Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Müəllifin əsəri, yoxsa əsərin müəllifi?

 

“Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir”.
Fransız filosofu Şarl Lui Monteskyo tərəfindən çox yerində deyilmiş bu sözlər özünü müəlliflik hüququ ilə bağlı məsələlərdə daha çox göstərir. Çünki əgər fiziki, yaxud zehni əməyin nəticəsi olaraq ərsəyə gələn hər hansı bir məhsul üzərində hüquqlar pozulursa, bu, başqaları üçün də gözlənilən təhlükədir. Xüsusilə, müasir dövrdə icazəsiz surəti çıxarılaraq yayılan çoxsaylı kitab, CD, musiqi əsəri və s. kimi hadisələrlə tez-tez rastlaşırıq. Müəlliflik və əqli mülkiyyət anlayışı insan zəkasının, onun intellektual biliyinin, zehni əməyinin ortaya çıxardığı musiqidən ədəbiyyata, sənaye yeniliklərindən elmi innovasiyalara qədər geniş bir sahəni əhatə edir. Təbii ki, hər hansı bir məhsul biz onu ictimaiyyətə açıqlamadığımız və ikinci şəxslərə demədiyimiz müddətcə qorunmaq ehtiyacı da yaratmayacaqdır. Ancaq istər fikir, istərsə də hazır məhsul olaraq onun haqqında başqasına dedikdə və ya iqtisadi məqsədlə ictimaiyyətə açıqladıqda, hüquqi cəhətdən qorunma ehtiyacı da yaranmış olur. Bəs, müəlliflik və əqli mülkiyyət hüququ məsələsi, yaxud hər hansı əsərin qorunması ehtiyacı ilk dəfə nə zaman  və necə ortaya çıxmışdır?
Tarixə qısa nəzər
Müəlliflik və əqli mülkiyyət hü­ququ məsələsi birdən-birə, qısa zaman ərzində deyil, tədricən formalaşmışdır. Başlanğıcı  XV əsrdə Avropada mətbəənin kəşfi ilə qoyulmuşdur. Çap texnikasının təkmilləşməsi müəllif hüquqları sahəsində xüsusi bir mərhələ olmuşdur.
İlk dövrlərdə müəllifin əsər üzərində mənəvi marağı maddi marağından əsas sayılırdı. Qədim Yunan və Roma mədəniyyətlərində başqasına aid bir əsəri özünüküləşdirmək cəzayla nəticələnirdi. Lakin müəyyən cəzalar nəzərdə tutulsa da, bu məsələdə hər hansı hüquqi əsaslar formalaşmamışdı. Hətta əsərlə onun əsasında ərsəyə gələn cisim arasında əlaqə də mövcud idi. Belə ki, hansısa şeir kitabını və ya rəsm əsərini alan biri onun sahibi olaraq qəbul edilirdi.
Orta dövrlərdə isə müəlliflik əl yazısı ilə nüsxəyi köçürənə aid edilirdi.  Bu dövrdə müəlliflik hüququ daha çox dini yönümdən qiymətləndirilirdi. Bu işlərdən maddi gəlir əldə edilmədiyi üçün müəllifin əsər üzərində kommersiya hüququ məsələsi də gündəmə gəlmirdi.
Yeni dövrdə isə çap texnologiyasının inkişafı ilə əlaqədar əsərlərin istənilən qədər çoxaldılması mümkün hala çevrildi.  Bu da əsərlərin kommersiya xarakteri alması ilə nəticələndi. Beləliklə də, müəlliflik hüququ məsələsi gündəmə gəldi və hüquqi xarakter daşımağa başladı.
Şəxsi, yoxsa ictimai maraqlar?
Əqli mülkiyyət hüququ həm sənaye yeniliklərinin (texnoloji yeniliklər, yeni modellər və s.), həm də audioviziual əsərlərin (ədəbiyyat, musiqi, incəsənət əsərləri və s.) qorunması məsələlərini özündə birləşdirir. Bu əsərlərin hər biri istər estetik zövqümüzə təsir baxımından, istərsə də fiziki əməyi yüngülləşdirmək yönündən cəmiyyət üçün faydalıdır. Elə ölkəmizdə də müəlliflik hüququnun subyekti olan əsərlərə daha çox yaradıcı və mədəni aspektdən yanaşılır. İlk olaraq həmin məhsulun cəmiyyət üçün əhəmiyyəti və onun müəllifinin hüquqlarının qorunması nəzərə alınır. Təbiidir ki, hər bir müəllif öz əsərini ictimaiyyətə açıqlayarkən yalnız rəğbət hissini güdmür, həmçinin öz mənfəətini də diqqətə alır. Lakin hər yeni əsərdə iqtisadi maraqlardan əvvəl onun ictimai əhəmiyyəti və cəmiyyətə verəcəyi fayda nəzərə alınmalıdır. Çünki biz hər hansı məhsula iqtisadi və kommersiya maraqlarından yanaşdıqda, istər-istəməz şəxsi maraqları ictimai maraqların önünə qoymuş oluruq. Təbiidir ki, bu, heç də düzgün yanaşma olaraq qiymətləndirilə bilməz. Tutaq ki, insanların həyat boyu əziyyət çəkdikləri hansısa sağlıq problemi ilə bağlı çox böyük əhəmiyyət daşıyan yeni məhsul hazırlanıb. Belə məqamda isə maraqlı və mübahisə doğuran çoxsaylı suallar meydana çıxır: ilk növbədə müəlliflik hüququ məsələsini, patentləşdirmə işinimi həll etmək lazımdır, yoxsa həyatı məhz həmin məhsuldan asılı olan insanlarımı düşünmək? Yaxud hansısa ölümcül xəstəliyi müalicə edəcək bu məhsulun qiyməti patentləşdirmə ilə əlaqədar həddən artıq qalxır və xəstələr onu ala bilmirlərsə, prioritet olaraq insaların həyatımı, yoxsa həmin məhsulun patentləşdirilmə qiymətimi götürüləcək? Bu suallara subyektivlikdən çıxış edərək, hər kəs fərqli cavablar verə bilər, lakin obyektiv cavab vermək bir qədər çətindir. Çünki onu da nəzərə almaq lazımdır ki, əgər məhsul öz sahibinə kifayət qədər qazanc gətirmirsə, onun iqtisadi maraqlarını təmin etmirsə, bu, onu yeni araşdırmalara təşviq də etməyəcək.
Varislərə etibar etmək olarmı?
Hər bir məhsulun, yaxud əsərin müəlliflik hüququ ilə qoruna bilməsi üçün onun qeydiyyatdan keçməsi, daha doğrusu, patentləşdirilməsi çox vacibdir. Bu, müəllifin həmin məhsul üzərində hüquqlarının qorunması baxımından da çox önəmlidir. Lakin nəzərə alaq ki, məhsulların, əsərlərin qorunma müddəti müəyyən bir dövrü əhatə edir. Bu, xüsusilə ədəbiyyat və incəsənət sahəsinə aid əsərlərdə hər zaman mübahisə mövzusu olmuşdur. Bəzən hansısa yazıçının, yaxud şairin ölümü ilə onun əsərləri ailənin digər üzvlərinə miras qalır. Həmin şəxslər isə bu əsərlərin şəxsi, yaxud hansısa digər səbəblərdən cəmiyyətə açıq olmasına imkan vermirlər. Buna nümunə olaraq məşhur İrland yazıçı və şairi Ceyms Coysu göstərmək olar. O, "Rəssamın cavanlıq portreti", "Uliss" romanlarının, "Sürgün olunmuşlar" pyesinin, "Dublinlilər" kitabının və s. müəllifidir. Yazıçının ölümü ilə onun bütün əsərləri nəvəsi Stefan Coysa miras qalır. Lakin o, bu “miras”ın tək bir cümləsinin yayımlanmasına, hətta babasının əsərlərinə hansısa kinoların çəkilməsinə, teatrların təşkilinə belə imkan vermir, kiçik icazə almaq belə çox böyük çətinliklərlə başa gəlirdi. Hətta Stefan Coys əsərlərdən bircə sətir götürüb istifadə edənlərə qarşı da məhkəməyə müraciət edirdi. Əlbəttə, yazıçının əsərlərinin nəvəsi tərəfindən bu cür “mökhəm” qorunması bir tərəfdən xoş qarşılanmasa  da, nəzərə almaq lazımdır ki, çox vaxt bu cür addımlar sırf əsərin ilk günkü dəyərini saxlamaq məqsədi daşıyır. Yəni, varislər sadəcə əsəri edilə biləcək dəyişiklik və təhriflərdən qorumağa çalışırlar. Bəzən isə varislər ümumiyyətlə müəllifin vəsiyyətinə əməl etmirlər, yaxud onlara etibar edilən əsərlərin taleyi ilə maraqlanmır və etinasız yanaşırlar. Lakin bunun yaxşı nümunələri də mövcuddur. Məsələn, əgər Maks Brod yaxın dostu Frans Kafkanın vəsiyyətini yerinə yetirsəydi, biz bu gün onun əsərlərinin bir çoxu ilə tanış ola bilməyəcəkdik. Çünki Kafka Broda ölümündən sonra əsərlərinin yandırılıb yox edilməsini vəsiyyət etmişdi, lakin Brod onları yandırmadı, əksinə yayımladı. Təbii ki, bu cür məsələlərdə müəlliflik hüquqları bir qədər mübahisə doğurur.
Kommersiya maraqlarını pozan amillər
Nəzərə alaq ki, hər bir məhsulun, əsərin ərsəyə gəlməsi nəinki onun müəllifinin əməyinin, zəhmətinin, həmçinin sərf etdiyi müəyyən xərclərin də nəticəsidir. Ona görə də burada iqtisadi və kommersiya maraqlarının da gözlənilməsi normaldır. Məhsul və ya əsərlərdə iqtisadi maraqların toqquşması daha çox ticarət markaları və adları ilə bağlı olur. Çünki hər markanın öz alıcıları var və həmin marka sahibi də o markanın dəyərini hər zaman yüksək tutaraq, bundan qazanc götürür. Lakin bəzən müxtəlif şəxs və ya təşkilatlar o marka ilə eyni adda məhsul istehsal edirlər. Bu da müəllifin hüquqlarını pozmaqla bərabər, onun əziyyətlə formalaşdırdığı addan asan şəkildə yararlanmaqla nəticələnir. Lakin burada yalnız iqtisadi maraqlar pozulmur. Çünki bəzən eyni ticarət markasından sui-istifadə edən şəxs və ya təşkilatın məhsulu mövcud markanın məhsullarından keyfiyyət göstəriciləri baxımından çox-çox geridə qalır ki, bu da müştəri maraqlarının itirilməsi və həmin markanın adına xələl gəlməsi deməkdir. Son nəticədə, təbii ki, bu, yenə də müəllifin kommersiya maraqlarına mənfi təsir göstərir. Hətta bəzən bir hərflə fərqlənən ticarət markaları adına da təsadüf edilir. Təbii ki, burada ad tam eyni olmasa da, az məlumatlı və ya həmin markanın adını təxmini eşitmiş biri üçün o məhsulun nə qədər keyfiyyətli olub-olmaması da mübahisə doğurur. Ona görə də bəzən bu tipli məhkəmə çəkişmələrinə də rast gəlinir və mövcud vəziyyət qanundan çıxış edərək tənzimlənir.
Haqlar necə qorunur?
Müəlliflik və əqli mülkiyyət hüquqlarının ilk baxışda ölkədaxili normativ hüquqi qaydalarla qorunmasının yetərli olduğunu düşünə bilərik. Bu da normaldır. Çünki hər bir ölkədə müəllif hüquqlarının qorunması o ölkənin səlahiyyətli qurumlarına aiddir. Lakin nəzərə alsaq ki, hər hansı məhsul bazara çıxarıldığı zaman müəlliflik və əqli mülkiyyət hüquqlarının da sərhədlərini genişləndirir, deməli, burada artıq beynəlxalq normalar da əhəmiyyət daşımağa başlayır.
Müəllif hüquqlarına dair ən mühüm beynəlxalq razılaşmalar 1883-cü ildə imzalanmış Paris Konvensiyası və 1886-cı ildə imzalanmış Bern Konvensiyasıdır. Bu konvensiyalar ilə sənaye yenilikləri, bunlarla bağlı yaranan kommersiya məsələləri, əqli mülkiyyət hüquqlarının qorunması mövzusunda beynəlxalq əməkdaşlıq, bu sahədə ehtiyac duyulan hüquqi tənzimləmələr əhatə olunmuşdur. İlk başlarda yalnız müqavilələrin həyata keçirilməsini izləmək məqsədilə yaradılan bir sıra bürolar isə zamanla inkişaf edərək, WIPO-ya (World Intellectual Property Organization), yəni ÜƏMT-yə (Ümumdünya Əqli Mülkiyyət Təşkilatı) çevrilmişdir. ÜƏMT-yə üzv olan dövlətlərin sayı 200-ə yaxındır. Azərbaycan Respublikası isə 1995-ci ildə ÜƏMT-yə üzv olmuşdur və bu təşkilatın əqli mülkiyyət hüquqlarının fərqli sahələrini tənzimləyən 23 razılaşmasından 17-sinə tərəfdir. Ölkəmizdə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu isə 1996-cı il oktyabrın 8-dən qüvvəyə minmişdir. Bu qanun əsər yaradıcıları ilə onun istifadəçiləri arasında qeyri-bərabər münasibətlər prinsipini, həmçinin  «müəllif öz əsərinin sahibi deyil, yalnız onun müəllifidir» hökmünü aradan qaldırır. Belə mütərəqqi cəhətləri ilə Azərbaycanın bugünkü müəlliflik hüququ yaradıcılıq azadlığına, müəllif hüquqlarının tam şəkildə qorunmasına əsaslanır. Müəlliflik hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin xüsusi rolu vardır. Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.
Xüsusilə qeyd etmək lazımdır ki,  Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilmişdir.

 

Mətanət Hüseynova
 
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında keçirilən müsabiqəyə təqdim etmək üçün