Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

YOL İNFRASTRUKTURUNUN YÜKSƏK STANDARTLAR SƏVİYYƏSİNDƏ

QURULMASI BÖLGƏLƏRİN İNKİŞAFINA GENİŞ İMKANLAR AÇIR

 

Hər bir ölkənin inkişaf səviyyəsini şərtləndirən mühüm amillər sırasında yol infrastrukturunun vəziyyəti ön mövqedə dayanır. Yol dövlətin iqtisadi inkişaf və sosial tərəqqi səviyyəsini müəyyən etməklə yanaşı, həm də mədəniyyətdir. Yol şəbəkəsi zəif olan ölkənin, digər göstəriciləri diqqəti cəlb edə bilməz. Yol burula-burula keçib getdiyi bütün ərazilərə, yaşayış məntəqələrinə , şəhər və qəsəbələrə bir coşqu və qələbəlik gətirir. Abad, rahat və müasir yol təsərrüfatı olmadan digər iqtisadi və sosial infrastruktur tədbirlərini həyata keçirmək heç bir fayda verə bilməz. Keçən əsrin 90-cı illərini yada salın. Yollarımız nə vəziyyətə düşmüşdü. Bölgələrə gediş-gəliş müşkülə çevrilmişdi, qısa məsafəni qət etməyə saatlarla vaxt sərf etmək lazım gəlirdi. Ulu öndər Heydər Əliyev bütün bunları görürdü və hesab edirdi ki, yol infrastrukturunu bərpa etmədən Azərbaycanın sürətli inkişafını təmin etmək mümkün deyildir. Cənab Prezident İlham Əliyev ulu öndərin ideya və baxışlarından güc alaraq bütün sahələrdə, o cümlədən avtomobil yolları quruculuğu sahəsində ciddi tədbirlər görməyə başladı. Artıq 14 ildir ki, bu möhtəşəm quruculuq və yenidənqurma işləri davam etdirilir. Bu illər ərzində Azərbaycanın yol şəbəkəsi inanılmaz dərəcədə dəyişmiş, müasirləşmişdir. Lakin yol quruculuğu elə bir sahədir ki, burada dayanmaq olmaz. Ölkə dinamik inkişaf edir, yeni tələb və çağırışlar fonunda yol infrastrukturunun modernləşdirilməsinə də zərurət yaranır.
2004-cü ildən başlayaraq uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ilə paralel olaraq, ölkəmizdə avtomobil yolları şəbəkəsinin yenilənməsi prosesi gedir. Bu illər ərzində Azərbaycanın yol infrastrukturunun yenilənməsində, onun beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsində və tranzit imkanlarının artırılmasında ciddi irəliləyişlər əldə olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin dekabr ayında imzaladığı fərmanla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yaradılmış, onun nizamnaməsi və strukturu təsdiq edilmişdir. Belə bir mükəmməl qurumun yaradılması ölkəmizdə yol quruculuğuna verilən böyük önəmdən irəli gəlir.
2017-ci ildə dövlət başçısının imzaladığı sərəncamlara uyğun olaraq, respublikamızın 34 rayonunda, 14 respublika əhəmiyyətli, 42 kəndlərarası avtomobil yolları layihələri uğurla yekunlaşdırılıb. Bakı şəhərinin 10 qəsəbələrarası avtomobil yolu layihəsi, bir körpü və yeraltı keçidin tikintisi başa çatdırılıb. Bu mühüm layihələrin gerçəkləşməsi 2,1 milyon nəfər əhalinin yaşadığı 654 yaşayış məntəqəsini əhatə edir. Artıq 1341 kilometr uzunluğunda avtomobil yolları əhalinin ixtiyarına verilib. Regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri, kənd təsərrüfatı ilə məşğul olan insanlar meyvə-tərəvəzi, pambığı, baramanı, tütünü, fındığı, çəltiyi, çay yarpağını, ət və süd məhsullarını və onlarla digər kənd təsərrüfatı məhsullarını əziyyət çəkmədən, operativ şəkildə istədikləri ünvana çatdıra bilirlər.
Yol nəqliyyatı quruculuğundan danışarkən, qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev təkcə 2017-ci il ərzində tikintisi başa çatmış layihələr də daxil olmaqla 36 dəfə avtomobil yolu və yol qovşağının açılışını etmişdir.
Yuxarıda da göstərildiyi kimi, keçən il 1341 kilometr avtomobil yollarının tikintisi və yenidən qurulması həyata keçirilmişdir ki, bu da 2016-cı illə müqayisədə 416 kilometr çoxdur. Son iki ildə yol təsərrüfatı ilə bağlı qəbul edilmiş dövlət proqramları çərçivəsində aparılan işlər mühüm əhəmiyyət kəsb edir. Həmin tədbirlər nəticəsində bu gün ölkəmizdə birinci texniki dərəcəli avtomobil yolları 785,9 kilometr təşkil edir ki, bu rəqəm 2015-ci ildə 481 kilometr olmuşdur. Son bir il ərzində ölkədə ümumi istifadədə olan avtomobil yollarında 14 yeni avtomobil körpüsü tikilmiş, 8 körpü təmir edilmişdir. Avtomobil yollarında 13 piyada keçidi tikilərək istismara verilmişdir. Bunlardan 10-u Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2-si Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunda, biri isə Zaqatala şəhərində tikilmişdir.
2017-ci ilin ən əlamətdar və yaddaqalan hadisəsi isə iyun ayının 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən, uzunluğu 8 kilometr olan yolun açılışı olmuşdur. Bu yolun istifadəyə verilməsini hər bir ölkə vətəndaşı Qarabağa gedən böyük qayıdış yolunun başlanğıcı kimi fərəh hissi ilə qarşılamışdır.
Keçən il Bakı şəhərində 736,8 min əhalinin yaşadığı 28 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 96 kilometr olan 10 qəsəbələrarası avtomobil yolunun tikintisi və yenidən qurulması uğurla başa çatdırılmışdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxili investisiya hesabına həyata keçirilən layihələrin miqyasını və həcmini genişləndirmişdir. Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik hissəsinin yenidən qurulması, Ağ şəhər layihəsinin davamı, Bakı şəhərində bir sıra yol-nəqliyyat infrastrukturunun yenidən qurulması, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin yenidən qurulması, Zaqatala şəhəri ərazisində yeraltı keçidin tikintisinin başa çatdırılması, Biləsuvar rayonu ərazisində 18 min nəfər cəbrayıllı məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri, Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi, Balakən rayonunun Balakən-Qazbinə-İtitala avtomobil yolunun, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi, Qoroğan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun yenidən qurulması, Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmiri kimi layihələr bu qəbildəndir.
Yol infrastrukturu yenilənərkən nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyi ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Ötən il respublika üzrə avtomobil yollarında 3355 ədəd yol nişanı, 1085 ədəd məlumat lövhəsi, 10948 ədəd siqnal dirəyi, 1140 ədəd siqnal bayrağı, 14870 perimetr əyrixətli tirlər quraşdırılmış və ya bərpa edilmiş, 714,2 min km həcmdə yolların boya ilə xətlənməsi işləri görülmüşdür. 10 yanvar 2018-ci il tarixində Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, iqtisadiyyatın bütün sahələri ilə yanaşı, respublikanın avtomobil yollarında yerinə yetirilən işlərin həcmi böyükdür, 500 yaşayış məntəqəsini əhatə edən 1300 kilometr uzunluğunda avtomobil yolunun çəkilməsi buna əyani sübutdur.
2018-ci ildə ölkəmizdə yol quruculuğu sahəsində ciddi işlərin görülməsi nəzərdə tutulur. Cari ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2000 kilometr uzunluğunda yolların çəkilişi planlaşdırılır. Bakı şəhərində uzunluğu 106,4 kilometr olan 11 layihənin, uzunluğu 1274 kilometr olan 52 kəndarası layihənin, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının və xarici kredit hesabına maliyyələşdirilən digər layihələrin yerinə yetirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, il ərzində Olimpiya stadionunun ərazisində inşa olunan tunelin, müasir dizaynda 5 piyada keçidinin tikintisi, Ağ şəhər layihəsi, Ziya Bünyadzadə prospektini Balaxanı-Binəqədi şosesi ilə birləşdirən yeni avtomobil yolunun tikintisi, Şamaxı-Padar yolunun davamı olaraq Padar-Sabirabad yolunun tikintisi, Rusiya Federasiyası ilə sərhəddə Samur çayı üzərində yeni körpünün tikintisi, Sumqayıt şəhərində iki prospekt və iki küçənin yenidən qurulması və s. işlərin görülməsi nəzərdə tutulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə ən azı 2171 kilometr avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri həyata keçiriləcəkdir. Bundan başqa, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi yeni avtomobil yolunun M.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikintisi, həmçinin uzunluğu 243 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəddi avtomobil yolunun tikintisi cari ilin sonunadək tam başa çatdırılacaqdır.
2017-ci ildə bölgələrin iqtisadiyyatında, ilk növbədə aqrar bölmənin dirçəlişində ciddi irəliləyişlər baş vermiş, yeni emal müəssisələri, müasir tipli aqroparklar, sənaye zonaları yaradılmış, ixrac yönlü məhsulların, o cümlədən pambıqçılığın, tütünçülüyün, fındıqçılığın, baramaçılığın inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Keçən il pambıq istehsalı bir neçə dəfə artırılaraq 207 min tonu ötüb keçmişdir. Bütün bu nailiyyətlərin qazanılmasında yol infrastrukturunun təkmilləşdirilməsi, avtomobil yolları şəbəkəsinin genişləndirilməsi önəmli rol oynamışdır.
Bu ilin fevral ayının 27-də cənab Prezident İlham Əliyev Mingəçevir şəhərinə səfəri zamanı qeyd etmişdir ki, Bəhramtəpə-Mingəçevir avtomobil yolunun açılışı bu yolun üstündə yerləşən Bərdə, Yevlax, Ağcabədi, Goranboy rayonlarının, eləcə də bütün bölgənin iqtisadi inkişafına böyük təkan verəcəkdir. Həm də əhalinin rahat gediş-gəlişini təmin ediləcəkdir.
Azərbaycan bölgənin cəlbedici turizm mərkəzlərindən birinə çevrilir. Ölkəmizə təşrif buyuran turistlər, qonaqlar ən çox bölgələrimizə üz tuturlar. Hazırda turizmin yeni növləri – kənd turizmi, dağ turizmi, ekoturizm, aqroturizm intişar tapıb formalaşır. Bütün magistral və əsas yollarımız yüksək standartlar səviyyəsində qurulub. Sonrakı mərhələdə kənd yollarının yenidən qurulmasına ciddi fikir veriləcək. Yaxın bir neçə il ərzində bu sahədə olan problemlər öz həllini tapacaq. Azərbaycan Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirən möhtəşəm nəqliyyat, kommunikasiya və logistika mərkəzinə çevriləcək, bölgədə yaşayan xalqlara, millətlərə sülh, barış və firavanlıq bəxş edəcəkdir.

 

Zülfü İLYASOV,
bölgə müxbiri