Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan iqtisadiyyatı ulu öndərin qurduğu möhkəm sütunlar üzərində pərvəriş tapıb

 

Hər bir xalqın, millətin tarixində və taleyində, milli-mənəvi bütövlüyünün təmin olunmasında tarixi şəxsiyyətlər müstəsna rol oynamışlar. Azərbaycan xalqı üçün bu nəcib missiyanı daşımaq ulu öndər Heydər Əliyevə nəsib oldu. XX əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyinə qovuşdu. 1918-ci ilin may ayının 28-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cəmi 23 ay yaşayan bu dövlət qısa zaman kəsiyində xalqımızın milli-mənəvi oyanışında və inkişafında çox işlər gördü. Bundan 74 il sonra 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası öz dövlət müstəqilliyini ikinci dəfə elan etdi. O tarixdən 27 il ötür. Zaman dəyişir, Heydər Əliyev aramızda yoxdur. Lakin onun özü kimi qurub-yaratdığı dövlət də əbədiyaşarlıq hüququ qazanıb. Bu günlərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini böyük qürur və iftixar hissləri ilə bayram edirik. Qürur hissi ona görə keçiririk ki, ilk Cümhuriyyəti qurub yaradan ata-babalarımızın arzuları çin olub. Onların adlarına layiq dövlət qura bilmişik. İqtisadi gücü və qüdrəti ilə regiona liderlik edən, beynəlxalq aləmdə nüfuz sahibi olan, dünyaya səpələnən 50 milyondan artıq soydaşımızın müqəddəs and yerinə və məbədgahına çevrilən müstəqil bir dövlət yarada bilmişik. Bütün bunlara isə mücadilələrdən, məşəqqətli yollardan keçə-keçə nail olunub. Bu şərəfli və şanlı tarixi bir daha vərəqləyək.
İkinci dəfə qazanılan dövlət müstəqilliyini əbədi və dönməz elan edən ulu öndər Heydər Əliyev yenidən Azərbaycan hakimiyyətinə qayıtdığı zaman ölkədə acınacaqlı vəziyyət yaranmışdı. Bir tərəfdən xaos, iqtisadi böhran, hərc-mərclik, digər tərəfdən torpaqlarımızın 20 faizinin işğalı və bunun nəticəsində bir milyondan artıq qaçqın və köçkün soydaşlarımızın olması vəziyyəti bir qədər də ağırlaşdırmışdı. Ölkə vətəndaş müharibəsi həddinə çatmış, daxili çaxnaşmalar və çəkişmələr səngimirdi. Seperatçı qüvvələrin dövlət çevrilişi cəhdləri, ulu öndərə qarşı saysız-hesabsız təhdidlər, hədə-qorxular onun polad iradəsini sındıra bilmədi. O, sinəsini irəli verərək ölkəni bu ağır durumdan qurtara bildi. Ulu öndər nəinki vəziyyətdən çıxış yolu tapdı, eyni zamanda, indiyədək xəyal görünən, əfsanə hesab edilən transmilli layihələrin reallığa çevrilməsini qaçılmaz hala gətirdi.
Həm də bu işlərin hamısı məhdud maliyyə resursları və zəif büdcə vəsaitləri ilə öz həllini tapırdı. Uzun danışıqlardan, mübahisələrdən sonra 1994-cü ilin sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətlərinin iştirakı ilə Xəzərin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında saziş imzalandı. «Əsrin müqaviləsi» ilə tarixə düşən bu layihə Azərbaycanın inkişaf və tərəqqisi üçün parlaq səhifələr açdı.
Azərbaycanda hasil olunan neftin dünya bazarına çıxarılması üçün Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft kəməri, Novorossiyski Şimal İxrac Boru kəməri, Gürcüstanın Subsa Qərb İxrac Boru kəməri, Bakıdan 55 kilometr cənubda yerləşən Səngəçal Neft Terminalı inşa edildi. «Bakı-Tbilisi-Qars-Ərzurum» Qaz İxrac kəməri tikilib istifadəyə verildi. Reallaşan hər bir layihə Azərbaycanı pillə-pillə sosial-iqtisadi yüksəlişə çəkib aparmağa başladı. 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tamamlanıb istifadəyə verildi, «TANAP», «TAP» kimi nəhəng layihələrin tikintisinə başlanıldı. Azərbaycanın uzunmüddətli strateji maraqlarına xidmət edən neft və qaz layihələrinin gerçəkləşdirilməsi, yeni yataqların aşkar edilməsi, ixrac kəmərlərinin tikilməsi bu gün də davam etdirilir.
2017-ci il sentyabr ayının 14-də imzalanmış «Azəri-Çıraq-Günəşli» yataqlarının 2050-ci ilədək birgə işlənməsi, Hasilatın Pay Bölgüsünün dəyişdirilməsi barədə müqavilələrin imzalanması Heydər Əliyev kursunun işdə və əməldə real təcəssümüdür.
1999-cu ildə Heydər Əliyev tərəfindən Dövlət Neft Fondu və bununla da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi üçün etibarlı təminat yaradıldı. Neftdən və qazdan gələn gəlirlərin həm real sektora, həm də sosial məsələlərin həllinə yönəldilməsi təşəbbüslərinə başlandı. Bu işlərin bir çoxu daxili investisiyalar hesabına görüldü. Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və köçkünlər üçün 3 min məktəb, 600 xəstəxana və 30 Olimpiya Mərkəzi inşa olundu, 11 min kilometr uzunluğunda yol çəkildi, yeni enerji strukturu yaradıldı, yüzlərlə istehsal və emal müəssisələri açıldı.
Bunun ardınca ulu öndər tərəfindən qədim İpək Yolunun bərpası istiqamətində əməli tədbirlərə start verildi. Böyük İpək Yolu 30-dan çox dövlətin iqtisadi inkişafına xidmət edən, ayrı-ayrı xalqları və millətləri bir-biri ilə bağlayan, inteqrasiya imkanlarını gücləndirən bir layihədir.
Azərbaycanda özəl bölmənin təşəkkül tapıb formalaşması, bazar prinsiplərinə keçidin təmin olunması, azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafına geniş yol açılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin ciddi səyi nəticəsində kiçik və orta sahibkarlıq sübyektlərinə maliyyə dəstəyi, zəruri texniki yardımların göstərilməsi sistemli və davamlı xarakter aldı. Sahibkarlıq subyektlərinin vergi yükünün aşağı salınması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələri azaldıldı, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi sistemi tətbiq edilməyə başlanıldı.
Dövlət əmlakının özəlləşdirilməsi üçün qanunvericilik bazası yaradıldı. 1998-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda aqrar islahatlar həyata keçirildi, hər bir vətəndaşın torpaq üzərində mülkiyyət hüququ tanındı və bununla Azərbaycanın bölgələrinin bazar prinsiplərinə keçidi üçün real imkanlar açıldı. Çox çətin və mürəkkəb mərhələlərdən keçən bu prosesin qısa zaman kəsiyində və uğurla sonuclanması Heydər Əliyevin fövqəladə bacarığından və idarəetmə məharətindən qaynaqlanırdı. İqtisadi sistemin liberallaşması ilə bağlı ulu öndərin qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar mükəmməl iqtisadi modelin yaradılmasına rəvac verməklə yanaşı, sonrakı yüksəliş və tərəqqiyə güclü təkan verdi. Sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının, daşınmaz əmlak hüquqlarının qeydiyyatı, investorların maraqlarının qorunması sahəsində aparılan islahatlar, yoxlamaların azaldılması istiqamətində həyata keçirilən tədbirlər öz real bəhrəsini verməyə başladı. Zaman keçəcək, bu tədbirlərin müsbət təsiri hər yerdə görünəcəkdi. Bu, belə də oldu. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulmasına dair 70-dən çox qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış və 30-a yaxın dövlət proqramları təsdiq edilmişdir. Ümummilli liderin sosial-iqtisadi sahədə irəli sürdüyü inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən başlayaraq respublika iqtisadiyyatı tənəzzüldən dinamik inkişaf dövrünə qədəm qoydu. Kiçik statistikaya nəzər yetirək. 1993-2003-cü illər ərzində Azərbaycanın ümumi daxili məhsulu 1,9 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 8,5 dəfə, sənaye məhsullarının istehsalı 22,4 faiz, kənd təsərrüfatı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, real sektorda çalışanların əməkhaqları 6,2 dəfə artmış, yoxsulluğun və işsizliyin səviyyəsi aşağı düşmüşdür. Bu dövrdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar civarında sərmayə yatırılmışdır.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixində ilk dəfə təhsil sahəsində islahatlara başlamış, 1998-ci ilin martın 30-da Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaratmışdır. Elə həmin ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilmişdir. O, həmçinin gənclərin xarici ölkələrdə təhsil alması ənənəsini yenidən bərpa etmiş, ən qabiliyyətli və bacarıqlı gənclər Türkiyənin, Rusiyanın nüfuzlu ali məktəblərinə göndərilmişlər. Məhz bu tədbirlərin görülməsi nəticəsində 2003-cü ildən başlayaraq təhsil sahəsində yeni inkişaf mərhələsi başlamışdır.
Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərkən ölkədə mükəmməl dövlətçilik modeli yaradılmış, iqtisadi yüksəlişi təmin edən möhkəm sütunlar qurulmuşdu. Möhkəm dayaqlar üzərində uzunmüddətli inkişaf konsepsiyası yaratmaq missiyası cənab İlham Əliyevin üzərinə düşmüş və o, bu missiyanı uğurla gerçəkləşdirə bilmişdir. Belə ki, 2004-2018-ci illərdə milli iqtisadiyyat 3 dəfədən çox genişlənmiş, strateji valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyard dolları ötüb keçmişdir. Bu illər ərzində nəhəng sənaye kompleksi yaradılmış, aqroparklar, sənaye parkları tikilib istifadəyə verilmiş, respublika iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuş, sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə 2 milyard manatdan artıq kredit verilmişdir. 2004-2018-ci illərdə ölkədə 1,9 milyon yeni iş yeri açılmışdır ki, bunun da çox hissəsi regionların payına düşür. Son 14 il ərzində regionların sosial-iqtisadi inkişafına dair üç mərhələ Dövlət Proqramı qəbul edilərək icra olunmuşdur. Azərbaycan dünyanın ən sürətli və dayanıqlı inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Davos Beynəlxalq İqtisadi Forumunun «2017-2018 Qlobal Rəqabətlilik hesabatı»nda Azərbaycan rəqabətlilik reytinqi üzrə dünyada 35-ci, MDB ölkələri arasında birinci yerə layiq görülmüşdür. Dünya Bankının «Doing Business» hesabatında Azərbaycan Avropa və Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biridir. «İnklüziv inkişaf indeksi»ndə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında üçüncü, MDB ölkələri arasında birinci yerdədir.
Müstəqil Azərbaycanın mürəkkəb və çətin yollardan keçən tarixinə qısa nəzər saldıqda yalnız bir qənaətə gəlmək olar: tənəzzüldən tərəqqiyə doğru belə sürətli və sıçrayışlı yol qət etmək dünyada çox unikal hadisədir. Bu gün gerçəkləşdirilən Strateji Yol Xəritəsinin hədəfləri daha böyükdür. Xüsusilə, aqrar sahədə həyata keçirilən tədbirlərin və islahat proqramlarının miqyası o qədər genişdir ki, bunlar Azərbaycanı iqtisadi inkişafın keyfiyyətcə yeni fazasına gətirib çıxaracaq. Pambıqçılığın, tütünçülüyün, ipəkçiliyin, çayçılığın, fındıqçılığın, zeytunçuluğun və digər sahələrin inkişafında sıçrayışlı artım tempi özünü göstərəcək, sahibkarlıq subyektlərinin sayı artacaq, yeni yaradılmaqda olan aqroparkların, emal və istehsal müəssisələrinin hesabına ölkənin ixrac potensialı bir neçə dəfə yüksələcək, Azərbaycan inkişaf etmiş sosial rifah dövlətinə çevriləcəkdir.


Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
bölgə müxbiri