Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı

 

Vaxtilə Böyük Hun imperatoru Mete xaqanı o dövrün böyük güc sahibi çinlilər müxtəlif vasitələrlə savaş meydanına çəkməyə, müharibə üçün bəhanə yaratmağa çalışırdılar. Bu məqsədlə ilk olaraq ona  elçilər göndərib, bir at verməsini istəyirlər. Mete xaqan məsləhətçiləriylə görüşür, “onlar at müqəddəsdir, verilməz”, desə də, o, çinlilərin istəyini yerinə gətirir və atı elçilərə verib yola salır. Məqsədlərinin boşa çıxdığını görən çinlilər ikinci dəfə elçilər göndərib, ondan zövcələrindən birini istəyirlər. Məsləhətçilər yenə qəti şəkildə etiraz etsələr də, Mete xaqan bu dəfə də onların istədiyi kimi edir. Yenə də məqsədləri puç olan çinlilər Mete xaqana üçüncü dəfə elçi göndərərək, ondan istifadəsiz qalmış, insan yaşayaman, səmərəsiz və ancaq qayalıqlardan ibarət olan bir torpağı istəyirlər. Əvvəlkilərdən fərqli olaraq bu dəfə məsləhətçilər döyüşməkdənsə bu qiymətsiz torpağın verilməsinin tərəfdarı olurlar. Mete xaqanın isə elçilərə cavabı, sözün həqiqi mənasında, möhtəşəm olur: “Daha əvvəl istədiyiniz at və zövcə mənə aid olduğu üçün onları sizə verdim. Lakin indi məndən mənim olmayan, millətimə aid olan bir şeyi istəyirsiniz, onu sizə verə bilmərəm”. Beləliklə də, daşlıq, qayalıq, səmərəsiz də olsa, hər qarışı qiymətli olan vətən torpağı  üçün Mete xaqan çinlilərlə döyüşü qəbul edir. Yalnız bu hadisə belə türklərin ta qədimlərdən vətən torpağını necə müqəddəs saydıqlarının, onun üçün qanlarını hər an tökməyə hazır olduqlarının sübutudur. Bu təmənnasız sevginin, vətənə sədaqət nümunəsinin nəticəsidir ki, vətənimiz Azərbaycan bu gün xalqımızın əsas iftixar yeri olmaqla, həm də dövlətimizin qüdrətinin başlıca göstəricisidir.
Gərək nəbzin vətənin nəbzi ilə vursun
Vətənpərvərlik, vətənə sevgi hislərindən danışarkən təkcə ulu öndər Heydər Əliyevin adını çəkmək, onun zəngin irsini xatırlamaq, təbliğ etmək kifayətdir. Bu gün Azərbaycanın müstəqil və suveren dövlət olmasında, qazandığı nailiyyətlərdə əsl vətənpərvər Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. O, bütün həyatını xalqına, dövlət müstəqilliyinin bərqərar olmasına həsr etmişdir.
90-cı illərin əvvəllərində ölkədə hökm sürən gərgin vəziyyət ordu quruculuğundan da yan keçməmişdi. Ordu sahəsində hökm sü­rən çətin vəziyyət isə təbii olaraq ölkənin ümumi inkişafına da öz mənfi təsirini göstərirdi. Yalnız 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də ciddi islahatlara başlanıldı və ulu öndərin gərgin səyləri nəticəsində tez bir zamanda ordu sahəsində  əsaslı dönüş yarandı, uğurlu əməliyyatlar həyata keçirildi. Hətta sonralar hakimiyyətə qayıtdığı dövrlə bağlı təəssüratlarını dilə gətirərkən Heydər Əliyevin dediyi sözlər onun daxilində yanan sönməz vətən alovunu, vətən məşəlini  bu gün də gözlərimiz önünə sərir: “Eşidəndə ki, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi, mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”. 
“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”, deyən ulu öndərin adı, həqiqətən də, öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsidir. Buna görə də əminliklə demək olar ki, Heydər Əliyevin Azərbaycan, onun müstəqilliyi və tərəqqisi naminə etdikləri həm indiki, həm də gələcək nəsillər üçün əsl vətənpərvərlik örnəyidir. Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin  şah əsəri, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətlərinin nəticəsidir. Bütün varlığı ilə vətəninə bağlı olan bu insanın “Gərək nəbzin vətənin nəbzi ilə vursun” kəlamı da bunu əyani şəkildə təsdiqləyir.
Öncə vətən!
Ulu öndərin vətənə sevgi hislərindən doğan, hər zaman “öncə vətən” mövqeyindən irəli gələn səyləri bu gün ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə və uğurlu şəkildə davam etdirilir. Hazırda Azərbaycan Cənubi Qafqazda ən güclü ordu statusuna malikdir. Bu isə, təbii ki, Azərbaycanın ordu sisteminin modernləşdirilməsi, maddi-texniki bazasının daha da möhkəmləndirilməsi sahəsində görülən yüksək səviyyəli işlərin nəticəsidir. Sevindirici haldır ki, ölkəmizin qazandığı bu nailiyyətlər dünya dövlətləri, o cümlədən Ermənistanın özü tərəfindən də təsdiqlənir.
Prezident İlham Əliyevin «Azərbaycanda güclü ordu vardır. Ordunun potensialı gündən-günə möhkəmlənir, güclənir. Ordu quruculuğu bizim dövlət siyasətimizdir, prioritetdir və son illərdə bu istiqamətdə çox böyük işlər görülmüşdür. Ordumuz yeni texnika ilə təchiz edilir. Bu gün Azərbaycan ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Bu göstəriciyə görə bizim ordumuz dünyada ən güclü ordular sırasındadır” sözləri də ordumuzun qazandığı nailiyyətləri bir daha təsdiqləyir.
Ölkəmizdə ordu quruculuğu ilə əlaqədar müdafiə sənayesinin də inkişafına xüsusi diqqət ayrılır. Bu diqqətin nəticəsidir ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin tələbatının əksər hissəsi məhz daxili istehsal hesabına təmin olunur, eyni zamanda, xarici ölkələrə da hərbi sursat və texnikalar ixrac edilir.
Çox sevindirici haldır ki, Azərbaycan ordusunun nizam-intizamı daha da artır, ordunun döyüş qabiliyyəti güclənir, çoxsaylı uğurlu təlimlər həyata keçirilir, ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunur, ən qabaqcıl dünya təcrübəsi öyrənilir və tətbiq edilir. Hərbi hissələr müasir standartlara uyğun qurulur, şəxsi heyətin həyat və məişət şəraiti yaxşılaşdırılır, hərbçilərin sosial müdafiəsi məsələləri uğurla təmin edilir. Təbii ki, bütün bunlar da Prezident İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsidir.
Hərbi tərəfdaşlarının sayını günü-gündən artıran Azərbaycan bir çox beynəlxalq təşkilatlarla hərbi sahədə uğurlu əməkdaşlığını da davam etdirir. Bu əməkdaşlıq isə xüsusilə müdafiə və təhlükəsizlik sahəsində islahatların aparılması, Silahlı Qüvvələrin döyüş qabiliyyətinin və əməliyyat uyarlılığının artırılması, hərbi təhsil və tədris istiqamətində qabaqcıl təcrübələrin öyrənilməsi, sülhməramlı əməliyyatlarda iştirak, enerji və kibertəhlükəsizliyin təminatı və digər təhlükəsizlik məsələləri ilə bağlıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi NATO ilə qurulan sıx əməkdaşlığa uyğun olaraq, eyni zamanda, bu təşkilatın “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramı çərçivəsində mövcud mexanizmlərdən də səmərəli şəkildə yararlanır.
Bütün bu deyilənlər isə  ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı daim  artan, təminat və təchizatı xeyli yüksələn ordumuzun  dövlətin və xalqın etimadını doğruldaraq, torpaqlarımızı düşməndən azad etməyə və ərazi bütövlüyümüzü qorumağa qadir olduqlarını bir daha təsdiqləyir.
Bayraqları bayraq yapan  üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir!
Hazırda ölkəmiz müharibə şəraitində yaşayır. Belə bir vəziyyətdə isə ən mühüm məsələlərdən biri gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onların milli ruhda tərbiyə olunmasıdır. Bu baxımdan gənclərə hərb sənətinin incəliklərinin öyrədilməsi, bu sahədə davamlı tədbirlərin həyata keçirilməsi çox vacibdir. Xüsusilə, informasiya-kommunikasiya texnologiyalarının geniş yayıldığı müasir dövrdə onların üstünlüklərindən bu istiqamətdə istifadə edilməsi də təqdirəlayiqdir.
Gənc nəsildə vətənpərvərlik duyğularının formalaşması ətraf mühitdən də çox asılıdır. Adi oxunan əsərlər belə vətənpərvərlik hisslərinin formalaşmasına öz təsirini göstərir. Çünki oxunan hər əsərlə, tanıdığı hər qəhrəmanla formalaşmaqda olan bir nəsil həm də öz milli mənliyini dərk etməyə başlayır. Oxuduğu əsərlərdə insan istər-istəməz özünü oradakı baş qəhrəmanın yerinə qoyaraq, onun yaşadığı hissləri yaşamağa, onun kimi düşünməyə, hətta çox vaxt onun kimi davranmağa başlayır. Buna görə də vətənpərvərlik duyğularının formalaşması, Azərbaycan əsgərinin hərbi-vətənpərvərlik tərbiyəsi oxunan kitablardan, əsərlərdən də çox asılıdır.
İnsan vətənini sevər…
Düzdür, gənclərdə vətənpərvərlik hisslərinin formalaşması, onların hərbi-vətənpərvər ruhda tərbiyəsi üçün müəyyən addımlar atılsa da, əslində vətən sevgisi insanda anadan olduğu andan yaranan, dünyaya gözünü açdığı ilk vaxtdan formalaşan bir hissdir. Necə deyərlər, vətənpərvər olunmur, vətənpərvər doğulur. Məşhur türk dramaturqu Namiq Kamalın “İnsan vətənini sevər” adlı məqaləsində deyildiyi kimi:
İnsan vətənini sevər. Çünki Allahın insanlara bəxş etdiyi şeylərin ən əzizi olan həyat vətən havasını tənəffüslə başlayar.
İnsan vətənini sevər. Çünki  Allahın bizə bağışladığı şeylerin ən parlağı olan göz  dünyaya ilk baxdığı zaman vətən toprağını görər.
İnsan vətənini sevər. Çünki  vücudunun maddəsi vətənin bir parçasıdır.  
İnsan vətənini sevər. Çünki  hürriyəti, rahatı, haqqı, mənfəəti vətəninin sayəsindədir.
İnsan vətənini sevər. Çünki  onun varlığının əsası olan əcdadlarının səssiz məzarlığı və gələcək uşaqlarının doğulacağı yer də məhz vətəndir…

Mətanət Hüseynova