Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İnsan kapitalının inkişafı və təhlil problemləri

 

Müsahibimiz təhsil eksperti dos.

İlham Əhmədovdur.

- “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsinə  dair ölkəmizin təşəbbüsünü necə qiymətləndirirsiniz? Bu tədbirin Bakıda keçirilməsi təşəbbüsü müsbət həll edilərsə, “Expo-2025”  strateji baxımdan Azərbaycana  nə  verə  bilər?
- Bu, çox gözəl təşəbbüsdur, belə bir tədbirin ölkəmizdə keçirilməsinə  beynəlxalq səviyyədə  dəstək verilməsi çox yaxşı  olardı. Bu halda  tədbirə, çox ehtimal ki,  nüfuzlu  alimlər, dünyanın  tanınmış  universitetlərinin və şirkətlərinin  nümayəndələri,  insan resurslarının idrəedilməsi  sahəsində  yüksək  səviyyəli  menecerlər (TOP menecerlər) qatılacaqlar. Belə  bir  tədbirin ölkəmizdə keçirilməsi  üçün, yəqin ki,  kompleks hazırlıq  tədbirlərinə də ehtiyac olacaq: həm  təşkilati hazırlıq, həm də ölkəmizdə  təhsilin və elmin  səviyyəsini  qarşıdakı 7 ildə elə  bir səviyyəyə çatdırmalıyıq ki,  qonaqlarla  öz   müsbət təcrübəmizi bölüşə bilək, onlara   insan  kapitalının  inkişafı sahəsində  maraqlı innovasiyalar təqdim edə bilək.  Belə müsbət təcrübə 1-2 universitetdə  və ya 1-2 məktəbdə yox, təhsil  müəssisələrimizin əksəriyyətində mövcud olmalıdır, çünki  “tək  əldən  səs  çıxmaz”. 
 İnsan  kapitalının  inkişafı  mövzusu  ölkəmiz  üçün yeni deyil.   Xatırlayırsınızsa,  hələ 2003-cü ildə,  Azərbaycan Respublikasının Prezidenti, cənab  İlham Əliyev ilk dəfə prezident seçildikdən az  sonra Cenevrədə  “İnformasiya cəmiyyəti quruculuğu üzrə  ümumdünya  sammiti”ndə iştirak etdi  və orada  maraqlı məruzə etdi. Bu məruzədə cənab prezident qeyd etdi ki, «…uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdır. …İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir.  Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik».  Sonrakı  dövrlərdə  hər zaman  insan kapitalının inkişafı məsələləri ölkəmizdə gündəmdə olmuşdur.  Görünür  gözlənilən  qərarın qəbul edilməsində  bu amillər nəzərə alınacaqdır.
Bu gün  Azərbaycan  Respublikası  qarşısında  duran   strateji vəzifə sosial-iqtisadi həyatın modernləşdirilməsi,   beynəlxalq təcrübə  və  elmi  innovasiyaların sosial-iqtisadi həyatda  uğurlu tətbiqidir. Bu məsələlərin  həlli məhz insan kapitalının inkişafını,  insanların müasir bilik və bacarıqlara yiyələnməsini tələb edir.  Bu səbəblərdən son 15  ildə  ölkəmizin  əsas  hədəfi  insan kapitalının inkişafıdır.  Çünki,  müasir dövrdə  dövlətlərin   inkişaf səviyyəsi  insan kapitalının  səviyyəsi  ilə   müəyyən  edilir.   Təsadüfi  deyil ki,  BMT-nin  «Minilliyin inkişaf məqsədləri» proqramında  davamlı inkişafın təmin  edilməsi  üçün müəyyən edilmiş  8 prioritet məqsədin  əksəriyyəti  insan kapitalının inkişafı ilə bağlıdır. 
Ölkəmizdə  reallaşan bir  çox  strateji sənədlərdə, o cümlədən  “Azərbaycan 2020: gələcəyə baxış”  İnkişaf Konsepsiyası,   “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”,  “Azərbaycan Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə    Strateji   Yol   Xəritələri”  kimi  strateji  sənədlərin hər  birində insan kapitalının  inkişafı, təhsilin inkişafı   prioritetlik  təşkil edir. Bu konseptual  sənədlərin  məqsədi ölkədə insan kapitalının inkişafı  ilə  iqtisadiyyatın  dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, bütün istiqamətlərdə tərəqqini sürətləndirmək,  inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaqdır.  İnsan  kapitalının  inkişafı  təhsilin əsas hədəflərindəndir.
Azərbaycan Respublikası  insan kapitalının  inkişaf etdirilməsini  təhsil  siyasətinin  əsas  qayəsi  hesab etməklə yanaşı,  digər  imkanlardan da  faydalanmağa  çalışır.  Qeyd etdiyimiz kimi, Azərbaycan “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsi ilə bağlı təklifini irəli sürərək, növbəti vacib bir kampaniyaya imza atdı. Təklif olunan mövzunun əsas hədəfi  “biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq” devizidir.   Bu  baxımdan   “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsi  son 15 ildə  bu  sahədə  görülən  işlərin təbii davamı kimi qəbul edilə bilər.  Bu  məsələ  ilə  əlaqədar Paris şəhərində keçirilən  tədbirdə Azərbaycan Respublikasının     Birinci vitse-prezidenti  Mehriban  Əliyeva qeyd edirdi: “ “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını – texnologiyanın və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir. “Bakı Expo 2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sıravi vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək. Biz insanları – dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq”. 
Mətbuatın verdiyi məlumata görə artıq Maliyyə Nazirliyi bu  tədbirin keçirilməsinə hazırlıq  üçün 7 illik  təxmini büdcəni də hesablayıb - 765 milyon avro məbləğində qiymətləndirilir.
Təbii ki,  reallaşması  nəzərdə tutulan  bu strateji  məsələlər ölkəmizdə  insan kapitalının inkişafına  verilən diqqətin təzahürüdür. İnsan kapitalının inkişafı  daha çox  təhsil sektorunun üzərinə düşür. Bu   mənada bir  daha  təkrar etmək istəyirəm  ki,  belə  bir   tədbirin  ölkəmizdə  keçirilməsinə cəhd edilməsi təqdirəlayiq  hadisədir.  Qərar müsbət  olarsa,   hesab edirəm ki,  bu  təbdirə  qədərki dövrdə ölkəmizdə   insan kapitalının inkişafı  və təhsil  problemlərinə  daha da çox  diqqət  yetiriləcək,  daha  çox  konkret  işlər  görüləcəkdir.  Bu sahədə problemlərimiz  isə  hələ də  var.
- Ölkədə    təhsilin durumu, təhsil  islahatlarının  vəziyyəti  barədə   fikrinizi  bilmək  istərdik. 
- Müsair təhsil çox  mürəkkəb və  çox  dinamik bir  sistemdir. Bir  tərəfdən təhsil  çox  ətalətlidir (kütləsi,  əhatə  dairəsi  böyük  olduğundan  ətaləti  də  böyükdür),  digər  tərəfdən  dünyanın  indiki  intensiv  inkişaf  tempinə  uyğun olaraq  təhsil  dinamik  inkişaf  etməlidir. Belə  bir  deyim  var:  bu  gün təhsilin vəziyyəti  necədirsə,  gələcəkdə ölkənin  durumu  elə olacaqdır.  Bu  səbəbdən təhsil bu  gün   bütün ölkələr  üçün  prioritet  sahədir, bu  sahədə  aparılan  islahatlarda  naşılıq  etmək təhsil  sistemini,  ardınca isə  ölkənin bütün  digər  sahələrini   çox  geri  ata  bilər.  Təhsil,  sözün  həqiqi  mənasında,  fasiləsiz xarakter alıb, Hz. Peyğəmbərimiz  söylədiyi  kimi, bu  günün  təhsili  beşikdən qəbir evinə  qədər davam etməlidir.
Müasir təhsil fasiləsiz  olduğu  kimi təhsil  islahatları da  fasiləsiz olmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin qeyd  etdiyi kimi, “...təhsil sahəsi  daim islahat tələb edən sahədir.”   Bu  gün inkişaf  səviyyəsindən  asılı olmayaraq,  bütün ölkələrdə təhsil  islahatları həyata  keçirilir,  bütün ölkələr daha mükəmməl təhsil sistemi qurmaq haqqında düşünürlər.  Çünki bugünkü  təhsil müasir innovasiya cəmiyyətinin texnologiya tələblərinə və gənc nəslin  tələblərinə  cavab vermir, müasir təhsil yeni  rəqəmsal zamanın yaradıcı insanını yetirməkdə acizdir. Bill Qeyts 10 il əvvəl deyirdi ki, vaxt gələcək universitetlər  İnternetlə  rəqabətə girə  bilməyəcəklər. Həmin dövr yetişib artıq. 
Amma  keçid  dövrünü yaşayan ölkələrdəki  təhsil problemləri  inkişaf etmiş ölkələrdəki  təhsil problemlərindən tam fərqlənir. Bunun bir  çox  səbəbi  var.  Əsas  səbəb  bu  ölkələrdəki  insan kapitalının  və  təhsilə qoyulan investisiyaların az  olmasıdır. Amma əslində  ən böyük investisiya  imkanı  məhz  təhsil  sistemindədir. Bu sektora  qoyulan hər bir dollar on qat  geri qayıdır.  Təhsilə qoyulan  investisiya  təkcə   universitetlərin təmiri, yeni   məktəblərin  tikintisi demək deyil. Bunların  təhsilin  inkişafına real təsiri azdır. Təhsilə qoyulan  əsas investisiya  insan  resurslarına,  texnologiyalara, təhsildə İT-nin tətbiqi və yeni  innovasiyaların yaradılmasına, elm-təhsil-innovasiya -istehsalat (biznes)  əlaqələrinin  inkişafına xidmət etməlidir.  Bu gün heç bir  tədris korpusu olmayan və milyonlarla  tələbəsi olan  meqauniversitetlər  var.  Bu universitetlər dünyanın  müxtəlif universitetlərindən  tələbələr cəlb edərək  milliyard  dollarlarla pul qazanırlar. Çünki  bu  universitetlərə   vaxtında   kifayət  qədər maliyyə  yatırılıb  və sözün  həqiqi  mənasında,  müasir təhsili mükəmməl bilən  insan resursları  bu  universitetlərin  yaradılması və idarəedilməsi  proseslərinə  cəlb edilib.
Son 20 il  ərzində  ölkəmizdə təhsil  sahəsində  aparılan islahatlara  ötəri nəzər  salanda görünür  ki,  müasir  dövrün  təhsil  sistemi  qarşısında  qoyduğu  məsələlərə hələ  kifayət  qədər  nail  ola  bilməmişik. Xüsusən də, yeni  kurikuluma  keçid   prosesi  və  prosesin  ilkin  nəticələri narahatlıq  doğurur.  Bu prosesləri   belə  dəyərləndirmək  olar: “Yaxşı ideyanın  pis  icrası”.  Ali  təhsil  sahəsindəki  islahatlarda  da problemlər az deyil.
Təhsildəki problemlər  kompleks xarakterlidir (maliyyə,  idarəetmə, kadr, elmi-metodik və texniki-texnoloji təminat və s.).  Təhsilə  məsul  qurumlar çox  vaxt   ekspertlərin  verdiyi  təklifləri  müzakirə etmək, çıxış yolunu birgə  tapmaq əvəzinə,  özlərini  görməzliyə  vururlar,  sanki  hər şey öz  qaydasındadır, amma  vaxtında  reaksiya  verilərdisə, islahatlara  müəyyən   zəruri  korreksiyalar edilərdisə,  vəziyyəti qismən  yaxşılaşdırmaq mümkün olardı.
- Xeyli  vaxtdır ki,   məktəblərimizdə  kurikulum sistemi tətbiq edilir. Bu sistem özünü doğrultdumu?
- Əslində  köhnə  təhsil  standartlarını müəyyən  qədər  təkmilləşdirib,  müasirləşdirib istifadə  etmək  olardı.  Çünki  pedaqoji  ictimaiyyət  həmin  standartlarla  tanış idi, müəyyən iş  təcrübəsi  toplanmışdı. Amma  daha  geniş formatda  dəyişiklik etmək  qərarına  gəlindi.  Təəssüf ki, bu  dəyişiklik  prosesi öncəsi lazımi  hazırlıq  işləri  aparılmadı,   layihələnmədə,  strateji  və  taktiki  məsələlərdə  səhvlərə yol verildi.  Mövcud  resurslardan  (ilk  növbədə  insan  resurslarından,  əvvəlki  illərdə toplanmış təcrübələrdən)  kifayət qədər  dolğun  istifadə edilmədi.
 Artıq 10 ildən çoxdur ki, məktəblər yeni kurikulumlarla  işləyirlər və bu yöndə xeyli nöqsanlar özünü  büruzə  verir (standart və dərsliklərin  keyfiyyəti,  müəllimlərin bu  prosesə hazırlığı və s.). Təhsil ictimaiyyəti kurikulum islahatını heç də yüksək qiymətləndirməyib. Digər bir problem isə yeni kurikulumun pedaqogikasının, müvafiq fənn  metodikalarının  kifayət qədər işlənilməməsidir.  Məlumdur ki, hər bir fənnin   özünün tədris metodikası  var. Kurikulum əsasında  tədris aparmaq üçün  isə metodikalar  hələ  tam  formalaşmayıb. Pedaqoji universitetlərdə  gələcək  müəllimlərə ayrı-ayrı fənlərin tədrisi metodikası kursları  əsasən köhnə təhsil  standartları və texnologiyalarına əsaslanır. Kurikulum islahatı pedaqoji təhsillə  koordinasiya edilməyib.
 Hər  bir  islahat  kimi  təhsil  islahatı  da  insanların (pedaqoji  ictimaiyyətin)   bu  prosesə ciddi  hazırlanmasını tələb edir. Bütün dünyada  müəllimlərin ixtisasartırma və təkmilləşdirmə  sistemi   onlayn rejimdə təşkil edildiyi halda,  bizdə  məktəb  müəllimləri  üçün  nəinki  müasir, heç arxaik də  ixtisasartırma  və  təkmilləşdirmə  sistemi  yoxdur, necə deyərlər,  köhnəsi ləğv edilib, əvəzinə  adekvat  yeni bir  sistem yaradıla bilməyib. Universitet  müəllimlərinin ixtisasartırma  və  təkmilləşdirmə sistemi  daha  bərbad vəziyyətdədir.  Belə  şəraitdə  müəllimləri  necə  maarifləndirmək, yeni  biliklər vermək, islahat  prosesinə fəal  cəlb etmək  olar?  Kurikulum islahatının  büdrəməsinin  səbəblərindən  biri də  budur. 
- Kurikulumu  Azərbaycanın milli təhsil konsepsiyası kimi də  təqdim edirlər,  bu konsepsiya təhsilə nə verdi ?
- Bildiyiniz kimi, orta  təhsil  təhsilin fundamentidir,  bu fundament zəif olarsa,  ali təhsil sistemi,  ümumən insan kapitalı inkişaf edə bilməz. Bu  yaxınlarda  9-cu siniflərin imtahanları  oldu. İmtahan nəticələri  narahatlıq üçün ciddi əsas  verir. Bu nəticələr uzun bir  prosesin  indikatorudur.  Yəni, kurikulum sisteminin tətbiqində istənilən nəticələri  əldə edə bilməmişik. Burada müəyyən boşluqlar mövcuddur. Artıq kurikulum sistemi ilə təhsil alan şagirdlər 2019-cu ildə universitetlərə qəbul imtahanları verəcəklər. Çox  az  vaxt qalıb  imtahanlara. Valideynləri,  şagirdləri və məktəbi narahat edən məsələ budur: məktəbin verdiyi biliklərlə  şagirdlər  imtahanlarda  yüksək  nəticə  əldə edə  biləcəklərmi, yoxsa yenə repetitor yanına getməyə ehtiyac var?
Bilirsinizmi, repetitorların  əksəriyyəti uzun illərdir bu işlə məşğuldurlar və onların əksəriyyəti  ənənə  üzrə  köhnə  standartlarla işləyirlər. Köhnə  standartlar  və proqramlar fənyönümlü, elmyönümlüdür. Yeni  kurikulum  isə şəxsiyyətyönümlüdür.  Repetitorların əksəriyyəti  yeni  kurikuluma yaxşı  bələd  deyillər. Digər  tərəfdən qəbul imtahanlarına  düşəcək tapşırıqların  formatı da  müəllimlərə  hələ  tam  aydın deyil.   Burada müəyyən problemlər  yarana bilər.  2019-cu  ildə qəbul imtahanlarında  abituriyentlərin  nəticələri əvvəlki  illərlə  müqayisədə  xeyli  zəif  ola  bilər. Əgər  əvvəlki  illərdə  qəbul  imtahanlarından sonra universitetlərdə 5000-6000  boş yer qalırdısa,  2019-cu ildə ola bilsin  ki, yeni sistemlə imtahan zamanı yerlərin 50%-i boş qalsın.   Bu  mənada  kurikulum milli təhsil konsepsiyası kimi,  təhsilin məzmununu müəyyən edən əsas  sənəd kimi  uğurlu olmadı.
-  Yeni  kurikulumla  təhsil almış şagirdlərin  universitet təhsili nə  dərəcədə “rahat” olacaq,   onlar  universitetlərdə  “özlərini  necə  hiss edəcəklər” ? 
- Tələbə  adını qazanan şanslı abituriyentlər  universitetlərdə  əvvəlki  illərin  tələbələrinin öyrəndikləri  təhsil standartları  ilə təlim keçəcəklər. Bu ali  məktəb  standartları  əsasən  orta  məktəbin fənyönümlü, elmyönümlü təhsil standartları üzərində qurulub. Orta məktəbi  bitirən şagirdlər qeyd  etdiyimiz kimi, şəxsiyyətyönümlü proqramlarla  təhsil  almışlar,   ali məktəb proqramları  isə  fənyönümlüdür, yəni köhnə məzmuna əsaslanır. Bu vəziyyət yeni  kurikulumla  oxuyan tələbələr üçün, təbii ki,  çətinlik yaradacaqdır.  Bu halda orta məktəblə ali məktəb arasında varislik itə bilər. Universitetlərdə bu varisliyi təmin etmək üçün yeni məktəb proqramlarına əsaslanan, onun  məntiqi davamı olan məzmun  islahatı aparılmalıdır. Düzdür, əvvəllər də bu  iki  təhsil  pilləsi arasında müəyyən boşluq olub, lakin  boşluq  zəif  hiss edilib,  universitetlər  bu  boşluğu  doldurmağa çalışıblar.  Amma indi bu boşluq vakum halında, daha böyük həcmdə ola bilər. 
Bu gün universitet  proqramları  şəxsiyyətyönümlü deyillər,  bu  amil  yeni  nəsil tələbələr  (yeni kurikulum  əsasında  təhsili alan)   üçün təlimdə çətinlik yarada bilər.  Məsələn, bir çox  mövzular var  ki,  məktəbdə öyrədilməyib, amma  univesitet  poqramları  nəzərdə  tutur ki, tələbələr  bu  biliklərə sahibdirlər.  Nəticədə, tələbələr  ali  məktəbdə  müəyyən  fənləri mənimsəyə bilməyəcək, sessiya  imtahanlarında kütləvi kəsiləcəklər,  kredit  borcları artacaq. Beləliklə də, tələbələr vaxtında  dövlət imtahanında iştirak edə bilməyəcək və  diplomlarını  xeyli  gec  alacaqlar, tələbələrdə  narazılıq yaranacaq.  Bu mənada görünür ki,   yeni  kurikulumla  təhsil almış şagirdlər tələbə kimi universitetlərdə  hələ  bir  neçə  il  “özlərini  narahat  hiss edəcəklər”.
Çox ehtimal ki,  gələcəkdə universitetlər  təhsil  standartlarını  şəxsiyyətyönümlü məzmuna gətirməli olacaqlar.  Bu  halda  universitetlər  köhnə  standartları tətbiq   etməklə  paralel,  yeni təhsil standartları üzərində işləməli, onu sınaqdan çıxarmalı, sonda yeni standartlara keçməlidirlər. Bu keçid  bir  neçə il  çəkə bilər.  Yəni, öyrətmə  və yeni standartların yaradılması, təkmilləşməsi, dəyişilmə və sınaq  proseslərinin eyni zamanda aparılması ehtiyacı yarana bilər, bu da  ki, çox çətinliklər yaradacaq. 
- Biz dünyanın qabaqcıl təhsil sistemindən faydalanıb, Azərbaycanın özünəməxsus təhsil sistemini formalaşdırsaq doğru olmazmı?
- Bilirsiniz, biz  qloballaşma dövründə yaşayırıq,  əmək bazarı, peşə standartları, keyfiyyət  standartları,  elm, təhsil, texnika, texnologiya,  bir sözlə,  artıq  hər bir   xidmət, məhsul  qlobal xarakter  daşıyır, bu  tələbləri nəzərə almadan milli xarakterli nə isə yaratmaq çətindir ( bəlkə də  mənasızdır).  İstənilən fəaliyyət sahəsində  əvvəlcə bu standartları  tam mənimsəyib, 100%  səviyyəsində  tətbiq edə biləriksə,  deməli, qlobal səviyyədə  işləməyə qadirik.  Yalnız bundan sonra  bu nailiyyətlərin  əsasında daha mükəmməl, bütün dünyanın  diqqətini  cəlb edə bilən, nə isə innovasion və  milli xarakterli  bir iş etmək olar. Əks halda bunun  nəticəsi dünya standartından zəif, diqqəti cəlb etməyən bir  iş olar. Məsələn,  musiqi sahəsində Ü.Hacıbəyov, F.Əmirov  və ya  V. Mustafazadə   milli nə isə yaratmaq üçün əvvəl dünya təcrübəsini yaxşı  öyrənmiş,  sonda milli  ilə  bəşərini əlaqələndirmiş,  bu əsasda milli kökə əsaslanan əsərlər  yarada bilmiş  və dünya musiqi tarixində iz qoymuşlar.  Eynilə də  digər sahələrdə tanınmış  soydaşlarımız  qlobal səviyyədən  baxıb dəyərli  milli irs yarada bilmişlər. Necə  deyərlər,  qlobal düşünüb,  lokal hərəkət etmək lazımdır.  Təhsil  sistemi də belədir.  
Aşağı səviyyə  və az investisiya ilə   özünəməxsus,  orijinal  nə isə yaratmaq mümkün deyil. Buna bəlkə  də  onilliklər lazımdır, hər halda son 25 ildə  bunu edə bilmədik, əksinə elm və təhsildə olanların da  müəyyən qismini,  təəssüf  ki, itirdik.  Məsələn,  kurikulum sistemini  və ya Boloniya prosesini 10 ildir tətbiq edirik, amma  hələ də qlobal tələblərdən çox uzağıq,  mükəmməli yaratmaq  istəyi  ilə yaxşını pislə əvəzlədik. Qlobal tələblər  səviyyəsinə çatdıqdan (və ya  yaxınlaşdıqdan), onların təcrübəsini  öyrəndikdən sonra  milli, özünəməxsus təhsil sistemi  qura  bilərik.  Əks halda yaratdığımız  perspektivsiz  təhsil  sistemi olacaq, dünya  təhsil  məkanına inteqrasiya etməyəcək.  Yaxın gələcəkdə  (təxminən 10 ildə) biz  təhsil sahəsində  qlobal tələbləri heç olmasa  70% səviyyəsində icra etməyə çalışmalıyıq, dünyanın TOP-1000 universitetləri  sırasında 2-3 universitetlə  təmsil  olunmalıyıq. Sonrakı  mərhələdə  isə  tədricən əldə etdiyimiz nailiyyətləri  təkmilləşdirərək, inkişaf etdirərək,  daha  çox  investisiya  yatıraraq  dünya  standartlarına daha  yaxın ola  bilərik.  Büdcəsi  milyardlarla   dollar olan universitetlə büdcəsi 10  milyon $ olan milli  universitetlərimiz  və ya maaşı  10000 $  olan alimlə maaşı  300-400$ olan alimimiz eyni nəticə  verə bilərdimi (TOP-100 universitetdə  işləyən tanınmış professorları bizim universitetlərə  dəvət edib 400$  maaşla  işlətsək,  nə qədər məhuldar olardılar  görəsən)?   Təəssüf ki,  AMEA-nın da büdcəsi  bu gün müasir  elmi  tədqiqatlar  aparmaqdan çox uzaqdır.   Bu mənada təhsil  və elm sahəsində  hələ görüləsi  işlərimiz çoxdur.  Bəzən mütəxəssislər  gileylənirlər ki, bizdə elmə qoyulan  vəsait  geri qayıtmır.  Əgər  ağaca gündə  5  litr su verilməli  ikən  1 litr su verilərsə, bu ağac bar  verərmi, xüsusən də əgər bu ağac  25 il  belə suvarılıbsa? 
Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd  etdiyi kimi, xalqımız istedadlı xalqdır, inanırıq  ki,  elm-təhsil sahəsində də  ölkəmiz inkişaf  edərək,  dünya  səviyyəsinə yaxınlaşacaq, elm və təhsil  sahəsində çoxsaylı  innovasiyalarla qlobal səviyyədə nailiyyətlərə imza atacaqdır.  Düşünürəm ki, “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcəyin qurulması” mövzusuna həsr olunmuş Ümumdünya Sərgisinin (“Expo-2025”) Azərbaycanda keçirilməsi təşəbbüsü öz  müsbət həllini taparsa, bu tədbirə həm hazırlıq mərhələsində, həm də sərgidən sonra (əldə edilən  təcrübə və  məlumatlar, yeni əməkdaşlıq əlaqələrinin yaradılması) ölkəmizdə  elmin, təhsilin  və  insan kapitalının inkişafına  yeni təkan verə  bilər. Buna ölkəmizin ehtiyacı var, çünki  qeyri  neft  sektorunun inkişafı  insan  kapitalının səviyyəsindən çox asılıdır.