Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Şəki ipəyinin şöhrəti qayıdır

 

Azərbaycanda ipəkçilik böyük inkişaf yolu keçmişdir. Yüksək keyfiyyəti ilə seçilən Azərbaycan təbii ipəyi XII əsrdən başlayaraq Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunurdu ki,  bu da  Azərbaycanın dünya ölkələri ilə əlaqələrinin yaradılmasına təkən verirdi.
Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin  şərəfli tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəkaçma fabrikləri məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi.  Buna görə II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginazlara əzilməməsi, qırışmaması üçün məhz Şəki ipəyi qatılırdı. 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi medala layiq görülmüşdü. Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. Bu səbəbdən XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar.
Keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb, 37 rayonda 1,7 milyon tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, müəssisəmizin tam gücü ilə işləməsini təmin edəcəkdir.
Son illər Şəkidə ipəkçilik sənayəsinin inkişafı üçün gözəl şərait yaradılmışdır. Bunun bariz nümunəsi “Şəki-İpək”ASC-nin fəaliyyətidir. Müsahibimiz “Şəki-İpək”ASC-nin İdarə Heyətinin sədri Nizami Qəribovdur. 
- Nizami müəllim, “Şəki-İpək” ASC-nin  tarixi və hazırkı dövrdə fəaliyyəti barədə nə deyə bilərsiniz?
Hazırda Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi də Prezident İlham Əliyev tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Baramaçılığın, ipəkçiliyin inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. İpəkçiliyin inkişafı, təbii ki, ilk növbədə zəruri xammal bazasından asılıdır. Əvvəlki illərdə respublikamızda barama istehsalının kəskin şəkildə azalması səhmdar cəmiyyətin normal fəaliyyətinə də ciddi təsir göstərib. Müəssisənin xammala olan tələbatını ödəmək üçün əvvəllər Özbəkistan və İrandan quru barama satın alınaraq ölkəmizə gətirilirdi. Sonralar xaricdən xammal gətirmək, ümumiyyətlə, mümkün olmadı.
Məhz Prezident İlham Əliyevin birbaşa diqqət və qayğısı sayəsində bu problem artıq öz həllini tapıb. Dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlardan sonra son iki-üç ildə respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nəticə göz qabağındadır. Ötən il Azərbaycanda 2007-ci ildən bəri ilk dəfə olaraq 71 ton yaş barama istehsal olunub. 2017-ci ildə isə respublikanın 30 rayonu üzrə 244,8 ton yaş barama istehsal olunaraq, “Şəki-İpək” ASC-yə təhvil verilib.
İpəkçilik sahəsində əldə etdiyi yüksək əmək nailiyyətlərinə  görə Azərbaycanda Şəki rayonu ipəkçiliyin mərkəzinə çevrilmiş və hazırda “Şəki-İpək” ASC-nin balansında  iri istehsal sahələri tikilərək istifadəyə verilmişdir.   “Şəki-ipək” ASC-nin əsası 1929-cu ildə qoyulmuş və 70 ildən çox müddət ərzində istehsal sahələri genişləndirilmiş, mərhələ-mərhələ elm və texnikanın son yenilikləri olan avadanlıqlar, maşınlar, dəzgahlar və sairə quraşdırılmışdır. Vaxtilə bu müəssisədə 7500 nəfərə yaxın fəhlə və qulluqçu çalışmış  və ildə 250 ton xam ipək istehsal olunmuşdur.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərindən başlayaraq, hökümət orqanları ipəkçiliyin inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçiriblər. İpək sənayesinin inkişaf etdirilməsi üçün Şəkidə İpək kombinatı, Ordubad və Xankəndində baramaaçma fabrikləri yaradılmışdır. 1969-cu ildə ümummilli lider Heydər Əliyev cənabları Azərbaycan rəhbərliyinə gəldikdən sonra respublikamızda ipəkçilik daha sürətlə inkişaf etməyə başladı. Bu müdrik insanın qayğısı və məqsədyönlü iqtisadi siyasəti nəticəsində barama istehsalı çox böyük sürətlə artmağa başladı. Müqayisə üçün deyək ki, barama istehsalı 1960-cı ildən 1970-ci ilədək 551 ton artdığı halda, 1970-ci ildən 1980-ci ilədək 1317 ton və ya əvvəlki on ilə nisbətən 2,4 dəfə çox artmışdır.
Lakin respublikamız müstəqillik əldə etdikdən sonra, 1991-ci illərin əvvəllərində ölkəmizdə yaranmış iqtisadi və siyasi hərc-mərclik nəticəsində bir çox sahələr kimi ipəkçilik də qısa bir vaxtda tənəzzülə uğradı. Respublikamızda olan 2 damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayon barama qurutmaxanaları, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqələri, Şəki İpək şirkəti, Ordubad baramaaçan fabriki öz istehsal fəaliyyətini dayandırmalı oldular, 100 minlərlə insan işsiz qaldı.
Ümummilli liderimiz Heydər Əliyevin tapşırıq və sərəncamı ilə 2001-ci ildə “Şəki-İpək” Kombinatının istehsal fəaliyyətinin bərpasına köməklik məqsədilə dövlət büdcəsindən 2 milyard manat və ya 400 000 AZN vəsait ayrılaraq müəssisə işə salındı. Lakin xammal çatışmazlığı səbəbindən burada 2001-2002-ci illərdə cəmi 184 ton yaş barama tədarük olunaraq,18 ton  xam ipək istehsal olundu.
“Şəki-İpək” Kombinatının rəhbərliyi müəssisənin istehsal fəaliyyətinin dayandırılmaması, işsizliyin aradan qaldırılması məqsədilə respublikamızda lazımi miqdar­da barama olmadığına görə 2003-2009-cu illərdə xaricdən 1000 ton quru barama almağa məcbur ol­muşdur. Bu isə iqtisadi cəhətdən sərfəli deyildi. Xammal çatışmaz­lığı səbəbindən 2011-ci ildən müəs­sisənin baramaaçan istehsalatı fəaliyyətini tam dayandırmış,bu­rucu, toxucu istehsal sahələri, xalça sexi isə xaricdən alınan xam ipəklə işləmişlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ilin I rübünün yekunları ilə əlaqədar iclasında Prezident İlham Əliyevin tapşırığına əsasən, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikası və  İran İslam Respublikasından yüksək keyfiyyətli 49,5 kq tut ipəkqurdu toxumu gətirilərək, respublikamızın ipəkçiliklə məşğul olan 24 rayonunda kümdarlara paylanmışdır. Qısa müddət ərzində ipəkçiliyin inkişafı yenidən bərpa edilmiş və respublikamızda 70,7 ton yüksək keyfiyyətli yaş barama istehsal olunmuşdur. Halbuki, bu rəqəm 2015-ci ildə cəmi 725 kq idi.
2017-ci ildə isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çin Xalq Respublikasından 6200 qutu yüksək keyfiyyətli tut ipəkqurdu toxumu gətirilmiş, respublikamızın 30 rayonunda kümçülərə paylanmış, 244,4 ton yaş barama istehsal edilmişdir. Bu isə 4 min nəfər kəndli-fermer ailəsinin (və yaxud 18-20 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə, 600 nəfərin isə daimi işlə təmin olunmasına səbəb olmuşdur.  İstehsal olunan yaş barama “Şəki-İpək” Kombinatının mütəxəssisləri tərəfindən yerlərdə qəbul edilərək, qısa müddətdə müəssisəyə gətirilmiş, baramanın ilkin emalı prosesi həyata keçirilmiş, qurudularaq  anbarlara yığılmışdır.
Müəssisənin buxara olan tələbatının tam ödənilməsi üçün xaricdən 1 ədəd 10 tonluq yeni buxar qazanı gətirilmiş və qazanxana təsərrüfatı yenidən qurulmuşdur. Müəssisənin baramaaçan, burucu, toxucu, kəlağayı, boyaq-bəzək istehsalatlarının fəaliyyəti yenidən bərpa olunmuş, 600 nəfər daimi işlə təmin edilmişdir.
Respublikamızda 6000 ton yaş barama istehsal olunması 50-60 min kəndli-fermer ailəsinin (və yaxud təxminən 200-250 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə təmin olunmasına, bu işlə təkcə yetkin yaşlı, fiziki sağlam şəxslərin deyil, həm də yeniyetmələrin, təqaüdçü qocaların və əlillərin də məşğul ola bilməsinə, ipəkçiliyin yeni işə salınacaq damazlıq müəssisələrində, baramanın tədarükü və ilkin emalı məntəqələrində, barama qurutmaxanalarında, “Şəki-İpək” Kombinatında1500-1800 daimi iş yerlərinin açılmasına, yeni salınacaq tut plantasiyalarının respublikamızın ekologiyasına müsbət təsir göstərməsinə, barama istehsalının artırılmasının bir çox rayonların və bütövlükdə respublikamızın sosial-iqtisadi inkişafına, respublikada ümumdaxili məhsulun  həcminin və beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialının artmasına səbəb olacaqdır. Müəssisədə istehsal olunacaq məhsulların 85-90%-i ixrac olunacaq. Xüsusilə qeyd edim ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “2018-2025-ci illərdə Azərbaycan Respublikasında baramaçılıq və ipəkçiliyin inkişafı üzrə Dövlət proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır.
-Nizami müəllim, şirkətinizin istehsal etdiyi kəlağayıların istehsalının texnoloji prosesi barədə  nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Həmçinin, bu ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, Şəki şəhərində daha geniş yayılmışdır. Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz, Şəkinin təbii ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir. Demək olar ki, əsrlərcə tarixi olan kəlağayının ərsəyə gəlməsi mürəkkəb proses olduğundan burada bir neçə peşə növünün nümayəndəsi - toxucu (kəlağayı toxuyan), boyaqçı, qəlibçi, kəlağayıçı (ornamentalist sənətkar) iştirak edir. Çəkisi 90 qram olan, bir üzükdən keçə bilən bu unikal örtüyün boyanıb, naxışlanması iki gün çəkir. Əsasən, heyratı, ağ, qara, soğanı və yaşıl rənglərdə 150x150 sm ölçüyə malik olan kəlağayının boyanmasında sumaq, zirinc, sarağan, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərdən istifadə edilir. Kəlağayının üzərində həkk olunmuş naxışlar öz qüdrəti, dərin mənası hesabına yüz illərdir ki, dəyişilməz olaraq qalır. Naxışlar içərisində daha çox butalar üstünlük təşkil edir ki, bu da Azərbaycan ornament sənətində ən çox yayılmış bəzək elementlərindən biridir. Bildirək ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edir. Ona görə  bir çox ölkələrdə  təbii ipəyə böyük tələbat vardır. İstehlak xassələrinə görə təbii ipək digər toxuculuq liflərindən yüksəkdir. Möhkəmlik, yüksək elastiklik, parçaların gözəlliyi, indiyə qədər əvəzolunmazlığı onu bəzi texniki istehsalatlarda unikal edir.
- Müəssisədə istehsal olunan məhsullar hansı ölkələrə ixrac olunur?
- Hazırda İran və Türkmənistanla iqtisadi əlaqələrimiz var. Bu ölkələrə ipəkdən toxunmuş, ağardılan, yuyulan və emala hazır olan ipək parça ixrac edirik. Artıq Türkiyə şirkətləri də məhsullarımızla maraqlanır. Bundan əlavə, il ərzində müəssisədə 10 minə yaxın ipək kəlağayı da istehsal olunur. Bu məhsul, əsasən, ölkə daxilində satılır və böyük hissəsi hədiyyə olaraq digər dövlətlərə aparılır.
-Son zamanlar istər Azərbaycanda, istərsə də xarici ölkələrdə kəlağayıya olan böyük tələbat bu qədim sənət növünü  yaşadır. Kəlağayının gələcəyini necə görürsünüz?
- Kəlağayı bu gün də Azərbaycanda geyim elementi kimi istifadə olunur. Qadınlar kəlağayını müxtəlif yaş dönəmlərində rənginə və formasına görə örtürlər. Kəlağayı elə baş örtüklərindəndir ki, ona hər zaman ehtiyac duyulur. Dəbin sürətlə dəyişməsinə baxmayaraq, örtüyün ölçüsü, naxışlarının forması hələ də olduğu kimi qalmaqdadır. Onu hətta dünyada ən uzunömürlü baş geyimlərindən biri kimi qəbul etmək olar. Məhz buna görə də Azərbaycanın kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib (2014-cü il). İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə kəlağayıya olan böyük tələbat bu qədim sənət növünü indiyədək yaşadır. Bu gün də Şəki şəhərində bu iş davam etdirilir və yüksək keyfiyyətli kəlağayı istehsal olunur.
Kəlağayı Azərbaycan İncəsənət Muzeyində xalqımızın məişətində və həyatında oynadığı böyük rol kimi təqdim olunur. Əminliklə deyə bilərik ki, kəlağayı daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi yaşayacaq. Çünki kəlağayı ənənəsini yalnız bu sənətlə məşğul olanlar deyil, bütünlükdə xalq yaşadır.
- Maraqlı müsahibəyə görə sağ olun.

 

Cabbarova Nailə