm davaya…
1969-cu ildə “Şərikli çörək” və “Bizim Cəbiş müəllim” filmləri ekrana çıxdı. “Bizim Cəbiş müəllim” kinopovesti müharibə illərində hərbi texnikanın hərəkətə gətirilməsində neft Bakısının həlledici rolundan bəhs edən tutarlı ekran əsəridir. 70-ci illərdə bu film bütün keçmiş İttifaq ekranlarını dolaşdı və yaradıcılarına böyük uğur gətirdi.
Bu filmdə uşaqdan-böyüyə hamı müharibənin qələbə ilə bitməsini gözləyir, hamı əlində olan son tikəsini belə cəbhədəki döyüşçülərə gön­dərməyə hazırdır.  Makedonun dilin­dən deyilən “Çağırsa ellər, gedərəm davaya” meyxanası indi də uşaqlar arasında sevilə-sevilə səslənir...
Filmdəki səhnələrin birində Cəbiş məllim qonşusu Nəcəfovla ön cəbhədə baş verən hadisələrdən danışır. Nəcəfov obrazının dili ilə rusların xoşuna gəlməyən, onların nəzarətdə saxladığı faktlar üzə çıxarılmışdır. Həmin fakt ondan ibarət idi ki, Böyük Vətən müharibəsində hər 1000 zirehli texnikanın 700-nü yanacaqla Azərbaycan təmin edib.
Azərbaycan kinosunda seçilən rejissorlardan olan Ş.Mahmudbəyovun yaratdığı filmlər arasında müharibə mövzulu “Şərikli çörək”, “Dörd bazar günü”, “Skripkanın sərgüzəşti”, “Torpaq. Dəniz. Od. Səma”, “Tənha narın nağılı” kimi kino əsərləri xüsusi yer tutur. Arxa cəbhədə uşaqların həyatından bəhs edən “Şərikli çörək”filmi 1969-cu ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Rejissor E.Quliyevin “Səmt küləyi” (1973) filmi Azərbaycan kinosu tarixində xarici (Çexoslovakiya) studiya ilə müştərək çəkilmiş ilk filmdir.  A.Babayevin “Sevinc buxtası” filmi 1978-ci ildə, “Birisi gün gecə yarısı” filmi 1986-cı ildə Azərbaycan SSR Dövlət mükafatı alıb.1976-cı ildə İ.Hüseynovun “Tütək səsi” və “Saz” povestlərinin motivləri əsasında R.Ocaqov “Tütək səsi” adlı maraqlı bir sənət nümunəsi yaradıb.
O illərdə insanların əlində sanki mümkün olmayan iş yox idi. Cəbhə üçün, döyüş üçün nə lazımdırsa, qeyd-şərtsiz yerinə yetirilməli idi. Özü də qorxu ilə, təhdidlə yox, daxili istəklə...
Rejissor R.İsmayılovun çəkdiyi “Sizi dünyalar qədər sevirdim” (1985) qəhrəmanlıq kinodramı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradıcılıq uğurudur. Film iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yolunun  müəyyən səhifələrini canlandırır. Bu filmi həyəcan və qürur hissi keçirmədən seyr etmək olmur.“Uzaq sahillərdə” filmindən sonra bu ikinci filmdir ki, ön cəbhədə gedən döyüşləri tamaşaçıya təqdim edir.
Böyük Vətən müharibəsi haqqında filmlər ikiqat dəyərlidir. Belə ki, hər birində həmin dövrün gerçəklikləri,  çətin şəraitə düşmüş insanların əhval-ruhiyyələri, ümidləri və arzuları, nəhayət, tariximiz öz əksini tapır. Bu filmlər yerli kinematoqrafın qiymətli xəzinəsidir.Qəhrəman keçmişimizin ekranda canlanan obrazları tamaşaçını hadisələr burulğanına çəkərək, onu bu keçmişin bir hissəsinə çevirir. 
Unutqanlıq yolverilməzdir
Yuxarıda söhbət açdığımız bu filmlərdən hər biri bizləri o müdhiş illərə çəkib aparır. Bir dərdli, bir sərli, bir amallı insan talelərinin qovuşduğu məkana. Bu ümmana baş vurduqca, xalqımızın hünər və qeyrət etalonuna çevrilən fədakarlığını və şücaətini gördükcə qürur duyursan ki, faşizm kimi ölüm kabusunun yer üzündən silinib atılmasında Azərbaycan xalqının misilsiz payı və zəhməti vardır.
Böyük Vətən müharibəsi haqqında filmlər  bütün ölkəni, hər bir kəsi əhatə edən ağır zəhmətin, o illərin hadisələrinin təhlili və nəticəsi idi.
Böyük fəxrlə söyləmək olar ki, Bakı nefti olmasaydı, təpədən dırnağa qədər silahlanmış Hitler Almaniyasını məğlub etmək mümkün olmayacaqdı. Sovet ideoloji sistemi bunu etiraf etsə də, əməldə başqa cür davranmışdır. Belə olmasaydı, qəhrəman şəhərlər sırasında buna ən çox mənəvi haqqı olan Bakımızın da adı olardı. Bütün bunlar tarixin bizə verdiyi ibrət dərsləridir. Tarixdə unutqanlıq olmaz. Çünki bu sonrakı itkilərə və acılara yol açır. Odur ki, Böyük Vətən müharibəsində Azərbaycan xalqının şanlı və şərəfli mücadilə tarixi dərindən öyrənilməli, təbliğ edilməlidir.
Bu gün biz Qarabağ müharibəsinin şahidləriyik. Ötən əsrin sonlarında milli kinomuzda durğunluq illəri yaşansa da, filmlər çəkilirdi. Qarabağda gedən müharibə və onun fəsadları kinolentlərə köçürüldü. Beləcə "Fəryad”, "Ağ atlı oğlan” və s. yarandı.
“Fəryad” filmini Qarabağ müharibəsi haqqında çəkilmiş ən mükəmməl film adlandırmaq olar. 1993-cü ildə çəkilmiş bu film qəlbi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı üçün doğmadır, əzizdir. Ceyhun Mirzəyevin daxili iztirabları, düşüncələri həqiqi olduğundan film uğurlu alınıb.
Son dövrlərdə çəkilən filmlər arasında A.Abbasın eyniadlı romanı əsasında çəkilən "Dolu” filmini xüsusi qeyd etmək olar. Filmi "məğlubiyyət haqqında ən yaxşı qələbə filmi” adlandırırlar.
Hazırda milli kinomuza dövlət qayğısı yeni filmlərin çəkilişinə təkan verib. Dövlət sifarişi ilə çəkilən filmlərin sayı artır, gənc rejissorlar üçün öz potensiallarını nümayiş etdirməyə geniş imkanlar açılır. Bizim güclü ordumuz, İlham Əliyev kimi Ali Baş komandanımız var. Əminik ki, tezliklə aprel döyüşlərini də, Cocuq Mərcanlını da, Qarabağ həqiqətlərini də dünyaya çatdıracaq yeni ekran əsərləri yaranacaqdır.

 

Yeganə MƏMMƏDOVA