Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanda innovasiya iqtisadiyyatının

formalaşdırılması və inkişafı problemləri

 

Yaxın vaxtlara qədər “innovasiya iqtisadiyyatı” anlayışı işlədilmirdi. Azərbaycanda “innovasiyalı inkişaf”, “innovativ iqtisadiyyat”, “innovasiya yönümlü iqtisadiyyat” ifadələrindən geniş istifadə edilirdi.
Lakin inkişaf etmiş ölkələrin iqtisadiyyatı göstərdi ki, artıq yeni iqtisadiyyat olan innovasiya iqtisadiyyatı formalaşmışdır. Bununla paralel, innovasiya iqtisadiyyatı elmi də yaranmışdır. İnnovasiya iqtisadiyyatı – bu, elə yeni bir elm sahəsidir ki, innovator tərəfindən icad edilən yüksək texnologiyaların, avadanlıqların, idarəetmə sistemlərinin yaradılmasını, cəmiyyət qarşısında yaranan problemlərin həll edilməsinə istiqamətləndirə bilən kadrların hazırlanmasını əhatə edir.
İnnovasiya iqtisadiyyatının predmeti innovasiya fəaliyyətinin müxtəlif mərhələlərini əhatə edən innovasiya prosesidir ki, bu da innovasiya məhsulunun yaradılması, tətbiqi və yayılması ilə əlaqədardır. Bu isə yeni texnoloji ukladın formalaşmasını təmin edir.
Bir elm kimi innovasiya iqtisadiyyatının əsas vəzifəsi innovasiya məhsulunun yaradılması və tətbiqi, əsas istehsal amillərinin intellektuallaşdırılması, təbiət və cəmiyyətin ahəngdar və ziddiyyətsiz inkişafını təmin edən, yeni müasir texnoloji uklada keçməklə əlaqədar olan bütün təsərrüfatçılıq fəaliyyətində insanlar arasındakı münasibətləri öyrənməkdir.
İnnovasiya iqtisadiyyatının funksiyaları olduqca əhatəlidir və bunlardan ən əsasları dünyagörüşü, innovasiya, sosial proqnozlaşdırma, sistemlilik, maarifləndirmə, ekoloji, strateji informasiya, kommunikasiya, innovasiya fəaliyyəti, hüquqi, intellektual, investisiya və təşkilati idarəetmədir.
İnnovasiya iqtisadiyyatı məlum inkişaf mərhələlərini keçdiyindən ona baxışlar yekdil deyildir. Təbii ki, bu, belə də olmalıdır. Hər bir tarixi dövrün öz tələbləri var, belə ki, ölkələrin iqtisadiyyatının, bütövlükdə dünya iqtisadiyyatının inkişafı baxılan mərhələyə uyğun məzmun formalaşdırır.
İnnovasiya iqtisadiyyatının formalaşmasının birinci mərhələsi sənayecə inkişaf etmiş (postindustrial) ölkələrin konsepsiyası hesab edilə bilər. Bu, XX əsrin II yarısından yayılmağa başlamışdır. İlk növbədə, bu anlayış D.Bell, C.Qelbreyt və Tofflerin əsərlərində öz əksini tapmışdır. Son bir neçə onillikdə iqtisadiyyatın inkişafında köklü dəyişikliklər getmişdir. Yeni texnologiyaların inkişafı ilə əlaqədar olaraq cəmiyyətin iqtisadi həyatının bütün sahələrində prinsipial dəyişikliklər baş vermişdir:
- iqtisadiyyatda innovasiya-informasiya sektorunun xüsusi çəkisi dəfələrlə artmış və inkişaf etmiş ölkələrdə bu göstərici 45-65% -ə çatmışdır;
- innovasiya-informasiya sektoru müasir sosial-iqtisadi inkişafa, onun dinamikasına və artımına güclü təsir göstərmişdir;
- iqtisadi tərəqqinin mexanizmində və inkişafında ciddi dəyişikliklər nəzərə çarpmışdır.
Qeyd edilən dəyişikliklərin əsa­sında insan kapitalı durur. İnsan kapitalı təkcə insanın malik olduğu elmin, qabiliyyətin, davranışın, bacarığın mexaniki toplusu deyildir. Bu, insanın yaradıcılıq potensialıdır ki, innovasiya təfəkkürünün formalaşdırılması və fəaliyyəti hesabına son nəticədə iqtisadiyyatın innovasiya inkişafının yönümünü müəyyən edir.
Artıq elə bir vaxt gəlmişdir ki, innovasiya təhsilinin köməyilə innovasiya təfəkkürünün formalaşdırılması həyata keçirilir. Bununla əlaqədar olaraq, insanların öyrədilməsi prosesini peşəkarlıq səriştəsinin inkişafını təmin edən pedaqoji innovasiyanın yaradılmasına yönəltmək lazımdır. Bu vəzifələrin yerinə yetirilməsi aşağıdakıları zəruri edir:
- mənəvi-əxlaqi tərbiyənin verilməsi;
- peşəkarlıq səriştəsinin formalaşdırılması;
- innovasiya yaratmaq qabiliyyəti;
- innovasiya mədəniyyətinin inkişaf etdirilməsi;
- fəal innovasiya fəaliyyətinin motivləşdirilməsi;
- işgüzarlıq və bizneslə məşğul olmaq qabiliyyətinin formalaşdırılması və s.
Beləliklə, insan kapitalı ölkənin milli varidatının ən əsas elementlərindən biridir, onun köməyilə innovasiya iqtisadiyyatı həyata keçirir.
İnsan kapitalı, eyni zamanda, cəmiyyətin və iqtisadiyyatın inkişafının intensiv amilidir. Burada təkrar istehsal kapitalı, intellektual kapital və innovasiya səriştəliliyi haqqında qısaca məlumat vermək yerinə düşər.
İnnovasiya iqtisadiyyatında təkrar istehsal kapitalının yaradılması aşağıdakı mərhələlərdən keçir:
- intellektual məhsulun istehsalını həyata keçirməyə imkan yaradan yeni elm insan tələbatının ödənilməsi üçün təkrar istehsal prosesi məqsədini güdür;
- innovasiyanın yaradılması və maddiləşdirilməsini təmin edən innovasiya prosesinin əsa­sında innovatorların motivləş­dirilməsi durur;
- intellektual kapitaldan istifadə insan həyatını yaxşılaşdıran və onun təbiətlə ahəngdarlığını təmin edən təkrar istehsal prosesinin məqsədidir.
İntellektual kapital – bu anlayış müəssisənin qeyri-material aktivlərini ifadə edir ki, bunsuz o, mövcud ola bilməz. İntellektual kapitalın tərkibinə insan aktivi, intellektual mülkiyyət, infrastruktur və bazar qeyri-maddi aktivləri aid edilir.
İnsan kapitalının əsas peşəkarlığını büruzə verməsi innovasiya səriştəliliyində öz əksini tapır.
İnnovasiya iqtisadiyyatı elə bilik cəmiyyətinin yekunudur ki, fundamental elmi nəticələrin dəyişdirilməsi hesabına innovatorlar innovasiya (yenilik) icad edərək, onları təsərrüfatlarda, müəssisələrdə, sahələrdə, dünya ölkələrində tətbiq etməklə qeyd edilən obyektləri inkişaf etdirir, nəticədə intellektual renta mənimsəyirlər və çox böyük mənfəət qazanırlar.
Bu tərif innovasiya iqtisadiyyatının təcrübi mənasını əks etdirir.
İnnovasiya iqtisadiyyatının inkişaf səviyyəsi və vəziyyətinin qiymətləndirilməsi üçün onun meyarlarının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Onlar innovasiya iqtisadiyyatının inkişafını, problemin səmərəli həll edilməsini, insan həyatının keyfiyyətini, inkişafını, təbiət və ətraf mühitin qorunmasını, istehsalın elmtutumluluğunu, məhsuldar qüvvələrin intellektuallıq baxımından innovasiya səriştəliliyi kimi göstəricilərinin vəziyyətini müəyyən edir.
İqtisadi təcrübədə hal-hazırda elmi mənbələrdə innovasiya iqtisadiyyatının əsas meyarı kimi məcmu daxili məhsul (MDM) göstəricisindən istifadə edilir.
Bu, ümumi məhsulda müvafiq olaraq elmtutumlu məhsul və xidmətlərin xüsusi çəkisidir. MDM-ə onun yaradılmasında iştirak edən amillərin nəticəsi kimi baxıla bilər.
Bu amillərə aşağıdakılar aiddir: təbii ehtiyatların kəmiyyət və keyfiyyəti, onların istifadəyə yararlılığı, əsas kapitalın həcmi və keyfiyyət parametrləri, mövcud istehsal amillərinin milli iqtisadiyyat çərçivəsində maksimum yüksək keyfiyyətli məhsul olmaq üçün optimal bölüşdürülməsi.
Qeyd edilən meyarlarla yanaşı, innovasiya iqtisadiyyatının aşağıdakı meyarları da öz əhəmiyyətinə görə seçilirlər:
- resurs – ekoloji problemlərin həllinə istiqamətlənmə;
- innovasiya tərkibli məhsuldar qüvvələrin səviyyəsi;
- sosial-iqtisadi münasibətlərin intellektləşdirilməsi dərəcəsi.
Bilik cəmiyyətin inkişafı şəraitində innovasiya iqtisadiyyatının təşəkkülü, elm və istehsal subyektlərinin innovasiya fəaliyyətinin aparıcı qüvvəsi, elmi-texniki inkişafın, elmtutumlu texnologiyaların yüksəlməsi, innovasiyalar sahəsində yeni texnoloji ukladı formalaşdıran istehsal amillərinin intellektuallaşdırılması ilə xarakterizə olunur.
İnnovasiya iqtisadiyyatının müxtəlif cəhətlərini özündə əks etdirən innovasiya generasiyası (icad edilməsi), innovasiya fəaliyyəti, innovasiya iqtisadiyyatı infrastrukturunun formalaşdırılması, yeni texnoloji ukladla əlaqədar olan müəssisələrin öyrənilməsi olduqca əhəmiyyətlidir.

İnnovasiya innovasiya iqtisadiyyatının əsas elementi kimi çıxış edir. “İnnovasiya” ifadəsi politoloqlar tərəfindən ilk dəfə XVI əsrdə işlədilmişdir ki, bu da bir ölkənin mədəniyyətinin başqa ölkələrdə yenidən təzahür etməsi mənasını daşıyırdı. Lakin innovasiya ifadəsinə müasir baxışı XX əsrin əvvəllərində yeni iqtisadi kateqoriya kimi elmi dövriyyəyə Avstriya (sonralar Amerika) alimi Jozef Aloiz Şumpeter daxil etmişdir. Latıncadan tərcümədə (“in” - daxilində, “novus” – yeni) innovasiya termini “yenilik” deməkdir.
İngilis dilində “innovation” iki məna daşıyır. Bunlardan birincisi yeni ideya, üsul və ya ixtira, ikincisi isə hər hansı bir yeniliyin tətbiqidir.
Fransız dilində “innovation” yenilik, yeni tətbiq edilmiş deməkdir. Rus sözü “novovvedenue” (yenilikşünaslıq) innovasiyanın sinonimidir.
Əslində, innovasiya sistemin bir haldan ondan daha üstün başqa hala keçməsinə şərait yaradan mühitə yeni sabit elementlər (yeniliklər) daxil edən məqsədyönlü dəyişikliklər deməkdir.
İnnovasiya iqtisadiyyatının təşəkkülü dövrünə yaxın “innovasiya” ifadəsi iqtisadiyyat elmində özünə möhkəm yer tutmuşdur. Bununla yanaşı, müxtəlif müəlliflər bu terminin fərqli izahını təklif edirlər. Vaxtilə biz innovasiyaya birmənalı baxmağı təklif etmişdik, lakin innovasiyaya yanaşmalar burada özünə möhkəm yer tutduğundan ona yenidən baxmağı lazım bilirik.
Birinci yanaşma – innovasiya yeni mütərəqqi məhsulun, texnologiya metodu və s. şəkildə olan yaradıcılıq prosesinin nəticəsidir.
İkinci yanaşma innovasiya fəaliyyətində olan məmulatların, elementlərin və prinsiplərin əvəzinə yenilərinin daxil edilməsi prosesidir.
Üçüncü yanaşma – innovasiya ideyadan başlayaraq onun layihələndirilməsi, layihənin həyata keçirilməsi və alınmış yeni məhsulun bazarda reallaşdırılması proseslərinin məcmusudur.
İnnovasiya iqtisadiyyatının daha dərindən öyrənilməsində innovasiyanın təsnifatının rolu olduqca yüksəkdir. İnnovasiyanın təsnifatı müxtəlif əlamətlərə görə verilir. Bu əlamətlərdən ən geniş yayılmışları: tətbiq formasına görə; yeniliyin səviyyəsinə dəyişdirilməsi və əhəmiyyətin (mənanın) dərinliyinə görə; yayılma sferasına görə. Burada biz innovasiyanın yalnız tətbiq sferasına görə onun təsnifatı haqqında məlumat verəcəyik. Tətbiq sferasına görə innovasiyanın təsnifatına aşağıdakılar aid edilir:
- texnoloji (istehsal) – istehsal edilən nəsil və modellərin dəyişdirilməsi yolu ilə elmi-texniki nailiyyətlərin istehsal və istehlakda reallaşdırılması, texnikanın tətbiqi, texnoloji uklad və texnoloji istehsal üsulları, texnoloji innovasiyalar isə, öz növbəsində, innovasiya məhsullarına və innovasiya proseslərinə bölünürlər;
- ekoloji - ətraf mühitin çirklənməsini azaldır, zəruri tullantıların təmizlənməsini, xammalın tullantısız emalını, tullantıların zərərsizləşdirilməsini, yaşayış mühitinin yaxşılaşdırılmasını təmin edən yeni texnologiyalar və məhsullar;
- idarəetmənin təşkili – daha səmərəli əmək bölgüsü kooperasiya formalarının, istehsalın təşkilinin, istehsal və qeyri-istehsal fəaliyyətinin idarə edilməsi metodlarının tətbiq edilməsi;
- iqtisadi – yeni iqtisadi institutların mənimsənilməsi, məhsulların bölüşdürmə, mübadilə üsullarının, bazar institutlarının və s. formalaşdırılmasına istiqamətlənmə;
- sosial-siyasi – cəmiyyətin sosial təşkilində və sosial siyasətində, si­yasi diplomatiya formalarında, mil­lətlərarası və beynəlxalq münasibətlərdə yeni ideyalar reallaşdırır;
- dövlət hüququ – yeni dövlət institutları, demokratik hüquqlar, qanunverici aktlar, dövlət idarəetmə üsulları, hüquq qaydalarının həyata keçirilməsi və s.
- mənəvi sferada – elmdə (yeni hipotezlər, konsepsiyalar, paradiqmalar, nəzəriyyələr), mədəniyyətdə (yeni bədii üslublar, memarlıq formaları və s.), təhsildə (tərkibində, metodlarında, tədris texnikasında dəyişikliklər), etikada (etik normaların dəyişməsi), ideologiyada (insanların dini həyatında, dünyagörüşündə, məqsədyönümündə) yeniliklər;
- hərbidə - daha güclü və dağıdıcı silahların, onlardan qorunma vasitələrinin, qoşunların təşkili formalarının, hərbi nəzarət üsullarının və s. istifadə edilməsi. Qeyd edilənlərdən bu nəticəyə gəlmək olar ki, innovasiyaların tətbiq sferaları insan fəaliyyətinin bütün sahələrini əhatə edir.
İnnovasiya iqtisadiyyatının inkişafının əsasını innovasiya fəaliyyəti təşkil edir. Deməli, ölkədə innovasiya iqtisadiyyatının inkişaf etdirilməsi birbaşa innovasiya fəaliyyətinin gücləndirilməsindən asılıdır.
İnnovasiya fəaliyyəti yenilik ideyası, işlənilmə, tətbiq, mənimsənilmə, istehsal, diffuziya və innovasiyaların kommersiyalaşdırılması üzrə məqsədyönlü tədbirlər sistemidir.
İnnovasiyaya olan yanaşmalara müvafiq olaraq innovasiya fəaliyyətinə də müxtəlif təriflər verilmişdir. Fikrimizcə, müəyyən etdiyimiz aşağıdakı tərif daha yığcam və əhatəlidir:
“İnnovasiya fəaliyyəti innovasiya prosesinin bütün mərhələlərində və innovasiyanın infrastrukturunda yerinə yetirilən fəaliyyətlərin məcmusudur”.
İnnovasiya iqtisadiyyatının innovasiya fəaliyyəti təkcə ən yüksək bilik səviyyəsilə məhdudlaşmır. Bu, insanların həyat səviyyəsinin yüksəldilməsinə, təbiətdən səmərəli istifadə olunmasına, ətraf mühitin qorunmasına yönəldilmiş tədbirlərlə yanaşı, mənəvi-əxlaqi məzmuna da malikdir.
İnnovasiya fəaliyyəti meqafəaliyyət olmaqla bərabər, innovatorların, qrupların, kütlələrin fəaliyyət subyekti kimi maddi-praktiki təcrübi fəaliyyətdir.
İnnovasiya fəaliyyətini həyata keçirən insanların bir çoxu təşkilatlarda fəaliyyət göstərərək müxtəlif funksiyaları yerinə yetirməklə innovasiya prosesində iştirak edirlər. Bəziləri ideya və layihənin müəllifidirlər, ikincilər direktor və menecer kimi innovasiya layihələrinin təşkilatçılarıdır, üçüncülər marketoloq kimi yeniliyə olan tələbatı öyrənib proqnozlaşdırırlar, onun bazarda irəliləməsi üsullarını müəyyən edirlər, dördüncülər bu yeniliyin hazırlanması üçün texniki sənədləri hazırlayırlar, beşincilər yeniliklərin icraçılarıdır.
İnnovasiya iqtisadiyyatının formalaşdırılmasında əsas yer tutan göstəricilərdən biri ölkədə tədqiqat və inkişafa çəkilən xərclərin məbləğidir. Bu göstərici ümumi daxili məhsulda (UDM) tədqiqat və inkişafa çəkilən xərclərin xüsusi çəkisi ilə müəyyən edilir. Bu göstəriciyə görə, ən öndə gedən dövlətlər Cənubi Koreya (4,3%), İsrail (4,2%) və Finlandiyadır (3,6). YUNESCO-nun 2013-cü il məlumatlarına əsasən, bu göstəriciyə görə Azərbaycan 0,2%-lə dünya ölkələri içərisində 75-ci yeri tutur. Yaxın gələcəkdə imkan düşdükcə, bu göstəricinin səviyyəsini ölkəmizdə yüksəltmək lazımdır.
İnnovasiya iqtisadiyyatının formalaşdırılmasında onun infrastrukturunun inkişaf səviyyəsi mühüm rol oynayır. İnfrastrukturun inkişaf səviyyəsi nə qədər yüksək olarsa, ölkədə bir o qədər yüksək texnologiyalar inkişaf etdirilə bilər. Yüksək texnologiyalar isə iqtisadi inkişafın əsasıdır. Yalnız yüksək texnologiyalar əsasında ölkədə istehsal olunan məhsullar dünya bazarlarına çıxarıla bilər.
Yüksək texnologiyaların inkişafı üzrə ölkədə genişmiqyaslı işlərin aparılması zəruridir. Bu məqsədlə Azərbaycanın xalq təsərrüfatı sahələrində geniş tədqiqatlar aparılmalı və alternativ sahələr seçilməlidir. Fikrimizcə, ölkəmizdə polimer materialların və neft-kimya məhsullarının istehsalı, kənd təsərrüfatında isə seleksiya sahəsi üzrə yüksək texnologiyalar yaradıla bilər. Nəticədə, yaradılan belə texnologiya iqtisadi inkişafın 5-ci və 6-cı dalğasının ukladına verilən töhfə olmağa layiqdir.
İnnovasiya sahibkarlığının inkişaf etdirilməsinin ölkədə innovasiya iqtisadiyyatının formalaşmasında rolu olduqca yüksək olduğundan bu barədə ayrıca bir məqalədə mövzunu davam etdirəcəyik.
İnnovasiya fəaliyyətinin gücləndirilməsində əhalinin innovasiya fəallığı mühüm rol oynayır. İnnovasiya fəallığı dedikdə, əhalinin innovasiya ilə məşğul olmaq marağının və imkanlarının olması nəzərdə tutulur.
Əhalinin innovasiya fəallığının yüksəldilməsi üçün aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirilməlidir:
- innovasiya fəallığının hüquqi bazasının yaradılması;
- kütləvi informasiya vasitələrində geniş maarifləndirmə işlərinin aparılması;
- innovasiya fəallığının motivləşdirilməsi;
- təhsil sistemində innovasiya sahəsi üzrə kadr hazırlığına başlanılması;
- innovasiya sahəsində mütəmadi fəaliyyət göstərən kursların təşkil edilməsi;
- innovasiya ideyaları üzrə müsabiqələrin keçirilməsi və qaliblərin mükafatlandırılması və s.
Qeyd edilən tədbirlərin həyata keçirilməsi əhalinin innovasiya fəallığını yüksəldər, nəticədə ölkədə innovasiya fəaliyyəti güclənər. Bu isə, öz növbəsində, innovasiya iqtisadiyyatının formalaşmasına və inkişafına əhəmiyyətli dərəcədə təkan vermiş olar.

 

Albert Tağıyev,
Sumqayıt Dövlət Universitetinin dosenti,
Türk Dünyası Araşdırmaları Uluslararası

Elmlər Akademiyasının akademiki