Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

"Əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir"

 

Son 14 il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Bütün sahələrdə ölkəmiz böyük uğurlara imza atmışdır. Azərbaycanın beynəlxalq nüfuzu artdı. Ölkəmizdə aparılan siyasi-iqtisadi islahatlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycan qabaqcıl yerlərdədir. Ölkəmizdə təhlükəsizlik təmin edilir, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir. Sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, in­kişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Bu, hə­qi­qətdir və yaxın tarixin nəticələri, bölgəmizdə yaşanan böhranlı vəziyyət bunu təsdiqləyir. Mən dəfələrlə demişəm, bir də demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır və eyni za­manda, bizim əsas strateji məq­sə­dimiz, hədəfimiz ölkəmizi da­ha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir.

İlham Əliyev


 

 

Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respub­likası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi in­kişafı Dövlət Proqramı”nın ic­rasının dördüncü ilinin yekunları­na həsr olunan konfrans keçirilib. Konfransda Prezident İlham Əliyev çıxış edərək, ölkənin yaxın, orta və uzaq perspektivdə strateji fəaliyyət proqramları barədə ətraflı məlumat vermiş, regionların son 14 ildə əldə etdiyi uğurlara toxunmuş və qarşıda duran vəzifələri təhlil etmişdir. Bununla əlaqədar olaraq yanvarın 30-da «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC (AzTV) Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadəni və iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovu “Günün nəbzi” verilişinə dəvət edərək, onlarla fikir mübadiləsi aparmışdır. Həmin müzakirəni oxucularımızın diqqətinə çatdırırıq.
Aparıcı Rövşən Raqif oğlu: - Ziyad müəllim, biz cənab prezidentin çıxışından bir fraqmentə baxdıq. Dövlət başçısı regionların inkişafına toxundu, Azərbaycanın davamlı inkişafını şərtləndirən əsas amilləri qeyd etdi, xalq-iqtidar, xalq-dövlət, xalq-lider birliyi və davamlı sabitliyin qorunması istiqamətində atılan addımlar barədə danışdı. Biz də bu barədə fikir mübadiləsi aparacağıq, amma öncə istərdim ki, bir vətəndaş, akademik, elm adamı və iqtisadçı kimi dünənki konfransın əhəmiyyəti ilə bağlı sizin fikirlərinizi eşidək. Konfrans sizin üçün hansı mühüm məqamlarla xarakterizə oluna bilər?
Ziyad Səmədzadə: Əvvəla, çox təşəkkür edirəm ki, belə bir mövzu ilə əlaqədar olaraq dəvət olunmuşuq.
Konfransa mənim tək qiymət verməyim çox çətindir, amma onu deyə bilərəm ki, bu konfransda cənab prezident tərəfindən qaldırılan məsələlər, hökumətə, hökumət strukturlarına, sahibkarlara, bütövlükdə, Azərbaycan xalqına edilən tövsiyələr tarixi, fundamental xarakter daşıyır.
Fikir verdinizmi, cənab prezident çıxışında dedi ki, iqtisadi inkişaf və həmrəylik - bu iki məfhum, bu iki ciddi proses arasında əlaqənin tapılması Azərbaycan xalqının ən böyük nailiyyətidir. Sabitliyimiz var, dünya miqyasında siyasi nüfuzumuz artıb, ölkədə həyata keçirilən bütün layihələr xalqın və dövlətin milli maraqları baxımından çox əhəmiyyətlidir. Dünənki konfransda cənab prezident çox geniş və lazımlı məsələlərə toxundu, onların hər biri Azərbaycan xalqının, Azərbaycan dövlətinin inkişafına, Azərbaycan xalqının yaşayışının daha da yaxşı olmasına, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına kömək edə­cək. Çünki orada qaldırılan məsələlər - istər beynəlxalq aləm­də əldə etdiyi uğurlarsahəsin­də, istər ölkənin infrastruktur layihələri, həyata keçirilən iqtisadi islahatların nəticələri, istərsə də Azərbaycan xalqının güzəranı baxımından, demoqrafik inkişafla iqtisadi inkişaf arasında əlaqə, ölkənin idxal-ixrac proseslərinin təhlili və s. məsələlər çox zəngin, konkret materiallar əsasında təhlil olundu.
Aparıcı: Faktiki olaraq bütün istiqamətlər üzrə ölkənin inkişaf strategiyası təhlil olundu.
Ziyad Səmədzadə: Bəli. Bu ma­teriallar, orada verilən tövsiyələr bütün hökumət strukturları üçün, sözün əsl mənasında, gələcək fəaliyyət proqramıdır. Hər bir struktur orada öz fəaliyyətinin hansı istiqamətlərdə inkişaf etdiyini gördü. Ona görə mən dünənki konfransla əlaqədar ola­raq bəzi cəhətləri də qeyd edə­cəyəm. Bütövlükdə, regional inkişaf nə deməkdir? Regional inkişaf dövlətin iqtisadi siyasətinin bir hissəsidir. Lakin onun fərqli cəhəti ondan ibarətdir ki, o, bütövlükdə ölkədə həyata keçirilən iqtisadi islahatların bütün istiqamətləri ilə əlaqədardır.
Aparıcı: Ziyad müəllim, yəqin, razılaşarsınız ki, əslində ölkənin inkişaf göstəricisi məhz regionların inkişafı ilə müəyyən olunur.
Ziyad Səmədzadə: Ölkələr var ki, əsas mərkəzi rayonunda ölkə potensialının 90-95 faizi cəmlənir, o ölkə heç vaxt xoşbəxt ola bilməz. Regionlar isə qalır bir kənarda. Cənab prezidentin 2004-cü ildən elan etdiyi regional inkişaf proqramlarında nəzərdə tutulan bütün fikirlər həyata keçirilir. Ona görə mən hesab edirəm ki, bu, tarixi bir konfrans oldu. On dörd il bundan qabaq deyilən fikirlər var idi, amma, eyni zamanda, dünənki konfransda bu on dörd ildə əldə edilən uğurlar, çox sanballı şəkildə ümumiləşdirildi və Azərbaycan xalqına çatdırıldı.
Aparıcı: Mən cənab prezidentdən bir sitatı qeyd etmək istərdim. Sahib müəllim, dövlət başçısı bildirdi ki, mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə Azərbaycan regionlarının problemləri ilə məşğul olacağam və söz vermişdim ki, Azərbaycan regionlarında sosial-iqtisadi inkişaf sürətlə gedəcək. Son on dörd il ərzindəki reallıqlar bunu göstərir ki, verilən bütün vədlər artıqlaması ilə yerinə yetirildi. Bax, həmin reallıqlar konkret olaraq nədən ibarətdir və indiyə qədər, qeyd etdiyimiz kimi, regionların inkişafı ilə bağlı üç proqram həyata keçirilib, dördüncü proqram artıq başlamaq üzrədir. Bu proqramlar Azərbaycan regionlarının inkişafında nə kimi mühüm önəm kəsb etdi, Azərbaycan regionlarının inkişafına öz töhfələrini necə verdi? Bu sualların cavabını cənab prezident hər bir detalı ilə qeyd etdi və biz verilişimiz ərzində bu məqamlara toxunacağıq. Amma sizin də fikirlərinizi eşitmək istərdik. Buyurun.
Sahib Məmmədov: Bəli, Rövşən müəllim, qeyd etmək istərdim ki, regionların inkişafı cənab prezidentin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının əsas tərkib hissələrindən biridir. Regionların inkişafı sahəsində 2004-cü ildən etibarən görülən işlər, xüsusilə, cənab prezident tərəfindən qəbul edilmiş üç Dövlət Proqra­mı – 2004-2008, 2009-2013 və hal-hazırda icra prosesində olan 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının icrası nəticəsində regionlarımız, sözün əsl mənasında, yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Regional inkişaf sahəsində həyata keçirilən kompleks tədbirlər, xüsusilə regionların infrastrukturunun yenidən qurulması - burada həm fiziki, həm də sosial infrastrukturdan söhbət gedir - yol-nəqliyyat infrastrukturu, elek­trik təchizatı, qaz təchizatı, su təchizatı, meliorasiya, sosial infrastruktur – təhsil, səhiyyə, mə­dəniyyət, idman sahələrində görülən işlər, xüsusilə sənayenin, kənd təsərrüfatının, turizmin inki­şafı sahəsində, sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər bu gün öz nəticəsini verməkdədir və bu görülən işlər statistik göstəricilərdə də öz əksini tapmışdır. Diqqət yetirsək, görərik ki, dünya iqtisadiyyatında çətin proseslərin baş verməsinə, iqtisadi şokların dünya ölkələrinin iqtisadiyyatına təsir etməsinə baxmayaraq, 2017-ci ildə görülmüş işlərin nəticəsi olaraq ümumi daxili məhsulda artım qeydə alındı. Təbii ki, Azərbaycan iqtisadiyyatı da dünya iqtisadiyyatının bir parçasıdır və bu şoklar Azərbaycan iqtisadiyyatından da yan keçməmişdir. Lakin cənab prezidentin həyata keçirdiyi bu məqsədyönlü iqtisadi siyasət, çevik iqtisadi mexanizmlərin tətbiqi ölkə iqtisadiyyatının bu şoklara dayanıqlıq göstərməsinə şərait yaratmışdır. Statistik göstəricilər müsbətdir, xüsusilə qeyri-neft sektorunun payı ümumi daxili məhsulda 2017-ci ildə 2,7 faiz, qeyri-neft sənayesi 3,7 faiz, qeyri-neft ixracı 24,4 faiz, kənd təsərrüfatı 4,2 faiz, əhalinin gəlirləri 8,3 faiz artmışdır. Valyuta ehtiyatlarımız da 42 milyard dollar təşkil edir. Bu günə qədər ölkə iqtisadiyyatına qoyulan investisiyalar 231 milyard dollar təşkil etmişdir, yəni bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkədə həyata keçirilən iqtisadi siyasət geniş, dərin, elmi təhlilə söykənir və beynəlxalq təcrübədə tətbiq olunan, sınaqdan keçmiş mexanizmlər ölkəmizdə tətbiq olunur ki, bunun da nəticəsində ölkə iqtisadiyyatında artım müşahidə edilir. Onu da nəzərə almalıyıq ki, cənab prezidentin qeyd etdiyi kimi, 2017-ci il ölkə iqtisadiyyatında bir sabitləşmə dövrü oldu. 2018-ci ildən isə artıq iqtisadi inkişaf proqnozlaşdırılır və əlbəttə, görülən bütün işlər, yaradılmış fundament artıq bunu deməyə əsas verir ki, 2018-ci ildə iqtisadi inkişaf daha da sürətlə gedəcək və bunun üçün iqtisadiyyatın bütün sahələrində, xüsusilə regionların tarazlı və davamlı sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər güclü zəmin yaradır.
Biz onu da qeyd etməliyik ki, bu üç proqramın icrası daim cənab prezidentin diqqət mərkəzində olmuşdur. Ənənəvi olaraq, hər il proqramın icrasının yekunlarına dair cənab prezidentin sədrliyi ilə konfranslar keçirilir və bu proqramların icrasına yerlərdə nəzarət olunur, daim cənab prezident mütəmadi olaraq regionlara səfər edir. 2017-ci ildə 30-dan artıq səfər etmişdir, 150-dək obyektlə tanış olmuşdur,74 əlavə sərəncam imzalamışdır ki, bununla da 368 milyon manat bu proqramların icrasına yönəldilmişdir. Bütövlükdə, 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat investisiya yönəldilmişdir. Əlbəttə, bu sərəncamlar, vəsaitin ayrılması proqramda nəzərdə tutulan tədbirlərin icrasının sürətləndirilməsinə töhfə vermişdir. Dövlət proqramlarının əsas prioritetlərindən biri də sahibkarlığın inkişafıdır. Məhz sahibkarlığın inkişafı ilə bağlı görülmüş işlər, xüsusən regionlarda sahibkarlar ordusunun genişləndirilməsi, özəl sektorun ümumi daxili məhsulda payının artması regionlarda iqtisadi aktivliyin artmasına gətirib çıxarır.
Aparıcı: Sahib müəllim, faktiki olaraq bu konfransda cənab prezident sahibkarlara daha çox çağırışlar etdi, biz bu barədə fikir mübadiləsi aparacağıq. Dövlət başçısı Azərbaycanın daxili bazarında daha çox tələbat və boşluqlar olan sahələr barədə sahibkarlara ətraflı məlumat verdi. Dövlət başçısı hesabat xarakterli çıxışında xüsusi olaraq on dörd il ərzində qazanılan uğurlardan danışdı - ölkəmizdə 30 elektrik stansiyası tikilib, bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. Qazlaşdırma 93 faizə çatıb, bütün şəhərlərimiz qazla yüz faiz təmin edilib, ölkə üzrə fasiləsiz içməli su ilə təminat 67 faizə çatıb, bu, Bakı şəhərində 81 faiz, bölgələrdə isə 43 faizdir. Dörd su anbarı tikilib, bu, Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarlarıdır. 12 300 km yol çəkilib, 443 körpü tikilib, iqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye sahəsi 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracımız 4,1 dəfə artıb, valyuta ehtiyatlarımız isə 23 dəfə artaraq 42 milyard dollara bərabər olub. Dövlət başçısı bir mühüm məqama da toxundu. Ziyad müəllim, istərdim həmin məqamla bağlı sizin fikirlərinizi eşidək. Cənab prezident bildirdi ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə Azərbaycan lider ölkələrdəndir və bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. Bunun nə demək olduğunu iqtisadçılar çox gözəl bilir. Məsələnin mahiyyətini istərdik sizdən eşidək.
Ziyad Səmədzadə: Çox maraqlı məsələdir, çünki hər bir ölkənin qloballaşan dünyada normal fəaliyyəti üçün risklərdən qorunması lazımdır. Ölkənin qloballaşan və təlatümlü dünyada normal fəaliyyətini qorumaq üçün Azərbaycan dövləti düşünülmüş siyasət qəbul etdi. 1999-cu ildə Heydər Əliyev bilirdi ki, neftin satışından Azərbaycan dövlətinə neft gəlirləri daxil olacaq. Onlardan səmərəli istifadə etmək, onların şəffaflığını artırmaq üçün Dövlət Neft Fondu yaradıldı. Bu valyuta ehtiyatlarının əsas hissəsi Neft Fondunda cəmləşdirildi. Dünyada neftin qiymətinin təlatüm etməsinə, hətta iki dəfə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın düşünülmüş siyasəti, cənab prezidentin bu işi nəzarətə götürməsi imkan verdi ki, biz çətinliklərin artdığı bir şəraitdə valyuta ehtiyatlarımızı artırırıq. Azərbaycanın 2004-cü ildə 1,3 milyard valyuta ehtiyatı var idi. Azərbaycan “Əsrin müqaviləsi”ni imzalayanda bizim heç valyuta ehtiyatımız yox idi və çoxları inanmırdılar ki, Azərbaycana bu qədər investisiya gələcək.
Aparıcı: Hətta, Ziyad müəllim, deyirdilər ki, “holland sindromu” baş verəcək.
Ziyad Səmədzadə: Bəli, hətta son vaxtlara qədər də bizə deyirdilər ki, “lənətlənən neft dolları” Azərbaycana gəldi, istifadə olunmadı və s. Dünən cənab prezidentin o konfransda gətirdiyi statistik rəqəmlər Azərbaycanda aparılan iqtisadi inkişaf strategiyasının çox böyük nəticələrini göstərdi. Bu gün bizim valyuta ehtiyatlarımız 42 milyardı ötür və belə gedərsə, ilin axırında bu rəqəm daha da çox olacaq. Bu artım bizim xarici borcdan 6 dəfə çoxdur, kifayət qədər böyük rəqəmdir. Əlbəttə, onun səmərəli istifadə olunması dövlət başçısı tərəfindən düzgün qiymətləndirilir və deyilir ki, biz xaricdən borc almalıyıq, xarici kreditlərdən istifadə etməliyik, çünki qloballaşan dünyada kifayət qədər inkişaf etmiş ölkələr var ki, onların elmi nailiyyətlərindən biz istifadə etməliyik, sənayemizin strukturunu təkmilləşdirməliyik, emal sənayesinin ixrac potensialını artırmalıyıq, dünyaya daha elmtutumlu məhsullar ixrac etməliyik.
Sahib müəllimin də qeyd etdiyi kimi, cənab prezident bu infrastruktur layihələrindən danışarkən, valyuta ehtiyatları ilə bilavasitə əlaqədar olan energetikanı xüsusi olaraq qeyd etdi. Elektrik enerjisinin istehsalı artıb, yeni stansiyalar tikilir.Bəli,elektrik enerjisinin sahə ərazi quruluşunda böyük dəyişikliklər baş verəcək. Bu gün elektrik enerjisinin sahə quruluşunun, ərazi quruluşunun təkmilləşməsinə ehtiyac var. Çünki biz yeni sənaye müəssisələri, elmtutumlu sahələr yaradacağıq, müasir avadanlıqlar, texnologiyalar gətiriləcək, kənd təsərrüfatının mexanikləşmə səviyyəsi artacaq, iri aqroparklar yaradılacaq ki, bununla da elektrik enerjisinə tələbat artacaq. Ona görə də cənab prezidentin elektrik enerjisi istehsalını artırmaq istiqamətində müəyyən etdiyi strategiya çox düzgündür.
Biz bu gün ixrac edirik. Bu meyli saxlamaq üçün gələcəkdə də Azərbaycanın elektrik enerji balansı daha da güclənməlidir, daha müsbət olmalıdır. Çünki bu avadanlıqların çoxu xaricdən alınır, onlara da valyuta ehtiyatları lazımdır.
Ümumiləşdirərək onu deyə bilərəm ki, Azərbaycan dövlətinin bu sahədə apardığı siyasət valyuta ehtiyatlarından səmərəli istifadə olunmasına, onların müasir texnologiyalara sərf edilməsinə, eyni zamanda, ixrac potensialımızın, onun strukturunun təkmilləşməsinə də müsbət təsir göstərəcəkdir. Biz tədiyyə balansımızı, ixrac, idxal balansımızı təhlil etməliyik, çalışmalıyıq ki, balans ixracın xeyrinə dəyişsin.
Aparıcı: Valyuta axınının qarşısını alaq, azaldaq, minimuma endirək.
Sahib Məmmədov: Mən bu haqda bir qədər məlumat vermək istərdim. Hörmətli Ziyad müəllim ulu öndərimizin neft strategiyasına toxundu. Əlbəttə, bu gün o strategiya, qara qızılın “insan qızılına”, insan kapitalına çevrilməsi ideyasının və cənab Prezident İlham Əliyevin bu məsələni diqqətdə saxlamasının nəticəsidir ki, ölkə iqtisadiyyatında bir şaxələnmə baş verdi, qeyri-neft sektorunun və bu fonda insan resurslarının inkişafı, konkret sistemli tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının qəbulu və proqramlarda iqtisadiyyatın bütün sahələrinin inkişafı mümkün oldu. Əgər diqqət yetirsək, bu üç Dövlət Proqramının əsas ümumi məqsədi məhz ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. 2004-cü ildən qeyri-neft sektorunun inkişafına diqqət yetirilir və məhz qeyri-neft sektorundan daxil olan gəlirlərin nəticəsidir ki, bu gün dünyada enerji daşıyıcılarının qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı yenə də inkişaf edir. Əlbəttə, əvvəlki dövrlə müqayisədə ola bilər ki, bir az zəif inkişaf edir, amma dayanıqlıq nümayiş etdirdi və bütün layihələr, xüsusilə sosial layihələr tam icra olundu, eyni zamanda, yeni beynəlxalq standartlara cavab verən müəssisələr yaradıldı, ixracyönümlü, rəqabətqabiliyyətli məhsullar istehsal edən obyektlər istifadəyə verildi.
Mən bir məqamı da qeyd edim. Əgər biz birinci Dövlət Proqramı çərçivəsində sadəcə olaraq yerli istehlak bazarının təmin olunması üçün müəssisələrin yaradılmasından danışırdıqsa, artıq indi yaradılan müəssisələr beynəlxalq standartlara cavab verir. Biz bu gün ənənəvi bazarlarla yanaşı,yeni bazarların axtarışındayıq və konfransda da cənab prezident bu məsələyə xüsusi diqqət yetirdi. Görülən tədbirlər nəticəsində ixracımız 24,4 faiz artmışdır ki, bu da gələcəkdə yeni bazarların coğrafiyasının şaxələndirilməsi, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi zərurətini ortaya qoyur. Ona görə də dövlət qurumlarının sahibkarlarla birlikdə bu məsələni diqqət mərkəzində saxlamalarını tövsiyə etdi. Lakin bunun üçün bazarların da adekvat olaraq müəyyənləşdirilməsi vacib məsələlərdən biridir.
Aparıcı: Bu yaxınlarda cənab pre­zident “MadeinAzerbaycan” bren­dinin xaricdə təsdiqi ilə bağlı fərman imzaladı. Hətta dövlət pul ayırır ki, xarici bazarlar araşdırılsın və öyrənilsin.
Burada bir məqama yenidən qayıtmaq istərdim. Cənab prezident dəfələrlə Azərbaycanın valyuta ehtiyatlarının artmasına toxunur və həm investisiyaların, həm də valyuta ehtiyatlarının həcminə görə Azərbaycan dünya ölkələri arasında faktiki aparıcı ölkələrdəndir. Bu barədə cənab prezident öz fikirlərini bildirir. Niyə cənab prezident valyuta ehtiyatlarını xüsusi qeyd edir? Dövlət başçısı bunu digər çıxışlarında qeyd edib, bildirib ki, valyuta ehtiyatları müstəqillikdir, qlobal miqyasda və bizim qlobal layihələri həyata keçirmək üçün imkanlarımızdır.
Ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub və yeri gəlmişkən, qeyd edim ki, bu sərmayələrin, demək olar ki, yarısı xarici sərmayələrdir. 1,9 milyon iş yeri yaradılıb, onun 1,4 milyonu daimidir. Son on dörd ilin nəticələrinə görə, maaşlar beş dəfədən, pensiyalar səkkiz dəfədən çox artıb. 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və yaxud təmir edilib, 43 olimpiya idman kompleksi inşa olunub, sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilib. İki peykimiz var – telekommunikasiya və əraziləri müşahidə peykləri. 7 aeroport tikilib ki, onların da 6-sı beynəlxalq aeroportdur. Bax, budur valyutaların real nəticəsi.
Ziyad Səmədzadə: Çox maraqlı məsələdir. Yəni, biz bəzən bu rəqəmləri təhlil edib, ümumiləşdirmələrə fikir vermirik. Cənab prezident çıxışlarında dəfələrlə deyir ki, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı,bizi o qədər lazımsız işlərə vadar edəcəkdilər ki, millətimiz inkişaf etməyəcəkdi. Azərbaycan iqtisadiyyatı heç vaxt indiki kimi güclü olmamışdır, niyə? Çünki Azərbaycan dövlətinin apardığı iqtisadi siyasət kompleks xarakter daşıyır. Dövlət Neft Fondu olmasaydı, bu valyuta ehtiyatları səmərəsiz istifadə olunacaqdı. Valyuta ehtiyatları olmasaydı, bizim müstəqilliyimiz olmayacaqdı. Azərbaycan dövlətinin valyuta ehtiyatlarının artması ölkənin müdafiə qabiliyyəti, iqtisadi potensialının güclənməsi, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr səviyyəsinə çatması, yoxsulluğun azaldılması, yeni iş yerlərinin yaradılması üçün çox önəmlidir. Hətta 2004-cü ildə cənab prezident bəyan etmişdi ki, hökumətin vəzifəsi yeni iş yerlərinin yaradılması ilə bilavasitə əlaqədar olmalıdır. Nə üçün? Çünki cənab prezident seçkilər ərəfəsində Azərbaycanın demoqrafik şəraitini tam təhlil etmişdi. O bilirdi ki, Azərbaycanda digər respublikalara nisbətən əhali də, əmək ehtiyatları da sürətlə artır. 2004-cü ildə dünyaya gələn insanlar artıq 2020-ci ildə, 2022-ci ildə əmək qabiliyyətli kateqoriyasına aid olurlar və ona görə də cənab prezidentin apardığı bütün iqtisadi siyasətin ana xətti xalqın səviyyəsidir. İş yerlərinin yaradılması nəyin hesabına ola bilər? Valyuta ehtiyatlarımız, öz daxili imkanlarımız hesabına investisiyalar olmasaydı, biz bunları yarada bilməzdik.
Ziyad Səmədzadə: Azərbaycana 231 milyarddan çox investisiya qoyulub. Bunun yarısı daxili investisiyalardır, bəs, yarısı nə vaxt formalaşıb? 10-15 ildir. Çünki bizim daxili imkanlarımız yox idi, biz xaricdən asılı idik, iqtisadiyyat dağılmışdı. Cənab prezidentin apardığı sistemli və kompleks siyasət, regional siyasətin üstünlüyü nədədir? Sovet dövründən də əvvəl Azərbaycan Çar Rusiyasının inkişaf etmiş sənaye ölkəsi idi, digər rayonlarda inkişaf yox idi, yalnız xırda-xırda müəssisələr vardı. Bu gün də cənab prezident bəyan edir ki, bu, uzunmüddətli bir proqramdır. Abşeron ərazisi respublikanın ərazisinin 28 faizidir, burada əhalinin məskunlaşması, istehsal olunan ümumi daxili məhsul, göstərilən xidmətlərin həcmi qat-qat yüksəkdir. Regional inkişaf proqramlarınəticəsində regionlarda da urbanizasiya prosesləri təkmilləşir, regionların ümumi inkişaf səviyyəsi artır.
Aparıcı: Təsadüfi deyil ki, bu gün faktiki olaraq Bakıdan regionlara, yəni əks istiqamətdə axın başlayıb.
Ziyad Səmədzadə: Bəli, bu, bir nömrəli məsələdir. Əgər biz urbanizasiya proseslərini regional inkişaf proqramları ilə düzgün əlaqələndirə bilsək, çox uğurlu nəticələr əldə edəcəyik. Regionda balaca bir müəssisə bağlanırsa, regiona az investisiya qoyulursa, səbəblər araşdırılmalıdır. Hansısa bir regiona 50 milyon vəsait qoyulub, dövlət işini gördü, infrastrukturları yaratdı, qazı, elektrik enerjisini, yolları çəkdi, su təchizatını yaxşılaşdırdı. Qaldı yalnız sahibkarların investisiya qoymağı.
Aparıcı: Amma bütün bu işlərdən sonra yenə də dövlət konkret olaraq sahibkarların yanındadır.
Sahib Məmmədov: Rövşən müəll­im, mən bir məqamı da vur­ğu­layım. Ümumiyyətlə, investisiya qoyuluşundan, sahibkarlığın in­kişafından danışarkən, qeyd et­mək lazımdır ki, ölkədə icti­mai-siyasi sabitlik ən vacib amil­lərdən biridir. Əgər ölkədə icti­mai sabitlik yerində deyilsə, on­da investisiya cəlb olunmasından, sahibkarlığın inkişafından danışmaq olmaz. Məhz bu gün cənab prezidentin həyata keçirdiyi müdrik və düşünülmüş siyasətin nəticəsidir ki, həm xarici, həm də daxili investisiyalar ölkə iqtisadiyyatına, real sektora yönəldilir və xarici investorlara münasibətdə “açıq qapı” siyasəti həyata keçirilir. Yəni, qanunvericilik bunun üçün tam imkanlar yaradır, beləliklə də,investorlar ölkə iqtisadiyyatına vəsait qoyur, investisiya yönəldir və yeni istehsal, xidmət sahələri yaradırlar. Əlbəttə, bu, son dövrlərdə yaradılmış müəssisələrin sayında da özünü göstərir. Elə 2017-ci ilin statistikasına baxsaq, görərik ki, 11 min 900-dən artıq müəssisəyaradılmışdır. 177 mini daimi olmaqla, 221 min yeni iş yeri yaradılmışdır. Bunlar məhz ölkə iqtisadiyyatına, xüsusilə real sektora yönəldilmiş investisiyalardır.
Aqrar sahə də ölkə iqtisadiyyatının əsas prioritet istiqamətlərindən biridir. Son dövrlər kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı ilə bağlı görülən işlər, son iki ildə pambıqçılığın, tütünçülüyün, baramaçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafı ilə bağlı cənab prezidentin tapşırığına uyğun olaraq görülən işlər və qəbul edilmiş dövlət proqramları ölkədə aqrar sahənin inkişafına öz töhfəsini verməkdədir. Pambıqçılıq sahəsində Dövlət Proqramı qəbul olundu, 2025-ci ilə qədər 500 min ton pambığın istehsalının hədəf kimi qarşıya qoyulduğunu nəzərə alsaq, artıq 207 min ton pambıq tədarük olunubdur. Pambıq sahəsində çalışan insanları sayı 200 mindir. Tütünçülük proqramı çərçivəsində 12 min ton tütün, baramaçılıq sahəsində isə 6 min ton baramanın istehsalı hədəf kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə konkret tədbirlər nəzərdə tutulub, maliyyələşmə təmin edilir, dövlət qurumları və sahibkarlar birlikdə bu istiqamətdə səylərini birləşdirirlər. Artıq mövcud inkişaf özü ilə yeni tələblər doğurur və bu inkişafı nəzərə alaraq, iqtisadi səmərə əldə etmək və xərclərin məsrəflərini azaltmaqdan ötrü iri fermer təsərrüfatları yaradılır. Aqroparklarda iş xərcləri azaldır, maya dəyərini aşağı salır, istehsal olunan məhsuldarlığı artırır. Burada birlikdə istehsal olunan məhsulların ixrac imkanları artır, kooperasiya əlaqələri qurulur, assosiasiyalar yaradılır.
Ziyad Səmədzadə: Dünənki konfransın ən əlamətdar cəhətlərindən biri də o idi ki, konfransda çıxış edənlərin əksəriyyətiAzərbaycan iqtisadiyyatının əsas sahələrini xarakterizə edən, təmsil edən sahibkarlar idi. Çıxışların hamısında yeni iş yerlərinin yaradılması haqda məlumat verilirdi. Bu, taleyüklü məsələdir. Hər layihədə bu məsələ öz əksini tapmalıdır. Layihə hazırlanır, pul ayrılır, dövlət bu qədər xərc çəkir, sərf edir, bəs, nə qədər iş yeri yaradılıb?
Aparıcı: Cənab prezidentin hər bir icra başçısına və sahibkara birinci sualı da məhz bununla əlaqədar oldu.
Ziyad Səmədzadə: Nə qədər iş yeri yaradılıb? Biz bunları təhlil etsək, hər bir rayon öz ərazisində olan əmək ehtiyatlarını təhlil etsə, onun quruluşuna baxsa, gənclərin ölkədən çıxıb getməsinin səbəblərini araşdırsa, kəndlərimiz qat-qat gözəlləşər və urbanizasiya prosesləri təkmilləşər. Bu gün konkret sahələrdən misallar göstərildi ki, bu sahələrin inkişafı nə qədər əmək ehtiyatları cəlb edəcəkdir. Cənab prezidentin çıxışında o qədər fundamental istiqamətlər müəyyən edildi ki, onları təhlil etsək, konkret tədbirlər hazırlasaq, növbəti proqramlarda onlar öz əksini tapacaq ki, bunlar da bütünlükdə bizim inkişafımızdır.
Sahib Məmmədov: Əlavə olaraq mən sənayeləşmə sahəsinə də toxunmaq istərdim. Bilirsiniz ki, cənab prezidentin rəhbərliyi ilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir. Müasir sənaye parkları, sənaye məhəllələri yaradılır və bu sənaye parklarına xüsusi güzəştlər tətbiq olunur, yəni sənaye parklarının rezidentləri 7 il müddətinə vergi, gömrük rüsumlarından azad olurlar və bu sənaye müəssisələrində yaradılan müəssisələr artıq öz bəhrəsini verir, artıq ixrac edirlər. İlk sənaye parklarından biri Sumqayıt Kimya Sənaye parkıdır. Onun rezidentlərindən biri və ilk rezidenti olan“Azertexnolayn” müəssisəsi, misal üçün, artıq öz məhsullarını ixrac edir. Bundan başqa, “Pestisid” zavodu istifadəyə verildi, Gübrə zavodu tikilir.
Aparıcı: Hətta Şüşə zavodunun tikilməsinə başlanılır.
Sahib Məmmədov: Bəli, SOCAR Polimer Karbamid zavodu bu il istifadəyə veriləcək. Əlbəttə, bunlar hamısı idxaldan asılılığı azaldacaq, valyuta axınının qarşısını alacaq. Cənab prezident konkret olaraq göstərdi ki, görülmüş işlər nəticəsində uğurlarımız var, artıq özünü təmin etmə səviyyəsi 100 faizdir, hətta ixrac imkanlarımız da var. Amma bəzi məhsullar üzrə bir qədər azalma müşahidə olunur və bu aqroparklarda yaradılan müəssisələr işə düşdükdən sonra artıq istehsal olunan məhsullar idxaldan asılılığı 100 faiz azaldacaq, ixrac imkanları genişlənəcək ki, bu da dövlətin düşünülmüş siyasəti və qəbul olunmuş proqramlar çərçivəsində görülən işlərin nəticəsidir.
Aparıcı: Cənab prezident sahibkarlara bir neçə dəfə müraciət etdi. Birinci müraciət odur ki, sahibkarlar özləri, ümumiyyətlə, sosial məsuliyyət prinsipinə ciddi yanaşmalı, xüsusən “Abad” layihəsinə qoşulan, ailə təsərrüfatı ilə məşğul olan kiçik sahibkarlara kömək etməli və onların orta, böyük sahibkara çevrilməsinə yardımçı olmalıdırlar.
Digər bir məsələ, faktiki olaraq cənab prezidentin dediyi fikirlər yalnız müvafiq dövlət qurumları üçün deyil, sahibkarlar üçün konkret fəaliyyət proqramlarıdır, strateji fəaliyyət xəttidir. Məsələn, dövlət başçısı bildirdi ki, daxili bazarda mineral və qazlı sular sahəsində xaricə 48 milyon dollar, düyü sahəsində 36 milyon dollar, soya və ondan alınan məhsullar sahəsində 38 milyon dollar, dərman vasitələri sahəsində 211 milyon dollar, siqaret sahəsində 160 milyon dollar, trikotaj məhsulları sahəsində 100 milyon dollar, sabun, yuyucu vasitələr sahəsində 100 milyon dollar, şüşə və ondan hazırlanan məhsullar sahəsində isə təxminən 80 milyon dollar valyuta xaricə gedir. Yəni, bu, sahibkarlar üçün bir çağırış idi - daxili bazarda bu qədər boşluq var və siz həmin boşluğu doldurmaqla kifayət qədər valyuta qazana bilərsiniz.
Ziyad Səmədzadə: Cənab prezidentin çıxışında, ən diqqəti cəlb edən məsələ sahibkarların sosial məsuliyyət məsələsidir.Artıq ölkədə yaranmış iqtisadi potensial, sahibkarların bir strateji resurs kimi formalaşmasının, demək olar ki, başa çatması, iri sahibkarlar sinfinin formalaşması istiqamətində atılan addımlar, sahibkarlara olan dəstək, güzəştlər, bütövlükdə, onların bir çox məsələlərini dövlətin öz üzərinə götürməsi tələb edir ki, sahibkarlar da sosial məsuliyyət prinsipinə əməl etsinlər. Kiçik sahibkarlarımız həddindən artıq çoxdur. Biz büdcə gəlirlərini formalaşdıranda, təhlil edəndəgörürük ki, kiçik sahibkarların sayı çoxdur, amma onlardan daxil olan vəsait çox azdır. Bunun sə­bəb­ləri araşdırılır, yəqin ki, kon­kret təkliflər müəyyən olunacaq. Amma iri sahibkarlar var, iri sahibkarlara edilən güzəştlər, ümumi götürsək, milyard dollarladır. Əgər 231 milyard pul qoyulubsa, bunun xeyli hissəsi özəl sektora, infrastruktur layihələrinə xərclənibsə və bu gün sahibkarlar infrastruktur layihələrindən bəh­rələnirsə, deməli, dövlətin sosial məsuliyyət prinsipini onlardan tələb etməyə haqqı var və cənab prezident dövlət-özəl sektor münasibətlərində əməkdaşlığın yüksək formasını qeyd etdi. Kon­fransda sahibkarlar təbəqəsini təşkil edən, təmsil edən əsas insanlar iştirak edirdi. Bu, böyük etimaddır.
Bizim suvenirlərimiz xaricdə istehsal olunur. Cənab prezident bu məsələyə də toxundu. Azərbaycana gələn turistlərin sayı artır, turizm inkişaf edir. Ölkəyə gələn turist özü ilə suvenir aparmaq istəyir. Amma görəndə ki, bu suvenir kənarda istehsal olunur, onda Azərbaycan haqqında müəyyən fikirlər formalaşacaq. Bu, çox incə məsələdir, həm də milyonlardır, milyon dollarlardır. Əgər 2 milyon, 3 milyon, 5 milyon turist gələcəksə, hər biri buradan 30-40 manatlıq suvenir aparacaqsa və ya biz özümüz hədiyyə verəcəyiksə, görün, nə qədər puldur, eyni zamanda, yeni iş yerləridir. Xalçaçılığın bərpası, yeni fabriklərin tikilməsi, gənclərin ora cəlb olunması, Azərbaycan xalqının qədim adət-ənənələrinin, milli dəyərlərinin qorunması istiqamətində görülən bu tədbirlər, heç şübhəsiz, heyrətamizdir.
Cənab prezident çox ciddi bir məsələni nümayiş etdirdi: rayonlar arasında bir növ yarış olmalıdır. Nə üçün mən suyu çəkirəm, qazı çəkirəm, yolu çəkirəm, amma sənin rayonuna investisiya az gəlir? Bunun səbəbi nədir? Deməli, iqlim, investisiya mühiti daha da yaxşılaşmalıdır, bu sahədə özəl sektor çalışmalıdır, icra başçıları təşəbbüs göstərməlidirlər, onlar sahibkarlarla, sözün əsl mənasında, səmimi, işgüzar münasibət qurmalıdırlar ki, ora investisiya gəlsin. Əgər rayonlar arasında investisiya fərqi çox olsa,bu, həcminə görə düz olmaz. Təbii ki, Sumqayıt, Gəncə, Abşeronun potensialı böyükdür, onları kiçik rayonlarla müqayisə etmək olmaz.
Aparıcı: Əslində, cənab prezident ilk onluqda yer alan rayonların adlarını təsadüfən çəkmədi. Bu, eyni zamanda, həmin rayonlara və onluğa düşməyən digər rayonlara görə açıq siqnaldır, bir mesajdır, siz də çalışın ki, bu onluğa düşə biləsiniz, rəqabətdə özünüzü göstərəsiniz.
Sahib Məmmədov: Əlbəttə. İca­zə verin mən kiçik sahibkarlıqla bağlı məqama qayıdım. Deməli, bilirsiniz ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafına diqqət yetirilir. Bu, Strateji Yol Xəritəsində də öz əksini tapmışdır və dünya təcrübəsində də belədir. Dünyada, xarici ölkələrdə, inkişaf etmiş ölkələrdə, adətən, iri, yaxud transmilli şirkətlər kiçik istehsalı, hissələrin istehsalını bəzən kiçik sahibkarlara sifariş verirlər, yəni bu, onlar üçün səmərəli deyil və vaxtlarını, imkanlarını kiçik detalların hazırlanmasına sərf etmirlər. Bu həm də kiçik sahibklarlara bir dəstəkdir, onlara yeni maliyyə imkanlarıdır, eyni zamanda, onlarla əməkdaşlıqlarının inkişaf etdirilməsində əhəmiyyətli addımlardan biridir. Məhz bununla əlaqədar ölkəmizdə bu yaxınlarda cənab prezidentin müvafiq fərmanı ilə İqtisadiyyat Nazirliyinin nəzdində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi publik hüquqi şəxs də yaradıldı. Bu agentliyin yaradılmasında əsas məqsəd ölkədə kiçik və orta sahibkarlığın inkişafına töhfə vermək, biznes fəaliyyətinə yeni başlamaq istəyənlərin dəstəklənməsi, onların maarifləndirilməsi, iri şirkətlərlə əlaqələrinin inkişaf etdirilməsi, qurulması, bazar araşdırmalarının aparılması, biz­nes planlarının hazırlanması, məh­sullarının satışına qədər onların yanında olmaqdır. Əlbəttə, bu agentlik fəaliyyətə başlayandan sonra bu istiqamətdə çoxsaylı kompleks tədbirlər həyata keçiriləcək. Amma bu günə qədər İqtisadiyyat Nazirliyi bu istiqamətdə bir sıra tədbirlər həyata keçirib. Xüsusilə, yeni biznes fəaliyyətinə başlamaq istəyən qadın sahibkarların fəaliyyətinin dəstəklənməsinin təşviqi, onların istehsal etdikləri məhsulların geniş ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Sahib Məmmədov: Bəli, eyni zamanda, kiçik sahibkarların “Abad”a qoşulması istiqamətində ASAN xidmətlə birlikdə tədbir də təşkil olundu. Cənab prezidentin tapşırığına əsasən, bu istiqamətdə işlər daha da intensivləşdiriləcək, genişləndiriləcək və hesab edirəm ki, bu görüləcək tədbirlər ailə təsərrüfatlarının inkişafında çox vacib amillərdən biri olacaq.
Aparıcı: Burada bir məqam da var. Cənab prezident nəyə görə bildirir ki, kiçik sahibkarlara kömək olunmalıdır? Kiçik sahibkarlar, əsasən, öz büdcələrini, ailə büdcələrini formalaşdırırlar. Bu, bir amil.
İkinci bir amil, faktiki olaraq dövlət büdcəsini formalaşdıran məhz orta sahibkarlar təbəqəsidir. Bununla da, kiçik sahibkarların orta sahibkarlığa keçidinin şərtlənməsi istiqamətində önəmli addım atılıb.
Sahib Məmmədov: Cənab prezident bu istiqamətdə özünəməşğulluq proqramına da toxundu, kiçik ailə təsərrüfatlarının inkişafını, özünəməşğulluq proqramının uğurlu icrasını, eyni zamanda, növbəti illərdə onun əhatə dairəsinin genişləndirilməsi və daha çox ailə təsərrüfatlarının özünü təmin etmə imkanlarının genişləndirilməsini qeyd etdi. Sadə bir misal, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən sahibkar bunun üçün hansı məqamdan başlayacağını bilmir, bu istiqamətdə məlumatlı deyil və İqtisadiyyat Nazirliyi bu istiqamətdə geniş maarifləndirmə tədbirləri həyata keçirir. Bunun üçün biznes-inkubatorlar yaradılır, xüsusilə regionlarda bu işlər geniş şəkildə həyata keçirilir. Bakıda da bu fəaliyyət həyata keçirilir və son görülmüş işlərin nəticəsi çox qənaətbəxşdir, sahibkarlarımız artıq dünənin sahibkarı deyil, onlar maarifləndirilmiş, müasir biliklərə yiyələnmiş sahibkarlardır, iş adamlarıdır və onların işə yanaşması istehsal etdikləri məhsulun rəqabətqabiliyyətliliyindən, ixracyönümlüyündən də görünür. Sahibkarlar artıq işə çox dərindən yanaşırlar, xarici təcrübəni öyrənirlər, araşdırırlar və bu istiqamətdə də dövlətin yaratdığı imkanlardan istifadə edirlər.
Ziyad Səmədzadə: Cənab prezidentin konfransdakı çıxışı giriş sözündən sonuna qədər bir-biri ilə əlaqəli məsələlərdir, yəni regionların inkişafı bütövlükdə dövlətin inkişafıdır. Məşğulluq məsələsində də, təbii ki, cənab prezidenti narahat edən məsələlərdən biri budur ki, hələ də işsizlər var, iş yerlərini biz daha sürətlə yaratmalıyıq, insanlar ələbaxımlıqdan uzaqlaşmalıdırlar. Yəni, bütövlükdə Azərbaycan cəmiyyəti özünün inkişafının elə bir mərhələsinə çatıb ki, iqtisadi inkişafla sosial inkişaf arasında sıx əlaqə formalaşıb.
İqtisadiyyat güclənir, gəlirlərimiz artır, sosial, pulsuz sahələr daha sürətlə inkişaf edir, eyni zamanda, biz sosial sahənin özünün inkişaf göstəriciləriningündən günə güclənməsinin şahidi oluruq.
Aparıcı: Ziyad müəllim, mən istərdim ki, cənab prezidentin 2018-ci ildə qarşıya qoyduğu hədəflərə toxunaq. Çünki həmin hədəflər ilk növbədə sosial çəkisi ilə diqqəti cəlb edir. Dövlət başçısı bildirdi ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatdırılmalıdır. Yeni böyük elektrik stansiyası, generasiya gücü 400 meqavat olan “Şimal-2” işə düşməlidir, eyni zamanda, bölgələrdə elektrik təsərrüfatının yenidən qurulması, müasirləşdirilməsi istiqamətində böyük investisiya layihələri icra olunmalıdır. İçməli su və kanalizasiya layihələri ilə bağlı işlər davam etdirilməlidir. Ən azı 100 min hektar suvarılmayan torpaqlara su verilməlidir. 2300 km avtomobil yolları, eyni zamanda, kənd yolları çəkilməlidir, şərti olaraq 40 yol adlandırılan layihə çərçivəsində minimum 600 kəndin yolu tikilməlidir. Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının, eləcə də Ələt Dəniz Ticarət Limanının tikintisi başa çatdırılmalıdır. Ələt Dəniz Ticarət Limanının tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolu: bax, budur Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycana cəlb olunması.
Ziyad Səmədzadə: Müstəqil Azər­baycan dövlətinin əldə etdiyi uğurlar içərisində Azərbaycanın dünyaya bir tranzit ölkə kimi tanın­ması mühüm əhəmiyyət daşıyır.
Azərbaycan strateji bir məkanda yerləşir. Qədim İpək Yolunun bərpası ilə əlaqədar olaraq irimiqyaslı işlər görülür. Cənab prezident Çinə səfər etdi və Çində bəyan etdi ki, biz “Bir kəmər, bir yol” qlobal layihəsində işləməyə hazırıq və bu istiqamətdə də işləri davam etdiririk.
Bakı-Tbilisi-Qars Dəmir yolunun açılması XXI əsrin ən mühüm tarixi hadisələrindən biridir. Azərbaycan vasitəsilə iki qitə birləşdi. Açılış mərasimində cənab Prezident İ.Əliyevin, Türkiyə Respublikasının Prezidenti R.Ərdoğanın çıxışı, eləcə də qonşu ölkələrin rəhbərlərinin çıxışları göstərdi ki, Azərbaycan böyük bir layihənin reallaşmasında fəal iştirak edir. Cənab prezident çıxışında dəmir yolu sahəsində görülən işləri yüksək qiymətləndirdi. Nə üçün? Çünki dəmir yolu Sovetlər İttifaqında ölkə iqtisadiyyatının qan damarı adlandırılıb. Son illərə qədər dəmir yolumuz o qədər də inkişaf etmirdi, çox zəifləmişdi, yük dövriyyəsi və sərnişinlərin sayı azalmışdı. Səbəblər çoxdur, dəmir yolunun köklü surətdə rekonstruksiyasına ehtiyac vardı. Amma bu gün Azərbaycanın dəmir yolu sahəsində qısa zaman kəsiyində böyük işlər görülüb. Yeni lokomotivlərin, təmir stansiyalarının, qatarların alınması, yük sahibləri ilə işlərin aparılması çox incə məsələdir. Sahib müəllim, siz nə qədər işlər aparırsınız ki, yüklər Azərbaycandan sürətlə keçsin. Biz burada bir balaca yubansaq, uduzarıq.
Eyni zamanda, cənab prezident konfransda Abşeron camaatı üçün çox maraqlı olan vacib mə­sə­ləyə toxundu - dairəvi dəmir yolu. Dairəvi dəmir yolunun çəkilməsi insanların vaxt itkisini azaldacaq. Ekologiyaya müsbət təsir edəcək, bütövlükdə, sərnişin daşınmasını artıracaq. Eyni zamanda, sürətli qatarlar olacaq. Çindən gələn qatarlar Azərbaycandan keçəcək, Avropaya gedəcək. Bütövlükdə, mən deyərdim ki, Qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Azərbaycanımız üçün daimi kapitaldır, daimi siyasi mövqedir, daimi gəlir mənbəyidir və ən birincisi, ən başlıcası dövlətimizin iqtisadi müstəqilliyi üçündür. Alternativ marşrutları, yolları, neft və qaz kəmərləri olan ölkələr daha güclü olurlar.
Aparıcı: Ziyad müəllim, bunu açıq dənizə çıxışı olmayan bir ölkə həyata keçirir.
Ziyad Səmədzadə: Açıq dənizə çıxışı olmayan ölkə bu gün dünyada aparıcı nəqliyyat mərkəzlərindən birinə çevrilir.
Sahib Məmmədov: Azərbaycanın açıq dənizə çıxışı yoxdur, amma cənab prezidentin rəhbərliyi ilə yaradılmış biznes imkanlarının nəticəsidir ki, bu gün Azərbaycan Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin ortasındadır və bütün yükdaşımaların məhz Azərbaycandan keçməsi üçün imkanlar yaradılır. Bunun üçün yükdaşımalar sahəsində Vahid Koordinasiya Şurası yaradıldı və tariflərdə də güzəşt tətbiq olundu. Yükdaşıyıcıların Azərbaycana cəlb olunması yüklərin Azərbaycan vasitəsilə digər ölkələrə çatdırılması məqsədini daşıyır.
Əlbəttə, Bakı-Yalama, Bakı-Astara istiqamətində dəmiryol infrastrukturunun tam müasir standartlar səviyyəsində yenidən qurulması, sürət məsələsinin təmin olunması çox vacib məsələlərdən biridir. Əlbəttə, bu, qeyd edilən sahənin də cəlbediciliyini artıracaq.
Ziyad Səmədzadə: Bu yaxınlarda Milli Məclisə cənab prezidentin bilavasitə təşəbbüsü ilə “Ələt iqtisadi zonası haqqında” xüsusi qanun layihəsi daxil olub. Çox böyük, nəhəng bir hadisədir. Dünyanın ən aparıcı şirkətləri bu sahədə çalışan Ələt iqtisadi zonasını idarə edəcəklər. Ələt iqtisadi zonasının yaradılması Azərbaycanın tranzit imkanlarını genişləndirəcək. Digər tərəfdən, milli iqtisadiyyatımızın inkişafı üçün İqtisadiyyat Nazirliyi, bütövlükdə, sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində, eləcə də Ələt iqtisadi zonasında tikintinin vaxtında başa çatdırılması ilə əlaqədar böyük işlər görür. Biz komitə üzvləri ilə Sumqayıt Texnoparkında, Neftçalada, Balaxanıda olduq, orada böyük işlər görülür ki, bunlar da Azərbaycanın keyfiyyətli, dayanıqlı inkişafına xidmət edən layihələrdir.
Sahib Məmmədov: Mən bir məqamı da qeyd edim. Bütün bu görülən işlərin nəticəsidir ki, bu gün özəl sektorun ümumi daxili məhsulda payı 80 faizi, məşğulluqda 75 faizi ötübdür, yəni bu görülən işlər beynəlxalq təşkilatların, beynəlxalq maliyyə qurumlarının hesabatından da yan keçmir. Dünyanın ən mötəbər təşkilatlarından biri olan Davos Dünya İqtisadi Forumu son hesabatında ölkəmizin mövqeyini 137 rəqabətqabiliyyətli iqtisadiy­yat arasında 37-ci yerdən 35-ci yerə qaldırdı. İnklüziv inkişaf indeksinə görə, inkişaf etməkdə olan ölkələr arasında Azərbaycan üçüncü ilk üçlükdədir. Bu, çox böyük nailiyyətdir. Bundan başqa, Dünya Bankının hazırladığı, hər il dərc etdiyi Duinq-bizneshesabatında ölkəmizin mövqeyi ötən il səkkiz pillə irəliləyərək, 190 ölkə arasında 65-ci yerdən 57-ci yerə qalxmışdır. Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların tətbiqi çox vacib məsələlərdən biridir. Çünki bu hesabatlar sahibkarlar arasında keçirilən anonim sorğular əsasında hazırlanır və bu hesabatlarda ölkəmizin mövqeyi hər il yaxşılaşır.
Ziyad Səmədzadə: Bir məsələni də qeyd edim. Biz iyirmi altı ildir ki, müstəqil dövlətik. Ermənistanın Azərbaycana təcavüzü, onun yaratdığı problemlər, müharibə şəraitində yaşayan bir dövlət, görün, çətinliklərlə üzləşdiyi bir dövrdə bu qədər nailiyyətlər əldə edib.
Bu günlərdə Britaniya ilə Avropa İttifaqı arasında bir saziş imzalandı. Onlar keçid dövrü kimi 21 ay vaxt istədilər. Azad iqtisadiyyatın, tam liberal iqtisadiyyatın yüz illərlə, iki yüz illərlə formalaşdığı dövlətdə bir qrupdan çıxıb başqa bir qrupun daxilinə keçmək üçün keçid dövrü istədilər. Azərbaycan - sərt inzibati sistemdən, planlı sistemdən azad bazar münasibətlərinə keçən bir dövlət bütün təsisatları yenidən yaratdı, yenidən dövlət qurdu,yenidən iqtisadi-siyasi sistem yaratdı və 2009-cu ildə cənab prezident bəyan etdi ki, Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatıb. Müqayisə edək, 300 illik, 250 illik tarixi olan bir ölkə adi bir qurumun tərkibindən çıxmaq üçün sənədləşmə və sairə üçün iki il vaxt sərf edir.
Aparıcı: Ziyad müəllim, burada bir məqam da var və onunla bağlı sizin də, Sahib müəllimin də fikirlərini eşitmək istərdim.
Biz bu gün istər regional, istər qlobal miqyasda qazanılan uğurlardan danışırıq. Ən ucqar dağ kəndinə çəkilən yollar, qazlaşdırma, su ilə təchizat, bütün bunlar barədə ictimaiyyətə məlumat veririk, təhlil edirik, amma siz də qeyd etdiniz ki, bütün bunlar olmaya da bilərdi. Azərbaycan, əlbəttə ki, bu gün inkişaf göstəricisinə malikdir, qlobal miqyasda ölkəmiz tanınır, beynəlxalq reytinqlərdə Azərbaycanın yüksək pillələrdə qərarlaşması bir vətəndaş kimi hər birimizi qürurlandırır. Amma qeyd edirik ki, bütün bunlar olmaya da bilərdi. Bəs, bunlar nəyə görə oldu, bunların baza hissəsi nədən ibarətdir?
Ziyad Səmədzadə: Sadədir, o mənada ki, Azərbaycan müstəqil siyasət yeridib, ulu öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin davamlı olması üçün böyük işlər görüb. 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalayan zaman ulu öndər demişdi: “İllər keçəcək, Azərbaycan dünyaya bir günəş kimi doğacaqdır”. Müstəqil siyasətimiz, milli maraqları ön plana çəkməyimiz, Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutmaq - bütün bunlar əldə olunan uğurlardır. Bizi qorxutmaq, təzyiq etmək istəyirdilər, adıçəkilən layihələrlə əlaqədar Azərbaycana həddindən artıq təzyiqlər olub. Amma İlham Əliyev bu təzyiqlərə dözdü, Azərbaycan xalqının milli maraqlarını, dövlət və iqtisadi müstəqilliyini əsas tutaraq, Azərbaycanın gələcək inkişaf imkanlarını daha da genişləndirdi.
Sahib Məmmədov: Əlbəttə, hörmətli Ziyad müəllimin qeyd etdiyi kimi, əgər xalqımızın ümummilli lideri Heydər Əliyevin uğurlu neft strategiyası, cənab prezidentin düşünülmüş siyasəti olmasa idi, bugünkü uğurlardan danışmaq olmazdı. Məhz cənab prezidentin rəhbərliyi ilə görülmüş işlər və onun siyasətinin əsasında vətəndaş amilinin durması bu gün görülən işlərə öz töhfəsini verir, ölkəmizin inkişaf etməsinə, çiçəklənməsinə şərait yaradır və hesab edirəm ki,bu görülən işlər gələcəkdə də ölkəmizin inkişaf etməsinə, dünyada öz layiqli yerini qoruyub saxlamasına təkan verəcəkdir.
Aparıcı: Bir sözlə, hədəflər aydındır, yaxın, orta və uzaq perspektiv üçün strateji fəaliyyət proqramlarımız var. Cənab prezidentin tapşırığına uyğun olaraq, addımlar atmaq və hamılıqla ölkəmizi irəli aparmaq lazımdır.