Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Yaşıl iqtisadiyyat”a geniş üfiqlər açılır

 

İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı ilə əlaqədar olaraq həyata keçirilən sənayeləşmə siyasətinə əsasən, ölkəmizdə yeni sənaye sahələri yaradılmış, yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Müasir avadanlıqlarla təchiz olunan və qabaqcıl təcrübəyə əsaslanmaqla fəaliyyət göstərən sənaye müəssisələrində tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixracın həcmi yüksəlir, tullantıların təkrar emalı kimi yeni sahələr inkişaf etdirilir, xammal idxalından asılılıq azaldılır, resurslara və enerjiyə qənaət olunur. Bu da, öz növbəsində ölkədə “yaşıl iqtisadiyyat”ın yüksəlişinə geniş imkanlar yaradır.
Sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq baxımından sənaye parkları geniş imkanlara sahibdir. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının ixrac, rəqabət qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan bir çox ölkələr iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə iqtisadi siyasətlərində sənaye parklarının yaradılmasına xüsusi önəm verirlər.
Sahibkarlığın dəstəklənməsində sənaye parklarının əhəmiyyətini nəzərə alan Azərbaycan hökuməti də bu sahədə ciddi addımlar atıb və sənaye parkının yaradılması ideyası ilk dəfə 2002-ci ilin sentyabrında imzalanan “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sahəsində əlavə tədbirlər haqqında” fərmanda müəyyən edilib. Ölkəmizdə yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına xidmət edən sənaye parklarının yaradılmasına başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dən sonra 2011-ci il dekabrın 28-də imzalanan Sərəncamla da Balaxanı Sənaye Parkı yaradılıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində ölkədə təkrar istehsalı inkişaf etdirmək üçün əsas vasitələrdən biri olan Balaxanı Eko-Sənaye Parkının yaradılması Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə qərara alınmışdır. 19 dekabr 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Balaxanı Sənaye Parkının təməli qoyulmuşdur. 2017-ci il sentyabrın 22-də isə Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak etmişdir.
Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli imkan yaratmaq, təkrar emal biznesinin genişləndirilməsi, yaşıl məhsul istehsalının artırılması,innovativ texnologiyaların tətbiqi, məlumat və bilik mübadiləsinin həyata keçirilməsidir. Parkın əsas perspektiv planlarına isə ümumi və davamlı infrastrukturun yaradılması, emal, istehsal və xidmət sahələrinin əlaqəli şəkildə vahid məkanda yerləşməsi, sənayenin ətraf mühitə təsirlərinin azaldılması məsələləri daxildir.
Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədi ilə potensial sahibkar və investorlar üçün parkın xarici və daxili infrastrukturunun qurulması planlaşdırılır. Belə ki, xarici infrastruktur kimi yol salınacaq, əraziyə elektrik, qaz, su, kanalizasiya və rabitə xətləri çəkiləcək. Park girişində qeydiyyat məntəqəsi və tərəzilər qurulacaq, ərazidə ofis və əməliyyat binası tikiləcək və bütün lazımi ilkin infrastruktur yaradılacaqdır.
Sənaye Parkının Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması logistika, xammal və enerji təchizatına, eləcə də istehsal olunmuş məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradır. Hazırda Balaxanı Sənaye Parkına işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.
Digər sənaye parklarının rezidentləri kimi, Balaxanı Sənaye Parkının rezidentlərinə də dövlət tərəfindən bir sıra güzəştlər edilib. Rezidentlər 7 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən, sənaye parkında istehsal sahəsinin qurulması və məhsul istehsalı məqsədilə idxal edilən texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və idxal rüsumundan azad edilir. Balaxanı Sənaye Parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Artıq ümumi sahəsi 12 min kvadratmetr olan anqar tipli 15 istehsalat binası rezidentlərin istifadəsi üçün tam hazırdır.
Balaxanı Sənaye Parkının rezidentlərinə gəldikdə isə, onun əsas rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərəcək. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılacaq. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksək keyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı da planlaşdırılır.
Balaxanı Sənaye Parkının digər rezidenti “Ekokat” MMC-dir. Müəssisə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərəcək. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Bu güzəştli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Yeni yaradılan müəssisədə işlənmiş mühərrik yağlarının texnoloji və kimyəvi proseslərdən keçməklə təkrar emalından 88 faiz həcmdə yenidən istifadəyə yararlı mühərrik yağları istehsal etmək mümkündür. Bu yağlar iritutumlu nəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikasının mühərriklərində istifadə üçün bütün standartlara cavab verəcək. İstehsal prosesi zamanı baza yağları ilə yanaşı, dizel yanacağı da əldə olunacaq ki, bu da istehsalın yanacağa olan tələbatının ödənilməsinə yönəldiləcək. Qalan neft qalıqları isə asfalt, ruberoid və s. istehsalında bitum əvəzedicisi kimi istifadə oluna bilər. Bundan başqa, ölkəmizdə ildən-ilə sürətlə artan avtomobil və digər texnikalarda istifadə olunmuş mühərrik və ya sürtkü yağlarının təkrar emalı bu yağların kənara atılaraq ətraf mühiti çirkləndirməsinin qarşısını alacaq.
Balaxanı Sənaye Parkının daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisəsidir. Burada tullantı kağızlardan istifadə olunmaqla çap-poliqrafiya məhsulları istehsal ediləcək. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur. Artıq müəssisə sifarişlər də qəbul etməyə başlayıb.
Balaxanı Sənaye Parkının digər rezidenti “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olacaq. Ümumi investisiya dəyəri 17 milyon manat olan “METAK” MMC-nin bu layihəsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Güzəştli kredit vəsaiti hesabına Avropa, Türkiyə və Çindən alınmış istehsal xətləri Sənaye Parkında quraşdırılıb. Müəssisənin illik istehsal gücü 12 min tondur. Burada 140-dan çox daimi iş yeri açılacaq.
Balaxanı Sənaye Parkının rezidentlərindən olan “FORİELLA” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərəcək. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına da dövlət tərəfindən dəstək verilib. Belə ki, bu müəssisəyə Sahibkarlığa Kömək Milli Fondundan 2 milyon manat güzəştli kredit ayrılıb. Müəssisənin illik istehsal gücü 3 min dəst qonaq, yataq, mətbəx mebelləri, 100 min ədəd stul, 10 min masa təşkil edir. Müəssisədə 150 nəfər daimi işlə təmin olunacaq.
Ümumilikdə, Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılacaq. Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi istqamətində işlər davam etdirilir, polietilen və polipropilen tullantılarının, kartriclərin təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə Balaxanı Sənaye Parkına artıq sahibkarlar tərəfindən müraciətlər də daxil olub və bu il isə daha 6 növ istehsalat sahəsi üzrə qeydiyyata alınmış rezidentlər burada fəaliyyətə başlayacaqlar. Bir istehsal sahəsinin tullantısının digər istehsal sahəsində xammal kimi istifadə olunması, tullantıların zərərsizləşdirilməsi zamanı əldə edilən alternativ enerjinin sənaye parkında istifadə imkanı, əməkdaşlıq, ümumi infrastruktur və xidmətlərdən səmərəli faydalanma, təkrar emal nəticəsində təbii resurslara və enerjiyə qənaət olunması, xammal idxalı asılılığının azaldılması kimi məsələlər məhz Balaxanı Sənaye Parkının əsas faydaları sırasına daxildir.

 

Mətanət Hüseynova