Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

AQRAR SAHƏDƏ SÜRƏTLİ İNKİŞAF MƏHSUL İSTEHSALI VƏ İXRAC

MƏSƏLƏLƏRİNƏ YENİ YANAŞMA TƏLƏBİDİR

 

Sitrusdan, çaydan, çəltikdən, çeşid-çeşid tərəvəz və bostan bitkilərindən söhbət düşəndə, o andaca Azərbaycanın cənub bölgəsi göz önünə gəlir. Bu bölgənin ən iri kənd təsərrüfatı rayonlarından biri də Masallıdır. Rayon Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Ərazisi 721 kvadratkilometr, əhalisi 224 min nəfərdir. Masallıda əhali dünya əhalisinin sıxlığından 7 dəfə çoxdur. Buranın gözəl, əsrarəngiz təbiəti vardır. Şərqdən Xəzər dənizi, Qərbdən dağlarla əhatələnir. Rayon ərazisindən axıb Xəzərə tökülən Viləş, Alvadıçay və Tatyan çayları öz mənbələrini Lerik və Yardımlı dağlarından götürür. Viləşçay su dəryaçası 1976-cı ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə yaradılmış və Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrini içməli su ilə təmin edir. Müstəqillik dövründə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının 2004-2008-ci illəri əhatə edən birinci mərhələsi çərçivəsində dəryaçada genişmiqyaslı yenidənqurma işləri aparılıb.
Masallıda çoxlu təmiz, saf suyu olan bulaqlar mövcuddur. Təkcə Ərkivan kəndində 37 bulaq vardır. 1929-cu ildə yaradılmış Qızılağac qoruğunun böyük bir hissəsi də Masallı rayonunun ərazisində yerləşir. Burada 248 növ quş, 54 növ balıq qorunur. Bu gün rayon ərazisində 15-dən çox turizm-istirahət mərkəzi fəaliyyət göstərir ki, bu obyektlər gün ərzində 1000 nəfərdən artıq turist qəbul etmək iqtidarındadır.
Masallıda yetişdirilən sitrus, tərəvəz, çay vaxtilə Sovetlər İttifaqının müxtəlif şəhərlərinə göndərilirdi və yaxşı ad-san qazanmışdı. SSRİ süqut etdikdən sonra respublikalar, ən başlıcası isə Rusiya Federasiyasının subyektləri arasında əlaqələr qırıldı. Masallıda mövcud olan çay və sitrus plantasiyalarının böyük bir qismi baxımsız qalaraq sıradan çıxdı. Bax, beləcə çoxillik bitkilərin inkişafında ciddi süstlük, gerilik baş verdi. Yeni plantasiyalar salıb, onları bar verən vəziyyətə gətirmək isə uzun zamanın işi idi.
Bu hal 1997-ci ilə kimi davam etdi. 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə uğurla gerçəkləşdirilən torpaq islahatları bütün respublikada olduğu kimi, Masallının kənd təsərrüfatının dirçəlişində də dönüş nöqtəsi oldu. Masallıda torpaqlar sahiblərinə qaytarıldı, salamat qalan plantasiyalara aqrotexniki qulluq göstərildi, yeni sahələr salındı və torpaq mülkiyyətlərinə dövlətin qayğı və yardımının ilk işartıları görünməyə başladı. 2004-cü ildən başlayaraq Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən bu diqqət və qayğı hiss olunacaq dərəcədə yüksəldi. Elə həmin ilin fevral ayının 11-də regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul edildi. Rayonda əsl inkişaf və quruculuq mərhələsi başlandı. Bunun davamı olaraq 2009-2013-cü illəri əhatə edən ikinci, nəhayət, 2014-2018-ci illəri əhatə edən üçüncü mərhələ Dövlət Proqramları qəbul edilərək, uğurla həyata keçirilməyə başladı. Bu illər ərzində dövlət başçısı Masallıya 9 dəfə səfər etmişdir.
Bəli, bu 15 il Masallı rayonunun həyatında, tarixində, iqtisadi yüksəlişində parlaq səhifələr açmışdır. Rayon, onun kənd və qəsəbələri simasını köklü şəkildə dəyişmiş, bütün digər sahələrlə bərabər, rayonun kənd təsərrüfatında sıçrayışlı inkişaf baş vermişdir. Həm ənənəvi sahələr yeni çağırışlar fonunda inkişaf mərhələsinə qədəm qoymuş, həm də yeni istiqamətlər üzrə işlərə başlanılmışdır. Çəltikçilik, çiyələkçilik kimi sahələr aqrar bölmədə öz payını ilbəil artırmaqda davam edir. Çiyələyin yeni texnologiya əsasında saxlanılması və soyudulması üçün xüsusi kameralar tikilib. Həmin yerlərə alternativ enerji mənbəyi kimi generatorlar qoyulub. Yığılan məhsul çeşidlənərək xüsusi tarlalarda qablaşdırılır, soyudulur, sonra avtorefrijeratorlara yüklənərək müxtəlif ünvanlara yola salınır. Bu mövsümdən başlayaraq tarlaların hər tərəfinə «Azərbaycan məhsulu» etiketi vurulur. Cari ildə «Uğur SVE» müəssisəsi 20 hektar ərazidə çiyələk yetişdirir. Bunun 8 hektarı «Abbion», qalanları isə «Sanandres» sortudur. Rayonda çiyələkçiliklə məşğul olan kiçik fermer təsərrüfatları çoxdur. Dövlətin ayırdığı güzəştli kreditlər hesabına onların sayı hər il artır. Artıq rayonda yeni sahibkarlıq zümrəsi formalaşır, modern təsərrüfatlar formalaşır. Elə təsərrüfat subyekti vardır ki, onun öhdəsində bir neçə hektar çay, fındıq, sitrus bağları vardır. Yeni plantasiyaların salınması prosesi bu gün də uğurla davam etdirilir. Bir neçə ildən sonra bu təsərrüfatlar rayonun iqtisadi həyatına öz real təsirini göstərəcəkdir. Rayonun Sığaçola ərazisində «Azərsun Holding» MMC-nin çay plantasiyaları yerləşir. Məhdud Məsuliyyətli Cəmiyyət 2014-cü ildə burada 10 hektar, 2015-ci ildə isə 30 hektar çay plantasiyaları salıb.
Dövlət başçısının çayçılığın inkişafı ilə əlaqədar imzaladığı sərəncamdan sonra çay plantasiyalarının həcmi rayon üzrə 100 hektara çatdırılıb. Çay plantasiyaları təbiətin gözəl guşələrində yerləşir, təmiz, saf dağ havası insanın ruhunu oxşayır. Həmin 100 hektar plantasiyada «Kolxida» sortundan olan çay kolları əkilib. Toxumlar Türkiyə Respublikasından gətirilib. 2014-cü ildə salınmış plantasiyalardan artıq ilk yarpaqların yığımına başlanılıb. Digər bitkilər kimi, çay üçün suvarma suyu əsas şərtdir. Bu məqsədlə ərazidə 9 min kubmetrlik süni suvarma gölü yaradılıb. Dağlardan süzülüb gələn bulaq suları bura toplanır, sonra damcı və süni yağdırma üsulu ilə sahələrin suvarılması üçün istifadə olunur. Plantasiyalar dağətəyi relyefdə əkildiyi üçün buraya yeni yol çəkilib. Çayçılıqda xeyli sayda yeni iş yerləri açılıb.
Azərbaycanda istixana təsərrüfatı böyük sürətlə artır. Keçən il kənd təsərrüfatı üzrə respublikamıza ən çox valyuta gətirən istixana təsərrüfatlarında yetişdirilən pomidor olmuşdur. Masallı rayonunda da bu sahədə uğurlu başlanğıclar var. Şərəfə kəndi ərazisindəki «Masallı istixanası» fermer təsərrüfatı 2012-ci ildə yaradılıb. İlkin halda cəmi 2 hektar olan təsərrüfat sonradan 10 hektara çatdırılıb. İstixanada pomidor yetişdirilir. Türkiyədən gətirilən «Banduta» sortu həm daxili, həm də xarici bazarlarda yaxşı satılır.
İstixana təsərrüfatı əsl sənaye müəssisəsini xatırladır, burada texniki yeniliklər tətbiq olunur. Rusiya Federasiyasında çalışan iş adamları doğma rayonlarına dönərək nümunəvi istixana təsərrüfatları yaradırlar. İstehsal olunan məhsullar elə onların vaxtilə çalışdıqları Rusiya Federasiyasının şəhərlərinə ixrac edilir. Bundan həm sahibkar, həm də yerli sakinlər bəhrələnir, yüzlərlə yeni iş yerləri açılır. Rayonda, həmçinin kənd təsərrüfatının ixtisaslaşdırılması ilə əlaqədar müəyyən işlər görülür. Fermerlər arasında torpaq və iqlim şəraitinə uyğun bitkilərin əkilib-becərilməsi məqsədilə geniş maarifləndirmə tədbirləri aparılır. Masallıda taxılçılıq rentabelli sahə sayılmır. Belə ki, ən yaxşı halda sahələrdən 20-22 sentner məhsul götürmək olar ki, bu da respublikada orta göstəricidən də xeyli aşağıdır. Məhz bu səbəbdən rayon rəhbərliyi Masallı fermerlərinə rayon üçün məqbul olan, gəlir gətirən məhsul növlərinin istehsalının genişləndirilməsini tövsiyə edir. Bunun nəticəsidir ki, rayonda çəltik, noxud, sarımsaq, kartof, pomidor, tütün əkin sahələri ildən-ilə genişlənir. Bu ilin məhsulu üçün 1051 hektar kartof, 570 hektar badımcan, 233 hektar xiyar, 878 hektar noxud, 172 hektar paxla, 73 hektar mərci, 3 hektar lərgə, 66 hektar lobya, 122 hektar bibər, 349 hektar yemiş, 85 hektar kələm, 144 hektar çiyələk, 159 hektar soğan, 19 hektar zəfəran və digər bitkilər əkilib.
Çəltik və tütün sahələrində əkin başa çatdırılıb, 294 hektarda çəltik, 50 hektarda tütün əkini planlaşdırılıb. Bu da müvafiq olaraq keçən ildəkindən 99 və 19 hektar çoxdur. 2017-ci ildə «Masallı nemətləri» MMC çəltik zavodu tikilib. Baramaçılığın inkişafı sahəsində də müəyyən işlər görülüb.
Ötən il rayon üzrə 12 kümçü ailəsinə 20 qutu baramaqurdu verilib və 489, 5 kiloqram barama tədarük edilib. Cari ildə rayonda 3 min ədəd tut tingi əkilib. Çin Xalq Respublikasından gətirilmiş 5 min ədəd tut tingi isə Seybətin yaşayış məntəqəsi ərazisində əkilib.
Hər şey sahibkarın, kəndlinin istehsal etdiyi məhsulu yaxşı qiymətə satmasından asılıdır. Belə olan halda əkinə həvəs və maraq da artır.
2017-ci ildə Masallı və Cəlilabad rayonlarının təsərrüfatlarında sellofan altında becərilən faraş kartof 1,5 manata satılıb, cari ildə isə 40 qəpiyə satılır. Bu il keçən ildəkindən qat-qat çox noxud və sarımsaq əkilib. Sarımsaq toxumu materialının hər kiloqramını 5 manata alan təsərrüfat adamı bu gün çox narahatdır. Belə bolluq şəraitində qiymətlər də düşəcək.
Ümumiyyətlə, kənd təsərrüfatı istehsalında belə vəziyyət tez-tez baş verir. Bunu tənzimləmək məsuliyyəti isə müvafiq qurumların üzərinə düşür. Fikrimizcə, hər bir məhsulun sabit satınalma qiyməti müəyyən olunmalı, bu işi icra edən assosiativ təsisatlar və yaxud birjalar şəbəkəsi yaradılmalıdır.
Strateji hədəf ölkədə ərzaq bolluğu yaratmaqdır.
Elə etmək lazımdır ki, buna əngəl ola biləcək bütün maneələr aradan qaldırılsın.

 

Zülfü İLYASOV,
bölgə müxbiri