Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Biz nəhəng layihələri tərəfdaşlarımızlabirlikdə icra edir və

Avropanın enerji xəritəsini yenidən tərtib edirik

 

May ayının 30-da AzTV-nin “Günün nəbzi” verilişində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə, millət vəkilləri  Rasim Musabəyov, professor Elman Nəsirov və BP Azərbaycanın vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə mayın 29-da açılışı olan Cənub Qaz Dəhlizi layihəsi barədə fikir mübadiləsi aparılmışdır.



Aparıcı (Rövşən Rafiqoğlu): Mayın 29-da Cənub Qaz Dəhlizi layihəsinin rəsmi açılışı keçirildi. Cənab Prezident İlham Əliyev mərasimdə çıxış etdi və Azərbaycanın enerji siyasəti ilə bağlı mühüm məqamlara, strateji məsələlərə bir daha aydınlıq gətirdi. Biz  dövlət başçısının çıxışı, Cənub Qaz Dəhlizinin qlobal və regional əhəmiyyəti ilə bağlı qonaqlarımızla ətraflı fikir mübadiləsi aparacağıq. Ziyad müəllim, istərdim ilk sualı sizə ünvanlayaq. Biz “Əsrin müqaviləsi”, bu müqavilənin Azərbaycan üçün, Azərbaycanın iqtisadiyyatı üçün əhəmiyyəti barədə dəfələrlə fikir mübadiləsi aparmışıq və sizin dediyiniz fikirlərdən bir neçəsi mənim xüsusilə yadımda qalıb.
Birincisi, “Əsrin müqaviləsi”nin ümummilli liderin rəhbərliyi altında reallaşması ilə Xəzər dənizinin bugünkü yataqlarının məhz Azərbaycana məxsus olması hüquqi baxımdan öz təsdiqini tapdı, sübuta yetirildi.
İkincisi, “Əsrin müqaviləsi” ilə, etiraf edək ki, bəlkə də Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycanın enerji mənbələri məhz xalqın ixtiyarına verildi.
Bax, bütün bu kontekstlərlə yanaşı, faktiki olaraq, biz, əsrin layihəsi barədə fikir mübadiləsi aparırıq. Cənub Qaz Dəhlizinin əhəmiyyəti, bu tarixi məsələnin önəmi barədə hansı fikirləri söyləyə bilərsiniz.
Ziyad Səmədzadə: Əvvəla, mən də Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm. Cənab prezidentin həmin mərasimdəki çıxışı, sözün əsl mənasında, tarixi çıxış idi. Bu çıxış bir daha göstərdi ki, müstəqil Azərbaycan uğurla, dinamik inkişaf edir və özünün apardığı iqtisadi siyasət nəticəsində respublikanın malik olduğu təbii resurslardan səmərəli istifadə edilməsi imkanlarını ildən-ilə artırır.
Azərbaycanda neft, təxminən 170 ildir ki, sənaye üsulu ilə istehsal olunur.
Aparıcı: Deməli, ilk dəfə olaraq məhz Azərbaycanda?
Ziyad Səmədzadə: Məhz Azərbaycanda və bu müddətin yalnız 25 ilində Azərbaycan xalqı özünün təbii sərvətlərinin sahibi olub. Azərbaycanda indiyə qədər 2 milyard tondan bir az çox neft çıxarılıb. Bunun yalnız 25 ili Azərbaycan xalqına məxsus olub. Yəni, 25 il ərzində Azərbaycan xalqı, mən deyərdim ki, əsrlərə bərabər yol keçmişdir. Baxın, Azərbaycandan 150 il neft çıxarılıb, milyard dollarla pullar qazanılıb, Azərbaycanın torpaqlarının xeyli hissəsi əkinəyararsız hala düşüb, bir çox problemlərimiz illər boyu həll edilməmiş qalıb.
Sovet dövründə, xüsusən də 70-ci illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı təmin olundu və biz yanacaq-energetika resurslarından daha səmərəli istifadə etmək imkanlarını əldə etdik. Son 25 ildə Azərbaycan nələrə nail oldu. Uğurlu neft strategiyasının reallaşması nəticəsində bu gün Azərbaycan öz iqtisadiyyatının gücünü dəfələrlə artırıb, iqtisadi potensialını möhkəmləndirib, dünya miqyaslı, irimiqyaslı layihələrə sahib olub. Bizim 45 milyarddan çox valyuta ehtiyatlarımız var. Yəni, maliyyə vəsaitləri olmayan bir şəraitdə Azərbaycan “Əsrin müqaviləsi”ni imzaladı. Bizim bugünkü iqtisadi gücümüzün, iqtisadi müstəqilliyimizin əsasında “Əsrin müqaviləsi” dayanır və bu gün “Şahdəniz” layihəsini imzalamaqla Azərbaycan dünyaya bəyan edir ki, mən bir müstəqil dövlət kimi, Azərbaycanın təbii resurslarının dünya bazarına çıxarılması istiqamətində mübarizə aparıram və uğurlu əməkdaşlığa görə də sizlərə təşəkkür edirəm. Azərbaycan bir daha dünyaya sübut etdi ki, onun təbii resursları hələ bundan sonra da həm bəşəri inkişafa, Avropanın elektrik təhülkəsizliyinə xidmət edəcək, həm Azərbaycanın potensial imkanlarını genişləndirəcəkdir. Biz “Əsrin müqaviləsi”ni imzalamaqla çox böyük iqtisadi, sosial və siyasi dividendlər əldə etdik və heç şübhəsiz ki, bununla Azərbaycanın iqtisadi gücü daha da artacaq, beynəlxalq əməkdaşlıq sahəsində imkanları genişlənəcək. Azərbaycan investisiya və inkişaf üçün böyük imkanlara malikdir və dünyanın ən iri nüfuzlu şirkətlərini burada görməkdən məmnunluq duyur.
Aparıcı: Faktiki olaraq, bu gün əldə etdiyimiz uğurların bazisi, ana xətti məhz “Əsrin müqaviləsi”ndən başlanır. “Əsrin müqaviləsi” olmasaydı, 1999-cu ildə Bakı-Supsa, 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2013-cü ildə Bakı-Tbilisi-Ərzurum qaz, yaxud da 2017-ci ildə Bakı-Tbilisi-Qars və eləcə də, Cənub Qaz Dəhlizini reallaşdıra bilməzdik. Amma, eyni zamanda, bu qaz layihələrinin reallaşdırılması istiqamətində mühüm önəm kəsb edən məsələlərdən biri də, heç şübhəsiz ki, əməkdaşlıq münasibətləridir. Əgər regional əməkdaşlıq münasibətləri olmasaydı, yaxud da qlobal miqyasda Azərbaycanın sözünün çəkisi olmasaydı, bu layihələri də reallaşdırmaq mümkün olmazdı. Cənub Qaz Dəhlizi çərçivəsində 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalandı, 2012-ci ildə Azərbaycanla Türkiyə arasında saziş, 2013-cü ildə TAP layihəsi üzrə beynəlxalq saziş, 2015-ci ildə Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının birinci iclasının keçirilməsi və s. haqqında istərdim, Rasim müəllim, sizin fikirlərinizi eşidək.
Rasim Musabəyov: Bu layihə əslində regional deyil, transkontinentaldır.  Bu kəmər bilavasitə altı ölkənin ərazisindən keçir. Bu layihəni maliyyələşdirmək üçün böyük dövlətlərin razılığı olmadan maliyyə qurumları o layihəyə vəsait ayırmazdılar. Azərbaycan bunu da bacardı və gizlətmək lazım deyil, bu, cənab prezidentin bilavasitə səyləri nəticəsindədir. Ona görə ki, bütün danışıqları ən yüksək səviyyədə bilavasitə cənab prezident aparıb, ona etibar edilib, ona dəstək verilmişdir.
Aparıcı: Başqa sözlə, qlobal layihələr məhz liderlərin nüfuzunda reallaşır.
Rasim Musabəyov: Bəli. Ziyad müəllim bu layihənin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini qeyd etdi, ancaq mənə elə gəlir ki, diqqətdən kənarda qalmamalıdır ki, bu layihə Azərbaycanın geopolitik çəkisini artırır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu layihənin ilkin mərhələsində ötürüləcək qazın 16 milyard kubmetrdən 32-yə qədər qaldırılması planlaşdırılıb, gələcəkdə bundan da artıq ola bilər. Təbii ki, Cənub Qaz Dəhlizi də Bakı-Tbilisi-Ceyhan kimi geopolitik əhəmiyyət üçün olduqca vacibdir.
Aparıcı: Ən əsası isə yalnız regional deyil, Xəzər regionu ölkələri də gələcəkdə bu layihəyə sərbəst qoşula, faydalana bilər.
Elman müəllim, istərdim sizin fikirlərinizi eşidək. Faktiki olaraq, bu gün Azərbaycan Avropa İttifaqı ölkələri ilə sırf əməkdaşlıq münasibətlərinə, strateji tərəfdaşlıq münasibətlərinə malikdir ki, bu layihələr həyata vəsiqə qazandı. Burada xüsusi önəm kəsb edən məsələlərdən biri Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında olan münasibətdir, əməkdaşlıqdır. Məsələn, çox uzağa getməyək, son bir ayda ABŞ Prezidenti Donald Trampın Azərbaycan prezidentinə üç məktubu ünvanlandı. Mən istərdim ki, həmin məktubdan sitatları oxuyum, daha sonra sizin şərhlərinizi eşidək. Məsələn, Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məktubda deyilir: “Enerji sahəsində illərdir davam edən əməkdaşlığımız bu il inanılmaz bir nailiyyət kimi, Avropanın zəruri enerji təhlükəsizliyini təmin edəcək ilk qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqli sayəsində zirvəyə yüksəlmişdir”.
Yaxud da, Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə Prezident İlham Əliyevə ünvanlanan məktubda deyilir: “İlk müstəqil dövlətinin 100 illiyini qeyd edən Azərbaycan indi daha firavan və qlobal iqtisadiyyata malik bir ölkədir. Azərbaycanın böyük neft yataqları dünya enerji bazarına sabitlik gətirir. Sizin qaz hasilatınız isə Türkiyə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verəcəkdir. Enerji layihələrinizin uğurunu möhkəmləndirəcək iqtisadi və hüquqi islahatları davam etdirməyinizi dəstəkləyirəm. Bizim böyük dövlətlərimizin və Qafqaz regionunun daha firavan, dinc və təhlükəsiz olması naminə Sizinlə birgə işləmək əzmindəyəm”.
Dünyanın super güclü bir dövlətinin cənab prezidentə ünvanlandığı məktubda qeyd olunan bu fikirlər nəyi deməyə əsas verir?
Elman Nəsirov: Mən, əvvəla onu qeyd etmək istəyirəm ki, mayın 29-u Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olaraq yadda qaldı və artıq bu gün də bizim tariximizə qızıl hərflərlə yazıla bilər. Ondan bir gün öncə, mayın 28-i Cümhuriyyətimizin 100 illiyini qeyd etdik və hesab edirəm ki, burada da bir rəmzi məna var. 100 illiyimizi qeyd etdik və bir gün sonra - mayın 29-da bütün dünyanın enerji xəritəsini dəyişə biləcək bir gücə malik Cənub Qaz Dəhlizinin rəsmi açılışı həyata keçirildi. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin, “Əgər o Cümhuriyyəti yaradan böyük şəxsiyyətlər bizim bugünkü günümüzü görsəydilər, bugünkü inkişaf edən Azərbaycanı görsəydilər, böyük qürur hissi keçirərdilər” sözləri lap yerinə düşür. Həqiqətən də, o zaman Xalq Cümhuriyyəti neftin sahibi olub, onu dünya bazarına çıxara bilmədi. Bu gün isə həm Azərbaycan nefti, həm də qazı dünya bazarına çıxır və dövlətimizin inkişafında bu hadisələrin müstəsna rolu var.
Dövlətimizin başçısı mayın 29-da keçirilən mərasimdə də qeyd etdi ki, çox qəliz, həm texniki, həm də iqtisadi baxımdan çox mürəkkəb olan bu layihənin reallaşdırılması yalnız və yalnız beynəlxalq əməkdaşlıq sayəsində mümkün olub və buna görə də Türkiyə hökumətinə, Gürcüstan hökumətinə, Avropa İttifaqına, Avropa Komissiyasına təşəkkürünü bildirdi və xüsusilə Amerika Birləşmiş Ştatlarının üzərində dayandı.  Amerika Birləşmiş Ştatları və  Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ilə bağlı iki məqamı vurğuladı.
Bir - mənəvi, siyasi dəstəyindən bəhs etdi, çünki bu, çox vacib məsələdir. Eyni zamanda, Birləşmiş Ştatların maliyyə dəstəyi məsələlərinə toxundu və öz təşəkkürünü bildirdi ki, dünyanın fövqəl dövləti olan Birləşmiş Ştatların, təbii ki, bu layihələrin reallaşdırılmasındakı dəstəyi, xüsusilə Cənub Qaz Dəhlizinin həyata keçirilməsindəki mövqeyi bizim üçün çox mühüm əhəmiyyət kəsb edir.
Həm də Amerika Prezidenti cə­nab Trampın son ay ərzində Azərbaycan prezidentinə üç mək­tubundan sitat gətirdiniz və mən də bir məqama toxunmaq istərdim. Azərbaycandan bəhs edəndə 100 illik xüsusi vurğulanır. Yəni, bu gün dünyanın hətta çox böyük dövlətləri 100 illiyini qeyd etməyiblər. Məsələn, qardaş Türkiyə dövləti nəhəng dövlətdir, NATO ölkəsidir, 2023-cü ildə 100 illiyini qeyd edəcək. Bu nöqteyi-nəzərdən Azərbaycan daha firavan bir dövlət kimi qiymətləndirilir və qlobal iqtisadiyyatla bağlı bir dövlət kimi təqdim edilir. Bunlar çox vacib məsələlərdir.
Bu fikirlərin əhəmiyyəti həm də ondadır ki, bu gün bir çox ölkələrdə ermənilərin əlində siyasi alətə çevrilmiş qüvvələr mövcuddur. Elə Birləşmiş Ştatların özündə. Bilirsiniz ki, konqresdə xeyli ermənipərəst konqresmenlər və senatorlar var. Krestofer Simit - ABŞ konqresinə, həm də Helsinki Komissiyasına rəhbərlik edir, bizim əleyhimizə olan 907-ci maddənin əsas müəlliflərindın biridir.
Aparıcı: Həmçinin, qondarma er­məni soyqırımının.
Elman Nəsirov: Bəli, eyni zamanda, bu o, şəxsdir ki, ciddi cəhdlə çalışırdı ki, konqresdə Azərbaycanda demokratiya aktı deyilən bir sənəd qəbul edilsin. Məqsəd nə idi? Məqsəd o idi ki, Azərbaycan hökumətinə, onun nümayəndələrinə, bizim təhlükəsizlik xidmətinin şəxslərinə qarşı sanksiyalar tətbiq edilsin, onların ABŞ-a səfəri mümkün olmasın, yəni bir az da açıq desək, Krestofer Simit kimi konqresmenlərin niyyəti o idi ki, Azərbaycan-Birləşmiş Ştatlar strateji tərəfdaşlıq münasibətlərinə kölgə salınsın, bu münasibətlərə zərbə endirilsin. Bu reallığın fonunda Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Azərbaycanı özünün strateji tərəfdaşı hesab edir və xüsusilə də, təhlükəsizlik məsələlərində Azərbaycanla ABŞ-ın tərəfdaş olduğunu, beynəlxalq sülhə, təhlükəsizliyə böyük töhfə verdiyini təsdiqləyir. Hesab edirəm ki, bunlar olduqca vacib məqamlardır və onu göstərir ki, Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində heç bir maneə yoxdur, artıq o reallaşdırılmış bir layihə kimi qəbul oluna bilər.
Aparıcı: Təşəkkür edirəm və istərdim ki, digər məqamlara da toxunaq. Bəxtiyar müəllim, bu gün biz Cənub Qaz Dəhlizinin rəsmi açılışından danışırıq. Amma Azərbaycan bir dövlət olaraq bu günə gəlib çatmaq üçün nələrdən keçmədi, hansı çətinliklərlə üz-üzə qalmadı ki? Biz bu nəticəyə pillə-pillə nail olduq. Bunu xüsusi olaraq qeyd etmək lazımdır. Məsələn, “Əsrin müqaviləsi”nin imzalanması və həyata vəsiqə qazanması Azərbaycanı faktiki olaraq Avropaya və dünyaya tanıtdı, BP ilə Azərbaycan əməkdaşlığının əsasını qoydu. Eyni zamanda, 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə veriləndən sonra Azərbaycan qazının Avropaya çıxarılması kimi fikirlər ciddi müzakirə mövzusuna çevrildi və bu gün biz Cənub Qaz Dəhlizinin artıq rəsmən açılışından danışırıq. Təbii ki, bu əməkdaşlıqda Azərbaycanla BP arasında işbirliyinin, əməkdaşlığın inkişaf istiqamətləri hansı yöndə inkişaf edəcək və ümumiyyətlə, bu əməkdaşlıq barədə nə söyləmək olar?
Bəxtiyar Aslanbəyli: Çox sağ olun. Tamamilə doğru buyurursunuz, əslində Azərbaycan, yəni açıq dənizə çıxışı olmayan bir ölkənin dünyanın hazırkı enerji xəritəsində aktiv nöqtələrdən birinə çevrilməyi böyük nailiyyətdir. Təsəvvür edin, bu gün artıq biz Azərbaycan-Gürcüstan enerji koridorunun əsas və yeganə təchizatçısıyıq.
Bakı-Ceyhan ilk dəfə olaraq Xəzərin enerji ehtiyatlarının dünya bazarına çatdırılması üçün bir boru kəməri funksiyasını oynadı. Bakı-Tbilisi-Ceyhanın ən böyük əhəmiyyəti o idi ki, ilk idi, bundan sonra Cənubi Qafqaz boru kəməri, Bakı-Tbilisi-Ərzurum, daha sonra dəmiryol layihəsi və bu gün də artıq Cənub Qaz Dəhlizinin reallaşması... Cənub Qaz Dəhlizi barədə biz bu studiyada dəfələrlə müzakirələr aparmışıq və onun müxtəlif komponentləri barədə danışmışıq. Bayaq hörmətli Ziyad müəllim də tamamilə doğru qeyd etdi ki, layihə siyasi cəhətdən özü-özlüyündə, eyni zamanda, texniki cəhətdən də kifayət qədər mürəkkəbdir. Məsələn, çox vaxt “Şahdəniz-2” layihəsini sadə bir layihə olaraq qiymətləndiririk. Amma “Şahdəniz-2” layihəsi, əslində, Xəzərdə ən dərin sulu hissədə - 550 metr dərinlikdə 7200 metr yerin təkinə doğru quyuların qazılması deməkdir. “Şahdəniz-2” layihəsi 26 bu cür quyu deməkdir ki, onun artıq 14-ü qazılıb. Bu layihə, eyni zamanda, 30 min ton çəkisi olan körpü ilə birləşən iki nəhəng platformadan ibarətdir və 500 kilometr sualtı boru kəməri deməkdir. Səngəçal Terminalının 88 hektar ərazidə genişləndirilməsi ilə Azərbaycan ərazisində 428 kilometr Cənubi Qafqaz boru kəmərinə paralel boru kəmərinin tikilməsidir.
Aparıcı: Bəxtiyar müəllim, tam əminliklə söyləmək olarmı ki, Cənub Qaz Dəhlizi layihəsi qlobal miqyasda ən nəhəng layihələrdən biridir?
Bəxtiyar Aslanbəyli: Hal-hazırda ən nəhəng layihədir. Ümumiyyətlə, Cənub Qaz Dəhlizi neft-qaz sənayesi tarixində həyata keçirilən ən nəhəng layihədir və bu gün o layihə artıq reallaşır. 
Aparıcı: Hətta, Asiya İnkişaf Bankının açıqlaması vardı ki, indiyə qədər ən böyük vəsait ayırdığı layihədir.
Bəxtiyar Aslanbəyli: Tamamilə doğrudur. Bu layihənin reallaşması Azərbaycan dövlətinin siyasi iradəsi, əzmkarlığı nəticəsində mümkün oldu və eyni zamanda, bu iradə və əzmkarlıq kifayət qədər beynəlxalq dəstəyə də söykənir. Yəni, beynəlxalq dəstək dedikdə, mən sadəcə beynəlxalq maliyyə qurumlarının maliyyələşmə istiqamətini, dəstəyini nəzərdə tutmuram. Kifayət qədər siyasi dəstək olub. İki nümunə göstərim. İranla bağlı sanksiyalar bəllidir. 2012-ci ildə Avropa Birliyi, ondan daha əvvəl isə Amerika Birləşmiş Ştatlarının sanksiyaları var idi ki, hər hansı İran şirkəti olan layihələrdə Amerika Şirkətlərinin və yaxud Amerika birjalarının səhmlərinin iştirakı qadağan idi. Ancaq “Şahdəniz” layihəsinin əhəmiyyətini nəzərə alaraq, “Şahdəniz” layihəsi o sanksiyalardan azad edilmişdir.
Aparıcı: Bu, nəyin əsasında reallaşıb?
Bəxtiyar Aslanbəyli: Layihənin əhəmiyyəti və Azərbaycan dövlətinin bu layihəni düzgün şəkildə beynəlxalq ictimaiyyətin nəzərinə çatdırması nəticəsində.
İkinci bir misalı qeyd edim. Avropa Birliyinin enerji qanunvericiliyində belə bir müddəa var ki, bir boru kəməri ilə yalnız bir təchizatçının enerji ehtiyatları nəql edilə bilməz. Ən azı bunun 50 faizi üçüncü tərəflərə də açıq olmalıdır. TAP layihəsinin birinci mərhələsi 10 milyard kubmetrdir.  Şahdəniz qazının nəql edilməsi üçün xüsusi azadolma var: biri Amerika Birləşmiş Ştatları konqresinin verdiyi azadolmalar, ikincisi, Avropa Komissiyasının verdiyi azadolmalar.
Rasim Musabəyov: Rusiya üçün bu azadolma verilməyib.
Bəxtiyar Aslanbəyli: Şimal axını ilə bağlı azadolma yoxdur, tamamilə doğrudur. Yəni, bu, bilavasitə iki məsələdən xəbər verir. Bir - layihənin əhəmiyyəti, iki - Azərbaycan dövlətinə olan inam. Bu layihələrin icrasında Azərbaycan dövlətinin funksiyası ondan ibarət idi ki, bu cür böyük siyasi əhəmiyyətə malik bir layihəni yerinə yetirə bilsin və artıq mayın 29-da bu layihənin rəsmi açılış mərasimi oldu. Təbii ki, bundan sonra da görüləcək işlər var. Layihənin tamamlanması davam edəcək, rəsmi açılış mərasimi qazın Türkiyəyə verilməsinin ilkin mərhələsi kimi dəyərləndirilməlidir. Bütövlükdə, dünya miqyasında xüsusi çəkisi olan bir layihə artıq reallaşıb.
Aparıcı: Siz etimad mövqeyindən danışdınız, mən, yeri düşmüşkən, bu məqamda bir fikri qeyd etmək istərdim. Biz dəfələrlə BP-nin ən yüksək strukturlarında çalışan şəxslərdən müsahibələr almışıq və BP prezidentinin dediyi fikri mən sitat kimi gətirmək istərdim: “Biz bir çox ölkələrlə əməkdaşlıq edirik, amma həmin ölkələr müəyyən zaman keçəndən sonra müqavilədən çıxırlar, şərtləri dəyişirlər. Amma Azərbaycan yeganə ölkələrdəndir ki, müqavilənin sonuna qədər şərti dəyişmir”.
Bəxtiyar Aslanbəyli: Müdaxilə edim icazənizlə. Uzağa getmək lazım deyil. Region ölkələrinə, ətrafımızda olan hasilatçı ölkələrə baxsaq, adlarını qeyd etməyim, onların hər birində sonradan müqavilənin şərtlərinin dəyişdirilməsi, şərtlərin daha da sərtləşdirilməsi kimi hallara rast gəlmək olar. Azərbaycanda isə heç bir layihədə bu vaxta qədər dəyişiklik olmayıb. Təbii ki, əlavələr olub, amma qarşılıqlı razılaşma əsasında. Bizdə hasilatdan pay bölgüsü tipli sazişlər parlamentdə ratifikasiya olunur və qanuni qüvvəyə minir. Bu, ümumiyyətlə neft-qaz sənayesi tarixində ilklərdən biridir. Əvvəlki hasilatdan pay bölgüsü tipli kimi sazişlərə baxsaq, parlamentdə ratifikasiya nümunələrinə ən azından mən hələ rast gəlməmişəm. Dövlət səviyyəsində təminatın parlament səviyyəsində təsdiqidir.
Rasim Musabəyov: Çünki bu layihələr elə yaxşı işlənilir ki, onu sonradan  dəyişməyə də ehtiyac olmur.
Aparıcı: Biz faktiki olaraq, Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı öz əhəmiyyətli fikirlərimizi deyirik.  Mayın 29-da isə müxtəlif ölkələrin rəsmi nümayəndələri öz ölkələrinin rəhbərlərinin məktublarını oxudular: ABŞ dövlət katibinin köməkçisi, enerji məsələləri üzrə müavini xanım Sandro Oudkirk Donald Trampın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Tereza Meyin və  Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın. Bu məktublar oxunarkən, Cənub Qaz Dəhlizinin əhəmiyyəti ilə bağlı çox böyük fikirlər eşitdik, bu layihənin strateji önəm kəsb etdiyini dünyanın aparıcı ölkələrinin liderlərinin adından duyduq.  Sevindirici hal ondan ibarətdir ki, Ziyad müəllim,  bu layihənin müəllifi məhz Azərbaycandır, məhz bizik. “Şahdəniz-2” Azərbaycanındır, elə TAP-da da, TANAP-da da əsas yük, əsas məsuliyyət məhz Azərbaycanın üzərinə düşür.
Ziyad Səmədzadə: Heç şübhəsiz, hamımız sevinclə qulaq asırdıq, çünki bu ölkələr dünya iqtisadiyyatının əsas hissəsini istehsal edirlər. Amerika Birləşmiş Ştatları, İngiltərə, eləcə də OPEC-in rəhbərinin çıxışı, Qaz İxrac Edən Ölkələrin Forumunun rəhbəri - bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın müəyyən etdiyi inkişaf strategiyası, həm ilk növbədə ölkənin milli maraqlarına cavab verir, həm də qlobal dünya iqtisadiyyatında milli maraqlar baxımından iştirakı nəzərdə tutur. Bu layihələrin müəllifi ulu öndər Heydər Əliyev olub, bu gün bu işi cənab prezident uğurla həyata keçirir.
Cənab prezident hələ Neft Şirkətində vitse-prezident vəzifəsində çalışarkən bu layihələrin hazırlanmasında, danışıqlarda iştirak edib, dünyanın ən aparıcı şirkətlərinin rəhbərləri ilə görüşüb və millətin, dövlətin aliliyini, gücünü sübut edən şərtlərdən biri də odur ki, qanunları alidir. Cənab prezident tərəfindən təqdim olunan sazişlər Milli Məclisdə təsdiq olunur, yəni bu, Azərbaycan liderinin dünyaya baxışıdır. Dünyada Azərbaycanı tanıtdırmaq üçün o qədər də çox şərtlər yoxdur. Sadəcə bir neçə meyar var ki, onlara əməl etməlisən. Cənab prezident dünya miqyaslı liderdir.
Mən xatırlayıram Macarıstanın lideri, başçısı üzünü cənab prezidentə tutaraq demişdi ki, dünyada çoxsaylı ölkələrdə o qədər konfliktlər var ki, onları barmaqlarımızla saysaq, kifayət etməz. Çünki o ölkələrdə lider yoxdur. Amma Azərbaycanda isə sakitlik var. Lideri olan xalq həmişə xoşbəxtdir.
Aparıcı: Hər bir ölkəyə də liderə görə qiymət verirlər.
Ziyad Səmədzadə: Bəli. Dünyanın aparıcı şirkətləri, beynəlxalq təşkilatların rəhbərləri cənab prezidentlə görüşəndən sonra, təbii ki, öz təəssüratlarını bölüşürlər və həmişə Azərbaycana gələndə Azərbaycan haqqında çox yüksək fikirlərlə qayıdırlar.
Amerika Birləşmiş Ştatları Trampın məktubunda bir cümlə var:  “Azərbaycan dünya enerji siyasətinə sabitlik gətirir”. Dünya enerji siyasəti XIX əsrin axırından XX əsrin sonuna qədər və indi də, həmişə də çox mürəkkəb dövrləri yaşayıb. Kimin nefti varsa, o həm bədbəxtlikdir, həm xoşbəxtlikdir. Xoşbəxtlik o zaman olur ki, düşünülmüş siyasət olur, xoşbəxtlik o zaman olur ki, sən dünyanın liderləri ilə öz təbii sərvətlərini qoruyursan. Cənab prezident dəfələrlə deyir ki, neft məqsəd deyil, neft vasitədir. Ona görə də dünyanın neft siyasətində oynamaq üçün, oyunçu kimi iştirak etmək üçün sən gərək üzbəüz dayanan rəqiblərini tanıyasan. Ona görə də mən belə hesab edirəm ki, Azərbaycanın bu gün apardığı neft siyasəti dünyəvi bir siyasətdir. Əgər Azərbaycandan da çox neft çıxaran ölkələr belə siyasət aparsaydılar, dünyada yoxsul ölkələrin sayı azalardı. Götürək Nigeriyanı, Venesuelanı, yəni bu ölkələrdə siyasət düzgün olsaydı, yoxsulların sayı da az olardı. İnkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında fərq o qədər də uçurumlu olmazdı. Uzun müddət ekspertlər deyirdilər ki, neft hasil edilən ölkələrdə inkişaf sürəti həmişə aşağı olur. Amma Azərbaycanda 15 il ərzində 3,2 dəfə artım oldu. Bu isə düşünülmüş, tarazlı, bir sahəyə bağlanmamaq siyasətinin nəticəsi idi.  Mən çox sevinirəm ki, Çin də Azərbaycan haqqında bu fikirdədir, Amerika Birləşmiş Ştatları da. Bizim həmkarlarımız yaxşı bilirlər, dünyada mənafelər uğrunda mübarizə gedir. Mənafeləri o vaxt uduzursan ki, sən kimisə haqsız tapdalayırsan. Amma sözünü qanuni çərçivədə, ədalətli mövqedə deyəndə, maraqların toqquşmasına getməyəndə, sən qalib gəlirsən. Mən hesab edirəm ki, bizim bu layihə də bir daha sübut etdi ki, Azərbaycan XXI əsrin sonuna qədər dinamik inkişaf edəcək. Mən bir dəfə də demişəm ki, dünyada üç-dörd ölkə tapılar ki, özünün iqtisadi inkişaf strategiyasını yarım əsrə müəyyən etsin. 90-cı illərin əvvəllərində biz proqnoz müəyyən edə bilmirdik. Amma bu gün Azərbaycan 2050-ci ilə qədər dinamikanı artıq müəyyən edib. Çünki bizim konkret hədəflərimiz, konkret meyarlarımız var və ona görə də mən ziyalı kimi bir daha səmimi deyirəm ki, Allah bizim dövlətimizi, cənab prezidentimizi qorusun. Məhz onun məsələyə belə sistemli yanaşması bu qədər müvəffəqiyyətlərin əldə olunmasına imkan verdi.
Elman Nəsirov: Ziyad müəllimin fikirlərinin davamı olaraq demək istəyirəm ki, Avropa Parlamentində enerji təhlükəsizliyi məsələləri müzakirə olunarkən dəfələrlə biz bunun şahidi olduq ki, Azərbaycanla Cənub Qaz Dəhlizi ilə bağlı əməkdaşlıq etmək  həm də ona görə rahatdır ki, ölkənin başçısı enerji sahəsində mükəmməl biliklərə malikdir. Azərbaycan prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, sonra birinci vitse-prezidenti vəzifələrində işləyib və xüsusilə 1994-cü ilin iyul-sentyabr aylarında, təxminən 45 gün Hyustonda danışıqlarda iştirak edib. Sentyabrın 20-də isə “Əsrin müqaviləsi” imzalandı. Biz ilk dəfə İlham Əliyevin diplomatik bacarığını o zaman kəşf etdik.
Rövşən müəllim, məsələ ondadır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizini, ilk növbədə azad rəqabət layihəsinə, enerji təhlükəsizliyi layihəsinə çevirə bildi. Burada həm enerjinin şaxələndirilməsi reallaşır, həm də istehsalçı, tranzit və istehlakçı ölkələrin mənafeləri nəzərə alınır. Ən başlıcası, dövlət başçımızın ən böyük nailiyyəti onda oldu ki, -  bunu avropalı parlamentarilər də etiraf etdilər, - dövlətimizin başçısı enerji və siyasəti bir-birindən ayıra bildi. Yəni, biri digərinin əlində alət deyil. Bu, çox mühüm, vacib məsələlərdən biridir və eyni zamanda, Azərbaycan prezidenti bütün dünyaya göstərdi ki, bizim üçün enerji təhlükəsizliyi nə deməkdir. Aydın şəkildə onun mənasını açdı. Azərbaycanda enerji təhlükəsizliyi, ilk növbədə enerji marşrutlarının şaxələnməsidir. Biz bunda maraqlıyıq, amma, eyni zamanda, bu şaxələndirmədə bizim üçün çox böyük etibarlı bir bazar var, bu daildə təxminən  500 milyon kubmetr qaza ehtiyacı olan Avropa bazarıdır. Azərbaycan Avropa üçün yeni, alternativ enerji mənbəyidir. Avropa üçün enerji təhlükəsizliyi, ilk növbədə enerji mənbələrinin şaxələndirilməsi baxımından Azərbaycanın çox böyük əhəmiyyəti var. Məhz bu əməkdaşlıq sahəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya bu gün Cənub Qaz Dəhlizinin iştirakçılarıdırlar. Bizim Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro ilə anlaşma memorandumumuz var və ən maraqlısı odur ki, sayca dördüncü məşvərət iclasında Rumıniya və Türkmənistan da iştirak etdi. Ölkələrin buna marağı getdikcə artmaqdadır. Bolqarıstanın Baş naziri Azərbaycanda səfərdə olarkən dövlət başçımızdan xahiş etdi ki, bizə 1 milyard kubmetr qaz verin və söylədi ki, bizim qazla təchizatımız ölkədə 3 faizdir. Azərbaycanda isə 95 faizə çatıb. Bu,  çox böyük, titanik işin nəticəsidir.
Aparıcı: Bəzi qüvvələrin bütün bu layihələrin reallaşdırılması istiqamətində Azərbaycana istənilən formada maneə törətmək, problem yaratmaq istəklərindən danışaq. Rasim müəllim, NABUCCO kimi alternativ layihələr təklif edilirdi, lakin öz əksini tapmadı, reallaşmadı və hətta iş o yerə çatdı ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərin pozulması istiqamətində erməni lobbisi, erməni diasporu konkret fəaliyyət göstərdi. Biz burada Azərbaycan-Amerika Birləşmiş Ştatlarını qeyd etdik, amma Rusiya faktoru da burada var.
Rasim Musabəyov: NABUCCO nümunəsi göstərir ki, düzgün siyasi hesablama aparılmadığı halda, layihə yalnız kağız üzərində qalır. Azərbaycan isə,  məncə, birinci növbədə o əməkdaşlığı təmin etməyə və qısqanclığı aradan qaldırmağa çalışdı. İndi hamı deyir ki, bazarda dünya üzrə ən böyük qaz ehtiyatı Rusiyaya məxsusdur. İkinci yerdə İrandır. Biz isə onların arasında yerləşmişik. O dövlətlər bu layihələrin həyata keçirilməsini istəməzdi. Baxın, “Şahdəniz” layihəsində Rusiyanın da payı var, İranın da. Biz isə riskləri neytrallaşdıraraq  əməkdaşlığı təmin edirik.
Bir tərəfdən bazarda rəqabət var, ancaq Azərbaycan həm “Qaz­prom”la, həm də İranla lazımi münasibətlər qurmuşdu. Marşrutlarla əməkdaşlıq etmək bu təzyiqləri və riskləri aşağı saldı. Azərbaycanı istəməyən qüvvələr çalışırdı ki, Azərbaycan nə Avropa, nə də Asiya Bankından maliyyə dəstəyi əldə edə bilməsin. Lakin o maliyyə qurumları anlayırdılar ki, həmin layihənin əhəmiyyəti siyasi konyunkturadan, ucuz təbliğatdan qat-qat üstündür.
Aparıcı: İstərdim ki, digər məqama toxunaq. Bəxtiyar müəllim, faktiki olaraq, gələn ay artıq TANAP-ın açılışı olacaq və Türkiyə bazarına 6 milyard kubmetr, eyni zamanda, 2020-ci ildə daha 20 milyard kubmetr qaz ötürüləcək, 2026-cı ilə qədər isə kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrə qədər artırılması mümkün olacaq. Xəzəryanı ölkələrin, xüsusi olaraq, Türkmənistanın, İranın, İraqın Cənub Qaz Dəhlizinə qoşulması ehtimalı nə dərəcədə böyükdür?
Bəxtiyar Aslanbəyli: İstənilən layihənin gerçəkləşdirilməsi, istənilən ixrac layihəsinin reallaşdırılması üçün iki vacib məqam var. Birinci, ölkədə hasilatın təmin olunması. Məsələn, bu gün İranın özünün ixrac potensialı yüksək deyil. İran təxminən 172 milyard kubmetr qaz istehsal edir. Onun təxminən 170 milyardı daxili istehlaka gedir. İxrac potensialı cəmi 2 milyard kubmetrdir. Təbii ki, İranın ixracı 7-8 milyarda qalxır, amma bu, Türkmənistandan alınan qazın hesabına mümkün olub, yaxud Türkmənistanda ehtiyatlar kifayət qədər zəngindir, yəni bizim ehtiyatlardan da çoxdur. Dünyanın təsdiq olunmuş qaz ehtiyatlarına görə dördüncü ölkəsidir. Amma Türkmənistan o potensialını kifayət qədər reallaşdıra bilirmi? Təbii ki, yox. Əsas səbəb isə hasilatın tam həcmdə, geniş şəkildə həyata keçirilməsi üçün lazım olan investisiyaların, texnoloji dəstəyin və beynəlxalq dəstəyin olmamasıdır. Bizdə bu məsələ həll olunub. Azərbaycanda biz hasilat potensialımızı kifayət qədər effektli və səmərəli şəkildə reallaşdıra  bilirik.
İkinci məsələ hasilat, ixrac potensialı və ixracın reallaşmasıdır. Cənub Qaz Dəhlizinin reallaşması ixrac bazarının diversifikasiyasınöqteyi-nəzərindən əhəmiyyətlidirsə, Avropa Birliyi ölkələri və mənbələrin diversifikasiyası üçün də əhəmiyyətlidir. Yəni, bu, qarşılıqlı əhəmiyyətə, qarşılıqlı mənfəətə dayanan bir əməkdaşlıqdır və bu reallığı müvafiq beynəlxalq qurumlara və güclü mərkəzi olan dövlətlərin aparıcı siyasi təşkilatlarına çatdırmaqla beynəlxalq dəstək əldə etmiş oluruq.
Avropa Birliyinin istehlakı ildə təqribən 500 milyard kubmetrdir. Amma bizim 10 milyard kubmetr ümumi səbətdə çox geniş xüsusi çəkiyə malik olmasa da, ayrı-ayrı ölkələrin istehlak səbətindən kifayət qədər əhəmiyyətli çəkiyə malik olacaq.
Məsələn, Bolqarıstanın misalı qeyd olundu. Nəzərdə tutulan ixrac həcmləri 1 milyard kubmetrdir. 1 milyard kubmetr Bolqarıstan istehlakının təqribən 50 faizi deməkdir. Ayrı-ayrı ölkələrin, məsələn, Yunanıstanın, İtaliyanın istehlak səbətində Azərbaycandan ixrac ediləcək təbii qazın payı kifayət qədər yüksək olacaq və bu, nəticə etibarilə həmin ölkələrin qaz idxalının bir ölkədən, bir mənbədən asılılığını ciddi şəkildə azaltmış olacaq. Avropa Birliyi nöqteyi-nəzərindən isə ümumi bazarda istehlak səbətinin çəkisi az olsa da, Cənub Qaz Dəhlizinin əhəmiyyəti sadəcə 10 milyard kubmetr deyil, eyni zamanda, bu infrastrukturun gələcəkdə də əlavə qaz həcmlərinin Avropaya çatdırılması üçün yeni bir ixrac sistemində olmasındadır. Məsələn, NABUCCO layihəsinin ideyası gözəldir, ideyanı reallaşdırmaq üçün isə siyasi iradə və maliyyə mənbələri vacibdir. Bu məsələni NABUCCO layihəsi həll edə bilmədi, amma nəticə etibarilə, Azərbaycanın siyasi iradəsi nəticəsində Cənub Qaz Dəhlizi reallaşdı. Yəni, bütövlükdə götürdükdə, bu boru ixrac kəməri Azərbaycanın həm qeyri-Şahdəniz yatağından olan qaz ehtiyatlarının, həm də Azərbaycandan kənar, Xəzər hövzəsinin şərq sahillərindən olan digər ölkələrin gələcəkdə ixracına xidmət edə bilər. Məsələn, gələcəkdə hər hansı bir formada Türkmənistan, İran, Şimali İraqdan olan qaz ehtiyatları ola bilər ki, onlar bütövlükdə həmin boru kəmərləri vasitəsilə ixrac olunar.
Bəzən sual olunur ki, Azərbaycanda boru kəmərini dolduracaq qədər qaz ehtiyatları varmı? Bu gün Avropa Birliyində ixrac potensialı 10 milyard kubmetrdir, bu, gələcəkdə 20 milyard kubmetrə qədər artırıla bilər, TANAP boru kəməri isə 32 milyard kubmetrdir.
Əvvəla, onu qeyd edim ki, ixrac potensialının, ötürmə qabiliyyətinin kompressor stansiyaları vasitəsilə artırılması mümkündür. TANAP 16-dan 32-yə, TAP 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər ixrac potensialını artırır. Azərbaycanda, təbii ki, bu qədər ixrac potensialı var. “Şahdəniz” layihəsindən başqa, Abşeron, həmçinin Şəfəq-Asiman, Azəri-Çıraq-Günəşli, Şahdəniz-3,  Ümid-Babək və s. layihələr var. Mən hələ potensial neft yataqlarını demirəm,sadaladıqlarım hamısı potensial qaz ehtiyatlarıdır. Artıq həlli bəlli olan qaz ehtiyatlarının tam həcmdə işlədilməsi, hasilatı gələcəkdə ixrac potensialının ikiqat artırılmasına da xidmət edə bilər.
Aparıcı: Biz Cənub Qaz Dəhlizi layihəsinin regional və qlobal miqyasda əhəmiyyətindən danışdıq. Təbii ki, bunun Azərbaycan xalqına, Azərbaycan vətəndaşına verəcəyi dividendlərə də toxunduq. Cənab prezidentin bir fikri var ki, Azərbaycan hələ bundan sonra yüz il ərzində həm özünü, həm digər ölkələri qazla təmin etmək gücündədir. Ziyad müəllim, bu haqda fikirlərinizi eşitmək istərdim.
Ziyad Səmədzadə: 1960-cı illərin əvvəllərində amerikalılar belə bir kitab buraxmışdılar:«Ресурсы в США». 1966-cı ildə də məşhur iqtisadçı, Nobel mükafatı laureatı Fritz Machlupun “Производствo и расспространение знаний в США” (“Amerika Birləşmiş Ştatlarında biliklərin istehsalı və yayılması”) adlı kitabı işıq üzü gördü. Çoxlarımız, düşünürdük ki, biliklər necə istehsal olunur, yayılır. Azərbaycanın 100 illiyi ilə əlaqədar olaraq iqtisadi inkişafını təmin edən amillər var. Ölkə, ilk növbədə iqtisadiyyatı müəyyən edən amillərə malik olması ilə inkişaf edir. Bizim də artıq güclü iqtisadi potensialımız, nəqliyyat sektorumuz, inşaat kompleksimiz var, aqrar-sənaye kompleksimiz yaradılır.  Emal sənayemizin strukturu qısa zaman kəsiyində köklü surətdə dəyişilir. Metallurgiya inkişaf edir, kimya kompleksi yeniləşir, maşınqayırma zavodları,  sənaye məhəllələri, sənaye parkları yaradılır, bütövlükdə isə bunlar Azərbaycanın iqtisadi potensialını artırır. Təbii ki, bunun üçün maliyyə resursları tələb olunur. O maliyyə resurslarını təmin edən ən əsas amillərdən biri yanacaq-energetika resurslarıdır, valyuta ehtiyatlarımızdır.
Cənab prezident qeyd edir ki, “İnkişaf etmiş ölkələrin əsas göstəricilərinə nail olaq”. Bunun üçün nə etmək lazımdır? İstehsalı, turizmi inkişaf etdirmək, maliyyə vəsaitlərindən düşünülmüş şəkildə yararlanmaq lazımdır. Heç şübhəsiz ki, Azərbaycan qısa zaman kəsiyində inkişaf etmiş ölkələr səviyyəsinə çatacaqdır. Əgər biz son 15 ildə büdcə gəlirlərimizi 10 dəfə artırmışıqsa, iri layihələr həyata keçirmişiksə, güclü elektrik stansiyaları tikmişiksə, çox gözəl yollar salmışıqsa, ölkənin qaz təchizatını 95 faizə çatdırmışıqsa, içməli su problemini həll ediriksə, Azərbaycan ərazisində formalaşan tullantıların kompleks istifadəsinə nail oluruqsa, ən başlıcası insan kapitalının güclənməsi üçün fədakarcasına işlər görürüksə, təbii ki, bir çox uğurların da qazanılmasına nail olacağıq.