Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

MÜƏSSİSƏDƏ İNSAN KAPİTALININ FORMALAŞDIRILMASINDA

YENİLİK İDEYASI AXTARIŞININ ROLU

 

Keçən əsrin son üç onilliyindən indiyədək cəmiyyətdə çox sürətli inkişaf getmişdir. Bunun əsasını isə yüksək intellekt səviyyəsinə malik olan insanların insan fəaliyyətinin müxtəlif sahələrində, xüsusi halda istehsalda yeniliklər üzrə apardıqları təkmilləşmə, mükəmməlləşmə, yaxşılaşdırma işlərinin həyata keçirilməsi təşkil edir.

Başqa sözlə, qeyd edilən dəyişikliklərin aparıcı qüvvəsi insan kapitalıdır, yeniləşmə üzrə aparılan dəyişikliklər isə innovasiyayönümlü inkişafı müəyyən edir.

İnsan kapitalı – bu, təkcə insanın malik olduğu elmin, qabiliyyətin, davranışın, bacarığın toplusunun mexaniki daşıyıcısı deyildir. Qeyd edilənlərə malik olan insanlar onları istehsal sahələrində yeniliklərin yaradılmasına tətbiq etmək qabiliyyəti tələblərinə cavab verdikdən sonra insan kapitalı hesab edilir.

Deməli, insan kapitalı innovasiya fəaliyyətinin həyata keçirilməsinin əsas aparıcı qüvvəsidir ki, dünya ölkələrində onun formalaşdırılmasına xüsusi diqqət yetirilir. Bu sahədə ölkəmizdə də geniş işlər aparılmaqdadır.

İnsan kapitalının formalaşdırılmasına qoyulan ən əsas tələb onun yenilik ideyasını mənimsəməsi və həyata keçirməsidir. Bu isə birbaşa innovasiya fəaliyyətinin gücləndirilməsinə təsir edir. Bəs, innovasiya ideyası necə axtarılmalıdır? Burada biz bu məsələni müəssisədə innovasiya fəaliyyətinin gücləndirilməsi ilə əlaqədar açıqlamağa çalışacağıq.

Alimlər yeniliyin yaranması səbəblərini müəyyən etməyə çalışmışlar. Nəticədə, bunu izah etmək üçün müxtəlif nəzəriyyələr yaranmışdır. Bu nəzəriyyələr elmdə gedən dəyişikliklərlə, gözlənilməz hadisələrlə və s. ilə əlaqədar yaranmışdır.

Ən əsas nəzəriyyə yeniliyin axtarışının bazar tələbatının ödənilməsinə yönəldilməsidir. Bu nəzəriyyə tərəfdarları yalnız yeni biliklərin motivləşdirilməsini əsas hesab edirlər. Onlar izah etmirlər ki, elmi axtarışlar necə yaranır və innovasiya məhsuluna necə çevrilir.

 İnnovasiyanın baş verməsinin, başqa sözlə, innovasiya prosesinin həyata keçirilməsinin ilkin mərhələsi olan yenilik ideyasının axtarışının ən əsas səbəblərindən biri bazardır ki, bu da tələb, təklif, qiymət, rəqabət və istehlakçılar uğrunda mübarizə oyunları meydanıdır. Bunlardan ən əsasları “tələbin ağırlığı”, “təklifin ağırlığı”, “hadisələrin gözlənilməz dönməsi”, “prosesə tələbat”, “demoqrafik dəyişiklik”, “dərketmədə dəyişiklik”, “yeni elm” nəzəriyyələridir.

Qeyd edilən səbəblər müəssisədən kənarda baş verdiyi üçün müəssisədə innovasiya ideyası axtarışının “passiv” forması adlandırıla bilər. İnnovasiya ideyası axtarışının “aktiv” formalarından biri olan müəssisədə istehsal edilən məhsul xərclərinin funksional təyinatına görə qruplaşdırılmasına əsaslanan işlənilmə tərəfimizdən hazırlanmışdır və tətbiq edilmişdir. İşlənilmiş innovasiya ideyasının axtarışı metodunu izah etməmişdən əvvəl bəzi məsələlərə aydınlıq gətirək.

Yuxarıda qeyd etdiyimiz kimi, müəssisədə də hər bir yenilik (innovasiya) axtarışı məlum məqsədə nail olmağa xidmət etməlidir. Məqsəd isə müəssisədə aparılan innovasiya tədqiqatlarının əsas meyar göstəricisi ilə əlaqədar olmalıdır. Müəssisədə aparılan tədqiqatlar son nəticədə maya dəyərinin aşağı salınması, istehsalda vahid xammal və materialdan məhsul çıxımının artırılması, ekoloji göstəricilərin yaxşılaşdırılması, istehsalın ahəngdarlığının və təhlükəsizliyinin təmin edilməsi və bu kimi meyarlar əsasında həyata keçirilməlidir.

Kimya istehsalının timsalında tədqiqat obyekti istehsal qəbul edilərsə, onda tədqiqat istiqamətləri və onların nəticələri haqqında fraqment cədvəl 1-də verilmişdir.

 

Tədqiqatın obyekti, istiqaməti, meyarı və müəyyən edilmiş nəticə

Cədvəl 1.

Obyekti

Tədqiqatın predmeti (istiqaməti)

Əsas meyar

Səmərəliliyi

İstehsal

Məhsulun enerji tutumluluğunun azaldılması

Vahid məhsula çəkilən enerji xərcinin minimumlaşdırılması

Enerji xərcinin aşağı salınması hesabına alınan iqtisadi səmərə

Məhsulun material tutumluluğunun aşağı salınması

Vahid məhsulun xammal və materialına çəkilən xərcin minimumlaşdırılması

Xammal material xərclərinin aşağı salınması hesabına alınan iqtisadi səmərə

İstehsalın çoxmərhələli prosesdən azmərhələli prosesə keçilməsi

İstehsal mərhələlərinin azaldılması

Məhsulun fond tutumluluğunun aşağı salınması hesabına alınan iqtisadi səmərə

Vaxt vahidi ərzində məhsul çıxımının artırılması

Məhsul çıxımının maksimumlaşdırılması

Mənfəətin artımı hesabına alınan səmərə

Məhsulun maya dəyərinin aşağı salınması

Məhsulun maya dəyərinin minimumlaşdırılması

Mənfəətin artırılması hesabına alınan iqtisadi səmərə

Baha və xaricdən gətirilən istehsalda istifadə edilən xammal və materialların yerli materiallarla əvəz edilməsi

Yerli xammal və materialdan istifadə əsasında xərclərin aşağı salınması

Xərclərin aşağı salınması hesabına alınan səmərə

Qeyd edək ki, cədvəl 1-də verilmiş istehsalla bağlı aparılan tədqiqat istiqamətləri tam əhatə edilməmişdir.

Müəssisələrin fəaliyyəti təcrübəsindən məlumdur ki, müəssisədə aparılan tədqiqatların içərisində ən əsas diqqət yetiriləcək istiqamət məhsulun maya dəyərinin aşağı salınmasıdır. Odur ki, müəssisədə məhsulun maya dəyərinin aşağı salınması mütəmadi olaraq diqqət mərkəzində olmalıdır.

Deməli, maya dəyərinin aşağı salınması üzrə ideya axtarışı müəssisədə ən əsas yerlərdən birini tutur.

Bu sahədə uzun illər apardığımız tədqiqatlara əsaslanaraq müəyyən etmişik ki, müəssisədə maya dəyərinin hesablanması üçün xərclərin iqtisadi təyinatına görə qruplaşdırılması, başqa sözlə, məhsulun maya dəyərinin kalkulyasiya xərc maddələri üzrə hesablanması onun aşağı salınması yollarının axtarışına lazımi səviyyədə cavab vermir. Fikrimizcə, müəssisədə istehsalla bağlı olan xərclərin aşağı salınması ideyası axtarılır və bunun üçün maya dəyərinin hesablanmasının funksional təyinat xərcləri üzrə aparılması daha geniş imkanlar yaradır. Bu, ondan irəli gəlir ki, maya dəyərinə daxil olan funksional əməliyyat xərclərinin aşağı salınmasına müəssisənin bütün mühəndis-texniki işçiləri cəlb edilə bilir.

Yenilik ideyası axtarışı üzrə işin belə təşkili ikinci bir tərəfdən müəssisədə insan kapitalının formalaşdırılmasına ciddi təsir göstərir. Yəni, yenilik ideyası axtarışı onların bu sahədə təfəkkürünü gücləndirir.

Dünyanın qabaqcıl firmaları öz işçilərinin iş fəaliyyətində yenilik ideyası axtarışının fəallaşdırılmasına xüsusi diqqət verirlər və bu sahədə geniş motivləşdirmə mexanizmi tətbiq edirlər. Buna misal olaraq, dünyanın əksər ölkələrində 100-lərlə filialları və 100 mindən artıq işçisi olan “Sony” transmilli korporasiyasında orta hesabla il ərzində hər bir işçiyə 7-yə yaxın səmərələşdirmə təklifi düşür.

Bunun əsas səbəbi müəssisədə yenilik ideyası axtarışı üzrə dərnəklərin təşkili və hər ay yenilik ideyaları müsabiqələrinin aparılmasıdır. Müsabiqəyə təqdim edilən yenilik ideyaları güclü ekspertlər tərəfindən qiymətləndirilir, birinci üç yeri tutan işin müəllifləri mükafatlandırılır və onlar ideyanın həyata keçirilməsi işinə rəhbər təyin edilir. Hətta müsabiqədə sonuncu yeri tutanın həvəsdən düşməməsi üçün o da mükafatlandırılır və növbəti müsabiqələrdə qalib gələ biləcək bir şəxs kimi qiymətləndirilir. “Sony” korporasiyasının bu təcrübəsi ölkəmizin müəssisələrində tətbiq edilərsə, çox yüksək səmərəyə nail oluna bilər. Bizim verdiyimiz təkliflə “Sony” firmasında yenilik ideyası axtarışı işinin fərqi ondadır ki, biz yenilik ideyasının axtarılması obyektini konkret olaraq veririk, amma “Sony” firmasında yenilik ideyası axtarışı obyekti konkret olaraq verilmir. İkinci bir tərəfdən biz tam əminik ki, təklif etdiyimiz obyekt üzrə kifayət qədər yenilik ideyası vardır. Burada müəssisədə istehsal xərclərinin aşağı salınması obyekti olan maya dəyərinin funksional xərc maddələri üzrə hesablanması qaydasını verək. İşin ümumi gedişinin məntiqi ardıcıllığı aşağıdakı mərhələlərdən ibarətdir:

- istehsal mərhələlərinin müəyyən edilməsi;

- istehsal mərhələlərində aparılan əməliyyatlar üzrə xərclərin qruplaşdırılması;

- kalkulyasiya xərc maddələrilə funksional əməliyyat xərclərinin əlaqələndirilməsi;

- maya dəyərində funksional əməliyyat xərclərinin xüsusi çəkisinin müəyyən edilməsi;

- maya dəyərində xüsusi çəkisi yüksək olan funksional əməliyyat xərclərinin seçilməsi;

- bu xərclər üzrə mühəndislərin, texnoloqların və digər mütəxəssislərin birgə tədqiqatlarının aparılması;

- tədqiqat nəticəsində funksional əməliyyat xərclərinin aşağı salınması ideyasının müəyyən edilməsi;

- ideyanın həyata keçirilməsi nəticəsində alınan iqtisadi səmərənin müəyyən edilməsi.

Alınmış ideyaların tətbiqinin nəzəri səmərəliliyinə görə, onlar ranje edilməli və müəssisənin imkanları daxilində ranje edilmiş ardıcıllıqlarla həyata keçirilməlidir.

Burada tərəfimizdən təklif olunan ideya vaxtilə Azərbaycan Boruyayma zavodunda 2 saylı sexdə istehsal olunan məhsulların maya dəyərinin aşağı salınmasında tətbiq edilmişdir və nəticədə yüksək səmərəyə nail olunmuşdur.

Beləliklə, müəssisə əməkdaşlarının yenilik ideyası axtarışına cəlb edilməsi onların insan kapitalına çevrilməsi prosesinə, başqa sözlə, insan kapitalı kimi formalaşdırılmasına ciddi təsir göstərə bilər.

 

Tağıyev Albert Həmid oğlu,

Türk Dünyası Araşdırmaları Uluslararası

Elmlər Akademiyasının akademiki