Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Arıçılıq Azərbaycana valyuta gətirən sahəyə çevrilir

 

Azərbaycanda arıçılıq ta qə­dim­dən inkişaf etmiş və kənd təsər­rüfatının ən ekoloji təhlükəsiz növ­lərindən biri olmuşdur. Hazırda qida məhsullarının təhlükəsizliyinin qlobal məna daşıdığı bir dövrdə bütün dünyada arıçılığın inkişafına xüsusi diqqət yetirilir.
Dünyanın bütün dinlərində arı insanlara xeyir gətirən və əməksevərlik, məhsuldarlıq simvolu olan müqəddəs həşərat kimi qəbul edilib. Müqəddəs Qurani-Kərimdə deyilir:
“Rəbbin bal arısına belə təlqin etdi: Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör.
Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl Surəsi, 68-69)”.
Azərbaycanın təbii şəraiti arıçılığın inkişafı üçün zəmin yaradır. Sovet dövründə bu sahədə 10 min nəfərə yaxın insan məşğul olmuş, kolxozların çoxunda iri arıxanalarda 300-450 min arı ailəsi var idi, 10 ixtisaslaşdırılmış arıçılıq sovxozu və Lənkəranda Ümumittifaq Arıçılıq Mərkəzi fəaliyyət göstərirdi.
Son illərdə Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatının rolu əhə­miyyətli dərəcədə artıb. Bu, həm­çinin ərzaq təhlükəsizliyinin tə­min olunmasına, kənd əhalisi­nin məşğulluğunun və gəlirləri­nin artmasına da müsbət təsir gös­tərmişdir. Kənd təsərrüfatı na­ziri Heydər Əsədov BP ilə birgə Azərbaycanda arıçılığın inkişafına dəstəyə həsr olunmuş tədbirdə demişdir ki, Kənd Təsərrüfatı Nazirliyi arıçılığın inkişafı üzrə yeni təkliflər hazırlayıb. Nazirin sözlərinə görə, bu təkliflər baxılması üçün Azərbaycan hökumətinə təqdim ediləcək.
Hazırda başlıca vəzifə arıçılıq məh­sullarının artırılması və onun dün­ya bazarına çıxarılmasıdır. Son tədqiqatlar göstərir ki, arıçılıq məh­sullarına həm Azərbaycanın daxilində, həm də onun hüdudlarından kənarda böyük tələbat mövcuddur.
İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Statistika Komitəsi və kütləvi informasiya vasitələri ölkəmizdə arıçılığın inkişafı haqqında belə bir məlumat yaymışlar: Azərbaycan Respublikasının “Arıçılıq haqqında” Qanunu (2 fevral 2009-cu il) qəbul edildikdən sonra 8 il ərzində Azərbaycan arıçılığı xeyli uğurlar qazanmışdır. Demək olar ki, arı ailələrinin sayı iki dəfə artmış, orta arıçılıq təsərrüfatlarında arı ailələrinin sayı artmışdır. Arıçılara istehsalın inkişafı və arıçılıq məhsullarının emalı üçün güzəştli kreditlərin verilməsi də artıb. Belə ki, 400 arıçıya 4,7 mln. manat məbləğində kredit verilmişdir.
Azərbaycanda arıçılığın inkişaf vektorunu müəyyənləşdirmək məq­sədilə 2017-ci ilin əvvəllərində 20 min arı ailəsini əhatə edən arıçılıq təsərrüfatları araşdırılmışdır. Aparılan tədqiqat nəticəsində aydın olmuşdur ki, bu arı ailələrinin 95%-i kəndli və ev təsərrüfatlarında cəmləşmiş, 2016-cı ildə əvvəlki illə müqayisədə arı ailələrinin sayı 21,8% artmış, qış fəslində arı ailələrinin tələf olması 7,1% azalmış, orta arı ailəsi tərəfindən əmtəəlik bal istehsalı 2016-cı ildə 10,2 təşkil etmişdir. Bütün bu irəliləyişlərə baxmayaraq, Azərbaycanda arıçılıq məhsulları istehsalı hələ ki, bu məhsula olan tələbatın yalnız 60%-ni ödəyir. Arıçılıq təsərrüfatlarının rəhbərləri sahənin gələcək inkişafı üçün dövlət tərəfindən güzəştli kreditlərin verilməsi, ölkəmizdə damazlıq arıçılıq təsərrüfatlarının yaradılması, müntəzəm olaraq bal satışı yarmarkalarının keçirilməsi, satışa çıxarılmış balın qablaşdırılması və keyfiyyətinin yoxlanması kimi təkliflər irəli sürmüşlər. İqtisadiyyat Nazirliyindən bildirilmişdir ki, arıçılıq sahəsinin inkişaf strategiyası, ilk növbədə balın idxalını daxili istehsalla əvəzləməyə, həmçinin Azərbaycan balının ixracının artması üçün bir sıra tədbirlərin keçirilməsinə yönəldilmişdir.
Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 3 min ton bal istehsal edilmiş, onun 6 tonu Yaponiya bazarına ixrac edilmişdir. Azərbaycan balının hazırda Birləşmiş Ərəb Əmirliklərinə də ixracı haqqında danışıqlar gedir.
Son vaxtlar şəhərimizin marketlərində Qinyət Oğulları ticarət markası altında müxtəlif arıçılıq məhsulları satılır. Həqiqətən, təbii bal olduğunun şahidi olduqdan sonra qərara gəldik ki, təsərrüfatın fəaliyyəti ilə yaxından tanış olaq. Qinyət Oğullarının rəhbəri Bakıda olarkən fürsətdən istifadə edib onunla görüşdük. Müsahibim sahibkar Lətif Lətifovdur.


Qısa arayış: Lətif Qinyət oğlu Lətifov. 1963-cü ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuşdur. Ali təhsilinin ilk 3 ilini Bakı Dövlət Universitetində almış, daha sonra Moskva Dövlət Universitetinə göndərilmişdir. 1990-cı ildə Moskva Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir. Bakıya qayıdıb beş il Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda işləmişdir. 1995-ci ildən arıçılıqla məşğuldur.
Lətif müəllim, necə oldu ki, arıçılıqla məşğul olmağa başladınız?
Əvvəla, onu deyim ki, hələ mənim atam Qinyət kişi 1975-ci ildən arı saxlamağa başlamışdı. Demək olar ki, ömrünün qalan hissəsini arılara həsr etmişdi. Arıxanalarmız şimal-qərb bölgəsinin müxtəlif ərazilərində yerləşir. 90-cı illərin ortalarında arıçılığı genişləndirdik, arıların sayını çoxaltdıq. 1998-ci ildə Qinyət Oğulları kimi fəaliyyətə başladıq. Mən həvəskar arıçı kimi işə başlayanda cəmi 20 arı pətəyimiz vardısa, hazırda mindən çox arı pətəyimiz var. Ailəmizin bütün üzvləri bu işə cəlb edilib. 1998-ci ildən Qinyət Oğulları adı altında ticarət markası olduq. İndi bizim məhsulları Bakının, Sumqayıtın, Gəncənin, Mingəçevirin supermarketlərində görə bilərsiniz. Məhsullarımız Bravo market, Bazarstore, Araz market, Favorit market, Qrand market, Rahat market, Bizim market, Sərham market, Makro market və s. marketlərdə müştərilərə təqdim olunur.
Hər il nə qədər bal götürürsünüz?
Bizim işimiz təbiətdən asılıdır. Hər ilin, hər fəslin öz hökmü var. Biz təbiətdə olan balı yığırıq. Təbiət hansı növ bal yığmağa şərait yaradırsa, bizdə də həmin növ bal olur. Məhsullarımız yaz balı, cökə, barınc və dağ balıdır. Baldan başqa arı südü, çiçək tozu və vərəmum da istehsal edirik. Qaldı ki, hər il nə qədər bal götürürük - bu rəqəm həmişə fərqli olub. Məsələn, ən çox 22 ton məhsul yığmışıq, elə illər də olub ki, 9 ton, 18 ton bal götürmüşük.
Yəqin ki, məhsulun az yığılmasının da bir səbəbi var...
Bəli, çox vaxt bunun səbəbi bitkilərə, meyvə bağlarına, bostanlara, xüsusilə də, taxıl əkilən sahələrə məhsulları zərərvericilərdən qorumaq üçün dərmanların, kimyəvi maddələrin vurulmasıdır. Məsələn, bu səbəbdən şirkətimiz 2009-cu ildə məhsul yığa bilmədi, demək olar ki, həmin il biz müflis olmuşduq.
Lətif müəllim, arıçılığın böyük zəhmət, bununla belə gəlir gətirən sahə olduğu məlumdur. Kənardan elə mənzərə yaranır ki, bu sahəyə o qədər də kapital qoymaq lazım deyil.
Hər bir sahədə olduğu kimi, arıçılıq da, düz qeyd etdiniz, böyük zəhmət tələb edən və gəlir verən sahədir. Təsərrüfat yarandığı ilk gündən hər şeyi öz ailəmizin gücünə etsək də, 2015-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan 15 000 AZN kredit götürdük. Bunun təsərrüfatımıza böyük köməyi oldu.
Qablaşdırma və daşınmanı necə həyata keçirirsiniz?
Qablaşdırma üçün 30, 140, 300, 470, 900 qramlıq bankalardan istifadə edirik. Bankaları İrandan, qapaqları Rusiyadan alırıq. Etiketlər Bakıda hazırlanır. Arıçılıq məhsulları Şəkidə qablaşdırılır, markalanır, Azərbaycanın digər rayonlarına və paytaxtımıza göndərilir.
Bəs, çətinlikləriniz necə, varmı, onları necə həll edirsiniz?
Çətinlik ondan ibarətdir ki, Azərbaycanda arıçılıq məktəbi yoxdur, gənc arıçı kadrlara böyük ehtiyac var. Şəxsən mən həm də bir müəllim kimi, gənclərimizi öyrədirəm, amma məktəb olsaydı daha yaxşı olardı. Hazırda bizim kənddə 3 000 arı pətəyi var. Bacarıqlı kadrlarla gördüyümüz işin də keyfiyyəti, təbii ki, yüksək olur. Bir də qeyd etmək istərdim ki, son vaxtlar arıçılıqda rəqabət güclənir. Əslində bu, çətinlik yox, keyfiyyət yarışıdır. Biz bacardığımızı edirik ki, Qinyət Oğulları arıçılıq məhsulları yerli bazarda lider olaraq qalsın.
Onu da deyim ki, Qinyət Oğulları təsərrüfatı olaraq biz həmişə öz adımızı qorumağa çalışırıq. Məhsullarımızın keyfiyyətindən əmin olduqdan sonra onları satışa çıxarırıq. Əminliklə deyə bilərəm ki, balımız tam təbiidir və biz öz məhsullarımızı özümüz satırıq. Bal süzmə prosesini tam olaraq təkmilləşdirmişik, bal insan əli dəymədən süzülür. Avadanlıq ABŞ-dan gətirilmişdir. Bu işləri tam gigiyenik şəraitdə görürük.
Bəs, ixrac haqqında heç düşünmüsünüzmü?
Əlbəttə, fəxrlə deyə bilərəm ki, keçən 2017-ci ilin dekabr ayında Yaponiyaya məhsul ixrac etmişik. Bu, bizim təsərrüfat üçün böyük hadisədir. Gələcəkdə başqa ölkələrə də ixracı genişləndirməyi hədəfləyirik.
Maraqlı müsahibəyə görə sağ olun, işiniz avand olsun. Yeni ildə yeni uğurlar arzulayırıq.

 

Hazırladı:
Yeganə MƏMMƏDOVA