Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İqtisadiyyatın maliyyə təminatının diversifikasiyası azad

sahibkarlığın inkişafı üçün geniş imkanlar açır

 

Azərbaycan müstəqillik qazandıqdan sonra onun siyasi müstəqilliyi ilə yanaşı, iqtisadi müstəqilliyini təmin etmək son dərəcə vacib məsələ kimi qarşıda dururdu. Ulu öndər Heydər Əliyev hesab edirdi ki, iqtisadi cəhətdən güclü təməl sütunları yaratmadan ölkənin uzunmüddətli azad, baxımsız yaşaması mümkün deyildir. Bunun üçün mükəmməl idarəetmə modeli hazırlamaq lazım gəlirdi. Tədricən bazar iqtisadiyyatı prinsiplərinə keçmək, azad sahibkarlığın və liberal iqtisadiyyatın təşəkkül tapıb formalaşmasını təmin etmək strateji hədəf seçildi. Respublikada aqrar islahatlar keçirildi, kənd yerlərində yaşayan insanların torpaq üzərində mülkiyyət hüququ tanındı, iqtisadiyyatın ayrı-ayrı sahələrində özəlləşmə proqramlarının həyata keçirilməsinə başlandı, nəhayət azad sahibkarlığın ilk rüşeymləri intişar tapıb formalaşdı. Artıq 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatının əsas sahələrinin bazar prinsiplərinə keçdiyini bəyan etdi. O vaxtdan 14 il keçir. Qərinələrə bərabər yol qət edilib. Azərbaycanın sosial-iqtisadi həyatında, ölkənin başdan-başa yeniləşməsində və müasirləşməsində son dərəcə müstəsna əhəmiyyət daşıyan bu illərə qısa ekskurs etməyi lazım bildik.
Həmin dövrü səciyyələndirən əsas cəhətlər bunlardır: sıçrayışlı iqtisadi yüksəliş, bütün sahələrdə sürətli inkişaf tempi, regionların sosial-iqtisadi tərəqqisi, əhalinin rifah halının və sosial vəziyyətinin yaxşılaşması, Azərbaycanın beynəlxalq nüfuzunun artması...
«2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması, davamlı inkişaf Dövlət Proqramı» qəbul edildi. Həmin proqramların uğurlu icrası nəticəsində yoxsulluq 50 faizdən 5 faizədək, yəni 10 dəfə azaldıldı, maaşlar 5 dəfədən çox, pensiyalar 8 dəfə artdı.
Ölkədə həyata keçirilən uğurlu sosial siyasət nəticəsində 2004-2018-ci illər ərzində 1,9 milyon yeni iş yeri açılmışdır ki, bunun da çox hissəsi regionların payına düşür. Bunun hesabına kənddən şəhərə axın, demək olar ki, minimuma enmiş, bölgələrin həm infrastruktur görkəmi, həm də iqtisadi strukturu köklü şəkildə dəyişmiş, rayon və kəndlərdə yeni sahibkarlıq zümrəsi yaranıb formalaşmışdır. Son 14 il ərzində regionların sosial inkişafına dair üç mərhələ Dövlət Proqramları qəbul edilərək icra olunmuşdur.
Həmin proqramlar özündə kompleks layihələri ehtiva edir ki, bunların hamısı insanın həyat və fəaliyyətinə yönəldilib, burada diqqətdən kənarda qalan sahə yoxdur. Bu illər ərzində həyata keçirilən uğurlu siyasətin və səmərəli fəaliyyətin nəticəsidir ki, 14 il ərzində milli iqtisadiyyat 3 dəfədən çox genişlənmiş, strateji valyuta ehtiyatları 23 dəfə artaraq 42 milyardı ötüb keçmişdir. Bu illər ərzində nəhəng sənaye kompleksi yaradılmış, aqrar sahə yeni inkişaf strategiyası əsasında sürətli inkişaf yoluna çıxarılmışdır. Artıq ölkədə keyfiyyətcə yeni sahibkarlıq zümrəsi, yeni tipli modern müəssisələr və onların istehsal etdikləri milli brendlər yaradılmış və ixrac olunmağa başlamışdır. 2004-2018-ci illər ərzində respublika iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuş, sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə 2 milyard manatdan artıq kredit verilmişdir. Son dövrlərdə respublikamızda həyata keçirilən islahatlar iqtisadiyyatın büdcə sektorunun yenidən qurulmasına, büdcə sisteminin bütün səviyyələrində maliyyə resurslarının optimal hədd üzrə formalaşdırılması və xərclənməsi metodlarının dəyişdirilməsinə imkan yaratmışdır.
Regional inkişaf proqramlarının gerçəkləşdirilməsi nəticə etibarilə ölkədə qeyri-neft sektorunun inkişafının davamlı şəkildə sürətlənməsinə və iqtisadiyyatın diversifikasiya proseslərinin dərinləşməsinə güclü təkan vermişdir ki, bu da əhalinin həyat səviyyəsində öz real təcəssümünü tapmışdır.
Sahibkarlıq mühitini və biznes fəaliyyətini yaxşılaşdırmaq üçün atılan addımlar, investisiyaların təşviq edilməsi ixracyönlü məhsul istehsalının artmasına gətirib çıxarmışdır. Müasir standartlarda infrastruktur obyektlərinin yaradılması, yolların, körpülərin, su qovşaqlarının, meliorasiya və irriqasiya tədbirlərinin görülməsi, içməli su, elektrik enerjisi, təbii qaz, kanalizasiya sisteminin yenidən qurulması layihələrinin reallaşdırılması qeyri-neft sektorunun inkişafına təkan vermişdir.
Bununla yanaşı, səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərinin formalaşdırılması, vergi islahatlarının tətbiq edilməsi, daxili bazarın qorunmasına xidmət edən çevik gömrük siyasətinin həyata keçirilməsi, gömrük tarifləri sisteminin daha azpilləli sistemə keçirilməsinin təmin edilməsi tədbirlərinin 2018-ci ildə də davam etdirilməsi vacib bir vəzifə kimi qarşıya qoyulmuşdur.
2018-ci ildə neftin qiymətinin artım dinamikasının davam edəcəyi, 65-70 dollar civarında qərarlaşacağı gözlənilir ki, bu da istər-istəməz neft gəlirlərini artıracaq və büdcə gəlirlərinə müsbət təsir göstərəcəkdir.
Son illər ərzində neftdən asılılığın aradan qaldırılması üçün şaxələndirilmiş iqtisadiyyata keçid prosesləri gedir. Özəl bölməyə hərtərəfli dövlət qayğısı iqtisadiyyatın liberallaşması prosesinin dərinləşməsinə müsbət təsir göstərir.
Rəqabətqabiliyyətli istehsal və emal müəssisələrinin fəaliyyətinə əlverişli şəraitin yaradılması yolu ilə yerli istehsalın stimullaşdırılması sonucda istehsalın və emalın çəkisini qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Nəticədə, qeyri-neft sektorunun artım dinamikası neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələmişdir.
2017-ci ilin nəticələrinə görə, respublikanın xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının çəkisi 24 faiz artmış və ölkənin tədiyyə balansına müsbət təsir göstərmişdir.
2018-ci ildə neft hasilatının azalmasına baxmayaraq, ümumi iqtisadi artım proqnozlaşdırılır. Azərbaycan dünyanın az borc alan 10 ölkəsindən biridir. Ölkəmizdə aparılan islahatlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. «Doing Business 2018» hesabatına görə, Azərbaycan keçən illə müqayisədə 8 pillə irəliləyərək, Avropa və Mərkəzi Asiya regionunda islahat aparan 3 ölkədən biri olub.
Dövlət büdcəsinin xərcləri 2018-ci ildə ÜDM-in 30,1 faizi səviyyəsində proqnozlaşdırılıb, büdcənin sosial yönümü öz prioritetini qoruyub saxlayıb. Bundan başqa, dünyada davam edən iqtisadi və maliyyə böhranlarına rəğmən, valyuta bazarının səmərəli idarə olunması ona gətirib çıxarmışdır ki, əgər iqtisadi şoklar yaşanmazsa, 2018-ci ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması təmin olunacaqdır.
Respublikamızda həyata keçirilən iqtisadi islahatlar insan və şəxsiyyət amilinə, onun hərtərəfli inkişafına yönəlmişdir. Bazar iqtisadiyyatı və yeni iqtisadi münasibətlərin formalaşması sosial müdafiə və əmək hüququ sistemində keyfiyyətcə yeni hədəflər ortaya qoymuşdur. İqtisadiyyatın liberallaşdırılması kortəbii, nizamsız şəkildə deyil, elmi əsaslarla aparıldığından, özəl bölmə dövlətin timsalında özünə dayaq və himayə tapdığına görə, yeni iqtisadi münasibətlər, hər şeydən öncə, insan kapitalına yönəldilir, sosial strategiyanın bütün həlqələrində özünün real təcəssümünü tapır. Neçə illərdir ki, neftdən əldə olunan dividendlər yuxarıda göstərilən problemin həllinə yönəldilir.
2018-ci ilin dövlət büdcəsində ÜDM-də qeyri-neft sektorunun büdcə gəlirləri üzrə çəkisini yüksəltmək, xərclərin investisiya və sosialyönümlüyünə üstünlük vermək, məqsədli proqramlar əsasında hədəflərə doğru inamla irəliləmək vəzifələri qoyulmuşdur. Bütün bu vəzifələrin yerinə yetirilməsi real sektorda iqtisadi fəal əhalinin məşğulluğunun təmin edilməsi üçün geniş imkanlar açacaq.
2018-ci ilin dövlət büdcəsində sosialyönümlü məcmu xərclər 7 milyard 4,9 milyon manat müəyyən edilmişdir ki, bu da keçən illə müqayisədə 2,2 milyard çoxdur.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, bu xərclərin əhəmiyyətli bir hissəsini təşkil edən təhsil xərcləri 11,8 faiz artaraq 2,2 milyard manata çatdırılmışdır. Sosialyönümlü vəsaitlər məşğulluğun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına, sosial müdafiə tədbirlərinin genişləndirilməsinə, əlillərin, aztəminatlı ailələrin, pensiyaçıların təminatının yüksəldilməsinə xərclənəcəkdir.
İnkişafın davamlı və dayanıqlı meyillər üzrə yüksəlişini təmin etmək üçün iqtisadiyyatın, büdcənin, valyuta məzənnəsinin neftdən asılılığının aradan qaldırılması böyük əhəmiyyət kəsb edir. Bunun üçün əsas makroiqtisadi göstəricilərin, ilk növbədə dövlət büdcəsinin neft gəlirlərindən asılılığını aradan qaldırmaq zəruridir. Bu yolla neft gəlirlərinin nəsillər arasında ədalətli bölgüsünü təmin etmək olar. Məhz buna görə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmi dayanıqlı iqtisadi inkişaf konsepsiyasına uzlaşdırılmalıdır. Pul siyasəti nəticəsində yaranacaq qiymət sabitliyi milli valyutaya etimadı artıracaq, inzibati fiksal siyasətin formalaşdırılmasına xidmət edəcək və iqtisadi artıma müsbət təsir göstərəcəkdir. 2020-ci ildə Dövlət Neft Fondundan büdcə xərclərinə köçürmələrin nisbətinin 15 faizə endirilməsi proqnozlaşdırılır.
Mərkəzi Bankın məlumatına görə, 2018-ci ildə heç bir xarici təsir baş verməzsə, daxili valyuta bazarında sabitlik qorunacaq, tədiyyə balansının cari  hesabı neft qiymətlərinin proqnozlaşdırılan qiyməti çərçivəsində valyuta bazarında tələb-təklif arasında olan tarazlığı təmin etməyə imkan verəcəkdir.
Respublikada daxili və xarici dövlət borclarının yuxarı həddi 2018-ci ilin büdcəsində azalma meyilləri ilə müşayiət olunacaq. Bu isə növbəti dövlət borclarının və öhdəliklərin artım tempinin azalması üçün müsbət şərait yaradacaqdır.
Yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olar ki, iqtisadiyyatın, o cümlədən onun maliyyə təminatının diversifikasiyası liberal iqtisadi mühitin tam şəkildə bərqərar edilməsinə və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə gətirib çıxaracaq. Azərbaycanın geostrateji üstünlüklərindən hərtərəfli şəkildə istifadə edərək, ciddi iqtisadi dividendlər qazanmaq imkanı olacaq. Zaman bizim xeyrimizə işləyir. Yeni reallıqlar fonunda Azərbaycanı işıqlı sabahlar gözləyir.

 

Zülfü İLYASOV,
«İqtisadiyyat» qəzetinin
bölgə müxbiri