Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tovuz rayonu regional inkişafa konseptual baxış müstəvisində

 

Tovuz rayonu ölkəmizin qərb bölgəsində yerləşən, əlverişli iqlim şəraitinə, münbit torpaq qurşağına, böyük aqrar potensialına malik rayonlardan biridir. Tovuzda dağlıq, dağətəyi və düzənlik relyefi mövcuddur ki, bu da rayonda iqtisadi strukturun çoxşaxəli qurulmasında mühüm rol oynayır. Rayon son 10-12 il ərzində elə dəyişib, elə abadlaşıb ki, bu yerlərə ayaq basanda adamın ürəyi açılır, hüsnünə heyranlıq hissləri baş qaldırır. Dövlət proqramlarının, regional layihələrin uğurla gerçəkləşməsi nəticəsində iqtisadiyyat davamlı və dayanıqlı inkişaf yoluna çıxarılıb, bir sıra sosial infrastruktur problemləri uğurla həllini tapıb. Bir sözlə, inkişaf və yüksəliş dinamikası bütün sahələrə sirayət edib. İqtisadi sistemdə yaradılan möhkəm təməl azad sahibkarlığın və liberal iqtisadiyyatın dolğun inkişafına geniş yol açıb, qeyri-neft sektorunun inkişafına rəvac verib, aqrar bölmədə ixtisaslaşma və diversifikasiya proseslərini dərinləşdirib. Bütün bunlar nəticədə əhalinin sosial vəziyyətində və yaşam tərzində öz parlaq təcəssümünü tapıb.

RAYONUN TURİZM İMKANLARI BÖYÜKDÜR
Tovuz turizm cəlbediciliyi baxımından unikal diyardır. Bunu şərtləndirən bəzi məqamlar vardır. Rayonun rəngarəng ağacları və biomüxtəlifliyi ilə seçilən 34 min hektar ərazisi meşəlikdir. Burada, həmçinin mənbəyini yüksək dağlardan götürən 4 çay mövcuddur: Zəyəmçay, Əsrikçay, Axıncaçay və Tovuzçay. Bu çayların yataqları boyu açılan füsunkar mənzərə ətrafı gözəlliklərə qərq edir. Azərbaycanın ən böyük çayı sayılan Kür Tovuzun aran hissəsini ikiyə bölüb keçir. Dağlıq ərazilərdə təxminən 300 bulaq vardır ki, bunların çoxunun kimyəvi tərkibi zəngindir. Bulaqların saf sularından burada yaşayan insanların çöhrəsinə, xarakterinə də hopub. Dillər əzbəri olan bu bulaqların bəzilərinin adını çəkək: Cökəli, Şərifli, Şırşır, Ağdaşlı, Qiblə…
Bulaqların ətrafı, xüsusən də yay mövsümündə qonaqlı-qaralı olur. Saf sulardan içə-içə bulaqların zümzüməsinə qulaq asmağın başqa ləzzəti var. Bu gözəllikləri seyr etməyə gələnlərin sayı ilbəil artır. Dağ çaylarında, əsasən alabalıqların (farel balığı) bir növü, qarabalıq, çanar dağ qızılbalıqları vardır. Məşhur Əsrik dərəsinin ecazkar gözəlliyinə baxmaqla doymaq olmur. Düz bir əsr öncə, Əsrik dərəsində turizm zonası yaradılmışdır. İndi burada mövsümi istirahət mərkəzləri, «Turist», «Maralbulağı», «Yurd yeri», «Şəfa suyu», «Əsgər bulağı», «Loğman», «Fındıqlıq» və s. ailəvi istirahət mərkəzləri fəaliyyət göstərir. Tovuzda ekoturizmin, dağ turizminin, kənd turizminin, aqroturizmin inkişaf etdirilməsi sahəsində də real imkanlar vardır. Rayonun Kirən və Çataq inzibati ərazi vahidlərində yerləşən yaşayış məntəqələri həmişə qonaqlı-qaralı olur, buraya təşrif buyuran turistlərin sayında hər il artım özünü göstərir. Tovuzda nə az, nə çox 80 kənddə turizmin yuxarıda adıçəkilən növlərini inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur. Həm də üstün cəhət budur ki, həmin yaşayış məntəqələrində turistlərə ekoloji cəhətdən təmiz, orqanik ərzaq məhsulları təqdim olunur. Əsrarəngiz təbiəti ilə yanaşı, Tovuz həm də tarixi mədəniyyət abidələri ilə zəngin olan diyardır. Tarixi abidələrin bir neçəsinin adını çəkək: Sultan körpüsü, Koroğlu qalası, Torpaq qalası, Avaztəpə qalası yerli və xarici turistlərin ən çox baş çəkdikləri yerlərdir. Rayonun dini abidələri olan Haçaqaya, Çinarlı piri, Qəribseyid, Aldədə ziyarətgahları, eləcə də Yanıqlı kəndində yerləşən XVI əsrə aid olan Şah Abbas məscidi inanclı insanların ən çox ziyarət etdikləri məkanlardır.
Rayonda turizmlə məşğul olan sahibkarıq subyektləri üçün münbit biznes mühiti yaradılıb. Məhz bu səbəbdən belə obyektlərin sayı hər il artır. Son illərdə yüksək standartlara cavab verən turizm obyektləri, otellər tikilib istifadəyə verilib. Şəhərin girişində, Tovuzçayın sahilində beşulduzlu «Ayan Palase», Əhmədabad kəndi ərazisində tikilib istifadəyə verilən «Su səsi» istirahət mərkəzi bu qəbildəndir. Sözügedən obyektlərdə turistlər üçün hər cür şərait və infrastruktur yaradılıb. Hazırda Tovuzda eyni vaxtda 200 turisti qəbul edəcək otel təsərrüfatı və 100-ə yaxın fərdi ev fəaliyyət göstərir.

ƏKİN DÖVRİYYƏSİNDƏN KƏNARDA QALAN TORPAQ YOXDUR
Torpağın münbitliyi, günəş şüalarının bolluğu, lazımi suvarma-meliorasiya infrastrukturunun yaradılması Tovuz rayonunda kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdir. Burada aqrar bölmədə çox işlər görülüb, lakin bundan sonra da çox işlərin görülməsinə ehtiyac vardır. Məhz bu səbəbdən hazırda rayon ərazisində əkin dövriyyəsinə daxil edilməyən torpaq sahəsi qalmayıb. Həm də təkcə bununla iş bitmir. Tovuzda kənd təsərrüfatında yüksək məhsuldarlıq qazanılır. Bu isə, hər şeydən öncə, aqrotexniki tədbirlərin optimal müddətlərdə və düzgün aparılması ilə bağlıdır. Başqa bir cəhət suvarma və meliorativ işlərin vaxtlı-vaxtında aparılmasıdır. Tovuzda məhz bu amilə böyük diqqət yetirilir. Tikintisinə 1986-cı ildə başlanan, 1992-ci ildə dayandırılan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə 2006-cı ildən tikintisi davam etdirilən Tovuzçay su anbarı nəhayət tikilib ərsəyə gətirildi və 2017-ci ildə cənab prezidentin iştirakı ilə açılışı gerçəkləşdi. Bununla Tovuz rayonunun kənd təsərrüfatında keyfiyyətcə yeni mərhələ başlandı. Bundan sonra Ağdağ ərazisini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədilə Tovuzçay su anbarı üzərində nasos stansiyası quraşdırıldı. Hazırda həmin ərazi, eyni zamanda, digər yaşayış məntəqələrinə su verilməsi üçün ikipilləli nasos stansiyasında tikinti başa çatdırılıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının prioritet mövqeyə çıxarılması istiqamətində qəbul etdiyi qərarlar, islahat proqramları fonunda Tovuz rayonu da öz yerini və rolunu müəyyən edə bilmişdir. Respublikamızın bütün bölgələrində olduğu kimi, Tovuzda da aqroparkların tikintisi aparılır. Ceyrançöl massivində 550 hektar torpaq sahəsində yem bitkilərinin əkininə hazırlıq işləri görülür. Elə həmin ərazidə 1000 başlıq heyvandarlıq kompleksi tikilir. Rayonda soyuducu anbarlarının sayı artır. 2017-ci ildə təsərrüfatlara lizinq yolu ilə 19 ədəd təzə traktor ayrılıb və bununla əkin traktorlarının sayı 122 ədədə çatdırılıb. Keçən ildən başlayaraq kənd təsərrüfatının ənənəvi sahələrində ciddi dönüş baş verib. Belə ki, ötən il 6870 kq barama tədarük edilib ki, bu da 2016-cı illə müqayisədə 4,4 dəfə çoxdur. Kümçilərə 32881 manat subsidiya verilib. Bu il barama istehsalını 10000 kiloqrama çatdırmaq hədəf götürülüb. Baramaçılıqda yem bazasını möhkəmləndirmək üçün yerli və xarici tinglər hesabına tut plantasiyalarının salınması davam etdirilir.
Ötən il tütün sahələrinin həcmi əvvəlki ilə nisbətən 2, 5 dəfə artırılaraq 50 hektara çatdırılıb və mövsümi işlərə 200 nəfər işçi cəlb olunub. 2017-ci ildə əvvəlki illə müqayisədə bütün məhsul növləri üzrə məhsuldarlıq xeyli artıb. Günəbaxan istehsalında 55,8 faiz, kartof istehsalında 5,6 faiz, tərəvəz istehsalında 1,7 faiz, tütün istehsalında 12,5 dəfə, şəkər çuğunduru istehsalında isə 2,8 dəfə artım baş verib.
2018-ci ilin məhsulu üçün 19680 hektar sahədə payızlıq bitkilərin səpini aparılmışdır ki, bunun 18639 hektarına buğda, 1041 hektarına arpa səpilmişdir. Tovuzda üzümçülüyün tarixi qədimdir. Sovet hakimiyyəti dağıldıqdan sonra üzüm bağları məhv edildi. Son illər tovuzlular öz sevimli məşğuliyyətlərinə yenidən qayıdıblar. 2016-cı ildə rayonda 9870 hektar üzüm bağları olduğu halda, 2017-ci ildə 9920 hektara çatdırılıb.
2017-ci ildə xarici bazarlara 15 milyon 540 min manat dəyərində 31 min 620 ton məhsul göndərilib. O cümlədən, 3 min 800 ton pomidor-xiyar, 6 min ton yerkökü, 20 min ton kartof, 1500 ton soğan, 320 ton meyvə ixrac edilib. İxrac strukturunda bostan və tərəvəz bitkiləri mühüm yer tutur ki, bunlar da istixana təsərrüfatlarında yetişdirilir. Rayonda 44 hektar istixana təsərrüfatı vardır və bunu 100 hektara çatdırmaq planlaşdırılır. 2017-ci ildə 3 yeni istixana təsərrüfatı tikilmiş, Abdulbəyli və Aşağı Quşçu kəndlərində 2 kompleksin tikintisi davam etdirilir. İxracdan ölkəyə valyuta gəlir ki, bu da rayon əhalisinin maddi durumunun yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəlməsinə öz müsbət təsirini göstərir.

YÜKSƏLİŞİN TƏMƏLİNDƏ MÜKƏMMƏL İNFRASTRUKTUR DAYANIR
Turizmin inkişafı, aqrar sektorun çiçəklənməsi, emal sənayesinin yaradılması və s. barədə Tovuzda görülən işlərdən, həyata keçirilən tədbirlərdən söhbət açdıq. Bütün bunlar isə bir məsələdən – infrastrukturun hansı səviyyədə olmasından asılıdır. Yol, elektrik enerjisi, təbii qaz və digər zəruri infrastruktur olmadan hansı investisiyaların cəlbindən, yaxud da təşviq edilməsindən danışmaq olar?
Son illər dövlət başçısının müvafiq sərəncamları əsasında rayonun yol təsərrüfatında ciddi irəliləyiş baş verib. 2017-ci ildə Qovlar-Əyyublu-Alakol yolu yenidən qurulub, qalan yollarda tikinti-quruculuq işləri davam etdirilir. Yaxın gələcəkdə rayonun bütün kəndləri və yaşayış məntəqələri asfaltlaşacaq. Rayon üzrə qazlaşma səviyyəsi 85 faiz təşkil edir, 46 ucqar yaşayış məntəqələrinin qazlaşması ilə bağlı müvafiq tədbirlər görülür. Tovuz rayonunu fasiləsiz elektrik enerjisi ilə təchiz etmək üçün bütün zəruri tədbirlər həyata keçirilib, içməli su və kanalizasiya sistemləri yenidən qurulur. Demək istədiyimiz budur ki, diqqətdən kənar qalan sahə yoxdur. Tovuz hamının gözü qarşısında bir kənd rayonundan müasir tipli sənaye şəhərinə, turizm mərkəzinə, regional müstəvidə sayılıb-seçilən cəlbedici məkana çevrilir.

 

Zülfü İLYASOV,
bölgə müxbiri,
Tovuz rayonu