Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan dünya bazarlarına enerji ehtiyatlarının etibarlı,

uzunmüddətli təczihatçısı olacaq

 


 

Qarşıdakı onilliklərdə Azərbaycan dünya bazarlarına enerji ehtiyatlarının etibarlı, uzunmüddətli təchizatçısı olacaq. Bu gün Azərbaycan nefti bəzi Avropa ölkələrinin neft istehlakının üçdə biri və ya daha çox, hətta 40 faizini təşkil edir və Azərbaycan öz qaz ehtiyatları ilə Avropa bazarına daxil olmağa hazırdır.
Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir və biz milli təhlükəsizlikdən danışarkən, əlbəttə ki, hazırda enerji təhlükəsiz­liyi ən vacib elementlərdən biridir. Cənub Qaz Dəhlizi enerji şaxə­ləndirilməsi layihəsidir. Bizdə bu marşrutların və mənbələrin şaxələndirilməsidir. Bu, əsl şaxələndirilmədir, çünki yalnız mar­şrutların şaxələndirilməsi bizimkindən bir qədər fərqlidir. Cənub Qaz Dəhlizi enerji sahəsində əmək­daşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir. Əməkdaşlıq yalnız o za­man mümkündür ki, bütün tə­rəf­lər ondan faydalansın. Bu sə­bəbdən başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yax­şı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğ­ru yolda olduğumuzu göstərir.

(Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin IV toplantısında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından)


 

 

Fevralın 15-də Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində na­zirlərin dördüncü toplantısı ke­çirilib. Tədbirdə Cənub Qaz Dəh­lizinin iştirakçısı olan ölkə­lə­rin energetika nazirləri və müxtə­lif qurumların təmsilçiləri, o cümlə­dən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məş­vərət Şurasının həmsədri Ma­roş Şefçoviç iştirak etmişdir. Azər­bay­can Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış etmiş­dir. Bununla əlaqədar olaraq, AzTV-nin “Bizim planet” verilişi Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri, akademik Ziyad Səmədzadəni, Prezident yanında Dövlət İdarəçilik Akade­miyasının professoru, siyasi elm­lər doktoru Elçin Əhmədovu və BP şirkətinin vitse-prezidenti Bəx­tiyar Aslanbəylini studiyaya dəvət edərək, fikir mübadiləsi aparmış­dır. Həmin müzakirəni diq­qətinizə çatdırırıq.
Aparıcı Rufiz Qonaqov: Məlum olduğu kimi, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çər­çi­vəsində nazirlərin IV toplan­tısı keçirildi və bu toplantıda Azər­baycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi, geniş nitq söylədi. Prezident İlham Əliyev enerji layihələri, xüsusilə də 1990-cı illərdən etibarən əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” və ondan sonrakı dövrdə gedən proseslər, bu gün bu prosesdə iştirak edən dövlətlər - Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya­nın adını çəkdi, bir sıra ölkələrlə imzalanmış müqavilələri qeyd etdi, eləcə də Azərbaycanın enerji, neft, qaz layihələri, Cənub Qaz Dəhlizi layihəsinə qədərki müddət və bu layihənin əhəmiyyəti və bundan əvvəlki layihələrin tarixi haqqında danışdı.
Mən istərdim ki, Ziyad müəllim, ümumiyyətlə Cənub Qaz Dəhlizi layihəsi və Məşvərət Şurasının IV toplantısının Azərbaycan üçün əhəmiyyəti ilə bağlı fikirlərinizi eşidək.
Ziyad Səmədzadə: - Əvvəla, mən çox təşəkkür edirəm ki, qlo­bal­laşan dünyada ən böyük layi­hə­lərdən biri ilə əlaqədar belə bir söhbətə məni də dəvət etmisiniz və siz haqlı olaraq bildirdiniz ki, bu layihələrin əsası 90-cı illərin əvvəllərində qoyulub.
Mən Heydər Əliyevin 1994-cü ildə Gülüstan Sarayında “Əsrin müqaviləsi”nin imzalanması mərasimində dediyi bir fikri istərdim ki, sizlərə çatdırım.
“Müqavilə ikitərəfli hərəkət olan yola bənzəyir. Gərək hər iki tərəf eyni sürətlə hərəkət etsin. Şübhəsiz ki, burada xarici neft şirkətlərinin üzərinə çox böyük vəzifələr düşür. Ümidvar olduğumu bildirmək istəyirəm ki, həmin şirkətlər və onların mənsub olduğu ölkələrin dövlət orqanları bu müqavilənin həyata keçirilməsi üçün vaxtında lazımi tədbirlər görəcəklər. Azərbaycan Respublikasının üzərinə düşən vəzifələr daha çətin, daha ağırdır. Bilirsiniz ki, Azərbaycan iqtisadiyyatı ağır böhran içərisindədir. Neft sənayesində də böyük çətinliklər yaranmışdır. Məhz bu böhrandan çıxmaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, xalqımızın rifahını qısa müddətdə lazımi səviyyəyə qaldırmaq üçün hamı əl-ələ verib, müqavi­lə­nin həyata keçirilməsinə çalış­malıdır.
Mən, Azərbaycan Respublikası­nın Prezidenti kimi bu müqavi­lənin imzalanmasına qərar ve­rə­rək, öz məsuliyyətimi hiss edirəm və sizə söz verirəm ki, onun həyata keçirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.”
Baxın, 94-cü ildə - Azərbaycanda iqtisadi böh­ran yaşandığı, ictimai-siyasi sabit­liyin o qədər də yüksək olmadığı bir şəraitdə ulu öndər Heydər Əliyev nə qədər böyük ümidlə gələcəyə baxır. Çünki bilirdi ki, “Əsrin müqaviləsi” Azərbaycan xalqının milli maraqlarına cavab verən bir layihədir, çətinliklər olsa da, biz onun öhdəsindən uğurla gələcəyik. 24 il keçib, bu gün Azərbaycanın uğurları göz qabağındadır. O zamanlar xarici, eyni zamanda, daxili təzyiqlər vardı, lakin Azərbaycan dövləti bu imtahandan şərəflə çıxdı və bu gün müstəqil Azərbaycan dövləti dünyanın ən iri qlobal layihələrinin iştirakçısıdır.
Keçilən yola nəzər salsaq, qətiyyətlə deyə bilərik ki, bu yol çox çətin, lakin şərəfli yol olub. Son on beş il ərzində Azərbaycan iqtisadiyyatına 230 milyard dollar investisiya qoyulub, amma 90-cı illərin əvvəllərində Azərbaycanda investisiya mühiti yox idi. Bu əlverişli mühiti Heydər Əliyev yaratdı, ölkədə qanunvericilik bazası yaradıldı, dünya təcrübəsi öyrənildi, ölkə rəhbəri çoxsaylı dünya ölkələrinə səfərlər etdi, müstəqilliyimizin möhkəmləndirilməsi üçün möhkəm əsaslar yaradıldı: alternativ neft marşrutları, alternativ qaz kəmərləri çəkildi və onlar bu gün uğurla fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan bo­ru kəməri bunların içərisində müs­təsna yer tutur. İlk növbədə istehsal olunan, hasil edilən nefti dünya bazarlarına çıxarmaq lazım idi. Bunun üçün dünya ölkələri ilə danışıqlar aparıldı, Azərbaycan-Türkiyə, Azərbaycan-­Gür­cüs­tan dostluğunun inkişafı istiqamətində düzgün və cəsarətli addımlar atıldı, üç dövlətin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan boru kə­məri, Bakı-Supsa kəmərləri çəkil­di. H.Əliyevin dediyi kimi, 3 dənizin əfsanəsini reallığa çevirdi. Yəni, demək istəyirəm ki, keçilən yol çox şərəflidir. Bu illər ərzində Azərbaycan özünün enerji siyasətini artıq müəyyənləşdirib. Əgər bir dövlətin ener­ji siyasəti düzgündürsə, onu qa­baqda o qədər də ağır çətinliklər gözləyə bilməz. Azərbaycan özünün dü­şünülmüş enerji təhlükəsizliyi strategiyasını, enerji siyasətini ha­zırlayıb və onu uğurla real­laşdırır. Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib. Avropa öl­kə­lərinin xeyli hissəsi Azərbaycan qazının üçdə bir hissəsini, bəzi ölkələr isə 40 faizini Azərbaycan hesabına ödəyir. Bu toplantı da, ilk növbədə Azərbaycanın uğurlu siyasətinin məntiqi nəticəsidir. Üç-dörd ölkəni ilk dəfə iştirakçılar təmsil edirdi. Görün, nə qədər Avropa ölkəsi bu təşəbbüsə qoşulub və müşavirədə çıxış edənlərin hər biri necə böyük sevinclə, minnətdarlıqla Azərbaycan dövlətinin apardığı enerji siyasətinin uğurlu olmasını, nəinki bizim üçün, Avropa üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar. Mən əminəm ki, bu layihələr, Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi inkişaf imkanlarını genişləndirəcək, Azərbaycan dünyada sözünü deyən, öz nüfuzunu gündən-günə artıran bir dövlət kimi tanınacaqdır.
Aparıcı: Tamamilə haqlısınız, Ziyad müəllim. Doğrudan da, 1994-cü ildə ümummilli lider Heydər Əliyev “Əsrin müqaviləsi”ni im­zalayarkən Azərbaycanda çox gərgin anlar idi, bəziləri hətta bu kontraktların kağız üzərində qalacağını qeyd edirdilər. Amma zamanla bizim TANAP, TAP və daha böyük neft-qaz layihələrimiz imzalandı. Cənab Prezident də qeyd etdi ki, 2015-ci ildə Azərbaycanda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının yaradılması təşəbbüsü irəli sürüldü və bundan sonra Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı proseslər başladı. Bu proseslər başlayan zaman Gürcüstan və Türkiyə Azərbaycanın tərəfdaşı idisə, indi artıq Azərbaycan Avropanı, eyni zamanda, Asi­ya­nı özündə birləşdirir. Bu mə­sə­lə­yə istərdim münasibətinizi bil­dirəsiniz.
Elçin Əhmədov: - Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinə qiymət verərkən, bu artıq region üçün deyil, ümumiyyətlə dünya üçün mühüm əhəmiyyət kəsb edir. Artıq Xəzər dənizinin enerji ehtiyatlarının şaxələndirilməsi siyasəti həyata keçirilir. 94-cü ildə imzalanmış “Əsrin müqaviləsi” XX əsrin neft kontraktı kimi qiymətləndirilirsə, artıq Cənub Qaz Dəhlizi, xüsusilə də “Şahdəniz-2” XXI əsrin irimiqyaslı layihəsi kimi dəyərləndirilir. Bu dəhliz dörd əsas elementdən ibarətdir ki, bu “Şahdəniz-2”, Cənub Qaz kəməri, TANAP və TAP layihələridir.
İkincisi, biz qeyd edirik ki, Cənub Qaz kəmərində işlər 95 faiz icra olunubdur, TANAP layihəsinin real­laşması ilə isə Azərbaycan həm özünün, həm Avropanın ener­ji təhlükəsizliyinə bir töhfə verəcəkdir. Burada da işlər 95 faiz ye­kunlaşıb və nəhayət, sonuncu, artıq Xəzər dənizini Adriatik dənizi ilə birləşdirən TAP layihə­sində Azərbaycanın payı 20 faiz­dir, amma buna baxmayaraq, Azər­baycandan asılı olan işlər artıq görülmüşdür və bu layihələr Azərbaycanın qlobal miqyasda həyata keçirdiyi layihələr kimi qiymətləndirilməlidir. Azərbay­ca­nın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri regionun ener­ji xəritəsini artıq dəyişmişdir və mavi yanacaq ehtiyatları 2,6 tril­yon kubmetr həcmində qiy­mət­ləndirilir və bu, çox mühüm əhə­miyyət kəsb edir. Azərbaycan yüz il ərzində həm özünün, həm də Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcəkdir. Bakı-Tbilisi-Qars layihəsinin də adını qeyd etmək lazımdır. Çünki bunlar, heç şübhəsiz, bir-biri ilə əlaqəlidir və tarixi İpək Yolunun bir tərkib hissəsidir. Bakı-Tbilis-Qars, eyni zamanda, Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir elementidir və bü­tün bunlar onu göstərir ki, bu gün Azərbaycan regionun enerji və nəqliyyat dəhlizini dəyişən bir faktor kimi dünyada öz sözünü deyir.
Aparıcı: Bəxtiyar müəllim, cənab prezident öz çıxı­şında qeyd etdi ki, 1994-cü ildə Azərbaycan BP-nin rəhbərliyi ilə, dünyanın aparıcı neft şirkətlərinin birgə iştirakı ilə bu konsorsiumu, müqaviləni imzaladı və bu müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı. 1994-cü il Azərbaycanda və dünyada neftin inkişafı tarixində dönüş deməkdir. Mən istərdim ki, ümumiyyətlə, BP şir­kətinin vitse-prezidenti olaraq, bu prosesdə BP-nin rolu, Azərbaycanın uğurları və həyata ke­çirilən bu böyük layihələrin dünya miqyasında əhəmiyyəti mə­sələlərinə öz münasibətinizi bil­dirəsiniz.
Bəxtiyar Aslanbəyli: - 1994-cü ildə “Əsrin müqaviləsi” imzalananda onun etibarlılıq müddəti 30 illik nəzərdə tutulmuşdu və 2024-cü ilə qədər sazişin qüvvədə olmağına baxmayaraq, ötən il 14 sentyabr tarixində bu sazişin müddəti 2049-cu ilin 31 dekabrına qədər uzadıldı. Bu illər ərzində layi­hə uğurla həyata keçirilmişdir, la­kin bu layihənin potensialı, neft resurslarının zənginliyi hər iki tərəfdə belə bir ehtiyac yaratdı ki, müqavilənin müddəti uzadılsın və uzadılmış müddətdə yeni in­vestisiyalar cəlb olunsun, layihə­nin effektivliyi, səmərəliliyi daha da artırılsın.
Rəqəmlər reallığı daha açıq şəkil­də ortaya qoyur. Bu illər ərzində Azəri-Çıraq-Günəşli yatağına təq­ribən 33 milyard dollar kapital, investisiya qoyulub və bu layihə nəticəsində 125 milyard dollar mənfəət əldə edilib. Bu, digər əməliyyat məsrəflərini, ödənilən vergiləri nəzərə almadan, bilavasitə mənfəət neftinin ölkə üçün olan faydasıdır.
Hasil edilən neft həcminə gəldikdə, 3,3 milyard barrel neft hasil olunub. 32 milyard kubmetr səmt qazı təmənnasız olaraq dövlətə təhvil verilib və artırılmış müddətə baxdıqda, 2050-ci ilə qədər təxminən 40 milyarda yaxın yeni investisiyanın qoyulması nəzərdə tutulub. Təqribən çıxardığımız 3 milyard barrelin həcmində də yeni neft ehtiyatlarının hasilatı nəzərdə tutulub ki, bu da, sözsüz ki, həm ölkə iqtisadiyyatı, həm qeyri-neft sektorunun inkişafı, ümumilikdə, ölkənin inkişafı üçün çox əhəmiyyətli bir rola malikdir.
“Əsrin müqavilə”sinin xüsusilə vacib əhəmiyyəti yalnız bu yataqla bağlı deyil, ümumilikdə, Azər­baycanın enerji potensialının dünya bazarlarına açılmasındadır. Çünki imzalanan bu müqavilələr arasında ilki “Əsrin müqavi­lə­si”dir. Azəri-Çıraq-Günəşli yatağı və bundan sonra yeni müqavilələr imzalamaqla, artıq dünyanın enerji xəritəsində Azərbaycanın və Xəzərin də adı daha tez-tez çə­kil­məyə başladı.
Ötən il əhəmiyyətli enerji hadi­sə­lərindən biri də Azərbaycan neft tarixində 2 milyard ton neftin hasil edilməsi idi. Əslində, 2 milyard ton neftin hasil edilməsi sadəcə bir rəqəm deyil. Bu, ölkəmizin dünya neft tarixində tutduğu rolun bir növ əsas göstəricilərindən biri idi ki, biz bununla yalnız enerji xəritəsində yerimizi tutmamışıq, eyni zamanda, tarixin müxtəlif mərhələlərində kifayət qədər əhəmiyyətli enerji mənbə­lərindən biri olmuşuq. Cənub Qaz Dəhlizinə gəldikdə isə, ümu­miyyətlə, Cənub Qaz Dəhlizi və “Şahdəniz-2” layihəsi birlikdə dünya neft və qaz tarixində həyata keçirilən ən böyük layihələrdir.
Bu il artıq TANAP boru kəməri üzrə Şahdəniz qazının Türkiyəyə çatdırılması nəzərdə tutulub. Artıq 18-ci ildir, beş il ərzində bu layihə cədvəldən əvvəl və ilkin nəzərdə tutulmuş büdcədən az vəsait xərcləməklə həyata keçirilir. Yəni, kifayət qədər effektli­dir. Bu effektivliyin təmin olunmasında da, təbii ki, icraçıların fəaliyyəti ilə yanaşı, dövlətlərin və dövlət başçılarının verdiyi xüsusi dəstəyin böyük rolu vardır. Məşvərət Şurası kimi iclasların xüsusi əhəmiyyəti isə ondan ibarətdir ki, bu tədbirlərdə layihələrin icrası, layihələrin yerinə yetirilməsi ilə bağlı hesabatlar dinlənilir, mövcud olan problemlərin ali sə­viyyədə - nazirlər səviyyəsində və Azərbaycan dövlət başçısı sə­viyyəsində dinlənilməsi, proble­min aradan qaldırılması üçün la­zımi siyasi dəstəyin verilməsi mə­sələləri həll edilir. Məhz bu siyasi dəstəyin nəticəsidir ki, layihə beş ildir davam edir, hələ bundan sonra da - 2020-ci ilə qədər davam edəcək.
Aparıcı: Cənab Prezident İlham Əliyev öz çıxışında da qeyd etdi ki, 2007-ci il bizim tariximizdə mühüm il idi, çünki Azərbaycan ilk dəfə qaz ixracatçısı olurdu. O vaxta qədər əgər neft müqavilələrindən söhbət gedirdisə, Ba­kı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışından sonra, demək olar ki, Azərbaycan qazı Gürcüstan və Türkiyə bazarlarına ixrac olunmağa başladı. Bu gün Xəzərin enerji ehtiyatlarının dünya üçün, eləcə də Avropanın təhlükəsizliyində yeri və rolu mə­sələsi çox önəmli məsələdir. Mən istərdim ki, siz bu məsələlərə də münasibət bildirəsiniz.
Ziyad Səmədzadə: Bəxtiyar müəl­lim kifayət qədər konkret faktlarla çox vacib məsələlərə toxundu. Biz gərək öz tariximizi həmişə qürurla xatırlayaq. Azərbaycanda sənaye üsulu ilə ilk neft çıxarılıb. Bu fakt dünyada bizim uğurlarımızı, neft siyasətində rolumuzu göstərir.
Azərbaycanda 1970-ci ildə 1 milyard ton neft çıxarılanda, ulu öndər Heydər Əliyev respublikanın rəhbəri idi və çox mənalı bir çıxış etdi. Tədbirdə çoxsaylı nüfuzlu qonaqlar da iştirak edirdi. Sovet dövlətinin iqtisadi qüdrətinin artmasında Azərbaycan mühüm rol oynayırdı. Azərbaycan SSRİ-nin neft bazasının yaranmasına çox kömək etdi, faşizm üzərində qə­lə­bənin əldə olunmasında müstəsna rol oynadı. Azərbaycan bu gün müstəqil dövlətdir. Bizim müs­tə­qil dövlətimizin uğurlu siyasətinin nəticəsidir ki, dünya neft-qaz siyasətində tarixi dönüş nöqtələrini yaratmışıq.
XX əsrin əvvəllərində Azərbaycan dünya neft istehsalının 50 faizini verirdi, amma arxiv materiallarını görəndə adam dəhşətə gəlir ki, bizim neft sənayesinin vəziyyəti necə idi, bizim neftçilər hansı çə­tinliklərlə bu nefti hasil edirdilər.
Bu gün Azərbaycan neft sənayesinin yenidən qurulması ən müasir texnologiyalara əsaslanır. Ona gö­rə də biz qürur hissi keçiririk ki, Azərbaycan dövləti bu kimi bey­nəlxalq iclasların, müşavirələrin təşəbbüskarıdır.
Koordinasiya - əlaqələndirmə mə­sələsi çox çətin məsələdir. Əvvəl burada üç dövlət idi, indi artıq dövlətlərin, ölkələrin sayı artır, bunların arasında əlaqələndirmə məsələlərinin həlli adi məsələ de­yildir. Burada, ilk növbədə mil­li maraqların toqquşması pro­se­si baş verir. Amma Avropa Ko­missiyasının, Böyük Britaniya Kral­lığının, Amerika Birləşmiş Ştat­larının bu məsələyə bilavasitə dəstəyi və Azərbaycan dövlətinin əməkdaşlığının dərinləşməsi isti­qamətində atdığı addımlar artıq öz bəhrəsini verir və mən Avropa Komissiyasının Enerji məsələləri üzrə vitse-prezidentinin çıxışını dinlədim, o, Azərbaycan dövlətinə çox səmimi təşəkkürünü bildirirdi.
İndi Azərbaycan qaz ixracında yeni bir mərhələyə qədəm qoyub. Ümumiyyətlə, Azərbaycanda qaz istehsalının da çox zəngin tarixi var. Bir çox texnologiyalar üzrə Azərbaycan da qaz istehsalında irəlidə olan ölkələr sırasında olub. Amma biz artıq nəinki qaz istehsal edən, eyni zamanda, dövlət başçısının dediyi kimi, qaz ixrac edən ölkəyə çevrilmişik.
Azərbaycan bu gün Avropanın qlobal enerji təhlükəsizliyinin tə­minatçı ölkələrindən birinə çevrilir. Əgər qlobal enerji təhlükəsizliyi varsa, bu, çox ciddi məsələdir və onun təminatçı ölkələrindən biri Azərbaycandır. Çəkilən alternativ qaz marşrutları, “Şahdəniz” yatağı, Şimal-Cənub Dəhlizi Azərbaycanın qaz ixrac potensialını xeyli genişləndirəcəkdir.
Dövlət başçısının çıxışında çox maraqlı məsələlər var. Bu dəhlizin uğurla həyata keçirilməsi həmin ölkələrin investisiya imkanlarını genişləndirəcək, həmin ölkələrin nəqliyyat potensialını artıracaq, həmin ölkələrdə qazlaşma səviyyəsini yüksəldəcək, minlərlə yeni iş yerləri yaradılacaq. Nəyin hesabına? İlk növbədə, Azərbaycan kimi müstəqil bir dövlətin bu layihənin təşəbbüskarı olmasına görə. Maraqlı və vacib məqamlar­dan biri də odur ki, Avropa Ko­missiyasının vitse-prezidenti kon­kret faktlarla göstərirdi ki, biz nə işlər görəcəyik, ikitərəfli sazişlər aparacağıq, sonra qaz qurğuları ilə bu dövlətləri bir-birinə bir­ləş­dirəcəyik və bütövlükdə, Avropa­nın enerji təhlükəsizliyini təmin edəcəyik. Ona görə mən belə he­sab edirəm ki, bu növbəti iclas, onun qəbul etdiyi bəyanat, üzv ölkələrin üzərinə götürdükləri öhdəliklərin həyata keçirilməsi, nəinki Azərbaycanın, bütövlükdə Avropanın ictimai, iqtisadi-siyasi həyatında mühüm bir hadisə olacaqdır. Onun nəticələri Azərbaycan üçün də çox uğurlu olacaqdır. Artıq bizim ölkəmiz 95 faiz qazlaşmanı başa çatdırıb. Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı, bu ölkələrin həmin layihədə iştirakı tam əminliklə deməyə əsas verir ki, Azərbaycanın uğurlu enerji siyasəti qlobal əhəmiyyət kəsb edir. Ölkənin milli, enerji, iqtisadi, ekoloji, demoqrafik və sosial təhlükəsizliyi - hamısı bir-biri ilə əlaqədardır.
Bəxti­yar müəllim çox tutarlı bir faktı qeyd etdi: 125 milyard mənfəət, bu, çox mühüm nəticə, böyük siyasətin uğurlarından biridir. Əgər bu kimi layihələrin icrası olmasa idi, biz bugünkü nailiyyətlərdən danışa bilməzdik. Ona görə ki, Azərbaycanın iqtisadi müstəqilliyinin qorunmasında “Əsrin müqaviləsi”, “Əsrin müqaviləsi”ndən sonra həyata keçirilən tədbirlər, Azərbaycan dövlətinin uğurla hə­yata keçirdiyi enerji siyasəti bu siyasətin bundan sonra da uğurla inkişafına əminlik yaradır.
Aparıcı: Ziyad müəllim, çox ma­raqlı təhlilinizə görə təşəkkür edirəm. Elçin müəllim, ən vacib məqamlardan biri də cənab pre­zi­dentin çıxışında Cənub Qaz Dəh­lizinin enerji təhlükəsizliyi layihəsi olması idi və milli təhlü­kəsizliyimizdən danışarkən, əlbət­tə ki, enerji təhlükəsizliyi ən vacib elementlərdən biridir. Sözsüz ki, Xəzər regionunda Azərbaycanın cəsarətli addımları bu gün bütün region ölkələri üçün, Xəzəryanı dövlətlər üçün çox mühüm əhəmiyyət kəsb edən bir məsələdir və cənab prezident, eyni zamanda, konkret faktlar gətirdi, bildirdi ki, Azərbaycan rəqabət qabiliyyə­tinə görə, Davos İqtisadi Forumu tərəfindən 35-ci yerə layiq görülüb. Eyni zamanda, inkişaf et­məkdə olan ölkələrin aktivliyinə görə, 3-cü yerdədir. Mən is­tərdim ki, bu vacib məqamlara öz münasibətinizi bildirəsiniz.
Elçin Əhmədov: Bəxtiyar müəllimin də qeyd etdiyi kimi, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin tarixinin 2050-ci ilə qə­dər uzadılması, həmin neft ya­taq­larından 500 milyon ton neft çıxarılması proqnozlaşdırıldığı halda, hazırda 1 milyard ton kimi qiymətləndirilməsi məslələrinə to­xunmaq istəyirəm. Bu, Azərbay­canın, ilk növbədə enerji ehtiyat­larının, Xəzərin enerji ehti­yat­larının şaxələndirilməsi siyasətinin düz­gün istiqamətdə getdiyini göstərir və xüsusilə də cənab prezidentin qeyd etdiyi kimi, bizim milli təhlükəsizliyimiz əsas məsələdir və milli təhlükəsizliyin də tərkib hissəsi enerji təhlükəsizliyidir. Enerji təhlükəsizliyi təkcə Azərbaycan üçün yox, eləcə də Avropa üçün çox mühüm əhəmiy­yət kəsb edir. Avropanın bəzi öl­kələrində Azərbaycan qazı 40 faizlik paya malikdir, eyni zamanda, onu qeyd etmək vacibdir ki, Avropa ölkələri ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında müqavilə imzalamışlar. Bütün bunlar Azərbaycanın yeritdiyi şaxələndirilmiş enerji siyasətinin nəticəsidir. Məşvərət məclislərinin toplantılarının keçirilməsi də görülmüş işlərə yekun vurmaqla yanaşı, Azərbaycanın yeritdiyi siyasəti də qiymətləndirir. Cənab prezidentə Davosda verilən “Siz Avrasiya qitəsində çox çətin və mürəkkəb geosiyasi şəraitdə necə davranacaqsınız?” sualına da o, belə cavab verdi: “Biz qonşuları­mızla münasibətlərə xüsusi əhə­miyyət veririk. Çünki hər bir dövlətin qonşularla münasibətləri prioritet təşkil edir və biz qonşuluqda olan üç əsas dövlət, yəni İran, Türkiyə və Rusiya ilə strateji tərəfdaşıq. Bu, bizim üçün müsbət bir haldır. Çünki həmin böyük dövlətlərin qonşu olması böyük bazar deməkdir”. Amma, eyni zamanda, cənab prezident bildirdi ki, bəzi qonşularla münasibətlər Azərbaycana problem yarada bilər və dərhal Ermənistanın adını çəkdi. Bu məqam Azərbaycanın milli maraqlara söykənən siyasətinin bariz nümunəsi kimi qiymətləndirilməlidir.
Aparıcı: Bəxtiyar müəllim, ba­yaq siz, xüsusilə də, rəqəmlərə mü­raciət etdiniz. Azərbaycanın ye­ni qaz yataqları və bu qaz yataq­larının işlənməsi ilə bağlı mü­hüm məqamlar var. Mən istər­dim ki, bu məsələyə də öz müna­si­bətinizi bildirəsiniz.
Bəxtiyar Aslanbəyli: - Biz bu günə qədər BP-nin əməliyyatçısı olduğu layihələr üzrə rəqəmləri bir daha təkrarlasaq, ümumi qoyulan kapital, investisiya 69 milyard dollardan bir qədər yuxarıdır. Bu il daha bir yubiley hasilat rəqəminin şahidi ola bilərik - “Şahdəniz” yatağından 100 milyardıncı kubmetr qazın hasilatı. Son 20-25 il ərzində Azərbaycanın enerji siyasəti kifayət qədər uğurlu olub. Gələcəyə baxdıqda isə bu uğurun hələ uzun müddət davam edəcəyinin şahidi oluruq. Təkcə Azəri-Çıraq-Günəşli layihəsinin müddəti 2050, “Şahdəniz” isə 2048-ci ilə qədərdir. Bundan əlavə, ölkədə BP-nin əməliyyatçısı olduğu və olmadığı digər belə layihələr vardır. Məsələn, qaz yataqları ilə bağlı cənab prezident Məşvərət Şurasının iclasında da qeyd etdi ki, Abşeron yatağından qazma işlərinin bu il başlanması artıq nəzərdə tutulub. Ümid-Babək yatağı var ki, o da hal-hazırda Dövlət Neft Şirkəti tərəfindən işlədilir və onun gələcək perspektivləri müzakirə olunur.
“Qarabağ”, “Dan ulduzu Əşrəfi”, “Şəfəq Asiman” yataqları üzrə digər xarici neft və enerji şirkətləri ilə danışıqlar aparılır. Cənub-Qafqaz boru kəmərində, TANAP, eləcə də TAP boru kəmərlərində hazırkı ötürmə qabiliyyəti ilə yanaşı, mühəndislik elə təşkil olunub ki, əgər əlavə qaz ehtiyatları olarsa, onların ötürmə qabiliyyətləri artırıla bilər. Digər mənbələr olmasa belə, gələcəkdə hasilatımız artdığı zaman bu məsələlər də öz müsbət həllini tapacaqdır. Bu, həm Avropa ölkələri, həm də Avropadakı istehlakçılar üçün mənbələrin diversifikasiyasıdır, yəni yeni mənbədən yeni və əhəmiyyətli qaz həcmləri Avropa bazarına daxil olur. Biz artıq bir bazardan asılı olmuruq, fərqli bazarlara fərqli məhsullar çıxartma imkanına malik oluruq.
Daha bir potensial, müvəffəqiyyətli bir layihə isə Abşeron yarımadasının Dayazsulu hissəsi ilə bağlıdır. O saziş üzrə 2016-cı ildə seysmik tədqiqatlardakı araşdırmalar bitib. Bu il ərzində orada əməliyyat planı hazırlanacaq, çox güman ki, gələn ilin əvvəllərinə orada da qazma işlərinə başlanılacaq. Bu layihə xüsusi əhəmiyyətlidir, çünki burada artıq qaz yataqlarıdır, həmçinin dayaz sulu hissədədir. Kapital xərcləri azdır və investorlar üçün mənfəət dərəcəsi burada nisbətən daha yüksəkdir. Gələcəkdə böyük layihələr var və onların da uğurla davam etdirilməsi üçün yeni əməliyyatçı şirkətlərlə qarşılıqlı inam, qarşılıqlı etibar əsnasında əməkdaşlığın davam etdirilməsi çox vacibdir.
Ümumiyyətlə, sərmayəçilərin Azər­baycana gələrkən ən çox də­yər verdiyi məsələlərdən biri də bu vaxta qədər ölkəmizin imzaladığı hasilatın pay bölgüsü sazişləri, neft sazişləri şərtlərinin dəyişməsinə cəhd edilməməsidir. Bir çox resurs ölkələrində ilkin mərhələdə sazişlərdə müəyyən güzəştlər olur, bir müddət sonra investisiyalar cəlb olunduqdan sonra şərtləri kəskinləşdirməyə çalışırlar. Azərbaycanın timsalında bu, baş verməyib. Bizim etibarlı partnyor imicimiz mövcuddur.
Aparıcı: Bəxtiyar müəllim, siz tamamilə düzgün qeyd etdiniz ki, son on beş ildə məhz Cənub Qaz Dəhlizi layihəsi nəticəsində bizim iqtisadiyyatımız üç dəfədən çox, ümumi daxili məhsul isə 3,2 dəfədən çox artmışdır. Bunu Prezident İlham Əliyev öz çıxışında qeyd etdi və eyni zamanda, bil­dirdi ki, yanvarda sənayemizin qeyri-neft sektorunda iqtisadi artım 8,7 faiz olub. Bütövlükdə, Avropanın təhlükəsizlik məsələlərində enerji amili mühüm məsələlərdən biridir.
Biz həftə ərzində ölkəmizə qar­şı növbəti qarayaxma kampa­ni­ya­sı­nın, dövlətimizin uğurlarını gözü götürməyən, buna sevinməyən müəyyən dairələrin, xüsusilə də ermənipərəst dairələrin, ölkəmizə qarşı müəyyən aksiyalarının və çıxışlarının şahidi olduq. Prezident İlham Əliyevin “Azərbaycan öz tarixi torpaqlarını heç zaman unutmur və öz tarixi torpaqlarına da ölkəmiz mühüm əhəmiy­yət verir” fikirləri, İrəvanın, Zən­gəzurun, Göyçənin adının çəkilməsi müəyyən dairələri, xüsusilə də, erməniləri narahat etməyə başladı və erməni mətbuatı bilavasitə bu məsələyə xüsusi önəm verərək, onu gündəmə gətirdi. Bu, bir daha dövlətimizin bu məsələdə çox prinsipial mövqeyini göstərdi. Mən istərdim ki, Ziyad müəllim, bu məsələyə münasibət bildirəsiniz.
Ziyad Səmədzadə: Bəxtiyar müəllim çox dəyərli faktlar açıqladı, bir iqtisadçı kimi, bu rəqəmləri eşidəndə çox sevinirsən. Dövlət başçısının Azərbaycanın iqtisadi inkişafı ilə əlaqədar qəbul etdiyi proqramlarla tanış olduqda, qürur hissi keçirirsən ki, Azərbaycan müstəqil, xüsusilə neft və qazla zəngin olan dövlət kimi, ölkə iqtisadiyyatının proqnozunu ən azı 2050-ci ilə qədər müəyyənləşdirmək imkanlarına malikdir. Bu, çox böyük xoşbəxtlikdir.
Dünyada çox azsaylı ölkələr var ki, qloballaşan dünyada, risklərin artdığı bir şəraitdə beş ilə, on ilə özünün inkişaf istiqamətlərini müəyyənləşdirir.
Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalayanda, Azərbaycan iqtisadi böhran içərisində idi. Yoxsulluğun səviyyəsi 55-60 faiz idi, işsizlik baş alıb gedirdi. Bu gün bütün bu göstəricilərə görə artıq Azərbaycan dünya ölkələri içərisində ən qabaqcıl yerlərdən birini tutur, rəqabət qabiliyyətinə görə isə 35-ci yerdəyik.
Nəyin hesabına? Düşünülmüş və milli maraqlara cavab verən uğurlu iqtisadi siyasət nəticəsində.
Azərbaycan bu gün nadir ölkələrdən biridir ki, özünün ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatına dövlət dəstəyi verir, subsidiyalar ayırır, güzəştli kreditlər verir, kəndlilər torpaq vergisindən başqa bütün vergilərdən azaddır və bu siyasət uzun illər davam edəcəkdir. Nə üçün? Ona görə ki, Azərbaycan kəndi güclənsin, sürətlə inkişaf etsin, ölkəsini ərzaq təhlükəsizliyi ilə təmin etsin və əhalimizin rifah halı yaxşılaşsın. Azərbaycanın düşünülmüş sənaye siyasəti var, qeyri-neft sənaye sahəsində artım 8 faiz olub. Azərbaycan dövlətinin yaratdığı texnoparklar, sənaye məhəllələri, güzəştlər, dövlət dəstəyi - bütün bunlar hamısı Azərbaycan dövlətinin, hesab edirəm ki, çox böyük nailiyyətidir.
Bizi istəməyən qüvvələrin fikirlərinin heç bir məntiqi əsası yoxdur, çünki bəziləri professionallıqdan uzaq, iqtisadiyyatı bilməyən, siya­sətin qanunlarını dərk etməyən insanlardır, onlara da biz ancaq öz fəaliyyətimizlə, cəmiyyətdə formalaşan, gündən-günə möhkəmlənən birliyimizlə cavab verməliyik.
Aparıcı: Azərbaycanın tarixi torpaqları haqda cənab Prezident İlham Əliyev çıxış etdikdən sonra ölkəmizə qarşı yenidən qarayaxma kampaniyası başladı və erməni mətbuatı xüsusilə fəallaşdı. Elçin müəllim, istərdim bunun siyasi tərəfləri haqqında danışasınız.
Elçin Əhmədov: Bəli, təbii ki, bu Ziyad müəllimin də dediyi kimi, dinamik inkişaf göstəricisi ilə bağlıdır. Yəni, Ermənistanla heç bir vaxt Azərbaycan müqayisə oluna bilməz. Heç şübhəsiz ki, cənab prezidentin Yeni Azərbaycan Partiyasının VI qurultayında etdiyi bu çıxış, həm tarixə, həm hüquqa, həm də ədalətə əsaslanır.
Fevral ayının 8-də ilk Azərbaycan-İran dəmiryolu işə düşüb, ilk sınaq qatarı 6 vaqondan ibarət idi, mart ayında isə bu dəmiryolunun açılışı gözlənilir, Azərbaycan-İran rəsmiləri də burada iştirak edəcəklər. Ermənistan isə bütün bu adını çəkdiyimiz layihələrdən kənarda qalır. Əslində, bu siyasətin adı elə özü-özünü təcrid etmə siyasətidir. Amma Azərbaycan da bu təcrid siyasətini ona görə qoruyub saxlayır ki, işğal faktı ortadan qalxmayıbdır. Azərbaycan Dünya İqtisadi Forumunun hesabatında artıq 40-cı yerdən 35-ci yerə qalxıb. Qısa müddətdə biz artıq MDB məkanında birinci yerdəyik. Gənc, müstəqil dövlət üçün 35 və 33-cü pillələr çox mühüm göstərici kimi qiymətləndirilməlidir.
Ermənistanın yeritdiyi işğalçılıq siyasəti nəticəsində erməni mətbuatının özü qeyd edir ki, Ermənistan artıq alçaldıcı alt dövlət statusundadır. Yəni, öz subyektivliyini itirir, artıq biz Ermənistanla Azərbaycanı müqayisə etmirik. Çünki həm iqtisadi göstəricilər, həm hərbi potensial baxımından müqayisə yersizdir. Bu baxımdan mütəmadi olaraq bu cür çıxışlar onlarda qıcıq yaradır. Azərbaycanın çox çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət yeritməsini tarazlı siyasət kimi qiymətləndirirlər. Cənab prezident qeyd edir ki, bunu bu cür adlandırmaq olar, amma bunun əsl adı milli maraqlara söykənən siyasətdir. Bütün bunlara görə biz heç vaxt Ermənistanla müqayisə oluna bilmərik və bu cür kampaniyalar vaxtaşırı olub, olacaqdır da, biz də buna hazır olmalıyıq. Çünki Azərbaycan onsuz da dinamik şəkildə inkişaf edir. Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə 13 min nəfər erməni öz evini atıb, Ermənistandan getmişdir və siz özünüz öz evinizdən çıxıb gedirsiniz, yəni biz, tarixi torpaqlarımıza ancaq qayıtmaq istəyirik.
Aparıcı: Tam haqlısınız, Elçin müəllim. Bu, müəyyən dairələrdə ona görə qısqanclıq yaradır ki, Azərbaycan indi heç bir ölkədən asılı vəziyyətdə deyil, Azərbaycan tam sərbəst, müstəqil daxili, xarici siyasət aparır. Elçin müəllimin fikirlərinin davamı olaraq bildirmək istəyirəm ki, cənab prezidentin “azərbaycanlılar öz tarixi torpaqlarına qayıdacaqlar” fikri tam beynəlxalq, hüquqa uyğun bir açıqlama idi, çünki azərbaycanlıların xeyli hissəsi oradan bura köç ediblər, qaçqın, köçkün düşüblər, niyə də azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmasınlar?!
Bəxtiyar Aslanbəyli: - Onu da qeyd edim ki, Cənub Qaz Dəhlizi və “Şahdəniz-2” layihəsi sənaye tarixində ən böyük layihələrdir. Belə böyük, genişmiqyaslı layihələr həyata keçirilərkən, təbii ki, Azərbaycanın uğurlarını görmək istəməyən dairələrdə müəyyən qədər tənqidi fikirlər də olacaq. Amma vacib olan odur ki, bu gün bütün aparıcı dövlətlər bu layihəni dəstəkləyir.
Bu gün Bakıda keçirilən Məşvərət Şurasının tərkibinə baxaq. Nəinki boru kəmərinin keçdiyi ölkələr, eyni zamanda, potensial olaraq Cənub Qaz Dəhlizi vasitəsilə qaz alınmasında marağı ola biləcək ölkələrin belə nümayəndələri yüksək səviyyədə təmsil olunur. Dörd ildir, dörd dəfədir ki, davamlı olaraq Böyük Britaniya Krallığının, Amerika Birləşmiş Ştatlarının yüksək siyasi nümayəndələri tədbirə qatılır və layihəyə dəstəyini bildirirlər. Qonşu ölkələrlə yanaşı, tranzit ölkələrinin yüksək səviyyəli nümayəndələri tədbirə qatılırlar. Hər yerdə bu layihə, eyni zamanda, bizim energetika layihələrimiz, neft-qaz layihələrimizlə bağlı davamlı dəstək var və davamlı dəstəyin əsas səbəblərindən biri də mənbələrin diversifikasiyası və eyni zamanda, Azərbaycanın bu layihələrin həyata keçirilməsində üzərinə götürdüyü böyük məsuliyyətin dərk edilməsidir.
Bu gün “Şahdəniz-2” və Cənub Qaz Dəhlizi layihəsinin toplam investisiya tələbatı 40 milyard dollardır, ilkin olaraq isə 45 milyard nəzərdə tutulurdu. Oturub statistik rəqəmlərə baxsaq, görərik ki, 40 milyard dolların əhəmiyyətli hissəsi Azərbaycan sərmayəsidir. Dövlət Neft Şirkətinin payı etibarilə, o xərclərin geri qaytarılma mexanizmi vasitəsilə əhəmiyyətli hissəsi Azərbaycan investisiyasıdır. Bəli, bu, bizim milli maraqlarımız çərçivəsindədir, çünki enerji resurslarımızın dünya bazarına çatdırılması üçün müəyyən nəqletmə koridorlarının, nəqliyyat dəhlizlərinin yaradılması bizim marağımızdadır. Eyni zamanda, bizim marağımızın olması ilə yanaşı, istehlakçıların marağındadır. Dördüncü bir mənbənin gəlməsi, Xəzər hövsəzinin enerji potensialının Avropa bazarına çatdırılmasına şərait yaradan yeni bir infrastrukturun mövcudluğu isə artıq böyük bir hadisədir. Sadəcə iqtisadi hadisə deyil, eyni zamanda, siyasi hadisədir. Bu siyasi hadisənin əhəmiyyətində, bu yeni enerji infrastrukturunun inşasında və onun reallaşmasında Azərbaycanın rolu isə bütün aparıcı dövlətlər tərəfindən görünür, qəbul olunur və dəstəklənir.
Ziyad Səmədzadə: 2018-ci il “Cümhuriyyət ili”dir, Xalq Cümhuriyyətinin 100 illiyidir. 100 il bundan qabaq Xalq Cümhuriyyəti yarandı, lakin az fəaliyyət göstərdi. Biz bu 100 ili qiymətləndirsək, ən məhsuldar il 2018-ci ildir. Bu illər ərzində Azərbaycan dünyanın ən irimiqyaslı layihələrində iştirak edib.
Dövlət başçısı da qeyd etdi ki, dünyanın neft və qaz siyasətində Azərbaycanın öz payı var. Həmçinin, iki qitəni birləşdirən Bakı-Tbilisi-Qars “bir kəmər, bir yol” layihəsində də Azərbaycanın öz payı var. Bütün bunlar Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir, Azərbaycan xalqının, Azərbaycan dövlətinin daha yaxşı yaşaması, siyasi-iqtisadi gücünün artması üçündür.
Uzağa getməyək. Keçdiyimiz illəri müqayisə edək. İldən-ilə Azərbaycanın çiçəklənməsinin şahidi olduq. Azərbaycanın regionlarında inkişaf var, Azərbaycanın sosial bazası möhkəmlənir. Bütün bunlar düşünülmüş iqtisadi siyasətin nəticəsidir. Ulu Tanrıdan ancaq bu dövlətə “Allah qorusun” demək olar.
Bu dövlətin qorunması üçün hər birimiz çalışmalıyıq, ölkəmizdə sabitliyi qoruyub saxlamalıyıq. Bəxtiyar müəllimin də dediyi kimi, bizdən də çox neft çıxaran ölkələrin bir-ikisini çıxmaq şərti ilə, heç biri bu qədər irimiqyaslı layihələrdə iştirak etməyiblər. Ona görə bir daha deyirəm, Azərbaycan dövlətini qorumaq hər birimizin şərəfli, müqəddəs vəzifəsidir.
Aparıcı: Hörmətli akademikimiz Ziyad müəllim, Elçin müəllim və eyni zamanda, Bəxtiyar müəllim, maraqlı müzakirədə iştirakınıza görə hər birinizə dərin təşəkkürümü bildirirəm.