Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Mən fəxr edirəm ki, Sona Tağıyeva kimi müəllim var”

 

“Yer üzündə gördüyümüz hər şey qadının əsəridir”.
Mustafa Kamal Atatürk tərəfindən deyilmiş bu dəyərli sözlər, doğrudan da, qadının cəmiyyətdəki önəmli rolunu bir daha təsdiqləyir. Heç kəsə sirr deyil ki, dünyada qazanılan bir çox uğurların arxasında çox güclü bir qüvvə dayanır – QADIN. Çünki öz adını tarixə yazdırmış liderləri də dünyaya gətirən, onu yetişdirib, uğurlar qazanmasına yol açan da elə qadınlardır. Həmişə “zərif məxluqlar” deyə çağırılıb, heç zaman bu “zərif”liyin yerini “zəif”liyə buraxmayan qadınlar...
Zaman-zaman amansız savaşları belə dindirməyə qadir olan qadınlar bəzən də ən böyük xoşbəxtliklərin ardındakı gizli qəhrəmanlardır. Ona görə də qadınların artıq ictimai həyatımızın hər bir sahəsində yer alması çox sevindiricidir. İstər siyasət, istər idarəçilik, istər hüquq, istər səhiyyə, istərsə də digər sahələrdə artıq rast gəlinən çoxsaylı qadın imzaları da onların qazanılan uğurların əsas qəhrəmanlarından olduğunu bir daha təsdiqləyir.
Dünya əhalisinin, demək olar ki, yarısından çoxunu qadınlar təşkil edir. Təkcə bu fakt belə qadının cəmiyyətin, insanların maariflənməsindəki rolunu əks etdirməyə kifayətdir. Sadəcə nəzər salmaq yetər ki, cəmiyyətin qadının maariflənməsinə, xüsusilə təhsilli və bilikli qadına nə qədər ehtiyac duyduğunu görə bilək. Çox zaman sadəcə evdə, mətbəxdə və ya bağda qarşılaşdığımız qadınlar, axı, həm də ölkəmizin yaşadığı Böyük Vətən müharibəsində arxa cəbhənin əsas qüvvələrindən olmuşlar. Ona görə də bu böyük “potensialın” maarifdə, təhsildə rolunun artırılması, əlbəttə ki, çox önəmlidir. Çünki doğulan andan alışdığımız, bəzən də ərköyünlükdən irəli gələn hər şıltaqlığımıza dözən ana nəvazişindən sonra ilk ayaq açdığımız məkan olan məktəbdə də bizə ilk qiymət verən elə müəllimlər olur. O müəllimlər ki, məhz onların sayəsində bizdə elmə, təhsilə, bilik öyrənməyə maraq oyanır. Hətta bəzən müəllimlik sənətinə dərin hörmət, bu hörmət və ehtiram sahibinə isə əbədi sevgi... Bir zamanlar 190 saylı məktəbin direktoru olmuş Sona Tağıyeva kimi...
Hələ sağlığında əfsanəyə çevrilmiş müəllimlərdən olan Sona Tağıyeva haqqında çox yazmaq, saatlarla danışmaq olar. Çox gənc yaşlarında 190 saylı məktəbə direktor təyin edilən Sona müəllimə altmış ilə yaxın bir müddətdə bu məktəbə direktorluq etmişdir. Öz sənətinə vurğunluğunu bu təhsil müəssisəsindəki zəhmətkeş və gərgin fəaliyyəti, doğma balaların maariflənməsi uğrunda mübarizəsi ilə nümayiş etdirən Sona müəllimə nəinki öz dövründə, elə indi də bir nümunə olaraq qalmaqdadır.
1941-1945-ci illər müharibəsinin öz ağırlığı ilə həyatımızın hər bir sahəsinə ciddi zərbələr vurduğu bir dövrdə məhz bu qadın əvvəllər hərbi hospital olan binada məktəb yaradılması kimi çətin bir vəzifəni öz üzərinə götürmüşdür. Əlbəttə, öhdəsindən də uğurla gəlmişdir. Sona Tağıyeva heç bir işin çətinliyindən qorxmayan, cəmiyyət üçün faydalı olacaq hər bir işə ürəklə yanaşan insanlardan, müəllimlərdən idi. Yaxınları da onun haqqında xatirələrini bölüşərkən bu məktəbin yaradılması işinə onun necə böyük ürəklə yanaşdığını Sona müəllimənin öz sözləri ilə belə qeyd edirlər: “Hərbi hospitallar üzdə olan, görünən yaraları sağaltmışdı, biz ziyalılar isə daha dərində, ürəklərdə olan gözəgörünməz qəlpələri təmizləməli, mənəvi sağlamlıq ab-havası yaratmalı idik”.
Sona Tağıyeva bu məktəbin ona həvalə edilməsi ilə bağlı xatirələrində qeyd edirdi: “Məni rayon xalq maarif şöbəsinə çağırıb, tam ciddiliklə dedilər: madam ki, inkişaf yaratmaq istəyirsiniz, budur, imkan veririk, yeni təsis edilən 190 nömrəli məktəbi sizə tapşırırıq. Buyurun, işləyin, qurun, yaradın”. O isə özünün bütün bacarığı və peşəsinə duyduğu dərin məhəbbətlə işlədi, qurdu və yaratdı, özü də, demək olar ki, heç nədən...
Təbii ki, köhnə hospitaldan yeni məktəb yaradılması çox çətin və məsuliyyətli bir iş idi. Təmirə ehtiyacı olan boş otaqlar, alınacaq çoxsaylı məktəb ləvazimatları, açılacaq fənn kabinetləri, laboratoriyalar... Lakin Sona müəllimə bu işin də öhdəsindən uğurla gəlməyi bacardı. O, ordan-burdan parta, stul taparaq, məktəbdə nizam-intizam, səliqə-sahman yaratdı. Məhz Sona xanımın müdrik fəaliyyətinin nəticəsidir ki, sonralar bu məktəb respublikanın nüfuzlu təhsil ocaqlarından birinə çevrildi. Əbəs yerə deyil ki, 190 nömrəli məktəbə “Sona xanımın məktəbi” deyirdilər.
Sona Tağıyeva hər zaman uşaqlara qayğı və sevgi ilə yanaşmışdır. Bəlkə də bu sevginin təzahürü idi ki, onlar da bu məhəbbəti hiss edir, ona cavab verirdilər. O, özü də hər zaman qeyd edirdi ki, millətin tərəqqisi üçün ən vacib şərt onun təhsil sisteminin yaxşılaşdırılmasıdır, çünki gənc nəsli saf və sağlam əqidəli görmək istəyiriksə, onlara qayğı və məhəbbətlə yanaşmalıyıq.
Şagirdlərə hərtərəfli bilik verməkdən əlavə, təlim-tərbiyə işlərinin də hər zaman önəmini qeyd edən Sona müəllimə hər bir uşağa ayrılıqda diqqət yetirir, onlara fərdi yanaşırdı. Öz işinə həmişə can yandıran Sona xanım müəllimlərdən də bu diqqəti gözləyirdi. Çünki o, çox yaxşı müəllim və bir pedaqoq kimi bunsuz məktəbin inkişafının mümkün olmayacağını bilirdi. Hətta müsahibələrinin birində o qeyd edirdi: “Məktəbdə minlərlə şagird təhsil alır. Əsl ustalıq, müəllimlik ondadır ki, hər bir uşağa ayrıca fərd kimi yanaşasan, onun bir şəxsiyyət kimi böyüməsinə, formalaşmasına kömək edəsən. Biz buna nail olmuşuq və ona görə də bizim məktəb, bir qayda olaraq, qabaqcıl təcrübə məktəbi kimi tanınır”.
Xoşbəxtlikdənmi, bəlkə də xoş bir təsadüfmü desəm, sonralar yüzlərlə şagirdin nəinki təhsil almasında, həmçinin şəxsiyyətinin formalaşmasında mühüm rol oynayan Sona xanımın ilk müəlliməsi Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Hənifə xanım Məlikova olmuşdur. Çox yüksək ali insani keyfiyyətlərə malik olan, hər zaman özünün və qarşısındakının şərəf və ləyaqətini gözləyən Hənifə xanım haqqında Sona Tağıyeva öz xatirələrində yazırdı: “Mənim pedaqoji fəaliyyətimin özülü həmin ibtidai məktəbdə qoyuldu. O, bizə ilk sinifdən yazıb-oxumağı, qələmi necə tutmağı öyrətməklə yanaşı, həmçinin şəxsiyyət bütövlüyünün müqəddəsliyinə inam yaratdı. Bunsuz bütöv insan kimi yetişmək mümkün deyil”. Hənifə xanımın Sona Tağıyevada, Sona xanımın isə dərs dediyi, öz pedaqoji fəaliyyəti ilə təsir etdiyi hər bir insanda buraxdığı dərin izlər, yaratdığı xoş təəssüratlar ilə müəllimlik peşəsinin ülviliyi və ucalığı bir daha özünü göstərməkdədir. Əgər yaxşı bir cəmiyyət, savadlı bir nəsil, gözəl bir gələcək görmək istəyiriksə, deməli, ilk olaraq Sona Tağıyeva kimi müəllimlərə sahib olmalıyıq.
Bütün bunlar Sona Tağıyevanın Azərbaycanın təhsil tarixində, gənc nəslin maariflənməsi uğrunda aparığı gərgin mübarizənin, göstərdiyi misilsiz xidmətlərin yalnız bir hissəsidir. Bəlkə də onun çəkdiyi bu zəhmətlər özünün bir zamanlar təhsil ala bilmək üçün yaşadığı əziyyətləri başqaları da yaşamasın deyə idi... Hətta o, özü də xatirlərində qeyd edirdi ki, “Ailəmizdə ilk təhsil qapısını açan mən oldum. Həm də uzun-uzadı xahişlərdən, yalvarışlardan sonra atam mənim məktəbə getməyimə icazə verdi. Çünki o vaxtlar qız xeylağının adam arasına çıxması həqarətlə qarşılanırdı”. Ailə ehtiyaclarının ağırlığı ucbatından erkən yaşlarından əmək fəaliyyətinə başlayıb. Evdə böyük uşaq olduğundan özündən kiçik qardaş və bacılarının oxumasına da o, kömək etməli olub, gündüzlər işləyib, axşamlar isə oxuyurmuş...
Sona xanım nadir insanlardandır ki, Azərbaycanın birinci və ikinci dəfə müstəqillik qazanmasına şahidlik edib. Sonralar o, öz xatirələrində həmin illəri belə yada salardı: “Mən xoşbəxtəm ki, arzusunda olduğum ən ülvi mükafatı da aldım, müstəqil Azərbaycan Respublikasının vətəndaşı oldum. Bizim əvvəllər də fərəh doğuran günlərimiz olub, ancaq dünyada yaşayıb, dünya dövləti sayılmaq bir ürək qubarı idi”.
Sona xanımın ömür kitabı, həyat və fəaliyyəti Azərbaycan maarifinin, Azərbaycanın təhsilinin ən parlaq nümunəsidir, desək, yanılmarıq. Çünki Sona Tağıyeva nəinki öz gərgin və zəhmətkeş fəaliyyəti ilə 190 saylı məktəbi yaratdı, həm də özündən sonra, sözün həqiqi mənasında, bir müəllimlik məktəbinin əsasını qoydu. Çəkilən bütün bu zəhmətlərin nəticəsi idi ki, məktəb 1966-cı ildə Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin birinci dərəcəli qızıl medalı ilə təltif edilmişdir.
Əməkdar müəllimə fəxri adını almış Sona Tağıyeva isə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Oktyabr inqilabı ordeni, Şöhrət ordeni kimi yüksək mükafatlara layiq görülmüşdür. Çoxsaylı mükafatlarının olmasına baxmayaraq, Sona xanım üçün hər zaman ən böyük mükafat onun “Sona müəllimə” deyə sonsuz rəğbət və məhəbbətlə çağırılması, ehtiram hissi ilə qarşılanması idi.
Öz yaxşı əməlləri, xeyirxahlığı ilə əbədi ömür qazanan, Azərbaycan pedaqogikasında öz gərgin zəhməti ilə dərin izlər buraxan, əsasını qoyduğu gözəl ənənələrlə müəllim adını və peşəsini ucalardan uca edən Sona müəllimə neçə-neçə nəsillərin zəngin elm və bilik abidəsinin əsl memarı və qurucusu olmuşdur. Heç təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev də Sona Tağıyeva ilə görüşəndə böyük qürur hissi ilə “Mən fəxr edirəm ki, Sona Tağıyeva kimi müəllim var”, - demişdi...

Mətanət Hüseynova