Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

 

Kiçik pulun böyük dərdi

 


 

“Dama-dama göl olar, qəpik-qəpik yığılıb ağca manat əmələ gələr”.

N.Vəzirov

 


 

2006-cı ildə Azərbaycan manatının dəyişməsi və dövriyyəyə yeni pul nişanlarının buraxılması ilə kağız pullardan başqa, həm də metal pullar, yəni qəpiklər həyatımıza daxil oldu. Gənc nəsil tərəfindən bu qəpiklər maraqla qarşılansa da, yaşlı nəsil üçün heç də yeni bir şey deyildi. Sovet dövrünü görmüş və ömrünün ən yaddaqalan gənclik çağlarını həmin vaxtlarda keçirmiş bir nəsil üçün bu həm də xoş bir təəssürat idi. Metal əskinaslar da ölkəmiz üçün Sovet dövrü ilə bərabər tarixə qarışmışdı. Onları yenidən görmək isə, bir növ yaşlı nəsildə ötən dövr təəssüratlarını oyadacaq, onlarda gənclik xatirələrini yeniləyəcək incə bir məqam idi. “Bizim vaxtımızda qəpik pullar da vardı” cümləsinə ehtiyac yaratmadan onları yenidən “var” etməklə...
“Qəpiyə güllə atanlar”
Bəs, o qəpiklərdən gələcək nəslə də eyni təəssüratlarla bəhs ediləcək şəkildə düzgün istifadə edilirmi? Hətta, daha dəqiq desək, istifadə edilirmi? Söhbət, təbii ki, dəyəri nisbətən yüksək olan 10, 20 və 50 qəpiklərdən deyil, çoxlarının dükan və marketlərdə pulun qalığı şəklində verilərkən götürməyə çəkindiyi, bəzən isə ümumiyyətlə qaytarılmayan 1, 3 və 5 qəpiklərdən gedir.
Hər il tədavülə kifayət qədər metal əskinaslar buraxılır. Onlar da təbii olaraq alış-veriş prosesində istifadə olunur. Amma necə? Son dövrlərdə, demək olar ki, bütün ticarət müəssisələrinin bir parçasına çevrilmiş olan sonu 90, 95, 98, yaxud da 99-la bitən qiymətlərə hər yerdə rast gəlirik. Qidadan geyimə qədər hər bir sahədə artıq bu cür qiymətlərlə rastlaşmamaq, demək olar ki, qeyri-mümkündür. Ən maraqlısı isə bizim də bu qiymətlərə alışmağımızdır.
Çox zaman 1 və ya 5 qəpik deyə istəməyə çəkindiyimiz, hətta almağa belə utandığımız bu xırda pulların necə mahiyyət daşıdığını öyrənmə ehtiyacı belə duymamışıq. Əminəm ki, bir çoxumuz “3 və ya 5 qəpiyin söhbətinimi edəcəm” deyə düşünməmiş deyilik. Buna görə də əslində itirdiyimiz pulların fərqinə belə varmamışıq. Bəs, təqsir kimdədir: hüquqlarının pozulmasına imkan verən istehlakçılardamı, yoxsa bu hüquqları bilərəkdən pozan qarşı tərəfdəmi?
Pulun qalığımı, yoxsa...?
Əksər hallarda aldığımız hansısa məhsulun 1, 3, 5, yaxud da 10 qəpiklik qalığını almağa gərək belə duymuruq. Çünki kiçik rəqəmlərlə edilən alış-verişlərdən fərqli olaraq, daha böyük qiymətlərdə o kiçik rəqəmlər çox da nəzərə çarpmır.
Lakin o da məlumdur ki, bir çox ticarət müəssisələri də pulun qalığının qaytarılmasında maraqlı deyillər. Ya xırda pul qalıqlarının olmadıqlarını bildirərək ümumiyyətlə qaytarmır, yaxud da əvəzində o dəyərdə olan hansısa məhsulu (kibrit, xırda konfet, apteklərdə yara sarğısı və s.) verərək, yenə də qarşı tərəfə özünün daha bir məhsulunu satmış və ya daha doğru desək, “sırımış” olur. Burada ticarət müəssisəsi yenə də öz xeyrinə addım atmaqla qarşı tərəfin hüquqlarını pozur. Bəs, istehlakçılar bundan xəbərdardırmı? Onların satıcıya 5-10 qəpiklik əskiyi yarandıqda güzəştə gedilirmi? Təbii ki, istisnalar mövcuddur. Lakin bəzən də 5-10 qəpik üçün daha böyük pulların xırdalanması ehtiyacı yaranır.
“Məhsul əslində ucuzmuş”
təəssüratı yaradılır
Ən böyük problemlərdən biri isə sonu 99-la bitən qiymətlərdir. Daha çox rastlaşmağımıza baxmayaraq, gözümüzə çox bəsit görünən 1 qəpiklər əslində özlüyündə daha böyük rəqəmləri gizlədir. Belə qiymət siyasəti ilə insanların şüuraltına təsir edir, mövcud məhsulun sadəcə 1 qəpiklə fərqlənən daha əvvəlki sayını göstərməklə “məhsul əslində ucuzmuş” təəssüratı yaradırlar. Yəni, 1,99 AZN göstərildiyi halda, məhsul əslində 2 AZN-ə, 2,99 göstərilib 3-ə, 3,99 göstərilib 4-ə, 9,99 göstərilib 10-a və s. qiymətlərlə satılır. Bu, eyni zamanda, sonu 24, 53, 68, 72, 95 və s. kimi rəqəmlərlə bitən qiymətlərə də aiddir.
Biz etiketə baxdıqda ilk olaraq başdakı tam rəqəmi görürük. Aradakı 1, 5, ya 10 qəpik isə əsl qiyməti görməyimizi çətinləşdirir. Daha böyük rəqəmlərdə də eynilə 1 manatla yüz, bəzən də minlik məbləğlərdən söhbət gedir. Məsələn, hər hansı televizorun qiyməti 599 AZN olaraq qeyd edildiyində bizdə avtomatik olaraq onun 600 deyil də, 500-lə satıldığı təəssüratı yaranır, əslində isə arada sadəcə 1 manat fərqin olduğunu hiss etmirik. Bu cür qiymət siyasəti isə istehlakçını məhsulun ucuz olması düçüncəsi ilə aldadaraq, onun hüquqlarını pozmuş olur.
Xırda pullar niyə sevilmir?
Hər alış-verişdə itirdiyimiz 1, 3, yaxud 5 qəpiyin dəyərini bilməməyimizin əsas səbəblərindən biri də istehlakçıya qaytarılmalı olan həmin pulların tədavüldə olmasına baxmayaraq, bazarda, həqiqətən, bu qiymətə hansısa məhsul və ya xidmətin olmamasıdır. Beləliklə istehlakçı öz büdcəsindən itirir və itirdiyini bərpa edəcək bir məhsul əldə edə bilməyərək, demək olar ki, iki dəfə zərər çəkmiş olur. Təbii ki, burada istehlakçıların da laqeyd davranışı az rol oynamır. Çünki onlar pulun qalığında təkidli olsalar, belə itkilər də aradan qalxar. İstehlakçıların laqeydliyinə diqqət çəkən iqtisadçı ekspert Samir Əliyev isə bunun yalnız bazarda həmin qiymətə çox da məhsul olmaması ilə deyil, bəzən çox maraqlı digər səbəblərlə də bağlı olduğunu bildirir. Belə ki, insanların bir qismi cibində və ya pul qabında xırda qəpiklərin olmasını, demək olar ki, xoşlamır, ona görə də verilən xırda qəpikləri götürmək istəmirlər. Başqa bir qismi isə, qəribə görünsə də, 10, 20 və 50 qəpiklərlə müqayisədə 1, 3 və 5 qəpiklərin rəngini psixoloji olaraq qəbul edə bilmir və necə deyərlər, bu qəpiklərdən “qaçırlar”.
Qəpiklərlə bağlı problemdən yalnız alıcılar deyil, bəzən satıcılar da şikayətlənir, qaytarılacaq o qədər xırda pulun olmadığını bildirirlər. Samir Əliyev isə bildirir ki, ölkədə tədavülə kifayət qədər xırda pul buraxılsa da, qiymət miqyası ilə əlaqədar müəyyən çatışmazlıqlar yarana bilər. Lakin bu göstərici də alış-veriş prosesində pulun qalığının qaytarılmamasına əsas vermir. Deməli, bir çox ticarət müəssisələri özləri həmin pullardan istifadədə maraqlı deyillər və bilərəkdən istehlakçı hüquqlarını pozurlar.
Vergidən yayındırılan məbləğlər
Əslində sirkulyasiyası böyük olan supermarketlərdə qaytarılmayan qalıq qəpiklərə nəzər yetirdikdə, qeydə alınmayan və vergidən yayındırılmaqla obyekt sahibinin cibinə axan ciddi bir məbləğlə qarşılaşırıq. Nəzərə alsaq ki, bir gündə mağazaya kifayət qədər insan daxil olur, üst-üstə yığılan həmin qəpiklərin heç də az olmadığını görərik.
Təsəvvür edək ki, altı kassalı hər hansı bir supermarketdə hər kassadan gündə azı 50 insan keçir və hər keçən şəxs 1 qəpiyini götürmür. Beləliklə, bir kassada gün ərzində 0,50, altı kassada isə 3 AZN pul yığılır. Bu qalıqlar eyni hesabla toplandıqda ay ərzində 90 AZN, ildə isə 1080 AZN edir. Nəzərə alsaq ki, bu supermarketin də müxtəlif yerlərdə beş şöbəsi fəaliyyət göstərir, onda bu rəqəm il ərzində 5400 AZN-ə bərabər olur. Bu, sadəcə bir market və yalnız 1 qəpik üçün hesablanmış məbləğdir. Nəzərə alsaq ki, geri alınmayan 3, 5, hətta 10 qəpiklər var, deməli cibimizdən “ruhumuz belə duymadan” çıxarılan və başqa birinin büdcəsinə qanunsuz olaraq yığılan daha böyük rəqəmlərdən söhbət gedir. Maraqlı cəhət budur ki, bəzən hətta qəpiyin qalığını istədikdə oradakı bəzi işçilərin təəccüblü, hətta kinayəli baxışları ilə də rastlaşırsan. Bu, özü də istehlakçı hüquqlarının pozulması deməkdir.
Çıxış yolu isə...
Yuxarıda hər hansı müəssisənin timsalında yığılan xırda qəpiklərdən əldə edilən qazancı qeyd etdik. Bir ailəninsə il boyunca etdiyi alış-verişdə qalıq olaraq almadığı qəpiklərdən itirdiyi məbləğ yığıldıqda boşa gedən pulun ümumi miqdarı təxminən 100 AZN-i keçir. Çünki qaytarılmayan və ya götürməyə çəkindiyimiz qəpiklər 1, 2, 3, 4, 5 və s. ola bilir. Aylıq 1000 manatlıq alış-veriş edən bir neçə ailə ayda 10-15 manatını almır ki, bu da nəticədə qeyd etdiyimiz rəqəmə gəlib çıxır.
Ölkə daxilində, eyni zamanda xaricində internet üzərindən alış-verişə şərait yaradan və nağdsız ödəniş etməklə bizi nağd pul gəzdirmək məcburiyyətindən xilas edən plastik kartlar həm də bu cür itkilərə yol verilməsinin də qarşısını almış olur. Çünki plastik kartlarla alış-veriş etdikdə, kassada məbləğ də konkret olaraq çıxılır və heç bir itkiyə yol verilmir.
Alış-verişlərin çox olduğu yerlərdə sahibkarların lehinə, istehlakçıların isə əleyhinə olan bu cür rəqəmlərlə ən əlverişli mübarizə vasitələrindən biri də pulun tam istənilməsi və ödənilməsidir. Eyni zamanda, istehlakçıların bu cür rəqəmlərə aldanıb alış-veriş “dəlisinə” çevrilmələri də bəzən çoxlu sayda lazımsız malların alınması və daha çox itki ilə nəticələnir. İstehlakçılar bu rəqəmlərə aldanmayaraq, hətta mümkünsə rəqəmi daha yuxarı rəqəmə yuvarlayaraq qiyməti nəzərə almalıdırlar. Həmçinin, istehlakçılar pulun qalığında təkidli olmalı, qəpikləri bəyənməzlik etməməlidirlər ki, bu, dini baxımdan da düzgün deyil:
“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşman olarsan!” (Qurani-Kərim, İsra surəsi, 29-cu ayə)
Bu yazını yazarkən ətrafımda olan insanların da fikirləri ilə tanış olub, onların məsələyə münasibətini öyrənmək istədim. Xırda pullarla bağlı qiymət siyasətinin bir çoxlarının düşündüyümdən də böyük probleminə çevrildiyini gördüm. Necə deyərlər, bu haqda yazmağım lap ürəklərindən oldu. Görünür, “dama-dama göl olar” məsəlindən kifayət qədər öz xeyirlərinə yararlananlar çox kiçik bir vasitədən belə istifadə edərək, insanların cibinə girir, həm onların hüquqlarını, həm də qanunları pozmaqdan çəkinmirlər. Çox istərdim ki, insanlar özləri bu sahədə hüquqlarını dərk etsinlər və pozulmasına yol verməsinlər.

 

 

Mətanət Hüseynova