Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İqtisadiyyatı belə idarə etməzlər

 

Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.

İlham ƏLİYEV


 

Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə  seçilməsi ərəfəsində Azərbaycan iqtisadiyyatı sürətlə dağılırdı. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı.
Bu çətin dövrdə  (1993-cü ildə) akademik Ziyad Səmədzadə “Azərbaycan“ qəzetinə “İqtisadiyyatı belə idarə etməzlər“ adı ilə müsahibə vermişdi. 25 il əvvəl yazıldığına baxmayaraq, mövzunun bu gün də aktuallığını qoruyub saxladığını nəzərə alaraq, həmin müsahibəni olduğu kimi nəzərinizə çatdırırıq.

– Ziyad müəllim, artıq otuz ildir ki, Azərbaycanın iqtisadi problemləri ilə məşğul olan iqtisadçı alim, həm də bu sahədə uzun müddət çalışan dövlət xadimi kimi tanınırsınız. Bir mütəxəssis kimi Azərbaycan iqtisadiyyatının  bugünkü vəziyyəti haqqında fikirlərinizi bilmək istərdik.
– Açığını deyim ki, xalqımızın başına gələn faciələr o qədər dəhşətlidir ki, müstəqilliyimizə vurulan zərbələr o qədər ağırdır ki, başqa bir məsələdən danışmaq istəmirsən. Lakin bu da bir həqiqətdir ki, iqtisadiyyatı güclü olmayan dövlət özünün müstəqilliyini, əhalisinin təhlükəsizliyini qorumaq imkanına malik ola bilməz.
 Bu gün ölkəmiz öz tarixinin ən ağır mərhələlərindən birini yaşayır. Bu sözlər xoşa gəlməyən ənənəyə çevrilməkdə olsa da, təəssüf ki, həqiqətdir. Azərbaycanın ictimai həyatının bütün sahələri kimi respublikanın iqtisadiyyatı da çox dərin böhran içindədir. On illərlə Azərbaycan iqtisadiyyatına ayrılmaz tellərlə bağlanan bir adam kimi onun indiki vəziyyəti haqqında danışmaq mənə ağır gəlir. Bir neçə il geriyə qayıdaq. Dövlət müstəqilliyini əldə edən anadək Azərbaycan (mən bunu tam məsuliyyətlə deyirəm) möhkəm iqtisadi potensiala malik idi. Həm də zənnimcə, ən mühüm bu idi ki, Azərbaycanın tərəqqiyə, daha yüksək iqtisadi inkişaf səviyyəsinə meyli son illərdə bariz şəkildə nəzərə çarpırdı. 70-ci illərdə yaradılmış potensial başqa respublikalar kimi bizdə də mövcud olan bir sıra kəskin sosial-iqtisadi problemlərə baxmayaraq, 90-cı illərin dağıdıcı proseslərinə qarşı bir növ immunitet rolunu oynamalı idi. Əlbəttə, başa düşürəm ki, belə ağır vəziyyətdə olan respublikadan keçid dövründə hansısa ciddi nailiyyətlər gözləmək sadəlövhlükdür. Lakin biz milli iqtisadiyyatı dağılmağa qoymaya bilərdik. Niyə bu günə düşdük? Bəzən kələyə əl atıb əsl vəziyyəti gizlətmək cəhdlərinə baxmayaraq, Azərbaycanda istehsalın tənəzzül sürəti keçmiş İttifaqın respublikaları arasında ən yüksəkdir. Əhalinin geniş kütlələri getdikcə daha çox dilənçi kökünə düşür ki, bu da həyat səviyyələri arasında kəskin fərq nəzərə alınsa, cəmiyyətdə sosial gərginliyin əlavə mənbəyidir. Azərbaycan xalqı işləməyi sevir və bacarır.
Müstəqil dövlət quruculuğu yolunun başlanğıcında Azərbaycanın rastlaşdığı problemlər keçmiş İttifaqın bütün respublikalarının qarşılaşdığı bir çox problemlərin eynidir. SSRİ-nin dağılması, az sonra təsərrüfat əlaqələrinin pozulması, iqtisadi fəaliyyət şəraitinin dəyişməsi, Dağlıq Qarabağla əlaqədar zorla cəlb olunduğumuz müharibənin və respublika daxilindəki səbatsızlığın daha da ağırlaşdırdığı çətinliklər böhranlı vəziyyətin əlavə katalizatorları olmuşdur. Lakin milli iqtisadiyyatdakı tənəzzülü yalnız obyektiv səbəblərlə izah etməyə çalışmaq qətiyyən düzgün olmazdı.
Çünki bu gün hətta müfəssəl təhlil aparmadan iqtisadiyyatda kobud, bağışlanmaz nöqsanlar buraxıldığı barədə nəticə çıxarmaq olar. Zənnimcə, oxucuları rəqəmlərlə yormağa ehtiyac yoxdur. Arasıkəsilməyən inflyasiya prosesləri, sürətli qiymət artımı, bank strukturları işinin getdikcə pozulması, bir sözlə, bütün maliyyə-kredit sisteminin dağılması hərtərəfli xarakter almışdır.
Azərbaycan iqtisadiyyatı ağır, yorucu müharibə aparan bir ölkənin iqtisadiyyatıdır. Əslində isə sərt hərbi şərait nəzərə alınmaqla xalq təsərrüfatımızı yenidən qurmaq üçün hətta lazımi cəhdlər də edilmir. Ümumiyyətlə, ölkəmizin iqtisadiyyatı bir neçə il düşmənin işğalı altında olan və çox iri təzminat ödəyən dövlətin iqtisadiyyatını xatırladır. Son il yarım ərzində Azərbaycanın təbii resurslarının talan edilməsi ümumi hal almışdır, halbuki iqtisadi təhlükəsizlik siyasətinin prioritetliyi başlıca məsələ olmalıdır.
Ümumiyyətlə, mən belə bir məqama diqqət çəkmək istərdim ki, suverenlik, müstəqillik, dövlət rəmzi, ölkənin qüdrəti haqqında söhbətlər arxasında biz sənaye casusluğu və dövlətin iqtisadi maraqlarının müdafiəsi kimi anlayışlar haqqında tam unutmuşuq. İfratçılıqdan ifratçılığa köklənmək olmaz. Keçmiş İttifaqın iqtisadi həyatda, elm və texnika üzrə bütün məsələlərdə ümumi, bəzən absurd məxfilik şəraitindən bu gün biz hər şeyin - informasiyadan başlamış hazır məhsul almağa qədər hər şeyin mümkün olduğu aralıq həyətə dönmüşük. Bəli, biz bütün maraqlı tərəflərlə əməkdaşlığa hazırıq, lakin hər bir dövlətdə onun həyatının elə sahələri var ki, ora çıxış son dərəcə məhduddur. Sadəcə ixrac-idxal əməliyyatlarını təhlil etmək kifayətdir ki, həm kommersiya, həm də dövlət struktrularının xarici iqtisadi fəaliyyətinə hökumət nəzarətinin olmadığına əmin olaq.
- Belə vəziyyətin səbəblərindən biri istəməmək deyil, bəlkə də sadəcə  müsahibinin dəlillərinə qulaq asmaq bacarığının olmaması və son instansiyada öz nəzər nöqtəsini həqiqət kimi sırımaq istəyidir. Bu hərəkətlər dövlət hakimiyyəti strukturlarının qəbul etdikləri fərmanlar və qərarlar formasında milli iqtisadiyyatın əsas meyillərinin əksinə gedir, bəzən də bir-biri ilə ziddiyyət təşkil edirdi. Maliyyə-kredit və vergi siyasəti, qiymətəmələgəlmə, pul siyasəti məsələləri üzrə düşünülməmiş qərarlar ucbatından respublikanın iqtisadiyyatına xüsusilə ciddi zərbə vurulmuşdur. Belə əsaslandırılmamış, elmdən və günün reallıqlarından uzaq qərarlarla ölkəmizə vurulmuş ziyanı hesablamaq çətin deyil.
Əgər siyasi fəaliyyətdə nöqsanlar ictimayyətin böyük diqqətini cəlb edirsə, müqəssirləri aşkar etmək üçün deputat komissiyası yaradılır, tədqiqatlar aparılırsa, iqtisadiyyatın dağılması üçün məsuliyyət məsələsi nədənsə kənarda qalır. Zənnimcə, burada kütləvi informasiya vasitələrinin böyük təqsiri var.
- Azərbaycanda dərc edilən qəzetlərin fantastik miqdarı haqqında az deyilməyib. Lakin onlardan çox azı iqtisadi problemlərə ciddi düşüncəli yanaşma ilə seçilir. Qalan hallarda isə iqtisadi mövzuda (əgər belə məqalələr ümumiyyətlə olursa) məqalələr sensasiya ardıyca qaçaraq, bir anlıq xarakter daşıyır və bu gün də belə vəziyyət qalmaqdadır. Axı, bu yaxınlara qədər iqtisadi sahədə ən cüzi pozuntular ciddi təhqiqatlara səbəb olur, onlar barədə cildlərlə istintaq materialları yığılır, mətbuatda məqalələr dərc edilirdi. Mən hesab edirəm ki, belə səhvlərə gələcəkdə yol verməmək üçün mənəvi ziyan haqqında danışmayaraq, milli iqtisadiyyatımıza yüz milyardlarla manat zərər vurulmasına gətirib çıxaran siyasətə lazımi qiymət verilməməsi gələcək nəsillər qarşısında cinayət olar.
Azərbaycan xalqının bugünkü, xüsusilə son bir ildə faciəsi düşünülməmiş, reallıqdan uzaq olan, elmi əsası olmadan yeridilən dövlət siyasətinin nəticəsidir. Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra iqtisadiyyatımızın qısa bir müddətdə çiçəklənməsi ilə bağlı çoxlu vədlər verildi. Həqiqətdə isə bir sistemin dağılması və yeni sistemin qurulmasını bəyan edən Xalq Cəbhəsinin reallığa uyğun gələn heç bir proqramı yox idi. Milli iqtisadiyyatımıza böyük zərbə vuran eksperimentlərin tətbiqi adi bir hala çevrildi.
Vaxtilə SSRİ-nin tərkibindəki Azər­baycanda sənayenin mü­tə­rəq­qi sahələrinin inkişafı, üzümçü­lük və şərabçılıq haqqında İttifaq höku­məti qərarlarının respublika üçün əhəmiyyətini niyə də lazımınca qiymətləndirməyək. Mən iqtisadçıyam və tam məsuliyyətlə bildirirəm ki, belə ciddi, dəqiq hazırlanan proqramların bundan sonra da həyata keçirilməsini görmək istərdim. Azərbaycanda regional siyasətin özülü qoyulmuş və həmin siyasət yeridilməyə başlamışdı...
– Siz o vaxt yeridilən regional siyasətdən danışdınız, amma onun mexanizmi 1988-ci ildə Dağlıq Qarabağda nədənsə işə düşə bilmədi.
– 1988-ci ildə erməni millətçilərin başladığı separatçılıq kampaniyasının lap əvvəlində onlar sübut kimi vilayətin Azərbaycanın regionlarından geri qalmasını irəli sürürdülər. Məhz Azərbaycanın müxtəlif hissələrinin xalq təsərrüfatı kompleksinin vəziyyəti haqqında dolğun məlumata malik olmağımız bizə rəqib tərəfin iddialarının əsassız və yalan olduğunu tamamilə ifşa etmək imkanı verdi. Mən və həmkarlarım müxtəlif səviyyələrdə keçirilən açıq müzakirələrdə sübut etdik ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ucqar diyardan xalq təsərrüfatı kompleksimizin müasir sənayeyə, qabaqcıl kənd təsərrüfatına və müasir sosial infrastruktura malik olan yüksək inkişaf səviyyəli regionlardan birinə çevrilmişdir. «Bakinski raboçi» qəzetində (1988-ci il, mart) milliyətcə erməni olan tanınmış iqtisadçıların iştirakı ilə təşkil etdiyim «dəyirmi masa», yəqin ki, yadınızdadır. Sonra bu tədbir İttifaq mətbuatında geniş işıqlandırıldı. Orada biz vilayətin respublikanın digər rayonlarından nəinki geri qalmadığını, hətta bir sıra iqtisadi göstəricilərə görə onlardan qabağa getdiyini sübuta yetirən dəqiq göstəricilər dərc etdirdik. Təəssüf ki, o vaxtkı Sov.İKP MK Siyasi Bürosunun rəhbərləri başa düşmək istəmədilər ki, Qarabağın erməni icmasının ah-vayı və onun ehtiyaclarına respublika rəhbərliyinin etinasızlığından şikayətləri gözdən pərdə asmaq üçündür. Əsl mətləb isə torpağımıza qan və qada gətirən millətlərarası kin-küdurət mexanizmini işə salmaqdır. Bir neçə nəslin səyləri nəticəsində əldə edilmiş inkişaf səviyyəsi buna real sübutdur.
Əvvəllər yaradılan, Azərbaycanın bütün sənayesinin fəxri olan unikal istehsal obyektlərindən çox da səmərəli istifadə olunmur, ən zəruri sahə və istehsalatlar işini dayandırır, maddi istehsala maraq azalır, əmək məhsuldardığının  aşağı düşməsi prosesi gedir. Maliyyə-kredit sistemi dağılmış, əslində nəzarətdən çıxmış, sənaye sərmayəsi ilə maliyyə sərmayəsinin bir-birindən ayrı düşməsi, ara verməyən inflasiya prosesləri, qiymətlərin sürətlə artması, bank strukturlarının, bir sözlə, bütün maliyyə-kredit sisteminin işinin pozulması ağır nəticələrə gətirib çıxarmışdır. Bu gün sistemli təhlil aparmadan da tam məsuliyyətlə deyə bilərəm ki, həmin sahədə buraxılmış çox kobud və bağışlanmaz səhvlər dövlətçiliyimizə, iqtisadiyyatımıza sarsıdıcı zərbə vurmuşdur.
Elmi-texniki sahədəki vəziyyətdən danışmaq belə istəməzdim. Çünki burada baş verən hadisələr qorxunc yuxuya oxşayır. Neçə-neçə perspektivli iş, necə deyərlər, heç həyata göz açmadan puç edilmiş, Azərbaycanın intellektual potensialına ciddi zərbə vurulmuşdur. Respublika elminin qaymağı, onun gələcəyi olan, lakin doğma yurdda bacarıqlarını tətbiq edə bilməyən adamların ölkədən çıxıb getməsi kütləvi hal almışdır.
– Siz Azərbaycanın maliyyə-­kre­dit sistemi ilə bağlı bəzi mə­sə­lələrə toxundunuz. 1961-1992-ci illərin pul nişanlarını dəyişdirmək haqqında Rusiya Mərkəzi Bankı qərarının respublikada yeridilən pul siyasətinə təsiri barədə nə deyə bilərsiniz?
– Hər şeydən əvvəl, qeyd etmək istəyirəm ki, belə tədbir şok terapiyasının ayrılmaz ünsürüdür. Bu da respublikamızın sosial-iqtisadi həyatına öz mənfi təsirini göstərdi. Respublikada pul siyasətinin hazırlanması və tətbiqində iqtisadiyyatımıza, xalqımıza çox baha başa gələn kobud səhvlər buraxılmışdır. Rublların dəyişdirilməsi prosesində əhalidə olan əskinasların məbləği barədə məlumata malik olmaması Milli Bankın pul tədavülünü tənzimləmək qabiliyyətinə malik olmamasını əyani olaraq sübut etdi. Mən hələ bu gün qəbul edilib sabah isə fəaliyyəti dayandırılan fərman və sərəncamların mənfi nəticələrini demirəm.
Ərazisində müharibə gedən, sosial-iqtisadi problemlərin son dərəcə kəskinləşdiyi bir dövlətdə iqtisadi problemlərə, idarəetməyə sistemsiz, ikinci dərəcəli münasibət, təbii ki, müsbət nəticələr verə bilməzdi.
Bu da bir inkaredilməz faktdır ki, cəmiyyətin inkişaf qanunlarını başa düşməyən, iqtisadiyyatdan tamamilə uzaq olan, amma onu idarə etmək hüququna yiyələnən adamların qəfil, düşünülməmiş hərəkətləri nəticəsində Azərbaycanın xalq təsərrüfatı on illərlə geri atıldı.
Elçibəy hakimiyyətinin təkcə bir ili ərzindəki tədbirlərin iqtisadiyyatımıza böyük zərəri barədə onlarca konkret misal gətirə bilərəm. Bu misallar əsasında iqtisadiyyata rəhbərlikdə nə etməmək dərsliyi yaratmaq olar. Hamıya yaxşı bəllidir ki, Ə.Elçibəy aparatının bölmələri sırf Xalq Cəbhəsinin ideologiya və konsepsiyasını əsas tutur və bu «strategiya»ya uyğun gəlməyən nə varsa, hamısını kənara atırdı.
– Ziyad müəllim, Siz öz fikirlərinizi əsaslandıraraq, iqtisadiyyatımızdakı qüsur və səhvlərdən ətraflı danışırsınız. Yeri gəlmişkən, bu sualı verməyə məcburam. Bəs, Siz özünüz necə fəaliyyət göstərirdiniz? Axı, həmin vaxtlarda yüksək vəzifələrdə çalışırdınız...
– Düzdür, uzun müddət MK-nın iqtisadiyyat şöbəsinə başçılıq etmişəm, bir neçə ay parlamentdə işləmişəm, sonra çox qısa müddət ərzində respublikanın Dövlət İqtisad Plan Komitəsinə rəhbərlik etmişəm. Biz işləyirdik. Nöqsanlarımız da olub, bunu inkar etmirəm. Lakin heç olmasa, respublika və ya sahə miqyaslı bir iqtisadi məsələ göstərin ki, onun həlli xalqın mənafeyinə zidd nəticə versin!
– Ziyad müəllim, planlı təsərrüfat və inzibati amirlik sistemi üçün darıxmırsınız?
– Qətiyyən yox. Sadəcə olaraq möhkəm əqidədəyəm ki, iqtisadiyyata bütün Qərb ölkələrinin də lazım bildiyi ağıllı dövlət nəzarəti olmasa, iqtisadiyyatda tərəqqi yaranmaz. Bu, keçid mərhələsində xüsusilə vacibdir. Ötən onilliklərdə qurduqlarımızın hamısı kor-koranə inkar edilməməlidir. Yenə deyirəm, düzdür, səhvlər də, mərkəzin amirliyi də, istər iqtisadi, istərsə də sosial sahələrdə sapmalar da olub. Amma nailiyyətləri unutmağa haqqımız yoxdur.
– Ziyad müəllim, Siz iqtisadiyyatda hərc-mərclik və dağıntılardan çıxmağın elə bir mənzərəsini göstərdiniz ki, orada tam qaranlıqdır, işıq ucu yoxdur.
– Açığını deyim ki, qarşılaşdığımız vəziyyət nikbinlik üçün az-çox əsas vermir. Azərbaycandakı problemlər Qarabağ müharibəsi fonunda elə bir düyünə düşmüşdür ki, onu bir zərbə il kəsib açmaq müşkül işdir. Hamıya məlum həqiqətdir ki, tikmək söküb-dağıtmaqdan çətindir. Azərbaycan bütövlükdə dövlətin və o cümlədən iqtisadiyyatın ağılsız idarə edilməsi ucbatından iqtisadi islahatların başlanğıcında keçmiş İttifaqın bir çox respublikalarından xeyli geri qalmış və dünya iqtisadi birliyinə inteqrasiyada vaxt etibarilə çox geçikmişdir.
– Vəziyyətdən çıxış yolu kimi, konsepsiyalara ehtiyac varmı?
– Ölkənin ən kəskin iqtisadi böhrandan çıxarılması konsepsiyasının və ya proqramının hazırlanması bir adamın işi deyil. Ona görə diqqəti belə bir cəhətə cəlb etmək istərdim ki, son vaxtlar Azərbaycanda «iqtisadi islahatın atası» adlanmaq iddiasında olanların sayı artmışdır və onların böyük əksəriyyəti dərindən düşünülmüş islahat konsepsiyası əvəzinə müxtəlif ölkələrin mahiyyətcə müxtəlif olan iqtisadi islahat proqramlarından «bir az ordan, bir az burdan» prinsipi ilə yığılan qırıq, epizodik müddəalar təklif edir.
Azərbaycanın iqtisadiyyatı ağır, üzücü müharibə aparmağa məcbur olan bir ölkənin iqtisadiyyatıdırmı? Müharibənin sərt tələbləri baxımından xalq təsərrüfatımızı, bütövlükdə fəaliyyətimizi qiymətləndirməyə cəhd edilibmi? Təəssüf ki, yox! Öz ərazisində təcavüzkara qarşı müharibə aparan ölkə üçün bazar münasibətlərinə keçidin, xalq təsərrüfatını bərpa etməyin xüsusi modelinin işlənib hazırlanması zəruridir. Belə hesab edirəm ki, bütün maliyyə-kredit, pul, vergi siyasətinə yenidən baxılmalı, xarici iqtisadi fəaliyyətin üstün istiqamətləri müəyyənləşdirilməli, xalqın mənafeyi nəzərə alınmaqla xarici kapitalın Azərbaycana cəlb edilməsi mexanizmi yaradılmalıdır. Nə qədər çətin olsa da, əhalinin sosial müdafiəsinin səmərəli sistemi bu işlərin hamısının mərkəzində durmalıdır.
Bu vəzifənin öhdəsindən yalnız elliklə gəlmək olar və bu prosesi dövlət idarə etməlidir. Hesab edirəm ki, bu nəhəng işi praktikada həyata keçirmək üçün  bizə lazım olan ən mühüm şərtlərdən biri bu ağır illərdə öz qüvvəmizə çatışmayan əminlik qazanmaqdır.
Azərbaycan xalqı özünün çoxəsrlik tarixində qlobal xarakterli çətinliklərlə dəfələrlə qarşılaşmışdır. Bu gün Azərbaycan Respublikası adlanan ölkədə yaşamağımız göstərir ki, əvvəlki nəsillər sınaqlardan şərəflə çıxa bilmişlər. Ümid edirəm ki, bugünkü nəsil də necə olursa-olsun, Azərbaycan tarixinin bizim sizinlə yaşadığımız bu böhranlı mərhələsindən üzü ağ çıxacaqdır.


«Azərbaycan» qəzeti,
28 sentyabr 1993-cü il