Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür **** «Şərq tərəfdaşlığı» çərçivəsində ölkəmizi daha yaxından tanıtdıraq ****
Qəzetin çap variantları
18-24 oktyabr 2018-ci il
42 (1037)
18-24 oktyabr 2018-ci il
42 (1037)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tərtər rayonu: bütün uğurların təməlində idarəetmənin düzgün təşkili dayanır

 

Azərbaycanın mənfur qonşumuz Ermənistan tərəfindən məruz qaldığı işğalçılıq siyasəti nəticəsində 25 ildən artıqdır ki, sərhəd bölgələrində yerləşən rayonlarının, yaşayış məntəqələrinin rahatlığı pozulmuşdur. Burada yaşayan insanların qulaqları hər gün atəş səsləri eşidir, mərmilərdən evlər dağıdılır, insanlar məhv edilir, təsərrüfatlara böyük ziyan vurulur. Dünya Birliyinin bu ədalətsizliyə göstərdiyi susqunluq davam edir. Düşmənlə üz-üzə dayanan rayonlarımızdan biri də Tərtər rayonudur. Bütün ağrı-acılara, itkilərə, çətinliklərə rəğmən, rayonda həyat qaynayır. Yeni evlər tikilir, qəsəbələr salınır, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır, kənd təsərrüfatı inkişaf etdirilir, iqtisadiyyat möhkəmlənir, sahibkarlıq fəaliyyəti genişləndirilir. Tərtər rayonuna hər səfərimiz zamanı burada yaşanan coşqu və qələbəliyi görüb məmnunluq hissləri keçiririk və bir daha inanırıq ki, torpaqlarımızı tez-gec geri qaytaracağıq.
Tərtər rayonunun nə az, nə çox uzunluğu 47 kilometr olan ərazisi düşmənlə təmasdadır. Tərtər həm də iri kənd təsərrüfatı rayonudur. Tərtər sərhəd bölgəsində yerləşdiyinə görə qayğı və problemləri birə-beş qat çoxdur. Lakin bütün problemlər gecikmədən, ləngimədən öz həllini tapır.
İqtisadi və sosial sahədə inkişafı ifadə edən rəqəmləri təhlil etdikdə ilk andaca görünür ki, rayon bütün sahələr üzrə dinamik inkişaf etmiş, tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, onlarla inzibati, səhiyyə, təhsil, mədəniyyət obyektləri tikilmiş və əsaslı təmir edilmiş, rayon mərkəzi, kəndlər, qəsəbələr öz simasını köklü şəkildə dəyişmişdir.
Rəqəmlərin miqyası, nəticələrin təhlili, inkişafın dinamikası müsbət tendensiyanın davamlı və dayanıqlı olacağından xəbər verir. 2017-ci ildə rayonda ümumməhsul buraxılışının həcmi 254,1 milyon manat olmuş, əvvəlki ilə nisbətən 28,4 faiz artmışdır. Sənaye məhsulunun həcmi 3,3 faiz artaraq 12 milyon 372 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 10,3 faiz artaraq 61 milyon 908,1 min manata çatmışdır.
Keçən il 119 milyon 182 min manatlıq əsas fondlar istifadəyə verilmiş, əsas kapitala yönəldilən investisiyaların həcmi 140 milyon 228,3 min manat olmuşdur. Bunun 87,9 faizi və ya 123 milyon 295,5 min manatı tikinti-quraşdırma işlərinə yönəlmişdir. Əvvəlki ilə nisbətən investisiyaların həcmi 80,5, tikinti-quraşdırma işləri 60,8 faiz artmışdır. Rayonda 1309 daimi olmaqla, 5000 yeni iş yeri açılmışdır.
2017-ci il hər bir Tərtər sakini üçün unudulmaz il olmuşdur. Çünki keçən ilin noyabr ayının 28-də rayona səfər edən Prezident İlham Əliyev elə həmin gün 24 min nəfər əhalinin yaşadığı, 20 yaşayış məntəqəsini birləşdirən Tərtər-Seydimli, Qarabağlı-Sarov avtomobil yolunun, Tarix-Diyarşünaslıq Muzeyinin, 1170 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin açılışında iştirak etmiş, Tərtər rayonunun ictimaiyyətinin nümayəndələri, məcburi köçkünlərlə görüşmüşdür. Cənab Prezident İlham Əliyev Tərtər rayonu haqqında danışarkən demişdir: «Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində xüsusi rol oynamışlar».
2017-ci ildə də «2014-2018-ci illərdə respublika regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası uğurla davam etdirilmişdir. Yuxarıda da deyildiyi kimi, rayonda abadlıq-quruculuq işləri bir an belə səngiməmiş, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və sərəncamlarına uyğun olaraq Tərtər şəhərində 42 çoxmənzilli yaşayış binası, o cümlədən həyətlər təmir edilmiş, asfalt örtüyü, yaşıllıq zolaqları, çəmənliklər salınmışdır. Bu işlərin görülməsinə 200-dən artıq rayon sakini cəlb edilmişdir. Şəhərin Heydər Əliyev prospektində müasir standartlar səviyyəsində Tərtər-Diyarşünaslıq Muzeyi, Təhsil Nazirliyinin xətti ilə müasir tipli Bayandur ibtidai məktəbi tikilib istifadəyə verilmişdir. Poladlı kənd əsas məktəbinin tikintisi, 6 saylı tam orta və Qəzyan kənd ümumi orta məktəblərinin əsaslı təmiri davam etdirilir.
«Azəravtoyol» ASC Sarov ərazisində yeni körpünü tikib istifadəyə vermiş, Tərtər-Seydimli-Qaradağlı-Sarov yolunun yenidən qurulması tam başa çatdırılmışdır.
Tərtər şəhərinin 17 küçəsində ümumi uzunluğu 8,6 kilometr olan yollara asfalt-beton örtüyü salınmışdır. Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsinə yaşadıqları həyətlərində fərdi yaşayış evləri tikilib təhvil verilmişdir. Şıxarx kəndi ərazisində «Marağa-150» tarixi abidə kompleksinin ətrafında abadlıq işləri görülmüşdür. Cənab prezidentin sərəncamına müvafiq olaraq, 2017-ci ildə 11 kəndin içməli su ilə təminatı layihəsi başa çatdırılmışdır. Ekoloji və bioloji tarazlığın qorunması üçün yaşıllaşdırma tədbirləri diqqət mərkəzində saxlanılır. Rayon mərkəzində, kəndlərdə və yol kənarlarında, eləcə də meşə zolaqlarında 40 mindən çox müxtəlif ağac, 1,5 milyon həmişəyaşıl və 10 min gül kolları əkilmişdir.
Tikinti-quruculuq və abadlıq işləri sahəsində çox tədbirlər görülsə də, bu tərtərliləri arxayın salmır. 2018-ci ildə də görüləcək işlər az olmayacaq. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2017-ci il tarixli sərəncamı ilə ayrılan 3 milyon manat vəsait hesabına 20 çoxmənzilli binanın əsaslı təmiri və abadlıq-quruculuq işləri başa çatdırılacaqdır.
Tərtər çayı sahilində 5 hektar ərazidə parkın tikintisi, Heydər Əliyev prospektində Bayraq Muzeyinin, Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının, Olimpiya İdman Kompleksinin, 200 nəfərin işləyəcəyi xalçaçılıq sexinin, Tərtər Su-Kanal İdarəsinin inzibati binasının, 100 nəfərlik körpələr evi-uşaq bağçasının tikintisi bu ilin sonunacan başa çatdırılacaq. «Azəravtoyol» ASC-nin xətti ilə Tərtər-Quzanlı magistral yolunun, Buruc-Gülbəndi-Xoruzlu-Bayandur-Qaradağlı kəndarası avtomobil yolunun əsaslı təmiri, Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi layihəsinin davamı olaraq təmizləyici qurğunun tikintisi və 5 kəndin içməli su ilə təminatı layihəsinin icrası nəzərdə tutulmuşdur. Yeni yaradılan bütün bu infrastruktur obyektləri azad sahibkarlığın və liberal iqtisadiyyatın yüksələn xətt ilə inkişafına böyük təkan vermişdir. Dövlət tərəfindən sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, hazırda rayonda sahibkarlıqla məşğul olanların sayı artaraq 4030 nəfərə çatmışdır.
Hazırda kənd təsərrüfatı məhsullarının hamısı, sənaye məhsullarının isə böyük hissəsi özəl sektorda formalaşır.
Sahibkarlığa kömək Milli Fondu 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalına görə 27 sahibkarlıq subyektinə 312 min manat güzəştli kredit vermişdir.
Artıq deyildiyi kimi, Tərtər rayonunun iqtisadiyyatının əsasını aqrar bölmə təşkil edir. Odur ki, rayonda bu sektorun inkişafı üstün mövqeyə çıxarılmışdır. Bu gün aqrar sahəni yeni texnologiyalar üzərində qurmaq sahibkarlar zümrəsinin qarşısında duran əsas vəzifələrdəndir.
2017-ci ilə gəlincə, bu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26,4 min hektar təşkil etmişdir. Bunun 9843,2 hektarını dənli və paxlalı, 6317 hektarını texniki bitkilər təşkil etmişdir. Keçən il 6909 hektardan 26431 ton buğda, 260 hektardan 8150 ton arpa istehsal olunmuşdur.
Dənli və paxlalı bitkilərin hər hektarının orta məhsuldarlığı 36,7 sentner, o cümlədən buğdanın məhsuldarlığı 38,3 sentner təşkil etmiş, 2016-cı ilə nisbətən dənli və paxlalı bitkilərin məhsuldarlığı 2,5 sentner artmışdır. Bu da respublikanın orta göstəricisindən 6,9 sentner çoxdur. Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, pambıqçılığın inkişaf etdirilməsi, onun əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Həyata keçirilən tədbirlər öz bəhrəsini vermişdir. Belə ki, rayonda 3123 hektar sahədə pambıq əkini aparılmış, əvvəlki ilə nisbətən əkin sahələrinin həcmi 3 dəfə artırılmışdır. İl ərzində 8420 ton pambıq tədarük edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 3,6 dəfə çoxdur. Hər hektarın məhsuldarlığı 22 sentner təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 4,5 sentner çoxdur. Tərtər rayonu hər hektarın orta məhsuldarlığına görə respublika üzrə birinci yerdədir. İstər pambıq, istərsə də digər bitkilərin becərilməsi yüksək aqrotexniki qaydalara uyğun şəkildə aparılmışdır. Məhz bunun nəticəsidir ki, 1541 hektar sahədən 15728 ton şəkər çuğunduru təhvil verilmiş, əvvəlki ilə nisbətən məhsuldarlıq 15,6 faiz artmışdır. Hər hektarın məhsuldarlığı 42,6 ton olmuşdur.
2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur.
Kümçülər 4610 kiloqram barama istehsal etmişlər ki, bu da 2016-cı illə müqayisədə 4,8 dəfə çoxdur. Son iki ildə rayon ərazisində 124 min ədəd tut tingi əkilmişdir ki, bunun da 70 mini Çin Xalq Respublikasından gətirilmişdir.
Hazırda Tərtər rayonunda 27367 baş iri mal-qara, 66351 baş davar vardır. Ötən illə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 7,5 faiz, yumurta istehsalı isə 1,7 faiz artmışdır. Yuxarıda sadalanan hər bir rəqəmin arxasında insan zəhməti, insan əzmi dayanır. Hər bir işin uğuru onun möhkəm təməl üzərində qurulmasından asılıdır. Ulu öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən yaradılan mükəmməl dövlətçilik modeli bu təməlin sütunlarıdır.
Tərtər rayonunda idarəetmə mexanizmi yüksək meyarlara söykənir. Bu gün rayonda bütün məsələlər kompleks şəkildə həll edilir. Söhbət sosial-iqtisadi, mədəni, ekoloji, azad sahibkarlıq, liberal iqtisadiyyat və digər problemlərin paralel şəkildə, bir-biri ilə üzvi vəhdətdə həll edilməsindən gedir. Bir sahənin inkişaf etdirilib, digər sahənin ləngiməsi sonucda heç bir səmərə verə bilməz. Bu mənada Tərtər rayonunda işlər rəvan gedir, qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilir.

 

Zülfü İLYASOV,
bölgə müxbiri