Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ziyad Səmədzadə: "Cənub Qaz Dəhlizi 21-ci "Əsrin müqaviləsi" sayıla bilər"

 

Oxu.Az-ın suallarını akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə cavablandırır:
-Ziyad müəllim, Azərbaycan xalqı, Azərbaycan dövləti çox əlamətdar və tarixi günlər yaşayır. Belə ki, cəmi iki gün öncə, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi qeyd olundu. Onun ardınca, mayın 29-da Cənub Qaz Dəhlizinin (CDQ) rəsmi açılışı oldu. Bu əlamətdar və tarixi hadisələrlə bağlı nə deyərdiniz?



İlham Əliyev: “...Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib...”



- Doğrudan da, çox əlamətdar, çox tarixi, çox fəxr edilməli və qürur duyulmalı günlər, hadisələr yaşayırıq. Mayın 28-də ilk müstəqil Azərbaycan dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi tamam oldu və dövlət, ölkə rəhbərliyi səviyyəsində təntənəli şəkildə qeyd edildi. 100 il öncə Müsəlman-Şərq aləmində ilk demokratik dövlət quruldu, belə demək mümkünsə, yoxdan var olan bir məmləkət dünyaya bəyan olundu. Cümhuriyyət qurucularımız, istiqlal mücahidlərimiz dünyada imzalar içinə Azərbaycan adlı müstəqil dövlətin imzasını da atdılar. Bu dövlətin ömrü cəmi 23 ay çəksə də, AXC qurucuları bu gün özlərini demokratiyanın beşiyi sayan dövlətlərin uzun illər sonra atdıqları addımları məhz 1918-20-ci illərdə gerçəkləşdirdilər, parlamentarizm ənənələrini bərqərar etdilər. Qadınlara seçmək və seçilmək hüququnun verilməsi - hansı ki, bir çox aparıcı Avropa, Qərb dövlətləri qadınlara seçib-seçilmək hüququnu çox-çox illər sonra tanıdılar - faktı özü bəs edər ki, Cümhuriyyət qurucularının tarixi və parlaq fəaliyyətinə geniş işıq salmış olsun. Həmin dövrdə dövlətçilik üçün nələr tələb olunurdusa, hamısı, demək olar ki, formalaşdırılmışdı, bütün sahələrdə islahatlar aparılırdı, Azərbaycan əraziləri 114 min kvadrat kilometrə çatdırılmışdı və s. Demək istəyirəm ki, 23 aylıq ömrü olsa da, Azərbaycan Xalq Cümhuriyyəti şərəf, qürur tariximizdir.
Heç təsadüfi deyil ki, ötən ilin sonlarında keçirdiyi müşavirədə də ölkə Prezidenti cənab İlham Əliyev 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması ilə bağlı qərar verdi və onu öz sərəncamı ilə rəsmiləşdirdi. Ötən dövrdə də AXC-nin yüz illiyinin yüksək, adına layiq səviyyədə qeyd olunması üçün çox önəmli addımlara start verildi, çoxsaylı tədbirlər keçirildi və həmin tədbirlərdən biri də mayın 28-də keçirilən rəsmi qəbul oldu. Rəsmi qəbulda çıxışı zamanı cənab prezident bir daha Cümhuriyyətimizə, Cümhuriyyət qurucularımıza son dərəcə böyük hörmət və ehtiramını, Azərbaycanın varislik ənənələrinə sadiqliyini nümayiş etdirdi. O, qeyd etdi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır. Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır”.
Cənab İlham Əliyev, həmçinin bəyan etdi ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Çünki onun da bəyan etdiyi kimi, “Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir… Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir…”. Bu, elə bilirəm ki, Cümhuriyyət qurucularımıza, AXC-yə verilən ən böyük qiymət və dəyər idi.
Bu tarixi hadisədən heç bir gün keçməmiş, mayın 29-da isə ölkəmizin tarixində daha bir əlamətdar, tarixi gün yaşandı. Ölkə prezidentinin  iştirakı ilə Səngəçal terminalının ərazisində Cənub Qaz Dəhlizinin tarixi rəsmi açılış mərasimi oldu. Qeyd edim ki, Səngəçal terminalı dünyanın ən böyük neft-qaz terminalıdır və məhz burada dörd il bundan əvvəl Cənub Qaz Dəhlizinin təməli qoyulmuşdu. O vaxt Cənub Qaz Dəhlizinin təməli qoyularkən, onun reallaşacağına şübhə ilə yanaşanlar, əslində, Azərbaycanın 21-ci əsrdə “Əsrin müqaviləsi” kimi daha bir tarixi uğura imza atacağına qısqanclıq edənlər də az deyildi.  Ancaq Azərbaycanın, xüsusilə, ölkə Prezidenti İlham Əliyevin cəsarəti, iradəsi, son dərəcə uzaqgörən siyasəti nəticəsində bu layihə də uğurla icra olundu, Azərbaycan daha bir zəfərinə imza atdı. Baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb, həmçinin geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi, amma Azərbaycan bunu da bacardı, bunu da gerçəkləşdirdi. Cənab İlham Əliyevin də açılış mərasimində vurğuladığı kimi, “İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır…”
- Cənub Qaz Dəhlizi Azərbaycana, bütövlükdə dünyaya nə verəcək? Bu layihənin məqsədi nədir?
- Bilirsiniz, Cənub Qaz Dəhlizi hazırda fəaliyyətdə olan Bakı-Tbilisi-Ərzurum boru kəmərinin ixrac potensialını genişləndirməklə yanaşı, Türkiyədə TANAP və Avropada TAP qaz kəmərlərinin tikintisini özündə ehtiva edən qlobal transmilli layihədir. Bu layihə çərçivəsində hasil ediləcək təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır. Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir. Ümumiyyətlə, Cənub Qaz Dəhlizi boru kəməri elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər. Layihənin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilərək, Cənubi Qafqaz Boru kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır. Odur ki, bir neçə il öncə Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı və nəhayət, 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Trans-Anadolu Qaz Boru kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir. Vurğulayım ki, gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik.
Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Amma əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri də bunu təsdiqləyəcək.  Bu yerdə onu da xatırladım ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir ki, onlar Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Yəni, bu layihənin timsalında geniş beynəlxalq əməkdaşlıq yaradılıb.
- Ziyad müəllim, heç şübhəsiz ki, Cənub Qaz Dəhlizi də daxil olmaqla, bütövlükdə bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı.
-Tamamilə, doğrudur. Ölkə prezidenti də çıxışında bu məqama xüsusi yer ayıraraq, bildirdi ki, bu layihələrin icra edilməsində Azərbaycan da daxil olmaqla, adları çəkilən 7 ölkənin birgə səyləri xüsusi yer tutur. Həmin ölkələrə və onların rəhbərliyinə bu əməkdaşlığa görə təşəkkürünü bildirən Azərbaycan prezidenti, eyni zamanda, Amerika Birləşmiş Ştatları hökumətinə də minnətdarlığını ifadə etdi. Qeyd etdi ki, Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə kömək göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək. Əlbəttə, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. Amerika hökumətinin bu işdə çox böyük səyləri olub.
Biz bu dəstəyi, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub Qaz Dəhlizi” layihələrinin reallaşmasında həmişə hiss etmişik və hiss edirik. Bu dəstək bu layihələrin icra edilməsində çox böyük rol oynayıb.
Bununla yanaşı, cənab İlham Əliyev Böyük Britaniya hökumətinin həmişə Azərbaycanın yanında olduğunu söylədi, Avropa İttifaqının bu layihənin icrasında çox önəmli rol oynadığını bildirdi.  Xatırlatdı ki, hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Heç təsadüfi deyil ki, Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Yəni, Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru, təbii ki, çox böyük yer tutur. Onu da bildirim ki, bütövlükdə bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının dəstəyi  olmadan mümkün olmazdı. Odur ki, Azərbaycan prezidenti bu məsələyə dəstək olan, beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürünü bildirdi və qeyd etdi ki, onlar da bizə inanıb, öz maliyyə resurslarını ayırıblar. “Onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaş kimi bütün borcları vaxtında qaytarır və qaytaracaq”, - deyə Prezident İ.Əliyev fikirlərini tamamladı.
Bütün bunlar Cənub Qaz Dəhlizinin, eləcə də digər layihələrin nə dərəcədə böyük önəm və əhəmiyyət daşıdığını ortaya qoyur. Geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə və digər layihələr gələcəkdə nəinki energetika sahəsində, həmçinin bütün başqa sahələrdə Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək. Bu layihələr Azərbaycanın bölgədəki və dünyadakı yerini möhkəmləndirəcək, onun rolunu, nüfuzunu artıracaq. Bir sözlə, Azərbaycan xalqı və dövləti bu layihədən və digərlərindən gələn gəlirlər hesabına həm də öz iqtisadi inkişafını, öz sabit və təhlükəsiz yaşayışını daha da gücləndirmiş olacaq.
- Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin nə dərəcədə böyük önəm daşıdığını elə açılış mərasiminə olan diqqətdən də görmək mümkündür. ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavininin, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisinin,  Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibinin tədbirdə iştirakı, Türkiyə və Böyük Britaniyanın dövlət rəhbərlərinin təbrikləri buna misal göstərilə bilər.
 - Təbii ki, bu, belə də olmalıydı. Bu layihədən qazanan təkcə Azərbaycan deyil, bütövlükdə  Avropa və dünyadır. Bu baxımdan, bu layihənin gerçəkləşməsinə, onun rəsmi açılış mərasiminə də diqqət gözlənilən idi və başqa cür ola da bilməzdi. Mən, xüsusilə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonun çıxışına və təbriklərinə toxunmaq istəyirəm. Çünki OPEC dünyada neft ixracı ilə bağlı ən mühüm təşkilatlardandır. Cənab Barkindo da çıxışında “Bu layihə bir ilham mənbəyidir”, - deyərək,  Azərbaycanın, eləcə də regionun və dünyanın bu layihədən qürur hissi duymalı olduğunu söylədi. O, bildirdi ki, bu layihə və onun artıq sürətlə inkişaf etməkdə olan fazası çoxmilyardlı kapital qoyuluşu layihəsidir. Həmçinin, qeyd etdi ki, bu layihə dünya miqyasında ən böyük enerji layihələrindən biridir və bu tərəfdaşlıq Cənub Qaz Dəhlizi ilə Xəzər dənizindən daha çox, qaz ehtiyatlarının nəql olunmasına imkan yaradaraq, qlobal enerji təhlükəsizliyinə, xüsusilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək.
Hesab edirəm ki, bunlar Cənub Qaz Dəhlizinin önəminə verilən ən gözəl, ən dəyərli yanaşmalardan biri və birincilərdəndir. Odur ki, bu layihənin açılışı ilə bağlı Azərbaycan xalqını, Azərbaycan dövlətini və ilk növbədə ölkə prezidentini təbrik edir, Azərbaycanın qarşıdakı dövrdə də daha böyük və yeni layihələrə uğurla imza atmasını arzulayıram. Bu gün dünya Azərbaycanın güclü iradəsini, qətiyyətini və dünya üçün nə qədər önəmli bir tərəfdaş olduğunu nümayiş etdirdi. Dünya bizə nə qədər lazımdırsa, Azərbaycan da bir o qədər dünyaya lazımdır.  Dünya belə demək mümkünsə, Azərbaycana məhkumdur.

Kamil HƏMZƏOĞLU