Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qarşılıqlı borclar problemi iqtisadi tarazlığın pozulmasına necə təsir edir?

 

(Məqalə prof. Yadulla Həsənlinin bu sahədə elmi tədqiqatlarına, o cümlədən  "Static Model of Equilibrium Prices on Mutual Debts of Subjects of Global Economy" (Qlobal iqtisadiyyatın subyektlərinin qarşılıqlı borclarının tarazlı qiymətlərinin statik modeli) adlı məqaləsinə həsr olunub).

Subyektlər arasında qarşılıqlı borclar (debitor - kreditor borcları və ya ödəməmələr) problemi sosialist təsərrüfat sistemi dağıldıqdan sonra keçmiş postsovet ölkələrinin, demək olar ki hamısı üçün xarakterik olmuşdur. Hətta Rusiya Federasiyasında ödəməmələri iqtisadiyyatın bir nömrəli problemi hesab edənlər də olmuşdur. Hazırda ödəməmələr istər ölkədaxili, istərsə də dövlətlərarası bir problemə çevrilmişdir. Belə ki, Sovetlər Birliyi dağıldıqdan sonra keçmiş postsovet ölkələrində təsərüfat iqtisadi əlaqələrin, o cümlədən nəqliyyat komunikasiya xətlərinin qırılması, münaqişələr və s. əmtəə və xidmətlərin ənənəvi bazarlarının itirilməsinə gətirib çıxardı. Texnoloji avadanlıqların köhnəlməsi, yeni bazara çıxışın çətinliyi və rəqabətqabiliyyətli məhsulların istehsal edilməməsi  ölkədaxili və ölkələrarası borclanmanın (ödəməmələrin) sürətlə artmasına səbəb olmuşdur. Həmin dövrdə Azərbaycan Respublikasında ölkədaxili ödəməmələrin (müəssisə və təşkilatların qarşılıqlı debitor və kreditor borcları) həcmi (sistemdaxili borclar nəzərə alınmaqla) ümumi daxili məhsulun (ÜDM) həcmindən böyük olmuşdur. Belə ki, ödəməmələrin (debitor borcalanın) ÜDM-ə nisbəti 1994-cü ildə 68,2%-dən 1998-ci ildə 205,7%-ə yüksəlmiş, sonrakı illərdə tədricən azalaraq 2003-cü ildə 132% təşkil etmişdir. Son illərdə ölkədaxili qarşılıqlı borclar müntəzəm azalmışdır. Lakin dünya iqtisadiyyatı subyektlərinin, o cümlədən ölkələrarası borclar son illər müntəzəm artmaqda davam edir. 2008-ci ildən başlanan qlobal maliyyə böhranı ölkələr arasında qarşılıqlı borclar probleminin aktuallığını bir daha göstərdi. Hazırda dünya ümumi daxili məhsulu təxminən 60 trilyon ABŞ dolları olduğu halda, ölkələrin qarşılıqlı borclarının həcmi 90 trilyon dollar həcmində qiymətləndirilir.
Dünya iqtisadiyyatının bütövləşdiyi, arxitekturasının dəyişdiyi və yeni tələblərə cavab verən çağırışlar fonunda ölkələrin qarşılıqlı ödəməmələri, yəni problemli xarici borcları aktual bir məsələyə çevrilmişdir. Beynəlxalq Maliyyə İnstitutunun 2017-ci ilin üçüncü kvartalına olan məlumatlarına görə, dünya ölkələrinin qarşılıqlı xarici borclarının həcmi 233 trilyon ABŞ dolları dünya ümumi daxili məhsulu isə təqribən 77.99 trilyon ABŞ dolları olmuşdur. Göründüyü kimi, dünya ölkələrinin xarici borcları dünya ümumi daxili məhsulunun 298,8 faizini təşkil edir. Qeyd edək ki, 2012-ci ildə dünya ölkələrinin dövlət borcları 56,3 trilyon ABŞ dolları olmuşdur ki, bu da dünya ÜDM-inin 64 faizini təşkil etmişdir. Beynəlxalq Valyuta Fondu növbəti illərdə dünya üzrə xarici borcların həcmi və bu borcların dünya ümumi daxili məhsuluna nisbətinin müntəzəm olaraq artacağını proqnozlaşdırmışdır. Göründüyü kimi, dünya üzrə xarici borcların artım sürəti dramatik şəkildə ÜDM-in artım sürətini ötmüşdür. Onu da qeyd etmək lazımdır ki, dünya üzrə xarici borcların heç də hamısı problemli deyildir. Lakin müəllif düzgün olaraq belə nəticəyə gəlir: “Xarici borcların artım sürətinin ÜDM-in artım sürətini ötməsi əvvəl-axır problemli borcların yaranması və artmasını şərtləndirir.”
Y.H.Həsənli “Qarşılıqlı borc probleminin iqtisadi-riyazi həhlili və həlli yolları (“Kredit təkanı” və “İmtina təkanı” üsulları)” adlı monoqrafiyasında və problemlə bilavasitə əlaqəli elmi məqalələrində subyektlərarası qarşılıqlı borcların tədqiqi və borcların ödənilməsinin effektiv trayektoriyalarının müəyyən edilməsi məqsədi ilə ödəməmələr problemi üzrə görülmiş işləri təkmilləşdirərək ümumiləşdirmişdir. “Kredit təkanı” və “İmtina təkanı” üsullarının alqoritmləri sadə tətbiqi və istifadəsi üçün Delphi dilində proqramlaşdırılaraq avtomatlaşdırılmışdır.
Prof. Y.Həsənli qarşılıqlı borclar problemini (debitor-kreditor borclar) təhlil edilərək, cəmi borclar ödəniləbilən və ödəniləbilinməyən borclara ayırmışdır. Keyns nəzəriyyəsinin anlayışlarına uyğun olaraq, ödəniləbilən borc funksiyası, borc ləğvinə meyillilik və borc ləğvinin multiplikatoru anlayışları daxil edilərək, qiymətləndirmələr aparmışdır. Göstərilmişdir ki, ödəniləbilinməyən borclar həcmində kredit vəsaiti və ya həmin həcmdə borclardan imtina qarşılıqlı borcları tamamilə yox edir. Qeyd edək ki, ödəniləbilinməyən borclar cəmi borcların həcmindən xeyli kiçik olur. Başqa sözlə, hər vahid vəsaitlə bir neçə vahid borcu ləğv etmək mümkün olur (borc ləğvinin multiplikatoru). İşlənmiş ”Kredit təkanı” üsulunun I alqoritminin ilkin mərhələsində qarşılıqlı borcların tamamilə ləğv edilməsi üçün tələb olunan minimum vəsaitin həcmi müəyyənləşdirilir və həmin vəsait borc subyektləri (məsələn, firmalar, təşkilatlar və ya ölkələr ola bilər) arasında bölünür. Sonrakı mərhələnin addımlarında borc subyektlərinə paylanmış vəsaitlər effektiv şəkildə borcların (kreditor borcların) ödənilməsinə yönəldilərək, borcların tamamilə ləğvinə nail olunur. “İmtina təkanı” üsulu ”Kredit təkanı” üsulunun qoşmasıdır. Qarşılıqlı borc matrisi transponirə olunduqdan sonra tətbiq olunan I alqoritm borclardan  (debitor borclardan) imtina olunmasının effektiv trayektoriyasını əks etdirməklə qaşşılıqlı borcların tamamilə ləğvinə nail olunur. Qeyd edək ki, ”Kredit təkanı” üsulunda qarşılıqlı borcların tamamilə ləğvi üçün tələb olunan vəsaitin həcmi “İmtina təkanı” üsulundakı qarşılıqlı borcların tamamilə ləğvi üçün zəruri olan borclardan imtinanın həcminə bərabər olur.  Qeyd edək ki, ilkin kreditin və ya ilkin imtinanın miqdarı zəruri həcmdə olmadıqda, borclar tamamilə ləğv olunmasa da, xeyli azaltmaq mümkündür. Bu, ikinci alqoritm vasitəsilə həyata keçirilir. İşlənmiş  II alqoritm vasitəsilə qarşılıqlı borclar qismən ləğv edilir, daha doğrusu, ixtiyari M (M>0) miqdarda vəsaitin qarşılıqlı borcların maksimum hansı miqdarda ləğv olunmasının səmərəli trayektoriyası tapılır. II alqoritmin nəticəsində həmçinin M-miqdarda ilkin ”kredit”in sonda hansı subyektə qayıdacağı  da tapılır. İşlənmiş III alqoritm əvvəlcə müəssisələr arasında qarşılıqlı zaçot (məqbul) aparır və borcların hansı miqdarda azalacağı göstərilir. Daha sonra isə I alqoritmlə (tamamilə ləğv etmə) və ya II alqoritmlə (qismən ləğv etmə) tətbiq edilir. Ümumiyyətlə, II və III alqoritmləri I alqoritmin modifikasiyaları hesab edilə bilər.
“Qlobal İqtisadiyyatın subyektlərinin qarşılıqlı borclarının tarazlı qiymətlərinin statik modeli”adlı məqalənin müəllifi prof. Yadulla Həsənli qarşıya qoyulan məqsəd və vəzifələri dərindən araşdırmaq məqsədilə dünya iqtisadiyyatının inkişaf dinamikasına sistemli və məntiqi ardıcıllıqla nəzər salaraq belə qənaətə gəlir ki, son dövrlərdə yaranan iqtisadi böhranlar əsasən maliyyə sektorundan qaynaqlanmışdır. Xüsusilə, müəllif qeyd edir ki, 2008-ci ildə qlobal maliyyə böhranı - ABŞ-da ipoteka borclarının banklara qaytarıla bilinməməsi, real sektorun banklar tərəfindən maliyyələşməsindəki problemlər, neftin dünya bazar qiymətinin kəskin düşməsi, bir sıra Avropa İttifaqı ölkələrinin (Yunanıstan, İspaniya, Portuqaliya və s.) beynəlxalq maliyyə qurumlarından və digər ölkələrdən aldıqları kreditləri (xarici borclarının) qaytara bilməmələri buna bariz nümunədir.
Müəllifin öz araşdırmasında qarşısına qoyduğu əsas hədəflərdən biri də odur ki, “bəs, bu halların yaranmasına səbəb nədir?” və “iqtisadi tarazlıq necə bərpa olunur?”. Buna siyasi, iqtisadi və s. kimi çoxsaylı amillər səbəb ola bilər. Qeyd edək ki, dünya iqtisadiyyatı, o cümlədən milli iqtisadiyyatların davamlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən belə problemlərin həlli elmi ictimaiyyətin diqqətini cəlb edir. Məhz iqtisad elmləri doktoru, professor Yadulla Həsənlinin elmi əsərləri, xüsusilə də “Static Model of Equilibrium Prices on Mutual Debts of Subjects of Global Economy” (Qlobal iqtisadiyyatın subyektlərinin qarşılıqlı borclarının tarazlı qiymətlərinin statik modeli) adlı son elmi məqaləsi aktual bir mövzuya həsr olunmuşdur. Qeyd edək ki, bu əsərin əsas müddəaları və əldə edilən praktik nəticələr haqqında 2016-cı ildə keçirilən 10-cu IEEE İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi (AICT2016) adlı Beynəlxalq Konfransda məruzə edilmiş, əsər məruzələr toplusunda öz əksini tapmış və dünyanın ən nüfuzlu Web of Science (Thomson Reuters), Scopus, Elsevier Engineering Information, EBSCO, Cambridge Scientific Abstracts (CSA) / ProQuest, American Mathematical Society (AMS) və s. elm bazalarına daxil edilmişdir.
Elmi məqalədə diqqəti cəlb edən əsas məqamlardan və qarşıya qoyulan məqsədlərdən biri də “ölkələrarası mövcud qarşılıqlı borcların bazar dəyəri və valyuta kursları necə olmalıdır ki, bazar tarazlıqda olsun və borclar qaytarıla bilinsin?” sualına cavab tapmaqdır.
Qeyd edək ki, bu məqalə həcminin o qədər də böyük olmamasına baxmayaraq, yüksək elm tutumluğuna malikdir. Belə ki, dünya iqtisadiyyatının və milli iqtisadiyyatların rasional və səmərəli inkişafı baxımından qarşıya qoyulan qlobal bir problemin dünya, eləcə də yerli xüsusiyyətlər nəzərə alınmaqla dəqiq riyazi-iqtisadi həllinin tapılması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Prof. Yadulla Həsənli tərəfindən çox incəliklə və səlis formatda qlobal iqtisadiyyatın subyektlərinin qarşılıqlı borcları (ölkələrin debitor və kreditor borcları) problemi matris şəklində yazılaraq oyunlar nəzəriyyəsini tətbiq etməklə həll edilmişdir. Burada, problem bir-birinə qoşma olan ikixətti proqramlaşdırma məsələsinə gətirilərək, Simpleks üsulu tətbiq edilmişdir. Qarışıq strategiylarda oyunun həlli subyektlərin mövcud debitor və ya kreditor borclarının bazar dəyərini müəyyənləşdirməyə imkan verən qiymət indeksi kimi interpritasiya edilərək, elmi və praktik baxımdan əsaslandırılmışdır. Müəllif praktik nöqteyi-nəzərdən elmi məqaləsində göstərir ki, bu indeks vasitəsilə dünya iqtisadiyyatını tarazlığa gətirə bilən borcların bazar dəyərini hesablamaq mümkündür.Maraq doğuran məqamlardan biri də odur ki, müəllif dünya üzrə xarici borcların bazar dəyəri ilə faktiki borcların nominal həcmini müqayisə etməklə “qlobal böhran indeksi” daxil etmiş, elmi və praktik əsaslandırmalar aparmışdır. Daha sonra prof. Yadulla Həsənli borcların qiymət indeksinin ölkələrin valyuta kursuna təsirini təhlil etmiş və analitik ümumiləşdirmələr aparmışdır. Müəllif tərəfindən işlənmiş model dünyanın 10 ən iri ölkəsinin məlumatları əsasında realizə olunmuşdur.
Qeyd etmək istərdik ki, Yadulla Həsənli tərəfindən ilk dəfə olaraq işlənmiş bu iqtisadi-riyazi model Azərbaycan iqtisadiyyatının subyektlərinin (müəssisə, təşkilat, dövlər qurumları və s.) 1995-1998-ci illəri əhatə edən qarşılıqlı borcları üzərində realizasiya olunaraq dəyərli nəticələr əldə edilmişdir ki, bu nəticələr də real proseslərə adekvat olmuşdur.
Ümumiyyətlə, yuxarıda qeyd edilənləri və prof. Yadulla Həsənlinin bu sahədə apardığı elmi araşdırmalarını, xüsusilə də “Static Model of Equilibrium Prices on Mutual Debts of Subjects of Global Economy” (Qlobal iqtisadiyyatın subyektlərinin qarşılıqlı borclarının tarazlı qiymətlərinin statik modeli) adlı məqaləsinin qlobal və milli iqtisadiyyatların davamlı inkişafı üçün elmi və praktik cəhətdən mühüm əhəmiyyət kəsb edən əsas müddəalarını və nəticələrini nəzərə alaraq hesab edirik ki, müəllif tərəfindən təklif edilən praktik üsul və onun nəticəsi kimi formalaşan “Böhran İndeksi”nin qlobal səviyyədə geniş tətbiq imkanları vardır.

 

Qorxmaz İmanov,
AMEA-nın müxbir üzvü,
Dövlət mükafatı laueratı, i.e.d., prof.,

Nazim Hacıyev,   

Harvard Universiteti, ABŞ

“Dəvətli tədqiqatçı” dosent, i.e.n.